ELÇİN
1
Keçən ilin lap sonlarında Mədəniyyət Nazirliyinə təqdim etdiyim "60-cılar" layihəsi əsasında mənim üçün mənən əhəmiyyətli və çox xoş hadisə kimi, iki kitab nəşr edildi: Arif Abdullazadənin "Duyum" və Çingiz Ələkbərzadənin "Seçilmiş əsərləri". "60-cılar" mən də daxil olmaqla, ancaq adları çəkilən üç-dörd yazıçıdan ibarət deyil, çünki bizim ədəbiyyatda "60-cılar" anlayışı ədəbi tənqidin və ictimaiyyətin mahiyyətcə yanlış qəbul etdiyi kimi, yalnız ədəbi nəsil göstəricisi deyil, çünki - əvvəllər də bu barədə yazmışam - Azərbaycan ədəbiyyatında "60-cılar" differensiallaşdırılmış fərdi məfhumdan daha artıq, istedad dərəcəsindən, əsərlərin bədii sanbalından asılı olmayaraq, ümuminin ortaya çıxartdığı nəzəri-estetik anlayışdır.
"60-cılar" sosialist realizmi doqmalarına yox, ədəbiyyata, ədəbiyyatın yarandığı dövrdən etibarən, missiyasına arxalanır və güvənirdilər, buna görə də özlərini elə həmin sosrealizm dövründə təsdiq edə bildilər.
Arif "60-cılar" barədə yazdığı şeirdə deyirdi:
Ölçü-mizan adlı, tərəzi adlı
Pənahımız vardı - bunu bilirdik,
Bu əsri o əsrə daşıya bilən
Sabahımız vardı - bunu bilirdik.
Təəssüf ki, bir sıra başqa "60-cılar" kimi, Arifin də, Çingizin də kitabları çoxdan idi nəşr olunmurdu və indi deyəcəyimin təmtəraqlı, gurultulu səslənəcəyindən ehtiyat etmədən deyim ki, hər iki kitab mənəvi borcumun ifadəsi kimi mənim yazdığım Ön sözlərlə nəşr edildi.
Bu yazı da Arif Abdullazadənin kitabındakı həmin Ön söz əsasında qələmə alınıb.
2
Mən Arif Abdullazadənin bir misrasını - "Sözlərə "azadlıq" öyrədə bildik..." - ona görə bu kiçik yazının başlığına keçirirəm ki, nəsrdə olduğu kimi, poeziyada da ədəbiyyatımıza yeni nəfəs, yeni estetik-ideoloji (bəlkə də "estetik-antiideoloji" yazmaq daha düzgün olardı!) ab-hava gətirmiş və sənəti sosrealizm doqmaları çərçivələrindən çıxarmış "60-cılar" ədəbi nəslinin Fikrət Sadıq və Fikrət Qoca, İsa İsmayılzadə və Ələkbər Salahzadə, Vaqif Səmədoğlu və Məmməd İsmayıl, Musa Yaqub və Vaqif Nəsib və başqa nümayəndələri kimi, onun da bu sözləri deməyə mənəvi və ədəbi haqqı çatırdı.
Arif beş maraqlı romanın, o cümlədən, bu yaxınlarda oxuculara təqdim edilən "Duyum" romanının, "Qafur Qantəmirin həyat və yaradıcılığı", "Azərbaycan poeziyasında yaradıcılıq üslubları", "Şair Cəfər Cabbarlı" və s. kimi monoqrafiyaların, bir çox ədəbi-elmi məqalələrin müəllifi, filoloji elmlər doktoru idi, ancaq bütün bunlarla bərabər, o, ilk növbədə, əlbəttə, şair idi.
Arif BDU-nun (S.M.Kirov adına (!) Azərbaycan Dövlət Universitetinin) filoloji fakültəsinin 4-cü kursunda oxuyanda, mən orada 1-ci kurs tələbəsi idim və yaxşı yadımdadır, bizi "60-cılar"ın ağsaqqalı Fikrət Sadıq ("60-cılar"ın ən yaşlısı o, ən cavanı isə mən idim) tanış etmişdi. Sonralar mən aspirantlıqdan baş elmi işçiyə qədər on il Nizami adına Ədəbiyyat İnstitutunda Ariflə birlikdə çalışdım və o zaman aramızda yaranmış çox isti münasibət onun vəfatınacan eləcə davam etdi.
