Cənubdan gələn səslər - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

Sözə qüvvət: 1850-ci ildə şuşalı maarifpərvər ziyalı Sadıq bəy Mehmandarov (o, Lənkəran qəzasına məhkəmə katibi təyin olunmuşdu) Lənkərana gedərkən Qaradonlu gömrükxanasında tərcüməçi işləyən Mirzə İsmayıl Qasirlə görüşür (Qasir əslən ağdaşlı idi, şair və müəllimdi). Sadıq bəy onu Lənkərana dəvət edir, öz mülkündə onun üçün "Üsuli-cədid" məktəbi açır və Qasir məktəbdarlıqla məşğul olur. Amma Qasir tezliklə Lənkəranda yazıb-yaradan şairləri öz ətrafına toplayır və bir ədəbi məclis təşkil edir, "Fövcül-füsəha" ("Natiqlər yığıncağı") adlandırır bu məclisi. Beləliklə, Azərbaycanın Cənub bölgəsinin mədəni mərkəzi sayılan Lənkəranda ədəbi həyat qaynar dövrünü yaşayır. Təbii ki, bu başlanğıc təsirsiz qalmır. Əsr yarımdan sonra "Fövcül-füsəha" Lənkəranın qocaman ziyalısı, sağlığında şəhərdə heykəli qoyulan Mirhaşım Talışlının səyi və təşəbbüsü ilə bərpa olunur.

 

Lənkəranda ədəbi həyatın spesifik xüsusiyyətləri

 

XX əsrdə Cənub bölgəsində ədəbi həyat öz inkişafının yeni və daha sürəkli mərhələsinə daxil olur. Xüsusilə, əllinci illərdən başlayaraq Cənub bölgəsində o vaxta kimi görünməmiş istedadlı yazarlar meydana çıxır (Şəkər Aslan, Mirhaşım Talışlı, Əlisa Nicat, Vaqif Hüseynov, Firudin Ağayev, Hüseynbala Mirələmov, Yaşar Rzayev, Abbasağa, Hüseynağa Qəniyev, Camal Yusifzadə, Məmməd Kazım, Həbib Səfərov, İltifat Saleh, Zeydulla Ağayev). Cənub bölgəsi Azərbaycan ədəbi həyatının irəlici qollarından birinə çevrilir. Bunu nəzərə alıb Lənkəranda Azərbaycan Yazıçılar Birliyinin zona şöbəsi təşkil edilir (1977). Şöbənin ilk sədri o zaman "Dağlar oğlu" romanı ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edən Məmmədhüseyn Əliyev (1925-1994) oldu. Cənub bölgəsində yaşayan ən məşhur şair isə Şəkər Aslan idi (1935-1995). O, keçən əsrin əllinci illərində yaradıcılığa başlamışdı, Xalq şairi Nəbi Xəzri onun şeirlərinə uğurlu yol yazmışdı. Şəkər Aslan uzun müddət Lənkəranda çıxan "Leninçi" qəzetinin redaktoru oldu, ömrünün son illərində isə Yazıçılar Birliyi Lənkəran zonasının rəhbəri idi.

Lənkəranı "Cənub mirvarisi" adlandıranlar qətiyyən səhv eləməmişlər. Şəkər Aslan bir şeirində yazır ki:

 

Lənkəran elə bil ki,

Xəzərin yaxasında

Qızılgül çələngidir.

 

(Yeri gəlmişkən qeyd edək ki, Şəkər Aslanın təşəbbüsü ilə nəşr olunan "Söz" jurnalı indi də fəaliyyətini davam etdirir. İstedadlı jurnalist Sevda Əlibəylinin redaktorluğu ilə...) Lənkəranın özünəməxsus flora və faunasını - onun təbiət gözəlliklərini, burada yaşayan insanların adət-ənənə, məişət xüsusiyyətlərini heç bir şair lənkəranlı şair qədər təsvir edə bilməz.

