Tehran ƏLİŞANOĞLU
Əli Əmirli (1948) yazıçı, dramaturq, ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimidir (2015). Çoxsaylı hekayə, povest, roman və pyeslərdən ibarət zəngin yaradıcılığı olan Əli Əmirlinin adı ilk növbədə Müstəqillik dövrünün yeni teatr dramaturgiyasını təmsil edənlər sırasında anılır və tanınır.
Əli Əmirlinin ədəbiyyata gəlişi 1971-ci ildən, "Azərbaycan" jurnalında (1971, № 8) çıxan "İrs", "Görüş", "Qağayı" adlı hekayələri ilə başlayır. 1970-1990-cı illər ərzində onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc olunur. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən çox hekayənin müəllifidir. "Bir qış günü (hekayələr)" (1977), "Yeddi hekayə" (1980), "İldırımötürən (povest)" (1983), "Axirətdən qabaq gəzinti (roman)" (1989), "Haram (roman və povest)" (1992), "Meydan (roman)" (1992), "Ölü doğan şəhər (roman)" (1999), "15 pyes (pyeslər)" (2006), "Hasarın o üzü (pyeslər)" (2010), "Ağdamda nəyim qaldı (avtobioqrafik roman)" (2019), "Pərdəsiz (pyeslər)" (2021) kitablarını çap etdirmişdir. Əli Əmirli 2000-ci ildə ədəbi uğurlarına görə "Humay İlahəsi" mükafatına layiq görülüb.
Əli Əmirlinin nəsri kəskin sosial yönümlüdür və bir nasir kimi uğurunu həyat fakturasına yaxından bələdliyi, cəmiyyətin ziddiyyət və problemlərinə həssaslığı və geniş ümumiləşdirmələrdə obraz ehtivası şərtləndirir. İlk hekayələrindən həyatın acı, maddi və mənəvi borc tərəflərinə diqqət çəkən yazıçı əsərlərində bir qayda olaraq problem qaldırır, problem "həll etmir". Sosial və mənəvi tarazlığın pozulduğu cəmiyyətdə məhz həllolunmaz problemlərə həssas olur. 1980-ci illərin dekadans havasını, "axirət" problematikasını, "ölü doğan" sindromunu aktual etiraz notlarında qələmə alan yazıçılardan biri də Əli Əmirlidir.
Povestlərinin hər biri qəhrəmanın içindəki "son partlayış"ı fiksə etməklə, rezonans verib "ildırım"ı bütünlükdə cəmiyyətə ötürür. Əli Əmirlinin prozası publisist vurğuya malik olub, yarandığı dövrə çox bağlıdır; tarixin rəqəmi xüsusi qabardılmasa da, fakturası, təfərrüatı, səbəbiyyət sırası özü zamanı və zəmanəni dürüst nişan verir. Belletrist keyfiyyətlər Əli Əmirli nəsrinin xeyrinə işləyir. Oxucu marağı hər hansı problem ətrafında təmərküz tapırkən, fonda mətləb daha dərinlərə gedir, altşüuru da bu qatlara çəkib aparır. Povestlərində konkret süjet səviyyəsində gerçəkləşən həmin ideya əsası yazıçının romanlarında ağırlaşaraq çoxsəsli düşüncəyə çevrilir. Heç təsadüfi deyil ki, sabiq sovet quruluşu çökərkən Əli Əmirlinin bilavasitə tarixi hadisələrin iziylə qələmə aldığı "Meydan" və "Ölü doğan şəhər" romanları bugün də müstəqilliyin ərəfəsi Azərbaycan cəmiyyətində baş verən toplumsal prosesləri canlı təsəvvür etmək üçün ən əyani bədii materiallardır.
"Meydan" romanı (1992) 1988-ci ilin noyabr-dekabr aylarında Qarabağ hadisələrinə etiraz niyyətilə xalqın geniş təbəqələrinin Azadlıq meydanına yürüş-mitinqindən mövzu alır. Konkret məkan anlamından başqa, "meydan" adı həm də metaforik məna kəsb edir, sovet ölkəsinin çökməsi ərəfəsində milli cəmiyyət həyatına, onun mənəvi durumuna, düşüncə-fikir və sosial spektrinə nəzər salmaq fürsəti verir. Müstəqillik hərəkatının qaynar içindən, hərəkatın dalana dirəndiyi bir zamanda qələmə alınması romanın aktuallığını qabardırdı. Təsadüfi deyil ki, elə həmin ildə əsər görkəmli rejissor Hüseynağa Atakişiyev tərəfindən Dövlət Gənclər Teatrında tamaşaya qoyuldu və pyes variantı meydana gəldi.
Əli Əmirlinin yaxın tarixin qaynar hadisələrindən bəhs açan daha bir - "Ölü doğan şəhər" romanı da önəmini saxlamaqdadır. Ötüb-keçən illərin ağır, ağrılı-acılı havasını özünə sızdıran, bu və ya digər qədər qoruyub-saxlayan roman, povest, hekayələr az deyil. Lakin bu sırada 1988-ci ildə erməni fitnəkarları tərəfindən törədilmiş bədnam Sumqayıt hadisələrini roman miqyasında əks etdirən yeganə əsər "Ölü doğan şəhər"dir. Yazıçı romanı 1991-ci ildə qələmə alsa da, çox gec, ilk dəfə "Azərbaycan" jurnalının 1997-ci il 11-12-ci sayında dərc etdirə bilmişdir.
