Müasir Azərbaycan ədəbiyyatı oçerkləri: Qan Turalının həyat praqmatikası - Tehran ƏLİŞANOĞLU

Tehran ƏLİŞANOĞLU

 

Qan Turalı (1984) müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yetirdiyi parlaq imzalardan biri, yazıçı, publisist, esseistdir. Şeirləri, esseləri, hekayələri, romanları, ədəbi və jurnalist fəaliyyəti ilə yeni düşüncə tərzinin, postmodern yanaşma və üslubun ədəbiyyatımıza yeriməsində fəal rol oynamışdır.

Qan Turalı (Tural Oqtay oğlu Cəfərov) ədəbi-ictimai fəaliyyətə publisist kimi  başlamış, "Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində aktual-problematik yazıları, ədəbi-bədii esseləri ilə tanınmışdır.  "Azadlıq" qəzetinin köşə yazarı (2006-2011) kimi məşhurlaşan Qan Turalı həmçinin Abzas.net adlı internet jurnalının qurucusu və redaktoru olmuş, 2011-ci ildən müasir ədəbi prosesdə məxsusi yeri olan Kulis.az internet jurnalının baş redaktoru olaraq fəaliyyətini sürdürmüşdür. Hazırda o, Azərbaycan Dillər Universitetində Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi kimi çalışır.

Qan Turalı Azərbaycan ədəbiyyat məkanında yeni, XXI əsr bədii-estetik meyllərinin əsdiyi, postmodern şüar və manifestlərin intensiv şəkil aldığı, getdikcə trendə çevrilməyə başladığı dövrün yazarı olub, tezliklə bu cərəyanı gəlişdirən Azad Yazarlar Ocağının (AYO) fəallarından biri kimi ad çıxarır. İlk şeirlərini, bir çox əsərlərini qurumun ədəbi orqanı olan "Alatoran" jurnalında çap etdirən Qan Turalının "Elektronik sevdalar" (2006) adlı ilk şeirlər kitabı da "Azad Yazarlar Ocağının kitabxanası"ndan, Gənclər və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə işıq üzü görür, Qan Turalı kollegial idarəetməyə önəm verən AYO-ya az bir müddət rəhbərlik də etmiş, bununla belə, ədəbi-ictimai fəaliyyətində sərbəstliyə can ataraq hər hansı qurumların (AYO, MKM, Kulis) fövqündə olmağı bacarmışdır.

Yaradıcılığında nəsrə üstünlük verən Qan Turalı şeirlər kitabından sonra ilk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" uzun hekayəsini ("Alatoran" jurnalı, № 13, 2008),http://ann.az/az/qan-turalidan-yeni-kitab-foto/ "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusunu (2012), "Mustafa" (2011) və "Fələk qırmancı" (2016) romanlarını, "Doqquz hekayə"  (2014) və "Ayna" (2019) hekayə kitablarını çap etdirmişdir.

Ədəbiyyatın missiyası, cəmiyyət və insan həyatında yeri barəsində gənc yaşlarından ciddi düşünən Qan Turalının ən müxtəlif janrlarda yazılarını birləşdirən xətt - yazıçının həqiqət axtarıcılığı, zamanın sürətlə dəyişən ritmini, ahəngini, qlobalizə əsrinin "tələb və təklifləri"ni milli ədəbiyyata gətirmək cəhdidir. Bu yolda o, başlıca əngəl kimi milli varlığın və düşüncənin sxolastikasını görür və oxucunun nəzərində onu dağıtmaq yolunu tutur: "Həqiqət canlıdır, müasir insanın mənəvi dünyası çalpaşıqdır, yaşadığı cəmiyyət çox mürəkkəbdir. Adi bir sevgi şeirlərinə baxsanız, Füzulinin dövrümüz üçün çox köhnəldiyini görəcəksiniz..." (Qan Turalı, Elektronik sevdalar, Bakı, "Qanun, 2006, son səhifə)

Müasir Azərbaycan ədəbiyyatının korifeyi M.F.Axundzadədən bugünə ədəbiyyatımızda zaman-zaman aktuallaşan "Füzuli polemikası" Qan Turalı üçün də cəlbedici görünür və yaradıcılıq yolunda bu məqama hələ çox öcəşəsi, təkrar-təkrar qayıdası olur.

Gənc yazar həqiqət axtarıcılığına ilk olaraq "Elektronik sevdalar"dan çıxır, başlıca müttəfiqi də sevgidir: "İllər öncə bir sevgilim vardı/ universitetdə 3-cü kursda oxuyanda/ ürəyimi ona açmış/ elə oradaca/ operativ formada rədd cavabı almışdım..." Bu, eşq deyil, "Füzuli sevgisi" deyil; gənc şair rəmzlərə, idealizəyə, atributların, substansiyaların əlavə mənalarla yüklənməsinə qarşıdır:  "Sözüm onadır ki, şeir özü də dəyişməlidir, dövrün nəbzini tuta bilməlidir..." (Qan Turalı, Elektronik sevdalar, Bakı, "Qanun, 2006, son səhifə). Postmodern epoxada "əsil"liyi olan nəsə tapmaq müşküldür, nə varsa  "simulyakr"dır, görüntüdür; və "bu hadisə"nin sonu onunla bitir ki, qəhrəmanın sevdiyi qız özündən "12 yaş böyük damad"la nişanlanır, "Rusiyanın uzaq bir yerinə gedəcəklərmiş"; nə yerin adı, nə telefon nömrəsi yadında qalsa da, bircə: "amma universitetin çıxışında/ sol tərəfdə/ olan skamyanı görəndə/ yadıma düşür / qıvırcıq saçlı sevgilim/ səni sevirəm demişdim orda/ əynində qırmızıya çalan köynək vardı/ saçları arxaya daraqlıydı/ orası da yadımdaydı" ("Onlardan biri")

Qan Turalı şeiri prozaik həqiqətlərdə axtarır və sırf prozaik şeirlər yazır. İnşaatda çalışan, "azadlıq prospektində/ nəsimi bazarına yaxın yerdə", "16 mərtəbəli/ 7-si tikilib/ deyəsən 9-u qalmış" binada, "qazancı günə 3 şirvan" olan sevgilinin "tək sevinci yuxular"dır, "salyanda qalmış sevgili"sini "görməyin yeganə çarəsi" olduğu üçün: "yuxu görmək imkanım çoxdur/ buna görə işimi sevirəm/ mən inşaat fəhləsiyəm" ("Mən inşaat fəhləsiyəm"). Sevdiyi evli olan sevgilinin soyuq iztirabları: "sevərdin məni/ ondan min qat daha artıq/ hələ də sevirsən/ utanırsan məhəbbətindən/ amma həya mane deyil sevgiyə..."; "soyuq" - ona görə ki: "indi də unuda bilmirəm/ amma gərək unudum/ yaşamağın şərti olub/ səni unutmaq" ("İndi evli olan sevgiliyə"). ..."saçlarını üzünə tökən/ saçlarının arasında yaşayan qızı" "ağ atlı oğlanından/ cahanından" xəbərsiz olsa da sevgisindən bilən kitab intellektualı: "indi "onu tanıyıram" deyə bilərəm artıq/ Verterin iztirablarına birgə şərik olmuşuq/ kar Bethovenə acımışıq/ Royal arxasında romanını yarımçıq buraxmışıq/ səni məni üzənləri çox danlamışıq bərabərcə..." ("Ona yazılan şeir") və s.

