Ramiz Rövşən şeiri iki əsrin qovşağında - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Ramiz Rövşən çağdaş Azərbaycan şeirinin sütünlarından biridir. Ədəbiyyata gəldiyi 70-ci illərdən etibarən poeziyamızda fərqli imza, fərqli nəfəs kimi doğulan, milli Azərbaycan şerinin yönünü dəyişən Ramiz Rövşən poetik nəfəsini çağımızadək qoruyub saxlamağı bacaran şairimizdir. Ramiz Müskanlı imzası ilə yazdığı ilk şeirlərindən diqqəti o qədər də cəlb etməyən gənc şairin yeniliyi sonradan, birinci şeirlər kitabında gerçəkləşdirdiyi məzmun və intonasiya planında baş tutmuşdur. Geniş diapazon, fərqli metaforalar, poetik ahəng, dərin ruhi aləmi ilə seçilən şairin mətnlərində tale, ölüm, həyat tamam başqa müstəvidən poetik mənaya oturdulur, kədər motivinin maksimal qatından absurd, nəhayətsiz sonuclara varan insanın iç təlatümləri sərgilənirdi. Şeirlərdə ehtiva olunan poetik məzmun lirik-fəlsəfi düşüncələrlə zəngin idi. Bu orijinal poetik məzmun R.Rövşənin şeirlərinin bədii quruluşunda da təcəssüm edir, şüuraltını hərəkətə gətirən gözlənilməz detallara müraciətlə müəllifin fərdi dəst-xəttini müəyyənləşdirən əsas cəhətlər kimi üzə çıxırdı.

Ramiz Rövşənin 70-ci illər şeir məkanına gətirdiyi yeniliklər sırası daha çox XX əsrin əvvəllərində yarımçıq qalmış modernizm dalğasını davam etdirmək missiyasından, eyni zamanda dünya ədəbi cərəyanlarının milli poeziyamızda əks olunması ehtiyacından qaynaqlanırdı. H.Cavid, M.Hadi, Ə.Cavad, Ə.Hüseynzadə, M.Müşfiq şerində dünya ədəbi cərəyanlarının müəyyən çəkilib qabarmalarla üzə çıxan dalğası R.Rövşən şerində yenidən boy verib irəliyə atılırdı.  Türkiyə və Avropa ədəbiyyatına nüfuz, oranın ədəbi-ictimai mühiti, yenilikçi şairləri (Türkiyədə divan-təriqət şerinin çərçivələrini dağıtmış N.Kamal, Ə.Hamid, T.Fikrət, R.Tofiq, Avropada Höte, Şiller, Bayron, Rusiyada Puşkin, Lermontov, Blok, Yesenin, Bednı, Mayakovski) ilə tanışlıq, həm də tərcümələr vasitəsilə təsirlənmələr milli poeziyamızda yeni imzanın doğuluşunu labüd edirdi.

       Ədəbiyyatımızın 60-cı illərdə yetişən nəsli sovet dövrünün istismara məruz qalan yazar ordusunun içində boğulub qalan azaqlıq nidası kimi ərsəyə gəlmişdi və içlərindəki yanğı, dərd, lirik-fəlsəfi düşüncə tərzinə görə klassik şairlərimizin, XX əsrin əvvəlində yazıb-yaradan sənətkarlarımızın varisi kimi çıxış edirdi. Amma məsələ ziddiyyətin mahiyyətində idi. Məsələn, R.Rövşənin şeirlərindəki qaranlıq poeziyamızda yeni bir işıq zolağına yol açırdı, qaranlığın üzərinə düşən işıq haləsini görüb sezə bilirdik. Ədəbiyyat, poeziya cəmiyyətdəki, dünyadakı  qaranlıqlardan  işığa keçiddir, əslində. Amma bu keçidi şair necə həyata keçirməlidir? Düşünmürəm ki, ötən əsrin 20-40-cı illərin nikbin ruhlu poeziyası yalnız S.Rüstəmin "ələmdən nəşəyə" imperativini irəli sürməsi ilə reallaşdı. Bu, hardasa yeni nəsil poeziyasının mənəvi durumundan qaynaqlanan mahiyyət dəyişimi oldu. 80-ci illərin əvvəlləri isə artıq verilmiş vədlərin, qapılmış illüziyaların puç və əfsanədən başqa heç nə olmadığını ortaya qoyan zaman kəsimiydi. Ona görə gənclərin poetik ovqatları da özlərindən əvvəlki nəsildən fərqli olaraq, daha çox çöküş əhval-ruhiyyəli idi.

