Vaqif Bəhmənli - "Ana yuxu"da reallıq və mifin poetikası - Oqtay Abbas yazır

 

Çoxillik tarixçəsi olan vərdişimdir, "Azərbaycan" jurnalını, "Ədəbiyyat qəzeti" və "525-ci qəzet"i müntəzəm izləyirəm. Bu, Azərbaycan ədəbi mühitində baş verən yeniliklərdən xəbərdar olmağıma imkan yaradır. Dünya ədəbi prosesinin gedişatı barədə təsəvvür əldə etməyimdə də sözügedən ictimai, ədəbi nəşrlərin əhəmiyyətli rolu var.

Öz taxtını yenicə payıza təhvil verən isti bir yay günü "Azərbaycan" jurnalının 2023-cü il 2-ci sayını vərəqləyirdim. Jurnalın nəşrinin 100 illiyinə həsr olunmuş bu say Vaqif Bəhmənlinin "Ana yuxu" poeması ilə açılır. Demək artıqdır ki, Vaqif Bəhmənli ədəbi mühitdə, oxucular arasında yaxşı tanınan şairdir. Şeirləri, təkcə şeirləri yox, bütövlükdə yaradıcılığındakı yeniliklər həmişə maraqla qarşılanır, ədəbi tənqid tərəfindən yüksək qiymətləndirilir.

İlk gəldiyim qənaət belə oldu ki, mükəmməl bədii simvolikaya malik ana obrazının yaradılması şairin çoxdankı düşüncə yoldaşı, yerinə yetirilmə məqamını gözləyən bədii-estetik öhdəlik imiş. Başqa sözlə, yaranandan üzübəri ədəbiyyatın müraciət etdiyi əbədiyaşar və əbədiyaşıl olan ana mövzusunu Vaqif çoxdan, lap çoxdan ürəyində gəzdirirmiş. Bunu şairin nə zamansa oxuduğum bir şeiri də təsdiqləyir:

 

Ana haqqında

ana südü kimi pak və halal

bir şeirim olaydı keşkə -

mənim kimi

xas yetimin anası haqqında,

millətin anası haqqında,

planetin anası haqqında...

 

"Ana südü kimi pak və halal bir şeir yazmaq!" - ifadə olunma dərəcəsi bir yana, ən azı mövzu seçimi baxımından pak, müqəddəs niyyətdir. Çox güman ki, yaradıcılıq məsuliyyətini heç bir halda nəzərdən qaçırmayan ədib bu arzuya düşəndə də çoxlu bədii, mənəvi-əxlaqi mətləbləri qəlbən götür-qoy edib. Bilib ki, mətləbə varmaq naminə bir sıra başqa arzulardan imtina etmək, ağır yazı prosesinin mənəvi-psixoloji sarsıntılarına dözmək, daha dəqiq deyilsə, "ürək qanı ilə yazmaq" lazım gələcək...

Poemanı oxuyarkən nədənsə özümdə Vaqif Bəhmənlinin digər əsərlərini yenidən nəzərdən keçirmək ehtiyacı duydum. Gördüm ki, gəldiyim nəticə düzdür. İnsanın müxtəlif yaş dövrlərində varlığa, cəmiyyətə, cəmiyyətin ayrı-ayrı hadisələrinə münasibəti, təbii ki, dəyişir. Ana varlığına yanaşmada da əzəli münasibət, cövhər qalmaqla həmin fərqli anlamlar özünü göstərir. Müəyyən yaş dövründə "həyat uğrunda mübarizə mənbəyi" olan ana bəşəri dəyərə çevrilir. Öncədən deyildiyi kimi, Ana obrazının fərqli cəhətləri, müqəddəsliyi, həyatın ağrı-acılarına ləyaqətlə dözməsi, insanlıq üçün, öz övladlarının timsalında hər cür fədakarlıqlar etməsi barədə Vaqifin şeirləri çoxdur. Onun "Poeziya" üçcildliyinin ("Avrasiya Press", 2006) ikinci cildində "Analı, anasız dünya" bölməsi və yenə nəmin cilddə "Ağ bulaq" poeması, "Səndən özgə"də ("Çinar-çap", 2009) "Anama doğru", "Hamı"da ("Çağdaş", 2012) "Biz", "Beş damla"da ("Renessans", 2015) "Mərhəmət" bölmələrində sıralanan, dərin bədiyyatı ilə seçilən şeirlərin tam əksəriyyəti ana mövzusundadır. Təkcə bir kitabında - 2013-cü ildə işıq üzü görmüş "İşartı"da onun ana mövzusuna səkkiz dəfə müraciət etməsini də təsadüfi saymaq, ötəri hiss kimi qiymətləndirmək mümkün deyil.

