Yaradıcı proyeksiya - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Martin Haydeger vaxtilə Hölderlin haqqında yazdığı mükəmməl məqalədə qeyd edirdi ki, "dil öz-özlüyündə elə poeziyadır [Dichtung]". Böyük mötərizədəki "Dichtung" sözü ilə o daha geniş mənanı nəzərdə tuturdu ("yaradıcı proyeksiya"). Həmin söz alman dilində poetik yaradıcılığı (poeziyanı-!) bildirməklə yanaşı, hermetikləşmə prosesinə də işarə edir. Səs, işıq, su ... keçirməmə. Poeziya insanı onu zədələyəcək hər şeydən qoruyur və eyni zamanda onun yolunu gerçəkliyə, onun ən geniş sahələrinə açır. Haydegerin fikrincə, dil təkcə bizim artıq bildiklərimizi ötürmək vasitəsi deyildir, onun daha mühüm bir vəzifəsi var. Dilin mahiyyəti, onun ilkin və ən mühüm funksiyası "proyektiv söyləmdir", yəni əşyalardan bəhs edərkən onların dünyaya ilk dəfə gəlişinin yolunu açır. Poetik mətndə adı çəkilən hər bir əşya əslində dünyaya ilk dəfə gəlir. Hər bir əşya həm də heç zaman olmadığı kimi təsvir edilir. Dil sözlərə can və nəfəs verir. Klassik poeziyada dil möcüzələr yaradan nəsnədir, buna görə orta əsrlərdə klassik poeziya bütün dünyanı əks etdirməyə kifayət edirdi. Belə olduğu üçün də hətta gələcəkdə söyləniləcək, yazılacaq mətnlərin də hənirini duyub misralar, bəndlər arasında sirr kimi (cazibə sahəsi...) ehtiva edirdi. Klassik poeziyanı bir də bu baxımdan araşdırmaq maraqlı olardı. Bir qala, qədim qala təsəvvür edin, haçansa, tarixin hansı dönəmindəsə qanlı müharibədə dağılıb, indi qırıntıları qalıb. O qırıntılardan biri, yaxud bir neçəsini götürüb bütün qalanı bərpa etmək istəyirsən. Klassik poeziya dünyaya, bəlkə də, belə baxırdı. Onunla münasibətdə yaradıcı proyeksiya ideyası özünü tam şəkildə doğruldur. Nəyisə kökündən bərpa etmək üçün onu bütün dünyadan təcrid etməli, üfüqlərin üstündə tutmalısan və onun proyeksiyası düşdükcə, yerdə bütün dünyanı ovucları içinə alan şahanə bir tikili ucalacaq. Olan, bilinən şeyi son qırıntısına qədər məhv edib ondan yeni nələrsə icad etmək sənəti.  

Hər şey dilin - yaradıcı proyeksiya sayılan mətnlərin içindəydi. Dünyadan təcrid olunmuş bir nəsnə onu xəyallarda yaşayan bir tikili kimi nümayiş etdirirdi. Həm də bu təsadüfdə poeziya deyilənlərin içində deyilə bilməyən, dilə gəlməyən nəsnələri ehtiva edir. Məsələn, Hölderlində olduğu kimi:

 

...İztirabsız adamlara həsəd aparma,

            hər şeyi olan, ağacdan

büt kimi adamlar, ürəkləri o qədər boş,

            ruhları o qədər yalın ki,

yağış və günəş haqqında sual verməzlər,

            düşünməzlər belə, çünki

əkib-becərməyə bir şeyləri yox. Əlbəttə, şübhəsiz!

            Xoşbəxt olmaq nə çətin işmiş,

                        özü də ürəkdən boş, ağıldan kəm ola-ola.

Üstəlik, minnət qoyub sizə

            lütfkarlıq da göstərə bilərik, yəni ox

yaydan çıxıb hədəfə dəyməyəndə taxta

            dərddən içini gəmirirmi, ya da deşik bir bardaq

            divara çırpılanda darıxdığındanmı çilik-çilik olur?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!