Nərgiz CABBARLI
Hər şairlə (şeirlə!), hər şeirlə (şair ruhu ilə) tanışlıqdan sonra oxucu yaddaşına düşən izlər var. Ruha toxunan, sonralarsa bəzən silinən (ağrısından başqa izi qalmayan!), bəzənsə qalan dərin, dayaz ləpirlər var.
Ağrı kimi, qəfil duyulan rahatlıq kimi, yaşanmış, çox tanış gələn, ifadəsi doğma (dəqiq!!!) olan hiss kimi, sevgi kimi duyğular var...
Poetik ifadələrin rəngləri var - qaradan tutmuş bəyaza qədər... (Ya da əksinə...)
Şeirin rəngi, misranın rəngi, şeirdə yaradılan hissin, duyğunun rəngi var...
Obrazlar var... Daş kimi, Ağac kimi, Yol kimi, Təbəssüm kimi, Göz yaşı kimi, Quş kimi...
Deyimlər var... Sonralar (bəzən yox, əslində çox zaman!!!) şairin özüylə, həyatdakı obrazı ilə tamamlanan, üst-üstə düşən, bəzən də o obrazdan daha güclü, daha təsirli olan deyimlər...
Hərdən Oxucunu xəyal qırıqlığına uğradan, hərdən də dəhşətli dərəcədə heyrətə salan Şairlə Şeir arasında Bənzərlik (Bənzərsizlik!) var...
O, şeirlərinə çox bənzəyirdi...
***
Dodaqlarında təbəssüm, gözlərində işıq, səsində karvan ləngəri, baxışlarında gözəllik axtarışı, bir də tapdığını dəyərləndirmək bacarığı ilə heyrətə salmışdı məni ilk dəfə qarşılaşdığımız zaman... Mən gənc bir mətbuat işçisi, o, dünyanı belə şeir kimi görən və elə ilk baxışdaca şeirə bənzətdiyim qadın... O yaşda belə zərifliyini, ədasını, baxışlarındakı lətafəti itirməmiş biri... Hətta marağımı boğa bilməyib, bir söz demişdim üzünə-üzünə... Gülümsəmişdi... "Ay nə maraqlı qızsan sən" demişdi... Beləcə ilk tanışlıq İşıq kimi qalmışdı yaddaşımda... Təbəssüm kimi qalmışdı... Bir də Azadlıq kimi...
Şeirlərində olduğutək...
***
Sonralar "Yol gedirəm yol olanadək" şeirinin ləngərinə vurulmuşdum. Ağrısını tanımışdım, yanğısına doğmalıq, candanlıq duymuşdum... Haqqında yazmaq istəyəcək qədər bir candanlıq...
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.
"Dodaqlardakı təbəssüm"lə "ağlamaq ehtiyacı" arasında çırpınan, döyüşən, dik durmağa çalışan, "ovcunda sirr", "barmaqlarında qabar" daşıyan o qadın tanış gəlmişdi mənə...
Bir qadının öz Təkliyinə, Tənhalığına bu qədər aşiq ola biləcəyini, bu qədər sıx-sıx sarıla biləcəyini ilk dəfə anlamışdım. Tənhalığı İnsan kimi sevmək də olurmuş, sən demə... Bu sarılmada belə bir gözəllik, qəbullanma, rahatlıq ola biləcəyinin heyrətini yaşamışdım... Tənhalığa, ağrıya sevgi ilə qucaq açmanın mümkünlüyünü görmüşdüm...
Əl çək məndən, qarı dünya
Yükümü tək daşıyıram...
Özü-özünə bəs edən, özü-özünə yetən bir İnsan obrazı ilə tanış olmuşdum ilk dəfə... Və... Anlamışdım ki, Tənhalığın Qaradan başqa bir rəngi də var imiş, sən demə... İçində İşıq, Günəş, quş səsi, quş qanadlarının çırpınışları da yaşada bilərmiş, sən demə...
***
Obrazlar poeziyanın əsas xəttini, qayəsini özündə ifadə edən aparıcı qüvvədir. Nurəngiz Günün şeirlərində quşların obrazı gözəlliklə, həyatla, çırpınmayla, yaşamla, canatmayla eyni məna daşıyır. Sanki insanın var olduğunu hiss etdirmək kimi bir funksiyası var...
Gözlərimin önündə quşlar dolaşır,
Gözlərimin içinə quşlar doluşur,
Kirpiklərimi budaq bilib,
Üstündə dolaşalar dalaşır.
Vallah, vallah, bu quşlar dəli edəcək məni,
Oyub, soyub qəhr edəcək könlümü.