Roman çox mürəkkəb, lakin ustalıqla hazırlanmış Sumqayıt hadisələrini problemləşdirərək, ümumən "ölü şəhər", "ölü cəmiyyət", "ölü mühit" sindromunun sillabo-anatomiyasını açmağa müvəffəq olur. "Ölü doğan" metaforası bütövlükdə son sovet dönəminin xarakteristikasını, mahiyyətini özündə qapsayır. Sumqayıt kimi sovet dövründə, sosializm quruculuğu entuziazmının nəticəsi olaraq yaranmış, eyni zamanda pozitiv pafosu ilə ədəbiyyatda da - şeirlər, poemalar, oçerklər, hekayələr, povestlər, romanlarda "beynəlmiləlçilik və gənclik şəhəri" kimi tərənnüm olunmuş məkanda erməni milliyyətçiliyinin qatı zəminində baş vermiş hadisələr özlüyündə metonimik və metaforik yük daşıyır və romana da məhz bu gücdə daxil olur.
Roman oxucunu faktura ilə alır, həm də bu zaman müəllif çox müxtəlif qism və xassəli materiyalara eyni səriştə ilə "girişə", baş vura bilir, ən müxtəlif qatlardan predmet, cism və mənzərələri eyni ustalıqla mətnə daxil və təsvir edir. "Ölü doğan şəhər" - həmin "şəhər materiyası"nın bilavasitə küçələrdən, meydanlardan, hündür borulu, göylərə zəhər dağıdan zavod və onun içərisində yalnız gərginlik istehsal edən sexlərdən; beşmərtəbələrin əyri-düz əhatələdiyi məhəllə və bu, ya digər mənzillərinə qonmuş ailələrdən keçən; tramvay yolu və avtobus dayanacaqlarında, bu və ya digər situasiya ətrafında dayanıb-duran, sürüşüb-gedən naturallığıdır. "Şəhər elə bil adını, eşidib qəfil çıxdı boz üfüqdən, - bir dəfə, romanın əvvəlində daxil olan bu məqam: - ... Uzaqdan görünən hündür, alçaq, qalın, nazik borular, islam şəhərlərindəki uca minarələrə oxşayırdılar..." - əsər boyu diqqətdə qalır. Həmin "bozluq" insanların içlərində, həyatından növbənöv mənzərələrdə, dilin-nitqin qabartdığı qatbaqat danışıq naturallığı, sırf məişət görüntülərində izlərini qoyur. "Bu şəhərdə hər kəsin öz ləhçəsi, danışıq şivəsi vardı. Gənclik şəhəri deyilən bu təzə şəhərin əhalisinin hamısı gəlmə idi..." - yazıçı əsərdə hər surətin öz "şəhər ədası" və davranışını tapmağa çalışır. Birbaşa "natura" romanın qurulmasında başlıca ünsür kimi çıxış edir. Şəhərin "havası"ndan çıxmış hər bir surət həm də onun timsalı kimi canlanır.
Bu zaman yazıçının seçdiyi təhkiyə nöqtəsi maraq doğurur. O gah hadisə və personajları ən yaxın məsafədən addımbaaddım izləyir, gah surətin içinə girib, onun nöqteyi-nəzərini əsərə daxil edir, gah da neytrallaşıb ümumi təsviri irəli aparır. Diqqət etdikdə ortaq məxrəc şəhərin üstündə asılıb qalan həmin "hava"nın özüdür: "Aləm toz-torpaq bürünsə də, pəncərə şüşələri sınıb tökülsə də, bu şəhərdə küləkli havanı xoşlayırdılar. Yalnız belə havada şəhərin zəqqum dadan, üfunət iyi verən zəhərli havası dağılır, təmizlənirdi." Təhkiyə əvvəlcədən bu acı havanın pozasını aldıqdan onu hər yerdə - surətlərin içində də, yan-yörəsində də axtarıb-tapır.
"Ölü doğan şəhər" konseptual olaraq problem-roman kimi düşünülmüşdür. Əsər 1988-ci il Sumqayıt hadisələrinin ərəfə anı ilə başlayır, ona doğru irəliləyir, ona gətirib çıxarır. Sumqayıt hadisələrini səbəblər əhatəsinə alır, nəticə olaraq "ölü doğan şəhər"in - ölkənin - cəmiyyətin labüd məhvini təcəssüm etdirir.
Əli Əmirlinin dramaturji yaradıcılığı 1990-cı illərdən başlayır. Bir-birinin ardınca yazdığı "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və s. pyesləri 1990-cı illər ərzində Azərbaycan paytaxtının teatr səhnələrində uğurla tamaşaya qoyulur. Zaman özü, sovet quruluşundan qopub müstəqil həyata keçidin ziddiyyətlərini yaşayan cəmiyyətdəki durum, ictimai-siyasi abhava yazıçının dramaturji istedadını üzə çıxardı. Xüsusən Dövlət Gənclər Teatrının baş rejissoru Hüseynağa Atakişiyevlə dramaturq Əli Əmirli arasında yaranan intensiv yaradıcılıq tandemi səmərəli olmuş, "keçid dövrü"nün rəngarəng mövzu və problematikası səhnədən eşidilərək, aktual bədii dərkini tapmışdır. Əli Əmirlinin özünəxas dramaturq üslubu, teatr poetikası da bu illərdə formalaşmışdır.
