Kədərin və sevincin poeziyası - Fərid Hüseynin Qarabağ mövzusunda poetik silsiləsi üzərinə. Zemfira MƏHƏRRƏMLİ

 

İkimininci illərdə ədəbiyyatımızda yeni bir ədəbi nəsil boy verməkdəydi. Bu gün ədəbi prosesdə öz yeri, mövqeyi olan gənc şair, esseist, tərcüməçi Fərid Hüseyn həmin dövrdə söz sənətinə gələn yazarlardandır. 2009-cu ildə - hələ iyirmi yaşında ikən "Əlifba sırası" adlı ilk kitabı işıq üzü görmüş, bu şeirlər toplusu ədəbi cameənin marağına səbəb olmuşdu. Bir-birinin ardınca çap edilən, modern şeirin gözəl nümunələri toplanmış "Dözmək üçün məşq", "Bir də heç vaxt", "Əlvida ağacları", "Təkrarın tənhalığı" və digər kitabları barədə artıq ədəbi qənaətlər, mülahizələr söylənir, həmin poetik nümunələrin səciyyəvi cəhətləri nəzərə çatdırılırdı. Bu dövrün gənc yazarlarını bənzərsiz bir ədəbiyyat düzəngahı özünə çəkirdi: modern şeirlər. Həmin şeirlərdə əski təsvir vasitələri gözə dəymir, ənənəvi poeziyanın üslubları unudularaq, dəbdən düşmüş kanonlar, qayda-qanunlar, mütləq normalar bir kənara qoyulurdu. Unudulmaz söz adamı, Xalq şairi Zəlimxan Yaqub gənc şairin şeirlərini bəyənmiş, istedadını dəyərləndirmişdi: "Fərid Hüseyn müasir şeirimizdə ənənədən gələn çalarları modern təfəkkür tərzinə uyğunlaşdırmağı bacarır". Görkəmli ədəbi tənqidçi, professor Vaqif Yusiflinin fikrincə, "ədəbi prosesdə fəallığı ilə seçilən Fərid Hüseyn bir şair, publisist, ədəbiyyatşünas kimi diqqəti cəlb edir, bütün bu sahələrdə söz sahibi olmağa çalışır".

Türk dünyasının azman şairi Nazim Hikmət vaxtilə modern şeirin mükəmməl nümunələrini yaratmışdı, gənc şairlər onun sənətkarlığından bəhrələnirdi.

Fərid Hüseynin əsərləri ingilis, özbək, serb, moldovan dillərinə tərcümə edilmiş, Türkiyə türkcəsinə uyğunlaşdırılmışdır. Onun ədəbiyyatşünaslıq üzrə ərsəyə gətirdiyi əsərlər də xüsusi bir ədəbi söhbətin mövzusudur. "Ömür - doğum günü hədiyyəmiz", "Uçurum peyğəmbəri", "İntihar ilahəsi", "Nizami söhbətləri" və digər kitabları bu qəbildəndir. Gənc yazarın tərcümə  sahəsində göstərdiyi çabalar da diqqətçəkəndir.

Yeni nəsil ədəbi gəncliyinin sıralarında püxtələşib, yetkinlik mərhələsinə qədəm qoyan, özünə çoxlu oxucu qazanan Fəridin Qarabağ müharibəsi mövzusunda qələmə aldığı şeirlərini oxuduqca onun çoxşaxəli yaradıcılığı barədə təsəvvürüm daha da dolğunlaşdı. Bu poetik silsiləyə "Müharibənin sözü", "Müharibənin göz yaşları", "Müharibə sükutu", "Yumruq günü" və "Şuşa zəfəri" şeirləri daxildir.

Onun bu şeirləri otuz illik yurd həsrətinin həssas şair qəlbində yaratdığı ağır kədər, nisgil kimi qavranılır. Qanlı müharibənin doğurduğu hüznlü ovqat, iztirablardan doğan hiss-həyəcan adı çəkilən poetik silsilənin canına-qanına hopub. Məhz bu baxımdan həmin nəzm nümunələrini məzmunca və talecə birləşdirən məqamlar bir deyil, iki deyil:

 

Ana yanmış övladını ovcuna yığmaqla

onu yenidən qucağına aldı,

atasız qalmış uşaq ağlamırdı,

arsız deyildi o, sadəcə ölümü anlamırdı.

 

Yaxud:

 

"Kişi ağlamaz" sözünü unutmuşdu,

kişi kimi ağlayırdı ata.

Gəlin güllü paltar geyinməmişdi,

ərinin qanı gül-gül hopmuşdu əyninə.

 

Yaxınları, doğmaları, qonum-qonşu təskinlik vermək, qəlb ovundurmaq üçün savaş qurbanlarının evinə axışırdı. Şeirdə nəql olunduğu kimi, "hərə bir cür ağlayırdı", fəqət kədərin müxtəlifliyi belə yeknəsəqdi:

 

Və yalnız

sevdiyi oğlanın qanlı əllərinə su tökən qız

bu qədər "ölüm" sözünün içində

"məhəbbət" sözünü unutmamışdı.

 

Müəllifin ürək titrədən, düşündürən və qanlı hərb qovğalarının dinc insanlara fəlakət, dərd-bəla, sarsıntı gətirdiyini, təkcə maddi yox, mənəvi, psixoloji zərbələr vurduğunu xatırladan bir şeiri də var: "Müharibənin göz yaşları". Bu nəzm nümunəsini də   həyəcansız oxumaq olmur: 

 

Oğlunun səsini dilənir

şəhid anası -

kəsilib səxavətli əllər...

