Ayrılığın ilk günü... - Bir şəhər hər yerindən tərk edilirdi... - NARGİS

Elçin İsgəndərzadənin “Mənim Şuşa dastanım” – “Zəfər poeması” haqqında

NARGİS

 

Yazıma məni ən çox təsirləndirən misralarla başlamaq istəyirəm. Hər zaman olduğu kimi "Ədəbiyyat qəzeti"ni köşkdən alıb Bakının ən sevdiyim hissəsində, Tarqovuda bir kafedə, kofemdən yudumlayaraq vərəqləməyə başladım. Qarşıma "Mənim Şuşa dastanım" - "Zəfər poeması" çıxdı. Gözucu poemaya baxdım.

Şuşa mənim də həssas yerimdir. Şuşaya dair oxuduğum hər şeyi diqqətlə və qorxaraq oxuyuram. Şuşa elə mövzudur ki, onu vəsf edən gərək layiqincə bunu bacarsın. Şuşa elə bir gözəldir ki, gərək onu təsvir edən gözəllik bilicisi olsun... Eyni zamanda Şuşa məbəddir, müqəddəsdir... Gərək Allah da həmin şəxsə vəsf edə bilmə gücü bəxş etsin...

"Mənim Şuşa dastanım" - "Zəfər poeması"nda xüsusilə bu misralar məni çox təsirləndirdi:

 

Ayrılığın ilk günü...

Bir şəhər hər yerindən tərk edilirdi -

göyündən,

sularından,

yollarından, evlərindən...

 

Fikrimcə, tərk edilişi və ayrılığı ədəbiyyatda və rəssamlıqda bu tərzdə ifadə edən olmayıb.

 

Çox şeylər olacaqdı,

bu şəhər uzun bir ayrılığa

            qədəm qoyurdu,

bu şəhəri bütün şəhər tərk edirdi.

 

Yaxud:

 

Bu şəhərin ümidini də öldürüb gedirdik,

sabahlarını da öldürüb gedirdik,

elə özümüzü də öldürüb gedirdik,

bəlkə, heç bilmədən

bu şəhəri də öldürüb gedirdik.

 

Bir şəhərin bu şəkildə göy üzündən, sularından, yollarından tərk olunması anlayışı dünyaya nəhəng informasiya ötürür, burada romantiklik, duyğusallıq var, əlbəttə. Göylərindən tərk olunmaq anlayışı da çox önəmli işarədir. Göy üzü hər daim müqəddəs qəbul olunub. Mifologiyada, dində, ədəbiyyatda Göy - tanrı deməkdir, azadlıq deməkdir. 30 illik həsrətdən sonra Şuşanı ziyarət edən hər kəs, Elçinin bu poemada əslində, nə dediyini çox gözəl anlayar...

Vəhşi ermənilərin Şuşanın gözəlliklərini bir zavallı, murdar qurd kimi gəmirərək necə məhv etdiyini görür. Binalar... bir zaman səs, musiqi, sənət, ədəbiyyat, hakimiyyət, ailə, dost, sevgili olan binalar, ilahi, necə də vəhşicəsinə yox edilib... Barılar dağıdılıb...

Şuşadaykən gözləri dolaraq qabarlı əlləri ilə dağıdılmış divarı yenidən qurmağa çalışan fəhlənin mənə uzatdığı almanın balacalığı, cırlığı diqqətimi çəkmişdi. Almanın bu cür cırlaşması məni kədərləndirmişdi. Doğrudan da, Şuşa hər yerindən tərk edilmişdi o qanlı gündə...

Bir xeyli uca qamətli ağaca baxmışdım və pıçıldamışdım. Bu alma sənə yaraşmır, heç yaraşmır həm də. Bax biz qayıtmışıq. Artıq ən gözəl bəhərlərini verə bilərsən... Almadan gələn gözəl ətir, bircə o ətir ümid vermişdi mənə. Əmin idim ki, Elçinin misralarında əks olunan zorla tərk edilən o şəhər, yenidən özünə - müqəddəs günlərinə, Azərbaycanlı günlərindəki gözəlliyinə, ehtişamına qayıdacaq.