Çox tezliklə dramaturqun pyesləri "ictimai sifariş"ə cavab olaraq, Azərbaycanın əksər teatrlarında, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Komediya Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Gənclər Teatrında, habelə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Qazax, İrəvan, Mingəçevir, Qusar dövlət teatrlarında tamaşaya qoyulmuşdur. "Onun iki qabırğası" komediyası Tbilisidə, "Varlı qadın" pyesi isə Tacikistanda V.Mayakovski adına Dövlət Rus Dram Teatrında (rus dilində) və Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrında tacik dilində tamaşaya hazırlanmışdır. Vohidov teatrının tacik dilində hazırlanmış tamaşası Almaatada keçirilmiş Yaxın Şərq ölkələrinin II Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Elə həmin festivalda digər teatrların diqqətini cəlb edən "Varlı qadın" 2009-cu ildə Qırğızıstanın paytaxtında A.Umuraliyev adına Bişkek şəhər dram teatrında rus və qırğız dillərində tamaşaya qoyulmuşdur. Həmin əsər üzərində Qazaxıstanın yeni paytaxtı Astanada M.Qorki adına Rus Dövlət Dram Teatrında tamaşa hazırlanmışdır. Dramaturqun əsərləri rus, türk, tacik, qazax, qırğız və sair dillərə tərcümə olunmuşdur. Son illərdə Əli Əmirli rus ədəbiyyatının klassiki Lev Tolstoyun "Hacı Murad" povesti əsasında tarixi dram (2015) yazmış, Kalmık ədəbiyyatının klassiki Sanci Balıkovun əsərlərinin motivləri əsasında qələmə aldığı "Gözlə məni" tale dramı (2016) Kalmık Milli Teatrında səhnəyə qoyulmuşdur.
Əli Əmirlinin pyesləri əsasında hazırlanmış tamaşalar, o cümlədən "Onun iki qabırğası", "Yeddi məhbusə", "Köhnə ev", "İtkin ər və ya ufoloji ehtiraslar" dəfələrlə televiziya ilə nümayiş olunmuşdur. 1993-cü ildə yazdığı "Bala bəla sözündəndir?" komediyası əsasında çəkilmiş "Bala - başabəla" televiziya tamaşası (1995-ci il) Azərbaycan televiziyası (AzTV) və ölkənin digər televiziya kanalları ilə dəfələrlə göstərilmiş və böyük populyarlıq qazanmışdır.
Əli Əmirlinin dramaturji yaradıcılığı zamanla dialoqda daim artaraq, müstəqillik illəri səhnə sənətinin inkişafında mühüm rol oynamış, müasir Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Bütövlükdə 30-dan çox, o cümlədən "Ərizə" (1990), "Meydan" (1992), "Tiran və aktyor" (1992), "Ağqoyunlular və Qaraqoyunlular" (1993), "Bala bəla sözündəndir?" (1993), "Xoşbəxt gün" (1994), "İyirmi ildən sonra" (1995), "Onun iki qabırğası" (1996), "Yeddi məhbusə" (1996), "Köhnə ev" (1996), "İtkin ər və ya ufoloji ehtiraslar" (1997), "Varlı qadın" (1999), "Səhnədə məhəbbət" (1999), "Mesenat" (2001), "Kişi və qadın" (2003), "Sevən qadın" (2004), "Müqəddəs Valentin günü" (2004), "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" (2005), "Əli və Nino (Q. Səidin eyni adlı romanının motivləri əsasında)" (2006), "Ulduzların savaşı" (2007), "Yalan həyat" (2008), "Hasarın o üzü" (2008), "M.S.S. - mən səni sevirəm" (2009), "İki aktrisa üçün baş rol" (2011), "Premyera" (2013), "Ünvansız qatar" (2013), "Nuri-didə Ceyhun" (2016), "Ah, bu uzun sevda yolu" (2017), "Gözəllik imperiyası" (2018), "Sevgilim Sumqayıt" (2018), "Pərdəsiz" (2020) pyeslərinin müəllifi olan Əli Əmirli, "Bakı+İstambul=" (2010) 10 seriyalı telefilmin ssenarisini yazmış, eyni zamanda bir sıra aktual mənəvi mövzularda tele-verilişlərin müəllifi və aparıcısı kimi geniş tamaşaçı auditoriyası qazanmışdır.
Əli Əmirlinin səhnə uğurunun başlıca sirlərindən biri dövrün, "zəmanəmizin qəhrəmanı"nı vaxtında görüb, dürüst analiz və təsvir etməsi, tamaşaçı qarşısına çıxarmasıdır. Xalq kütlələri ayağa qalxıb milli toplumun haqqını tələb edərkən, öz fərdi maraqları içrə, maraqlarından ayrı "xoşbəxtlik" tanımayan, tanımaq istəməyən, mənəvi dəyərlərə qarşı tam a-sosiallaşmış tip ("Meydan"); fərdi salamatlığı naminə qız olmağa belə razılaşıb əsgər getməkdən yayınan tip ("Bala bəla sözündəndir?"); hər cür mənəvi ehkamlara qarşı soyuq və amansız olan pul cəmiyyətinin hərəkət qəhrəmanı ("Köhnə ev"); "namus məsələsi"nin qeyrət yükünü çəkən qadınlar ("Yeddi məhbusə"); kişi- qadın münasibətlərinin kəskinləşməsindən doğan yeni situasiya qəhrəmanları ("Kişi və qadın") və s.
