Vaqif YUSİFLİ
Öldüm dekabrda, öldüm iyulda,
Mart da, noyabr da, fevral da həmin.
İlin hər həftəsi, ilin hər ayı
ölüm tarixidi Ramiz Kərəmin.
Bu "ölümsaçan" misraların müəllifi Ramiz Kərəm idi. 1961-ci ildə, dekabr ayında Gədəbəyin Ataxal kəndində dünyaya gələn, 2019-cu ildə Bakıda, dekabr ayında koronadan vəfat edən Ramiz Kərəm oğlu Ələkbərli hələ sağlığında bir neçə şeirində ölümdən söz açmışdı. Şairlərin hələ sağ ikən, "o dünyaya səyahəti" heç də təəccüblü qarşılanmayıb, Ölüm də Yaşamaq kimi onları düşündürüb və bu düşüncələr nə qədər pessimizm doğursa da, gələcəyə (əslində, gedəcəyə) bir körpü idi. Xatırlayıram, Əli Kərimin bu misralarını: "O, dünyada yox imiş, Gördüyüm kəs yuxuymuş... Ağlama, könlüm, kiri... Bu adda, bu nişanda, O gözəl gənc cahanda Olmayıb, olmayıb, olmayıb". İsa İsmayılzadənin bir misrası: "Gözləyin, dünyaya qayıtmağım var". Bir kimsə bu dünyadan nə vaxt köç edəcəyini bilmir. Amma Ramiz Kərəm "Mən belə yaşadım" şeirini ölümünə az qalmış yazmışdı.
Ramiz Kərəm üç şeir kitabının müəllifiydi və öz yaşıdları arasında seçilirdi. Onun mənsub olduğu ədəbi nəsil - "səksənincilər", əsasən, Əkrəm Əylislinin "Azərbaycan" jurnalında baş redaktor işlədiyi illərdə tanındılar. Mən 1981-ci ildə 20 yaşlı tələbə Ramiz Kərəmin redaksiyaya gəlişini xatırlayıram. Səhv etmirəmsə, 1981-ci ilin may ayıydı, qapının ağzında məndən soruşdu ki, şeir gətirmişəm, kimə verim? O zaman şeirə Dilsuz baxırdı. Ramiz utana-utana, çəkinə-çəkinə şeirlərini Dilsuza təqdim etdi və onun iki şeiri həmin ilin iyul sayında işıq üzü gördü. Taleyimdə böyük rol oynayan "Azərbaycan" jurnalının 1980-ci ildən üzü bəri bir çox sayları kitab rəflərimdədir və Ramiz Kərəmin ilk şeirlərinin dərc edildiyi 1981-ci ilin iyul nömrəsi də...
Ramiz Kərəm şeirə hazır gəlmişdi. Hələ də mənən, ruhən Gədəbəyin dağlarından, gül-çiçəkli çöllərindən ayrıla bilməyən bir cavanın şeirləri elə o dağların saf suyu, təmiz havası kimiydi:
Yaman pis öyrətdi məni, o dağlar,
Ərköyün böyütdü məni, o dağlar.
Sevgi istəmədim - sevgi verdilər,
Qızların saçını qoşa hördülər.
O kənd qızlarının qoşa hörüyü,
Bəlkə talelərin yolayrıcıydı.
O kənd qızlarının ürəyi, vallah,
Məhəbbət acıydı, sevgi acıydı.
Nə yaxşı, hamısı sevdi, sevildi,
Birinin bulaqda səhəngi qaldı.
Birinin səsini qəlbimə yazdım,
Qəlbimdə səsinin ahəngi qaldı.
Payız o qızların ümid yoluymuş,
Payızın ümidlə əli doluymuş.
Yaman gecikirdi payızlar onda,
Durna qatarıymış o qızlar onda.
Durnalar beləcə köçəsi imiş,
Payız da beləcə keçəsi imiş.
Gecənin bu vaxtı bir şair oğlan,
Beləcə əyləşib masa başında
Payızın dərdini çəkəsi imiş.
Əlli doqquz il yaşadı Ramiz Kərəm, üç şeir kitabı çapdan çıxdı. "Bütün sevdiklərim, unutduqlarım", "Mən sözdən asıldım", "Sərçə qanadında qurğuşun yükü". Təbii ki, şeir kitablarının çoxluğu, ya azlığı şairi tanımaq və sevmək üçün heç bir rol oynamır. Ramiz Kərəmin o üç kitabında toplanan şeirlərini oxuduqca fikir məni götürdü, niyə bu şairə sağlığında diqqət yetirməmişik? Doğrudur, mən vaxtilə "Bu Ramiz Kərəm - ancaq özünə oxşayan şair" adlı bir resenziya yazmışdım, amma yazı dərc edildikdən sonra hiss elədim ki, sözümü bitirə bilməmişəm. Ramiz Kərəmin şeirlərini təzədən oxudum, müasir şeirimizin bugünkü mənzərəsində onun doğrudan da, özünəməxsus yerini daha yetərincə anladım. Əlbəttə, adları eyni olan şairləri bir-birilə müqayisə eləməzlər. Deyim ki, Ramiz Kərəm nə Ramiz Rövşən, nə də Ramiz Qusarçaylı kimi məşhur deyildi. Amma o iki Ramiz kimi, bu Ramiz də tamam fərqli bir şair idi, başlıcası, o iki Ramiz kimi, bu Ramiz də İstedadlı idi.