Qan Turalı poetik axtarışlarında qəlibləşmiş şeir qaydalarını kənara qoyur, poeziya tarixindən gəlmək istəmir, şeiri birbaşa qəhrəmanının həyat ritmlərinə kökləyir, "Modern şeir müasir insanın düşüncə sistemini anlamalı, bundan çıxış etməlidir" (Qan Turalı, Elektronik sevdalar, Bakı, "Qanun, 2006, son səhifə) - deyir. Hazırkı postmodern dünyada ən müxtəlif həyat ritmlərinin yanaşı, öz şeirini yaratması bəllidir, gənc şair bunu Azərbaycan dilində və düşüncə tərzində gerçəkləşdirməyə səylər edir. "Telefonun ekranına/ Message not delivered deyə/ bir yazı çıxması/ sənin uzaqlarda olduğunu göstərir/ ən azı Bakcellin əhatə dairəsi xaricindəsən/ ona görə də əlçatmazsan..." ("Yay düşüncələri") Mətn həm mündəricə-yaşam, həm də poetik akt etibarilə "tarix"dən tam kənarda, yəni bugünə bağlıdır. Bircə not kifayət edir ki, passaj "tarix"də də, poeziya sırasında da (bənzətmə olaraq) yerini tapsın; bəndləmə belə bitir: "...ona görə də əlçatmazsan/ Kleopatra kimi" .

Qan Turalının şeir qəhrəmanı internet əsrinin, mobil əsrin sakinidir. Təkcə ona görə yox ki, şeirlərində mobil telefon daimi atributdur, az qala bütün mətnlərdən keçir. Həm də elə ona görə ki, "mobil"siz bu insanı təsəvvür etmək mümkünsüz. Hətta "Elektronik sevdalar" balladasının qəhrəmanı telefonun özüdür: "mən indi Nokia 6210-am/  sənin cib telefonunam/ 70 dollar verib aldın məni Mobiteldən/ o an elə sevindim ki..." - XXI əsr maşın əsridir, insana xas aşiq obrazını da maşın üzərinə götürür - "...elə o gündən sən hər telefon açanda/ titrəyirəm/ sən də bunu vibrasiya sanırsan" ("Telefon"). Sevgiliyə ən yaxın təmasda cib telefonudur və ballada bu cavabsız eşq macərasının soyuq dramatizmini təfərrüatları ilə ("İlk görüş", "İlk müşahidələr", "İlk danışıq", "İlk tanışlar", "Gəzinti", "Xəyanət", "İlk etirafım", "Avtobusda", "Metroda", "Nağıllar dinlərkən", "Son") süjetə gətirir: "amma sənin xəbərin yox sevgilim/ xəbərin yox/ mən sənin cib telefonun olmuşam indi/ içimdəki sıxıntının səbəbi də bu" ("Elektronik sevdalar")

Başqa bir "SMS-lər" silsiləsində gənc yazar mobil telefon sms-lərini özlüyündə şeir forması kimi kəşf edir və formatlaşdırır: "Ad günündür/ mesaj yazmıram/ etirazın loyal forması"; yaxud: "əsgər yeməkxanasında/ çörək davası/ cəngəllik qanunları hələ də yaşayır". Yapon hoykularını, yaxud aforistik mətnləri xatırladan bu deyim tərzi günün ifadəsində çevik və sərrastdır: "xatirələrlə dolu otaq/ arzulara yer yox"; soyuq əsrin duyğusallığı da məhz Sms ölçüsünə sığır: "Bircə Yesə basmaq qaldı/ bir də mənim qürurum/ səsini eşitməkçün"; daha əyani detallarda: "kazarma/ əsgər söyüşləri/ corab və tər qoxusu/ tumbuçkanın gözündə gülümsəyən/ sən"; daha sərt, gündəmli: "Bəzən yaşamaq/ unutmağa bağlıdı/ unutduğun qədər yaşayırsan" və s.

Maşınlaşmış dünyada insanın yerini çox vaxt robotların tutması ilə bitmir, insanın özü də maşınlaşmış olur. Silsilələrdən birini Qan Turalı "Ehtirassız şeirlər" adlandırır; bu dünyada "Azadlıq nəğməsi" də daha azadlıq təşnəsi kimi səslənmir, bilmərrə keçmişin ehtirassız inkarı olur: "mənə əsarət kimi görünəcək/ keçmişlə bağlı hər şey...". "Romantik görüş" həddən artıq uzaq və həsrətsiz başa gəlir: "Üç sevgili/ yeddi telefon/ Altı iş yeri/ İki prezident/ bundan sonra/ sənə dönəcəyəm..."; "Həbsxanadan məktub" həddindən çox səbrsiz: "səni çox özlədim/ həbsxana həbsxanadır/ 15 gün, 15 il fərq etməz/ qadınsızdır həmişə..." "Yenidən yazılan şeirlər" sisiləsində günün şairi dekonstruktiv yanaşma nümayiş etdirərək, daha yaşlı AYO-çu şairlər - Rasim Qaraca, Azad Yaşar, Aqşinin mətnlərindən aldığı poetik ovqatı praqmatik notlara çevirir. Və hətta qəhrəmanını bu sarıdan (romantik halədən praqmatikaya) Nüsrət Kəsəmənlinin yarım əsr öncəki sevgi tarixçəsi ilə sınağa çəkir. Nüsrət Kəsəmənli: "Mən səni unuda bilmirəm axı/ Unutsam nələri unudam gərək/ Göylərə baxmışıq aylı gecədə/ Unutsam göyləri unudam gərək..." və s. ("Səni unutsam") Qan Turalı: "Mən səni unuda bilmirəm axı/ Unutsam şəhəri unudam gərək/ Birlikdə minmişik gecə metroya/ Unutsam metronu unudam gərək..." və s. ("Səni unutsam")

Qan Turalı şeirlərində nə qədər prozaikdirsə, esselərində əksinə, şairdir. Esselər kitabına yazdığı önsözdə: "Bu kitabı nəsr kitabından çox, şeir hesab edirəm, çünki hər nə qədər cümlələrin mübtəda-xəbəri yerində olsa da, şeiriyyatı ilə poeziyadır və deyəsən mənim yarımçıq şairliyimin davamıdır" (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 4) - deyir. Yazıçının rəyincə, esselər onun yaradıcılığında şeirdən nəsrə keçidi simvolizə edir və hazırlayır.

