Tanınmış ədəbiyyat tənqidçisi, publisist, tərcüməçi, şair Bəsti Əlibəyli müsahibələrinin birində deyir ki, "yazıçı öz ədəbi bioqrafiyasına, tənqidçi isə ümumi ədəbiyyata işləyir. Çünki tənqidin predmeti ədəbiyyat, vəzifəsi isə ümumi prosesi və ayrı-ayrı mətnləri izləməklə yaranan əsərlərin dəyərini, poetika və problematikasını, istiqamət və meyillərinin nəzəri əsaslarını müəyyənləşdirərək prosesin canlanmasında yaxından iştirak etməkdir. Bu vəzifələr yerinə yetirildiyi təqdirdə tənqid ədəbiyyat üçün faydalı ola bilər".
Bəsti Əlibəyli illər boyu mətndən çıxış edərək peşəkarlıqla yazdığı, mətbuatda çap etdirdiyi ədəbi-tənqidi icmalları, məqalələri ilə prosesin canlanmasına kömək edib. Onun görkəmli ədəbi simalar ? Anar, Yusif Səmədoğlu, Sabir Əhmədli, İsa Muğanna, Elçin, Məmməd Araz, Fikrət Qoca, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və digər yazarlarımız barəsində təhlilləri də bu qəbildəndir.
Bəsti xanımın tənqiddə özünəxas bir mövqeyi var. O, mətnə humanist mövqedən yanaşaraq yazıçının tərəfində dayanır, eyni zamanda tənqidi qeydlərini də aydın şəkildə bildirir ki, bu da hazırki tənqidimiz üçün çox gərəkli keyfiyyətlərdəndir. B.Əlibəyli imzasının ədəbi mühitdə xüsusi yer tutduğuna diqqət çəkən akademik Nizami Cəfərovun fikrincə, "onun istər kiçik məqaləsi, istərsə də əhatəli monoqrafiyası tənqidçinin geniş təhlil qabiliyyətindən, zəngin dünyagörüşündən xəbər verir".
Ədəbi tənqidimizin ünlü simalarından olan, filologiya elmləri doktoru Vaqif Yusifli də müsahibələrinin birində bu gün Azərbaycanda yaradıcılığı ilə fərqlənən on-on iki peşəkar tənqidçinin adını çəkir ki, onlardan biri də Bəsti Əlibəylidir.
Xalq yazıçısı Anara görə, Bəsti xanımın yazılarının dili rəvan və sadədir. Bu sadəlik, lakoniklik məqalələrdəki fikrin dərinliyinə mane olmur, əksinə, həmin yazıları daha oxunaqlı edir. Görkəmli şairimiz Ramiz Rövşənin fikrincə, o, həm ciddi tənqidçi, həm də istedadlı bir şairdir.
Ədəbi prosesə çox ciddi yanaşan, əsərlərini təhlil etdiyi müəllifləri seçərkən obyektiv davranan tənqidçinin 2017-ci ildə işığa çıxan "İkinci mətn" kitabı Azərbaycan ədəbi mühitində yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, bu kitabına görə müəllif Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb. B.Əlibəyli daha əvvəl yazdığı "Onuncu portret", "Bizim kimi olmayan adam", "Durna çırağı", "İncə "günahkarı" adlı monoqrafiyalarından sonra ərsəyə gətirdiyi "İkinci mətn" adlı kitabında təqdim etdiyi ədəbi-tənqidi məqalələr və icmallar vasitəsilə müasir ədəbiyyatımızın əhəmiyyətli bir dövrünün ? 60-cı illərdən günümüzə qədərki zaman kəsiyinin mənzərəsini əks etdirir. Özünün də qeyd etdiyi kimi, bu kitab onun tənqid fəaliyyətində mühüm yer tutur.
Bəsti xanım Almaniyada mühacir həyatı yaşayan, əslən Azərbaycan kökənli olub, Türkiyədə doğulmuş Orxan Arasın qürbətdə ömür sürən insanların yaşantılarından bəhs edən "Son cənnət" romanını, eləcə də Cümhuriyyət dönəmi Türkiyə şeirinin tanınmış simalarının şeirlərini öz türkcəmizə məharətlə çevirib. Ən əsası odur ki, yazar-mütərcim xanım dilimizə çevirdiyi əsərlərdə müəlliflərin dil-üslub xüsusiyyətlərini və mətnlərin poetikasını qoruyub saxlamağa müvəffəq olub.
Çoxşaxəli ədəbi fəaliyyəti ilə yanaşı, Bəsti xanım həm də gözəl poeziya nümunələrinin müəllifi kimi maraqlı bir şairdir və mən bu yazımda daha çox onun şeir yaradıcılığı üzərində dayanmaq istəyirəm.
