Barat Vüsalın Yol kitabı - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Məni gözləyir yolda

Mənim söz verdiyim söz!

Barat Vüsal

 

Bu günlərdə çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi Barat Vüsalın xatirələr, esselər və məqalələrdən, bədii portretlərdən ibarət sanballı bir kitabı işıq üzü gördü - "Ayrılmaz yollar" adlanır və xəyalımda istər-istəməz İsmayıl Şıxlının "Ayrılan yollar" romanının adı canlanır. "Ayrılmaz yollar" əslində metaforadır. Bu metafora nəinki kitabdakı yazıların ana ideyasını, Barat Vüsalın tale təcəssümünü ifadə edir.

Barat Vüsalın böyük yazıçımız İsmayıl Şıxlıya sevgisi, İsmayıl Şıxlı mənəviyyatına və yoluna sədaqəti yalnız ona həsr etdiyi şeirlərində və essesində deyil, bütövlükdə kitabın havasında hiss olunur.

 

Asta tərpənişi, usta yerişi

Düşmənə nifrəti,  dosta gülüşü,

Başında özü də bir-iki kişi

Görsəniz, siz Allah, bir cəngi çalın,

İsmayıl Şıxlını mən hardan alım?!

 

Kitabdakı yazıların bəzilərini "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də oxumuşdum, təəssüratlarımı telefonla bölüşdüyüm anlar da olmuşdu.

Kitabı oxuyuram və səmimi deyirəm: onun qeyri-adi yaddaşı heyrət doğurur. Yaddaşın bir çox növləri (tarixi-etnoqrafik, etnik mifoloji, bədii...) vəhdətdədir.

Bu yaddaş bütün görüşlərin, söhbətlərin etibarlı saxlancıdır. Məsələn, Barat Mehdi Hüseynlə görüşməyib, amma burda da yaddaşı "dinc durmur", nənəsi ilə bağlı bir detalla Mehdi Hüseyni xatirə obrazına çevirir - "bu xalq yazıçısının ölüm xəbərini eşidəndə savadsız Anam (nənəm) əlini dizinə verib ağladı.

Nənəmin nəzərində hansısa roman, povest, hekayə filan yox idi.

Belə kişilərin adı vardı".

Onun şeirlərində vəsf etdiyi milli-mənəvi dəyərlərin seçimi də, şübhəniz olmasın, İsmayıl Şıxlı Yolunun (təriqətinin) fəlsəfəsindən gəlir. "Kişilik" Barat Vüsal poeziyasında sadəcə etnik-mənəvi kateqoriya deyil, poetik ideologiyasının təməl prinsiplərindən biridir.

Barat Vüsalın yazılarında "ata minmək" motivini metafora kimi qəbul etmişdim. At belində olmaq, ata minmək, Barat Vüsalın mifoloji düşüncəsinə görə, Göylə, ilahi, qutsal sfera ilə əlaqə saxlamaqdır. Səməd Vurğunun dünya şöhrətini belə ümumiləşdirir: "Səməd Vurğun Qazaxda qalxmışdı Köhlən Ata! Səməd Vurğun dünyanı Qazaxda mindiyi köhlənin belində gəzir!".

Rəhmətlik bacısı da "ata minən qız" obrazında yaddaşında həkk olub.

Barat Vüsalın dəyər dünyasında "köhnə kişi" və "köhnə yurd" anlayışları bir estetik sırada yer alır: "Köhnə yurd yerində köhnə bir kişi".

Baratın şeirinin birində "zirvə kişiliklər" ifadəsi diqqətimi çəkmişdi:. Onun "zirvə kişiliklər" ierarxiyasına İsrafil ağa, Qaçaq Kərəm, Səməd Vurğun, Xəlil Rza Ulutürk, İsmayıl Şıxlı, Nizami Cəfərov... daxildir.

Azərbaycanda şairləri iki qrupa ayırmaq olar: Evdə olan şairlər və Yolda olan şairlər. Barat ikincilərə aiddir. Ustadları S.Vurğun, N.Arif kimi...

Uzaqda - Qazaxda, "ev"də, yaşasa da, ruhu ilə, sözü ilə Yol şairidir.

"Vaqif Poeziya günləri"ndə Şuşa səfərində müşahidələrim bu qənaətimi bir daha təsdiqlədi.

Kitabda yazıların bir özünəməxsusluğu müəllif emosiyasının görümlü, "səsli" olmasıdır. Barat Vüsal prozaik yazılı mətndə də "danışır", "çıxış edir".

O, şifahi nitqinin və danışığının intonasiya tembrinə, ritmik temrinə yazıda da "xəyanət etmir". "Səsin"i oxucudan gizlətmir, səsini "dəyişmir".

Şeirlərdə və esselərdə təkrirlərin sıxlığı və isləkliyi göstərir ki, modern Barat Vüsal əslində arxaik şairin deyim tərzini yaşadır və daşıyın. Anafora və epifora, leksik və semantik təkrirlər təhkiyənin obrazını dəyişir, yazıların "xasiyyətini" müəyyənləşdirir.

