Cavanşir YUSİFLİ
1
Hər şeir, onun məhvərindəki texnologiya enerjinin məhz bu "texniki göstərici"yə uyar şəkildə hərəkətini, təsir və effektini şərtləndirir. Bəzən, zaman-zaman Füzulinin qəzəllərindəki, hansısa, bənd qızğın şərh daşqınlarına səbəb olur, mübahisə bitir, bəndlər geri - qəzəldəki yuvasına qayıdır. Niyə bəs daşqın? Çünki bu mübahisə və mülahizələrdə Füzuli ritminin, Füzuli sözünün yalnız bir cəhəti üzərinə vurğu salınır, çox da dərində olmayan detal qabardılır, ən əsas hissə - şairin, belə deyək, "izm"lər içində çıxardığı oyun unudulur. Bu oyun elementini tutmaqsa, çox çətindir. Füzulinin nəyə qarşı olmasının unudulması onu bədii təfəkkür hadisəsi kimi anlamağın qarşısını alır. Bunu sınamışıqmı? Füzulini sırf "izm"lər içinə alan tədqiqatı oxuyursan, birdən ətrafındakı hər şeyin - bütün dünyanın qaranlığa büründüyünü hiss edirsən. Bu çevrədən çıxırsan, hər şey öz yerini alır: rəngləri, işığı, havadakı ətrin, qoxunun hərəkətini hiss edirsən...
Füzuli şeiri, işlətdiyi metafora və digər poetik fiqurların düzülüşü oxucunu bəndə salır, bunu dinləyib ardını gətirməlisən; təqribən, bəzi modern dil yarışmalarında olduğu kimi: hekayəni yarıyacan dinlə və ardını yaz. Yəni Füzuli yazdığı şeirin çox fərqli planlarının olduğunu bilirdi, onda mətnin anlaşılması problemi tam başqa səviyyədə idi. Bu "hermenevtik vahidlər"dəki zahiri donuşluq toxunan kimi, nəfəs verən kimi hərəkətə gəlir, misra enerjisi və oxucunun buna qoşulması bir-birindən ayrılan və bir-birinin içinə keçən hekayətlər yaradır... Yəni, hər bir poetik mətnin (hər bir yaradıcılığın) məxsusi stixiyası var. Bu stixiya şairin yaratdığı bir şey deyil, şairin qoşulduğu və özününküləşdirdiyi bir nəsnədir.
Cabbarlıdan üzü bəri, Füzuli cazibəsi haqqında deyilənlər, bəlkə də fiksiyadır, fərqli bucaqdan baxdıqda, müasir dövr şeiri də o "poetik əsarət"in davamıdır, şəkil dəyişməsidir?
2
İndi belə bir şeir, Hüseyn Əfəndinin adsız şeirindən bir parça:
Dilimdən qopası bir haray kimi,
Hələ dişlərimin
arasındayam.
İçərişəhərdə bir saray kimi,
Sehrli nağıllar
sırasındayam.
Hələ odlanmamış siqaret
kimi,
Qələmin əlimdə, gözü
görünmür.
Hələ aldanmamış səadət
kimi,
taleyin kəmfürsət üzü
görünmür.
Bu şeirin ardını isə, ixtiyari şəkildə qoşmaq mümkün deyildir. Bu sırf fərdi yaşantının əsəridir. Metaforalarla oyun deyildir. Amma şeirdə klassik poeziya ilə əlaqə və onun diktə etdiyi sistemdən qaçmaq cəhdləri, daha fərqli hissləri daha fərqli dillə, üslub daxilində ifadə etmək istəyi qabarıqdır. Klassik poeziyanın bizə və bütün dünyaya təsirinə mexaniki şəkildə baxmalı olsaq, plagiatdan bəhs etməli olarıq. Bir dəfə Füzuli poeziyasını, az qala, riyazi dəqiqliklə bilən və ömrü boyu bu mətnlərlə məşğul olan bir alim elə belə də deyirdi: "B.Vahabzadədə, Əli Kərimdə müəyyən mətnlər və sair çox şeirlər var ki, birbaşa Füzulidən oğurluqdur". Düşündürücüdür: klassik poeziyanın hər yönünü bilən alim niyə belə düşünsün? Baxın:
...Mənəm bu dünyada sənin axırın,
Bunu keçib-gedən sevdalar bilir.
Arılar çiçəklər üçün doğulur,
Elə çiçəklərə görə də ölür.
Hüseyn Əfəndinin yazdığı bu misraların klassik poeziyada "plagiat örnəyi" varmı? Mən bilirəm, hər bir şeirdə nəsə, kəşf edilmir, dünyada, onsuz da, var olan şeyi gün işığına çıxarır, ancaq elə bir şəkildə ki, sən onun haçansa, var olduğunu unudursan. Hüseyn Əfəndi əslində şeir də yazmırdı, hisslərinin, yaşantısının rəsmini çəkmək istəyirdi, yazdığı mətnlərdəki nitq axınına fikir verin: sərbəst, çəkincəsiz və səmimi... Belə olduğu üçün də, hansısa, şeirindən sitat vermək istədikdə, bütün mətn gəlir dilinə (yəni, şeirin "davamı" elə onun öz içindədir...). Hüseyn Əfəndidə söz-sözü gətirir, bütün fəsillər birdi, sözlərin ağrıya həssaslığından, o fəsilləri ayıra bilərsən. Hüseyn Əfəndidə şeir birnəfəsə deyilir və bura insan macal tapıb həm klassik, həm də aşıq şeirinə boylanıb baxmaq fürsəti tapa bilir.
Mən hər gecə Kərəmin
Nəfəsindən qopan oddan çıxıram...
Mən səni yatıram gecələr, səni...
Axan buludlara ver nəfəsini.
Axan ulduzlara göstər üzünü.
Mən səni yazıram, şeir yerinə
Səni yaşayıram ömür yerinə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!