Məti OSMANOĞLU
Bakı Dövlət Universitetində (o vaxt Azərbaycan Dövlət Universiteti) təhsil alarkən, bizə XX əsr Azərbaycan ədəbiyyatı tarixi kursunu professor Firidun Hüseynov tədris edib. Ancaq ünsiyyətimiz ondan əvvəl yaranmışdı: biz ikinci kursda oxuyanda o, fakültəmizə dekan seçilmişdi. Fakültədə canlı ədəbi mühit yaratmağa, fəal tələbələri həmin mühitə cəlb etməyə xüsusi əhəmiyyət verirdi.
Firidun müəllimlə ünsiyyət zamanı onun "Molla Nəsrəddin" ədəbi məktəbinə, Cəlil Məmmədquluzadə yaradıcılığına fərqli rəğbəti təcrübəsiz ədəbiyyat həvəslilərinin belə diqqətindən yayınmırdı. "Molla Nəsrəddin", sanki düşüncələrinə, nitqinə, danışıq tərzinə hopmuşdu, mövzusundan asılı olmayaraq söhbətlərində məqamına salıb Mirzə Cəlildən yerinə düşən iqtibaslar gətirirdi.
Sonradan Firidun müəllimin mühazirələrini dinlədim, tədqiqatlarını oxudum, rəhbərlik elədiyi kafedranın əvvəl diplomçusu, sonra aspirantı oldum və yazdıqları ilə xarakteri, sözü ilə əməli arasındakı üzvi bütövlüyü daha yaxından gördüm.
F.Hüseynovun elmi araşdırmaları, əsasən, "Molla Nəsrəddin" ədəbi məktəbi ilə bağlıdır. Jurnalın fəal iştirakçılarından olan görkəmli şair və publisist Əli Nəzminin həyat və yaradıcılığının, eləcə də Cəlil Məmmədquluzadə nəsrinin fundamental araşdırmalarını aparıb, jurnalı təmsil edən şairlər haqqında maraqlı məqalələri nəşr olunub.
Əli Nəzminin həyat və yaradıcılığına həsr etdiyi ilk ciddi elmi tədqiqatı - namizədlik dissertasiyası ilə Firidun müəllim özünü ədəbi ictimaiyyətə, həm mətnlərə böyük sədaqət və diqqətlə yanaşan həssas bir mətnşünas, həm də bədii sözün təkamülünə obyektiv qiymət verməyi bacaran ədəbiyyat tarixçisi kimi təqdim etməyə nail olmuşdu.
Bunu vurğulamağı zəruri hesab edirəm ki, elmi fəaliyyət sahəsi ədəbiyyat tarixi olan F.Hüseynovun təhlil metodu sosioloji metoddur. 1930-cu illərdə SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da ədəbiyyatşünaslıq elmi üçün buxova çevrilən, sərt məhdudiyyətlər qoyan bu metod 1960-cı illərdən etibarən, fərqli səviyyə və mahiyyət qazanmışdı. Vaxtilə Avropa ədəbiyyatşünaslığında böyük hadisə olan mədəni-tarixi metodun əsas prinsipləri yenidən aktuallaşmışdı. Xüsusilə, ədəbiyyatın orijinallığını şərtləndirən başlıca sütunlardan biri - bədii sözdə milli kimliyin əks olunmasına, ədəbiyyatın toplumu millət səviyyəsinə yüksəldən ictimai hadisə kimi öyrənilməsinə diqqət güclənmişdi. Ədəbiyyatşünaslığımızı yeni səviyyəyə çatdıran, onun yeni dövrünü təmsil edən ciddi alimlər sırasında Firidun müəllimin də öz sözü, öz yeri, öz ünvanı var.
Heç təsadüfi deyil ki, Firidun müəllimin təhlilində millətin mənafeyi öndə gəlir, milli maraqlara xidmət böyüdülüb ön plana gətirilir. O, mətbu fəaliyyətə maarifçi ziyalı kimi başlayan Əli Nəzminin yaradıcılıq yolunu işıqlandırarkən;
Eylə bir dərdini məhsus - oyan, ay millət, oyan,
Etgilən halına əfsus - oyan, ay millət, oyan
- misralarını şairin yaradıcılığının leytmotivi kimi qiymətləndirmiş, təhlili də bu təməl üzərində aparmışdır. Bunu da vurğulamağa ehtiyac görürəm ki, Firidun müəllim Əli Nəzminin bu şerini o vaxta qədər nəşr olunmamış əlyazmaları içindən əldə etmişdi. Əli Nəzminin bu şeirindəki "oyan!" çağırışı indi dəbdə olan ədəbiyyatşünaslıq termini ilə desək, intertekstuallıq baxımından bədii yaddaşımızın dərinliklərindən - Nəsimidən gəlirdi:
Ey özündən bixəbər qafil, oyan!