Zamanın hər cür təlatümləri fərdin dünyasından, fərdi insan maraqlarından keçir və Əli Əmirli dramaturji istedadı ilə həmin "sınma məqamı"nı qeydə alaraq ustalıqla səhnədə hərəkətin mənbəyinə çevirə bilir. Teatrşünas Aydın Talıbzadə Əli Əmirli dramaturgiyasını hərtərəfli analiz edən sanballı məqaləsində (bax: Aydın Talıbzadə, Azərbaycanlıların müstəqillik sərgüzəştləri (kontent-analiz) -Tənqid.net, № 8, 2011, s. 119-139) onun dramaturji istedadının parlamasının mənbələrini nişan verir. Birincisi, "Əli Əmirli" adında və ünvanında özünü hiss elətdirən Cəfər Cabbarlı nəfəsidir, ikincisi dayısı aktyor olan Əli Əmirlinin teatr mühitində böyüməsi, uşaq yaşlarından H.Cavidin, C.Cabbarlının, S.Vurğunun, Ü.Hacıbəylinin, İ.Əfəndiyevin, B.Vahabzadənin, Anarın tamaşaları ilə boy artmasıdır. Ən nəhayət, Əli Əmirlini günün xronikasını yazan nasirdən kəskin gündəm konfliktlərini cızan dramaturqa çevirən zəmanə özüdür, müstəqillik abhavasının gəlib-gəlişməsidir: "Əli Əmirlini dramaturq eləyən Azərbaycanın müstəqilliyi, meydanda səslənən "azadlıq nitqləri", azərbaycanlıların küçələrə dağılmış passionar enerjisi, Qarabağın içində və çölündə gerçəkləşmiş siyasi-diplomatik oyunlar və onların Bakı əks-sədası, bu oyunlar ucbatından qırıla-qırıla, qaça-qaça, köçə-köçə şəhərə çatıb öz xoşbəxtliyi sorağında vurnuxan adi zavallı insanların sərgüzəştləri olub" (Aydın Talıbzadə, Azərbaycanlıların müstəqillik sərgüzəştləri (kontent-analiz) -Tənqid.net, № 8, 2011, s. 120).
Bütövlükdə Əli Əmirlinin pyeslərinin mövzu əhatəsi genişdir. Ətrafda cərəyan edən ictimai-siyasi hadisələrdən, müxtəlif zümrələrdən olan azərbaycanlı ailələrində baş verən məişət mövzularınacan və konkret fərdlərin, sosial aktuallanmış qəhrəmanların sevgi və həyat macəralarınacan. Amma bir qayda olaraq bütün pyeslərinin konflikti zamanın milli personajların, azərbaycanlıların həyatında oyatdığı isti nöqtələrdən keçir, bu həyatı qarşı-qarşıya gəlmiş iki mündəricəyə: ötüb-keçmiş, amma aydın konturları ilə hələ də diri, gerçək olan dünənə və durmadan gələn, həmlə edən, amma yönü-yöntəmi, müəyyənliyi, aqibəti bilinməyən bugünə ayırır. Adətən məişət zəminində başlayan konflikt səhnədə, tamaşaçının gözü qarşısında dərinləşdikcə bütün spektrləri ilə son məxrəcdə zamanın, cəmiyyətin təzadlarına, insan ziddiyyətlərinə aparıb-çıxarır. Odur ki, Əli Əmirlinin pyeslərində "müstəqillik illərinin çətinlikləri"ni izləmək olur.
Romanlarında olduğu kimi, Əli Əmirlinin pyeslərində də konkret problem qoyulur. Dramaturq məxsusi olaraq axtarmır, həssas yanaşma ilə gerçəklərin özündə olan problemi intriqanın mərkəzinə çəkir, açıq dramaturji deyişmənin, polemikanın predmetinə çevirir. Problem-situasiyaya düşmüş personajlar duruma münasibətdə görünür, xarakterlərini açırlar. Eyni zamanda dialoji çarpışmaların arxasından ictimai, mənəvi, psixoloji atmosfer görükür, düşünməyə sövq edir.
Əli Əmirlinin 1990-cı illərdə qələmə aldığı pyeslər əsasən komediya və melodram janrındadır. Janrı diktə edən qəhrəmanlarının qəfil düşdüyü problem-situasiya və dramaturqun hər şeyə rəğmən, müstəqillik havasının gətirdiyi üstünlüyə söykənən nikbinliyidir. "Yenidənqurma üslubunda ikihissəli subyektiv xronika" kimi yazılmış "Meydan" pyesində ictimai fon, qeyd olunduğu kimi, 1988-ci ilin meydan hadisələrinə işıq salır. Pyesdə problem-situasiya kimi çıxış edən Meydan özlüyündə milli toplumu zümrəvi ziddiyyətləri ilə tanımağa imkan verir. O cümlədən pyesin əsas qəhrəmanı Kürəkən bir zamanlar meşşan deyilən təbəqənin nümayəndəsi, "istehlakçı zümrə"nin yetirdiyidir. Yenidənqurma və aşkarlığın gülünc mənzərəsinin çılpaqlığı ilə üzə çıxardığı bu təbəqə pyesdə özü-özünü təqdim və ifşa edir. Amma hərəkətverici qüvvə heç də törəmə hadisə olan "meydan xronikası" deyil, Meydanın təhriki ilə qəhrəmanın daxili ziddiyyətlərinin "subyektiv xronikası"dır ki, aqibətini də məhz bu təyin edir. Qocanı maşını ilə vurub qaçan və pyes boyu növbəti ölümlərə bais olan qəhrəmanı günah hissi təqib edir. Amma o qədər ki, başdan-başa günahlara bulaşan qəhrəman öyrəşir, hətta yaşam tərzini həyat fəlsəfəsinə çevirir. Son halda günahlarının qurbanı olur; ictimai fon - meydan hadisələri günahlar içində boğulan cəmiyyətin aqibətini xəbər verir.
