"Başıbağlı" yaxud şeirin sərbəstliyi - Rüstəm Kamal - Rüstəm KAMAL

Rüstəm KAMAL

SSRİ-də verlibr yazmaq dəbdə olmayıb. Bir rus aliminin araşdırmasında oxumuşdum ki, 1976-1980-ci illər arasında 1029 şeir kitabında 47 müəllifin cəmi 360 verlibri nəşr olunub. Yəni sərbəst şeirin həmin dövrdə poetik məhsulda payı heç 1 faiz təşkil etməyib.

Heç şübhə etmirəm ki, bizdə bu faiz lap aşağı olubdur.

Sərbəst şeir nədən sərbəstdir? Ənənədən, vəzndən, qafiyədən?

Burada qəribə etimoloji paradoks da alınır. Sərbəst farsca "başıbağlı" deməkdir.

Doğrudan da sərbəst şeirin ənənə ilə münasibəti qeyri-ciddidir və kifayət qədər mürəkkəb olubdur.

Alman şairi Hans Maqnus Ensensberger sərbəst şeirlər kitabını şeir oxumayanlar üçün şeirlər adlandırmışdı. Tamada şairlərin çeynək qafiyələrinə Xəstə Qasımdan qalmış didaktikaya, süni pafosla dolu məhəbbət şeirlərinə öyrəşmiş oxucular onu öz auditoriyalarına buraxmaq istəmirlər.

Sərbəst şeirin opponentləri düşünürlər ki, Azərbaycan poeziyası öz yolu ilə getməlidir, sərbəst şeir mahiyyətcə bizə yaddır (30-cu illərdə sərbəst şeirlə bağlı "ədəbi döyüşlər"i xatırlayın). Sərbəst şeir tərəfdarları isə güman ediblər ki, sərbəst şerin zəif inkişafı, şairlərimizin XX əsr Avropa, Amerika poeziyasını əslində olduğu kimi verə bilməmələri Azərbaycan ədəbiyyatının geriliyidir, əyalətçiliyin göstəricisidir. Bəlkə də ona görə bəzi ədəbiyyatşünasların düşüncəsində modernizmin səviyyəsi hələ də verlibrlə ölçülür? Sərbəst şerə hücumlar nəsrdə modernizmin başqa priyomlarını və formalarını (montaj, "şüur axını" və s.) süni surətdə ləngitdi.

Bizdə sərbəst şeri əzbərləmək ənənəsi də formalaşmayıb.

Bu yaxınlarda Qubaya gedəndə ("Ay işığı" ədəbi məclisinin dəvətilə) Məti Osmanoğlunun Nazim Hikmətdən əzbər dediyi şeirlərin dadı-tamı hələ də yadımdadır.

Sərbəst şeir kimə lazımdır? Palaz-palaz sərbəst şeirlər niyə yazılır?

İlk versiya belədir. Verlibrin çoxalması gənclərdə ənənəyə qarşı çıxmaq istəyindən qaynaqlanır.

Türk poeziyasının, Avropa tərcümə şerininin təsiri də danılmaz rol oynayır.

Əlbəttə, mən o fikirdən uzağam ki, ancaq ənənəvi şeir yaza bilməyənlər sərbəst vəznə müraciət edirlər. Ancaq bir neçə şair tanıyıram ki, "heca"da, ənənəvi şeirdə söz deyə bilməyib "sərbəstdə" güclərini sınayırlar. Dünən "hecanın qınından" çıxanlar bu gün onu bəyənmir, addımbaşı ənənəvi şerin nümayəndələrini aşağılamaqdan əl çəkmirlər.

Vəzn yalnız düşüncə məsələsi deyil, həm də zövq və əxlaq məsələsidir.

Maraqlı və qəribə haldır: Azərbaycan türkcəsində ən yaxşı verlibrlər ənənəvi şerin texnikasını mükəmməl bilənlərdə alınıbdır.

Hələ də ana dilimizdə sərbəst şerə gözümüzü bərəldib baxırıq. Bu, divan ədəbiyyatının bizə qoyub getdiyi "əmanət"dən irəli gəlir, yoxsa dilə münasibətlə bağlı məsələdir? XIX əsr də görkəmli rus filoloqu A.A.Potebnya nəsri poeziyanın pozulması, zay olması hesab edirdi və minillik kilsə-slavyan himno-qrafiyasını məktəbdən, universitetin tədris proqramından çıxardıb atdı, rus millətini qafiyəyə alışdırdı.