R.Rövşən imzası elə bir dövrün qarışıqlığı içrə parladı ki, ədəbiyyat uzun onillik ona zorla aşılanmış həyat sevgisindən, nəşə sindromundan bezmiş, bu süni nəşədə sanki öz varlığını, yaşamını, duyğusallığını itirmişdi. Bəlkə bu üzdən, 60-cı illər poeziyasında V.Səmədoğlu, R.Rövşən, V.B.Odərin ölümlə süslənmiş şeirlərinə maraq sovet dövründə təbliğ olunan bayağı nikbin ideyaların vurduğu əxlaqi-mənəvi zərbənin şüuraltı kompensasiyasının ifadəsi idi. Bu, bir növ oxucuların həmin süniliyə - ictimai-siyasi tematikaya, fərdin deyil, toplumun maraqlarına hesablanmış mövzulara etirazı idi. Bu şairlər hələ sovet dövrünün hakim olduğu dövrdə sosialist realizminin şablonlarından imtina edir, öz yaşamının poeziyasını yaradırdılar. Amma bu poeziya yalnız ağrı simvolikası kimi ərsəyə gəlmədi, həm də onun poetik yaddaşını bir cümlə ilə dirildə bildi: "39-da doğuldum, 37-də tutuldum", - yazdı Səmədoğlu.

Bəli, poeziyada ədəbi nəsil təzələnirdi və bu nəsil məhz, repressiya dalğasında güdaza verilən şairlərin varisi olaraq onların qaldıqları yerdən başlayırdılar. V.B.Odər "Güllələyin şairləri! Sonra diz çökün" şerində uca səslə xitab edirdi:

Güllələyin damarlara

sığmayan təzə qanı!

Güllələyin lirikanı,

Lorkanı, Nerudanı!..

Eləcə də R.Rövşən:

"Kimin xatırındadır

  nəğmə qırğını ili?

  Nəğmələri

öldürürdülər.

 Nəğmələr

 şairlərin qapısını

döyürdülər... - deyə, artıq sosializmin siyasi olaylarının fəci aqibətini şerə gətirirdilər. Kamil Vəliyev məqalələrinin birində şairlə bağlı "R.Rövşən şeirlərində söz sanki qürbətdən vətənə gəlir", - yazır. Bunu yalnız şerin özünün poetik yeniliyi kimi qəbullanmaq olmur, bəli, bu dönəmdə həm də susdurulmuş azad poetik nəfəslərin qanad çalan uçuşu başlanır şeir səmasında. Bu uçuşda cəmiyyət və dünya konteksti tamam yeni rakursdan mətnə gətirilir, bu vaxtadək obrazlaşdırılan dünya, kainat, Tanrı, sevgi və başqa təsəvvürlər modifikasiyaya uğrayırdı. Amma bu modifikasiya çağın insanının daha gerçək siması, yaşantısı, mənəvi durumunun şəkli idi. XX əsrin əvvəllərindən başlayaraq, bir-birinin ardınca baş verən məlum olaylar daha çox böhran ab-havasını yaşamış olduğundan şairin  poetik "mən"ini də bu ovqat üstündə kökləməsi sosializmin yalançı nəşə imperativindən daha səmimi, daha təbii idi. Yaşadıqları ilə təlqin olunanlar arasında təzad şairi başqa səmtlərə yönəldir, dünya ilə dialoqunu özgə hava-havacatlara kökləyirdi. 1970-ci ildə işıq üzü görən  "Bir yağışlı nəğmə" adlı ilk şeir kitabından artıq R.Rövşənin lirik qəhrəmanı dünya ilə barışmaz, üsyankar mövqeni nişan alırdı. Bu kitabda R.Rövşən qəhrəmanı daha çox üsyankar, mübariz, etirazçı ruhdadır: "Gecə yağış yağır/ gündüz çirklənən/ günahkar dünyanı təmizləməkçün...", yaxud "Bu laqeyd adamlar arasında mən/ Sağıma, soluma/ göz yuma bilsəm...".