Cəmiyyətdə mənəvi tarazlığın pozulması Əli Əmirlinin "Bala - bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Yeddi məhbusə" pyeslərinin də hədəfində durur. Zaman başqa zamandır, müstəqilliyin verdiyi müjdələr çətin sınaqlar qarşısında durur. "Bərli-bəzəkli zəngin otaqlar"ın sakinləri İzzət Nəfislilər bu duruma hazır deyillər. Oğulları Cəmili cəbhəyə göndərməmək üçün qız cildinə salmağa belə razıdırlar. Sosial-mənəvi partlayış verən absurd situasiya komediya janrında, hətta açıq parodik-publisist qabartmalarla, gülüş və qəhqəhələrin müşayiəti ilə davam edir. Parodik məzmun bu pyesdə olduğu kimi, "Yeddi məhbusə"də də adlar vasitəsilə qrotesk həddə çatdırılır. Yeddi bacı: Tomris, Nüşabə, Nigar, Ərəbi, Həcər, Qüdrət, Şöhrət - bir zamanlar milli şərəf tarixi kimi səslənən adların daşıyıcıları məhbəsə düşür; mənasız bir səbəbdən - Şöhrətə vəd verib, sonra imtina edən birisini ölümcül hala saldıqlarına görə. Halbuki Şöhrətin əsl vurğunu və müddəisi bacılara keşik çəkən polisdir. Son halda sosial ədalətin qələbəsi ilə başa çatan komediya şən əhval-ruhiyyə yaradır. Pyes gərgin kataklizmlərin hökm sürdüyü cəmiyyətdə tamaşaçını pozitiv enerjiyə köklədiyindən böyük uğur qazanmış, "dəfələrlə Dövlət televiziyası ilə nümayiş olunmuşdur" (Əli Əmirli, 15 pyes. Bakı, "Öndər nəşriyyatı", 2006, s. 565).
Əli Əmirli komediyasının gülüş hədəflərindən biri də dünənə qədər kasıblığı, asket həyat tərzini kulta çevirmiş toplumun pul hərisliyi, pul cəmiyyətinə çevrilməsidir. "Varlı qadın", "Köhnə ev" pyeslərində həmin çevrilmənin anatomiyası göz qabağındadır. "İki hissəli ekssentrik qara komediya" kimi düşünülmüş "Varlı qadın" pyesi haqqında Aydın Talıbzadə yazır: "Komediyanın əməl partiturasının mərkəzində isə Cənab Pul dayanır. Cənab pul pyesin dünyasını və personajlarını başqalaşdırır, əvvəlki xarakterləri pozub əvəzinə yenilərini yazır, münasibətlər modusunu tamam fərqli bir dalğaya kökləyir. "Varlı qadın" da ailəiçi macəra komediyasıdır. Burada yaşanan vay şələküm-məəlləküm də elə pul üstündədir. Elə pul üstündə də o bundan, bu ondan imtina etməyə hazırdır, insanlığı tapdalamağa hazırdır, keçmişi unutmağa hazırdır, min cür sərgüzəşt və oyunlara qatılmağa hazırdır..." (Aydın Talıbzadə, Azərbaycanlıların müstəqillik sərgüzəştləri (kontent-analiz) -Tənqid.net, № 8, 2011, s. 136) Bu, pulun köhnə rituallar üzərində yaratdığı yeni mənzərələrdir: Həvvanın varlı bibisi xaricdə ölür, ona vərəsəlik payı ayırır, amma mərasimin şərti belədir ki, öz qövmündən olan birisinə ərə getməlidir. Köhnə evdə kim varsa, cəmisinin pul ətrafında ehtiraslarının hərəkətə gəlməsi, həyatlarını söküb yenidən qurması üçün bir işarə də bəsdir.
"Köhnə ev" "ikihissəli dramatik komediya"sında isə problem-situasiya "köhnə ev"in özünün sonuna çatması, pul mənzərələri qarşısında acizliyidir. Aydın Talıbzadə "Köhnə ev"lə A.P.Çexovun "Albalı bağı" pyesi arasında bağlılıq, bir allüziya görür. Bu, "köhnə"nin dağıldığı ərazilərin eyni xassəli olmasına işarədir. Həmin səbəbdən C.Məmmədquluzadənin "Anamın kitabı" və Anarın "Keçən ilin son gecəsi" pyeslərini də anıb, milli həyat mənzərələrinin daha böyük tarixi coğrafiyasını göz önünə gətirmək olar. İdeya planı və bədii niyyətin miqyası etibarilə yox, məhz "köhnə"nin əlacsız nostaljisi və "yeni"nin əbədi nigarançılığı baxımından.
Hər üç əsər kəskin zaman dəyişməsi və dünyanın çevrilib "kəllə-mayallaq aşdığı" keçid dövründən mövzu alır. "Anamın kitabı"nda Ananın nigarançılığı övladlar tərəfindən heç cür oxuna bilməyən Ata kitabının - Vətənin namüəyyən taleyidir. Doğrudan da, C.Məmmədquluzadənin öncəgörümlüyü yerini aldı, çox keçmədi ki, sovet dövründə milli Vətən kitabını axıracan oxumaq çətinləşdi. Hərçənd ki, "Keçən ilin son gecəsi"ndə özü gedib, yalnız sədası qalmış ata - neftçi Qəzənfər qurduğu quruluşdan çox, ailə dəyərlərinə, verdiyi tərbiyəyə arxayındır, övladların sabahı barədə Ana nigarançılığı Anarın pyesində də aktual olaraq qalır. Və budur, yenə yeni zamanlar gəlmiş, "Anamın kitab"ındakı idealdan uzaqlaşdıqca özgələşmiş, neftçi Qüdrət Qurbanoviçin sahib çıxdığı "köhnə ev" satılır. Bu dəfə ona sahib çıxan yeni cəmiyyətin yetirdiyi, "yetimxanada böyümüş", çevik, bacarıqlı biznesmen Sahibdir. O bir növ özgələşmiş "köhnə ev"i satın alıb, özəlləşdirir: "Zəhra: Bu zarafat deyil ki? Sən deməsən, öz dilindən eşitməsəm inanmaram. Özün de ki, bu yuxu deyil, biz öz evimizdən heç yana getmirik, qalırıq burda. Cana: Elədir, mama! Sahib bəy məni də alır, səni də, bu evi də, Melyanı da, lap elə Kamran bəyi də..."