Bəsti Əlibəylinin şeirlərini oxuduqca düşünürsən ki, bu nəzm parçaları şairin köksünə darlıq edən yaşantılarından, hiss-həyəcanından doğulub. Həzin, kövrək şeirlər qələm sahibinin ürək çırpıntılarından, ruh halından xəbər verir. Qələmini daha çox ağrılı mövzularda işlədən yazarın ovqatı isə həmişə yurdun, elin haləti ilə həmahəng olur.
Millətçi ermənilərin azğınlığı, Topxanada törətdiyi təxribatlardan sonra haqsızlığa dözməyən yurddaşlarımızın qoşulduğu Meydan hərəkatı genişlənmişdi. Az sonra bəşəriyyətin qanlı faciələrindən olan, bir gecədə nə qədər əliyalın, günahsız insanın həyatına son qoyan 20 Yanvar qətliamı baş vermiş, paytaxtımızın küçələri qana boyanmışdı. Vətəndaşlıq mövqeyi həmişə öndə olan B.Əlibəyli o müdhiş günlərdə yazırdı: "Uşağa, qocaya baxmadan hər kəsin gülləbaran edilməsi çox dərin bir psixoloji dəhşət yaratmışdı. Uzun müddət matəm havası çəkilmədi ölkədən, elə bil hamımızı güllələmişdilər. İçimizdə çox şeylər öldü o qanlı müdaxilədən sonra..."
Bu ağrılı olaylar bizi addım-addım Birinci Qarabağ savaşıyla üz-üzə, göz-gözə qoymuşdu. Yaradıcı şəxslərdən gözləntilər də çox idi. Kəsərli sözə, sövq edən, arxasınca aparan sağlam çağırışlara ehtiyac vardı. Qələm adamları iç dünyasında püskürən hiddət və qəzəbi çatdıran, düşmənlə mübarizəyə səsləyən əsərlər yazırdılar. Bəsti xanımın poetik nümunələri də diqqət çəkirdi. Sızlayan, qaysaq bağlamayan yaralarımız, başımıza dolutək yağan ağrı-acılar, itirilmiş yurd yerlərimizin ovunmayan göynəyi, füsunkar təbiətimizin, zümrüd meşələrimizin, səfalı yaylaqlarımızın təcavüzə məruz qalması yandırıb-yaxırdı şair qəlbini:
Laləli dağlar!
Gülə can verən arılar
Tərk etmədi qoynunu.
Suvaşıb bal-pətək kimi
Ölüb qaldı çiçəyində.
Naləli dağlar!
Bir arı mislində yoxam,
Hicran əlindədi yaxam.
Arxa olmadım sənə, kaş
Daş olaydım gədiyində...
Bəsti xanımın "Belə yaşamaq olmur" adlı şeiri də elin dərd-sərindən qovrulan ürəyinin döyüntüləri və keçirdiyi hisslərin tərcümanıdır:
Nə dinsiz ağrılar var,
Dözüb yaşamaq olmur,
Bu dağdan anrılar var,
Bilib yaşamaq olmur.
Hər bəla sənə gəlir,
Güdür, qəsdinə gəlir,
Yer-göy üstünə gəlir,
Belə yaşamaq olmur...
Narahat dünyamızın dərd-ələmi, qüssə-kədəri isə nə çox! Namərd düşmən əliylə tüstüsü ərşə bülənd olan kəndlərimiz, qoru külləşmiş ocaqlar, uçurulub, xarabazara çevrilmiş evlər, ot basmış cığırlar... Şairin müharibədə dağılıb növrağı pozulan ata ocağını təsvir etdiyi "Köhnə ev" şeirində olduğu kimi:
Köhnə xatirələr köhnə bir evin
Aramsız mərmitək yağır üstünə.
İti caynağıyla bir qoca bayquş
Qanlı yaraların basır üstünə.
Yağı ərimiş ürəklərin, övladlarını - "pir könüllü növcavanlarını" itirmiş anaların ah-naləsi... Müəllifin "Bir cüt mələk çiynində" adlı şeiri iki oğlunun dərd yüküylə beli əyilən, bu qüssə ilə də dünyadan köçən ürəyi yaralı ananın xatirəsinə ünvanlanıb:
Uzun ömrün son anı
Uzun sürdü, anacan.
Şəkilləndi gözündə
İki balan, anacan.
Birinin yarı torpaq,
Biri yarı-yarımcan.
İki düşmən çəpəri,
İki pöhrə, anacan...
Gəlmiş fərağın sonu,
Baxtın gülür, anacan.
Bir cüt mələk çiynində
Taxtın yürür, anacan...