Şeirlərində olduğu kimi, esselərində də Qan Turalı "Füzuli sevgisi" ilə ayaqlaşmaq, "öcəşmək" qəsdindədir; amma onu əhatə edən sərt reallıqlar dünyasında gənc esseistin söykənə biləcəyi yeganə instansiya yenə də "O Sevgi"dir: "Bu kitab fərdi sevgilərdən danışır. Füzulinin mədh etdiyi O Sevgini yaşadanlar, hələ də var. Riyakarlıq mühitində özü olmağa çalışanlar, hələ də var. Cəmiyyətin içindəki şikəstlik ruhundan, məğlubiyyət ovqatından xilas olub, öz fərdiyyətinə can atanlar, hələ də var..." (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 9) Belə ki, dünyanın prozaik halını "eşqsizlik"də görən, təsbit edən esseist sanki xilas yollarırını Sevgidə, sevgiyə sığınmış şeiriyyatda axtarır: "Bu fenomenin bizə verdiyi imkanlar eşqdən danışa-danışa, cəmiyyət həyatına da nüfuz etmək imkanı qazandırır, hərçənd cəmiyyət çoxcəhətli varlıqdır, onu ancaq eşqlə izah etmək mümkün deyil, amma eşq pəncərəsindən görünən cəmiyyət də maraqlıdır, bəlkə də cəmiyyətin indiyənə qədər heç fikir vermədiyimiz tərəfini eşq pəncərəsindən görürük..." (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 8)   

Qan Turalının esseizmi publisist yüklüdür, yaşadığı cəmiyyətin ağrılarını ehtiva və ifadə edir, həm də konkret, problematik, ideya-məzmun ağırlığı ilə. Esseistə görə, "Azərbaycan cəmiyyəti eşqsiz bir cəmiyyətdir", hətta "Qarabağ boyda nakam sevgisi olan xalq"ın "hələ də problemin həllini özündən aralı görməsi", populizmə, "demaqogiyaya, ya da pafoslu millətçiliyə" uymasını da (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 8-9) gənc esseist bununla izah edir. Sonrakı tarixi qələbələrimiz, realda Qarabağ sevgisinin daha da dərinlərdə gizləndiyini üzə çıxarsa da, esselərində Qan Turalı hələ ki, çarəni sevgisizlik mühitini çözməkdə görür: "Nə qədər ötən əsrlərdən qalma, köhnə bir mətləb kimi səslənsə də, mən sevginin ən böyük məlhəm olduğuna inanıram" (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s.10)  

"Sevgisiz cəmiyyət"i ədəbiyyatdan ("Roman dadında məhəbbət" sırasından yazılar), kino sənətindən ("Film kimi sevgilər" sırası), ölümlərdən ("Ölümlərin ən gözəli" sırasından yazılar), təqvim günlərindən ("Mart depressiyası", "8 mart") çözələməyə başlayan esseist, insan həqiqətini həyat - sevgi sınırlarında(n) görərək-axtararaq-alaraq, seçilmiş esselərini "Çılpaq sevgilər" sıra yazıları ilə tamamlayır. "Cəza", "Nilin çılpaq fotoları", "Polis qorxusuyla öpüşmək", "Fahişə siqareti", "Milli porno", "Kişi etirafı" və s. kimi yıqğam, eskizvari, adı və vurğusu ilə belə diqqətə çağıran esselərində müəllif cinsəl natamamlıq yaşayan, mental tabularla ictimai (polis) nəzarətinin qəribə bir uyuşuğunda mövcud cəmiyyətin, total sevgisizlik mühitinin fəsadları, ağrıları, fəci məqamları üzərinə gedir, düşünür və nəticələrini analiz edir. Bu esselərdə artıq sevginin romantikası, şeiriyyatı, ülviyyəti deyil, prozası, realiyada uğradığı metamorfozlar, törətdiyi partlayışlar sözünü deyir, həqiqətini diktə edir. Qan Turalının esseizmi həm də analitik kəsərdədir.

"Yorulmuş eşq - "90-lar" yazısında konkret bir nəslin - "80-lərdə doğulmuş", 1990-cı illərin kataklizmlərini, 2000-cilərin sürətli internet çevrilişlərini öz simasında yaşamış ictimai nəslin sevgi və həyat sərgüzəştlərini Qan Turalı yüyrək esse dili ilə, iti analitik düşüncə və canlı xatirə, təfərrüat və olaylar fonunda qələmə alır və üzvi hissəsi olduğu bir nəslin həyat sevgisi və həqiqətlərini ümumi konturlarda ictimailəşdirə bilir. Bu o nəsildir ki, yaddaşında: "Militarist bir ölkənin, SSRİ-nin şagirdləriydik, amma kitablarımız sülhlə doluydu..." (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 109); bəxtinə Qarabağ müharibəsi çıxmışdı: "Müharibə çoxdan başlamışdı, döyüşlərlə bizim şəhərin məsafəsi yarı-yarıya qədər azalmışdı...", "ziddiyyətləri çox", amma "bu ziddiyyətlər burulğanında sağ qalmalı" olan nəsil idi: "Sağ qaldıq, amma yaralarla. Çörək belə tapılmırdı, vəziyyət acınacaqlıydı. İnsanların beyni də ölkədəki kimi xaos idi, Sovetlərin 70 ildə qurduğu dəmir nizam getmiş, yerinə sabahı da göstərməyən duman gəlmişdi. Bu qarmaqarışıq dünyada zatən ən son yada düşən şey sevgiydi..." (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 110)

Esse: "80-lərdə doğulmuş nəslin tarixi yəqin ki, sonralar yazılacaq..." (Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 109) leytmotivi ilə başladığı kimi, eyni notla da bitir: "80-cilərin tarixi isə mütləq yazılacaq..." (yenə orada, s. 122) - daha qəti və inamla. Essedə verdiyi vədi Qan Turalı bütövlükdə proza yaradıcılığında yerinə yetirir.

