Adiliyin böyüklüyü - Müəllimim professor Firidun Hüseynovun xatirəsinə. Vaqif Sultanlı

 

Universitetdə oxuduğum illərdə bir çoxları kimi, mənim də müəllimim olmuş, iyirminci əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixindən mühazirələrini dinləmişdim. İndi aradan bunca zaman keçəndən sonra onun haqqında nə isə yazmaq, yaxud fikir söyləmək deyil, sadəcə, düşünmək belə istər-istəməz, həzin xatirələrə yol açır.

O, rus-sovet müstəmləkəçik rejiminin ən çətin illərində, "ağlın kölələşdirildiyi", "fərdlərin hamılaşdırıldığı", yalnız ədəbiyyatın deyil, bütünlüklə mənəviyyatın ideologiya ilə yönləndirildiyi cəmiyyətdə yaşamış, dönəmin acımasız şərtləri hüdudunda fəaliyyət göstərmişdir. Belə mürəkkəb dövrdə araşdırma obyektinin təkzibolunmaz ədəbi dəyərləri elmi axtarışlarına yön vermişdir. Bu səbəbdən yazılarında bir tərəfdən, ideologiyanın açıq təsiri duyulsa da, qarşı tərəfdən, milli düşüncənin müqaviməti özünü göstərməkdədir.

Bir neçə monoqrafiyanın, universitet dərsliyinin, klassik irslə bağlı xeyli sayda məqalənin müəllifi olan alimin araşdırmalarında Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa klassiklərin ədəbi irsi dəyərləndirilir. Onun araşdırmalarında daha çox, XX yüzilin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan ədəbiyyatı klassiklərinin bədii irsi və portret cizgilərinin yaradılışı ağırlıqlı görünür.

Kitablarından biri "Adi əhvalatlarda böyük həqiqətlər" adlanır. Rəmzi məna daşıyan  bu ad əslində onun bütün elmi yaradıcılığına şamil edilə bilər. Çünki o bir araşdırıcı kimi yaradıcılığı boyu "Molla Nəsrəddin" ədəbi məktəbinə mənsub olan yazarların qələmə aldığı, zahirən adi görünən əhvalatların dərinliyində yuvalanan böyük həqiqətləri aşkarlamağa, onların gizli mənalarını, metaforik anlamlarını çözməyə, ideya-estetik yönü ilə dəyərləndirməyə çalışmışdır.

Uzun illər araşdırma obyektinə çevirdiyi ədəbi şəxsiyyətlərinin yaradıcılıq üslubu təkcə yazılarına deyil, xarakterinə, nitqinə zərif bir yumor qatmışdı. Onunla ünsiyyətdə olanlar bəzən incə söylənilmiş fikrin arxasında gizlənən yumoru dərhal duymazdılar.

İmtahan zamanı tələbələrin birindən "Molla Nəsrəddin" dərgisində yayınlanan felyetonlardan hansıları oxuduğunu soruşanda tələbə cəmi iki əsərin adını çəkincə, təmkinini pozmadan: "Elə buna görə də iki alırsan", - deyə onun biliyini qiymətləndirmişdi.

Filologiya fakültəsinin dekanı olduğu zaman ədəbiyyatın metodikasından mühazirə oxuyan bir professorun dərsinə girərək əsas diqqətin elmə yönəldilməsinin vacibliyini vurğulamış, elm olarsa, müəllimin öz tədris üsulunu - fərdi metodunu yaradacağını bildirmişdi.

Müəllimlərini yüksək qiymətləndirər, bütün qazandıqları üçün onlara borclu olduğunu düşünər, özünü sadə tutardı. Səsini heç zaman qaldırmaz, kimsənin xətrinə dəyəcək bir söz söyləməzdi, lakin adını duyunca hər kəs özünü yığışdırardı.

O, yalnız Azərbaycan ədəbiyyatı tarixini araşdıran alim, klassik irsi sevərək tədris edən müəllim deyildi, milli kimliyinə sığınan, yaşadığı cəmiyyətdə baş verən mürəkkəb hadisələrə Mirzə Cəlil sayağı baxış sərgiləyən və bütün bunlarla yanaşı, insan olmağın örnəyini qoyub gedən, həyatın erkən müdrikləşdirdiyi bir şəxsiyyət idi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!