Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabını yeni tərtibatda çap etmişdir. Kitaba ön sözü tənqidçi-ədəbiyyatşünas, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova yazmışdır. Həmin ön sözü təqdim edirik.
Elnarə AKİMOVA
Fin dilşünası Elias Lenort XIX əsrdə qədim karel-fin nəğmə və rəvayətlərini epos modelində uyğunlaşdırıb epik mətnin bütövlüyünü yaratmışdı. "Kalevala" adlanan bu epos arxaik folklor formalarının birləşməsindən yarandı. Fin oxucusu, fin insanı da "Kalevala" qəhrəmanlarının, orada söylənən hadisələrin gerçək varlığına inandı. Niyə? Çünki bu eposla xalq öz qutsal dəyərlərinə qayıtdı. Hər bir xalqın öz keçmişi, yaddaşı, qəhrəmanlıq tarixi ilə ünsiyyət yaratmağın yolu epos, folklor estetikasından keçir. Çünki folklor, epos xalqın təşəkkül tarixi ilə bağlıdır, millətə özgüvənlik ruhunu, mifik keçmişlə bağlantı əminliyini təlqin edir. Bu mənada, Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabı xalqın öz ana dili, soy kökü, baba yazısı ilə qurduğu mənəvi-ruhsal rabitə kimi dəyərlidir.
Firidun bəy Köçərli haqqında ən gözəl təyinlərdən birini görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayev vermişdir: "Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür", - deyə onun ədəbiyyat tarixçiliyi istiqamətində gördüyü misilsiz xidmətin aliliyinə işarə etmişdir. Eyni qənaəti onun "Balalara hədiyyə" kitabı haqqında da səsləndirmək mümkündür.
Azərbaycan folklorunun ilk antologiyası olan "Balalara hədiyyə" kitabının fikir həyatımızda rolunu necə səciyyələndirmək olar? Bu kitab ilk növbədə, yazıya inam, yaddaşa xidmət işidir. Bunun belə olduğunu müəllif özü də kitaba yazdığı kiçik izahında qeyd etməyi unutmamışdır: "Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələrdən bu məcmuəni tərtib qıldıq ki, onlar unudulub xatirələrdən çıxmasın". Amma bu kitab həm də Firidun bəy Köçərlinin hekayəsidir. Bəli, bütün böyük əməllərin əsasında azad, böyük fikirlər dayanır. O fikirləri reallaşdırmaq əzmi, həyata keçirmək yolunda hekayə yaradacaq insanların müqavimət hissi dayanır. "Balalara hədiyyə" də belə bir müqavimətin bəhrəsidir. XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçilik dalğasının formalaşmasında xidməti (hekayəti!) olan insanların - M.F.Axundzadə, S.Ə.Şirvani, S.Vəlibəyov, H.Qaradağski, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə, M.T.Sidqi, A.Şaiq, A.Səhhət, S.S.Axundov, M.Ə.Sabir və digərlərinin qüdrəti sayəsində uşaqlarımıza "Vətən dili"ndə xitab olundu. Dilçi alimimiz Tofiq Hacıyev yazır ki, "bizim bu gün işlətdiyimiz ədəbi dil norması "Vətən dili"nin və onun yolunu gedən XX əsrin əvvəllərindəki dərsliklərin dil normasının üstündə durur". Qürurverici faktdır. Bu şərəfli tarix bizim uşaq ədəbiyyatımızın layiqli simalarının zamanında sərgiləmiş olduğu milli ruh və idrak təəssübkeşliyinə bağlıdır. Həmin illərdə milli aydınlar maarifi, oxumağın faydasını, elmlə ucalmağın zərurətini israrla ifadə edən mətnlərlə çıxış etmiş, bunu konseptual olaraq yaradıcılıqlarının amalına çevirmişlər: "Elmin izzəti payidar olur, / Cəhlin nikbəti canşikar olur, / Hər kəs elm oxur, bəxtiyar olur, / Millət elmlə, bərqərar olur" (M.Ə.Sabir).
Bu gün Azərbaycan dövlətçiliyinin əsasında azərbaycançılıq məfkurəsinin dayandığı məlumdur. Uşaq ədəbiyyatında azərbaycançılıq amilinin intişar dövrü də ötən iki əsrə sirayət edir. XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana çıxan nümunələr bunun ilk cəhdi, nümunəsi kimi maraqlıdır. O zaman Səid Ünsizadə, Seyid Əzim Şirvani, Firidun bəy Köçərli uşaqların yaş və bilik səviyyəsinə, maraq dünyalarına uyğun əsərlər yaratmağı mühüm vəzifə kimi irəli sürməklə bahəm bir məsələnin də vacibliyini vurğulayırdılar: uşaqlar üçün yazılan bədii əsərlər ana dillərində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, milli xüsusiyyətləri və anlama qabiliyyətləri nəzərdə tutulmalıdır. Uşaqlar üçün yazılmış əsərlərin süjeti sadə, dili aydın və xəlqi olmalıdır ki, bağça və məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövqlərinin və dünyagörüşlərinin inkişafına kömək etsin. Bu məram və əqidə bütövlüyü ümumən XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaradan ədiblərimizin, milli münəvvərlərimizin məfkurələrinin adı idi.
