Arifin canı qəzəldir - Vüsalə MUSALI

Arif Buzovnalının yaradıcılığına bir baxış

Klassik Azərbaycan şairləri həm yazdıqları əsərlər, həm yaratdıqları məktəb və göstərdikləri təsir vasitəsilə Şərq ədəbiyyatında əhəmiyyətli yer tutmuşlar. Əsrlərlə davam edən klassik şeir ənənəsi müasir Azərbaycan ədəbiyyatında da davam etməkdədir.

1920-1950-ci illərdə Sovet totalitar mühitində digər sahələrdə olduğu kimi ədəbiyyat da radikal metodlarla idarə olunurdu və beləliklə, sosialist-proletar ədəbiyyatı formalaşdırılmışdı. Sosrealist ədəbiyyatı yaratmaq üçün klassik ədəbi irsin üzərindən xətt çəkilmiş, klassik şeiri yaşadan ədəbi məclislərin fəaliyyəti dayandırılmış, muğama, milli musiqi alətlərinə qarşı kampaniya başlanmışdı. Bu zaman kəsiyində ədəbiyyat, dil, din və mədəniyyət sahəsində həyata keçirilən tədbirlər klassik şeirə də təsirsiz ötüşməmiş və "yumşalma" dövrünə qədər bu sükut davam etmişdi. 1923-cü ildə fəaliyyətinə son verilən `"Məcməüş-şüəra" öz fəaliyyətini yalnız 1980-cı ildə bərpa edə bilmişdi. Lakin hətta sovet rejiminin qılıncının ən kəskin zamanında sosrealist poeziyasının öndə gedən nümayəndələrinin belə əruz vəznindən tamamən imtina etməsi mümkün olmamışdır.

Qəzəlxan Arif Buzovnalıya görə, XX əsrdə qəzəlin yaşamasında həm Əliağa Vahidin yaradıcılığı, həm də muğam sənəti önəmli rol oynamışdır. Vahid klassik şeirin qorunmasına, sosrealizm şəraitində yayılmasına və gələcəyə ötürülməsinə imkan yaratdı. Məzmun fərqinə və məna dayazlığına baxmayaraq, "qəzəl" libasında klassik şeir sosial mühitdə özünə yer tapa bildi.

Klassik şeiri yaşadan bir digər qüvvə də satira idi. Sovet hakimiyyəti illərində hakim sistem cəmiyyətdəki çatışmazlıqları aradan qaldırmaq və xalqın arasında ictimai qınağı formalaşdırmaq üçün satirik şeirin yazılmasına icazə vermişdi. Əruzun oynaq bəhrlərində daha gözəl səslənən və digər vəznlərdən akustikası ilə seçilən satirik şeirlərin sevilməsi və sovet rejimi tərəfindən qəbul edilməsi həm də əruz ədəbiyyatının yaşaması demək idi. Belə ki, əruz vəzninin ahəngi, ritmi və oynaq bəhrləri satirik şeir üçün münasib idi. Klassik şeirin yaşamasının digər səbəbi də dini mərasimlər idi.

Hər hansı bir ictimai quruluş dəyişkənliyi zamanı dini, mənəvi dəyərlərin mərkəzdən uzaqlaşdırılmasına səy göstərilirdi. Bəzən isə bu dəyərlər quruluşun diktəsinə tam tabe olaraq, onun istəklərini həyata keçirərək mövcudluğunu davam etdirirdi. XIX əsrin sonlarında yaranmış ədəbi məclislər sovet hakimiyyətinin qurulması ilə bağlanmış və dağıdılmışdı. Bakıda bir neçə yerdə şəxsi evlərdə gizli ədəbi məclislər fəaliyyət göstərirdi. Bu məslislərin adı yox idi. Bu toplantılarda Məşədi Azər, Əbdülxalıq Yusif, Məmmədağa Cürmi və digərləri şeirləşir, ədəbiyyatdan danışır, klassik ədəbi nümunələri təhlil edir, fikir mübadiləsi aparırdılar. Beləliklə, klassik şeirin sirləri və min illik ədəbiyyat texnikası da o məclislərdə iştirak edənlərə ötürülürdü. XX əsrin 90-cı illərində "Füzuli ədəbi məclisi", "Məcməüş-şüəra", "Vahid" ədəbi məclisinin fəaliyyət göstərməsi bu ənənənin qırılmadığını göstərirdi. Bu gün klassik şeir ənənəsi Azərbaycanda Şərq dünyasının heç bir yerində olmadığı qədər güclüdür. Son araşdırmalarımız zamanı 1991-ci ildən bu günə qədər 30 divanın və 7 təzkirə xarakterli əsərin yazıldığının şahidi oluruq.