Şairin ikinci kitabı 1987-ci ildə çap olundu. "Göy üzü daş saxlamaz" adlanan bu kitab "Ay işığı" şeri ilə başlayır, burada da özünü "dəliliyə vurmuş" qəhrəmanın simvolik işarə-eyhamlarına ayna tuturdu: "Dedilər, dəlidi - nədi,/Kimi bir ad verdi mənə./Kimi baxıb kül elədi,/Kimi baxıb güldü mənə".

Gerçəklərin yalan qarşısında sarsıntısı, həqiqətin uydurulmuşlar qarşısında susqunluğu... İçinə enən ruh, əbədiyyəti tərcih edən düşüncə, ölümü vəsf edən poeziya! Böyük və fəci sarsıntılar qarşısında ruhunu itirmək təhlükəsi ilə üzləşən şairin dünyaya xitabının yeni çaları. Vaxt gəlir, insan anlayır ki, əslində fani olan dünya yox, o özüdür. Sosialist dalğasının çəkilib-qabarmaları içində bunu konseptual şəkildə ilk anlayanlardan oldu R.Rövşən. "Dünyanın dəlisov oyaqlarıyla/ Ulduzlar danışmaz/ qorxularından...", -  yazan şair daha sonra varlığın daha sirli, metafizik qatlarına endi, burada artıq onun dünya ilə deyil, özü ilə mühakiməsi başladı: "Nə yaxşı tapdım özümü,/ Böyrümdən keçib getmədim".  Şairin ikinci kitabının qəhrəmanı daha çox ekzistensial məqamlara, mətləblərə həssas biri olaraq meydana çıxdı, şair çağın mənzərələri içrə gəzişərək, mistik mənalar, simvolik atributlarla dünya işləklərinin hesabatını dini-ilahi qatda aradı. Bəşərin qarışıq mənzərələri önündə çaşqınlığa uğramış insanlığı itirdiyi ilahi bağlara bağlamağa çalışdı, ona özünü tapması üçün uyğun bildirdi. Yolu nişan verdi: "Ömrümü qab kimi saldım əlimdən/ Çox sınmayan şeylər sınası oldu./ Bütün yollarımı aldın əlimdən/ Bütün yollarımın sonu sən oldun".

"Göy üzü daş saxlamaz" kitabında şair-qəhrəman nisbətən içəçəkilməyə, dünya ilə barış mövqeyinə adlayır. Bu kitabdakı şeirlərin mövzu-mündəricəsi, hətta adları belə artıq  gəncliyin çılğın sözünü adlayan müdrik baxışın müşahidəsindən hasilə gəlirdi: "Başı kəsik gözəl kötük", "Qocalıq", "Göy üzü daş saxlamaz", "Dünya məndən kimlər keçdi", "Tək adam", "Gedənlər dönər uzaqdan"... hər birində dünya, zaman və insanla bağlı meditativ düşüncə, təklik nisgili, nəsihət, təsəlli mövqeyi, yorğunluq əhvalı və s. Bu şeirlərin qavranılması, qəbullanılması, poetik dərki də asan başa gəlmədi. Milli ədəbi-nəzəri düşüncə yeniliyin bu qatını anlamağa hazır olmur, çətinlik çəkir və onu bəsit postulatlarla bədii idrakdakı yerini kölgə altına salmağa çalışırdı. Çağın tənqidçisi Asif Əfəndiyev şairin şeirləri ilə bağlı: "Şeirdə uydurduğu obrazlar insanı həyata yaxınlaşdırmaq əvəzinə uzaqlaşdırır. Poeziya qeyri-real, qondarma oyuna çevrilir. Milli müəyyənlikdən məhrum olan  bu cür yazılar poetik ilhamın rasional, əqliyyətçi eksperimentlə əvəz edilməsindən başqa bir şey deyildir", - yazırdı.

