"Bəzi dərdlər faydalıdır.
Öncə üzər, sonra öyrədər,
daha sonra sevindirər..."
İnsan öz-özündən uzaq düşə bilər, hətta insanın ayrılıb özündən çıxmışlığı da olur, Allah eləməmiş, sadəcə, intihar yox, öz-özünü öldürmüşlüyü də. Sözümün canı bu deyil əslində. Bu yerdə axtardığım Sözü qovuram ki, təngnəfəs olsun, ləngisin, mən də ona çata bilim.
Mətləbə yaxınlaşıram. Onu, yəni haqqında söz açacağım söz adamını deyirəm, onun qədər olmasa da, onun esselərinə bənzəyən essevari nəsə uydururam, özümdən bu yerdə:
"Adam kimi adamdı. Unikallığı da var. Danışdıranda hiss etdirir. Müsahibini özü seçir. Daha hər adama baş qoşmur. Vaxtını fövtə vermir daha. Gözəl analizetmə bacarığı var, sanki gözlərində rentgen gizlədib, kimə baxsa, rentgenini qoşur beyninin enerjisinə, cavab kartı dilinin altında yüklənir. Danışsa, qan eləyər. Danışmır, dedim axı, vaxtını fövtə vermir. Qələmi əlinə alıb özüyçün yazır. Şeirə əziyyət vermir belə yerdə. Daha çox esselərə baş vurur, esse yazılarında bir başqa sarkazm da olur. Olmasa, olmazlarındandır. Bir az şirinlik və doğmalıq da qoşur gözünə, olur, əməlli-başlı təxəyyül yazısı. Güzgü yazı..."
Dünyanın dərdini şairlər qədər siyasətçilər də çəksəydi, qan su yerinə axmazdı, əksinə, bu dünyada din, dil, irq ayrı-seçkiliyi olmazdı...
İnsan hara getsə, özünü də çəkib ora aparır. Amma hər qoyub getdiyi yerdə özündən bir parça qoyur və beləcə hər dəfə də özündən bir daha parça itirir. İnsan, əslində, qazandıqlarını da bir gün beləcə itirə-itirə gedir. Fərqi ondadır ki, hansısa yaşa qədər qazanırsan və yaşının müəyyən bir həddindən sonra da başlayırsan, bir-bir itirməyə. Əsas odur ki, qazandığın yaşın illəri, itirdiyin yaşın illərindən daha çox olsun! Əminliklə deyə bilərəm ki, qəhrəmanımın qazandığı illərin yaşı daha çoxdur. O, 70 yaşında da qazananlardandır, onun qazandıqları isə yaxşı Şeirlərdir. Onlardan biri, lap elə birincisi, qəlbə toxunaqlı "Babamın evinin daşı"dır. Şeir müəllifin bu günəcən yaradıcılığı ilə kərpic-kərpic ucaltdığı Söz qalasına yapdığı əsl nəfəslik kimidir:
Usta, ehmal tərpən, xətrinə dəymə,
Qoy, qaytar yerinə, olma ha, naşı.
Divara tarazla, zərrəcə əymə,
İnciyər babamın evinin daşı.
Və ya
Diz çöküb, yalvarıb-yaxarsam, görən,
Keçər günahımdan, bağışlar məni?
Qaytar qoy yerinə, ay divar hörən,
Azaldım özümə sonsuz tənəni.
"Babamın evinin daşı"
Bu şeirlə sizi baş-başa buraxıram və burda da qaçıram mətləbdən. Əslində təkcə elə bu şeirə dünyanın sözünü yazmaq olar. Qoy onu mən yazmayıb, elə həmin şeirin bir oxucusu kimi məftununa çevrilib qalım. Çünki, bilirəm ki, o şeirin vurğunları çox olacaq. Və hər biri də həmin şeiri özü üçün bir başqa yöndən kəşf edəcək. Əsas odur ki, müəllif oxucuya ən gözəl duyğuları yaşada biləcək poeziya nümunəsi yarada bilib...
...Aha. İndi isə, onun haqqında yazdığım essedən daha bir parçanı qələmə alıram:
"Bir dəfə, elə bu yaxınlarda söhbətimiz əsnasında, mənə sual edir: - Bakıdan kimi istəyirsən, dəvət edim? - Cavabım qəfil olsa da, qəti olur, deyirəm: - Heç kimi!..
Sual edir: - Niyə?.. "Bilmirəm!" - deyirəm, həqiqətən də, bilmirəmmi?