Mərhum Bəxtiyar Məmmədzadə XX əsrin sonu - XXI əsrin əvvəllərində - klassik irsə yeni yanaşma şəraitində, klassik ənənələrin yeni dirçəlişi mərhələsində növ, janr-forma və heca-əruz münasibətlərinin doğmalığının davam etdiyini yazır. Belə ki, müasir dövrdə klassik irsin nuru, ənənə şüası, qəzəl-müsəmmət işığı səviyyə və keyfiyyəti ilə müəyyən ədəbi-nəzəri hava yaratmışdır. Bu gün qəzəl, qəzəl-müsəmmət yazılırsa, bəhri-təvil (uzundərya) yaranırsa, bu, normal, təbii ədəbi inkişafın nəticəsidir, ifadəsidir. Bu nümunələr filoloji təhlil predmeti olaraq dəyərləndirilməlidir. Bədii ədəbiyyat yalnız bunlardan ibarət olmadığı kimi, bunlarsız da deyildir.

Vaqif Yusifliyə görə isə zamanlar dəyişir, ədəbiyyatda yeni cərəyanlar, yeni poetik formalar meydana gəlir, məzmun dəyişir, şairlər yeni ideyaların bədii təcəssümünə can atır, qəzəl isə öz taxt-tacını, əbədi yaşam haqqını itirmir. Olsun ki, zamanın hansı dönəmindəsə qəzəl bir qədər arxa plana keçir, hətta "köhnəlik" nümunəsi elan edilir, amma yenə boy göstərib öz missiyasını yerinə yetirməyə başlayır. XXI əsrin birinci rübündə qəzəl özünün yeni bir dövranını yaşayır.

Professor Firəngiz Əlizadə, qəzəl janrını inkişaf etdirməklə Azərbaycan musiqisinə yeni bir pəncərə açıla biləcəyi fikrindədir. Bəstəkarın fikrincə "qəzəl və musiqinin vəhdətinin məktəbi də Azərbaycandır. Elə bu səbəbdən də qəzəl janrını kölgədə qoymamalıyıq. Təbii ki, klassik şeir çətin bir janrdır. Gənc bəstəkarlar da bu çətinliyi dərk edirlər. Düşünürəm ki, bunun məktəbi olmalıdır. Əruz vəznini öyrənib musiqidə tətbiq etmək böyük məharət tələb edir. Qiymətli operalarımız var ki, qəzəl janrına müraciət edilərək ərsəyə gəlmişdir. Üzeyir bəy musiqi tariximizdə ilk olaraq belə möhtəşəm əsərlərə imza atmışdır. Dünyada məşhur olan simfonik muğam əsərlərimiz də məhz qəzəl janrı ilə birbaşa vəhdət təşkil edir. Ü.Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları örnək olaraq bizi bu janrda yeni əsərlər yazmağa sövq edir. Bir bəstəkar kimi çox istərdim ki, bu musiqi janrında yeni əsərlər meydana çıxsın".

Müasir Azərbaycan ədəbiyyatında klassik şeir ənənəsini - vəzn, janr və formalarını yaşadan şairlərdən biri də ustad qəzəlxan Arif Buzovnalıdır. Burada çağdaş Azərbaycan ədəbiyyatında sevgini, eşqi, sosial, dini, irfani mövzuları klassik vəzn və janrlar vasitəsiylə şeirləşdirən, Azərbaycan şeirində ilk dəfə sərbəst əruzu istifadə edən, Xəzər Təzkirəsini tərtib edən, çox sayda tələbə yetişdirərək ustad şair məqamına yüksələn Arif Buzovnalının yaradıcılığını dəyərləndirməyə çalışacağıq.

