Qədim janrın müasirliyi - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Bilalla tanışlığımızın 20 ilə yaxın tarixi var. Mən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri işləyəndə (2007-2012) o, tez-tez yanıma gələr, vaxtım az olsa da bu zahirən Şərq müdriklərinə oxşayan maraqlı adamın qeyri-adi söhbətlərinə diqqətlə qulaq asardım. Mən ağır xəstə olanda (2016-2019) Bilal vaxtaşırı evimizə gəlib mənə baş çəkərdi. Təxminən bir il öncəki gəlişində o, mənə uzun bir qəsidə oxudu.

1985-ci ildən üzvü olduğum və bununla həmişə (40 ilə yaxındır ki!) fəxr etdiyim AYB-nin üzvlərinin az qala 70%-i şairdir. Bunların az bir qismi əsl şair - ilahi vergisi olan istedad sahibləri, əksəriyyəti elə-belə "söz qoşan şairdir". Belə düşüncələrlə Bilalın qəsidəsinə qulaq asdım və dedim ki, bu unikal janr son vaxtlar unudulub, qəsidələrindən 5-10 nümunə gətir tanış olum və Bilal bir neçə vaxtdan sonra bəzi nümunələr gətirdi...

Qəsidə Şərq (Azərbaycan) ədəbiyyatının ən qədim janrlarından biridir. Qəsidənin mənşəyi, yaranma tarixi islamiyyətdən əvvələ - cahiliyyə dövrünə təsadüf edir. O, ərəb lirikasının janrıdır. Belə bir fikir mövcuddur ki, qəzəl əvvəlcə qəsidənin bətnində olub. Nəsib adlanıb. Sonrakı zamanlarda ondan ayrılıb, müstəqillik qazanıb. Ədəbi-nəzəri fikirdə bu məsələ mübahisəlidir. Mübahisəsiz olan budur ki, qəsidə sinkretik janrdır. Ərəb qəsidəsi süjetli xarakterə malik idi. Qəsidəşünas V.Feyzullayeva yazır: "Qəsidə ərəblərin şeir forması olub, ümumiyyətlə, Şərq poeziyasında uzun mənzumə şəkillərinə verilən addır. Ərəbsə "qəsd etmək", "yönəltmək" mənasına gələn qəsidə kökündəndir. Bu növ mənzumələr, əsasən, müəyyən bir məqsədlə yazıldığı üçün belə adlandırılmışdır.

Qəsidələr nət, tovhid, minacat, mərsiyyə, mədhiyyə xarakterində olub. Ərəblərdə qəsidənin qəzəl, hica, etiraz, rica, məhniyyət, təzhir, zövdiyyət, xəmriyyət, məvaiz kimi bir sıra başqa növləri də olmuşdur. Qəsidələr 15 beytdən 120 beytə qədər ola bilər" (V.Feyzullayeva. "Füzulinin qəsidələri". Bakı. "Elm", 1985.s.4-5).

Ümumiyyətlə, qəsidə dəbdəbəli janr hesab olunur. Dahi şairimiz M.Füzuli  qəsidələr "Divan"ının müqəddiməsində yazıb:

 

Məsnəvi usulu, qəzəl sənəti

Qazanmış olsa da aləmdə şöhrət

Lakin bir eybi var, ifratla təfrit

Nə onda dad qoymuş, nə bunda ləzzət.

Təkcə qəsidədir hər xeyir işdə

Cilvələr saçaraq sayılır sənət.

 

Həqiqətdə, qəsidə mübhəm ifadələr meydanı və mətin mənalar məkanıdır. Onun sətirlərinin səfləri padşahlara xütbə mənbəridir" (Füzuli. Əsərləri, 6 cilddə, IV s. Bakı, 1996, s.25).

Füzuli qəsidələri "dövrandan sitəm görmüşlər", "qiymətsiz daş qırıntıları və dəyərsiz dağınıq muncuqlar" adlandırıb.

İnsan xislətində iki ali hiss var: ağlamaq və gülmək! Qəsidə sevinclə (təriflə) qəm, kədər, məqtəl (qətl kitabı) ifadə edən lirik - fəlsəfi janrdır.