Poemaya seçilmiş ad dərhal maraq doğurur, bəlkə də, mövzunun aktuallığını, daha dəqiq desək, ana surətinin övlad-şair dünyasında yerini əyan etmək məqsədi daşıyan bir vasitədir. Bunlar yozumlardır. Həqiqəti şairin özündən və yaradıcılığından öyrənmək mümkündür. Hər halda, yozula bilənlər də var. Bütövlükdə yanaşanda görmək olur ki, V.Bəhmənli məxsusi dəst-xətti olan, hadisələrə füsunkarcasına yaradıcı yanaşan, həcmindən, mövzusundan asılı olmayaraq hər bir əsərinin, hətta adını belə, zəngin bədii-estetik boyalar fonunda təqdim etməyi bacaran şairdir. Bu xüsusiyyətlər Vaqifin yaradıcılığında, həmçinin haqqında söhbət gedən poemada qabarıq şəkildə əksini tapır.

Poemanın adının gizli mənəvi-əxlaqi cəhətləri də var. Sual olunur: nə üçün məhz gizli? Fikrimizcə, dünyanın ən gülməli öyüdü "ananı sev" öyüdüdür. Ananı sev deməzlər, ondan elə danışarlar, ona elə münasibət göstərərlər ki, bu müqəddəs varlığı sevməmək mümkün olmasın. Bax, haqqında danışdığımız ad həm də bu məqsədə yönəlib: varlığından doymadığın, yoxluğu ilə barışmadığın, amma itirdiyin müqəddəs bir insanla bağlı arzulara yuxuda çatmaq!

Yazdığım kimi, poemanın məzmun və mahiyyətində bunlar hiss edilir. İllərdir şairin ürəyində yaşatdığı duyğuları böyük hərflə yazılan Oxucu ilə bölüşmək və məqsədinə çatacağına inamını ifadə etmək:

 

Əcəl nə mənədi gözlərim dolsun,

gözümdən yaş axsa, silməyəcəyəm!

And olsun Allaha, Göyə and olsun,

Öləndən sonra da ölməyəcəyəm!

 

And olsun Allaha, canımda nə var

sonda sığınacaq səbr evinə.

Böyrümə düşəcək dərələr, dağlar,

müsafir olacaq qəbr evimə.

 

Poemadan verilən nümunələr jurnalın adı çəkilən nömrəsindən götürülmüşdür.

 

Ana yuxuya qovuşmaq kimi bir diləyin cizgiləri görünməkdədir. Diləyə çatmaq üçün nə lazımdır? Əlbəttə, adi zamanlardan ciddi və maraqlı şəkildə fərqlənən yeni zaman. Bu zamanın ancaq bir forması var: gələcək zaman, özü də qətii gələcək. "Gələcək gəlməyə də bilər" düşüncəsini bu haləyə yaxın qoymaq olmaz. Yəqin ki, savaş mütləqdir, gələcək zamanla şairin savaşı. Kim qalib olacaq? Sualın cavabını ancaq Yuxu Ana ilə isti bir tanışlıqdan sonra vermək mümkündür.

Bu dünyada Adəm övladına ayrılan zaman qısa və sürətlə çapandır. Elə bil dabanları yanıb. Nəinki bütün arzulara çatmaq olur, heç canbir, qanbir insanlarla, əzizlərinlə də istədiyin qədərincə ünsiyyətə macal tapa bilmirsən. Bu, birinci cəhət. İkinci cəhət isə real dünyamız kimi abstrakt zamanın da büsbütün çirkaba bulaşması ilə bağlıdır. Axı, ən əziz, istəkli insanla həmişə daha saf, daha təmiz bir mühitdə (bu mühitə zamanı da daxil etməmək mümkün deyil) ünsiyyətdə olmağa can atırsan. Bəli, insan lap Qeysin aram tapdığı gözəl bir gəlinin ağuşu kimi məkan, eynən də zaman axtarır ən dəyişməz, dəyişilməsi istənilməyən anlarda. Və bu yerdə şairin fantaziyası köməyə gəlir. Bir də çox dərinə getməyə dəyməz, onsuz da Vaqifin yazdığı kimi, bu dünya "beca" dünyadır:

 

Əlimi sinəmin üstünə qoydum,

Dünyanın işini birəbir saydım...

Çox dildən eşitdim, çox dildən duydum

ötəri dünyadı, beca dünyadı.