Gəlinlər ərlərinə

gül borcunu qaytarır -

məzar üstə güllər...

Uşaqlar gələcəyə boylanır -

təpə-təpə ölülər...

 

Bu ağrılı şeirlərdə yaşanan iztirab acı gerçəklikdən doğur. Fərid Hüseyn hər hansı bir ifadənin mənşəyini, izahını poetik şəkildə çatdırır. Onun şeirlərində rəngarəng  metaforalar, təşbehlər, obrazlı deyimlərlə qarşılaşırıq. Adətən, pul dilənərlər, şəhid anası isə oğlunun səsini dilənir, kömək edən səxavətli əllər isə azalıb, yoxa çıxıb. Həm də şəhid olmuş ərənlərin düşməni lərzəyə salan o gur, şaqraq nərəsi, hayqırtısı döyüşdükləri yurd yerlərimizə yayılıb, Vətənin əzəmətli dağlarında, quşqonmaz sıldırım qayalarında, yamyaşıl ormanlarında əks-səda verib. Dul  gəlinlər vaxtilə onlara tər çiçək bağışlamış igid ərlərinə indi məzar üstə səpdikləri gülləri bir ehtiram rəmzi kimi qaytarırlar. Şairə görə, müharibə uşaqlarının boylandığı gələcək isə hələ o çağlarda - Birinci Qarabağ savaşında  "təpə-təpə ölülər"dən ibarət idi. 

Dərdə, ələmə nə qədər dözmək olar? Düşmən səngərlərinə çevrilmiş, tankların tırtılları altında cadar-cadar olmuş torpaqlarımız, doğmaların hənirtisinə möhtac kəndlərimiz, ot-ələf basmış yollar-rizlər xilaskarını intizarla gözləyirdi. Müəllifin fikrincə, qisas günümüz uzaqda deyil, vaxtın qollarından asılıb:

 

Dözümümüz

od rəngli yaylıq qaldırıb,

səbir öz kasasını təpiklə aşırıb,

daha bizimçün

ölümdən üstün deyil yaşamaq.

Yetişən tarixin vətənisə,

indidir ancaq.

 

Fəridin taleyüklü şeirləri elə bütövlükdə Vətənin dərd-səri, ağrısı və sevinci barədə nəzmə çəkilmiş bir dastandır. Həmin şeirləri bir-birinə bağlayan və oxucunun sarı siminə toxunan bir ümumi xətt var: müəllifin millət sevgisi və Vətən təəssübkeşliyi. Əsas odur ki, şair hadisələrə seyrçi qalmır, baş verən olayları canlı və dinamik təsvir edir, oxucu hadisələrin arxasınca gedir. Bu qələm nümunələri F.Hüseynin orijinal müəllif müdaxiləsi,  qəti mövqeyi ilə fərqlidir,  nikbin ovqat yaradan, düşünməyə sövq edən, erməni işğalçılara və onların tərəfkeşlərinə qarşı amansız mübarizəyə hər an hazır olmağa bir çağırışdır:

 

Heç kəs paltar seçməsin,

əyin-baş axtarmasın,

zəfər köynəkləri geyinəcəyik,

hamı ümidinə uzun ömür arzulasın,

bəzən külümüzdən göyərəcəyik...

Bizim analarımızın ürəyini soyudan,

atalarımızın təskinliyini artıran

çiçəklər açılacaq,

bütün üzlərdən ağrı izlərini silən

günəş doğulacaq...

 

"Külümüzdən göyərəcəyik", "zəfər köynəkləri geyinəcəyik" deyən şair həm də itirilmiş torpaqlarımızın qaytarılmasını, haqq işimizə dəstək verilməsini tələb edir. Cəsarətli sözü, qələmi ilə. Nümunə gətirdiyimiz "Yumruq günü" şeirində şair arzularını dilə gətirərək, "güllələnən heykəllərin sağalacağını", "kimsəsizliyin xəcalət tərinin silinəcəyini, bütün yolların Vətənə gedəcəyini" söyləyir:

 

Bəbəklər mərmi səsinə

oyanmasın deyə döyüşürük,

nənələr şallarını niyyət ağaclarına

bağlasın deyə savaşırıq,

babaların qurbanları öz həyətlərində

kəsməsi üçün vuruşuruq.

 

"Şuşa zəfəri" şeiri Fəridin müharibə silsiləsindən olan qələm nümunələrinin ən yüksək nöqtəsi, kulminasiyasıdır.  Hadisələr sözün gücü, hiss-həyəcanın yaratdığı, böyük Qələbəmizin doğurduğu sevinc, qürur duyğusu, xoş ovqat və ahənglə çatdırılır:

 

Xəyanət qurbanı sayılan Şuşa

dəmir yumruq ilə qayıtdı geri.

Vicdan çölümüzə bərəkət oldu

şəhid qanlarıyla qazi tərləri.

Şuşa, qayıtdıq.

 

"Axan qan damarda durmaz" deyiblər,

Çox doğru buyurub atalarımız.

Ən şəfalı əllər əsgər əliymiş,

sağaldı, min şükür, Vətən yaramız.

Şuşa, qayıtdıq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!