Onun yazılarında simvolik obarazların üstünlüyü şairin mifoloji təfəkkürünün hələ də "işlək" olması ilə bağlıdır. Əslində poetik təfəkkür mifoloji təfəkkürdür.

H.Qasımlının əsərlərində simvolik obrazlar - "Qara zurna, Novruz lopası, Hərbçi çəkməsi, Nənə cəhrəsi, At kişnərtisi, Məktəbli çantası, Qara yapıncı az qala bir ədəbi qəhrəman təsiri bağışlayır".

Onlardan biri də "qapı" simvoludur. Qapı iki dünyanı ayıran mistik sərhəddir. Ənvər Əhmədin xatirəsinə həsr etdiyi yazı belə adlanır: "Daha dekabrda ölən olmayacaq, yaxud hamı bir qapıdan keçir".

Ağalar Mirzəni "Obaşdan açılan qapı" yazıçı ilə xatırlayır.

Baratın qənaətinə görə, "qapı obrazı" Vaqif Səmədoğu poeziyasının mistik-poetik mənalarından biridir: "Vaqif Səmədoğlunun bütün şeirlərində qapı var. Günəşə açılan qapı, həyata, insana, nəhayət, Allaha açılan qapı!".

İsmayıl Şıxlı haqqında portret-essesində İsa Muğanna ilə bağlı bir xatirə məqamı var: "...İsa Muğanna 2013-cü ilin payızında Ağstafada evində ağır vəziyyətdə xəstə yatırdı. Həyat yoldaşı Firuzə ana bütün ümidlərini itirmişdi. Sakitcə mənə pıçıldayırdı: "Bu dəfə, deyəsən, qalxmayacaq".

Ustad gözlərini yumsa da, yatmayıbmış. Bizə doğru boylanıb gülümsədi. Bir az aynı açılsın, fikri dağılsın deyə keçmişlərdən söhbətləşməyə başladıq. İsmayıl Şıxlıdan da söz düşdü. Bu halətdə dedi:

- Bu saat İsmayıl o qapıdan içəri girsin, sıçraıb ayağa qalxmasam, mənə nə deyirsiniz, deyin!".

İsa Muğannanın artıq dünyasını dəyişmiş İsmayıl Şıxlını birdən-birə qapıdan girməsini arzulaması "o dünya"nın işarəsi idi.

Yazıların süjeti iki zaman qütbü - keçmiş və indiki zaman arasında qərarlaşır, yəni epik yaddaş ilə lirik yaşantıların yaddaşı bir-birilə üzvi surətdə qovuşur.

Məni heyrətləndirən və təəccübləndirən Baratın xatirələrində dialoqların təbiiliyi və canlılığıdır. - Bu, şairin nəsr təcrübəsindən gəlir.

Axı, aradan sular axıb - nə qədər vaxt keçib, həmin söhbətləri olduğu kimi bərpa edib canlandırmaq elə də asan məsələ deyil.

Barat Vüsal portret-xatirələrində klassiklərlə dialoqunu ruhlarla dialoq kimi qurur. Müasirləri ilə elə davranır - onları  "ruh"a çevirmək üçün "yaddaşın o tayına", "keçmişə" qaytarır.

İ.Şıxlı, V.Səmədoğlu, M.İsmayıl, N.Həsənzadə, X.Rza ilə bağlı  xatirələrini  yuxu kimi, "yuxuları"nı isə xatirə kimi danışır, yadda saxlaya bilir. O, "yuxu"larını xatirələrin bir hissəsi, davamı kimi danışır: Xəlil Rzaya həsr etdiyi esesində yazır:  "...Bir dəfə yuxumu qarışdırmışdım. Gördüm ki, kimsə mənə deyir:

- Sən hansı cəbhədənsən?

Bu gözlənilməz sualdan bərk acığım tutdu və mən özümü itirdim. Özümə gələndə baxdım ki, ağsaçlı Xəlil qarşımda durub yenə gülümsəyir.

Tərədüd etmədən dedim:

- Mən Xəlil Rza cəbhəsindənəm".

Epik yaddaş ilə emosiya yaddaşının mətndaxili bir-birini əvəzləməsi enerji mübadiləsini tənzinləyir. O.Mandelştam "Dante haqqında söhbət "də yazır ki, bədii məkan poetik energiyanın məqsədyönlü hərəkətidir", yəni axınıdır.

Ona görə də janrından asılı olmayaraq, onun yazıları energetik tutuma malikdir (hətta deyərdim ki, bir çox esseləri mənsur poemalardır).

O, qəhrəmanlarının xarakterini öz sözləri ilə açır. Onların portretlərinə dedikləri və yazdıqları sözlər ilə naxış vurur:

"Deputat seçkiləri zamanı mən onun iki dəfə vəkili olmuşam.

Bir dəfə mənə dedi:

- A Barat, yaman gizlənməyim gəlib.

Gördü təəccüblə baxıram, əlavə etdi:

- yəni şeir yazmaq istəyirəm!"