"Köhnə ev", əlbəttə, "Anamın kitabı"nın tragikomik mündəricəsindən, "Keçən ilin son gecəsi"nin lirik-fəlsəfi notlarından uzaq, günün reallıqlarını fiksə edən şən komediyadır. Qüdrət Qurbanoviçin qızı, səhnə taleyi dünəndə qalmış Zəhra-Zara və eyni uğursuzluğa ürcah olmuş sevgilisi Kamran Qızılsəs gəlişən pul cəmiyyətinin təzyiqi ilə artıq toplumun mərkəzindən periferiyasına köçüb, Yasamalda-Yamasalda yaşamağa məhkumdurlar. Köhnə nəslin nümayəndələri Qüdrət Qurbanoviç və baldızı Mələk-Melya da ömrünü təzə cəmiyyətin onlara ayırdığı yerdə sürdürməyə məcburdurlar. Pyes "həppy end" - yeni cəmiyyətin təklif etdiyi rasional sevgi və ittifaqın qələbəsi ilə başa çatır. Amma son remarkalardan da göründüyü kimi, bu xoşbəxtlikdə "köhnə ev"in özündən gələn qəmgin notlar da var: "Cana ilə Sahib boşalmış otağı birgə dolaşırlar, amma onlar da sevincək deyillər".
Müstəqillik illəri ədəbiyyatının aktuallaşdırdığı mövzulardan daha biri kişi-qadın münasibətlərinin yeni mənzərəsi və problemə fərqli baxışdır. Bu məqam az qala Əli Əmirlinin bütün pyeslərindən, o cümlədən "Onun iki qabırğası", "İyirmi ildən sonra", "İtkin ər və ya ufoloji ehtiraslar", "Varlı qadın", "Kişi və qadın" pyeslərindən keçir. Problem-situasiya belədir ki, yeni tarixi şərait nəinki Azərbaycan kişisi və qadınının bütün potensial mental xüsusiyyətlərini üzə çıxardı, habelə onları qarşı-qarşıya qoydu. Yenə A.Talıbzadəyə isnad etsək: "Və bu məqamda Əli Əmirli üstünlüyü qadınlara verir: çünki onun kişi personajları adətən fağır, zavallı və məğlub durumdadırlar, zəifdirlər, köməksizdirlər; qadınları isə, əksinə, güclü, qıvraq, zirəkdirlər" (Aydın Talıbzadə, Azərbaycanlıların müstəqillik sərgüzəştləri (kontent-analiz) -Tənqid.net, № 8, 2011, s. 131) Yəni yaşanan durum, həyatın özü bunu görükdürür; Əli Əmirli problem qoymur, sadəcə mövcud problemə girir.
Qız bətnində körpəsini gəzdirsə də, bütün əməllərinin cəzası olaraq Kürəkəni zəhərləməklə qisas ritualını başa çatdırır ("Meydan"), ən ağır mental cəzanı ritualdan üz döndərmiş Azərbaycan kişisinə yeddi bacı verir ("Yeddi məhbusə"), "iki qabırğa"nın kişiyə necə baha başa gəldiyini göstərən də "Azadlığ"ın yetirdiyi bəhrələrdir ("Onun iki qabırğası"), ailəsini dolandıra bilməyən kişinin rədd edilməsi də hələ ritual daxilində - vəsiyyətə söykənir ("Varlı qadın"), bir aylığa ərini Səfirə dəyişib, sonra yenidən rituala qayıdan qadının "hünəri" artıq toplumda "kişi" institutunun iflasından xəbər verir ("İyirmi il sonra") və ən nəhayət, "Kişi və qadın" "iki hissəli epataj komediya"sında bütün mental kəskinliyi ilə kişi və qadın üz-üzə gəlir.
"Olum və ya ölüm?" - pyesdə Emma seçim qarşısındadır. Bütün ömrü boyu bir qadını sevən və yalnız qadınının ölümündən sonra eynən onun mücəssəminə - Emmaya vurulan Cəmilimi seçmək, yoxsa ömrü boyu onu aldatmış donjuan Əvəzi? Azadlığın bütün pozitiv-neqativləriylə aşkarladığı kişi mentallığı və eyni zamanda qadın həqiqəti sınaq qarşısındadır: "Doğrudan da, dünyada hər şey dəyişəndi. Nə etməli, kimi seçməli? Çətin məsələdir. Sevgi də yoxdu ki, ağlımızı üstələsin. Dünyasını dəyişmiş bir qadının kölgəsinəmi çevrilməli, yoxsa on beş il nəfəs dərmədən, zirvələr fəth eləmiş alpinistin qəhrəmanlıqlarına göz yumub dözməli?"