Qan Turalı esseizmində bütün yaradıcılığı üçün leytmotiv olası daha bir başlanğıcı daxil edir və ifadə eləyir. Bu, Azadlıq təşnəliyidir; bütün sevgilərdən keçib, keçirib esseist sonda pərəstiş və and yeri kimi məhz Azadlıq qibləgahını seçir: "Mən sənə lap çoxdan aşiq oldum. Röyalarıma girdin, kitablar oxutdun mənə. Oxuduqca sənə daha çox yaxınlaşdım. Yazdıqca saçlarının ətrini duydum. Düşündükcə əllərindən tutdum. Səninlə nəfəs aldım, səninlə yaşadım. Sənin sayəndə yaşayıram, yazıram, anlayıram, duyuram..." ("Həyatda heç bir şeyim çox olmadı  sənin qədər" // Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 123)

Sanki mənsur şeirlə, metaforik gözəl mücəssəmində canlandırdığı Azadlıq sevgisi-duyğusu-təşnəliyini yazıçı ümumən də həyat kredosu və yaradıcılığının manifesti olaraq qəbul və bəyan edir: "...Amma səni "gəlir-çıxar"la yox, saf niyyətimlə sevdim. Səni vəsf edən ustadları peyğəmbər bildim. Sənin təlqin etdiyin hər şeyi həqiqət gördüm. Sən ey Azadlıq - mənim gözəl pərim! Mən səni sevirəm, sənə pərəstiş edirəm. Qoy mən bircə sənin qarşında qul olum, sənə əyilim. "Həyatda heç bir şeyim çox olmadı sənin qədər" ("Həyatda heç bir şeyim çox olmadı  sənin qədər" // Qan Turalı, "Polis qorxusuyla öpüşmək", Bakı, "Apostrof", 2012, s. 126)

Bu iki başlanğıcın üz-üzə gəlməsi, qarşılaşması və toqquşması Qan Turalının nəsr yaradıcılığının da başlıca konfliktini, hərəkətvericisi və katalizatorluğunu təşkil və təmin edir: - həyatın prozası (1) və şəxsiyyət (insan) azadlığı (2). Əvvəlcə, gənc prozaik başdan-başa tabularla dolu, "sevgisiz cəmiyyət"də Şəxsiyyətin azadlığını "seksual inqilab"da axtarır ("Çiyələkli gecənin pornoqrafiyası"); eynən bir zamanlar Qərb cəmiyyətində olduğu kimi. Velosipedi yenidən kəşf etməyə lüzum yox, Qərb dünyası bütün qadağaları aradan götürməklə, sonda heç də total anarxiyaya uğramadı, əksinə, dəyərlərinə sahib çıxdı, hər növ anarxiyaları da idarə etməyi öyrəndi. Hekayədə ("uzun hekayə"də) yaşadığı həyata, cəmiyyətə, ömür-günə qarşı hər cür affektiv və effektiv, inert və aktiv, düşüncəvi-intellektual etirazlarını bir gün, bir gecənin "seks sərgüzəşti"nə sığdırmaqla müəllif qəhrəmanının simasında bütöv bir nəslin ictimai protestini, mənəvi üsyanını, "azadlıq fəlsəfəsi"ni şifrələməyə qəsd edir: "Amma seksdə, heç olmasa seksdə tam azad olmaq istəyirdim. Mən alman filosofu Ştirnerin "yarımçıq azadlıq olmur" fikri ilə tam razıyam. O qədər razıyam ki, Ştirneri şəxsən tanısaydım, onunla bir dəfə araq arxasında oturar, şərəfinə sağlıq deyib "Maks, təkcə bu sözlərə görə sən dahisən" sözləri ilə tostu başlayardım..." (Qan Turalı, "Çiyələkli gecənin pornoqrafiyası" // "Alatoran" jurnalı, № 13, iyun, 2008, s. 4)

Bu həmən "1980-lərdə doğulmuş 90-cılar nəsli"dir ki, bəxtinə düşmüş gen-bol azadlıq, sərbəstlik xoşbəxtliyi ilə yanaşı, qarşısına çıxan hər növ anarxiyalara da (ictimai-siyasi, mədəni, hüquqi, mənəvi-psixoloji, məişət səviyyəsində) şahid və müncərdir: "Çünki son illərdə Bakı öz paytaxt görkəmini itirirdi. Sovetin qurduğu mədəniyyət dağılır, onun simaları ciddi şəkildə yaltaqlıqla məşğul olurdu. Artıq universitet gəncləri ən ucqar rayonlardakı yaşıdlarıyla eyni paltarları geyir, eyni musiqilərə qulaq asırdılar, eyni telekanalların eyni proqramlarını izləyir, ATV maqazinin "Az sonra" anonslarını eyni intizarla gözləyirdilər. İnsanlarda identiklik, eynilik hissi getdikcə güclənirdi, hamı hamıya oxşayırdı... Gərək sən də ucu şiş ayaqqabı geyəsən, saçlarını kəsdirəndə ayrıc saxlayasan, telefonunda aşağısı iki meyxana olsun, özü də bu meyxanalara qulaq asana xəsis olmayasan, başqalarını da meyxanaya qonaq edəsən, ANS-in Meyxana şousuna sms göndərəsən..." (Qan Turalı, "Çiyələkli gecənin pornoqrafiyası" // "Alatoran" jurnalı, № 13, iyun, 2008, s. 6).

Daha bir passaj: "Sarı qəzetlərin tirajları iki yüz minə qədər qalxmışdı. Qəzetlərdə çoxlu məktub çap olunurdu. Kişilər rus qadınları ilə yaşadıqları intim anlardan yazırdılar. "İnterpark", "Adəm və Həvva", "Oxu məni" kimi adlar daşıyan bu qəzetlərin redaktorları böyük pullar qazanırdılar... Adətən seriallar da yazılırdı. "Ardı var" qeydi ilə dərc edilən bu seriallar gözəl bir qızın "pis yola" düşməsindən bəhs edirdi..." (Qan Turalı, "Çiyələkli gecənin pornoqrafiyası" // "Alatoran" jurnalı, № 13, iyun, 2008, s. 12) və s.

Yazıçı sonralar da ayrı-ayrı motivlərdə - ictimai-siyasi ("Ətrafımda susmuş insanlar" // "Alatoran", № 9, yanvar, 2007, s. 86-88), sosial-patriarxal ("Şaxta babanın qətli" - 2012, "Adam və ağac" - 2016), mənəvi-psixoloji ("O qız və oğlanın hekayəsi" - 2015), ekzistensial ("Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi" - 2013, "Çılğınlar" - 2014, "Şanel" - 2016),  sevgi-həyat-ölüm ("Həyatı köçürməyin cansıxıcı detalları" - 2015; "Sevda sorağında" - 2016), insan və cəmiyyət  ("Film kimi" -2015; "DVD"- 2018; "Banan" - 2019) və s. problematika  üzərinə "seksual inqilab"ın bəlirlərini əsaslı bilsə də, azadlığın "bir gecəlik", bir anlıq, birdəfəlik nəsnə olmayıb, insandan bütöv bir ömür istədiyini; yalnız mənəvi-cismani istəklərlə deyil, bu istəklərin gerçəklik, realizə, fəaliyyət tapdığı əməllərlə təsdiqlənməli olduğu qənaətinə gəlir. Bu isə insan həyatında təkcə "həyatın prozası"na alışıb-qarışmaq, yaxud buna kortəbii üsyan etməklə başa gəlmir, şəxsiyyətdən ictimai-siyasi, mənəvi-iradi, özlü-ekzistensial dirəniş, möhkəmlik, xarakter də istəyir. Bu düşüncə, sevda və çabaların sahibi isə Qan Turalının ilk romanının qəhrəmanı Mustafa olur.