Arif Buzovnalı, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olmuş, "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, həmçinin "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", "Azərbaycan" jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2014-2021-ci illərdə Azərbaycan Dövlət Televiziyasında "Məclisi-Üns" verilişinin daimi iştirakçısı olmuşdur. 2018-2019-cu illərdə keçirilmiş 1-ci və 2-ci "Nəsimi - Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olmuşdur. "Ömrün ötən anları" (1999), "Mərifətdən həqiqətə" (2005), "Səhərimə nə qalıb ki" (2007), "Xəzərim" (2009), "Sarı güllər" (2010), "Seçilmiş əsərlər" (2014), "Vadi" (2022), "Qəzəllər" (2023) kitabı işıq üzü görmüş və müxtəlif almanaxlarda əsərləri yer alıb. Şairin Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var. 2022-ci ildə 50 illik yubileyi münasibətilə haqqında təbriklər, ithaflar və məqalələrdən ibarət "Arif" kitabı çap olunub.

Arif Buzovnalı 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2016-cı ildə təsis edilmiş Xəzər Yazıçılar Birliyinin sədri, 2017-ci ildən "Poeziya klubu"nun sədridir. Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsində fəaliyyət göstərən poeziya klubunda Arif Buzovnalının rəhbərliyi ilə klassik janr və formalarda şeir yazan bir ədəbi nəsil yetişməkdədir. Bunlar arasında Elsər Qədri, Kamal Hüseynzadə, Yaqub Sahil, Əşrəf Pirşağılı, Vəlixan Vəli, Zaur Rəxşanın adlarını çəkə bilərik. Ədəbi məclisdəki bu fəaliyyəti nəticəsində Arif Buzovnalı ustad şairə çevrilmişdir.

Arif Buzovnalı şeirlərinin böyük bir hissəsi əruzun rəməl, müzare, həzəc, müctəs, münsərih, xəfif bəhrlərindədir. Şairin, eyni zamanda heca və sərbəst vəzndə də şeirləri vardır.

Azərbaycanda fəaliyyət göstərmiş ədəbi məclislər klassik şeir ənənəsinin yaşamasında əhəmiyyətli rol oynamışdır. Belə ki, klassik ədəbiyyatın, bəlağətin, Şərq fəlsəfəsinin, təsəvvüfün, İslam tarixinin və s. öyrədildiyi ədəbi məclisləri ədəbi emalatxana hesab etmək olar. 1991-ci ildə müstəqilliyin əldə edilməsindən sonra Hacı Mail, Həkim Qəni kimi klassik şeir vurğunlarını, ədəbi məclislərdə şairləri toplamış və klassik ənənəni istər məzmun, istərsə də forma baxımından davam etdirən bir nəslin yetişməsinə nail olmuşlar.

Arif Buzovnalı da bu məclislərin üzvlərindən olmuş, bu mühitdə yetişmiş, ədəbi tərbiyəni ədəbi məclislərdə almışdır. Hal-hazırda şair özü də rəhbərlik etdiyi ədəbi məclisdə şairlər nəsli yetişdirir. Şairin kitablarını nəzərdən keçirdiyimiz zaman klassik şeirin qəzəl, qəsidə, müstəzad, mürəbbe, müsəddəs, müsəbbe, müəşşər, tərcibənd, tərkibbənd, növhə və digər janrlarında şeirlər qələmə aldığını görürük.

"Ey nigarım, can gedib, zülfünlə bican olmuşam" qəzəlində şair dini-irfani ənənəyə bağlılığını bir daha səmimi şəkildə göstərir və qəzəlxan olmasının səbəbini açıqlayır:

 

Ey bəlakeşlər, sizə həmdərd olan Arif mənəm,

Həqqi elan eyləməkçün mən qəzəlxan olmuşam.