"İstedad" kəlməsini işlətdim, dahi Füzulinin bu kəlamını xatırladım: "Ver sözə ehya ki..." Ramiz Kərəm Sözə dirilik verməyə, onu adilikdən qeyri-adiliyə aparmağa can atan şairlərdəndi və onun istedadı elə bu məqamda üzə çıxır.
Elə qeydlərimə də Ramiz Kərəmin Ramiz Rövşənə həsr elədiyi şeiri ilə başlamaq istəyirəm:
Mən beş-üç şairin badına getdim,
Tanrı ömrümüzə ömür calasın.
Niyə demədiniz Ramiz Kərəmə
Getsin bağ becərsin, bostan sulasın?
Nərdivan axtardım sözə çatmağa,
Niyə demədiniz, gedib azarsan?
Bir deyən olmadı sənlik deyil bu,
Birdən əlin çatar, şeir yazarsan.
Yenə bu dan üzü sözdən asıldım,
Keçdi kəndir kimi söz boğazıma.
Yenə bu ilgəyə verdim boynumu,
Əlimlə keçirdim öz boğazıma.
Çəkin aşağıdan nərdivanları,
Belə asılmağa həvəsim gəlir.
Söz adam öldürmür, adam dirildir,
Nə qədər yellənsəm, nəfəsim gəlir.
Bu şeir heç də qeyri-təvazödən, yalançı səmimiyyətdən doğmayıb, şairliyin necə əzablı günlər yaşatdığını yalnız şair olanlar bilər. Çünki "Söz adam öldürmür, adam dirildir".
Ramiz Kərəm nə yazırsa, nədən yazırsa, məhz Sözü diriltməyə, onu şeirə, şeiri də poeziya mənzilinə çatdırmağa can atırdı. Yox, Sözlə oyun oynamır, söz oyununa aludə olmur, sadəcə, qəlbində doğan duyğunun rəsmini çəkməyə çalışırdı.
Ədəbiyyata kənddən gələn "səksənincilər", əsasən, qoynundan ayrıldıqları məkanı, oradakı gözəl təbiəti, bir də sevdiklərini həsrətlə yad edirdilər. Ramiz Kərəm isə Kəndə və Təbiətə bir qədər fərqli tərzdə yanaşırdı. Məsələn, "Köhnə dəyirman" şeirində kəndin tamam dəyişdiyini, köhnə kişilərin sayının azaldığını, köhnə dəyirmanların xatirəyə çevrildiyini təəssüflə xatırlayırdı. Bir şeirində yazırdı: "Bir qərib daxmanın, tənha durnanın, Qəmli nəğməsinə bənzər nəğməmiz". O illərdə elmi-texniki tərəqqinin və xüsusilə, urbanizasiyanın təsiri kəndə və təbiətə də sirayət edirdi, ədəbiyyatda da kənd-şəhər problemi də bu yöndən irəli gəlirdi. Bunu Ramiz Kərəmin şeirlərində izləyək. Təsəvvür edin, kənddən şəhərə köç edən bir şair öz təbii stixiyasından, yəni malik olduğu o təbii duyğulardan - biçənək ətrindən, dağ, çəmən, bulaq, kol, bənövşə qoxusundan, çoban tütəyinin yanıqlı sədasından ayrılır, şəhərə üz tutur. Amma şəhər onu dəyişdirmir. Hərçənd ki, mənsub olduğu "səksənincilər" kimi, bir kasıb kişinin köhnə daxmasını, nehrə yağının yaxmasını, motal şorunun dürməyini şəhərin göydələnlərinə, bahalı, ya ucuz restoranlarından uca tutur, bütün varlığı ilə kənd adamı olduğuna inanırsa, burada qeyri-adi heç nə yox... Əgər "Ramiz Kərəm kimdir?" sualı verilsə, təxminən cavabı bu olar ki, təbiət və kənd stixiyasından ayrıla bilməyən, harada olsa, nə yazsa, dünyaya göydən ötən qərib durnaların, çoban oxumalarının, duyğulu kənd gecələrinin, boz torağayların, bağrı çatlayan atların, qızılgül koluyla dərdləşən oğlanın, saz havasının qəlbində oyatdığı duyğulardan boylanır. Hərçənd ki, qəribə səslənər, bir az yeseninvari ahəng... Narahat ruhun, özünü dərk etməyə və bununla da dünyanı dərk etməyə can atan bir şairin axtarışları.
Alma ağacıydım, sevə bilsəniz,
Qızıl almalarım tökülərdimi?
Yazın qış çağında, çiçək çağında
Quşlar budağımdan çəkilərdimi?
Sevə bilsəydiniz -
Yarpağım öpərdi əllərinizdən.
Ağ çiçək səpərdim başınız üstdən,
Ağca güllərimi sevəmmədiniz.
