Bəzən yolun ağına düşüb gedirəm. Məqsədsiz, məramsız, sonunu düşünmədən... Yol məni aparır. Özümü yola əmanət edirəm, yoluma güvənirəm. Həmişəki kimi bu gün də yolum məni gözəlliyə aparıb çıxardı: Xana.
Heç vaxt onu belə görməmişdim. Həmişə harasa tələsən, suallarıma lakonik, konkret cavab verən Xanı bu gün kəşf etdim sanki. Qapalı, susqun zənn etdiyim müəllimimi ilk dəfə idi belə görürdüm: ürəyi dolu idi, öz dediyi kimi. O danışdıqca təəssüf hissi keçirirdim ki, söhbətini minlərlə insan eşidəydi kaş. Dəyərli düşüncələri bir müdrikin qənaətləri olduğu üçün qarşımda sanki dünyanın ən qədim bir kitabı danışırdı:
"Ümidim olmasa, kiməm, nəçiyəm?
Sonsuz biliyim də çürük sap olar.
Mən insan ruhuna tərcüməçiyəm,
Varlığım dəyərli bir kitab olar"
Amma bir şeyə sevindim ki, müəllimimin "Vətəndəki ömrümüz" kitabı varımdır. Deməli, onun özü, düşüncələri elə "Kitab əhli"nin hər birinə əlçatandır.
Evə dönən kimi kitablarımın içindən həyəcanla axtardım o kitabı. Və budur. Xəzinə tapmış kimi hiss edirəm özümü bu an.
***
Hər şeirdə dərin məna, dərin fikir - sevdiyim şeirlərin xüsusiyyətləridir. Kitab bütövlükdə belə bədii-fəlsəfi mətnlərdən ibarətdir. "Ömrüm-günümü əkirəm vərəqlərə - Bəlkə, bir şey cücərdi"
Gözəldir!
Söz sənəti - ədəbiyyat hər dəfə bir sirrini açır qəlbimə. Və hər dəfə bu aləmin daha başqa bir tərəfini hiss edirəm. Bəli, məhz hiss edirəm. Dünyanın bütün sirləri duyğulardadır.
İlahi duyğular süzgəcində mən
Süzülüb, arınıb haqqa çatmışam.
Tanrının özü də duyğulardadır, fərqi yoxdur beşlərdən birində, ya altıncı duyğuda.
Mənim ev muzeyim sevən ürəklər,
Mənim qəbir daşım kitabım olsun
- bu da bir duyğudur, içində indini və gələcəyi göstərən duyğu...
"Xan Rəsuloğlu" demək, mənə görə hər şeydən əvvəl xarakter deməkdir. Xanı sevdirən ilk cəhəti bilgəliyidirsə, ikinci cəsarətli ürəyidir, ruhən azad olmağıdır, xeyirxahlığıdır, səxavətidir... Heç bir qalstuklu, heç bir çinli, heç bir statuslu fiqur Onun azadlığını cilovlaya bilmədi...
İçimdə doğulan azadlığımı
Çölümə gətirə bilməyəcəyəmsə,
ölüyəm demək.
Ey "Mən"i, mənliyi qul,
Di dur, ayıl, özün ol
- deyən cəsarətli Bilgə Xan "Allahdan başqa heç kimdən qorxmuram" deyimini də güncəlləyib. Sufiyanə düşüncələri, dindarların "Allahdan qorxmaq" istiqaməti ilə "Allahı sevmək" istiqamətinin kəsişməsində öz yolunu sevdiyini göstərir:
Mən Allahdan qorxmuram.
Niyə də qorxum axı?
Əvvəli xoş yaradıb,
Xoşdu ölümü belə,
xoşdu mənimçün axır...
Varlığımı düşünüb
Hər zaman şükr etmişəm.
İlahidən yaranan
Öz ilahi ruhumla,
Həyatımı, dünyanı,
Tanrını zikr etmişəm...
Allahdan qorxmamağım,
demə ki, mərəzimdir,
İnsaf, vicdan, ədalət
- dinimdir, tərəzidir...
Xoş ovqatda dünya da
gördüm gülür gözümdə,
Aradığım hər şeyi,
Sonda buldum özümdə.
Şöhrət, sərvət, gözəllik
- boyalı bər-bəzəkmiş...
Kiminsə haqqın yeyib,
evini ki, yıxmıram?!
Çünki öz Allahımdan
qorxuram ki, qorxmuram!..
"Öz Allahımdan qorxuram ki, qorxmuram" deyən insanın qorxusu adi insan qorxusu deyil: varlığının, Yaradıcısının, əqidəsinin fərqində olanların qorxusudur. Onlar qorxarlar: haqqı görüb susmaqdan, onlar qorxarlar nəfsə uymaqdan, onlar qorxarlar Allahdan başqa kimdənsə qorxmaqdan, Allahdan başqasına baş əyməkdən...