Cənub bölgəsində digər bölgələrlə müqayisədə iki ədəbi janr - qəzəl və sonet daha çox yazılır. Qəzələ meyil etmək "Fövcül-füsəha" ənənəsindən və ümumən klassik poeziyamızdan - Füzuli şeirindən gəlir. Lənkəranda yaşayan bir neçə şair istisna olmaqla, elə bir şair tapa bilməzsiniz ki, qəzələ və əruza müraciət etməsin. Bu əruzçuların ön sırasında mərhum şair Mirhaşım Talışlı dururdu. Mirsalam Babayev, Ağamir Cavad, Ziyafət Yəhya, Tofiq Həsənli, Mahirə Nərimanqızı, Xanəhməd Nahid, Xaqani Muğamatoğlu, Xilqət Talıbov, Əhməd Haqsevər, Röyal Həşri, Vüqar Fərzullayev, Ağababa Nakam kimi lənkəranlı şairlər qəzəl yazmaqdan yorulmurlar. Amma bu janrda daha çox diqqəti cəlb edən, təcrübə qazanan bir neçə şairin - Ağamir Cavadın, Xanəhməd Nahidin, Xatirə Xatunun, Xilqətin adları xüsusi qeyd olunmalıdır.

"Azərbaycan soneti" adlı bir məqaləmdə qeyd etmişdim ki, Lənkəranda sonet "fırtınası" Şəkər Aslanın sonetləri ilə başladı. Şəkər Aslan müasir poeziyamızda ilk sonetlər çələnginin də müəllifidir. Sonetlər çələngi isə şairdən istedad tələb edir, gərək burada sonetin həm məzmununu, həm də forma-struktur xüsusiyyətlərini qoruyub saxlayasan. Vaqif Hüseynov, Mirhaşım Talışlı, İltifat Saleh, Balayar Sadiq, Elşad Səfərli, Ağamir Cavad, Qorxmaz Kadusi, Tərlan Əbilov, Əhməd Haqsevər, Hacı İltifat Cəfərli, Əli Nasir, necə deyərlər, Şəkər Aslanın Lənkəranda açdığı "sonet məktəbinin" müdavimləri oldular. Bir məqamı xüsusilə nəzərə çarpdırmaq istəyirik. Sonet müəlliflərindən biri - şair-tədqiqatçı Elşad Səfərli "Sonet janrı və Azərbaycan soneti" adlı sanballı bir monoqrafiya çap etdirdi (elmi redaktoru Hüseyn Həşimli). O, həmçinin sonetin bir sıra işlənməmiş yeni növlərini də Azərbaycan poeziyasına gətirdi.

 

Onları siz də tanıyırsınız...

 

Cənub bölgəsində yaşayan yazarların əksəriyyətini siz də yaxşı tanıyırsınız. Vaxtilə "region ədəbiyyatı" deyilən bir ifadə vardı. Lakin yetmiş-səksəninci illərdən başlayaraq regionlarda ədəbi inkişafın tempi - yeni istedadların çoxalması ona gətirib çıxardı ki, daha bu ifadəni işlətməyə ehtiyac qalmadı. İndi regionlarda yaşayıb-yaradan yazarların əksəriyyəti təkcə o regionlarda deyil, müasir Azərbaycan ədəbiyyatında yaxşı tanınırlar. Lənkəran da bu mənada istisna təşkil etmir. Biz bir neçə yazıçı-şair haqqında qısaca söz açacağıq, təbii ki, Azərbaycan oxucuları da onları yaxşı tanıyırlar.

Burada qeyd edim ki, Cənub bölgəsində, xüsusilə Lənkəranda nəsr janrı da poeziya ilə yanaşı addımlayır. Vaxtilə 60-80-ci illərdə o bölgədə yalnız bir neçə nasirin - Məmmədhüseyn Əliyevin, Əlisa Nicatın, Yaşar Rzayevin nəsr əsərlərindən başqa bir uğurlu nümunə yox idi.

İlk növbədə, Yaşar Rzayev haqqında. Uzun müddət Lənkəranda - partiya-sovet orqanlarında məsul vəzifələrdə çalışan, iki dəfə rayonun icra başçısı təyin olunan Yaşar müəllim lap gəncliyindən, "Leninçi" qəzetində çalışarkən ədəbi yaradıcılığa başlayıb. Elə gənc yaşlarında "Gecə eşalonu" və "Əks-səda" hekayələr, povestlər kitabları nəşr olunub. Bu hekayələr içində "Vəlinin kupletləri" ona bir yazıçı kimi böyük etimad, inam yaratdı.