 

Arif Buzovnalı da Hacı Mail məktəbində yetişmiş və bu mühitdən təsirlənmiş şairlərdəndir. Şair qəzəllərində böyük bir hörmət və qədirşünaslıqla ustadını yad edir:

 

Arifa, Vahid əgər fəxr eləyib Azər ilə,

Sən də fəxr eylə ki Mail kimi ustadın olub.

 

***

Mail, sənə sidq ilə bu gün söz verir Arif,

İllər keçər, amma ki, bu ünvan unudulmaz.

 

***

Vadiyi-eşqdi aşiq kəsə dünyada Vətən,

Kimdə var eşqi-Vətən, Maili ünvan bilsin.

 

"Qələm" rədifli qəzəlində isə Arif öz şeirini Hacı Mailin təshih etməyə haqqının çatdığına işarə edir:

 

Axıdar yaşı müdam səhfeyi-cananə qələm,

San çəkər nəqşi-füsun bağü gülüstanə qələm...

Neçə müddətdi ki həsrətdi ədibanə sözə,

Nə qədər tab eləsin möhnəti-hicranə qələm.

Elmdən ayrı düşünmək onu olmaz, çünki,

Xilqətindən bəri həmxanədi irfanə qələm...

Hacı Maildi səbəbkarı bu şeirin, Arif,

Yeri vardır çəkə şeirindəki nöqsanə qələm.

 

Ədəbi məclislərdə yetişən və ədəbi tərbiyə alan şair məclis ədəb-ərkanı haqqında nəsihətlər də verir:

 

Sözünü, ey danışan kimsə, ləyaqətlə danış.

Ya hədisdən, ya da Qurandan əlamətlə danış.

 

Qanmaz olma, sözə güc vermə, ədəb gözləginən,

Ürəfa məclisidir, incə işarətlə danış.

 

Kişisən, ağır otur, ortaya pıç-pıç salma,

Bizdən üstün danışırsansa, cəsarətlə danış.

 

Ali məclisdi, qulaq ver, sözün ahəngini tut,

Dinlə, öyrən, sonra get xəlqə bəlağətlə danış.

 

...Həq biləndən xəbər al həqqi ki, bil həqq nədir,

Sonra gəl məclisə iffətlə, ədalətlə danış.

 

Arif Buzovnalının şeirlərini nəzərdən keçirib yaradıcılığını dəyərləndirdiyimiz zaman daha çox sevgi şeirlərinə rast gəlirik. Məlum olduğu kimi klassik şeirdə eşq, sevgi mütləq tərənnüm edilməsi vacib olan mövzulardandır. Klassik şeirimizdəki şairlərin hamısı eyni tipli gözələ aşiqdirlər, sevginin eyni mərhələsindədirlər və bu sevgi tək tərəflidir. Gözəl insana duyulan sevgi ilahi eşq üçün bir körpüdür. Çünkü ilahi eşqin yolu məcazi eşqdən - insan gözəlliyinə olan sevgidən keçir. Şair bu mərhələdə qalmamış, əsl gözəlliyi idrak edərək ilahi gözəlliyin eşqinə çataraq irfani şeirlər də qələmə almışdır.

Arif Buzovnalının şeirlərində vətən sevgisinin, Cənubi Azərbaycan həsrətinin, Qarabağ dərdinin, zəfər yanğısının, sosial həyatın və problemlərin klassik vəzn, janr və formalarda ifadə edildiyinə şahidi oluruq.

Arif Buzovnalının şeirləri içərisində vətən mövzusu əhəmiyyətli yer tutmaqdadır. Şairin "Seçilmiş əsərləri" içərisində vətən mövzusunda çoxsaylı şeirlərə rast gəlirik. Bu şeirlərin böyük bir qismində Birinci Qarabağ Müharibəsində itirilmiş torpaqların həsrəti duyulur:

 

Küsdümü səndən, görən, azadə çağlar, ey Vətən,

Dad edib ağlar səni sönmüş ocağlar, ey Vətən...