Məhz bu kontekstdə Bilalın qəsidələrinə nəzər salaq, onların poetik və estetik-fəlsəfi mahiyyətini zikr edək.

Ümumiyyətlə, qəsidə müəmmalı janrdır. Bilalın qəsidələri müasir oxucu üçün çox çətin anlaşılan tərzdədir, onları anlamaq üçün dərin filoloji savadın poetika nəzəriyyəsinə, Şərq estetikasına bələd olmaq lazımdır. "Bilənlər bilir" (şair özü heç bir qəsidəsinə ad qoymayıb!) qəsidəsi 21 beytdən ibarətdir. Bu qəsidə klassik üslubda yazılıb, şair dünya, yaranış, idrak, insan, yer-göy, asiman, qəbr evi kimi anlayışlarla, "bilənləri" arifləri, irfan əhlini vəsf edir:

 

Köçünü tutaraq qət edir yolu,

O pərvərişini bilənlər-bilir.

 

Əzada sayəndə halətin qurub

Fəhmin gərdişini bilənlər bilir.

 

Özünə məxsusdur qapı-bacası,

Çıxış-girişini bilənlər bilir.

 

Yolçusu olmuşuq əzəldən yolun,

Bu gün keçmişini bilənlər bilir.

 

Həyat bir günəşdir, doğur və batır

Aləm gərdişini bilənlər bilir.

 

Bu çərxi-fələyin çaqa-çuxu var,

Ərşini-fərşini bilənlər bilir.

 

Bilal, bu ədada dühalarmı var? -

Dünyanın işini bilənlər-bilir.

 

Min illərdir ki, poeziya xüsusən, qəsidə janrı "dünyanın işini" bilməyə çalışır. Hələ də bu cəhd tamamlanmayıb. Bilalın qəsidələrində dünyanın insan ağlından əlavə, həm də fəhmlə duymaq, həsrət gözü ilə görmək ümidi poetikləşir.

Şübhəsiz ki, Bilal "o dünyanın" varlığına, cənnət və cəhənnəm olacağına inanır. Ona görə də insanı bu dünyada "o dünyanı" qazanmağa səsləyir:

 

Yatıb dala qalanlara

            nə cənnət var, nə cəhənnəm,

Əcəldən kəm olanlara

            nə cənnət var, nə cəhənnəm.

 

"Nə cənnət var, nə cəhənnəm" rədifli qəsidəsində Bilal "Öz xəlqini satanlara nə cənnət var nə cəhənnəm" deyir, "İmandan bixəbər olub abi-kövsər içməyənlərə" üz tutur.

Bilal, xəbərdarlıq eylə, orda gəda-güdaları

Ulaq yükü qatanlara

            nə cənnət var, nə cəhənnəm.

 

Beləliklə, şair cənnət və cəhənnəmi bərabər tutur, necə ki, Əzrayıl da, Cəbrayıl da eynilə mələklərdi, cənnət və cəhənnəmə də o dünyanın paklığına xidmət edən ilahi məkanlardır.

"Hakimi-mütləq" qəsidəsi Ulu Tanrıya həsr olunub:

 

 

Ona zikr eyləyir gecə-gündüzü

Eşqində büsata hakimi-mütləq.

 

Sahibi zamana sahibdir özü

Bil ki, kainata hakimi-mütləq.

 

Doqquzu məfhumdur, feddisi içrə,

Ərşində o qata hakimi - mütləq.

 

Göründüyü kimi, burada şair kainatın sirrini rəqəm mistikası ilə izah edir.

"Sahibi zaman"ın göyün yeddinci qatında olması barədə dini ehkam bu qəsidədə poetik-fəlsəfi məzmun kəsb edir. Şair özünü də orda hiss və dərk edir:

 

Bilal, yer ayrılıb sənə orada

Elmi xərabata hakimi mütləq.

 

Burada bir qədər fəxriyyə ruhu da var. Şeirdə belə mənalı misralar da yer alır:

 

Qəyyumlar həyata hakimi-mütləq,

Burda məxluqata hakimi-mütləq.

 

Olubdur təyin onun varlığı

Lüzumda isbata hakimi-mütləq.

