Mətanət VAHİD
Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın “Çağdaş poeziya və ədəbi təmayüllər” monoqrafiyası müstəqillik dövrü Azərbaycan poeziyasının elmi-ədəbi mənzərəsini əks etdirir. Çağdaş Azərbaycan poeziyasından bəhs edərkən ilk növbədə ağla gələn onun ayrı-ayrı nümayəndələrinin deyil, qrup və təmayüllərin simasında bədii-estetik təzahürü olur. 1990-cı illərdən bəri Azərbaycan poeziyasının müasir ədəbi təmayüllər kontekstində araşdırıldığı monoqrafiyada ümumiyyətlə ədəbi təmayüllərin formalaşması, inkişaf mərhələləri diqqət mərkəzinə gətirilir. Əsərdə müəllifin əsas istinad nöqtəsi poeziyadakı ənənələrdir. Çağdaş ədəbi təmayüllərdən bəhs edilərkən onlar üçün zəmin rolunu oynayan, Şərq və Qərb ədəbiyyatı vasitəsilə Azərbaycan ədəbiyyatına keçmiş “izm”lərin təzahürü mərhələli şəkildə incələnir, ayrı-ayrı təmayüllərin bütövlükdə poeziyamızda, o cümlədən, 1990-cı illərdən sonrakı təzahürü və həmin təmayülün aparıcı nümayəndələrinin yaradıcılığından nümunələr əsasında şərh olunur.
Monoqrafiyada hər bir təmayülün Azərbaycan ədəbiyyatında funksional olduğu zaman kəsiyi tarixi-sosial şərait baxımından şərh olunduğundan sosial-iqtisadi formasiyalarla bağlı kəskin dəyişikliklərin poeziyaya təsirinin hansı şəkildə və nə dərəcədə baş verdiyini aydın izləmək mümkündür. Ötən əsrin sonlarından etibarən açıq sözün meydanı genişlənir, durğunluq dövrü poeziyasından fərqli olaraq kim gəldi, nə gəldi yazır və yenilik adı ilə qəbul etdirilməyə çalışılır. Lakin zahirən, texniki cəhətdən qabarıq nəzərə çarpan fərqlər mövcud olsa da, mahiyyətcə əsaslı dəyişikliklər heç də çoxluğun yaradıcılığında sezilmir.
Əhəmiyyətli sosial-mədəni dəyişikliklər yaradıcı gənclərin formalaşmasının şərtlərini diqtə edir, nəsillərarası sərhəd yaranır. Azərbaycanda kəskin dəyişikliyə uğrayan sosial-psixoloji iqlim və mədəni kontekst 1990-cı illərin gənc şairlərini öz istiqamətini, yolunu seçmək məcburiyyəti qarşısında qoydu, sürətlə cildini dəyişən dünyada artıq durğunluğun şərtlərinə uyğunlaşmaq olmazdı. Yeni əsrin əvvəllərində isə yaradıcı inkişaf insanın həyatına yeni kommunikasiya texnologiyalarının daxil olması ilə həmahəngləşdi. Söz azadlığının, fikir plürealizminin meydanı genişləndi. Əksər gənc “istedadların” ulduzunun bir anda parlamasının səbəbi bu dəyişikliklərin doğurduğu təzahürlər fonunda daha maraqlı, rəngarəng, fərqli görünməsi oldu. Ənənəni inkar edən, ultramüasirliyin ağuşuna atılıb “boşluqdan ədəbiyyat doğuran” ədəbi nəsil yarandı.