 

Oldu viran vəhşi əllərdə çəmənlər, bağçalar,

Bayquşa mənzildi bülbülsüz budağlar, ey Vətən...

 

Ölsə də düşmanə təslim etməyib öz yurdunu,

Qanlı torpağın şəhid canlar qucağlar, ey Vətən.

 

Arif Buzovnalı "Ey şah, qında tutma ədalət qılıncını" qəzəlində də kafirlərin Azərbaycana iştahlandığını, sülh ilə bu problemin həll olunamayacağını, hərbi müdaxilə ilə çözüləcəyini, bunun üçün cəsarət qılıncını qaldırmaq vaxtının çatdığını, düşmənin bu xalqı güclü görmədiyi təqdirdə ədavətə son qoymayacağını illər əvvəl dilə gətirmişdir:

 

Ey şah, qında tutma ədalət qılıncını,

Meydanda qaldır ərşə cəsarət qılıncını...

 

Sülh ilə mümkün olmur əgər həqqi söyləmək,

Hərb ilə dindir onda fəlakət qılıncını.

 

Bu xalqı güclü görməsə sülh istəməz rəqib,

Qoymaz yerə əlindən ədavət qılıncını...

Hərbin gücü ilə al Qarabağ torpağın geri,

Düşmən başında oynat əsarət qılıncını...

 

Arif bu xalqın əsgəridir, var dəyanəti,

Hazır tutub əlində səadət qılıncını.

 

Şairin 2020-ci ildə qazanılmış zəfərə qədər Qarabağ mövzusunda yazdığı şeirlər həsrət, xəcalət, peşmanlıq və ümid motivləri üzərində işlənmişdir. O, "Qarabağdan yeni il məktubu" adlı şeirində düşmən tapdağı altında inləyən Qarabağın fəryadını bədii ifadə vasitələrindən ustalıqla istifadə edərək oxuculara çatdırmışdır:

 

Əvvəla, hamıya məndən salam olsun,

Yeni il bayramınız da haram olsun!

Üzünüz ağ,

Canınız sağ dolanırsız,

Hərəniz bir işlə məşğul

Kef içində yaşayıb qurdalanırsız...

Ayaq altında qalan mən, dikələn siz,

Kiçilib xırdalanan mən, yekələn siz,

Dağılıb parçalanan mən, tikilən siz.

Sizə mən gözdağı olmaqdan isə adi göz oldum,

Dilinizdə neçə illərdi ki növbətçi söz oldum.

Adıma gör nə qədər mahnı qoşublar,

Mənim uğrumda şeirlə yarışıblar,

Nə qədər arzu deyib boş danışıblar,

Buna artıq alışıblar,

Yoxluğumla barışıblar...

Deyirəm son dəfə hər bir kəsə, mənsiz Vətən olmaz,

Heç vaxt Vətənsiz Vətən olmaz...

Özümə sizləri mən bilmişəm övlad,

Məni mənsiz eləyib yad.

Bəs edər qəlbimə çəkdiz bu qədər dağ,

Yeni il məktubu yazdım sizə. İmza: Qarabağ.

 

Azərbaycan ikiyə bölündükdən sonra şair və yazıçılarımız Cənubi Azərbaycan mövzusunda irili-xırdalı əsərlər yazaraq, bu məsələni həmişə gündəmdə saxlayıblar. Təbrizi "şəhərlər şahı, Şərqin rəşadət rəmzi" olaraq görən şairin şeirlərindən cənub mövzusuna nə qədər həssas yanaşdığını, otuz milyon həmvətənimizi unutmadığını görürük:

 

Təbrizim, sən can alan bir nazlı afətsən, nəsən?

Hüsnsüz dünya üçün kani-məlahətsən, nəsən?..

 

Hər küçən bir canlı tarixdir əsrlərdən baxır,

Daş dil ilə söylənən sonsuz hekayətsən, nəsən?..

 

Sən şəhərlər şahısan, Şərqin rəşadət rəmzisən,

Heydəri-Kərrardən qalmış vilayətsən, nəsən?