"Mustafa" romanının (Bakı, "Qanun", 2011) eyni adlı qəhrəmanı həyata münasibətində ilk sevgidən ictimai şüur inqilabına qədər yol keçir, yüksəlir. Onun həyat praktikasını sevgilər, ictimai şüurunu isə kitablar formalaşdırır. Romanın ikinci başlığı eləcə: "Bir sadəlövhün qeydləri" adlanır. İlk səhifələrdə "gənc Verterin iztirabları"nı yaşayan qəhrəman elə başlanğıcdaca sevgisini doyunca ağlayıb, həyatının bu dönəmini sentimentallığa gömür ("...yəqin ki, bu arzu üçün ölməyə dəyməzdi"). Doğulduğu, boya-başa çatdığı dar mühitdən xilasını kitablarda axtaran Mustafa antik müəlliflərdən klassik və müasir rus və dünya ədəbiyyatınacan nə qədər adlar, sitatlar, fikirlərlə uğraşıb, yüksək standartlı kitablara çıxır: "Onlarla kitabı yenidən vərəqlədim. Sevdiyim yerləri tapıb yenidən oxudum. Heç nə dəyişməmişdi. Mən onları lazım olduğu kimi anlamışdım. O zaman anladım ki, öz kitabımı özüm yazmalıyam..."

Qan Turalının "Mustafa" romanı ideya-fikir romanı kimi düşünülmüş, eləcə də sosial düşüncə diskursu üzərində qurulmuşdur. Eyni zamanda bu, dekonstruktiv romandır; milli varlığın 70 il sovet dönəmi ərzində "yığdığı" ictimai şüuru ("marksizm"i) bir gəncin azacıq praktikasında illüziyalarına yozur və dekonsruktə edir. Maraqlıdır ki, Mustafa yeniyetmə-gənclik həyatının qənaəti olaraq tədricən pənah apardığı Marksa, günlərin bir günü, qəfil, Kantı yarımçıq qoyaraq, praktikanın diktəsi ilə gəlir: "Mən yaxşı bilirdim ki, hüquqi dövlət ideyası Kanta məxsusdur. Amma Kantı kitabxanada oxuyan, kefim istəyəndə aşağıdakı çayxanaya düşüb çay içən mənəm, Kant ideyası uğrunda başını dubinkanın altına verənlər isə məndən beş addım o tərəfdədi..."

Ümumən, romanda Mustafa və dərnək dostlarının inqilabi həvavü həvəsi əvvəlcə təəccübləndirsə də, amma sonra onu ağlamaları məntiqi görünür: "İnqilab edib hakim sinfi ləğv etmək haqda düşünürdük. Amma bir şairin ölümü bizi göz yaşlarına boğurdu. Biz inqilab üçün yaranmamışdıq..."

1990-cı illərdə 1930-cu illərin "inqilabi roman" təcrübəsinə qayıdıb onu "təkrar etmək" cəhdi bütövlükdə rəmzi səciyyədə olub yalnız ironik (dekonstruktiv) yanaşmada doğrula bilərdi: "Mustafa hələ böyüməmişdi. Amma mütləq böyüyəcəkdi. Elə Dəniz də... Elə Rəşadət də... Elə Mahir də..." Bu baxımdan "Mustafa" romanı xeyli qədər simvolistik qata arxalanır: fəsillərin adındakı vurğulardan tutmuş, strukturu, obrazları (kitablar; ay işığı; həbsxana; müxtəlif tarixi fakt və şəxslərin adlarının işlədilməsi məqamı; camia-universitet, şəhər- əyalət qarşılaşması və s.), personajların adınacan (Mustafa, Xəyal, Dəniz, Rəşadət, Mahir...). Ümumən modern romanın xüsusiyyətidir ki: bədii prinsip (rəmzilik) mətndə ardıcıl qoruna, mətləbdən yayınmaya; romançı Mustafaya həm realist mündəricə verərək, birbaşa həyat materialı içində onu sınamağa çalışır, gah da rəmzi yükləyərək, obrazdan daha böyük mətləblər (dünyanı dəyişdirməyə çalışan inqilabçı, cəmiyyətin seyrinə durmuş filosof, milli varlığın ifadəçisi) hasil etməyə həvəslənir. Nəticədə bəzən bir, bəzən isə digər rolda uğurlu olan qəhrəman bütövlükdə çaşqınlıq yaradır; hardasa inandırdığı halda, hardasa gülünc, qeyri-inandırıcı görünür...

İlk baxışda(n), romançı qəhrəmanında yaşadığı sosial mühitə qarşı duran inqilabçı obrazını görür-axtarır. Amma mətndə(n) əyan olur ki, Mustafa bu missiyaya çox da dözmür; düşüncə məqamı kimi obraz heç də birbaşa həyatdan, həyat ziddiyyətlərindən doğulmur, kitabdan-kitablardan, fikir və mülahizələrdən hasil olur. Odur ki: həyatla üzbəüzlükdə heç də sosial mühitin fövqünə qalxa, onu inkar səviyyəsinə çata bilmir, əksinə, hisslərinə əyilərək, bir qayda olaraq ağlayır. Mustafanın etiraz və inqilabçılığı vur-tut ağlamaqdan ibarətdir...

Şəksizdir ki, Qan Turalı Mustafa obrazı ilə bütünlükdə Azərbaycan gəncliyinin ictimai şüurunu simvolizə etməyə çalışır; amma o bu cəmiyyəti yalnız görünən qədər (dekonstruktiv) "oxuya" bilir. Sonuncu fəsildə romançı qəhrəmanına kənardan baxmağa cəhd edir; bu fəsli başqası, Dəniz yazır: həbsdən sonra Mustafa əyalətə, sakit müəllimlik həyatına "qayıdır"; sanki bununla da: roman boyu müşahidə olunduğu kimi, ictimai şüurun kitab (maarifçilik) mərhələsində ilişib-qalması bir daha təsdiqlənir...