Ənənələri inkar edərək, “yoxdur, olmayıb” bəyanatları üzərində nə isə yaratmaq mümkün deyil. Monoqrafiyada da belə qənaətə gəlinir: “Yenilik, ilk növbədə, ənənəni qəbul etmək, məhz onun zəminində yetişərək, həm də ənənə buxovunu qıraraq poeziyada yeni poetik konstruksiyalar qurmağa cəhddir. Həyata, cəmiyyət hadisələrinə orijinal, yeni yanaşma tərzi təqdim olunan belə şeirlər yeni dünyagörüşün, çağdaş bədii düşüncənin və poetik üslubun ifadəçisi olmaqla bərabər, özündə mənsub olduğu zamanın hərəkət ritmini daşıya bilirlər.” (s.150)
Poeziyadan söz açarkən ondan hansı məsələlər nöqteyi-nəzərindən bəhs etmək vacibdir. Belə önəmli məsələlərdən biri yenilikdir: poeziyamıza yol tapan hər bir yeni təmayül hansı müəlliflərin yaradıcılığında nə dərəcədə və hansı şəkildə ifadəsini tapıb? – monoqrafiyada bunların ümumi konturları cızılır, çağdaş şeirdən 90-cılar, 2000-cilər və ən yeni poeziya yaradıcılarının əsərləri olaraq bəhs edilir, birinin digərindən fərqi, tutduqları aparıcı istiqamətlər ətraflı şərhini tapır.
2000-ci illər poeziyamıza yeniliklərlə gəldi: sovet dövrünün ədəbiyyat məkanındakı təkistiqamətliliyini müxtəlif ədəbi təşkilatlar, birliklər, kiçik qruplar əvəz etməyə, internet vasitəsilə geniş oxucu auditoriyasına çatdırılmağa başladı. Yazılı mətbuatı sürətlə sıxışdıran internet saytlarında şəbəkə poeziyası yarandı. Bəzən bircə şeirlə, hətta ikicə misranın doğurduğu effektlə qısa müddət ərzində böyük populyarlıq əldə edən müəlliflərin sayı artdı, yaranmaqda və artmaqda olan sosial şəbəkələrdə yayılan qrafomaniya öz çoxsaylı oxucusuna qovuşdu. Lakin bu proses xeyli müəllif imzasının yaranmasına səbəb olsa da, çoxlarının qalıcı olmasına zəmin yarada bilmədi. Az qala yuxularını da postmodern çalarlarda görməyi arzulayan gənc yazarların postmodernizm cəhdlərinin əksəriyyəti cəhddən o yana gedə bilmədi. Elnarə Akimovanın da yazdığı kimi, “...daha çox manifestasiyalarla çıxışa, inqilabi jestlərə, revanşist ədalara xərclənmiş enerji səbəbindən dünya ədəbiyyatının çoxdan geridə qoyduğu cərəyanı milli poeziya faktına çevirmək mümkün olmadı. Müəyyən nümunələrin meydana çıxmalarına rəğmən cərəyanla bağlı nəzəri düşüncələrin süni tətbiqinə çalışmaq cəhdləri postmodernizmdən yalnız təmayül olaraq danışmağa əsas verir.” (s.193)
Yeri gəlmişkən, qeyd edim ki, adətən, elə düşünülür ki, monoqrafiya hamı üçün deyil, yalnız xüsusi hazırlıqlı, ədəbi bilgili dar auditoriya üçündür. Lakin əgər biz yazdıqlarımızın geniş auditoriyaya xitab etməsini arzulayırıqsa, yazı dilimizi ifrat akademizm və aşırı intellektuallıq nümayişindən arındırmalıyıq. Dünya təcrübəsinə üz tutsaq, görərik ki, bu gün (və artıq elə uzun illərdir) əksərən ədəbiyyatşünaslar yazdıqlarının həm də “əyləncəli”, oxunaqlı, başqa sözlə, əlyetən olmasına çalışırlar. Bunu “bilgisiz oxucunun səviyyəsinə enmək” kimi yozmaq yox, ədəbiyyatla, ədəbiyyatşünaslıqla bağlı mətləbləri mümkün olduğu ən sadə, ən anlaşıqlı dildə məlumatsız oxucuya belə, izhar edə bilmək kimi qavramaq lazımdır.