 

Qövsinin qövsi-quzehdən başına tac qoymusan,

Şəhriyarın şeirinə təxti-səadətsən, nəsən?

 

Arifəm, min dəfə görsəm doymaram səndən yenə

Qeybdən möcüz, İlahidən kəramətsən, nəsən?

 

2020-ci ildə müzəffər Azərbaycan ordusunun işğal altındakı torpaqları azad edərək qələbə qazanmış və beləcə, şairin arzuları gerçək olmuşdur. Arif Buzovnalının vətənlə bağlı yaradıcılığı artıq nisgilli notlar üzətində deyil zəfər, qələbə mövzuları üzərində köklənmişdir. "Zəngəzurdan məktub" şeiri qələbə sevincinin misralara düzüldüyü şeirlərdəndir:

 

Salam olsun sənə, ey sevgili Azərbaycan!

Salam olsun sənə, qalib əsgər!

Salam olsun sənə, mərd sərkərdə!

Halal olsun sənə bu şanlı zəfər!

 

Bayrağın dağlara salmış kölgə,

Qucmuş öz ulduzunu ayparası.

Şuşa ki millətimin şah əsəri,

Şuşa ki tariximin şah qalası.

 

Burda çarpışdı qaranlıqla işıq,

Ölümə burda zəfər çaldı həyat.

Söylədik hər kəsə düşmənqarışıq,

Şuşasız yoxdu Vətən, yoxdu nicat.

 

Şairin yaradıcılığında "Xəzərim" şeirinin xüsusi yeri vardır və bu səbəbdəndir ki, 2009-cu ildə nəşr olunan şeirlər kitabına "Xəzərim" adını vermişdir. "Xəzərim" Azərbaycan ədəbiyyatında əruz vəznində yazılmış ilk sərbəst şeirdir. Şeirdə rəməl bəhrinin müxtəlif bölgülərindən istifadə edilmiş və variantlararası gəzişmə ortaya çıxmışdır. Arif Buzovnalı, Xəzəri həm sahilində doğulduğu, həm də sahilində yaşadığı üçün çox sevir. Eyni zamanda vətəninin bir parçası olaraq müqəddəsləşdirir. Şeirdə bədii ifadə vasitələri yerində və ruha xitab edəcək bir şəkildə istifadə olunmuşdur. Şair, mərdliyin himni, azadəliyin nəğməsi olan göy Xəzəri dözümlü, güclü, əzəmətli bir şəkildə təsvir edir və haqsızlıq qarşısında əyilənlərin nə üçün ona bənzəmədiklərindən heyrətlənir, heyfsilənir; cavabını da Xəzərdən gözləyir:

 

Daş bədənlərdəki boş başlara aqil əyilərmiş,

Əyriyə düz deyilərmiş,

Əyri yollar düzə düz göstərilərmiş,

Bəndədən bəndəyə taət və sücud istənilərmiş,

Həqq nahəqq qabağında yenilərmiş

Bu yazıqlar qəvi tufanlara güc gəlməyi səndən

niyə öyrənmədilər bəs, Xəzərim?

 

Arif Buzovnalı öz şeirlərində ədalətsizlik, zülm, riya və s. kimi mövzulara da tənqidi prizmadan müraciət etmişdir. Şair "Baxan görmür, görən bilmir, bilən dinmir, əcaibdir / Zülm başdan aşır, şeytan alıb dünyanı, ya Mövla!" deyərək Yaradana xitab edir. Onun "Dünya deyilən yerdə səfa vardır - inanma!", "Vicdanın əgər varsa sənin bir gilə, qafil" və s. qəzəllərində zülm ilə barışmamağı dilə gətirir:

 

Bimara təbib çarə edər - kar ol, eşitmə!

Qanlar tökən əllərdə şəfa vardır - inanma!

 

...Məhşər gününü gözləmə, zülm ilə barışma,

Dünyada zülmkara cəza vardır - inanma!