Maraqlıdır ki, Qan Turalı növbəti, "Fələk qırmancı" romanında (Bakı, "Mütərcim", 2016) "bir addım irəli, iki addım geri" qayəsi ilə bir az da geri çəkilib, müasir Azərbaycan varlığını ictimai şüurun maarifçilikdən də öncəki qatı ilə sınağa çəkməyə qərar verir. Əgər "Mustafa" romanında qəhrəman həyatın prozasına qarşı azadlığını ətrafına üsyan etməkdə, "inqilabçılıq"da axtarırsa, "Fələk qırmancı"nın qəhrəmanı çarəni "iç"ə yönəlməkdə, sükunətdə görür, sufilik yolunu tutur. Şəxsiyyətin azadlığı yalnız "dış"a qarşı "iç" həqiqətini qoymaqla mümkündür. Müəllimi Molla Sadiqin tövsiyəsi, valideyninin razılığı ilə gənc yaşlarından təkkəyə düşən qəhrəman istedadı sayəsində az bir zamanda müridliyin pillələrini keçib: xəlifə, mücərrəd, daha sonra Şeyx olur, təkkənin başına keçir. Amma bu onu heç də həyatın prozasından axıracan xilas edə bilmir...

Romanın digər qəhrəmanı, müasir dövrün yazarı Mehdi də xilasını sükunətdə axtarır; "Fələk qırmancı" - yazıçı təxəyyülünə görə, məhz onun əsəridir, ədəbi aləmdə ədəbiyyat bilikləri ilə ad çıxarmış Mehdi Bəyazidin "yazılmamış romanı"dır. Vaxtilə: "Bu kitabı yazmağı da müqəddəs bir borc sayıram. Bircə adam bu kitabı oxuyub bircə yalanı anlasa, mən öz vəzifəmi yerinə yetirmiş sayacağam..." - deyən Mustafa xilası yazmaqda ğörürdüsə, "Fələk qırmancı"nın müəllifi Mehdi, əksinə, ədəbiyyatın, yazının aşındığı, özgələşdiyi, qutsallığını itirdiyi, gündəlik işə-vərdişə çevrildiyi yalanlar, simulyasiyalar, simulyakrlar dünyasında yazmaqdan imtina edir, təkliyə, tənhalığına, inzivaya çəkilir; həyat boşluğunu içki-seks-səfsəfə ilə doldurmağa çalışır. "Fələk qırmancı", əslində, bu halın-halətin deşifrəsidir; əsli əski əlifbada (yaxud: "lövhi-məhfuz"da) olan mətn Mehdinin yuxu halını - bugün artıq əlçatmaz görünən (qəhrəmanın hərflərini belə bilmədiyi) Şərq ictimai-mədəni şüuru ilə heç cür uyuşammadığı Qərb (yazı) təfəkkürü arasındakı acizanə durumunu işarələyir. Bu ki, fələyin qırmancı yaman olur!

Qismət yazır: "Fələk qırmancı" romanı mətn içində mətn metodu ilə qurulub; romanda paralel zamanlar, pastiş/parodiya kimi çağdaş romançılığın məşhur fəndlərindən istifadə olunub və adı çəkilən cəhətlərdən əlavə bizim ədəbiyyatımızdan Yusif Səmədoğlunun "Qətl günü", qərb ədəbiyyatından Tolstoyun "Sergi ata", Orxan Pamukun "Yeni həyat", Mehmet Selimoviçin "Dərviş və ölüm" romanları ilə intertekstual əlaqə yaradılıb. Birinci şəxsin dilindən yazılan roman "əsarət-azadlıq" xətti üzrə inkişaf etdirilsə də, əsər boyu "inanc-şübhə", "sevgi-nifrət", "yazmaq-yazmamaq", "yaddaş-yaddaşsızlıq" kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib, beləliklə, çoxqatlılıq yaradılıb" (Sitat: Qan Turalı, Fələk qırmancı. Bakı, "Mütərcim", 2016 nəşrinin üz qabığı, son səhifədəndir - T.Ə.)

Ümumən, "çoxqatlı roman quruculuğu" "çağdaş romançılığ"ın qarşısında duran məqsəd çətinliyidir, Qan Turalını isə yaradıcılıq axtarışlarında "çilə"dən çıxaran - bu dəfə də Füzuli sevgisi olur. Həyatın hər vəch canatım, cəhdlər, çabalardan yuvarlandığın prozaizminə yalnız məcnunə sevgilərlə qənşər gəlmək olar; roman başdan-başa bu sevgilərlə nəfəs alır. Abbas və Gülgəzin eşq dastanı kimi; Əbu Zərin elm sevdası kimi. Zeynəbin patriarxal əsarətə qarşı Mehdi sevgisi onu azadlığına və son halda "ölüm zirvəsi"nə qovuşdurur; Mehdi Bəyazidin Zeynəb (və ideallarına) sevgisi də onu acizliyindən qurtarıb intihar zirvəsinə ucaldır... O da maraqlıdır ki, Qan Turalının sevgi ideallarında polad qədər möhkəm personajları həyat realiyaları qarşısında bir o qədər kövrək, son dərəcə lirik-sentimentaldırlar; çarəsizlik durumunda ağlayır, elə hey ağlaşırlar. Bu intim-sentimental məqam, dünyaya ağlayan qəhrəmanların gözü ilə baxmaq halı Qan Turalı nəsrində xronotopikdir. Buradan, Afaq Məsudun yazdığı kimi: "Bu yazıları, onların təsirinə düşmədən, kövrəlmədən, yaxud, gözlərin yaşaranacan gülmədən oxumaq olmur. Burda gülüş ağrılarla, ağrılar gülüşlə müşaiyət olunur" (Sitat: Qan Turalı, Fələk qırmancı. Bakı, "Mütərcim", 2016 nəşrinin üz qabığı, son səhifədəndir - T.Ə.) 

Bununla belə, Qan Turalının "göz yaşı içində gülüş" fəlsəfəsi klassik (maarifçi) sentimentalizmdən çox fərqlidir. Qayıdırıq o məqama ki, "Fələk qırmancı"nın sufi qəhrəmanı "iç" azadlığına yetmişdisə də, həyatın prozasından axıracan qurtula bilməmişdi. Neçə sevgilərdən keçən, iç və dış ziddiyyətlərini hər dəfə dəf etməyi bacaran qəhrəman sonda zikr, təlqin, inanc və inama söykənən böyük Sevgisini birbaşa həyata dekonstruktə edir. İçdən fəth etdiyi təkkəni hər bir sufinin iç həqiqətinə etibar edib buraxır. Və: "Bir ay sonra ağacın altında Abbas mənə təzə yazdığı risaləni oxudu, mən də ona təzə şeirlərimi. Bir ay sonra İstanbulda şairlər məclisində şeir deyib, şərab içərkən təkkə həyatı bizə uşaqlıqda eşitdiyimiz nağıl kimi uzaq gəlirdi" (s. 187). Bu qədər asan.