 

V.Bəhmənli dünyanı həm də "hecaya" bənzədir, onun heca dünya olduğunu yazır. Dildə işlənən simvolların formalaşma yaşı elə dilin özü qədər qədimdir. Hər simvolun əsasında bir məna, bir həqiqət dayanır. Fikrimizcə, Vaqifin dünya kontekstində işlətdiyi "heca" məfhumunu ədəbiyyatda yeni simvol kimi qəbul etmək ədalətli olar. Nə üçün belə qənaətdəyəm? Deyildiyi kimi, simvolun ifadə etdiyi məna, məzmun onu səciyyələndirir. "Heca"nın mahiyyətində bir bölünmək (bölmək), parçalanmaq (parçalamaq) var. Şair də dünyaya acgöz münasibətləri, onu didib-parçalayanların gətirdiyi bəşəri fəlakətləri nəzərdə tutaraq, bu sözü ustalıqla mətnə gətirib:

 

Gözləri gülsə də, yanağı nəmdi,

Bəmi var zil kimi, zili var bəmdi,

Misrası sevdadı, rədifi qəmdi -

qafiyə dünyadı, heca dünyadı.

 

Aqilə cənnətdi, bağdı gəzməli,

Axmağa torbadı ağzı büzməli...

Ayaqlar altına salıb əzməli,

ərşə tən dünyadı, uca dünyadı!

 

Vaqifin əsərlərində poetik vizuallığın hasilə gətirdiyi inandırıcılıq güclüdür. Reallığın bədii təqdimatı V.Bəhmənli yaradıcılığında oxucunu inandıra bilir. Ona görə də Vaqifdə inandırmağa xüsusi cəhdlər, demək olar ki, yoxdur. Amma şair "Ana yuxu"da bu yanaşmadan kənara çıxıb. Görünür, yazdıqlarının reallıq-ifadə müstəvisində təqdimat istəyi onu belə yanaşmaya yönəldib:

Ömür uzanırsa biyaban kimi

Həyat çiçəklikmi, çiçək yuxumu?

Yuxu qorxuludu imtahan kimi,

Yozan tapılarmı gerçək yuxunu?

 

Günəş qürub çağı solduğu kimi

Bir rəngə boyayıb min rəng yuxumu,

sizə danışıram olduğu kimi

hər anı həqiqət, gerçək yuxumu!

 

Yada salaq ki, argentinalı Xorxe Luis Borxes ədəbiyyatı idarə olunan yuxu adlandırıb. Görünür, Azərbaycan ədəbiyyatında yuxunu idarə etmək və ona poetik çalar vermək imkanı Vaqif Bəhmənlinin qismətinə yazılıb. (Əlbəttə, işartılar, cücərtilər olub. Vaqif həmin işartılara qapı-pəncərə açıb, cücərtilərə boy verib.) Təsvirlərdəki inam oxucunu poemanın doğulmasının həqiqətlərlə bağlı olduğuna şübhəsini azaldır:

 

Yaltaq məqam üçün rüşvət verirlər,

Yaltaq dörd bükülüb, var yığır, bala.

Tərif yazanlara sərvət verirlər,

Sənsə yağlı töhmət alırsan, bala!

           

Vaqif poemanı qələmə alarkən keçirdiyi hissləri yüksək bədii zövqlə ifadə edir. Bu hisslərin hər nöqtəsində, hər bir hüceyrəsində humanist istəklər özünə yer tutur. Bu humanizm arxada qalmış həyat təcrübəsi, bugünün reallığı və sabaha açılan arzularla bağlıdır.

Bilirik ki, bəzən forma gözəlliyi naminə məzmunun əxlaqi-estetik dəyərinin kölgədə qaldığı hallar olur. V.Bəhmənli yaradıcılığında, o cümlədən, haqqında bəhs etdiyimiz "Ana yuxu" poemasında, bədii təsvir formaları məzmuna xələl gətirmir, əksinə, mənəvi aləmin inkişafı məqsədinə yönəldilir, məzmuna daxil olan hər bir element oxucuda əxlaqi keyfiyyətlər üzərində düşünmək ehtiyacı yaradır:

 

Düz dünya güzgülənir,

Baxmağa güzgüm olmur.

Aləm yuxuma girir,

anam yuxuma girmir...

Vallah bu düzgün olmur!

 

İlan yuxuma girir,

çayan yuxuma girir.

Anamı ağlar qoyan

Atam yuxuma girir,

anam yuxuma girmir...