 

Aşağıdakı qəzəlində isə qafillərə səslənərək zülm etdikləri insanlardan halallıq istəmələrini, ondan sonra Allahdan şəfqət diləmələrini nəsihət edir:

 

Zülm eyləmisən hər kimə, get, istə halallıq,

Ondan sora üz tut göyə, şəfqət dilə, qafil.

 

İstərsən əgər çəkməyə övladın əziyyət,

Zalimlik edib vermə əziyyət elə, qafil...

 

Nəfsin, təməhin inkişaf etməklə bərabər,

Cəhlin də tərəqqi edib ildən-ilə, qafil.

 

Qəzəllərində qafil və cahillərdən uzaq olmağı tövsiyə edən şair bəzən riya və məkri şirin dildə gördüyünü də bildirir və görüntüyə, zahirə aldanmamağı tövsiyə edir:

 

Mən söz demək məramını qafildə görmüşəm,

Söz anlamaq məqamını aqildə görmüşəm.

 

Dildə şirinliyin səbəbi bilmirəm nədir,

Amma riyanı, məkri şirin dildə görmüşəm.

 

Vicdanın işlədən kəsə dövran olub qənim,

Mən daima qaçan atı qəmçildə görmüşəm...

 

Allah deyib ucalmağı məruf şəxsdə,

Mən-mən deyib yıxılmağı cahildə görmüşəm.

 

Şeirlərində sosial problemlərə də nüfuz edən şair xalqa xəyanət edənləri tənqid edir və nəfsinə "bəsdir, yetər!" deməyi tövsiyə edir:

 

Eləmə xalqa xəyanət, adam oğlu adam ol.

Qorxma qopmaz ki qiyamət, adam oğlu adam ol.

 

Düzlüyü maska kimi taxma üzə, millətinə

Canü dildən elə xidmət, adam oğlu adam ol.

 

Gah gözün, gah da əlin eylədi qarət Vətəni

Nəfsinə söylə kifayət, adam oğlu adam ol.

 

...Yaxşılıq eylə, halallıqla ucaldıqca ucal,

Haramı bilmə qənimət, adam oğlu adam ol.

 

Arif Buzovnalı yaradıcılığının böyük bir hissəsini irfani şeirlər təşkil etməkdədir. "Çoxdu dünya şövqü insanlarda xülya olsa da", "Dünya deyilən yerdə səfa vardır - inanma!", "Aşiq o kəsdi dövləti fəryadü ah ola" kimi qəzəllərində irfani mövzulara müraciət etmişdir. Şair bir qəzəlində gerçək aşiqin portretini də çəkir:

 

Aşiq o kəsdi dövləti fəryadü ah ola,

Bu dövlət ilə aləmi-eşq içrə şah ola.

 

Hicrində imtəhan olunub vəslə gec yetər,

Hər kəs ki son muradına Xaliq pənah ola.

 

...Aşiq sevinc bilərmi nədir, qüssə bilməsə?

Eşq əhlinin gərəkdi ki, bəxti siyah ola.

 

Şair fani dünyanın gücünün insanın nəfsində olduğunu, nəfsinə tabe olanların məğlub olacağını bildirir və

 

Ehtiyat et ki, səni cəzb etməsin əlvanlığı,

Daxili puçdur, fənadır, üzdə əla olsa da.

 

- nəsihətini verir.

O, "Aləmin sənsən pənahi, yoxdu sən səndən səva" qəzəlində Allaha qovuşmaq - vüsal arzusunu dilə gətirir:

 

Aləmin sənsən pənahi, yoxdu sən səndən səva,

Ey mənə məndən yaxın,

            ey məndə mən məndən səva.

Kuyinə yetməkdi arzum, istəməm bir özgə yer,

Xoş olurmu bülbülə bir guşə gülşəndən səva?!

 

Canfədayəm, ey Xuda, ruhum vüsalın gözləyir,

Dəhrə aid yoxdu bir şey məndə bu təndən səva.

 

...Tab edir zülmə fəna mülkündə Arif, çün bilir,

Bir ədalət məskənin vardır bu məskəndən səva.