Şuşada doğulan, əsrarəngiz təbiətin aludəçisinə çevrilən və amansızlıqla o torpaqlardan qoparılan, yurd-yuvasına həsrət qalan insanlar üçün Şuşanı təsvir etmək çox həssas mövzudur, bir o qədər də çətin. Elçin İsgəndərzadənin "Ədəbiyyat qəzeti"ndə yayınlanan "Mənim Şuşa dastanım" - "Zəfər poeması" sadaladığım bu fikirlərin ən bariz nümunəsidir.

 

Şuşa adlı...

Sevgili dərdim çıxır hər yerdə qarşıma,

sevgili kədərim çökür üz-gözümə...

 

Yaxud:

 

Bir vətən necə sevilir?

Səndən sonra anladıq.

Bir vətənin adı necə sevilir?

Səndən sonra anladıq.

Səndən sonra çox şeyi anladıq...

 

Elçin İsgəndərzadənin yaradıcılığı ilə tanış olan hər kəs, şairin yaradıcılığından, elə gəncliyindən bu günədək davam edən bir həsrət simfoniyası duyurlar. Bu həsrətin adı Qarabağdır - Şuşadır. Texnika və filologiya elmləri doktoru olan Elçin İsgəndərzadə Azərbaycançılıq - türkçülük məfkurəsi ilə daim gecə-gündüz vətəni uğrunda çalışır. Onun texnika sahəsində gördüyü işlərlə tanıyanlar, ruhunun dərinliklərində gizlənən emosional şairi görmürlər. Ancaq damarlarında axan qanla eyni sürətdə hərəkət edən və hər daim təkrarlanan həsrəti hamı görüb tanıyıb...

"Mənim Şuşa dastanım" - "Zəfər poeması" bir çox məqamlarla Şuşaya yazılan əsərlərdən fərqlənir. Burada türkçülükdə əsas mövzu olan "ana", "anaların göz yaşı", "anaların ahı tutar" kimi fikirlər ön plandadır. Yaranışdan Vətən torpağı ilə ana eyni tutulur, onlar müqəddəs varlıqlar kimi həmişə yanaşı qoyulur.

Bu dəm anam dilləndi,

            həm də necə dilləndi,

- Səni Allaha əmanət verirəm, Şuşam.

Analar Şuşanı Allaha əmanət etdi.

Allah bu əmanəti

nə vaxtsa geri qaytarmalıydı, nə vaxtsa...

Şuşa anaların əmanətiydi Allaha!

 

Qədim türklərdə "Ana haqqı, Tanrı haqqıdır" - deyilib. Ana müqəddəs olmasaydı, Qazan xan düşməndən əsir düşən el-obasından təkcə anasını istəməzdi.

 

Anam Şuşaydı,

analar Şuşa olmuşdu bu ayrılıqda.

 

Sanki dillərə dastan Şuşa təbiəti bu gün yenidən canlanır, yenidən həsrətdən cırlaşan Xarıbülbüllər boy atır. Qayıdışla, həm də nəhəng qayıdışla bu gün Şuşanın səması sanki öz doğma - türkçülüyü, Azərbaycançılığı özündə əks etdirən o dərin mavisinə qayıdır. Bütün bunları isə Elçin İsgəndərzadə görür. Çünki o Şuşanı ta uşaqlığından tanıyır, əzbər bilir. Bu poema həm də ona görə ilkdir və önəmlidir ki, Şuşalı bir insan eyni əsərdə həm həsrəti, həm vüsalı, həm kədəri, həm sevinci, tərk edilişi və böyük qayıdışı sözlərin gücü ilə pafossuz, olduğu kimi, hiss etdiyi, yaşadığı, gözləri ilə gördüyü, tərk edilişin də, Böyük Qayıdışın Şahidi kimi, realist şəkildə əks etdirib.

 

Səndən gedənlər ruh olub qayıtdılar,

səndən gedənlər ölüb qayıtdılar,

səndən gedənlər

            Şuşa olub qayıtdılar, Şuşam!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!