Əslində isə, R.Rövşənin şeirləri mifik dünya ilə real dünyanın sərhədlərini darmadağın etmiş, ədəbiyyatın əbədi mövzularına yeni yön aşılamağa müvəffəq olmuşdur. Milli müstəqilliyimizi əldə etdiyimiz yeni dönəmə də şair "Kəpənək qanadları" (1999), "Gedək biz olmayan yerə" (2006) və yaradıcılığının məntiqi sonucu olaraq "Nəfəs - kitablar kitabı" (2006) ilə qədəm qoydu. Burada da İnsan və onun azadlıq sevdası, sevgi və onun fəlsəfəsi, ölüm və onun mistikası yaradılışın fərqli spektrlərini nişan alaraq yeni məzmun kontekstində poeziyanın obyektivinə fokuslanırdı.

Mən bir qadın bətninə

yığılmaq istəyirəm.

Bu dünyada

insan kimi doğulmaq istəyirəm.

...Mən bir tozam, azadam göy üzündə,

Nə olsun ki,

Azad deyil bir adam yer üzündə.

Həyata, cəmiyyət hadisələrinə orijinal, yeni yanaşma tərzi təqdim olunan belə şeirlər yeni dünyagörüşün, çağdaş bədii düşüncənin və poetik üslubun ifadəçisi olmaqla bərabər, özündə mənsub olduğu zamanın hərəkət ritmini daşıya bilirdi. R.Rövşənin təsvir predmetinə çevirdiyi nəsnələr daha çox dekadans ruhunda idi, poetik yaşam, ifadə tərzi, gerçəkliyə yanaşma tərzi və onu mənalandırma manerasıyla kədərin obrazını yaratmağı məqsədə çevirmişdi:

Şirin-şirin yuxudaydıq,

Bir zalım oyatdı bizi.

Anaların qucağından

Bu dünyaya atdı bizi.

Ədəbiyyatşünas alim Arif Məmmədov yazır: "Ramiz Rövşən cavabı insanın ömrü boyu tapa bilmədiyi suallara meyil göstərir.. adi, vərdiş etdiyimiz düşüncə tərzinə, anlayışlara yeni gözlə, qapının arxasındakı dünyanın məntiqinə və özünəməxsusluğuna  uyğun mövqedən yanaşmağa üstünlük verir. Onun şeir dünyası real həyatın ölçülərinə, məntiqinə və prinsiplərinə uyğun gəlmir". Bəlkə bu üzdən şair hamıdan qaçmağa niyyətli olub gizlinlərə meyl edir, bəzən hətta gizlənə biləcəyi məkanın özü belə darmadağın olurdu:

Gizlənməyə bir yer göstər,

                       gizlənim,

Səhər-axşam, axşam-səhər

                       gizlənim,

Oğlumdan da, qızımdan da

                       gizlənim,

Hamıdan da, özümdən də

                       gizlənim...

Bu qism şeirlərdə R.Rövşənin özündən, öz "mən"indən uzaqlaşması halları qabarıq idi,  dünya, insan, təbiət - hər bir məkan və varlıq göstəriciləri boşluq içərisində olan şair üçün sanki öz mövcudluqluğunu itirmişdi. Son sığınacaq, son istinad görünmürdü, hər şey məhvərindən çıxmış təsiri bağışlayırdı.

Gəl əl-ələ tutub gedək,

Gedək biz olmayan yerə.

Hər dərdi unudub gedək

Dərdimiz olmayan yerə.