Təbii ki, Nəsiminin nəzərdə tutduğu qəflət yuxusu ilə Əli Nəzmini dillənməyə məcbur edən qəflət yuxusu fərqli idi. Əli Nəzmininin dövründə, Nəcəf bəy Vəzirov demiş, şairin, yazıçının, fikir adamının "ən böyük təsəllisi millətə xidmət" idi. Ən gur şüarı "vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət!" olan Cəlil Məmmədquluzadənin ətrafındakı insanlar üçün millətin varlığını yaşadan onun dilidir. F.Hüseynov Əli Nəzmini "milli ədəbiyyat və dilimizin varlığı, saflığı uğrunda məfkurə döyüşlərində C.Məmmədquluzadənin ən yaxın silahdaşı, məsləkdaşı" adlandırır, öz fikrini əsaslandırmaq üçün şairin bu misralarına istinad edir:
"Dil" var ikən, gəlin, "lisan" deməyək,
Döndərib farscaya, "zəban" deməyək.
Hər kəsin var sözü, dili, ağızı,
Ağıza and içək, "dəhan" deməyək.
Ərəbi göndərək öz evlərinə,
Farsa "qal bizdə mehman" deməyək.
Bu fikrin də altından xətt çəkərək ayrıca vurğulamaqda fayda var ki, Firidun müəllimin millətçilik mövqeyi turançı türkçülük deyil, azərbaycançılıq ideologiyası ilə bağlıdır. Bu, sadəcə, tədqiq etdiyi şair və yazıçıların "tərəfini tutmaqla" bağlı olmayıb, onun bir alim və vətəndaş kimi, əqidəsindən irəli gələn məsələdir.
Onun elmi araşdırmalarında bədii ədəbiyyata ictimai gerçəkliyin, cəmiyyətin həyatının əks olunmasının başlıca vasitələrindən biri kimi yanaşılır. Bu yanaşmaya görə, bədii ədəbiyyat ictimai həyatda və cəmiyyətin məfkurəsində baş verən proseslərin xitabət kürsüsü, yazıçı sözü isə zamanın vicdan səsidir. O, bədii sözü zəmanənin ən mühüm siyasi və sosial hadisələri ilə, millətin tarixi ilə bir arada görməyə, bədii sözə zəmanənin güzgüsü kimi baxmağa üstünlük verirdi. Əslində bu yanaşma ilə onun tədqiqat obyektinin - "Molla Nəsrəddin" ədəbi məktəbinin tarixi missiyası arasında ayrılmaz bir bütövlük var. Jurnalın baş məqaləsində, Firidun müəllimin yazılarında və söhbətlərində tez-tez yada salmağı sevdiyi "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" müraciəti ilə başlayan proqram qeydlərində Mirzə Cəlil bunu açıq ifadə etmişdi: "Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz aynanı qabağınıza və diqqətlə baxınız camalınıza"...
Ədəbiyyatın ictimai həyatın aynası olması məsələsinin qoyuluşunun tarixi isə bir qədər əvvəldən, milli mətbuatımızın təməlindən - "Əkinçi" qəzetindən gəlirdi. Qəzetin aparıcı müəlliflərindən və Həsən bəy Zərdabinin məslək dostlarından olan Əhsənül-Qəvaid Seyid Əzim Şirvaniyə müraciətlə yazmışdı: "Mən ayinə kimiyəm, hər kəs məndə öz camalın görər"...
Seyid Əzim Şirvaninin qəzetə cavabı da filoloji baxımdan, bədii sözün təkamülünü izləmək nöqteyi-nəzərindən maraqlıdır. Maarifçiliyin hədəfində olan divan ədəbiyyatının mövqeyini və təəssübünü əldən verməməyə çalışan Seyid Əzim Əhsənül-Qəvaidə cavabında vurğulayırdı ki, şairlər də daşdır, daş dəyəndə ayna sınar:
Ey özün ayinə sanan rüsva,
Bunu da bil ki, səngdir şüəra;
Ehtiyat eylə, ey günü qarə,
Ayinə səngdən olur parə...
Bu, əslində, ictimai həyata güzgü tutmaq istəyində olan yeni düşüncə ilə "daşlaşmış" köhnə düşüncənin qarşıdurması idi və XX əsrin əvvəllərində milli varlığımızın üz-üzə gəldiyi tarixi zərurət həmin məsələnin köklü həllini tələb edirdi. Firidun müəllim elmi əsərlərində diqqəti bu tarixi zərurətin araya-ərsəyə gətirdiyi təkamül prosesinə yönəldib. Cəlil Məmmədquluzadə və onun Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev kimi məsləkdaşları, sadəcə, öz dövrünün ictimai gerçəklikləri ilə mübarizə aparmır, həm də bədii təfəkkürdə inqilabi dəyişikliklər edir, sözün yaxşı mənasında, milli psixologiyamıza təsir göstərirdilər...