Mən bunları xatırladıqca, təsəvvürümdə iki Arif canlanır - bir tərəfdən:
Mən yurdumun
küçələri, həyətləri gül-çiçəkdən
döşəməli,
paxlavası, halvasıtək
dilə şirin, sözə şirin ləhcəsi də
xoş, yeməli
Şəki adlı cənnətində doğulmuşam.
- deyə gəzməyi, yeyib-içməyi sevən, dinamik, xüsusi bir həvəslə yaxşı şahmat oynayan və o illərdə mənim də şövqlü şahmat rəqibim, pozitiv Arif Abdullazadə, o biri tərəfdən isə, illər keçdikcə özü-özünə:
Mən hardan gəlmişəm, hara gedirəm,
hardan başlamışam, harda bitirəm,
niyə gəlmişəm ki, niyə gedirəm,
niyə başlamışam, niyə bitirəm?
Nədən bu kürənin içindən çıxıb,
üzünə düşdüm,
nədən belə bəxtin, belə həyatın
izinə düşdum?
- deyə bəşəri suallar verən və belə başa düşürəm ki, bu sualların cavabını axtararkən, dünyadakı riyaları, mənəvi saxtalığı, qəlpliyi görərkən, bütün bunları öz daxili aləminə sığışdıra bilməyən Arif Abdullazadə; eyni zamanda ömrünün sonlarına yaxın onun qol-qanadını sındıran namərd bir xəstəlik aqibətiylə də barışa bilməyən, yalnız fiziki mənada yox, yəqin ki, daha artıq dərəcədə mənəvi mənada iztirab çəkən Arif Abdullazadə.
Mənə bağışladığı kitabları yenidən nəzərdən keçirərkən, bir daha görürəm ki, onun poeziyası, demək olar ki, başdan-başa həmin sualların doğurduğu düşüncələrdən ibarətdir və yəqin elə bu düşüncələrdir ki, onun poeziyasında təbiətdən, yaxud məhəbbətdən ürək dolusu danışmağa çox az yer qalır.
Qəribə dünyaydı getdiyim dünya,
Adamlar nə qədər həvəsliydilər,
Adamlar nə qədər həsrətliydilər,
Adamlar nə qədər həsədliydilər.
Gözlər torpaqdan çox, göyə baxırdı,
Göylərdən gözlərə min sirr yağırdı,
təsəlli yağırdı,
səbir yağırdı...
Mən "Baş" romanını işləyəndə Arifin ömrünün sonlarında yazdığı "Bir də bu dünyaya gəlməyə tövbə" misrasını, eləcə də rəhmətlik Ənvər Məmmədxanlının hələ 1970-ci illərin sonlarında, yayda, Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evində mənə dediyi: "Həyatım ağrıyır" sözləri tez-tez yadıma düşürdü və romanı bitirdikdən sonra da hər ikisini epiqraf seçdim.
İndi düşünürəm ki, Arifi ailə qurmağa qoymayan, onu tək saxlayan da öz-özünə verdiyi o mənəvi sualların axtarışı (və hədsizliyi) oldu və mən onun, yəqin ki, həmin tənhalıq çağlarında yazdığı bu şeiri tapıb, bir də oxudum:
Səni sevgimizin son mənzilindən
özüm yola saldım sonbaharıma.
Bir sevgi bir anda qurban kəsildi
dolan gəncliyimin boş vüqarına...
...İndi kəsişməyən iki yoldayıq,
yollar da axşama düşüb, qaralır.
Hardasa bir qərib, yaşıl talada
sönmüş bir ocağın yeri qaralır.
Bu misralar ötüb-keçmiş həyatın bir epizodunun xatirəsidir, ancaq eyni zamanda məncə, Arifin, həm istedadlı qələminin, həm də həssas hissiyyatının ifadəsidir və belə bir hissiyyatla yaşamaq o qədər də asan bir yaşayış deyil.
Şair ömrü - çətin ömürdür.
Yeni bir söz olmasa da, təkrar etmək istəyirəm: şair - həyatın acısından-şirinindən asılı olmayaraq, mahiyyət etibarilə tənhadır.
Tənha şairlərin doğum günləri
ömrün açılmamış izindən keçir.
Tənha şairlərin tənhalığı da
özünə tuşlanır, özündən keçir.
Tənha şairlərin tənha fəryadı
içinə düşür,
İncəlib bir iynə gözündən keçir, -
Tənha Füzulinin dəvəsi kimi...