 

Arif Buzovnalı dini mövzuları minacat, nət, qəsidə, mərsiyə şəklində oxuculara çatdırmışdır. "Ey bəxş eyləyən hüsnü cəlal cümlə cəhanə", "Aləmin sənsən pənahi, yoxdu sən səndən səva", "Cəmal əhlində bir kəsdə cəmal olmaz cəmalincə", "Ədalətdən xəbərsizdir cahan meydanı, ya Mövla!" və s. şeirləri minacat örnəkləridir.

Bir minacatında özünün günahkar bəndə olduğunu və Uca Yaradandan onu bağışlamasını təmənni edir:

 

Qul oldum nəfsimə,

            qarşında çox şərməndəyəm, Ya Rəb!

Qəbul et üzrümü,

            çünki günahkar bəndəyəm, Ya Rəb!

 

Ədalət istəməkçün yox üzüm,

            rəhminlə hökm eylə,

Buyam, halım budur,

            sən seçdiyin məskəndəyəm, Ya Rəb!

 

Giley etdimsə hərdən,

            Xaliqimsən, keç günahımdan,

Məni xəlq etdiyin dəmdən

            sənin hökmündəyəm, Ya Rəb!

 

Səni zikr etdiyimdəndir üzümdə qəm izi yoxdur,

Vəli napüxtələr zənn eyləyir xoş gündəyəm, Ya Rəb!

 

Həzrəti Peyğəmbərin əziz nəvəsinin şəhid edildiyi Kərbala faciəsi klassik ədəbiyyatımızda ən çox müraciət olunan və daimi oxucusu olan mövzulardandır. Kərbala hadisəsini anmaq zülmü unutmamaq üçün önəmlidir. Şair "O dəm ki dəydi qılınc Şahi-Kərbəla başına" adlı Kərbəla mənzuməsində hadisəni bir daha yad etmişdir.

Əhli-beyt sevgisi klassik ədəbiyyatın heç bir zaman köhnəlməyən mövzularındandır. Arif Buzovnalı da bu ənənəni davam etdirmiş və Əhli-beyt sevgisini misralara, beytlərə düzmüşdür. Onun "Ey olan layiqli şahənşah qiyamət taxtına", "Etməsən sidq ilə ünvan Şəhi-Mərdan qapısın", "Hər iki aləmdə şahimsən mənim, ya Mürtəza!" kimi şeirləri dini məclislərdə dönə-dönə oxunmaqdadır.

 

Ey olan layiqli şahənşah qiyamət taxtına,

Ey kəmaliylə verən zinət imamət taxtına.

 

Sən ürəklər tacidarı, sən könüllər şahısan,

Hər üzü Yusif oturmaz bu məlahət taxtına.

 

Hansı sultan ki qul olmaqla sənə fəxr eylədi,

Ta əbəd lütfünlə bəxş oldu səadət taxtına.

 

Heyf ki səndən sora hər kim ki gəldi şahlığa,

Satdı vicdanın yetişməkçün vilayət taxtına.

 

Nəticə etibarilə, Arif Buzovnalı rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyi Xəzər Poeziya Klubunun sədri olaraq ədəbi məclis ənənəsini yaşadır. Eyni zamanda, o, klassik ədəbi janrlarda - qəzəl, qəsidə, növhə və s. yazaraq klassik ədəbi ənənəni günümüzdə yaşadır, bu günün sözünü klassik şeirin janrları ilə dilə gətirir. Həmçinin şair "Xəzər təzkirəsi"ni tərtib etməklə müasir Azərbaycan ədəbiyyatında klassik irsə bağlı olan şairlərin həyat və yaradıcılığı haqqında məlumatları bir yerə toplamış, onların adlarının ədəbiyyat tarixində qalmasına vəsilə olmuşdur.

Bu gün ali təhsil müəssisələrində klassik şeirin və xüsusilə əruzun tədrisində problemlərin olduğu ciddi şəkildə hiss edilməkdədir. Bu problemin praktik həlli Arif Buzovnalının ustad dərsləri ilə və ədəbi məclislərdə iştirakla mümkündür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!