Anaların möhnəti, iztirabı təkcə bu deyilmiş. "Vətən sağ olsun!" deyib odun-alovun içinə atılan gənclərin həm də yar sevən, sevgilisinin saçlarına çiçək taxan vədəsi, məhəbbətlə aşıb-daşan çağları da yağı mərmilərinə tuş gəlmişdi. Bəsti Əlibəylinin "Qürur, qübar və sevgi nəğmələri" silsiləsindən olan "Bir ülvi sevgi kimi" şeirində oxuyuruq:
Nur kimi süzüldülər,
Sutək hopub getdilər
Qoç igidlər torpağa...
Qayıdarlar bu səfər
Bir ülvi sevgi kimi
Ürəklərə dolmağa...
Bir kiçik təsəlliyə
Möhtac qalan analar
Dilək tutar hər cümə;
Oğlu sevən gözəllə
Qəbir üstə tanışmağa.
Fəqət şəhid analarının da, sevgisi yarıda qalan, nakam məhəbbətini heç vaxt unuda bilməyən gözəllərin də bir təsəllisi var:
Ürəklər yanğın yeri,
Söndürməz ulu göylər,
Damla salmaz buludlar.
Nə yaxşı ki, umud var
O dünyada buluşmağa...
"Giliz medalyon" adlı şeiri də həyəcansız oxumaq olmur. Bir gəlinin röyasından ömür-gün yoldaşı keçər, odlu Qarabağ cəbhələrində döyüşən əri adının yazıldığı bir giliz medalyon yollar ona. Amma düşmənlə son nəfəsinədək çarpışan igid ərənlər geri dönməz, torpaq uğrunda şəhid olarlar:
Ağ atlı ordular keçər
Gəlinlərin yuxusundan,
Keçər Şuşadan, Laçından.
Bir medalyon yollar əri,
Adı çıxar içindən.
...Şəkil kimi atalar
Nağıla, dastana dönər.
Başı sığalsız balalar
Divardakı şəkillərə
Baxa-baxa böyüyər...
Məğlubiyyət acısı, işğal altında qalan yurd yerlərimizin harayı, son illərdə düşmənin bitib-tükənməyən təxribatları əsəblərimizi tarıma çəkir, "Ya Qələbə, ya ölüm!" çağırışını ortaya atırdı. Bəsti xanım yazılarının birində belə bir fikir söyləmişdi: "Bir şeyə nə qədər alışırsan, o qədər də onun köləsinə çevrilirsən. Dərd də belədir, onu sinəndə çox gəzdirdikcə yaxandan daha bərk yapışır".
Deməli, otuz ildən bəri bizə boyunduruq olan yurdsuzluq dərd-sərini, heç vəchlə qurtula bilmədiyimiz xəcalət sindromunu kökündən qoparıb atmalıydıq. Doğrudan da, yağıya "dur!" deməyin vaxtı çoxdan çatmışdı. Azadlıqsevər xalqımızın, onun müdrik Sərkərdəsinin istəyi, əzmi, qətiyyəti, nəhayət, həyata keçməkdəydi. 44 günlük Vətən müharibəsində şücaət göstərən oğullarımız son nəfəsinədək mənfur erməni işğalçılarla pəncələşir, yağılara qan uddururdu. Müzəffər ordumuzun rəşadəti, igid qazilərimizin hünəri, şəhidlərimizin al qanıyla torpaqlarımız əsarətdən qurtulur, yaşayış məntəqələrimiz, şəhər və kəndlərimiz işğaldan azad edilirdi. Qələm dostlarımız da gənc ömürlərini Vətənə fəda edən şəhidlərimizin hüznü, qübarıyla yanaşı, qürur nəğmələri yazırdılar. Bəsti Əlibəylinin Qarabağ şəhidlərinə və qazilərinə həsr etdiyi "Zəfər lalələri" kimi:
Sən şimşəkdən doğulan
Sehrli göy qurşağı.
Al günəşlə yağmurun
Ən uca Zəfər tağı.
Ağ alnında parlayan
İlahidən bir işıq,
Mübarək şəhadətin
Ər adına yaraşıq!
Şair Qarabağın Zəfər savaşçılarına ithaf etdiyi birinci nəğmədə doğma yurd naminə canından keçən şəhidləri "səngərlərin divarında qızaran al lalələrə, Murovdağın quşqonmaz zirvəsinə, Şuşada bitən Xarıbülbülə" bənzədir. Xilaskar Ordumuzun ön cərgələrində olan, Zəfər savaşını bir müqəddəs, yenilməz sevgitək türk ruhunda daşıyan Mübarizlər, Poladlar, Cəbrayıllar və Xudayarların öz hünəri, qüdrətiylə yeni tarix yazdıqlarını fərəh hissiylə dilə gətirir:
Mehrab, Yüksəl, Cəbrayıl,
Göy üzündə mehtabsan,
"Dumandan xeymə quran"
Nəğməkar Xudayarsan.
Sən ey şanlı Qəhrəman!
Mələklər səcdə qılan...
Gözlərinə ölürəm.
Sonda "Vətən" deyib susan
Ürəyindən öpürəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!