Nərgiz CABBARLI
Sənan İsmayılovun imzasını fantastik hekayələr müəllifi kimi tanımışdım. Hətta rus dilində yazan bu müəllifin bir hekayəsini tərcümə edərək, ilk dəfə "Ədəbiyyat qəzeti"nə də təqdim etmişdim.
Aydın məsələdir ki, bu janrda əsərlər yazan yazıçılarımız azdır. Bu baxımdan faktın özü belə maraq doğururdu. Amma mənim diqqətimi çəkən inandırıcılıq səviyyəsi yüksək olan, dəqiq sxem-struktur üzərində qurulan, sanki mükəmməl mühəndislik qurğusu kimi bir-birinə keçən və bir-birini tamamlayan hadisə-hissələrdən ibarət bir konstruksiyanın (mətnin!), eyni zamanda da lirik duyğuların ifadəsindən, hisslərin, emosiyaların dəqiq təzahüründən xali olmaması idi. Maraqlıdır ki, eyni fikri elmi fantastika olmayan yeni əsəri - "Hər(i)flərin oyunu" əsərini oxuduqdan sonra da söyləyə bilirəm.
Sənan İsmayılovun bu əsərdəki əsas uğuru oxucunun diqqətini çəkən, xüsusilə də, dinamik şəkildə inkişaf etdirə bildiyi maraqlı, çevik süjet qurmasında, hadisələrin qəribə bir sürətlə bir-birini əvəzləməsində, dilinin səlisliyində (bədiiliyində, ifadəliliyində deyil!), yığcamlığında, yaratdığı situasiyaların gözlənilməzliyində (hətta qeyri-adi olmadığı halda belə, gözlənilməzlik çaları qazandıra bilir!), qaldırdığı problemə dərin səviyyədə yanaşmasındadır. Hətta qlobal problemlər qaldırmaq, onlarla bağlı çözüm yolları aramaq bacarığındadır. Bir də bu problemləri birbaşa ifadədə deyil (bir çox yazıçıların yol verdiyi yanlışlıq!), mətnin alt qatında, "gözə girmədən" təqdim etməsində və onlara geniş baxış bucağında, həm də dərininə baxa bilməsindədir.
Romanda yazdığı bircə əsərlə öz şöhrətinin zirvəsinə qalxan, lakin o zirvədə qalmaq üçün nə qədər çaba göstərsə də, buna nail ola bilməyən, nəticədə gözlənilmədən, özü də hiss etmədən gənc bir yazıçının (həriflərin!!!) qurduğu tələyə düşərək (hadisələrin zahiri gedişatı, əslində, bu tələnin mövcudluğuna, kiçik də olsa, işarələr edirdi!!!) aldanan, tənəzzülün, uçurumdan (yaradıcılıq zirvəsinin uçurumundan!!!) yıxılmanın bir addımlığına qədər gələn, lakin son anda belə düşdüyü vəziyyətdən xilas olmanın yolunu tapan (bu da müəllifin növbəti gözlənilməz gedişi, "tərs köşəsi" idi) bir yazıçıdan söhbət gedir. Müəllif Saltan Yusupun hansı ziddiyyətli ruh hallarından keçdiyini, hansı insani sarsıntılardan adladığını dəqiq, pafossuz və çox qəribədir ki, həm də emosiyasız, soyuqqanlı bir şəkildə ifadə edə bilir. Oxucu bu halları normal qarşılayır, anlayır, hətta acıyır da. Bəzən haldan-hala düşən yazıçının tapdığı çıxış yollarını gördükdə, buna sevinir də. Müəllif isə bu "sevinci" yaşada-yaşada soyuqqanlı bir şəkildə "yaradıcılıq tənəzzülü"nü təsvir edir, yaşanmış və qazanılmış şöhrətin itirilməsi və əldən verilməsi duyğusunun yazıçını itələyə biləcəyi yolları göstərir. Daha doğrusu, Onun əlindən yapışaraq o Yola gətirib çıxarır.
Əsər mətn içində mətn, roman içində roman texnologiyası ilə yazılıb. Oxucu bir mətn daxilində üç mətnə "yol alır", üç müxtəlif mətnə daxil olur. Yazıçının - Saltan Yusupun yaratdığı mətn, "yaşadığı" mətn və onun üçün (ondan istifadə edərək) Yazmağın yaratdığı mətn. Bu üç mətnin bir-biri ilə əlaqəsi Yazıçı - İnsan, onun iddiaları və istəkləri, cəmiyyətə təqdim etdiyi və məqsədli şəkildə yaratdığı Obrazla gerçək "Mən"i, "Eqo"su arasında əlaqə, Mətnin ötürdüyü (və ötürə bildiyi) gizli ismarıclar, Mətnlə bağlı fərqli yozumların və dərketmələrin mövcudluğu ("Mətn hər zaman fərqli yozumlara açıqdır" fikri) kimi düşüncələrin təhlili ilə bağlıdır. "Yaşının, qalxdığı yüksəkliyin istənilən səviyyəsində İnsan özünü anlamağa, dərk etməyə çalışaraq fərqli nəticələrə gələ bilər" qənaəti bütün mətn boyu oxucunu narahat edir. Hətta Yazıçının yaratdığı əsərin "Yüksəklik" adının özü belə mətn boyu oxucunu izləyərək ona "tənəzzülün varlığı"nı xatırladaraq hər zaman "tətikdə saxlayır".
