Filoloji hermenevtika: bədii mətn mənalarının interpretasiya texnikası - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

 

Bədii mətnin mahiyyətinin anlaşılması məsələsi filologiyada ən çətin məsələlərdən biridir. Buna görə də anlamanı yalnız hansısa "ən münasib" təyin əsasında öyrənmək olmaz. Bu anlayışa ("anlama") dialektik yanaşma təyinin çevrəsinin genişlənməsini, eyni zamanda bu anlayışa onun tarixi formalaşma prosesində baxmağı tələb edir. Anlama təyini sınırlayıcıdır, yəni, o ancaq bizim öyrəndiyimiz predmeti digərindən - məhz düşünmə, dərk etmə və bilikdən ayırır. Və: "Tam anlama üfüqlərin üfüqüdür" (Kuhn)...

Belə bir arzu olunmayan sual: bədii mətni yaratmaq, yazmaq asandır (çətindir), yoxsa onu oxumaq?

Əlbəttə, ritorik sualdır, ancaq bununla bağlı düşüncələr hansı məqamdasa çıxmaza da dirənə bilər. Məsələ burasındadır ki, şair, yaxud yazıçının yaratdığı mətn onun nəzərdə tutduqlarının sərhəddini keçir və şeir, yaxud nəsr olur, adi əhvalat və ya duyum sənin düşündüyün və orijinal hesab etdiyin çərçivəni qırıb efirə qarışmasa ən müxtəlif rakurslarda oxunmağa da yaramaz. Yəni, səndən qopub ayrılan mətn havaya (efirə) qarışmalıdır ki, onun ən fərqli dərinlik ölçüləri fəhm edilə bilsin.

Şeir nəfəslə yazılır, nəzəri fikirdə "nəfəslə görmə" anlayışı var. Vaxtilə bu barədə Çarlz Olsunun fikrini sitat gətirmişdik, bu fikirdə bədii mətnin anlaşılması probleminə yanaşma düzgün sayılmalıdır. Diqqət edin: "Çarlz Olsonun fikrincə,  məhz nəfəs (nəfəslə "görmə") dilin bütün nitq gücünün geri, yəni öz yuvasına qayıtmasına imkan verir.  Olson bu məqamda qeyd edir ki,  nitq bu məqamda şeirin "bərk" (açılmamış) şəklidir, orda, bu məkanda hər şey açılmamış tumurcuq kimidir, bütün sirr, dil açmamış nəsnələr onun içindədir. Şeir nitqə, eyni zamanda isə onun bərkliyinə, "açılmamış tumurcuqlarına" yiyələndikdən sonra burada hər şey - bütün nəsnə və əşyalar elə tumurcuq kimi görünür. Şairin hansısa mənbədən aldığı enerji oxucuya keçdikdə o zaman dəyişir və başqalaşır ki, oxucu bu tumurcuqların açılma məqamını görə, təsəvüvr edə bilsin. Əsl feyz elə budur." Demək yazma və oxuma eyni zamanda və bir neçə dəfə baş verir.

İnsan ömrü boyu eyni bir mətni sonsuza qədər yazır və bu nüsxələr heç zaman üst-üstə düşmür, eyni olmur. Eyni şeyi yazan, onu qələmə alan insan, bunu anidən dəyişdirənsə başqa bir qüvvədir və bu qüvvə yazının, bədii mətnin yazılması və onun fərqli şəkildə yozulub oxunması ilə bağlıdır.

Bədii mətn dünya, gerçəkliklə münasibətdə həm qapalı, həm də açıqdır, açıq/qapalılıq və bunların bir-birinə keçməsi, bir-birini əvəz etməsi uydurmadan yoğrulan (Eynşteyn deyirdi ki, nəsə yazanda gözəl bir şey uydur, əgər bu uydurma gerçəklik və təbiətdə öz yerinə "otura" bilirsə, demək qarışan şeyin qədəri içinə düşdüyü mühiti ötüb keçməkdir və bu bədii mətnin dəyərləndirilməsində ölçü vahididir...) bədii mətnləri şərh edən mövqeyinə gətirir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!