Bütün 1990-cı illər ərzində Əli Əmirlinin pyesləri milli toplumun ağır, həlli yollarını axtardığı çətin problemlərini fiksə edir, səhnəyə çıxarır. Amma bütövlükdə nikbin ovqatda, növbənöv gülüşlə süslənmiş komediya janrında. Janrın fəlsəfəsi kimi yozulan "bəşəriyyətin keçmişindən gülə-gülə ayrılmağı" məqamı milli cəmiyyətdə də öz yerini tapmışdı. Əli Əmirli pyeslərinin nikbin aurası müstəqilliyin alternativsizliyi şərtlərindən doğur və ölkənin müxtəlif teatrları ilə birgə cəmiyyət problemlərinin həlli, ictimai-mənəvi və mental kəsirlərin islahı yolunda yeni cəmiyyət quruculuğunun pafosunu ifadə edirdi.
Yeni əsrin gəlişi ilə Əli Əmirli tarixi mövzuya üz tutur və bu dəfə yaradıcılığında faciə tonallığı güclənir. Dramaturqu müasirliyini qazanmış toplumun tarixində sanki faciəvi məqamlar, qaranlıq səhifələr daha çox məşğul edir. "İki hissəli ailə dramı" kimi düşünülmüş "Mesenat" pyesi "Bakı milyonçusu, mesenat, həqiqi mülki müşavir", xalq arasında "millət atası" olaraq tanınan Hacı Zeynalabdin Tağıyevin həyatından mövzu alır. "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar" "iki hissəli tarixi dram"ı isə Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, S.Vurğun, Y.Səmədoğlu və b.-larından sonra çağımızda bir daha aktuallaşan Qacar probleminə üz tutur. Hər iki şəxsiyyətin millət tarixində yeri, rolu və habelə faciəvi taleyi ucbatından növbənöv təfsirləri mövzunu cəlbedici edir.
Modern dövrün yazarı kimi Əli Əmirlini, qəhrəmanlarının millət qarşısında xidmətindən çox, məhz fərdi insan taleyi, bir fərd olaraq bütöv həyatı bahasına özünü-təsdiqi, mücəssəm obrazı maraqlandırır. H.Z.Tağıyev fəhləlikdən milyonçuluğa qədər yüksəldiyi yolda büdrəməməyə çalışıb, millətin kasıbı ilə mərhəmətli, varlısıyla alicənab, dostu ilə dost, düşməni ilə düşmən olub; çar hökuməti ilə hökumətlik etməsə də, millət naminə hər zaman hökmünü də göstərə bilib. Əvəzində ad-san, xətir-hörmət qazanıb, ağıl və müdriklik mücəssəmi olub. Bütün bunlar obrazın görünən tərəfləridir, pyesdə də bu məqamlar hər kəsin dilindən düşmür, sanki səhnədə görünən personajların hər biri məhz həmin həqiqətləri xatırlatmaq, vurğulamaq üçün əsərdə yer alırlar. Hətta elə bil Hacının xoş əməllərinə etiraz tonallığında: "niyə etdin, əvəzi, səmərəsi nə oldu?" demək istəyirlər.
Pyesin intriqası da bu nöqtədən başlayır; Hacının başı üzərində qara buludlar görünür, əsərdə qəfil peyda olan falçı Hacının ailəsinin ağır-amansız aqibətini xəbər verir. Həmin psixoloji gərginlik üzərində davam edən hadisələrin tarixi-ictimai səbəbləri bəllidir; bolşeviklərin gəlişi ilə ümumən milli cəmiyyətin qara günləri başlayır. Amma dramaturq konflikti heç də məlum faktlara bağlamaq istəmir, faktların arxasında görünməyən, mistik səbəblər axtarır. O cümlədən Hacı Zeynalabdin də taleyin qaranlıq tərəfləri üzərində, ziddiyyətləri, günahları üzərində düşünür; axıracan geri çəkilmir, işıq onu tərk etmir.
Eyni problem-situasiyanı "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar" dramında da görürük. Səhnə Ağa Məhəmməd şahı zəfər yürüşünün zirvəsində haqlayır. Dövlət naminə, İran taxt-tacının bərqərar olması naminə o bütün qardaşlarını qılıncdan keçirmiş, şahlıq ləyaqətini təsdiq etmək üçün sevimli qardaşı Cəfərqulunu da qətlə yetirir və bir insan, fərd olaraq sarsılır. Pyes bu nöqtədən başlanır, axıracan şahlıq qürurundan dönməyən Qacarın eyni zamanda "qaranlıq tərəfləri"nə, insan olaraq əzablarına, hünər və qəhrəmanlıq vəcdlərinə, mənəvi ağrı və peşmanlıq duyğularına meydan verir: "Hər fəthdən sonra özümdən sual edirəm, niyə bu qədər qan tökdün, nəyin xatirinə? Axı bu qələbələr sənə ruhi sakitlik gətirmir. Mənim bir ilim də müharibəsiz ötmədi. Budurmu ömür, budurmu şahlıq?". Bütün həyatını Qacarların intiqamını almağa, təxti-səltənəti qurmağa nail olan, onu möhkəmləndirən Ağa Məhəmməd, bütün deyilənlərə rəğmən, rahatlığını şahlıq taxtında deyil, allahından istədiyi ucuz bir ölümdə tapır.
