Cavanşir YUSİFLİ
1
Vaxtilə bu sözləri ("Ezra Paunda - məndən böyük ustada") T.S.Eliot "Bəhrəsiz torpaq" poemasının proloqunda yazmışdı. Paund onun əsərinin böyük bir hissəsini amansızcasına (ən böyük ədalət naminə-!) ixtisar etmişdi. Ustad-şagird münasibətlərində "ixtisar" ən önəmli faktordur.
Ədəbiyyat möcüzə deyil, möcüzəni göstərməkdir, ona işarə etməkdir.
Ədəbiyyat işıq deyil, onun olduğu, yandığı, yaxud sönə biləcəyi tərəfi göstərməkdir.
Ədəbi mətn hər şeydən əvvəl "darısqallıq" deməkdir, yəni müəllif yazdığı, bəhs etdiyi mətləbi çərçivəyə salır. Bütün dünya, bütün genişlik, fəza perspektivi o ən darısqal məkandan görünür. Bu, qalanı iynə ucu ilə söküb dağıtmağa bərabər olan bir nəsnədir. Bu darısqal məkana günəşin enerjisi də fərqli şəkildə düşür və bu şüanın düşdüyü yer sonsuzluqla, sığmazlıqla darısqallığı qeyri-adi formada birləşdirir. Kafkanın "Körpü" adlı esse-hekayəsində bu mətləbin ifadəsi var: qoca, ixtiyar kişi çəliklə min illər boyu üstündən insan keçməyən körpüyə adlayır. Həsrət o qədər böyükdür ki,körpü bunun təsiri altında anidən uça bilər, ixtiyar nəfəsini son dəfə verib yox ola bilər. Həmin o darısqal məkan ölümlə həyatı, sevinclə kədəri bir nöqtənin içinə "yolverilməz" şəkildə birləşdirir.
2
Bu günün ədəbi prosesi köhnədən köhnə təsir bağışlayır. Dünyada, bütün dünyada bu proses gedir, təzə, yeni olan dərhal köhnəlir və gözdən dşür. Baxırsan, oxumaq istəmirsən. Dünya donub. Zaman hərəkət etdiyi an hansısa dəhşətli bir təhlükəyə ilişib. Çaylar axmır, axmaq effekti yerindədir. Söz doğulur və köhnəlir, gözəllik effekti yerindədir. Yeni mətnlər klassikanın yanında xəcil olur...
Və... proseslə təqdimatlar, təhlil və incələmələr arasında uçurumlar qədər uyğunsuzluq var. Hər şey ortaya çıxan kimi, yazı formasına düşən kimi köhnəlir. Düşündüyün nəsnəni yazıya almaq istədiyin an ilk hərfindən, ilk hecasından köhnəlir. Mən hiss edirəm, nəsə baş verib, biz (bəlkə təkcə mən?) çayın o üzündə qalmışıq. Dünyada ikinci, üçüncü, on beşinci əl mətləblər (bədii mətnlər) çoxdan çox çoxalıb. Sanki ötən əsrlərdə kimlərinsə yazmaq istəmədikləri mövzuların qırıntıları axır üstünə, vaxtilə bu vazkeçilən köhnələr "yazılmalıdır" (uçulmalıdır...) ki, ən yeni başlasın. Səbəb nədir? Bəlkə daha ruhumuzla beynimiz arasındakı uçuruma gömülmüşük? Bəlkə içimizə ideya, fikir, sözlər ... dolmur? İki halda yazı anidən köhnələ və min illərin ölüsünə qarışa bilər. 1. Müəllif gerçəkliyi dərk etmədən ondan vaz keçəndə; dünyada, gerçəklikdə texnoloji baxımdan yaranacaq hər şey əvvəlcə müəllif mətnindən doğulur, məsələn süni intellekt. Bir çox müəllifin yazdıqları süni intellektin qoşduğu mətnlərə bənzəyir. Ruhdan, hislərdən, duyğu və düşüncələrdən vaz keçildiyi məqamda onların içində, onların qəlibində necə gizlənməli? Qələm kütləşir, klaviatura dilləri öz-özünə çapıb gedir, səndən xəbərsiz nələrsə yazır və bu yazılanları dünyanı saran eybəcərlikdən heç xəbəri yoxdu... Yazıb-yazıb dayana bilməmək azarı...
Köhnələrlə yenilər arasındakı dilləşmələr dayanıb, yenilər də köhnəlib, cavanlar qəzəl yazır, qocalar qəsidə, bahariyyə (...Qış getdi, yenə bahar gəldi...). Nədir bu? Dünya niyə köhnəldi? İnsanların dalaşmağıyla qucaqlaşmağı eyni səhnənin iki kadrına çevrildi. Şeirdə deyildiyi kimi: Hara gedir bu dünya? Və biz harda qalmışıq?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!