Ramiz Rövşən poeziyası ümumiyyətlə, insanın fizioloji varlığını Tanrının əbədi varlığına tabe tutur, ona yetmək üçün ölümü vəsf edirdi. Bu şeirlərdə ölümə çox doğma, məhrəmcəsinə münasibət vardı və bu məhrəmlik şairi öz çağdaşlarından daha çox sələfi Füzuli ilə birləşdirirdi. "Mənəm ki, qafiləsalari- karivani-qəməm"! XVI əsr qəm şairinin məşhur misrasını XX əsrin sonunda poeziyanın refreninə çevirmək qisməti Ramiz Rövşən şerinin boyuna biçilmişdi. Maraqlıdır ki, şairin poeziyasındakı bu çaların sirayətedici gücünü onun bütün tədqiqatçıları qeyd eləməyi unutmamışlar: "Ölməyi sevmək fəlsəfəsi, öldürmək tipajı və simvolikası (cəllad və qatil, yalquzaq və canavar metaforaları, məzar, meyit, bayquş, tabut təfərrüatı) cavan poeziyaya bir həyatdan, bir də ... Ramiz Rövşənin poeziyasından sızılıb yayıldı" (Y.Qarayev).

Deyirlər, yuxuda ölmək asandı…

Özün də bilmirsən necə ölürsən.

Səhər tezdən eşidirsən əzandı,

Yuxundasa  kirimişcə ölürsən.

Buradakı tipajlar - Ölüm, tabut, məzar, ölü, qaranlıq, təklik, fanilik… demək olar ki, R.Rövşən şerinin hər misrasını çevrələyir, ölümlə bağlı rəmzlər irreal, mistik, təhtəlşüur simvolika olmaqdan çıxıb təbiətin harmoniyasının, əbədi qanununun təzahürünə çevrilirdi. Bu heç də ənənəni qırmaq cəhdi deyildi. Əksinə, R.Rövşənin poeziyasında klassik milli poetik düşüncənin alt qata hopmuş nəfəsi duyulurdu. Yenilik ilk növbədə, ənənəni qəbul etmək, məhz onun zəminində yetişərək, həm də ənənə buxovunu qıraraq  poeziyada yeni poetik konstruksiyalar qurmağa cəhddir. Tomas Eliotun belə bir fikri var: "Poeziya ənənə sırasından ibarətdir, hər şairin işi onun üzərinə gəlib, elə bir nöqtə, rakurs tapmaqdan ibarətdir ki, həmin sıra təzədən və tamam özgə cürə görünsün". R.Rövşənin şeirlərində də adi nəsnələrin, var olanın təzə, məchul, sehrli qatda şəkillənməsi gerçəkləşdi: "Bir qürbət ölkə gəzmək/ Düşmədi payımıza./ Bu vətəni kəfən tək,/ Ölçdülər boyumuza". 

Poeziyanın obrazları, qəhrəmanları dəyişir, zəmanəyə bənzəməyən, başqa poetik ovqatda yaşayan insanların dili ilə müraciətin tonu, deklamasiyanın səciyyəsi başqalaşırdı. Bu dəyişikliyin içindən Tanrı obrazına münasibətin özündə də müəyyən təbəddülatların olması nəzərdən qaçmır. Bu günə qədər poeziyamızda aparıcı olan Tanrı başlanğıcı, bu başlanğıclı poeziyaya maraq R.Rövşən şeirlərinin mayasını təşkil edir. Adətən, daha çox sınağa çəkilən ruhun, fəci durumlara mübtəla olmuş toplumun ehtiyacı olur Tanrıya. Bu məsələdə ədəbiyyatımızın naqis təcrübəsi vardı. Bildiyimiz kimi, sovet ideologiyasının hökmfərma olduğu illərdə, özəlliklə 20-30-cu illərdə Tanrıya, dinə, müqəddəs kitaba münasibətdə nihilist mövqe sərgiləyən mətnlər, yanaşmalar ortaya qoyulurdu. Dünya kontekstindən yanaşanda  bu, Qərb düşüncəsində mövcud, getdikcə möhkəmlənən Tanrısızlıq, insanın fərdi duyğularının önə çəkilməsi, yalnız özünə istinad etmə dalğasının bir təzahürü olaraq qabarırdı. Lakin  20-30-cu illərdə Tanrıya qarşı çıxma ədaları yalnız bununla bağlı deyildi, proletkulçuluğun yarıtmaz tələblərindən biri idi. Amma məlumdur ki, bu tendensiya çox da uzun çəkməmiş, yazarlarımız sosial bərəbərlik, qardaşlıq şüarını bədiiyyatın leytmotivinə çevirməklə ateist düşüncədən uzaqlamağa çalışmışlar. Lakin bu mövzuda yazmaq cəsarətli olmağı tələb edir, müəyyən qorxu, çəkingənlik hissi doğurur, sənətkarları ehtiyatlı davranmağa sövq etdirirdi. Milli poeziyada bu tendensiyanın əlamətləri 40-cı illərə qədər davam etdi. Amma bu da insanla Tanrı arasında fərdi hisslərin önə keçdiyi zaman deyildi. Şairlərin Tanrı ilə münasibətlərinin məhrəm müstəviyə adlaması prosesi sonrakı onilliklərdə - 60-80-ci illər poeziyasında mümkün oldu. Bunun üçün bircə səmimi müraciət kifayət etdi: "Mən burdayam, İlahi!" (V.Səmədoğlu). R.Rövşən poeziyası belə bir boşluqdan sonra Tanrıya münasibət-müraciətin daha dərin konturlarını cızırdı. Bu şeirlərdə Allaha inam insana inamdan daha öndə idi, insanın əməllərinə də o qütbdən nəzər salınır, o məqamdan ittiham obyektinə çevrilirdi. Ramiz Rövşənin "Oyun" şeri dediklərimizə əyani sübutdur:

Bir qış günü yatdım, ancaq

Durub gördüm, payızdı.

Bu kartları dəyiş, Allah,

Mən bu ömrü uduzdum.

 

Gecəsini, gündüzünü

Götür, bir də qarışdır.

Düş, gözümün qabağında

Burda, yerdə qarışdır.

 

Amma çığallıq eləmə,

Düz oyna, təmiz oyna.

 

Mən gedirəm cəhənnəmə,

İlahi, mənsiz oyna.

70-ci illər poeziyasında Allahı yalnız göylərin deyil, həm də yer üzünün əşrəfi saymaq meyilləri  heç də onu insanlaşdırmaq, insan kimi görmək məqsədindən yaranmırdı. Bu şeirlərdə Allah əzəmətli güc və qüvvət daşıyıcısıydı. Sadəcə, Tanrıya insani hisslər aşılanır, şairlər obrazlarının yaşantılarını təsvir predmetinə çevirdikləri kimi, Tanrının belə hisslərini, yaşantılarını göstərmək cəsarətində bulunurdular. Hələ 60-cı illərdə Əli Kərimin "Şəhidliyin zirvəsi" şerində müraciət necə idi? "Tanrı dəhşətə gəlmiş, qaçmış yaratdığından"... Bu Nəsimi dözümü qarşısında şair heyranlığının Tanrı səviyyəsində təqdimi idi. Əli Kərim "Məşəqqətli ölümün Nəsimi zirvəsinə" Tanrının belə heyran kəsildiyini göstərməklə şerin poetik siqlətini uğurla qüvvətləndirmişdir. Bu həm də Allaha münasibətdə şeirin yalnız forma deyil, məzmun dəyişimi idi. Ramiz Rövşənin "Qapı" şeirindəki Tanrı obrazı da bizə Ə.Kərim şeirindən həmən tanış statusdadır: "Utandı, sıxıldı Allah,/ Qaldı göyün üzündə./  Ziba nənədən gizlicə/Yazıq uzatdı əlini,/ Ziba nənənin oğlunun/ Yumdu açıq gözlərini,-/ Göz yaşından islandı barmaqları"; yaxud "Gözləri/ düz Allahın gözlərinə baxırdı/ Allah dözə bilmədi,/ yayındırdı gözünü -/ Ziba nənəni gördü./ Ziba nənə oğul deyib ağlayırdı./ Allahın/ ürəyi ağrıyırdı".

R.Rövşənin şeirlərində həyat oyunlarından çıxış yolu ölümdür, ölümlə doğmalıqdır, onunla ironik şəkildə də olsa məhrəmləşməkdir, eyni zamanda burada Tanrı üz tutulası ən son ünvandır: "Kimdi o göydən şığıyan?!/Dünya dolub işığıynan./Bəlkə də, göy qurşağıynan/Düşüb Allah özü gəlir".