Amma mən Ramiz Kərəmin şeirlərini kənd və təbiət mövzusu ilə məhdudlaşdırmaq istəmirəm. Öncə qeyd etdim ki, R.Kərəm sözü diriltməyə, yəni özünəməxsus bir tərzdə onu şeirdə canlandırmağa səy edirdi. Baxın: "Kişilərin göz yaşı" şeirində:
Axıb gələr kişilərin göz yaşı
dərdi üzüm salxımına dönəndə.
Bu dünyada çəkdikləri nə varsa,
Ürəyindən gözlərinə enəndə.
Vətənin dərdlərindən çox şair söz deyib. Vətən və Dərd. Görün, Ramiz Kərəm onları necə mənalandırır:
Boyuna biçilib dərdin elə bil,
Heç yerdə tapılmaz bu yar-yaraşıq.
Vətən, sənin dərdin azalan deyil,
Sən dərdə aşiqsən, dərd sənə aşiq.
Sonuncu kitabında Ramiz Kərəmin həyat, ölüm, varlıq-yoxluq, keçilən ömür yolu ilə bağlı silsilə şeirləri diqqəti cəlb edir. Bu şeirlərdə keçmişli xatirələr unudulmur, Sənsizlik haqqında məlum şablonlardan imtina edir, sadəcə, onun rəsmini çəkir:
Sənsizliyin şəklidi
səhərlərin dumanı,
axşamların yağışı,
qürbətlərə yol ölçən,
durnaların nəğməsi,
qaranlıqda diksinən
bir quşun qanad səsi.
Sevgi şeirlərinə gəldikdə, Ramizin də gənclik sevgisi olub, yaşının əllisini keçəndə ürəyinin sevgi hücrəsində xatirə işıqları yanır-sönür. "Sizə getdiyimi hamı bilsə də, səni sevdiyimi bilmədi heç kim". "Çox sözü saxlaya bildim, Könlümün sirri kimi. Mən tanınmaq istəmədim, Sevgi şairi kimi". Köhnə sevgi məktubu bir gün əlinə keçir, amma "Qat kəssə də, bu kağızla Köhnə bir ah qayıtdı. Cırıb atmaq istəyirəm, uşaqlardan ayıbdı". Məncə, Ramizin sevgi şeirləri (istər cavanlığında, istərsə də, yaşlaşanda yazdıqları) payız fəslinə bənzəyir. Onun sevgi şeirlərində yağış yağır, külək əsir, Nə gözəl gecələr, nə xoş nəğmələr təzədən geriyə qaytarmaz məni... Mənim nağıllarım köhnəlib indi, İndi yağışlar da başqa cür yağır...) Amma bir də görürsən ki, onun sevgisi öz şəxsi, tək bir ürəyin payızından sıyrılıb çıxır, küləyi, yağışı qovur, yerə-göyə bülənd olur:
Bu yerə sevgimiz, göyə sevgimiz
Bir sarı sünbültək bitirir bizi.
Bir gün doğuluruq, bir gün ölürük -
Nə qədər yaşasaq, sevgi quluyuq,
Dünyaya sevgilər gətirir bizi.
Hətta çox şairlərin dad-fəğan etdikləri ayrılığa da əzab yağışları yağdırmır. Əslində o, sevgidən, şəxsi, intim duyğulardan deyil, sevginin ruha gətirdiyi gözəlliklərdən, insanı yaşadan və həm də onu daim nigarançılıq içində saxlayan hisslərdən yazır. "Əvvəli ümid, sonu aldanış olan" bir sevginin gözəlliyi nədədir? Sevən adam üçün ayrılıq da gözəlmiş, onda ki:
Gecələrə bir xatirə deyərsən,
Çiçəkləsə, budağını əyərsən,
Al bu dərdi, köynək kimi geyərsən,
Qazanc budu, bölə-bölə ayrılaq.
Bu yazıda Ramiz Kərəmin şeirlərindəki təşbehlərdən, metaforalardan, digər bədii təsvir vasitələrindən söz açmaq olardı. Amma misal gətirdiyimiz şeir parçalarından da hiss olundu ki, onun şeirlərində Sözü ehya eləmək missiyası poetik incəliklə nəzərə çarpır, xüsusilə, metaforik düşüncə tərzi bu şeirlərin canına hopub.
Son söz. Ramiz Kərəm bir şeirində yazmışdı: "Bu Vətən göyünə, isti torpağag. Demək istədiyim bir-iki söz var". Ramiz Kərəm o sözləri dedi, yazdı. Necə yaşadı o? Qoy, ruhu desin:
Bərəsində gözləyən var hər ovu,
Göz açmamış düşür ömrün qırovu,
Bir budaqda çimir aldıq bir hovur,
Quş gözündə yuxu kimi yaşadıq.
Ümidlərdə şallaq izi, qan izi,
Hər addımda ömür kəsir, can üzür,
Uzaqdakı çiçəklərdən dan üzü,
Meh gətirən qoxu kimi yaşadıq.
Ramiz Kərəm əlli yaşa üz tutub,
Yolu gedir, dağa-daşa üz tutub,
Axan suya, uçan quşa üz tutub,
Bir qəribin ahı kimi yaşadıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!