Axı, bu quşlar niyə fəğan eyləyir,
Axı, quşlar nə istəyir, nə deyir?
Və bu, sadəcə, bir mənzərənin, görüntünün təsviri deyil. İlk baxışdan belə bir təəssürat bağışlasa da... "Göz önündə dolaşan" quşlarla "gözlərin içinə doluşan", ruha daraşan, "qəlbi oyan, soyan" quşlar insan ruhunu silkələyəcək, tərpədəcək, yerindən oynadacaq nələrdənsə xəbər verəcəklər...
Bəlkə, quşlar insan dili anlayır,
Bəlkə elə quşlar məni
quş diliylə danlayır?
Yox, yox! Vüsal nəğməsidir,
oxuyur bu quşlar,
Deyən, dimdiklərində "Cənub damlası" daşıyır,
gözlərimin yaşın yuyur bu quşlar...
Bu şeirlərdə "Gözlərin içinə doluşan", "kirpikləri budaq bilib üstündə dalaşan" quşlar eyni anda həmdərd, həmsöhbət, "gözlərin yaşını yuyub aparacaq" qədər gücə sahib sirdaş, yoldaş, tənhalıq paylaşan qəmdaşdır. Bu şeirlərdə (həm də bu şeirdə!!!) ən çox yadda qalan odur ki, Sözlə ifadə olunan görüntü sözlə ifadə edilməyən Ağrıdan danışır. "Yox, yox, vüsal nəğməsidir!" təsəllisini pıçıldadır... Yəni belə bir gücə malikdir...
Quşlar bu şeirlərdə eyni zamanda da Azadlığın simvolu kimi çıxış edir həmişə. Azadlığa canatmanın yanğısını göstərir. "Pələngli, aslanlı dünya"da belə azadlığın varlığını və şirinliyini anlayan bir dərketməni, ona canatmanın şirinliyini, vacibliyini, zəruriliyini ifadə edir. O üzdən də bu şeirlərdə quş qanadlarının çırpınışları Azadlıq qədər böyük, Azadlıq qədər genişdir...
Uç, uç!
Geniş ormanlar yaxşıdır.
Baxma ki, pələngi, aslanı var.
Uç, uç!
Ormanlar bir yaşıl nağılın yağışıdır...
Bu çırpınışlar həm də bir Ürək döyüntüsünün səsini simvolizə edir. Sənin quş kimi gördüyün, ilk təəssüratdan alqıladığın qanad çırpınışları azadlıq, asudəlik arzusu ilə çırpınan Ürək cildinə girir bir qədər sonra... Və sən o Ürəyi görürsən...
***
Hər zaman bu düşüncədə olmuşam, illər sonra yenə də bu fikirdə qalıram ki, şairin ruhu, duyğuları, sevinci, kədəri, küskünlüyü ... və bütün həyatı şeirlərində saxlıdır. Görmək, anlamaq, hiss etmək üçün oxumaq - duymaq yetərlidir. Bu şeirlərdə üsyanın belə qəribə "müdrik qəbullanma" çaları var. Etirazın belə müdrik "həyatdır da!!!" nidası eşidilir... Sanki ömrü boyu nələrəsə dirənişin, çabalamanın izlərini görürsən...
Nə dərd, nə ələm bildilər,
Nə istədim vermədilər.
Əslində, nə istədim ki?
Düzləri görmək istədim -
ürək üçün.
Bir veyil külək istədim -
seyr edib yer üzünü,
azadə nəfəs dərib,
asudə ölmək üçün.
Vermədilər.
Könlüm bir könül istədi
könlümü kiritməyə.
Quyu suyu istədi
bu susuz ciyərimə
qurtum-qurtum çəkməyə.
Bir ovuc torpaq... istədim
sinəm ilə bərabər
dərdlərinə çökməyə!
Vermədilər.
İnsan arzularının, insanı xoşbəxt edə biləcək nədənlərin nə qədər sadə, bəsit olduğunu anladır bu şeirlər... Ruhunun Azad olduğunu hiss etmək üçün arzulanan "düzlər" yenə də Azadlıq yanğısını yada salır... "Azad nəfəs dərib asudə ölmək" arzusu ilə o yanğının dərinliyini ifadə edir. Eyni zamanda və ondan da daha artıq "könlü kiritmək üçün" arzulanan könül bu dünyada ən böyük xoşbəxtliyin nə ola biləcəyindən danışır... "Könlüm bir könül istədi könlümü kiritməyə..."