O zaman meydanda olan - Xaqani Şirvani, Nizami Gəncəvi, Sədi Şirazi kimi sənətkarların əsərləri, yaxud klassik mətnlərimizdən olan "Gülüstan", "Bustan", "Leyli və Məcnun" və s. kitabların heç biri Azərbaycan dilində deyildi. Bu əsərlərdə uşaq dünyası, onların yaş psixologiyası nəzərə alınmamışdı. Bu mənada, ziyalıların narahatlığı səbəbsiz deyildi. Məktəbin, maarifin faydasını anlatmaq, uşaqları oxumağa vərdiş etdirmək, mövhumat zəncirini elmin açarı ilə qırmaq əzminə inam hissi önə keçmişdir. XIX əsrin ortaları idi. Hələ meydanda milli şüurdan, milli tərəqqidən, milli düşüncədən söhbət belə getmirdi, amma əvəzində buna aparan ağır yolun yolçuluğu başlanmışdı. Elə bir dövr gəlmişdi ki, ziyalılar Azərbaycanda maarif və məktəb şəbəkəsinin genişləndirilməsinin, xalqın savadlanmasının vacibliyini aydın dərk edirdilər və hər kəs əlində qələm bu yolda milli mücadiləyə atılmışdı. Firidun bəy Köçərlinin folklor nümunələrinin toplusu kimi hasilə gətirdiyi "Balalara hədiyyə" kitabı "Vətən dili"ndən yola çıxan uşaq ədəbiyyatının yeni əsrdə davam tapmış şərəfli məxəzidir.
XX əsrin əvvəllərində əksər maarifpərvər ziyalılarımız kimi, Firidun bəy Köçərlini də uşaq mətnləri toplamağa təhrik edən səbəblərdən biri məktəblərdə şagirdlərin mütaliəsi üçün qiraət kitablarının yoxluğu idi. Onu yalnız ana dilində dərsliklər deyil, sinifdənxaric oxu üçün kitabların yazılması da düşündürür, uşaq ədəbiyyatını bütün əhatə və çalarlığında dərk etdirməyin qayğısına qalırdı. Necə yazmaqla yanaşı, həm də nə yazmaq, hansı janrda mətn meydana qoymaq barədə narahatlığını əksər məqalələrində can yanğısı ilə izhar edirdi. Firidun bəy Köçərli üçün ən ciddi qaynaq xalqın özünün söz yaddaşı idi. Uşaq şeirləri, laylalar, təmsillər, tapmacalar, sayaçı sözlər, nağıllar, hekayələr, bayatılar, atalar sözləri, məsəllər, yanıltmaclar və s. Görkəmli şair, pedaqoq Abdulla Şaiq bu kitabla bağlı yazır ki, "Millətimizin istedad və məharəti-fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firudin bəy Köçərlinin "Balalara hədiyyə" kitabçasından istifadə edə bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir".
"Balalara hədiyyə" kitabı sonrakı neçə nəslin dünyagörüşünün formalaşmasında, onlarda mənəvi-əxlaqi keyfiyyətlərin dolğunlaşmasında, ən əsası, yaddaşlı bir nəslin günümüzədək zədəsiz gəlib çıxmasında xüsusi rolu olan mətnlər toplusudur. Bu nümunələrdə uşaqların psixologiyasını, dil, ifadə səlisliyini, düzgün tələffüz vərdişlərini, tərbiyəvi yöndə yetişməsini nəzərə almaqdan tutmuş, onların həyat, insan, təbiətlə bağlı təsəvvürlərinin düzgün istiqamətdə qurulmasına, təsəvvür və təxəyyüllərinin inkişaf etdirilməsinə, söz ehtiyatlarının zənginləşdirilməsinə qədər bütün imkanlar var. Ədibin adını daşıyan kitabxananın - Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının bu kitabı yenidən çap etməsi, dəyişən yeni dövrün reallıqları, çağırışları kontekstində uşaq ədəbiyyatının ən uğurlu nümunəsi qismində məhz bu kitaba üz tutması, həm işıqlı ziyalımızın ildönümünə ərməğandır, həm də Zəfərdən sonra yetişəcək yeni nəslə dilimizi, milli-mənəvi dəyərlərimizi, xalq yaradıcılığımızı sevdirmək baxımından əvəzsiz qiymətli mənbədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!