Mətanət VAHİD
“İntermediallıq” anlayışı nə qədər sadə görünsə də, illərdir, onunla bağlı vahid, stabil fikrin formalaşmamasının səbəbi mürəkkəb daxili konstruksiyaya malik fenomen olmasıdır. Çağdaş humanitar elmin magistrallarından olan intermediallıq geniş mənada ümumbəşəri ədəbi prinsip, nisbətən dar mənada isə müəllif strategiyası kimi qavranılaraq mətnin təşkili üsulu və təhlil metodologiyası kimi qəbul edilir.
İnterdisiplinar və intermedial kontekst akademik Azad Mirzəcanzadənin, Xudu Məmmədovun yaradıcılığında geniş əksini tapsa da, bunu sırf ədəbiyyatşünaslıq faktı kimi qəbul edə bilmirik. Çağdaş ədəbiyyatşünaslığımızda bu kontekstdən təhlil Əsəd Cahangir, Rahid Ulusel, qismən Ülvi Babasoy və Qismət Rüstəmovun yazılarında rast gəlinsə də, nisbətən geniş şəkildə Azər Turanın yaradıcılığında əksini tapır. Yazılarında interdisiplinarlıq və intermediallıq anlayışlarını işlətməsə də, o, mətnlərinin əhəmiyyətli bir qismini müxtəlif elm və sənətlərin sintezi, simbiozu üzərində qurur.
Azər Turanın ədəbi esseistikası üslub tərzi, ifadə ahəngi ilə hər zaman seçilir. Çoxtərəfliliyi, dünya və sənət haqqında bilgiləri bir arada cəmləməsi, inklüzivliyi, ensiklopedikliyi ilə daha çox barokkoya uyğun gələn üslubu çağdaş esseistikada heç kəsə bənzəməyən təkrarsızlıq sərgiləyir. Onun tənqidi esseləri faktla problemin struktur əlaqəsindən asılı olaraq özündə ədəbi portret cizgilərindən tutmuş, etüdlər, paralellər, akademik şərhlər, məqalə-traktata qədər bütün cəhətləri birləşdirə bilir. Konkret ədəbi mətni şərh edən yazısında əsla interpretasiyaya, məzmun təhlilinə rast gəlinmir.
Azər Turanın esse və tədqiqatları aktuallığı və produktivliyi ilə seçdiyi mövzularla bağlı çoxillik stereotiplərə müxaliflikdir. Onun fenomenal ədəbi-tarixi yaddaşı çağdaş ictimai-mədəni şüura universal baxış sərgiləməsinə imkan verir. Zaman kontekstində müqayisəli təhlilə əsaslanan məqalələrində ədəbiyyat tarixinin sözdə tarix olaraq qaldığını deyil, bu günün prizmasından canlılığını, təsir gücünü faktlarda izləyə bilirik. Ən kiçik həcmli esselərində belə, mütləq şəkildə bəhs etdiyi mətn və ya bütövlükdə müəllif yaradıcılığının ideya-estetik dəyərini verməklə, fəlsəfə və mədəniyyətlər sistemində, tipoloji təsnifatda yerini müəyyələşdirməyi prioritetə çevirməklə ədəbiyyata universal baxış sərgiləyir. Sübut edir ki, mədəniyyət və ədəbiyyatın güzgüsündən boylanan sənət tarix və siyasət müstəvisində yalnız vahid estetik prinsiplərə söykənərsə, böyüklüyə iddia edə bilər. Sənət cərəyanlarını yalnız ədəbiyyat prizmasından deyil, bütünlükdə mədəniyyət hadisəsi olaraq dəyərləndirir: Vaqif Mustafazadə ilə Sartrı, Edvard Munk ilə Məhəmməd Hadini, Pablo Pikasso ilə Giyom Apollineri... eyni estetik müstəvidə müxtəlif sənət rakurslarından şərh edir.
Azər Turanın düşüncə sistemində mətnlər ədəbiyyat sərhədini aşıb fəlsəfi-psixoloji, tarixi-siyasi və ictimai-mədəni çalarlar qazanmaqla sonsuz üfüqlərə qanad açır. Onun istisnasız bütün əsərləri digər mətnlər, sənətlər və dövrlərlə daim inteqrasiyada olaraq yazı müstəvisində böyük bir tor əmələ gətirir. Azər Turanın "Dəlixana divarını öpdü çinar budaqları...", "Fəryadın metafizikası", "Quşlar saatla yox, işıqla başlayır oxumağa...", "Dünyanın Cavad mifi - Azərbaycan modernizmi", "Küsmüş mələk", Gülbaharın, Şərminin sevdikləri və sürreal qəfəs...", "Modernist estetikaların iqlim qurşağı - "Rənglər", "Caz, sadəcə, musiqi deyildir", "Yatmış şəhərin yuxusu, yaxud rəssam Ucal Haqverdiyev" və s. kimi esseləri söz sənətinin musiqi və rəsmlə kəsişən cəhətlərini uğurla bir müstəvidə intermedial kontekstdə şərh edir.