Qan Turalı praqmatikdir. "Azadlıq - dərk olunmuş zərurətdir" mexanizmi ilə işləyir, düşünür və yazır. Qəhrəmanlarının lirik-sentimental ağlaşmasının arxasında həmişə nikbin bir yazıçı platforması (gülüşü) durur. O da təsadüfi deyil ki, yaradıcılığında postmodern estetikasına önəm verir: dünyaduyumu, dünyagörüşündən mətnlərin təşkili prinsipləri, ifadə plastikasınacan. Bu baxımdan yazıçının "Doqquz hekayə" kitabı (Bakı, "Elgün" nəşriyyatı, 2015) çox xarakterikdir. Qan Turalı yığcam janrda özünəxas postmodern hekayə nümunələrini yarada bilmişdir. Bir qayda olaraq dekonstruktiv məcrada, ironik modusda; hadisələrin semantikləşdirilməsi (ədəbiyyatlaşması) yolu ilə yox, həyat mətninin (semantikasının) kitab (ədəbiyyat) kimi oxunması təriqi ilə yazılan bu hekayələr çox müasir səslənir.

Ümumən, hər cür mənaların kanondan çıxması, ədəbiyyatın/kitabın həyat yanında profanlaşması məqamı yazıçını xüsusi məşğul edir; Kafkanın ("Kafka"), Marksın ("Darıxanlar"), Çexovun ("Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi") adları "Doqquz hekayə"dən sadəcə intellektual dəb naminə keçmir, həyat mətnində kitabın/ədəbiyyatın kodunu, şifrəsini dürüst nişan vermək üçündür. Realizmin tam tərsinə, Qan Turalının "darıxan" qəhrəmanları heç də cəmiyyət həyatından bıqıb ədəbiyyata pənah aparanlar deyil; Lars Fon Triyersayağı romantik "Çılğınlar" da, Elçin Səlcuq sayağı "Kafka" sevərlər də, kənddə və şəhərdə sadə mənfəət/iqtisad axtaran Marks-sevərlər də, Çexov sayağı sevgi romanı/hekayəti quraşdıranlar da... - məhz ədəbiyyatın/kitabın izini-sorağını həyatda axtaranlardır. Bir yandan fərdin, şəxsiyyətin tapındığı azadlıq sevgisi, digər tərəfdən həyatın diktə elədiyi proza. İnsan varsa, həyat sevgisi var; həyat sevgisi varsa, azadlıq təşnəliyi var. Bu kontekstdə bütün izafi mənaların utilitarlığı-utilitarlaşması, həyatın axarına uduzması Qan Turalının hekayələrində həqiqət axtarıcılığının son nəticələri olaraq təzahür edir.

Profanlaşdırma ideyasına Qan Turalı "Füzulinin qayıdışı" pyesində də qayıdır. Bu, yazıçının Məhəmməd Füzuli ilə daha bir görüşüdür, amma bu dəfə ironik planda; dahi şairin özü ilə yox, heykəlləşən obrazı ilə. İroniyanın mənbəyi və hədəfi də gerçəklərdə (profan təfəkkürdə) mövcud Füzuli təsəvvürləridir. Bəs nə zamanacan Füzuli heykəlləşərək, bizdən ayrı, pyedestalda duracaq?; yanındakı polis də fərqində olmadan, ondan xəbərsiz. Bu yerdə heykəlləşən Füzuli çağdaşımızı sanki heyrətləndirmək qərarına gəlir, postamentini tərk edib şəhərə çıxır, özü barədəki təsəvvvürlərlə tanış olur. Klassika ilə oyun postmodern estetikanın sevimli ideyalarından biridir. Bugün nəzərlərdən rahatca yayınıb şəhəri gəzən, polislə söhbət eləyən, siqaret tüstülədən, hətta epizodlardan birində şəhərdəki digər heykəl-ədibləri (Nizami Gəncəvi, Mirzə Fətəli, Mirzə Cəlil, Natəvan, Cəfər Cabbarlı) bir yerə yığıb, balaca bir "Füzuli diskussiyası" təşkil edən heykəl-Füzulinin sərgüzəştləri ona görə oxucu tərəfindən rahat həzm olunur ki, heç də klassikaya parodiya olmayıb, əksinə, ehkamlaşmış (heykəlləşmiş) təsəvvürləri tərpədir, oyun estetikası vasitəsilə klassiklə daha da yaxın təmas qurmağa vəsilə olur.

Bu ki, günün insanı postmodern düşüncədə özünü daha azad hiss edir; çün həyatın ağır, üzücü, eyni qədər də çevik-qurnaz, min-üzlü (simulyakr) prozasına məhz oyunda (oyunla) qalib gəlmək olur. Toplum nə qədər hicabla pərdələnsə də, tabularda daldalanmağa cəhd etsə də Qan Turalı rəmzi semantika ilə çox da barışmır, yazıçı missiyasını simulyakrları görüb də praqmatikasına varmaqda bilir. Bu baxımdan hekayələrində olduğu kimi, son illərdə qələmə aldığı povestlərində ("uzun hekayələri"ndə) də müvəffəqdir. "Samir, Samiri..." (2015)  povestinin qəhrəmanı Samir və yəhudi inancında Musa peyğəmbərə zidd gedərək qızıldan büt düzəltmiş rahib Samiri... - sanki adların oyunu təsiri bağışlasa da, bu - insan talelərinin oyunudur. Parlaq aktyor istedadı ilə ad qazanmış Samir, şöhrətinin zirvəsində adını daha populyar Samiriyə dəyişir; çəkildiyi serial bu arada rekordlar qırır. Amma Samir ucuz şöhrətlə kifayətlənmək fikrində deyil; daha da yüksəklərə layiq olduğunu bilən dostu Həbib onu italyan rejissoru Paolo Kroçenin "bizim kinostudiya" ilə çəkdiyi filmə dəvət edir. Maraqlıdır ki, məşhur aktyor bu sınaq çəkilişlərindən çıxa bilmir, amma bu yeri hazırda ofisiant işləsə də sənət eşqi ilə yaşayan uğursuz taleli aktyor tutur. Böhran halı Samiri dostunun şəxsən dəvət etdiyi "Od gəlini" pyesində Biləgənli Elxan rolunda da tam uğursuzluğa düçar edir, xəstə düşən Samir Samiri inzivaya çəkilir. Samirin sənət sevgisinə xəyanəti əslində ümumən Sevgiyə, hekayə boyu xəyalını heç cür unuda bilmədiyi həyat yoldaşı Aynaya dönük çıxmasından başlayıb-gəlibdir; Qan Turalının əsərlərində Sevgi - güzgü-ayna missiyasını oynamaqda davam edir...

