Əbədi Əlef - Nicat Məmmədov Səlim Babullaoğlunun "İlk hərfi itmiş cümlə" kitabı barədə yazır

 

Səlim Babullaoğlunun "İlk hərfi itmiş cümlə" kitabındakı şeirlərini modernist mövsümi  poeziya hesab etmək olar. İnsan böyük kosmik-təbiət ritminin içindəykən, qədim poeziya məhz beləydi. Məsələn, klassik haykular mövsümüydü, ilin fəsillərinə işarə olmalıydı ki, bu da haykular üçün mütləq element olan "kiqo"nun, "mövsümi söz"ün istifadəsiylə baş verirdi.

İnsan ritmdən ayrılmazdı: nəfəsin ritmindən, ürək döyüntüsünün ritmindən, yuxu və sayıqlığın ritmindən, fəsillərin dəyişməsindən. Rus tədqiqatçısı Vadim Rudnev yazır: "Ritm - yaradılışın universal inkişaf qanunudur. XX əsr bioloji və kosmoloqoji ritmlərin, incəsənətdə və poetik misralardakı ritmlərin öyrənilməsinə böyük töhfələr verib. Ən sadə Ritm vahidi zamanda təcəssüm olunan müxalif binarlıqdır: Allah-şeytan, in-yan, ağ-qara, gündüz-gecə, həyat-ölüm kimi".

İslami ənənə iddia edir ki, Adəm cənnətdəykən, ritmik şeirlə danışırdı. İlk kahinlər, onlar, həm də şair və loğmanlardı, iti müşahidə qabiliyyətləri sayəsində dəyişən Ay fazalarının və başqa təbiət hadisələrinin təkrirlərinə əsasən öncəgörmələr edir, proqnozlar verirdilər, yəni peyğəmbərlər kimi gələcəkdən xəbər verə bilirdilər.

Beləliklə zaman...bəli, zaman - Səlim Babullaoğlunun haqqında söz etdiyimiz kitabının vacib tərkib hissəsidir. Amma bu zaman - xüsusi zamandır. Bizə zamanın üç konsepsiyası məlumdur: qapalı, yaxud dairəvi; şaquli və üfüqi. Dairəvi zamana induizmdə və buddizmdə rast gəlinir, bir də öz "əbədi dönüşlər"i ilə Nitsşedə.  Şaquli, esxalatoji zaman İbrahimi dinlərə (hənif dinlərə) xasdır. Üfüqi-proqressiv zaman isə  Yer üzərində cənnət qurmaq istəyən ateitizmə və hər cür sosial utopiyalara aid zamandır.

Babullaoğlunun şeirlərində zaman şaqulidir, ərəbcədəki Əlef (Əlif) kimi; yerüstü, dünyəvi hər şeyi istisna edib sıxışdırandır ki, son məqsədi cənnətə girməkdir, cənnətdə isə "zaman daha olmayacaq" (İohanın Vəhyi, X fəsil, VI ayə).

Varlığın iki findamental kateqoriyası olan zaman və məkan poeziyada ritm və sözün vərəqin səthindəki yeri ilə təzahür edir. Ritmik planda Babullaoğluda 12-lik hecaya canatım var, bir çox misralar üç hecalıq dörd sözdən ibarətdir. Bunu isə hər biri 3 aylıq 4 mövsümlü illik dövrə, dövrləşməyə də bağlamaq olar.

Amma "İlk hərfi itmiş cümlə" (ikinci adıyla "poetik təqvim") 13 hissədən ibarətdir.  Kitab Ramazan ayında yazılmış və Ramazan ayının şeirləri ilə bitir ki ("ramazan"ın içində anaqrammik olaraq  "namaz" və "zaman", eləcə də "azan" var),  bu da yerüstü və insani zamanın xaricinə çıxmağın rəmzidir; unutmayaq ki, hicri təqvimindəki Ramazan ayı miladi təqvimindəki bütün ayları 36 il ərzində "ziyarət edir".

Burada Məhəmməd Peyğəmbərin meracı ilə bağlı hədisi xatırlamaq yerinə düşər. Rəvayətə görə, Peyğəmbər səma səyahətindən geri dönəndə yatağı soyumağa, su qabdan tökülməyə  macal tapmamışdı. Quranda 70-ci surənin 4-cü ayəsində zamanla bağlı daha bir rəmzi deyiş, ifadə var: "Mələklər və Ruh (Cəbrayıl) müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə Onun yanına yüksələrlər". Əbu Adil bunu belə şərh edir:  "İnananlar üçün bu günün uzunluğu bir dua qədərdir".