Fikrimcə, "Modernist estetikaların iqlim qurşağı - "Rənglər" Azər Turanın tənqidi düşüncəsindəki intermedial kontekstin ən bariz nümunəsidir: "Davamlı şəkildə obraz(lar)ın işığını doğuran "Rənglər" silsiləsində daha çox impressionizmin işıqları sayrışır. "Rənglər"in valyorunu yaradan poetik təfəkkür impressionist, yaxud postimpressionistdir. Sezan, Edqar Deqa, Van Qoq, Qogen... Cazibədar olan budur ki, sosrealizm ənənəsinin şairi Rəsul Rza "Rənglər" silsiləsində estetik baxımdan realizmin deyil, modernizm dalğasının gəlişdirdiyi cərəyanlara və rəssamlara yönəlir." Məqalə boyunca beləcə, "Rənglər" silsiləsindən eşidilən səslər də, duyulan növbənöv ətirlər də "fransız simvolizminin və modernizm estetikasının iqlim qurşağı" fonunda təhlilə cəlb edilir. Azər Turan verballıqla vizuallığı ideal şəkildə sintez edən Rəsul Rzanın "Rənglər"ini Mallarme poetikasının cizgisində oxumağı təklif edir. Bu təqdirdə "Rənglər"in valyorunu yaradan poetik təfəkkürün impressionist, yaxud postimpressionist aidliyini izləmək imkanımız olduğunu qeyd edən müəllif başqa bir maraqlı məqama diqqət çəkir: "Cazibədar olan budur ki, sosrealizm ənənəsinin şairi Rəsul Rza "Rənglər" silsiləsində estetik baxımdan realizmin deyil, modernizm dalğasının gəlişdirdiyi cərəyanlara və rəssamlara yönəlir".
Azər Turan bütün yazılarında mövcud ədəbi-tarixi şərait və şərtlərdə sənətkar(lar)ın seçimləri ilə bağlı mütləq bu və ya digər dərəcədə araşdırma aparır. Bu baxımdan intermedial kontekst üzərində qurulmuş məqalələrində daha çox həssaslıq nümayiş etdirir. Ədəbiyyat və incəsənəti həmişə bütöv bir canlı orqanizm, dinamik sistem olaraq gördüyündən onun müxtəlif səviyyələrdə təşəkkül və inkişafı ilə bağlı mütləq qeydlər edir. Azər Turanın Azərbaycan ədəbiyyatına olduğu qədər dünya ədəbiyyatı və bütövlükdə incəsənətə dərindən bələdliyi fonunda intermedial kontekstli təhlillərindən görünür ki, mətnin, xüsusilə şeirin səsini, musiqisini aydın duya bilir, sözlərin bərq vuran işığını, rənglərin min bir çalarını dəqiq seçir və həmin səs və rənglərin müşayiəti ilə mədəni yaddaşından boy verən sənət nümunələrinə üz tutur.