 

Səbəb nədir? Səbəb nədir ki, istədiklərinin, istəmədiklərinin hamısı şairin yuxusuna girir, anasından başqa. Bu suala növbəti misralarda cavab tapırıq. Görürük ki, yuxarıda qeyd etdiyimiz kimi, səbəb ana sevgisidir. Övladının hələ uşaqlıqdan ölüdən qorxduğunu bilən ananın yuxusuna girməməsinin səbəbi belə bir incə məqamla bağlıymış:

 

Qorxu sızır ilikdən,

girmir yuxuma anam.

Bilir ki, körpəlikdən

mən... ölüdən... qorxuram!

 

Sonrakı misralar şairin ana yuxuya qovuşmaq istəyinin haradan gəldiyini bilməyə kömək edir:

 

Doyunca ata mehri görmədim körpəlikdən,

Üstəlik yuxuda da yetim qaldım anadan.

 

Artıq şair yaddaşında mifik təsəvvürlərin oyanışı dövrünün başlandığını görürük. Axı, bəşəriyyəti düşündürən qlobal problemlər içərisində ruh ən ilkinlərdən biri sayılır: bu təsəvvürlərin əsasında ölməzlik ideyası, insanın bir haldan başqa hala - ruh halına keçməsi düşüncəsi dayanır. Bunların mayası isə bu dünyadan köçmüş insan ruhu ilə əlaqə qurmaq, ünsiyyət saxlamaq arzusundan yoğrulub. Yaddaşım məni aldatmırsa, gərək ki, Deyl Karneginin fikirləridir: İnsan övladı tarixən 3 şeyi həmişə ilk yerdə dəyərləndirib. Bunlardan birincisi dindir. Müəllifin əsaslandırması da maraqlıdır: din insana bu dünyada itirdiyi əzizləri ilə nə vaxtsa görüşəcəyi inamını aşılayır. Bu, gördüyümüz, bizim tanıdığımız insanların, cismin cismlə görüşü olmayacaq. Görüşün baş tutmasının yəqin ki, elə birinci yolu da ruhlarla baş tutacaq.

 

Nəhayət, müəllifin arzusu çin olur:

Bir Novruz bayramında yalayıb baş daşını,

ötüb Aran yolunu, döndüm Bakıya yorğun,

Sıxdım yumşaq yastığa qurğuşun göz yaşımı -

            Anam yuxuma girdi.

 

Amma əbədiyyatda olan ananın yuxuya girməsi, sən demə, həmişə elə də cana məlhəm hisslər yaratmır:

 

Bir ana yuxusudu adam ömrü anladım -

Yalan sözdü deyirlər, insan sümük, ət imiş,

Anam yuxuma girmir! - deyib, nahaq inlədim,

Anaların yuxuya girməyi dəhşət imiş!

 

Vaqifi yaxından tanıyan biri kimi yazıram: əgər məndən "ən kiçik yaşlarından müdrik kimi tanıdığım adamların siyahısını" vermək tələb olunsaydı, bu siyahıya Vaqifin də adını əlavə edərdim. İndisə Vaqif həm də zaman etibarı ilə müdriklik yaşındadır. Onun anaların yuxulara girməsinin yaratdığı dəhşətin səbəbini ifadə edən fikrini hazırda anası olanlara bir nəsihət kimi qəbul etməklə səhvə yol vermədiyimi güman edirəm.

Poemanın davamı oxucuya bir qədər qəribə, bir qədər də nisgilli hisslər yaşadır. Özünü qarşında günahkar olduğun, rastlaşanda təmizə çıxmaq üçün tələm-tələsik üzrxahlıq etdiyin bir vəziyyətdə hiss edirsən. Vaqif bu məqamları şeirin və nəsrin qovuşağında təsvir edir: Sözüm ağzımda yarımçıq qalmışdı, elə də ciddi günahım olmadığını təkrar-təkrar xatırlayıb bu müqəddəs və qorxunc yuxudan hər necə olur bəraət qoparmaq istəyirdim. Çünki o dünyada heç nə müzakirə olunmur. Orada tərəzi təkgözlüdür və həmən o təkgöz tərəziyə qoyulub çəkilən nemətin tək adı var; o da əməldir!

Alınan cavab ana yuxunun əslində təkcə övladından yox, torpaqlarımızı, bu torpaqlardakı məzarlarımızı, digər müqəddəs yerlərimizi 30 il kafir tapdağında qoyanlardan, tarixi yaddaşa biganəlikdən əl çəkməyənlərdən, tutduğunu kor kimi buraxmayanlardan, əslində millətin faydasına olmayan bəzi şeyləri dəyər kimi təqdim edənlərdən narazı qaldığı kədərli bir ifadə ilə təsvir olunur:

Nədən narazısan, anır, gülürsən,

Ya bəlkə bir mətləb qanır, gülürsən?

