Dan ulduzu - Rumın ədəbiyyatı və Mihay Emineskunun şeirləri Azərbaycan dilində - Səlim BABULLAOĞLU

Səlim BABULLAOĞLU

 

Rumındilli (Rumıniya və Moldova) ədəbiyyatın klassiki, görkəmli şair, "Avropanın sonuncu böyük romantiki" adlandırılan Mihay Emineskunun seçmə şeirlərinin toplandığı və məşhur "Dan ulduzu" poemasının da daxil edildiyi eyniadlı kitaba "Son söz"ün lap əvvəlində Emineskunun aid olduğu dövrdən bu yana, rumın ədəbiyyatının tarixinə qısa nəzər salmağı və bu ədəbiyyatın dilimizə tərcüməsi ilə bağlı bəzi məlumatları verməyi bir əsas səbəbdən doğru hesab edirik. Şeiri, poeziyanı təmsil etmək hüququ olan şairlər çoxdur və dünya xalqlarının ədəbiyyat tarixləri belə şair adları ilə zəngindir. Amma dili və xalqı təmsil etmək hüququ olan şairlər azdır. Çünki bütün böyük şairlər özündən əvvəlki ənənələrin, mənsub olduğu xalqın folklorunun kamil qəbuledicisi olmaqla yanaşı, həm də özündən keçirdiyi, yenilədiyi irsin sonrakı ədəbi nəsillərə ən yaxşı ötürücüləridirlər. Elə Eminesku kimi. Ona görə düşünürük ki, Mihay Emineskunun seçmə şeirlərinin toplandığı bu kitabda bir az da onun bayraqdarı olduğu ədəbiyyatın tarixi və dilimizə tərcüməsi ilə bağlı bəzi tədqiqatlara əsaslanaraq ümumiləşdirdiyimiz məlumatları oxuculara təqdim edək.

Bütün Avropa ədəbiyyatında olduğu kimi, rumın ədəbiyyatında da XIX əsrin, bu əsrdə baş verən ictimai-siyasi proseslərin sonrakı dövrə, növbəti əsrin ədəbiyyatına təyinedici təsiri olub. Hətta "XIX əsr olubsa, XX əsr nəyə gərəkdir?" kimi mübaliğə edənlər də tapılıb. Rumın ədəbiyyatında XIX əsrdə yazıb-yaratmış bir çox şair və yazıçılar XX yüzilliyin əvvəllərinə, bəziləri isə hətta əsrin ortalarına qədər yaradıcı fəaliyyətlərini davam etdiriblər. Əlbəttə, ədəbi qaydalar, tendensiyalar, inkişaf istiqamətləri məhz onların danılmaz təsiriylə müəyyənləşib, XX əsrdə isə fərqli növlər, üslublar, estetikalarla zənginləşib; bu ədəbiyyatın cəngavərləri sırasında G.Asaki, Momulyanu, V.Kırlova, E.Radulesku, G.Aleksandri, A.Mureşanu, D.Bolintinyanu, A.Pann, B.P.Haşdeu, N.Filimon, A.Doniç, K.Neqrussi, V.Aleksandri, İ.Slaviç, A.Vlaxuse, B.Delavrança, İ.Karacale, K.Sterenin, İ.Bratesku-Voyneşt, M.Sadovyanu, K.Xoqaş, J.Bart, İ.Minolesku, D.Bakoviya, D.Botez, Pillat, L.Rebryanu, T.Arqezi, D.Zamfiresku, İ.Barbu, L.Blaqa, E.Lovinesku, İ.Teodoryanu, K.Petresku, B.Fundoyanu, İ.Voronka, Ş.Roll, İ.Keluqeru, T.Saru, M.Yanku, E.Çoran, M.Vulkenesku, K.Noyka, D.Boteza, Q.Topırçanu, V.Eftimiu, M.Sorbula, A.Davila, K.Petresku, N.Stanesku, A.Blandiana, M.Dinesku, M.Soresku, D.Deşliu, Ş.A.Doynaş kimi yazıçı, şair, dramaturq, filosof və tənqidçilər, "milli şair və klassik" kimi xüsusi status almış Mihay Eminesku da var.