İntermediallıq digər sənətlər vasitəsilə ədəbi məkanın sahəsini genişləndirməyə xidmət edən, mədəniyyətin ədəbi metadilini yaradan dialoq formasıdır. Çağdaş ədəbiyyatda intermedial proseslərin aktivləşməsi ideoloji və didaktik vurğulu ədəbiyyatmərkəzçilikdən imtina və sənətmərkəzçiliyə keçid edən mədəni paradiqm ilə əvəzlənməsi ilə bağlıdır. Bəzən yanlış olaraq, intermediallığı bəsit sənətlərarası əlaqə ilə qarışdırırlar: sözlə musiqinin, sözlə rəsmin və s. bir arada görüldüyü (və ya uydurulduğu) hər məqamda "intermediallıq" terminindən istifadə edilir. Halbuki intermediallıq, dəfələrlə yazılarımda təkrar etdiyim kimi, bir sənətin başqa sənət kodları ilə ifadə olunmasıdır. Buradakı əlaqənin mətndaxili olduğunu unutmamalıyıq. Fikrimi əsaslandırmaq üçün bir nümunəyə müraciət edim: Məsələn, Azər Turan 44 günlük müharibədəki böyük qələbəmizə həsr olunmuş tablo haqqındakı "Sakit Məmmədovun Qarabağ apofeozu - "Qarabağnamə" yazısında rəsm əsərini kifayət qədər peşəkarlıqla detallı təhlil edir. "Tarixin dan sökülənindən gerçək tarixə qədər Qarabağ burdadır və bizimdir... Rəssam Qarabağı bu tabloya necə sığışdıra bilib? Görünən o ki, burda cərəyan edən enerji otuz ildir ki, qələbə və zəfər havasıyla gərilməkdəymiş. Nəhayət, Azərbaycan rəssamlığı Qarabağa bu şəkildə dönüş etdi... Otuz ilin rəng və fikir enerjisi bir kətanın üzərində partladı və otuz ilin deyil, min illərin metafizikasını şəkilləndirdi... Bu görünən Qarabağdır... O, yeddi at Qarabağın yeddi rayonudur... Biz bu dəyər uğrunda savaşmışıq... Savaşmağa dəyərmiş..." Məqalədə rəsm əsərinin yenə də dünya sənəti kontekstində, cərəyanlar müstəvisində, tarixilik və çağdaşlıq fonunda dəyərləndirildiyini, mükəmməl şərh olunduğunu izləyirik. Bununla belə, burada intermedial kontekst yoxdur.
Azər Turanın yaradıcılığı çağdaş ədəbiyyatımızı bəşəri kontekstdən qopmağa qoymayan, milli əyalətçiliyə meyillənmə ilə sənət mübarizəsidir. Ayrı-ayrı müəlliflərin yaradıcılığına həsr olunmuş monoqrafiyaları daxil, bütün ədəbi mətnləri dünya ədəbiyyatı müstəvisində yaranır. Dolayısı ilə, hər esseni oxuyarkən mövzu ilə bağlı "dünya haradadır, biz haradayıq" sualına bu və ya digər dərəcədə cavab tapa bilirik. Haqqında bəhs etdiyi mətnin şərhi zamanı Azər Turan həmin müəllifin, əsərin dünyaya nə verdiyinin dəqiq konturlarını cızır. Məsələn, "Ceyms Coys və Əli bəy Hüeynzadə" məqaləsində bu iki miqyaslı əsəri bir müstəviyə gətirməklə Azər Turan "ən gərəkli kitablarımızdan biri olan "Siyasəti-fürusət" üçün heç bir əyar müəyyənləşdirmədiyimizi, belə demək olarsa, bizim olanı dünyaya təqdim edə bilmədiyimizi vurğulamağa çalışır. Məqalə boyunca aparılan müqayisəli təhlillər müəllif niyyətini açıq bəyan edir: XX əsrdə müxtəlif ölkələrdə fərqli ədəbi-estetik ənənələr əsasında yaranmış bu iki əsəri parallel təhlil etməklə Azərbaycan modernizminin düşüncə arealını dəqiqləşdirmək cəhdi. Yaxud Fransada Şarl Bodlerin "Şər çiçəkləri" ərsəyə gələndə Azərbaycanda şər, fəna, iblis çiçəyinin Əli bəy Hüseynzadənin qələmilə açıldığını yazır: "Siyasəti-fürusət"də səslənən "Dans Makaber"dəki mistik ritm, mağaradakı mavimtraq fosfor alovu, gəmiklərin bir-birinə çarpışmasına bənzəyən səslər Əli bəyin simvolist estetikasının səsləriydi." Azər Turanın intermedial kontekstli esselərindəki dinamika, xəyal gücü, təsəvvürün sərhədləri sanki sonsuzluğa açılır. İstər sənət növləri, istər məkan və zaman müstəvisində qəfil keçidlər onun bu mətnlərini xarakterizə edən əsas cəhətlərdəndir.