Bir şeir daxilində yaradılan istəklərin, arzuların obrazları o qədər bir-birindən fərqli, maraqlıdır ki... Onların arasında gözə dəyən qadını görmək arzusu baş qaldırır oxucuda... "Sinəsi ilə bərabər dərdlərinə çökmək üçün torpaq" arzulayan o qadının - Tənha qadının sözlə dəqiq ifadə edilməmiş, amma bununla belə rəsmi cızılmış kimi görə bilirsən... O qadının istəkləri, əslində, çox sadədir, amma eyni zamanda da çox Böyükdür. Hətta mümkünsüzlük qədər böyük: "Bəyaz həyat..." "Mən"də "Mən" qədər görünmək, anlanmaq, hiss edilmək...
Yol istədim, at istədim,
bir bəyaz həyat istədim,
Yollarımı hördülər
məni məndən aldılar,
məni mənə vermədilər.
Hey yandım, çırpındım...
Çırpındım, fəğan eylədim,
Vermədilər, vermədilər,
məni Məndə görmədilər...
***
Bir dəfə qızı Jalə xanımla bağlı Nurəngiz Günün bir etirafını oxumuşdum: "Qızım Jalə bir gün ağladı ki, niyə evdən çıxmırsan..." Bu misraları oxuyanda şeirlərdəki Tənhalığına aşiq Qadın o dəqiqə tanış gəldi mənə... İnsanlardan başlayan, quşlara, ağaclara, Günəşə doğru uzanan bir Yola üz tutan o Qadını görmüşdüm sanki... Şeirlərindən tanıdığım qadını...
Boş haylardan
haraylardan,
təmtəraqlı
otaqlardan, -
saraylardan qaçıram!
Yersiz gülüşlərdən,
saxta, yaltaq öpüşlərdən
qazanc güdən,
söz üyüdən
görüşlərdən qaçıram!
Əli baltalı qollardan
dolam-dolaşıq yollardan,
boş küylərdən,
kələklərdən qaçıram!
Bu qaçış onu həyatı boyu izləmiş kimi idi. Bütün həyatı boyunca varmış kimi idi... Gah etiraz cildində görünmüşdü şeirlərdə, nəğmələrdə, gah inadkarlıq donunda boy vermişdi. Səmimiyyəti, içdənliyi ilə. Bəzən hətta şıltaqlığı ilə... Cilvəsi ilə...
Bilməz idim eşq nədir, qəm nədir,
Bilməz idim gül nədir, şəbnəm nədir.
Bilməz idim kirpik nədir, nəm nədir,
sən öyrətdin, qaytar apar, istəməm!
Bilməz idim ay necə dolanarmış,
Bilməz idim ay gecə dolanarmış,
Bilməz idim sinəm belə yanarmış,
sən öyrətdin, qaytar apar, istəməm!
Lakin bu qaçış, bu etiraz, bu üsyan yalnız fərdi ağrı daşıyan, yalnız cəmiyyətlə bağlı olan bir qaçış deyil... Bu şeirlərdə geniş mənada Dünya ağrısına, Qlobal ədalətsizliyə, Böyük anlamda haqsızlığa etiraz var. Onların olduğu dünyadan qaçmaq istəyi var... Məsələn, "Xocalı simfoniya"sında bunu o qədər dəqiq hiss etmək olur ki... Sanki insanlardan, dünya ədalətsizliyindən qaçaraq öz Limanına sığınan bir Ruh burada belə o ağrılardan qurtula bilmədiyinin əzabını hayqırır:
Ah! Boğulur çocuqlar,
Yorulur torpağın altında
Çocuqlar!
Əlləri, qolları yorulur...
Heç bir şey anlamır Çocuqlar!
Çocuqlar top-top oynamaq istəyir,
torpağın altında.
Ana məməsi istəyir körpələr
torpağın altında.
Şair ruhu üsyan edir, etiraz edir, lakin yaratdığı dünyanın xilas yolu olmadığını, ağrının, acının yolunu kəsərək içəri sızmasına imkan vermədiyi, "yalan, saxta təbəssümlərdən" daha gerçək və daha güclü olan dünya gerçəkliyinin sızdığı Mənəvi Dünyasına hücumun qarşısını ala bilmədiyi üçün yanır, alışır.
Boşluq
Bomboş bir səssizlik,
Bomboş
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı?
Qamçım vardı,
bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!
***
Nə qədər etiraz, üsyan olsa da, bu şeirlərin yenə də ən böyük gücü içində qoruduğu İşıqda, Ümiddədir. Heç vaxt qırılmayan, bütün həyata qarşı durmalı olsa belə, yenə də xoşbəxt olmağın - öz içində xoşbəxt olmağın yolunu seçən İnsan obrazındadır. Və nə yaxşı ki, şeir ağrı ilə bərabər o ümidi də daşıyır...
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!