Kim bilir, bizdə Orta əsrlərdə Quran tərcümə olunub, poetik dövriyyəyə buraxılsaydı, "Dədə Qorqud" dilinə yatsaydı, bədii dilimizin vəzni, mənalar dünyası necə dəyişərdi. Necə ki, klassik alman şairlərinin verlibr təcrübəsi Pindarın ritmləri üzərində kökləndi. Necə ki, Derjavindən, Sumarokovdan başlayaraq bir çox rus şairləri üçün sərbəst şerin mənbəyi Pindarın odaları ilə ümumi dilə, yunan dilinə bağlı olan Zəbur oldu.

Sərbəst şerə biganəlik bu istiqamətdə patoloji araşdırmaları da gecikdirir. Biz onu ədəbi-mədəni, sosial dil hadisəsi kimi öyrənməyin tərəfdarıyıq. 

Sərbəst şeir (belə müqayisə mümkünsə) sinfonik musiqi kimidir: güclü daxili məntiqə, məna vəhdətinə və harmoniyaya, bitkin bıtövlüyə malikdir. Öz ritmik düzümünün xarakterinə görə daha çox "fikir fiqurlarının" ritminə bənzəyir:  həmin məntiqi yetkinlik və tamlıq var. Bəlkə ona görə rəssamlar (Pikasso, Dali, Filonov, Kandinski…) şeirləri sərbəst vəzndədir?

Sərbəst şerin məzmunu mətnin etik-fəlsəfi, analitik mənasında və onu nəsrdən fərqləndirən də məzmunun, bədii obraz və düşüncə "yağının" üzə çıxmasındadır.

Sərbəst şerin mühüm ləyaqəti - qafiyəli şeirlərdən fərqli olaraq, poetik dili demokratikləşdirmək,  dil vasitələrinin tətbiqini genişləndirmək, müxtəlif assosiativ obrazları işlətmək bacarığı və cəsarətidir. 30-cu, 60-70-ci illərin poeziyasını varaqlasanız, görərsiniz ki, sərbəst şeir "xam", "çiy" sözlərə daha həssasdır.

Sərbəst şeirdə sözlərin, misraların qrafik düzümündə və ya sıralanmasında "sərbəstlik" aldadıcıdır. Və həmişə sərbəst şerin oxucusunda və dinləyicisində belə təəssürat yaranır ki, bu cür şeirdən nə qədər istəsən yazmaq olar. Yazmağa cəhd edirlər - ortada söz yığımından başqa heç nə qalmır.

Beş-yeddi beytlik qəzəlin, üç-beş bəndlik qoşmanın öz zamanı var. Ənənəvi şeirdən fərqli olaraq, sərbəst şeir sanki zaman məhdudluğu tanımır. Nəsr də belədir - yazıçı sanki zamanın qədrini bilmir, oxucunun vaxtına heyfi gəlmir. Ona görə də oxucunun başını qatmaq üçün maraqlı süjet uydurur. Nəsrdə "boşboğazlıq" mümkündürsə, poeziya qısa, konkret arifanə söhbəti sevir. Romanı beş-on səhifə oxuyub, qatlayıb kənara da qoymaq olar. Poetik mətni bir nəfəsə oxumaq lazımdır.

Şeirdə hər şey sətir-sətir, beyt-beyt, bənd-bənd tənzimlənir. Pauzalar, nəfəsdərmələri gözləyirsən. Hətta yarımçıq şeirləri bir estetik bütövlük kimi qavrayırsan. Poetik mətndə boş zaman yoxdur - hər şey ölçülü-biçili. Amma nəsri poeziya ilə doğmalaşdıran bir hadisə var o da abzasdır. Əgər şerin ölçüsü misradırsa, nəsrin miqyası abzasla ölçülür. Abzas nəsri poetikləşdirməyin ən sınanılmış vasitəsidir (Mirzə Cəlil abzaslarının gücü də bundadır).

XIX əsrin sonunda rus ədəbiyyatında "mənsur şeirlər" adlı forma yaranır. Nəsrin bətnindən, abzas sehrindən doğulur. Məhz abzasın sehri bu mətnlərin uzun olmasına imkan vermir.

Sərbəst şeir də ritm-intonasiya daha fərdidir, ona görə də sərbəst şeri tərcümə etmək musiqini tərcümə etmək kimidir.

Sərbəst şeir sözün intonasiya məkanını genişləndirir. Ancaq bu genişlənmə mətnində boşluq (pauza, vakuum) yaratmır. Sözlərin düzümü, bir-birinə keçidi, bir-birinə bağlılığı qəribə bir nöqtəyə yaxınlaşır ki, həmin nöqtədən dilin və fikrin üfüqləri, sınırları aydın görünür.

Sərbəst vəzn lirik yaşantıların epik məzmunla, epos təfəkkürü ilə yüklənməsi deməkdir. Bəlkə də lirika və eposun qaynayıb-qarışması sərbəst vəznin əsas məqsədidir? Bəlkə ona görə emosional təcrübəsi olan şairdə sərbəst şeir daha yaxşı alınır?