İnsan faciəsinin sirlərinə baş vuran hər iki tarixi əsər müasir səslənir, səhnəyə qoyularaq tamaşaçını düşündürə bilir. Ümumən, Əli Əmirli dramaturgiyasının tamaşaçı ilə ünsiyyəti müstəqil ölkənin, müstəqil cəmiyyətimizin tarixi boyu davam etmişdir. Hər zaman milli cəmiyyəti narahat edən problemlər üzərində düşünən dramaturq yeni əsərləri ilə tamaşaçının görüşünə tələsmişdir. Mənəvi-fəlsəfi problemlər barədə düşündürən "Hasarın o üzü" (2008), Dağlıq Qarabağ münaqişəsinə "yeni və fərqli yanaşma" sərgiləyən "Ünvansız qatar" (2013) pyesləri buna əyani sübutdur.
"Ünvansız qatar"da Azərbaycan cəmiyyətinin Xocalıdan sonrakı əlacsız durumu səhnəyə gəlir. Hadisələr müharibə rayonlarının (hər hansı) birində "Poyuz əyağı" deyilən kiçik dəmir yol dayanacağı və daha sonra qatarda cərəyan edir. Birinci Qarabağ savaşında məğlubiyyətin acıları, özünü-qoruma instinkti ilə kəndindən, ocağından, evindən-eşiyindən baş götürüb ellikcə və ayrı-ayrılıqda Bakıya can atan insanların pyes boyu irəli-geri getdisi bəlli olmayan qatara doluşması, aşırı xof, inamsızlıq, təşviş və şübhə mühiti; ictimai-siyasi, sosial, mənəvi, etnik, psixoloji, patriotik və məişət motivli növbənöv intriqalar fonunda insan səciyyələri, yaşanan, yarımçıq kəsilən, qırılan insan arzuları, ümidləri, taleləri... dövrün müdhiş mənzərələrini cızır və təkrarən yada gətirir. Əli Əmirli dramaturgiyası həmişə olduğu kimi problematik və metaforikdir; bir toplumun təkcə yerindən-yurdundan deyil, başlıcası özlüyündən, varlığından olub, başıpozuq "qaçqın kütləsi"nə dönməsi anını və təhlükəsini aktuallaşdırır. Metaforik "Azərbaycan qatarı" Qarabağ hadisələrinə gəlib-dirənib, sanki "ünvanı"nı itirmişdir. Pyesin finalının Allaha təvəkkül notunda, sanki sonluqsuz bitməsi də bu acı həqiqəti işarələyir: "Həlimə. Bəs biz nə etməliyik, Səriyyə xala, haqqın yoluna necə çıxmalıyıq? Səriyyə. Bu sualın cavabını mən də bilmirəm, qızım, çıxış yolunu tapana qədər də tapa bilməyəcəyik. Dua eləməliyik ki, Allah bizi haqq və həqiqət yoluna yönəltsin, qəzəbə düçar olanların və azanların yoluna yox... " (Əli Əmirli, Pərdəsiz. Pyeslər. Bakı, "Zərdabi Nəşr", 2021, s. 124) Sonda yalnız qəfil yağan gürşad yağış sabahın aydınlığına ümidlər oyadır və insanları sevindirir. "Ünvansız qatar"ın oxucu və tamaşaçılara ötürdüyü ağrılı mesajlar heç də ünvansız qalmamış, milli cəmiyyətin "haqq və həqiqət yoluna yönəlməsi"nə öz növbəsində töhfəsini vermişdir.
Əli Əmirlinin "Ağdamda nəyim qaldı?" (2015) avtobioqrafik romanı nasir qələminin son uğurunu təqdim edir. Yazıçının həyatının on yeddi ilini, uşaqlıq və ilk gənclik çağlarını əhatələyən roman, bədii-sənədli janrın gücü ilə həm də ötən əsrin ortalarının Qarabağını oxucuların gözü önündə canlandırır, "50-60 il öncənin Ağdamını, Qarabağını, bütövlükdə Azərbaycanını, insanlarımızın yaşantılarını", "təkrarsız Ağdam koloriti"ni (Rəşad Məcid, Ön söz əvəzi // Əli Əmirli, Ağdamda nəyim qaldı. Bakı,Qanun Nəşriyyatı, 2019, s. 4-5) qəlblərə köçürməyə nail olur. Bununla yazıçı həssaslığı sanki həm də az sonra Vətən müharibəsinin bizə gətirəcəyi labüd qələbənin intizarını cızır, onu tələsdirir, yaxınlaşdırmış olur. Roman "Azərbaycan" jurnalında (2015, № 10) ilk dərcindən sonra müsbət reaksiyalar doğurmuş, tənqidçilər tərəfindən "tərəddüdsüz bizim günlərin Azərbaycan nəsrinin uğurlarından" biri (Vilayət Quliyev), "zamanın bənzərsiz ədəbi hadisəsi" (Cahangir Məmmədli) kimi yüksək qiymətləndirilmiş, "525-ci qəzet"in səhifələrində təkrarən dərc olunmuş, haqqında yazılar yazılmışdır (bax: Əli Əmirli, Ağdamda nəyim qaldı. Bakı,Qanun Nəşriyyatı, 2019 kitabında: Cahangir Məmmədli, Mikrovətən ətrafında makro düşüncələr, s. 178-187; Təranə Vahid, Yaddaş güzgüsündəki keçmiş, s. 188-193; Mustafa Çəmənli, Keçmişə boylanmaq ehtiyacı, s. 194-202; Vüqar Tofiqli, O gün "Ağdamda nəyim qaldı?", s. 203-206)
Bənzərsiz istedad, coşqun ilham sahibi olan Əli Əmirli böyük yaradıcılıq enerjisi, hərtərəfli və zəngin fəaliyyəti ilə adını qürurla müstəqillik dövrü teatr və ədəbiyyat salnaməsinə yaza bilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!