Mən Əlisa Nicat, Şəddad Cəfərov, Hüseynbala Mirələmov haqqında da ayrıca söz açmaq istəyirəm. Bu yazıçılara "qocaman" təyinini işlətməkdən imtina edirəm. Onların hər biri Azərbaycan ədəbi mühitində öz fəallıqları ilə seçilirlər.

90-cı illərin sonları - ikimininci illərin əvvəllərində Hafiz Mirzənin, Qafar Cəfərlinin, Aslan Quliyevin, Meyxoş Abdullanın, Cavidanın, Nurəddin Muğanlının, Səyavuş Süleymanlının nəsr əsərləri bu janrın da həm kəmiyyət, həm də keyfiyyətcə irəlilədiyini sübut elədi. Hafiz Mirzənin "Prezident", "Xilaskar", "Katok" romanları, Qafar Cəfərlinin detektiv povestləri və hekayələri, Meyxoş Abdullahın "Əsir qadın" romanı və hekayələri, Nurəddin Muğanlının romanları, Səyavuş Süleymanlının hekayələri ədəbi ictimaiyyətdə böyük marağa səbəb oldu. Aslan Quliyev Yardımlıda yaşasa da, onun romanları bölgə sərhədlərini çoxdan aşıb. Cavidanın "Məhsəti" romanı haqqında da xoş sözlər söyləmək olar.

Cəlilabadda da son 20 ildə bir sıra istedadlı şairlər, nasirlər yetişib. Salam Sarvan, Əlizadə Nuri, Əlirza Həsrət, Ədalət Salman müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələridir. Masallıda Arif Fərzəli, Əvəz Nəbioğlu, Xanəli və Camal Ağayevlər, Rafiq Məmmədovun yazıları da maraqla qarşılanır. Eyni sözü Astarada Təbrizə Pünhan, İlham İlhamlı haqda da deyə bilərəm. Yardımlıda da artıq respublika miqyasında tanınan iki şairin adını qeyd etməliyəm - Sakit İlkin və İqbal Nəhmət.

Lənkəranda bir şair də yaşayır və onun şeirləri müasir poeziyamızın maraqlı bir səhifəsini təşkil edir, - desəm, kimsə məni qınamasın. Onun yaradıcılığına həsr etdiyimiz bir yazıda Tərlan Əbilovu tamam fərqli, heç kimə bənzəməyən fərqli bir şair kimi tanıtmışdıq. Xüsusilə, bədii təsvir vasitələrinin rəngarəngliyi, hər hansı mövzuya tamam fərqli və sərbəst yanaşma tərzi, daxili azadlıqdan gələn bir təşnəlik, bir qiyam hissi onun şeirlərinin başlıca göstəricisidir.

Mən Lənkəranda yaşayan başqa bir şairin - Ağamir Cavadın fəaliyyətini xüsusi olaraq nəzərə çarpdırmaq istəyirəm. Ağamir altı şeir, poema kitablarının müəllifidir və sonuncu kitabı - "Dəniz adam" keçən il çapdan çıxıb. Şeirləri öz dilinin sadəliyi, lakin ən ümdəsi, obrazlılığı ilə seçilir.

Bütün bunlardan əlavə, Lənkəranda yaşayan daha bir şairi - Ziyafət Yəhyanı tanıtmaq istəyirəm. Amma bilmirəm, siz onu tanıyırsınızmı? Akademik Nizami Cəfərov isə Ziyafət Yəhyanı yaxşı tanıyır. Əgər tanımasaydı, onun üç il əvvəl nəşr olunan "Tənhalığın nəfəsi" kitabına ön söz yazmazdı.

Lənkəranda yaşayan digər şairlərin yaradıcılığı barədə söz aça bilmədik. Amma "görünən kəndə nə bələdçi" deyib Fəxrəddin Teyyubu, Etibar Vəliyevi, Əhməd Haqsevəri, Tofiq Həsənlini, Samir Sədaqətoğlunu bir daha tanıtmağa ehtiyac duymadıq. Bu yazının müəllifi həmin yazarların hər biri haqqında məqalələr qələmə aldığından öz-özünü təkrar etmək istəmədi. 

 

İndi isə ədəbi gənclik haqqında

 

Lənkəranda istedadlı bir ədəbi gənclik - yeni ədəbi nəsil də formalaşmaqdadır. Budur onlar: Müşfiq Cəbi, Ziya Dilsuz, Xaqani Muğamatoğlu, Xilqət Talıbov, Aysel Səfərli, Aysel Nazim, Əyyub Türkay, Ülkər Nicatlı, Anar Seyidağa, Fateh...