Milli müstəqillik illərindən başlayaraq başlanan "izm" axtarıcılığı, bu yöndə mövcud nəzəriyyə və postulatlar poetik düşüncə sferamıza da yenidən baxışı aktuallandırarkən R.Rövşənin şeirləri milli modernizmin nümunələri olaraq səciyyələndirilməyə daha çox  imkan verir. XX əsrin əvvəllərində poetik təfəkkürdə müəyyən rüşeymləri, əlamətləri olan, 60-cı illərdən sonra isə ədəbi fikirdə əhatəlilik qazanan modernizm 80-ci illərin sonlarından artıq imkanlarını realizə etməyə, mətnlərə gətirilməyə başlamışdı. Bu, ilk növbədə, yaradıcı insanda fərdi özünüdərk amilinin güclənməsi, dünyanı və insanı görmə bucağının dəyişməsi və yeni dəyərlər sistemi kontekstində düşüncə axtarışı ilə əlaqədar idi.  Çünki burada əvvəlki nəsil şairlərdən fərqli olaraq qabaran ümumən insan ideyası deyil, fərdi insan maraqları, onun yaşantıları idi. Bu illər şerində aparıcı olan  dekadans əhval-ruhiyyəsinin mövcudluğu da dünyanı özündə kəşf etməsi və özündən keçirərək sərgilənməsində idi, "dünya insana açılır, insana sığır, insan dünyaya çevrilir"di (F.Kafka). Məsələn, sovet dövrü Azərbaycan poeziyasının 60-cı illərdə ərsəyə gələn yeni dalğası sərbəst şerin meydanını genişləndirməklə, həm də bunu yalnız vəzn, forma mənasında deyil, həm də estetik mündəricə qazandırmaq, fikir sərbəstliyinə yol açmaq  mənasında etməklə seçilə bildilər. Sonradan, İnsanı poetik mətnin mərkəzinə gətirib ona yeni çalarlıq vermək kontekstində milli şerimiz bədii-estetik zəmini məhz, az öncənin poetik təcrübəsindən, keçib gəldiyi 60-cı illər şerindən alsa da bu artıq fərdi duyğuların əsirinə çevrilmiş, lirik subyektin şəxsi başlanğıcından çıxış edən, inikas formaları və təzahür şəkilləri başqa olan fərqli bir poeziya idi. Bunu şairin hətta sevgiyə həsr olunmuş şeirlərində belə dörüb duymamaq mümkünsüz idi:
Bu yalan ömrümdə

görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim?

Anamsan,

bacımsan,

nənəmsən, nəsən?

Bircə allah bilir, nəyimsən mənim.

Ramiz Rövşənin sevgi mövzusunda yazdığı şeirlərdə qadın dünyasının, qadın yaşamının ekzistensiyası yaradılır, iç məqamlara diqqət yönəltməklə onun mənəvi sarsıntı və yaşamı mənəvi-psixoloji müstəviyə çıxardılırdı. "Ayrılıq", "Qarapaltarlı qadın",  "Bu güzgüyə bir vaxt qoşa baxardıq", "Sevim dönə-dönə səni"... bu şeirlərin hər birində fərdi-fərqi iç duyumların mənalanması var, qadın obrazının kişi nəzərlərindən mövcud dərinlik və  gerçəklikdə, poetik gücdə açımı, qavramı, həssas duyumu var. Poeziyanın "səs" dövrü öz apologiyasını yaşayır, düşüncənin dərinliyi artır, pıçıltıya eniş önə keçirdi:

Kişilər bir olmur atam balası

Qorxağı var, igidi var.

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var.

Sevgi şeirlərində R.Rövşən duyğuları fərqli müstəvidə bədii idrakın predmetinə cəlb edir, məlum mövzulara münasibətdə mövcud dünyagörüşün təzələnməsinə nail olurdu. İnsan düşüncəsini oynatmağa çalışan şair düşüncələrini antitezalar, biri digərini inkar edən fikirlər, bədii ifadə vasitələri üzərində qurmaqla şüuraltını hərəkətə gətirməyə çalışır, oxucunun beynini sentimentallıqla süslənmiş dərin iş yaşamlarının çözümü ilə məşğul edirdi. Bir şerin nümunəsində diqqət yetirək:

Gör bir nə tez isinişdik

Havalar soyuyanda.

