Murad Qoçuoğlunun şeirlərində var; vaxt haqqında, sakini olduğu dünya və bu dünyanın gedişatı barədə çox xəfif yanaşma, ovqat halı... Əksərən "Allaha edilən dualar" kimi oxunub yadda qalır:
Məni mələklərlə gəl sirdaş elə,
Sənə agah olsun harayım, ahım.
Məni torpaq elə, məni daş elə,
Ancaq günahlardan qoru, Allahım!
Murad nədən yazırsa, hansı məkana üz tutursa, dartınırsa, yenə də gəlib öz içindən keçir, öz üstünə çıxır. Əsəd Cahangirin yazdıqlarıdı ki, Murad Qoçuoğlunun şeirlərinin ən ilginc yönlərindən biri, bəlkə də birincisi onun düşüncəsinin kökündə Allah ideyasının durması, şeir-dua kimi yaddaşlara yansımasıdır. Başqa bir tərəfdən, onun "təbiət mövzulu şeirləri bədii-estetik dəyəri, parlaq obrazlar sistemi ilə diqqəti xüsusi çəkir və bu təbiidir - bu parlaqlıq təbiətin özündən gəlir". Eyni zamanda, bu, həm də Muradın öz xarakter özünəməxsusluğundan, fərdiyyətindən gəlir. Çünki uzun illər boyu tanıyıb, ünsiyyətdə olduğum Muradın şəxsiyyət bütövlüyü, xarakteri, həyat gerçəkliyinə münasibəti təbiətlə həmahəngdir.
Haqlı münasibətdir və bu, kitabın annatosiyasında da öz dəqiq ifadəsini tapıb ki, Murad öz tipologiyası etibarı ilə fəlsəfi düşüncəyə meylli şairdir: "Bu fəlsəfəlik onun təkcə Allaha müraciətlə yazdığı şeirlərlə məhdudlaşmır. Onun təbiət, dünya, sevgi və digər mövzulardakı şeirləri də fəlsəfi düşüncə axarında yazılıb, lakin bu mövzuların hər biri fərqli psixoloji aura, mental iqlim, ab-havaya malikdir. Şairin bədii dünyası öz havası, suyu, odu, torpağı olan dünyadır. Onun poetik dünyası öz ruhunun dərinliklərindədir və onun üçün dünyanın üç əsas obrazı var - Allah, dünya və insan!"
Muradın ədəbi mühitdə daha tez tanınmasına hər cür imkanı vardı. Amma Murad heç vaxt bu imkanları ədəbi mühitdə tanınması prosesinə sərf etmədi. Əksinə, özü-özünü yetişdirmək qayğısına qaldı. Xüsusi inadla, səylə özünütəsdiqə cəhd etdi; səbr, xarakter bütövlüyü ilə bir arada.
İndi, aradan 40 ilə yaxın vaxt-zaman məsafəsi keçib, Muradın "Mən hər gün günəşi qarşılayıram" adlı ikinci şeirlər kitabını yenə də 40 il bundan əvvəlin nostalji düşüncələrilə bir arada oxuyuram. Kitabı daxil edilən şeirlərin çox qismi həmin o 40 il əvvəlki şeirləridi. Oxuduqca bir daha hiss edirəm ki, Murad elə o qırx il əvvəlin yaradıcılıq məkanında da mükəmməl, müdrik, əsl poeziya ovqatında olub. İllər onu dəyişməyib. Kitaba daxil edilən şeirlərin ovqatı əslində onun sənətə, poeziyaya, dünyaya, zamana olan müdrik, mükəmməl münasibətinin ilmə-naxışlarıdı. Murad düz qırx il əvvəl (və indinin özündə də) səmimi şəkildə inanırdı ki, "yadında qalanla, könlünü alanla, şirin bir yalanla ovunur adam". Eyni zamanda da, bir kamil inamla, son anda əlində qalan ümidlə, gümanla...
Murad yaşamın, həyatın bütün bəlli məqamlarında özü-özünə hesabat verməyi, kiminsə taleyi gətirməyəndə salıb ürəyinə yara eləməyi, həqiqət naminə öz-özüylə (və külli-aləmlə) dava eləməyi, özü-özündən həya eləməyi bacaran mükəmməl xarakterə malik söz adamıdı. Bütün bu deyilənlərin gerçək obrazı onun şeirlərində incə ştrixlərlə cizgilənib. Ömrünün bütün çağlarında bir inamla yaşayıb ki:
Ya çıxıb gedəndə yerin görünə,
Ya da bu dünyaya heç gəlməyəsən.
Hələ ilk gənclik illərində dünyanın gedişini bu yöndən yola verənlər aləmində "dəli olmayanın ağılı yoxdur" ağrısını, ironiyasını qələmə alırdı Murad Qoçuoğlu. İllər onun poetik baxışları üzərinə "Nə köhnə kişilər qalıb dünyada, Nə köhnə küçələr tanımır bizi" təəssüfü, nigarançılığı da gətirdi. İnandırdı ki:
Bəlkə iki ömür yaşayırıq biz,
Çünki həyat kimi canlı röya var.
Hər şeyin sonundan sonra bir həyat,
Dünyanın sonundan sonra dunya var.
Bu sirli get-gəllər aldadır bizi,
Nə əvvəl bilinir, nə son bilinir.
Dünyaya gəlirik təzə yaddaşla,
Köhnə yaddaşımız sonda silinir.
...Zaman da sonsuzdur, məkan da sonsuz,
Maraq çəkir bizi min bir tərəfə.
Kim deyə bilər ki, qoca dünyaya
Biz nə vaxt gəlmişik sonuncu dəfə?
Çıxıb bu dünyadan getməyə nə var? -
Bir gün öz köçünü yığıb gedəsən.
Hələ qarşımızda min bir sınaq var,
Ölüm son deyil ki, çıxıb gedəsən...
Əslində, Muradın şeirləri dünyanın sonundakı sonrakı aləmin, yaşamın şeirləridir. Daha çox yağışın, daha çox quşların, Yerin, Göyün, ağacların, gülün-çiçəyin dilini öyrənməyə edilən cəhdlərdi.
"Məzarına durub baxır, öldüyünü bilmir adam" hesabatı sıx-sıx yaşanır Muradın şeirlərində. İştahı quyruğa yerikləyənlərin quyruğa çevrilmələrinin, quyruğa dönmələrinin ağrısı, təəssüfü var Muradın şeirlərində. Onun şeirləri ruhu diri saxlamağa, həyalı olmağa, yaxşılıq etməyə çağırış şeirləridir. Bütövləşməyə, bülövləşməyə səslənişdir. Anladır ki:
Yaxşılıq, yaxşılıq, yaxşılıq elə
Dünyanın özünü yaşatmaq üçün.
Dünyanı yaşatmaq və özünü dünyadan qorumaq elminin müdrikliyi iç-içə yaşanır Muradın şeirlərində. Oxumaq, anlamaq və nəticə çıxarmaq hər kəsin öz vaxtına və baxtına hesablanıb...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!