Azərbaycanda - bir ailə daxilində dörd şairin olması tək-tük, nadir hadisələrdəndir. Fateh Səfərovun babası Həbib Səfərov Şəkər Aslanla, Yaşar Rzayevlə bir dövrdə yaşamışdı, bir neçə şeir kitabı da çap olunmuşdu. Həbibin böyük oğlu Məmməd Həbib indi öz kəndlərində yaşayır. Həbib Səfərovun ikinci oğlu Anar Həbiboğlu isə cəmi qırx üç il yaşadı. Şeirlərində təzə nəfəs, təzə obrazlar, təzə deyim tərzi ilə seçilirdi. Böyük təəssüf hissilə qeyd edək ki, onun ölümü ədəbiyyatımız üçün bir itki idi. Xəstələnməsəydi, ölüm onu cənginə almasaydı, Anar poetik istedadı ilə daha nələr yaradardı. Cəmi bircə kitabı çap olundu: "Əlini qoy ürəyimin üstünə". Anarın oğludur Fateh. İnanırıq ki, o, tezliklə öz şeirləri ilə də fatehə çevriləcək!

Aysel Nazim, Aysel Xanlarqızı-Səfərli, Ülkər Nicatlı və Cavidan - bu dörd şairə haqqında "Ulduz" jurnalında vaxtilə söz açmışıq. Bəzən qadın-xanım yazarların şeirlərində bir-birini təkrar edən motivlər, ifadə vasitələri ilə qarşılaşırıq. Amma adlarını çəkdiyimiz bu zəriflərin heç biri digərinə bənzəmir. Cavidanın şeirləri daha çox modern üslubu ilə səciyyələnir və daxili azadlığın, sərbəst düşüncə tərzinin ifadəsi olan şeirlərində Cavidan inqilabçılığı çox sevir, qadın poeziyasına xas olan umu-küsü, ah-nalə onun şeirlərinə xas deyil.

Mən bayağı mahnılara soyunmaq istəmirəm mənimçin bir Füzuli kantatası səsləndirin.

Xalq şairi Sabir Rüstəmxanlı Aysel Xanlarqızı-Səfərlinin "Karantin boşluğu" şeirlər kitabına "Ayrılığın və təkliyin sözü" adlı təfərrüatlı bir ön söz yazıb. Biz də o fikirdəyik ki: "Ayselin şeirlərində məni ən çox təsirləndirən məhz gənc ömürlərin qanadını qıran bu amansız tale karantininin və ona müqavimət göstərən, öz dözümü, sevgisi, sözü ilə onu asanlaşdıran, uzaqlıqlar üstündən mənəvi körpülər salan qadın etibarının poetik ifadəsi oldu".

Aysel Nazim və Ülkər Nicatlının şeirlərində isə daha çox sevgi duyğuları əks olunur. Təkcə sevgi duyğularımı? Ülkər Nicatlının bir şeirindən misal gətirək:

 

Yaşıl çəmənlərin ilməsi qaçıb,

Mamırlı qayalar dişini qıcıb,

Həsrəti götürüb haraya qaçım,

Vətənin ağrısı azalsın bir az.

 

Lənkəranda yaşayan iki gənc şairin -  Müşfiq Cəbinin və Ziya Dilsuzun şeirləri isə onların gələcəyinə böyük ümidlər doğurur.

Sözümü lənkəranlı şair Anar Seyidağanın "Vətən" şeiri ilə bitirmək istəyirəm:         

 

Vətən

 

Qoy bir şəhid qardaşı

Mənə də qardaş desin -

Dayanım arxasında

Bütün ömrüm boyunca.

Qoy bir şəhid balası

Mənə də əmi desin -

Sığallayıb saçını

Öpə bilim doyunca.

Qoy bir şəhid bacısı

Mənə də qardaş desin -

Bilim ki, namusuna

Rahat and içəcəyəm.

Qoy bir şəhid anası

Mən də oğul desin -

Xankəndi yürüşünə

Bayraqdar seçəcəyəm.

Qoy bir şəhid anası

Mənə də balam desin -

Onda mən...

Ölərəm sənin üçün

Ölərəm Anam - Vətən.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!