Şair hissiyyatı ona detallar üzərindən gözlənilməz paralellər aparmağa imkan verir. Bu isə esse janrının "uduşlu" tərəfləridir. - məsələn, İ.Şıxlının və Əlağa Şıxlınskinin ömrünün son illərini müqayisə etməsi maraqlı tapıntıdır: İkisi də "ağır xəstə olub, göz nurunu itirir", hər ikisi əsərini ("Ölən dünyam və "Xatirələrim") ölüm yatağında diktə edib, yazdırıb".

Yaxud Xəlil Rzanın emosional və tale obrazını xüsusi qabartmaq üçün "adlar"dan və "od" kodundan istifadə edir: Hz.İbrahim Xəlilullahın özünü oda atması və Xəlil Rza ömrünün od-alovdan keçməsi.

Barat Vüsal "şeirin səsinə" çox həssasdır, bilir və inanır ki, şeirdə intonasiya "enərsə" şeir ölür. Esselərində, məqalələrində də elədir - hiss edəndə ki, təhkiyəsi, misrası "yorulur", ritorik sualları, canlı xatirə dialoqları təkrirləri ilə mətni "dirildir".

Baratın yazılarında janrından (ön sözü, resenziya, xatirə, məqalə, esse) asılı olmayaraq, öz "səsi"dir. Muğam ustaları demiş, "xaric oxumur". İntonasiya, təhkiyə tempi, səs tembri cümlələrin, misraların məsamələrində, ritmində "yuvalanır".

O, esselərini şeirləri üstdə "kökləyir".

Şeirlərinin köklənməsindən şairin ovqatını da müəyyənləşdirmək olar, yəni o qədər səmimi və açıqdır ki, yazı prosesində ovqatını gizlədə bilmir. Əminəm ki, onun ovqatı həin anda şeir şəkillərini, şeirin vəznini, məqaləsinin ritmini müəyyənləşdirir. Həssas və bilgin oxucu şeirin, məqalənin hansı ovqatda yazıldığını təxmin edə bilər.

Baratın nəsr əsrələrini özünəməxsus təhlil etməsi var. İ.Şıxlı, İ.Muğanna, S.Elcanlı, H.Qasımlı... mətnlərindən elə kvant-cümlələr qoparıb yazısını toxumasına daxil edir ki, ilk baxışdan adi sitat statusunda olmur. Amma Barat Vüsalın esseistik-publisistik üslubunda həmin seçmələr magik-mistik deyimlər kimi səslənir, yazı kontekstində misra effekti qazanır... Məsələn, yazıçı-jurnalist Heydər Qasımlının "Sarı ürgə" povestindən və hekayələrindən seçmələr ("Atamın üzünü görməmişəm": "Atam istəmirdi ki, ayrılıq dəqiqələrində gözləri Sarı Ürgənin gözlərinə baxsın"; "At kişnərtisinə əl saxladı" və s.) əsasında onun tale obrazını yaradır.

"Ayrılmaz yollar" kitabını Barat Vüsalın avtobioqrafik nəsri kimi də oxumaq olar. (Ümumiyyətlə, istənilən nəsr əsəri avtobioqrafikdi. Müəllifin yaddaşından əsəri üçün nəyi və necə seçməsi - bu, ayrı söhbətin mövzusudur. Dantenin müasirləri "İlahi komediya"nı avtobioqrafik əsər kimi qəbul edirdilər).

Barat Vüsal üçün şairin "irisi-xırdası", cavanı-qocası yoxdur. Şairlər cıdır atları deyil ki, nömrələnsin. Ondan ötrü şairin tale-davranış kodu ilə söz kodunun üst-üstə düşməsi maraqlıdır. Məhz bu doğmalıqdan və sevgidəndir ki, onun təqdimatında "özgə" mətnləri (şeir sitatları) "özününkü"ləşir, öz sözləri kimi səslənir. Ona görə də V.Səmədoğlu və Ə.İncəli... sözünə bu yöndən yanaşır, onları özünə yol yoldaşı bilir.

Barat Vüsalın Mehdi Hüseyn, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Nizami Cəfərov... yolu haqqında söhbətləri əslində Barat Vüsalın öz yolu haqqındadır. Təsadüfi deyil ki, Gəncədə yaşayan qocaman nasir Qərib Mehdiyə ünvanladığı müraciətində deyirdi: "Əziz Qərib Mehdi! Sən getdiyin yolla biz də qol-boyunuq".

Onun üçün Yol anlayışı ədəbi dəyərlər əbədi və qutsal dəyərləri ehtiva edir. A.S.Puşkin deyirdi: "Böyük şəxsiyyətin fikirlərinin dalınca getmək ən əyləncəli elmdir". M.Hüseynin "çalışın, ədəbi vicdanınıza ləkə düşməsin", İ.Şıxlının oğlanlarına "kişi olun" vəsiyyətini  mənəvi imperativlər kimi qəbul edir ki, bu, əslində, yalnız onun söykəndiyi, mənsub olduğu ədəbi ənənədən deyil, Baratın özünün ədəbi tərbiyəsindən və əxlaqından gəlir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!