"Fəryadın metafizikası" essesində Azər Turan norveçli ekspresionist rəssam Edvard Munkun 1893-1910-cu illər arasında çəkdiyi "Fəryad" (başqa variantlarda "Qışqırtı", "Çığırtı", "Haray" və s.) rəsmini Məhəmməd Hadinin 1917-ci ildə Bakıda çap olunmuş "Əlvahi-intibah" poemasının dili ilə şərh edir: "Sevdiyim və etiraf edim ki, həm də içindəki ağrıya dözmədiyim hər iki əsər barədə birdən yazmağımın səbəbi Munkun qışqıran insanını, bu qışqırtının metafizik mənalarını və sirlərini Hadinin "Əlvahi-intibah"ı qədər dəqiq yorumlayacaq başqa bir poetik örnəyin varlığını xəyalıma belə gətirə bilməməyimdir." Müəllifin düşüncəsincə, hər iki sənətkarın birinin söz, digərinin fırça ilə rəsmini çəkdiyi fəryad heyrətdən boğulmaq həddinə çatdırılmış, tənha, ağrıları ilə baş-başa buraxılmış insanın qışqırığıdır.
Sənətdə modernizmin başlanğıcının xəbərçisi olan bu əsərlərin təhlilindən görə bilirik ki, təsviri sənət yalnız öz kateqoriyasından olana deyil, söz sənətinə də əhəmiyyətli təsir göstərə biləcək gücdədir (yaxud da əksinə). Eynisini musiqi haqqında da söyləmək olar. Elmlə incəsənətin sintezində intellektual-analitik prinsip üstünlük təşkil edirsə, ədəbi tənqidi incəsənətə yaxınlaşdıran cəhət özünüifadədir. Bu baxımdan Azər Turanın ədəbi tənqidi mətnləri həm də ideoloji dəyərləndirmə ilə diqqət çəkir. "Bəlkə də modernizm aldanışlar dövrünün yalnız XX yüzildə tapılmış adıdır" deyən müəllifə görə, iyirminci əsr insan tarixində iztirabların ən çox üzdə olduğu, göyüzünün qan rənginə boyandığı dönəmdir. İntibah, xristian nihilizmi, dekadans - Azər Turanın ötən əsrə münasibətindəki məntiq zəncirində ard-arda düzülüb səbəb-nəticə əlaqəsi ilə bağlanan halqalardır.
"Caz, sadəcə, musiqi deyildir" məqaləsində Azər Turan bu musiqinin Avropaya bədii mətn səviyyəsində öncə Sartrın yaradıcılığı vasitəsilə daxil olduğunu, sonra Kortasarın Conni Karterin simasında Çarli Parkerin obrazını yaratdığını yazır və Murakaminin caz fenomenini xüsusi vurğulayır. Bu baxımdan Azərbaycan ədəbiyyatının hələ də susqun olduğunu təəssüflə qeyd edir: "Vaqif Mustafazadə dalğasından keçən, yetmişinci illərdə Vaqif Mustafazdənin timsalında bir caz əfsanəsi dövrünü yaşamış Azərbaycanın doğma və milli ədəbiyyatında ekzistensial yanaşma üçün böyük üfüqlər açan caz musiqisi hələ də eşidilməyib. Amma əslində eşidilməliydi..." Yəni nəyə görə, məsələn, Kortasar Çarli Parkerin obrazını yaratdığı halda, həyat və yaradıcılıq yolu, tərzi etibarilə, bir növ, hazır roman materialı olan azərbaycanlı caz əfsanəsi bədii mətnə köçməsin?! Amma əlbəttə, müəllif Vaqif Səmədoğlu amilini də unutmur, əksər şeirlərini caz poetikasında yaratdığını qeyd edir.
Azər Turanın "Ədəbiyyat qəzeti"ndə (o vaxtkı "Ədəbiyyat və incəsənət") ilk yazısı Vaqif Mustafazadəyə həsr olunmuş "Sonun mübarək, ustad" (1987) məqaləsi idi. Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi Azər Əbilovun diplom işi də elə bu unudulmaz caz əfsanəsi haqqında idi: "Sənsiz səninlə" tamaşasının (1984, 27 aprel) uğuru haqqında müəllifin kövrək xatirələrində oxuyuruq: "...Sonra tamaşa başlandı. Hamı ordaydı. Mənim üçün unudulmaz olan isə tamaşaçıların arasında Vaqif Mustafazadənin hər iki xanımının - Nərminə və Elzanın, eləcə də qızlarının - Əzizə və Lalənin, bir də Zivər Mustafazadənin olması idi".