Bu dəfə həqiqəti böyük uğursuzluğun kulminasiya anında qəhrəmanın üzünə elə dostu Həbib söyləyir. Sarsılmaz iradə sahibi Həbibin sənətə sədaqəti mükafatlanır, "Paolo Kroçe ilə çəkdiyi film Lakorno festivalında mükafat aldıqdan sonra Həbib İtaliyaya köçür", "Milan teatrında tamaşalar qoyur, kastinq agentliyində təlimlər keçir. İtaliya vətəndaşı olmağa hazırlaşır". Əsərdə böyük sənət arzuları yaşayan Rafiq də layiq olduğu yerdədir; "yenə seriallarla məşğuldur. Film çəkmək sevdasından vaz keçib. Arzusu Türkiyədə serial çəkməkdir". Hətta pərəstişkarı və bir müddət sevgilisi Səbinə də "İndi Samirlə qarşılaşmamaq üçün onun verilişi yayımlanan kanalı belə televizordan silib. Ötən günlər haqda heç kimə heç nə danışmır. Sanki bütün bunlar pis bir yuxuymuş..." (Qan Turalı, "Ayna", Bakı, "Xan" nəşriyyatı, 2019,  s. 100)    

Amma yazıçı həyatın prozasından heç də faciə yaratmaq fikrində deyildir; həyatda hər şey praqmatikaya tabedir. Povestin epiloqunda Samir Samirini aparıcısı olduğu "Samiri-şou"da görürük: "-Samiri-şou!!! Bəh-bəh-bəh. Yenə möhtəşəm şou. Yenə möhtəşəmsiz. Ay təşəkkürlər. (Sürəkli alqışlar). Yenə əlasız. Super. Super. Super. Çox sağ olun. Yenə həmişə olduğu kimi mən Samiri bu alqışları görəndə böyük həvəslə, şövqlə, ruh yüksəkliyi ilə demək istəyirəm ki, mən burdayam..." (Qan Turalı, "Ayna", Bakı, "Xan" nəşriyyatı, 2019, s. 100) Şöhrət istəyənə şöhrət, sənət istəyənə sənət... - sevginin alternativi yoxdur, həyatda hər kəsə istəyincə yer var.

"Prokurorun üç günü" (2014) və "Casusların xəfiyyəsi" (2018) povestlərində Qan Turalı yaradıcılığının kvintessensiyasına daha da yaxındır. Hər iki əsər detektiv janrında qələmə alınıb və hər ikisini eyni qəhrəman, istedadlı, bacarıqlı, Şerlok Xolmssayağı xəfiyyə - gənc prokuror təmsil edir. Qan Turalının detektivi onunla fərqlidir ki, məişət intriqalı cinayətlərdən yox, milli və icitimai önəmli hadisələrdən motivlənir. Yazıçının başlıca hədəfində yenə də ictimai şüur məsələləri, saxtalaşdırılmış tarix və ədəbiyyat tarixi, məxsusən də kütləvi şüurun bu zəmində qidalan(dır)dığı XX əsr mifləridir. Kütləvi olanı dekonstruktə üçün detektivdən münasib janr bəlkə də yoxdur;  burda oxucu ilə oyuna geniş imkanlar olduğu kimi oyunçu rolunda olan qəhrəman da həyatın prozasından xeyli azaddır.

Bir tədqiqatçı-aspirantın qətl hadisəsi prokuroru çox uzaqlara - ilk ədəbiyyat tarixçimiz F.Köçərlinin ölümü, 1930-cu illərdə ədəbiyyatşünasların kütləvi repressiyası, üç cildlik Azərbaycan ədəbiyyatı tarixinin necə saxtalaşdırılması hekayətlərinə aparıb çıxarır ("Prokurorun üç günü"); Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında doğrular-yalanlar, həqiqət və əfsanələr, gizli təbliğat və bağlı arxiv sənədləri, bu fonda Nizami Gəncəvi və Azərbaycan ədəbiyyatı, Stalin və Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əhmədbəy Ağaoğlu, Düdənginski sərgüzəştləri... - qalmaqallı tarixçi-alim Ziyanın və daha neçə nəfərin ölümü ilə aktuallanır ("Casusların xəfiyyəsi"). Getdikcə gərginləşən, pik həddinə çatan, lakin sonda heç nəsiz bitən süjet intriqalarının arxasından çünki gözlənilməz bir fabula boylanıb-çıxır.

Məlum olur ki, tarixin üzünün (bugünün) aşkara çıxardığı nə qədər sirlər varsa, astarında (altqatında) bir-birinə bağlıdır: "Difai təşkilatı nə zaman yaranıb? ...Elmi ədəbiyyatda XX əsrin əvvəlləri göstərilir. Əslində isə Azərbaycan İran və Rusiya arasında bölüşdürüldüyü gündən bu təşkilat fəaliyyətə başlayıb..." (Qan Turalı, "Ayna", Bakı, "Xan" nəşriyyatı, 2019, s. 196) "Əsl məqsədi" isə "Azərbaycan adlı dövlətin və xalqın varlığını qiyamətə qədər qorumaq"dan ibarətdir (Qan Turalı, "Ayna", Bakı, "Xan" nəşriyyatı, 2019, s. 196) Müəllif ikiyüz illik məlum tarixin ziddiyyətlərini, görünməyən qaranlıq tərəflərini kütləvi (profan) təfəkkür üçün bir qədər primitivləşdirərək, səthiləşdirərək dərin bir Azərbaycan (masonlar təşkilatı) ortaya çıxarır; kimsə vaqif olursa: ya qətlin qurbanı olur, ya da istər-istəməz sirrin davamçısı: "Prokuror zərfi açdı. Bakı Şəhər Prokuroru təyin edilmişdi. Həyat hələ indi başlayırdı..." (Qan Turalı, "Ayna", Bakı, "Xan" nəşriyyatı, 2019, s. 201)   

"Ayna" kitabına Ön sözündə Qan Turalı ədəbiyyatı "XXI əsrin dini" adlandırır: "Və yaşadığımız, yaşatdığımız, gördüyümüz, damarlarımızda axan qan kimi hiss etdiyimiz bütün bu hekayələr hər nə qədər fərqli məkan və zamanlarda cərəyan etsə də, onların bizə pıçıldadığı bircə cümlə var: İnsan olmağı unutma..." (Qan Turalı, "Ayna", Bakı, "Xan" nəşriyyatı, 2019, s. 3) Qan Turalı yaradıcılığının başlıca generatoru, fəlsəfəsi də bu; proza prozalığında, insan (şəxsiyyət) - azadlığına tapınmaqda davam edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!