"Yüksəklik" Saltan Yusupun yaratdığı əsərin adı olmaqla yanaşı, əldə etdiyi zirvəni, əldən vermək istəmədiyi zirvəni, bir də Özü, "Mən"i ilə cəmiyyət arasında yaratdığı uçurumu simvolizə edir.
Sənan İsmayılov bu əsərində də dəqiq, az qala, ən xırda incəliklərinə qədər düşünülmüş, bir-birinə keçən və bir-birini tamamlayan süjet konstruksiyası qurur. Lakin əsərdə qəribə bir "səhnə" estetikası da var. Buna əsərin səhnə ilə başlaması və səhnədə bitməsi də səbəb ola bilər. Lakin hadisələr elə bir şəkildə inkişaf etdirilir ki, səhnə əsərindən bəhs edən (hadisələrin əsasında bu əsərin yaranma prosesi dayanır) əsəri sanki səhnədə izləyirsənmiş kimi bir təəssürata qapılırsan.
Sənan İsmayılovun yaradıcılığını fərqli və maraqlı edən cəhətlərdən biri də, detektiv janrından ustalıqla mənimsədiyi bəzi texnikaları öz əsərlərinə tətbiq etməyi bacarmasıdır. Bu əsərdə də "səhnə"dən-"səhnəyə" böyük bir maraq hissi ilə adlayırsan. Hadisələrin gedişatı sonluq haqqında əvvəlcədən ən xırda işarə belə vermir. Bəzən şübhə doğuran məqamlar görünsə, belə.
Sənan İsmayılov əsərlərində hər zaman fərqli (mənalı) ad yaradıcılığından istifadə edir. Bu adların obrazların gerçək mahiyyəti ilə əlaqəsi olmaqdan başqa, rusdilli yazıçının əsərində Azərbaycan dilinin izini daşımaq kimi bir missiyası da var. Amma maraqlıdır ki, müəllifin əsərlərində bundan başqa milli kimlikdən, milli koloritdən, hətta məkan koloritindən xəbər verən hansısa, zahiri izə rast gəlmək çətindir. Lakin... "Həriflətin oyunu"nda zahiri deyil, daxili bir əlaqə fərqi müşahidə edildi. Saltan Yusup köklərinə bağlılığı olan və bu bağlılıq atası vasitəsilə yaradılan bir obrazdır. O, hətta yazıçı olmaq istəyinə də bu bağlılığa "bağlılıq" sayəsində düşüb.
Saltan Yusupla söhbətində atasının öz qədim köklərindən, nəslindən, onun şanlı nümayəndələrindən danışaraq: "Hə... Heç mənim də əlimdən bir şey gəlmədi. Axı bu, sadəcə, vicdanla yaşamaq və yaxşı işləmək məsələsi deyil. Bu həyatda güclü olmağı bacarmaq lazımdır. Elə bir işlə məşğul olmaq və elə yaşamaq lazımdır ki, səndən sonra Adın qalsın. Adın mütləq yaşamalıdır! Əgər buna nail olsan, həmin adla birlikdə bütün əcdadlarımızın xatirəsi də yaşamış olacaq", - deməsi Saltan Yusupu Yazıçıya çevirir. Yəni bütün həyatını istiqamətləndirir.
Əsərdə Yazıçı, Yazmaq, Kantər obrazları çox uğurlu və maraqlı alınıb. Kantər, hətta tipaj səviyyəsinə belə çatdırılıb. Onun qeyri-adi görünüşü və daxili ilə zahiri arasında uyum (eyni zamanda da ziddiyyət!!!) oxucunun hafizəsinə köçə biləcək səviyyədədir.
Əsərdə qaldırılan yalnız bir Yazıçının yaradıcılıq tənəzzülü yaşaması və bu zaman yol verə biləcəyi yanlışlıqlardan deyil, ədəbi nəsillər arasındakı problemlərdən də bəhs edilir. "Uğursuz inqilabçı" adlandırılan obrazın Yazıçıya "Sizin "Yüksəkliy"iniz bizim o qədər də böyük olmayan bu ölkəmizin ədəbi ictimaiyyəti üçün böyük problemdir", deməsi və "Yüksəklik" adlandırılan və bu səviyyədə təqdim edilən bir əsərdən daha "yüksək" əsər yazılmasının çətinliyindən danışması tanış mühitin tanış situasiyasıdır.
Roman "tərs köşə" bir zərbə ilə tamamlanır. Gənc yazıçının əsərini pulla satın alan, onu öz adı ilə çap etdirən Saltan Yusup sonda etdiyi böyük yanlışlığı etiraf etmək üçün səhnəyə - oxucuları qarşısına çıxarılır. Bu "edam" onun sonu olmalı idi. Oxucu həyəcan və narahatlıq içərisində bunu gözlədiyi anda başqa bir vəziyyətlə üzləşir. Bu isə yazıçının uğuruna çevrilir.
"Hər(i)flərin oyunu" fərqli yazı üslubu və texnikası olan maraqlı bir əsərdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!