Bəzi ədəbiyyatşünasların “quş dili”ndə yazdığı ədəbiyyatlarda xüsusən postmodernizmi adətən elə qarmaqarışıq fikirlərlə izah edirlər ki, oxucularda əksərən onun cəfəngiyyat olduğu fikri formalaşır. (Elə bu əlçatmazlığına görə də elm həm də “lazımsız” olur.) Akademik sanbalını qorumaqla anlaşıqlı dildə yazılmış “Çağdaş poeziya və ədəbi təmayüllər” monoqrafiyasında isə yazılır: “Modernizm ənənədən birbaşa imtina edən, ədəbi-mənəvi dəyərlərə arxa çevirən bir cərəyandırsa, postmodernizm bu dəyərlərdən imtina etmir. Postmodernizm ənənədən imtina yolunu tutmur, keçmişdən, irsdən, keçmiş dəyərlərdən daha çox ironik kontekstdə yanaşma ilə bəhrələnir. Klassik ədəbi-mədəni sərvət dekonstruksiyaya məruz qalaraq mətnlərə gətirilir və yalnız bu halda onunla bağ yaratmağa cəhd olunur.” (s.156) Poeziya mahiyyət etibarilə müəllifin mətnə yadlaşmasını, özgələşməsini demək olar ki, qəbul edə bilmədiyi və postmodernizm artıq mövcud olanın təcrübəsi üzərində qurulduğu üçün nəsrə nisbətən şeirdə daha az ifadə olunmasına baxmayaraq, müasir dövrdə təzadlılığı, rəngarəngliyi və yeniliklərə açıq olması ilə digər təmayülləri üstələyir.
“Postmodern dalğanın gətirdiyi nihilizm” ötən əsrin sonlarında klassik bədii irsin inkarına səbəb oldu. Dəyərlərə ironiya və kəskin tənqid sovet dövrü, xüsusilə də, 60-cılar ədəbi nəslinə qarşı daha sərt istiqamət aldı. 60-70-ci illərdə müasir dövrə nəzərən daha çox yeni söz, yeni fikir deməyə nail olduqlarından həmin nəslin yaradıcılığı gənc müəlliflər üçün ənənədən daha çox köhnəliyin təzahürü kimi alqılanır. Ümumi mənzərədən görünən budur ki, zəmanəmizin canlı klassikləri müasirliklə nə mübahisəyə girir, nə də süni şəkildə onun yaradıcısı olmağa can atır - onlar sadəcə müasirliyi öz yaradıcılığının bir parçasına çevirir.
Bu baxımdan “Çağdaş poeziya və ədəbi təmayüllər” monoqrafiyasında şeirimizdə ənənə yaradan şairlərin müasir ədəbi prosesdə yeri, mövqeyi, müasirliklə ayaqlaşması məsələsinin incələnməsi – inkar edənlərlə inkar edilənlərin eyni müstəvidə təhlilə cəlb olunması xüsusilə maraq doğurur - ədəbiyyatımıza 60-cı illərdə gəlmiş, canlı klassik statusunu qazanmış şairlərin və gənc nəslin yaradıcılığı müqayisəli şəkildə araşdırılır.
Baxmayaraq ki, hazırda poeziyanın tədqiq və təhlilində ümumi bir kriteriya yoxdur və istənilən yanaşma daha çox subyektivdir, bu tədqiqatda Elnarə Akimova qiymətləndirmədə obyektivlik nümayiş etdirməyə çalışır və böyük ölçüdə buna nail olur. Əlbəttə, hər bir zaman kəsiyində ö dövrün ədəbi mənzərəsini formalaşdıran onlarla imza olur, lakin “ad çəkmək” mərəzinin geniş yayıldığı bir zamanda monoqrafiya müəllifi hər kəsin “dostluğunu” qazanmaq çabasında olan bir çox həmkarları kimi, ədəbi prosesdə imzası boy verən hər kəsin adını çəkmək məqsədi qoymur qarşısına – yalnız ədəbiyyatımızda təmayüllərin təmsilçisinə çevrilən şairlərin poeziyasına müraciət edir.
Çağdaş poeziyamız və ədəbi təmayüllərlə ilgili məsələlərin eyni zamanda dünya ədəbiyyatı kontekstində araşdırlmasına böyük ehtiyac var. Elnarə Akimova çağdaş Azərbaycan ədəbiyyatında əsasən poeziyanı ardıcıl şəkildə təhlil və tənqid edən azsaylı müəlliflərdəndir. “Çağdaş poeziya və ədəbi təmayüllər” monoqrafiyasında tədqiqatın ölçüsü və səviyyəsi bu məsuliyyətli işin də həyata keçməsini məhz ondan gözləməyimizə haqq verir.
iyul / 2016
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!