F.Hüseynov Mirzə Cəlilin 1894-cü ildə qələmə aldığı "Danabaş kəndinin əhvalatları"nın "Bir yüngülvari müqəddimə"si ilə 1906-cı ildə "Molla Nəsrəddin"in birinci nömrəsində nəşr etdirdiyi "Sizi deyib gəlmişəm" arasında maraqlı paralellik müşahidə etmişdi. O, "Bir yüngülvari müqəddimə"ni ədibin "bütün yaradıcılığının əsası, məramı" adlandırmış, "Sizi deyib gəlmişəm"i isə ədibin publisistikası üçün proqram kimi müəyyənləşdirmişdi. Bu təsnifata başqa məna da vermək mümkündür: Cəlil Məmmədquluzadənin janrından asılı olmayaraq bütün yaradıcılığı, eləcə də publisistikası başlanğıcda müəyyənləşdirdiyi bədii-estetik bünövrə üzərində ucaldılıb. Ədibin özünün felyeton adlandırdığı miniatür əsərlərin əksəriyyəti isə indi fərqli bədii janrın nümunələri kimi qavranılmaqdadır. F.Hüseynovun bu iki mətni bir araya gətirməsi filoloji baxımdan perspektivli yanaşma idi və ciddi konseptual əhəmiyyət daşımaqdadır.
Firidun müəllim Cəlil Məmmədquluzadə nəsrində adi əhvalatların arxasındakı böyük həqiqətləri - xalqın həyatının, millətin taleyinin ayrı-ayrı lövhələrinin necə əks olunduğunu işıqlandırır, ədibin yaradıcılığının əhəmiyyətini oradakı böyük həqiqətlərdə görür, bədii əsərlərdə xalqın xarakterini, bu xarakterə xas olan təzadları oxumağa çalışırdı. Buna görə də onun elmi əsərlərində tarix bədii sözün işığında daha canlı görünür. Çünki tarixdən fərqli olaraq bədii əsərlərdə hadisələr deyil, zamanın ruhu, gözə görünməyən mənəvi dünyası əks etdirilir. Əli Nəzmi yaradıcılığının ictimai mühit və çalxalanan tarixi proseslər işığında təhlili gözümüz qarşısında zamanın daha əyani mənzərələrini canlandırır.
F.Hüseynov Cəlil Məmmədquluzadənin ədəbiyyat tariximizdəki yerini də ədibin bədii yaradıcılığının ictimai və tarixi dəyərlərinə görə müəyyənləşdirib: "XX əsrin əvvəllərində sənət və ədəbiyyatı xalq həyatı ilə, ictimai varlıqla qırılmaz tellərlə bağlayan ilk böyük ədib Mirzə Cəlil oldu". O, C.Məmmədquluzadənin əsərlərini xalqın mövqeyini ifadə edən "tribuna" kimi qiymətləndirərək, ədibin əsərlərindəki müasirlik ruhunu bu tribunanın ictimai və tarixi missiyası ilə əlaqələndirib.
F.Hüseynov tədqiq etdiyi sənətkarların yaradıcılığının sosioloji təhlilini apararkən, bədii sözün estetik mahiyyətini diqqətdən kənarda qoymurdu. Hər bir yazıçının yaradıcılığının ictimai əhəmiyyətini konkret əsərlərin bədii kamilliyi ilə vəhdətdə göstərirdi. O, Mirzə Cəlil yaradıcılığını haqlı olaraq öz dövrünün yeni estetik hadisəsi kimi qiymətləndirib. Bu, təkcə ədibin ictimai mövqeyi, xalqın mənəvi varlığına münasibəti, bədii yaradıcılıq metodu, üslubu ilə bağlı hadisə deyil. F.Hüseynov burada həlledici amilin Mirzə Cəlilin fərdi yaradıcılıq istedadı olduğu qənaətindədir. O, diqqəti Mirzə Cəlil yaradıcılığının genetik kodlarına yönəldərək yazır: "Onun üç əsas sələfi vardı: a) zəngin şifahi xalq ədəbiyyatı; b) realist yazılı milli ədəbiyyatımız; c) qabaqcıl rus və dünya ədəbiyyatı".
Sələf sözünə söykək olaraq vurğulamaq yerinə düşər ki, F.Hüseynovun öz yaradıcılığının təməli də Azərbaycan filologiyasının sağlam sütunlarına söykənir. Bu baxımdan, Mir Cəlalın elmi yaradıcılığı ilə F.Hüseynovun tədqiqatları arasında sələf-xələf varisliyi ayrıca qeyd edilməlidir.
İndi də universitetlərimizdə tədris edilən "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" onların birgə elmi yaradıcılıq əməkdaşlığının həmişəyaşar abidəsidir.
F.Hüseynov təhlil tərzində, ayrı-ayrı ədəbi faktları qiymətləndirməkdə də Mir Cəlal yaradıcılığına etibarlı varislik sədaqəti ilə yanaşıb. Xüsusilə, Cəlil Məmmədquluzadə hekayələrinin Mir Cəlal tərəfindən müəyyənləşdirilmiş struktur təsnifatına - əhvalat və portret hekayələrinə ayrılmasına əsaslanaraq, bədii sözümüzün yaşatdığı böyük həqiqətləri açmağa müvəffəq olub.
Həmin böyük həqiqətlərin başı üzərindən isə Azərbaycan filologiyasının görkəmli nümayəndəsi, mənim fəxr etdiyim müəllimim, professor Firidun Hüseynovun işıqlı portreti görünür...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!