Araya sükut çökür, düşünürəm, "yəqin xətrinə dəydim". Sonra qəfil cavabımı araşdırıram özlüyümdə. Özümə haqq qazandırmaq istəyirəm bəlkə də. Ürəklənirəm. Düz dedim, içimdən gəldiyi kimi dedim. Bu vaxta qədər "böyük şəhərlərdən" nə qədər qonağı olub müsahibimin. Onları gözəl qarşılayıb, gözəl də yaradıcılıq gecələrini keçirib. Üstəlik, məktəblilərin də iştirakını lazımınca təmin edib, onlara ədəbiyyatı beləcə sevdirdiyini düşünüb. Bunu bacarıb da.
Gözəl pedaqoq, əsl təşkilatçı, şah Sözün layiqli keşikçisi... Bu il 70 yaşı olacaq, baş kənddən qonaq çağırmaq nəyinə lazım, indi onun özünü Sözün taxtına çıxarıb taclandırmaq gərək. Bu dəfə də belə olsun! Ürəyincə bir məclis qurulsa, isti, doğma, özünü, insanlığını sevdikləri, qələmini dəyərləndirdikləri yığılsın bir araya, elə onun özünü qonaq aparsın. Bu dəfə də onun pişvazına çıxsınlar, sazlı-sözlü bir gecə olsun, olsun, olsun, olsun!.. Olmazlar olsun".
Amma o neyləmək istəyir? Hətta 70 illiyinin astanasında da "yazar qonaq" axtarışına çıxıb. Dəvət edəcəyi qonağının da hamının ürəyincə olmasını istəyir. Belə yerdə nə deyiblər? - "Belə adamdan qarışqaya da zərər dəyməz". Hələ üstəlik, belə adam bir Söz adamı ola, həmin Sözün etibarlı təəssübkeşi ola. Necə? Bax, belə!
Yanındayam güllələnmiş heykəllərin,
Seyr edirəm, qəlb ağrımla hər birini.
Kökslərində yaraları necə dərin,
Hardan bilsin yağı, dahi dəyərini?!
"Heykəllərin günahı nə?"
Daha biri:
Həsrətiylə sinəmə dağdı Vətən ayrılığı,
Uzun illər beləcə, dərdlə ötən ayrılığı,
Şükür, Allaha, hamı gördü bitən ayrılığı.
Saysız istəklərimə kamımı aldım Şuşada,
Öz gözümdə elə bil xeyli ucaldım Şuşada.
"Şuşada"
Bu il, 2023-cü ildə... 70 yaşına bir bayram hədiyyəsi gəlmişdi Tanrıdan. Şuşaya getmişdi, hətta Şuşaya getmişdik. "Vaqif" Poeziya günləri çərçivəsində yol yoldaşı olmuşduq... Bəli, daha nə olacaqdı ki? Dostluqdan, qardaşlıqdan irəli, yol yoldaşlığımız da olmuşdu və çox da gözəl təəssüratlarla dönmüşdük Şuşamızdan...(bu yerdə gülümsünürəm) İkimizin yaradıcılığında da şeirlənmişdi o günlər.
...Gəlirik əsas mətləbə. Şairlərin kövrək dünyasına:
Tənhalıq hissini köksündən qopar,
Hünərim yetər ki, yaşadam səni.
Qəlbini almağa təbim yol tapar,
Şeirimdə eylərəm baş adam səni.
"Tənhalıq"
Onun "baş adamı" da bir müəmma, tilsim, hələ yer üzünə göndərilməyən mələkdir... Bircə onu deyə bilərəm ki, şairin bəxti onda gətirib ki, ömrünün bütün dönəmlərində yazdığı şeirlərin bir "baş adamı" var. Həmişə onu dindirib danışdırır, sual verib, cavab alır, hərdən sükuta qurban verir, hərdən də, hay-harayla qarşılayıb yola salır. Şair öz "baş adamı"na xəyanət etmir, ondan usanmır, bezmir, yorulmur, uzaqlaşmır. Yer Günəşin başına fırlanan kimi, o da öz qəhrəmanının başına fırlanır.
Nəhayət, mətləbə vardım, kitabları qarşımdadır. Kitablarının adları da bir başqa poeziyadır.
Biri, "İlk sözü"dür, biri, "Ömür adlı pay".
Biri, "Ürəyinin sifarişi"dir, biri, "Səsi, ünü, harayı".
Biri, "İnsanlıq öyrədən elmdir", biri, "Yaxşılar azalmasın".
Biri, bu "Dünyanın zərrəsi"dir, biri, "Təkcə haqq deyib yaşadı"ğı.
Biri, "Gələcəyə, sabaha ümid"dir, biri, "Etiraf".
Biri, "Dünyamıza sözü"dür, biri, "Varım, dövlətim".
Biri, "Şairlərin olmayan sirri"dir, biri, "Məni ürəyimlə burax baş-başa"sı.
Biri, "Otuz il, qırx dörd gün"dür, biri, "Zəfərə aparan inam"ı.
Və daha nələr... daha nələr...
70 yaşının qədəmi mübarək, şair!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!