Bizim bu ədəbiyyatla fraqmentar tanışlığımız ötən əsrin ortalarından başlayıb; hərçənd tərsinə prosesin tarixi daha əvvələ gedib çıxır. Əsərləri dilimizə tərcümə edilən rumın ədiblərinin siyahısına həm xronologiya, həm də həcm nöqteyi-nəzərindən görkəmlı rumın ədibi Mihay Sadovyanu başçılıq edib. Onun "Hekayələr" (1951, 1964), "Mitrya Kokor" (1955) və "Möcüzəli palıdlıq" (1970) kitabları müxtəlif illərdə dilimizə çevrilərək nəşr edilib. Daha sonra İon Slaviçin "Dəfinə" kitabı (1959; İshaq İbrahimovun tərcüməsində), Barbu Delavrançanın "Hekayələr"i (1962), İon Kryangenin avtobioqrafik "Uşaqlıq xatirələri" (1964; İ.Yaqubovun tərcüməsində), Teodor Konstantinin "Gecəyarı ulduz axacaq" romanı (1968; A.Cəfərovun tərcüməsində), İon Beyeşu, Corce Beleitse, Nikolaye Velya, Aleku İvan Giliya, Ştefan Luka, Dumitru Radu Popesku, Marin Preda, Şetre Selkudeanu, Zaharia Stancu və Sorin Titel kimi yazıçıların hekayələrinin toplandığı "Antologiya" (1974; Ə.Qasımov, M.Mirkişiyev, C.Bağırov, A.Həsənov, N.Nağıyev və b. tərcüməsində), Vircil Teodereskunun "Ulduzlu torpaq" (1974; F.Məmmədovun tərcüməsində), Argezi, Bakovia, Lesnea, Beniuk, İsanos, Stanesku, Soresku və Blandiana kimi şairlərin şeirlərinin toplandığı "İnadkar sətirlər" antologiyası (1991), 33 rumın xalq nağılından ibarət "Pəhləvan Ageran" toplusu (S.Tahirova və H.Zeynalovanın tərcüməsində; 1988, 2001, 2005-ci və başqa illərdə bu topluya daxil edilmiş nağıllardan seçmələr fərqli nəşriyyatlar tərəfindən təkrar çap olunub), Anna Tudoraşın "Balaca noxudun nağılı" (1964), Anna və İojef Meliusun "Ağıllı Naye" (1972), Titel Konstantineskunun "Qız, günəş və leylək" (1972), O.Panku-Yaşanın "Dalğıc geyimi axtarıram" (1972), Yelena Behlerovanın "Şabalıdlar kölgəsində ev"(1977), Viktor Vantunun "Nitsu Penitse kimdir?", Mirçya Sıntimbryanunun "Mənim dostlarım" kitabları nəşr olunub, qəzet və jurnallarımızda XX əsrin ortalarından bəri Mayoresku, Tiberiu, Bauryanu, Deşliu, Benyuk, Ovidiu, Karacale, Kor, Teodoresku, Utan, Blandiana, Velea kimi şair və yazıçıların əsərləri (N.Həsənzadə, A.Abdulla, R.Əliyev və b. tərcüməsində) dərc edilib. Eləcə də bir çox rumın yazıçı və şairlərinin müxtəlif qəzet və jurnallarda ("Ədəbiyyat və incəsənət", "Sovet kəndi", "Kommunist", "Azərbaycan pioneri" qəzetləri, "Ulduz", "Azərbaycan", "Gənclik" jurnalları və digər nəşrlərdə) çap olunmuş əsərləri var ki, ara-sıra görünən bu cür onlarla rumın ədəbiyyatı nümunəsi, təəssüf ki, toplu halına salınmayıb.

Yaşadığımız əsrin əvvəllərindən etibarən, rumındilli ədəbiyyatın tərcüməsi və nəşri işi davam edib ki, bu sırada ilk olaraq, Mihay Emineskunun "Ulduzlardan pay istərəm" şeirlər toplusu (2001; F.Hacıyevanın tərcüməsində), rumın yazıçılarının hekayələrindən ibarət "İlk məktub" antologiyası (2002; G.Yoloğlunun tərcüməsində: antologiyaya Mihay Eminesku, Ejen Urikaru, Aurel Draqoş Muntyanu, Akay, İon Ariyeşanu, Emin Atilla, Nevzat Yusif Sarıgöl və Vircil İyerunkanın əsərləri daxil edilib), Karolina İlikanın "Qızılgül sonetləri" (2010; E.İsgəndərzadə və A.Hüseynovanın tərcüməsində), Lananın "Gözəllik düşüncələri" (2011; yenə E.İsgəndərzadə və A.Hüseynovanın tərcüməsində) dərc edilib. Bu dövrdə də "Azərbaycan", "Ulduz" jurnalları, "Kaspi", "Ədəbiyyat qəzeti" və "525-ci qəzet"də müxtəlif rumın şairlərindən seçmələr dərc edilib.

Rumındilli ədəbiyyatın dilimizə tərcüməsi ilə bağlı son əsaslı işlər, hələlik, axırıncı beş ilə aiddir. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin tanınmış tərcüməçi və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin redaktorluğu ilə nəşr edilən "Dünya ədəbiyyatı" dərgisinin 2017-ci ildə Moldova ədəbiyyatına, 2022-ci ildə isə Rumıniya ədəbiyyatına həsr olunmuş xüsusi sayları hazırlanıb. Birincidə İqor Volnitski, Todur Zanet və Aleksandru Vakulovskinin romanlarından parçalar, Boris Marian, Nikolae Spetaru, Yulian Çokan, Nikolae Rusu, Miroslava Metlyayeva, Lukretsiya Birledyanu, Qriqore Kiper, Anatol Moraru, Andrey Burak, Mariya Pilkin, Klaudiya Partole, Nikolae Popa, Sergey Uzun, Yekaterina Burlak, Vladimir Lorçenkov, Emilian Qalayku-Paun, Vladimir Beşleaqa, Mixaela Perçun, Moni Stanila, Dumitru Krudu, Liliana Armaşu və Vlad Zbırçoqun hekayələri və esseləri, Arkadie Suçevyanu, İon Hadırke, Mariya Pilkin, İvan Pilkin, Raisa Sıbırne, Valeriu Matey, Kelina Trifan, Leo Butnaru, Vasile Romançuk, Teo Kiriak, İrina Nekit, Maria Slyahtitski, Radmila Popoviç, Mila Kurudimova, Liliana Armaşunun şeirləri yer alıb. Əsərlər Səlim Babullaoğlu, Azad Yaşar, Elçin Hüseynbəyli, Cavanşir Yusifli, Məqsəd Nur, Qismət, İlahə Əkbər, Həmid Piriyev, Pərviz Yusif, Şəfiqə Şəfa, Jalə İsmayıl, Rəbiqə Nazimqızı, Səbuhi Şahmursoy, Cavid, Pakizə Zakirova və Gülzar kimi tərcüməçilərin çevirisində (əsasən, rus dilindən olmaqla, eyni zamanda qismən rumın dilindən) təqdim edilib.

 

(Davamı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!