 

İfadəsindədir bu mlkdə hər şey,

Tənqidə ovqata hakimi-mütləq.

 

Bilal bu qəsidədə Şərq şeirində, dini-fəlsəfi fikrində, xüsusən, Nəsimi poeziyasında yer tutan zat və sifat terminlərindən istifadə edir:

 

Aşikar, gizli olan buna sübutdur,

Sifatında zata hakimi-mütləq.

 

Varlıq aləmini yaradan odur

Əsrdə mövcudata hakimi-mütləq.

 

Hürufilikdə sifat Allahın surətidir. "Fəzlullah sifat deyəndə Allahın insanlar içərisində zahir olma, şəxslənmə formalarını nəzərdə tutur" (Əliyev R. "Cavidannamə: monotenizmin dördüncü kitabı. Bakı, 2016, s.74).

"Zat" isə mahiyyət, Allahın subyekti, özüdür, Allahın insan sifətində zühur etməsi - şəkillənməsidir.

Bilalın qəsidələri ənənəvi formatdan bir qədər kənara çıxır. Fəqət, ənənəvi rəmzlərdən kəm deyil. "Rəbbülaləmin" rədifli qəsidəsi bu mənada diqqəti cəlb edir.

Bu qəsidə Allahın kimliyinə, onun şəninə həsr olunub.

 

Kainatın şahi Rəbbülaləmin

Yaradıb dərgahi Rəbbülaləmin.

 

İbadətimizdə pirim qəmim

Mülkdə - bismillahi Rəbbülaləmin.

 

Şəmini yandırıb əhli - Tacavvüzə

Məqamda "Pənccahar"ı Rəbbülaləmin.

 

Yaşam ünvanımı Can başa salıb

Buyurub o "Rah"u Rəhhülaləmin.

 

Bir "Ol" hökmü ilə aləmi qurub

Qəmlər ilə ahı Rəbbülaləmin.

 

Nişanı qalıbdır ömrümə bir pay

Əzəlində gahi Rəbbülaləmin.

 

Küşeyi - "Sağ"ında, Bilal, "Ya" "Sin"

Oxuyub Məddahi Rəbbülaləmin.

 

"Kainatın Şahı", "dərgah", "Pir", "bismillah", "əhli-Təcavvüf", "Can", "rah", "Yasin" - bunlar dini - mistik, sufi - hürufi anlayışlarıdır. Bilal bu anlayışlardan məna və poetik məqamında istifadə edir. Məsələn, bu qəsidədə  işlənən "Can" vücudda Allah mənasnıda işlədilib.

Nəsimi "Söz" qəzəlində "candır insan", Füzuli "Söz candır əgər bilirsə insan" deyir.

Bilalın bu qəsidəsində belə bir misra var: "Nişanı qalıbdır ömrümə bir pay". Bu məndə Allah nişanı var, Ənəlhəq deməkdir. "Haq-təala insan oğlu özüdür" (Nəsimi) deyimi tərzindədir.

Dünyadan bərk-bərk yapışanlara anadilli ədəbiyyatımızda ilk "Divan" yaratmış Qazi Bürhanəddinin müdrik misralarını xatrladıram:

 

Gələn birdi, qalan birdi, qalan bir

Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.

Deyirlər ki, bir əvvəl var, bir axır,

Yalan sözü nə əvvəl var, nə axır.

 

Bu poetik-fəlsəfi, ədəbi-tarixi kontekstdə müasirlik müstəvisində Bilalın qəsidələri - "dövrandan sitəm görmüşlər" (Füzuli) daha aydın dərk olunur.

Əlbəttə, desək ki, Bilalın qəsidələri janrın tarixi poetikası baxımından qüsursuz deyil - bu doğru olmaz: söz israfçılığı, üslubu mürəkkəblik, bəzi hallarda məna boşluğu bu qəsidələrin əsas nöqsanları hesab oluna bilər.

Müasir zamanda az qala unudulmuş bu qədim və çətin, bədii-fəlsəfi janra cəsarətlə müraciət etməsi Bilalın öz yolu olan şair kimi yaradıcı hünəri, milli ədəbiyyata xidmətidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!