Sərbəst vəzndə sözün qəribə azadlığı olur. Söz azadlığı yuxu azadlığı kimi baş verir.

Sərbəst şeirdə sözlər, səslər dərkolunmaz məntiqlə bir-birini əvəz edir. Sözlərin, səslərin sıralanma məntiqi imitasiyaya yer qoymur. Ustad Rəsul Rzadan bir neçə örnək gətirək:

Yenə tin başındakı eyvandan

Asıblar zol-zol kilimi.

Üstündə yeni-yeni şəkillər

Bir yaş qocalmış fotoqraflar,

Yenə şəkil çəkirlər,

Keçənilki, keçən keçənilki

Keçən, keçən, keçənilki kimi.

Sərbəst vəzn qafiyənin də özünü sərbəst hiss etməsinə imkan verir, şairin içindəki əruz-heca havası qafiyəni sərbəst şerin assosiativ sırasına rahatca daxil edir.

Sarı-sarı yarpaqlar

budaqlarda titrəşir.

Onları yavaş-yavaş yuyur

yağış mürdəşir.

Yaxud:

Bir ömür qalaydım belə

Əllərinin bu nurlu qaranlığında

Ülfətinin sərxoş qurbanlığında.

Vaxtilə rus şairi Nikolay Qlazkovun Nazim Hikmətlə dialoqunu ("Teksti, 1995, -2") oxumuşdum.

"N.Qlazkov. Qafiyəsiz şeir mənə saçsız qadını xatırladır.

N.Hikmət. Qardaş. Hər yerini tük basmış qadını təsəvvür edə bilərsən?

N.Qlazkov, Doğrudur".

Deyilənlərə görə, N.Qlazkov bu söhbətdən sonra bir kağız parçasının qırağında ilk və son sərbəst şerini yazıb.

Vaqif Səmədoğlu yaradıcılığa "qafiyəsiz" başlasa da, şüuraltında yatan (yaşayan!) S.Vurğun, A.Tufarqanlı şeirlərinin havası onu yenidən qafiyəyə qaytardı, kütləvi oxucu ilə "barışdırdı".  Yaddaşdan və qafiyə instinktindən qaça bilmədi.

Sərbəst şeir Güneydə şairlərə qafiyənin total əsarətindən qurtulmaq imkanı verir. Bunu cağdaş Güney Azərbaycan şairlərinin şeirlərini "Ədəbiyyat qəzeti"ndə (İ.Qəhrəmanın təqdimatında) oxuyarkən bir daha əmin oldum - dilin azadlığı fars qafiyəsindən qurtulmaqdan başlayır. Əsir-yesir olmuş sözlərin sərbəst axını Güneydə ədəbi dilimizi Urmiya gölü kimi qurumaqdan xilas edəcək.

İçimdə bir inam var.

Sərbəst şeirlə "dava" əslində qafiyə üstündə olubdur. Qafiyə yoxdursa, deməli, şeir deyil. Son illər kütlənin meyxanaya "qafiyə tutma" azarına yoluxması ingilis yazıçısı G.K.Gestertmun hardasa haqlı olduğunu göstərmirmi? "Savadsız insanlar ağacyonmanı və ritmik, qafiyəli nəğmələri, alim adamlar boş divarları və ağ şeri sevirlər".

Ənənəvi şeirsünaslıq əsasən əruzda və heca vəznində olan mətnlərlə məşğul olub. Sərbəst şeir onun predmeti deyildi. Ölçüsü və qafiyəsi olmayan bir mətndə nəyi araşdırsın ki?

Verlibri nəsrdən, poeziyadan fərqli dəyərləndirmə sistemində nəzərdən keçirmək lazımdır. Verlibri poeziyaya nisbətdə nəsrə simmetrik bədii mətn kimi müəyyənləşdirmək lazımdır. Bu formulu Y.Rojdestvenski "Ritorika nəzəriyyəsi" kitabında (1977, s.555) vurğulayır: "…şeir və nəsrin nisbəti janrlar sisteminin mərkəzində olan verlibrə görə müəyyən edilir".

 Telekommunikasiya vasitələrinin inkişafı, qaçqınların bir qitədən başqa qitəyə sel kimi axını "dünyanı böyük kəndə döndərib" (M.Maklüyen). Dünya poeziyasında şairlər artıq şeir yazmırlar. Hətta verlibrdən də uzaqlaşıblar. Söz yaradıcılığının yeni növü ilə - sadəcə mətn yazmaqla məşğuldular.

Sözün ritmi, psixologiyası, etikası və estetikası da dəyişir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!