Su da zamanın qədim rəmzlərindəndir. Axar su insanın zamanı, onun hərəkəti və inkişafıdır; axmaz su, okean və dəniz suyu - bu əbədiyyətdir, bəqa ( "elə bildim ki, bəqa . suyunu içdim", S.Ə.Şirvani)

Babullaoğlunun şeirlərində çaylar Allah okeanına tökülür, sufi maksiması da belədir, anlamaq, varmaq-damlanın dəryaya qayıdışıdır. Yaxud, başqa cür, Eliotun sözləri ilə deyək: "Çay içimizdə, dəniz əhatəmizdədir". Və yaxud da Babullaoğlunun sevdiyi Odenin sözləriylə: "Dəniz formasızdır".

Və burda da Yaradanın təyininə, həm Qərb, həm də, Şərq mistikləri üçün səciyyəvi olan eyham var. Bu assosiasiyaları davam etdirsək, daha doğrusu, Azərbaycan şairinin mətnlərinə Qərb ənənələri kontekstində baxsaq, yad planetdəki okeanın - müəmmalı, amma hətta itirdiyimiz əzizlərimizi ("İlk hərfi itmiş cümlə"də  şairi müvəqqəti olaraq qoyub getmiş əziz adam onun anasıdır) diriltməyə qadir olan  düşüncəli substansiya olduğundan bəhs edən "Solyaris"i, Stanislav Lemin məşhur əsərini xatırlaya bilərik; bu okeanın tərzi-düşüncəsinə və iradəsinə biz heç cürə təsir edə bilmirik ki, alimlər, yalnız bu substansiyanın səthində baş verənləri təsvir edə bilirlər.

Amma Babullaoğlu Yaradanın təsvirindən imtina edir.  İki gözü, iki qulağı, iki beyin yarımkürəsi və yalnız bir dili olan adam Yaradana , Təkə yalnız bir yolla yaxınlaşa bilir: Onun adını zikr zamanı təkrar edərək.  İnsan Yaradanı təsəvvür edə bilmədiyindən Onu təsvir edə bilməz.  Amma o, Yaradanın şəfalı bulağından, təsəvvüfdən, onun müdrikliyindən dada bilər.

Kitabın son şeirlərindən birində şairin uşaq ikən, heç bir tora və ağuşa sığmayan o azman stixiya ilə görüşündən bəhs olunur. Dənizdə güclü fırtına, burulğan... az qala, uşaq həlak olacaq. Və bu yerdə güclü ata əli dada çatır, uşağı tutur. Bu epizodu imanın möhkəmliyi sarıdan sınaq kimi də yozmaq olar, İbrahimin öz oğlunu qurban etmək hadisəsindəkitək. Uşaq xilas olur, amma əhd bağlanır - o bütün ömrünü Kitabı oxumağa və Xaliqin Adını vəsf etməyə sərf edəcək.

Uşaqlıq motivi, itirilmiş cənnət olan uşaqlıq və ora qayıtmaq arzusu Səlim Babullaoğlunun bütün yaradıcılığı üçün səciyyəvidir. "Sizə həqiqəti söyləyirəm - dedi İsa, - dəyişməyəcək və uşaq kimi olmayacaqsızsa, heç vaxt Səma Şahlığına (oxu: cənnətə - N.M.) girməyəcəksiz" ( Matfeyin İncili, XVIII fəsil, III ayə). Babullaoğlunun dəyərlər sistemində, yalnız uşaqların aydın olmayan şəkildə danışmaq, qığıldamaq haqqı var. Bəlkə ona görə ki, islam ənənəsində uşaqlar iki yaşına qədər mələklik dövrünü yaşayırlar. Həm də, bəlkə Seçilmiş Georgi Palama dediyi kimi, "Allah haqqında bildiklərimizi danışmalı yox, qığıldamalıyıq".

Qığıldama. Sükut. Dua.

Və bir də şaquli və əbədi Əlefdən başlayan Ana və Allah. Onların şəfqəti isə sonsuzdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!