Ulu məzarların yanır, gülürsən -

Gözün quyruğunda darıların var!..

 

Qaçıb satın aldın ilan deşiyin,

Səmtini itirdin evin-eşiyin...

İllərdi xan Şuşa kafər "beşiyi",

Bakıda üç yerdə qalaların var!

 

Allahdan qorxmalıyıqmı? Yeri-göyü silkələyən bir sualdır. Demə, Vaqif Bəhmənli ömrü də bu sualsız keçməyib, onun bəzən ilıq, bəzən tikanlı olan təsiri altına düşüb. Poemada dialoq formasında qurulmuş hissələr "mən kiməm, günahlarım nədədir, günahlarım böyükdür, yoxsa günahsızlıqlarım?"- kimi suallar min illərin insanını həmişə çətin düşüncələr qarşısında qoyub. Görünən odur ki, ana yuxu övladını daha saf, daha günahsız görmək istəyirmiş. Bəs cavabdeh olduğun günahların səbəbkarı kimdir? Allahsızlarmı? Bunlara şair özü cavab verir:

 

Oxucuyam, oxum yoxdu,

Duasız yuxum yoxdu,

Allahdan qorxum yoxdu,

Allahsızdan qorxuram.

 

Müftə sərvət şəllənib,

Dik-dik gəzib şellənib...

Pulu ton-ton, əlləri

qabarsızdan qorxuram.

 

Verilən parçada şairin həm də dünyanı necə görmək istədiyi öz əksini tapıb. Özü də birbaşa deyil, diskurs formasında ifadə olunub fikirlər. Yəni, dünyanın qorxduğu adamlar sırasında (bunlar adətən, Allahsızlar hesab olunur. Hətta bir tövsiyə də formalaşıb: Allahı həmişə başının üstündə gör!) V.Bəhmənli "müftə sərvətlə şellənən", "əlləri qabarsız, pulu ton-ton olan" adamları haqlı olaraq "qorxulu adamlar" dəstəsinə daxil edir, allahsızlardan daha çox onlardan qorxduğunu boynuna alır.

"Anlaşılması çətin olan yuxular" şairin yuxularını qarışdırır. Artıq bu yuxular peyğəmbərlə bağlı düşüncələrlə birlikdə şairi halbahal edir. Peyğəmbərlik verilməsindəki ədalətsizlik düşür yadına. Düşünür ki, bəlkə, bu ədalətsizlik baş verməsəydi, dünya da indiki kimi olmazdı. Yəqin, dünyanın daha gözəl ola biləcəyi barədə düşünən Vaqif yazır: Görəsən, niyə peyğəmbərlərin hamısı kişidir? Yüz iyirmi dörd min peyğəmbərin yüzdən biri qadınların arasından seçilsəydi, bəlkə də, biz tam fərqli, güman ki, daha səliqəli, daha səbrli, daha mərhəmətli, yuxuları daha qorxusuz dünyada yaşayardıq...

Ana yuxu sanki bir meyar kimi insanlara necə olmaq lazım gəldiyini çatdırmaq üçün mövcuddur, bu müqəddəs vəzifə tam şəkildə həya keçiriləndən sonra olmayacaq, qeybə çəkiləcək, rahatlaşacaq, başqa yuxulara oxşayacaq. Bütün bunlar üçün əsas şərt "Yaradanın adil olması" və bəşəriyyətin nicat yolu olan ağıldır:

 

Gərək adil ola böyük yaradan,

bəndənin boynuna minnət qoymaya,

Könüldən yarada, bir şərt qoymaya!

Yaranan içinə doğula gərək,

dərinə dalmaqdan bezməyə bir an,

işdi, qismətində boğulmaq varsa,

ağıl dəryasında boğula gərək.

 

Qarşımda yüz illər ərzində formalaşmış və müasir təsəvvürlərin vəhdətini yüksək bədii zövqlə, forma ilə məzmunun vəhdətində ifadə edən bir əsər var. "Ana yuxu" poeması forma və məzmunca fərdi düşüncələrin ifadəsi olsa da, bəşəriyyəti daimi düşündürən ideyaların lirik səpkidə inikası kimi Ana, Ana vətən, Ana torpaq ana-övlad münasibətləri haləsində təqdim olunur. Əsərin məzmunu zəngindir, həm də mürəkkəbdir. Amma Vaqif Bəhmənli şair məharəti və şair səliqəsi ilə bu çətini asan edə bilib.

 

Şabran, Çaraq

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!