Dünya incəsənətinin modernizmə kökləndiyi ərəfədə yaranan caz haqqında Azər Turanın düşüncə və qənaətləri tamamilə intermedial kontekstdə əksini tapır. Cazın tarixi, mahiyyətindəki ekzistensial arayış haqqında fikirlərini "Caz ədəbiyyat üçün, özünü ifadə üçün içəridə yığılıb qalmış enerjinin musiqi şəklində partlayıb ətrafa dağılması və yayılması biçimində meydana gəldi." - qənaəti ilə ümumiləşdirir. "Caz, sadəcə, musiqi deyildir" məqaləsi boyu Sartr, V.Səmədoğlu, Ellington, Murakami, V.Mustafazadə yaradıcılığının simasında səs və sözün qarşılıqlı təsirini izləyirik. Bu məqalədə ən vacib məqamlardan biri Azər Turanın estetik prizmasındakı kriteriyaları konkretləşdirməsidir: "Azərbaycanın ilk modernistləri - Vaqif Mustafazadə musiqidə, Vaqif Səmədoğlu poeziyada, Cavad Mircavadov rəssamlıqda paradiqmaları dəyişdilər, sənətin estetikasını yenilədilər..."
Cavad Mircavadovun yaradıcılığı haqqındakı "Dünyanın Cavad mifi - Azərbaycan modernizmi" adlı essesində rəssamın yaradıcılığnın əsas istiqamətləri barədə Azər Turan sənətşünas rəyi bildirir. Həmçinin C.Mircavadovun yaradıcılığı ilə ədəbiyyat və təsviri sənət arasında qurduğu körpüdən də bəhs edir. Məqalədən məlum olur ki, rəssamın Q.Q.Markesə həsr etdiyi "Somnambula" tablosundakı rəmzlər vasitəsilə kolumbiyalı nasirin magik realizmi ilə onun abstraksionizmi birləşir. "Somnambula"nı izlərkən Azər Turanın düşüncəsi yenə tarixin dərin qatlarına baş vurur, "Əcdadlarımızın Alyaska yarımadasına keçib, o yanda böyük mədəniyyətin təməlini qoyduqlarına" inandığını vurğulayır. Qeyd edir ki, həmin mədəniyyət o tərəfdə Markesin, bu yanda isə Cavadın təhtəlşüurunda işıqlanıb sənətdə yeni möcüzə yaradır: "Beləcə, ötən əsrin səksəninci illərində ədəbiyyatımız dünya ədəbiyyatı ilə həmahəng olmasa da, sən demə, Cavadın rəsmlərinin timsalında təsviri incəsənətimizin qəlbi dünya ədəbiyyatı ilə eyni qütbdə və eyni ritmdə döyünüb".
A.Turanın intermedial tənqidə ən yaxşı nümunə ola biləcək esselərindən biri də Jak Preverin "Bir quşun rəsmini çəkmək üçün" şeiri haqqındakı "Quşlar saatla yox, işıqla başlayır oxumağa..." kiçik həcmli yazısıdır. Jak Preverin verbal rəsmdən ibarət şeiri haqqında Azər Turanın şərhi lakonik bir qənaətdən ibarətdir: "Prevert quşu azadlıqdan qəfəsə salır və qəfəsin içində estetik iqlim qurşağı yaradır. Görəcəksiniz, bu şeirdə hüzurun melodiyası misradan-misraya necə uçur, sözdən-sözə necə qonur..." Müəllifə görə, bu şeir uşaq xəyalının sənət üfüqlərinə pərvazlanmasının, estetik dünyagörüşünün formalaşdırılması baxımından hədsiz intibalar doğura bilmənin ən yaxşı örnəyidir.
Azər Turanın rənglərin vasitəçiliyi ilə görüb duyduğu misraları şərh etdiyi yazılarından biri də "Dəlixana divarını öpdü çinar budaqları..." essesidir. Söhbət Vaqif Səmədoğlunun şeirindən gedir. Şeirdəki ağrı, hüzn onu sətir-sətir, cümlə-cümlə təhlil etməyə imkan vermir. Bütöv bir mənzərə var - ağrının rəsmi. Və şairin sözlərlə çəkdiyi bu hüznü A.Turan Vinsent Van Qoqun "Sen Pol xəstəxanasının bağı" (1889) rəsmində görür: "Sanitarın döydüyü bu qızın sinirləri "Dəlilər evinin bağçası"nda - modernizmin ocağı başında pozulmuşdu. Budaqları dəlixana divarına sığal çəkən ağac isə yüz il əvvəl Bakıda deyil, Sen Remidə dəli olmuşdu..." Nə əlavə bir şərh var, nə izah. Şeiri oxuyursan, Van Qoqun rəsmini izləyirsən və düşünürsən ki, nə qədər dəqiq müşahidədir. Hərçənd elə həmin dəli dahi müalicə aldığı psixiatriya xəstəxanasında bir-birinin ardınca özünün "Süsənlər", "Ulduzlu gecə", "Buğda zəmisi və sərvlər" və s. kimi ən məşhur, sevilən əsərlərini də çəkmişdi...