Adamlar qalın geyinib,

Ağaclar soyunanda.

Sonrakı misralarda sevgi etirafının ən gözəl, ən munis formada  təqdimi, təbiətin sevgi başlanğıcını qoruma sadiqliyi, duyumun yaddaşını tərpədən ruh halı:

Qar altından baş qaldıran

Çiçəktək sevdim səni.

İstisinə qızındığım

Ocaqtək sevdim səni.

Və daha sonra yenə peyda olan antiteza - çoxplanlı düşüncə qatına eniş, bizə tanış epitetlərin qeyri-adi mənada təqdimi, poetik mükalimə, keçidlərin güclü məntiqi və gözlənilməz sonluq... Bu artıq həmən tanıyıb sevdiyimiz, sevib  öyrəşdiyimiz R.Rövşən üslubu, R.Rövşən rakursudur.

Qorxa-qorxa bu sübh çağı

Nə baxırsan göyə sən?

Deyirsən ki, günəş çıxıb,

Qar əriyir deyəsən…

Həmişə tək və tənha görünən şairin yeni minillikdə yazdığı şeirlərdə də eyni yaşam simvolikası ovqat göstəricisi oldu. Və bu təklik ovqatı çağın problemlərindən - bütün dünya səviyyəsində artan xaotik və dramatik olaylardan nəşət tapsa da, şəxsi hisslərin - sevgi, mənəvi yalnızlıq amilinin başlıca nədəni olaraq səciyyəvilik qazanırlar. Bu şeirlərdə artıq yaşın gətirdiyi yorğunluq, ömrün faniliyindən doğan təklik hissi qabarıqlaşır, ömrün ahıl çağlarını yaşayan şairin iç təlatümləri sərgilənir. Son illərin qələm məhsulu olan "Ay bu yükün yiyəsi" şerində şair yazır:

Mən - karvanı talanmış

tənha, yorğun bir dəvə.

Dörd tərəfi bürüyən toz-dumanın içində

Baş götürüb gedirəm

ağlım kəsən tərəfə.

 

Yük altında göynəyir kürəyimin qabarı,

Yük altında təngiyir hər addımda nəfəsim.

Nə atmağa qıyıram,

nə gücüm var - aparım,

Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..           

Ramiz Rövşənin 2015-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "Qoy heç kəs bilməsin" şeri də poetik ovqat baxımından "Ay bu yükün yiyəsi" şerinin davamı idi. Bu poeziyada "günəş"in qürubu, əvəzində hakim olan mənəvi-ruhsal bədbinlik insan ömrünün heçliyə, boşluğa yuvarlanması kimi  simvolik  məna kəsb edir.  Şeirdə içini qaranlıq, təklik bürüyən insanın əhvalı uğurlu əksini tapır, buradakı bədii ovqatı təşkil edən çöküş həyatın bozluğunu yaşayan, sabahına heç bir ümidi qalmayan ruhun çıxılmazlıq duyğusundan nəşət tapır və onun "getmək vaxtıdır", -  deyib fanilik önündə tərksilah olmaqdan başqa çarəsi qalmır.

Bu da ötən günün batan günəşi,

Başımın üstündə bulud qaralır.

Daha ömrümə də qaranlıq düşür,

Ürəkdə sonuncu ümid qaralır.

 

Daha qaranlığa qarışıb tamam

            hamının gözündən itmək vaxtıdı.

Daha bu qapını lap yavaşcadan

Açıb, kirimişcə getmək vaxtıdı. 

Ramiz Rövşən müstəqillik dövrü poeziyamızın axtarış əzmi və yeniliklərini öz yaradıcılığında uğurla ehtiva edən şairlərimizdəndir və yaratdığı mətnlərin bədii məziyyəti onun zamanla əbədi yoldaşlıq edəcəyinə zəmanət verir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!