Mən, haçansa ciddi jurnallardan birində elmi araşdırmaların belə bir nəticəsini oxumuşdum ki, şairlər nasirlərə, ümumiyyətlə, yazıçılara nisbətən ortaq rəqəm kimi 8 il az yaşayırlar.
Düzdür, Tolstoy 80-ni, Şou 90-nı, Hamsun isə 100-ü keçmişdi, ancaq görünür, bu cür misallar - istisnadır.
30-a, 40-a çatmayan şairləri saymaqla qurtaran deyil.
Bir də ki, şair də, hər halda, insandır və insan istəsə də, istəməsə də - öz taleyinin ardınca gedir.
Arif son illərində yazdığı bir şeirdə deyir:
Baş tutmadı bu sınaq,
Gələn dünyaya qalsın.
Bir də milyon il sonra
Cənnətdən yerə düşən
bir dənə saf toxumdan
doğan almaya qalsın.
Bu sınağın alması
cır kökdən cücəribmiş...
Cənnətdən düşən sınaq alması - Adəm ilə Həvvanın alması - cır kökdən cücəribsə, şair nə edə bilər?
Bunu yalnız obrazlaşdıra bilər, artığına gücü çatmaz.
Arifin çoxmərtəbəli binanın son qatında birotaqlı mənzili var idi və hərdən o otaqda olanda mənə elə gəlirdi ki, onun siqaret tüstüsünə qarışmış bütün hiss-həyəcanı, düşüncələri, itirdikləri, özünün-özünə dedikləri ağır məngənə altında sıxılaraq, bu darısqallığa pərçim edilib.
Quşlar yuvasını ağacda qurar,
Evim bir binanın son qatındadı.
Quşların zamanın çərxinə qonub,
İllərin qış adlı sərt rüzgarının
Soyuq qucağından sıyrılıb çıxmaq,
Uçmaq taleyi var başının üstə,
Özündən, izindən, öz yuvasından
Qaçmaq taleyi var başının üstə.
İllər keçdikcə, Arifin daxilindəki o quş azadlığına - "zamanın çərxinə qonub, illərin sərt rüzgarından" çıxmaq arzusu, "uçmaq taleyi" yaşamaq istəyi daha da artırdı, çiyinlərini basan ağır bir yükə çevrilirdi.
Ancaq nə etmək olardı?
Mənimsə, taleyim göz qırpımında,
Donan pəncərənin nəfəsindədir.
Torpaqla səmanın arasındakı
Gecəli, gündüzlü dənizə baxan
Ömrün bircə anlıq həvəsindədir...
3
Ancaq mən bu qısa qeydləri bədbin notlarla bitirmək istəmirəm və "yurdunun Şəki adlı cənnətində doğulmuş" gözəl yumoru olan, deyib-gülən, duzlu zarafatlar edən, yüksək yaradıcı enerjili, pozitiv Arif Abdullazadəni xatırlayıram.
Onun, hətta küskün şeirləri səni düşündürürsə, səndə də mənəvi suallar yaradırsa, - bəyəm, bu azdır?
Yox, az deyil.
Əgər bu gün başqa bir epoxadan - Sovet dönəmindən çıxmış bir şairin, yazıçının əsərləri yenidən nəşr edilir, oxunur, bəyənilir, maraq doğurursa, bunun özü də cır yox, saf cücərtinin ifadəsidir.
Pozitiv Arif Abdullazadə də, küskün Arif Abdullazadə də həmin mənəvi sualların axtarışından (və cavablarından!) asılı olmayaraq, Azərbaycanı, Azərbaycanın daxilində isə, Şəkini çox sevirdi və bu gün Şəki şəhərində Arifin adını daşıyan küçə var.
"Arif Abdullazadə küçəsi"ndəki mənzillərdə insanlar doğulur, böyüyür, sevinir, kədərlənir, bir sözlə, o küçədə də həyat öz axarı ilə davam edir.
Və bu gün o küçədə oynayan uşaqlar, o küçə ilə gedib-gələn insanlar, o küçədəki skamyalarda oturub, söhbətləşən qocalar, gimgə vuran qarılar - onların hamısı Arifin qəlbən, ruhən bağlı olduğu Azərbaycanın sadə vətəndaşlarıdır.
19 noyabr 2022. Bakı
15 dekabr 2023. Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!