"Yatmış şəhərin yuxusu, yaxud rəssam Ucal Haqverdiyev" essesində isə Azər Turan həm şair, həm də rəssam olan qəhrəmanının rəsmlərini elə öz şeirləri vasitəsilə şərh edir. Çünki "Amma mən Sizin üçün Səmanı çəkəcəyəm, \Və o gözəl rəqsini güllərin, yarpaqların..." deyən rəssam-şairin rəsmləri poetik, şeirləri təsviridir. Azər Turan sənətkar dostunun yaradıcılığındakı məhz bu məqama vurğu edir: "Mən - şəhərin rəssamı, / Şəhər-mənim yuxumdu" - deyən Ucal sükutun və zamanın harmoniyasını yaradırdı. "Sevgililər"dəki intim romantika, eşqin və həzzin nirvanası və Ucalın şeirlərindən uçub sevgi çardağına qonmuş göyərçin... "Sehirli bağ"dakı zaman da bizdən uzaqdakı zamandır." - Beləcə, Ucal Haqverdiyevin şeirləri və rəsmlərini paralel təhlil edir.
Azər Turanın haqqında bəhs etdiyim bu esseləri bütünlüklə intermedial kontekstə kökləndiyindən onlar üzərində dayandım. Ümumiyyətlə isə onun, demək olar ki, bütün janrlardakı ədəbi mətnlərində heç olmasa bircə cümlə ilə belə, digər sənət növlərinə, yeri gəldikcə isə dini mətnlərə göndərmə var. Bunlar ədəbiyyatşünas\tənqidçinin miqyaslı təfəkkür tərzindən xəbər verir.
Bütün fəaliyyəti boyu mədəniyyətin cəmiyyət həyatındakı roluna diqqət çəkən Azər Turan öz fəlsəfi konsepsiyasında mədəni yaddaş mövzusuna mühüm yer ayırır. Onun esselərində düşüncə seli bir zaman plastından digərinə keçid edib yenidən geri qayıtmaqla yaddaş məkanında rahatlıqla rəqs edir. Ədəbiyyatşünasın müxtəlif tarixi epoxalarda dolaşan miqyaslı düşüncə arealı intermedial içərikli yazılarında da aydın görünməkdədir.
Əvvəllər tez-tez deyilirdi ki, tənqid ədəbi prosesə yön verməli, onu arxasınca aparmaq gücündə olmalıdır. Çağdaş proses üçün aktuallığını itirmiş bu məsələ üzərində bu silsilənin öncəki yazılarında geniş dayandığımdan, sadəcə, qeyd edim ki, Azər Turanın ədəbi tənqidi və xüsusən problematik ədəbiyyatşünaslıq mətnləri əksər hallarda ədəbi-ictimai fikrə təsir göstərməklə yanaşı, perspektivləri proqnozlaşdırma gücünə də malikdir. Təbii ki, təsir gücü əsasən mexanizmin ümumi fəaliyyətinə bağlı olduğu üçün sonrakı mərhələləri idarə etmək heç də hər zaman ədəbiyyatşünasdan asılı olmur. Bununla belə, Azər Turanın yaradıcılığında konkret produktiv təkliflərin seçilib irəli sürüldüyünü, həyata keçirilməsi üçün mümkün ilk addımları özünün atdığını izləyə bilirik.
Mətnlərdə əksini tapan tarixi süjetlər, ədəbi-bədii allyuziyalar və fəlsəfi konsepsiyaların başqa sənət növləri vasitəsilə təzahürü; müəllifin səsi, sözü ilə digər müəlliflərlə unisonu; Azərbaycan ədəbiyyatının bütün multikultural və plüralist meyillərinə rəğmən milli identiklikliyi, ideologiya ilə ideal məsafəsi və s. - Azər Turan bütün bu meyilləri sezən, etalonları xüsusilə vurğulayan tənqidçi\esseist\ədəbiyyatşünas kimi çağdaş ədəbi tənqiddə fərq yarada bilir. Ədəbi kriteriyası "sənət sənət üçündür" tezisinə söykənən Azər Turanın ədəbi esseistikası intellektual kəsimə ünvanlı olduğu kimi, həm də öz oxucusunu yetişdirmə potensialına malikdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!