"Kainat şeytanın oyuncağıdır. Dünya da bir dəli yığıncağıdır" - deyər və dünyaya bağımlı olmazlar onlar. "Fani cahanın sevgisi damu odudur, yandırır, Qaç ol qarıdan ey könül, aldanma zülfü-xalına"- bənzətməsinin müəllifi İmadəddin Nəsimi kimi Xanın da misraları fəlsəfi şeirimizin örnəyidir. "Bir çiçəyəm - dərənim yox. Həqiqətəm - görənim yox". "Ənəlhəqq" deyən Nəsimi ilə "Həqiqətəm" deyən Xan Rəsuloğlunun yolu-ünvanı bəllidir, aqibətləri dünya üzrə eyni olmasın, amma axirətdə eyni olacaq. Dərisi soyulan Nəsiminin fədakarlığı dillərə dastan etdi onu. Elə müəyyən nisbətdə Xanı da fədakarlıq nümunəsi kimi bilir onu tanıynalar. "Arzularım qandal oldu ayağıma / Qayğılarım zindan oldu marağıma... /Çovğun oldum, əsdim, kükrədim/ - İzlədim sıldırımları, Səslədim ildırımları. Asan yolda darıxıram, sıxılıram/ Sıldırıma dırmaşdıqca, /yumruq kimi yığılıram. Ölməyin də ləzzəti var - sıldırımdan uçanda. /Heç oluruq-sürünərək,/ biz ölümdən qaçanda...
Xan Rəsuloğlunun kitabındakı bu parçalara "şeir" deyə bilmirəm. Nəzmlə yazılmış fəlsəfə kitabıdır sanki. Həyat, insan mənəviyyatı, cəmiyyətin, bəşəriyyətin halı, Vətən mövzusu, qürbətin psixoloji gerçəklikləri, zaman və məkan paralelləri, milli-bəşəri dəyərlər... Bir sözlə, təfəkkür sahibi olan insana aid hər şey! Onun ifadə üsulları da fərqli və özəldir.
Bənzətmələri, qafiyələri - ("Dodaqların ilk sevgimin tabutu,/ "Yox" demisən, son cavabın ta budu...) etibarı ilə də maraqlı, orijinal təsvir və ifadə vasitələri sözdən anlayan, duyan oxuculara zövq verə bilir. Məsələn, aşağıdakı nümunədə "düşübdür" sözü 3 fərqli məna çalarında işlədilərək qafiyə kimi maraqlı şəkillərdə təqdim edilib:
Bəxtimin başına daşmı düşübdür?
Duyğularım qocalıbdır, düşübdür.
Yenə görən yadına nə düşübdür,
Öz içindən ovxarlanır ürəyim?
Xan Rəsuloğlunun bəxtəvər bir gözələ sevgidən yoğrulan şeirləri də maraqlı və təsirlidir:
"Sənin vüsalına yetmədim, amma
"Məhəbbət şairi" çağrılır adım".
Yaxud:
Bu qəm qəlbin sızıltısı, sıtqısı.
Arzularım - gendən məni
kasıb görüb
bəyənməyən yad qızı.
Vətən mövzusunda olan şeirlər isə ayrıca geniş bir yer tutur Xanın qəlb dəftərində. Bir nümunəni isə burada qeyd etmədən keçə bilməzdim. Bilgə ki, Bilgə:
Xəlil Rza, Məmməd Araz şeirinin,
Vətəndaşlıq toxumu,
Cücərdəcək elimin igid övladlarını.
Bu misraları yazanda Xanın ürəyində, doğulduğu Qarabağ torpaqlarının nisgili var idi. Bu gün isə Xan doğum gününü doğma yurdunda da qeyd edə bilər. Özünün də bir qərinə yolunu gözlədiyi həmin igid övladların sayəsində!
Xan Rəsuloğlunun -
Bu dünyada yad kimi
Verilibdir əmrimiz.
Minalanmış çöllərdə
Yaşamağa bənzəyir
Vətəndəki ömrümüz
- misraları da bu günün gerçəkliyinə çevrilib. Həqiqi mənada minalanmış yurdlarımızın yaxın zamanlarda işğaldan azad olmasını doya-doya hiss etməsi arzusu ilə fikirlərimi ustadın öz şeiri ilə yekunlaşdırmaq istəyirəm. Xan Rəsuloğluna, ustadımıza, müəllimimizə, xalqımızın mərd, ziyalı oğluna bərəkətli ömür, şeirlərinə isə Nəsimi şeiri qədər əbədilik arzulayıram:
Dəyişmişəm, dəyişirəm, dəyişəcəyəm.
Döyüşmüşəm, döyüşürəm, döyüşəcəyəm.
Öz sözümdə qətiyəm.
İnsan məhəbbətiyəm.
Allah əmanətiyəm.
Güvənib ömrümün haqq əsasına,
Düşmədim yolların mən qısasına.
Söykənib bəxtimin əl əsasına,
axsasam da,
Ölənəcən gedəcəyəm.
Əbədi bir qəhqəhəylə
gülənəcən gedəcəyəm!
P.S. Fotomuzu bu gün Sumqayıt kitab sərgisində çəkdirmişik. Xan müəllim hər kəsə kitab hədiyyə edirdi həmişəki kimi. Bizə də pay verdi. Payınız çox olsun, əziz ustad!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!