Vəfa Xanoğlan-70: Adının mənasını doğruldan adam - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Həyatımla bağlı adamlara həmişə yüksək dəyər vermişəm. Bu adamları mən seçməmişəm, həyat seçib. Həmin adamlar mənim mühitimin memarları, hərəkətverici enerji mənbələridir. Belə adamlarla mən həmişə özümü rahat hiss etmişəm, çünki onlar məni bir eyhamdan anlayıblar. Əslində, insan ömrü ünsiyyətdə boy atır, həmişə demişəm: ən böyük mədəniyyət ünsiyyət mədəniyyətimizdir. Həyatda qazandığım, daha doğrusu, mənə qismət olan belə adamlardan biri, sənətşünaslıq elmləri doktoru Vəfa Xanoğlan oğlu Əliyevdir. Onunla tanışlığımızın tarixini Vəfanın Cənubi Azərbaycan şairi Həbib Sahirə həsr olunmuş "Hürriyyət fədaisi" (2000) kitabına yazdığım "Poeziyanın həsrəti və həqiqəti" adlı "Ön söz"də belə zikr etmişəm: "M.F.Axundov kitabxanası bu sətirlərin müəllifinin ikinci evi idi. Onsuz da evi yox idi. Həm kitabxanada, həm də Nizami İnstitutunda o zaman elmə gəlmiş fanatik gənclər başıma toplaşar, elmin müxtəlif problemlərini saatlarla müzakirə edərdik. Bir gün diqqətimi balacaboy, inadkar baxışlara malik oğlan cəlb etdi. Dedim: "Qardaş, yaxın gəl, işlərin necədir? Mövzun nə yerdədir, minimumları vermisən?!" Vəfa özünəməxsus təvazökarlıqla mənə ürəyini açdı, problemlərindən danışdı. Əlimdən bir iş gəlməsə də, yol göstərdim, istəmədim ki, naşılıqdan mənim səhvlərimi təkrarlayıb vaxt itirsin". Bu əhvalat 1978-ci ildə baş verib, o vaxtdan 45 il keçir.

Vəfa Xanoğlan düz 70 il əvvəl - yəni 14 sentyabr 1953-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində 50 il məktəb direktoru işləmiş bəy oğlu Xanoğlan müəllimin ailəsində anadan olub.

Dostluğumuzun 45 ilindən 30-u Qarabağın havadarlarının köməyi ilə bədnam ermənilər tərəfindən işğalı dövrünə düşür. Biz Vəfa ilə həftənin 3 günü birlikdə nahar edirdik. Qarabağdan söhbət düşəndə (o heç vaxt unudulmurdu!) Vəfa zülüm-zülüm ağlayırdı, o çox vətənpərvər, diplomatik və hərbi səyləri, şəhidlərimizin canı, qazilərimizin qanı, qəhrəman ordumuzun xalq və Prezidentlə birliyi sayəsində Füzuli və Cəbrayıl alınanda mən dostlarımı - Vəfanı və əslən cəbrayıllı Əli Rza Xələflini təbrik etdim, gözaydınlığı verdim.

Pedaqoji İnstitutda təhsil alıb (1970-64), Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi kimi pedaqoji işə başlayıb, həmin məktəbdə direktor müavini (1977-82) işləyib - 1985-ci ildə görkəmli şərqşünas professor Rüstəm Əliyevin rəhbərliyi ilə (məlum səbəblərə görə çox çətinliklə!) "Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Sovet dönəmində belə mövzuda əsər yazıb, Moskvadan elmi dərəcə almaq çox çətin idi. Bu mövzunun dəyəri Həbib Sahirin vahid milli bədii təfəkkürümüzdəki rolunu aşkara çıxarmasında idi. Mövzunu Vəfa yox, ömrü boyu bütöv Azərbaycan idealı və nisgili ilə yaşamış bəy balası Xanoğlan müəllim seçmişdi. Mən bunu Vəfanın kitabına yazdığım "Ön söz"də belə zikr etmişəm: "Tarix inadlı addımlarla XX əsrin 70-ci illərini başa vururdu. Bəy oğlu görkəmli maarif işçisi Xanoğlan müəllim nisgil dolu bir həsrətlə Arazın sularına dalmışdı. Arxada Füzuli rayonunun Kürdmahmudlu kəndinin işıqları sayrışırdı. Yarım əsrin məktəb direktoru Xanoğlan kişi nurlu yaşla qoşalaşmış gözlərini qıyıb uzaqlara - ənginliklərə, bətnində çox məchulları batil etmiş gələcəyə baxırdı. Gələcəyə dalmaq şakəri idi. Tanınmış cərrah oğlu Şəfaya da ilk dərsi bu olmuşdu:  "Həmişə gələcəyə bax!" İndi də Vəfa yol seçimində idi. Filologiya üzrə alim olmaq istəyirdi… Klassik ədəbiyyatı gözəl bilən, müqəddəs Quranı dönə-dönə oxumuş Xanoğlan kişinin ağlına gəldi ki, Araz həsrətini, hələlik, ancaq dünyada sərhəd tanımayan poetik söz aradan qaldıra bilər. Xanoğlan müəllim haqqında Vəfa ilə birləşik yazmağımın bir səbəbi var: 75 illik yubileyində ustadım akademik Kamal Talıbzadə barəsində "Türk təfəkkürü məcrasında" kitabını yazırdım. Kamal müəllimdən soruşdum ki, ustad, kitabı necə görmək istəyirsən?  Dedi: "Məni bir an da olsun, atam Abdulla Şaiqdən ayırma".

Vəfa Xanoğlan həm filologiya ilə, həm də sənətşünaslıq sahəsi ilə intensiv məşğul olur. O fəlsəfə doktorluğunu filologiya sahəsindəki işləri ilə alıb, sənətşünaslıq elmləri doktoru dərəcəsini isə "XX əsrin ikinci yarısında Azərbaycan mədəniyyətində İlyas Əfəndiyevin rolu" adlı doktorluq əsərinə görə alıb. Bu əsər unikal bir elm və sənət əsəridir. Xalqların tarixində elə məşhur yazıçılar, şairlər, filosof nəzəriyyəçilər var ki, onların adları ilə bütöv bir epoxa bağlıdır:

XX əsrin ikinci yarısının ədəbi-mədəni həyatı, həm də İlyas Əfəndiyevin adı ilə bağlıdır. İ.Əfəndiyev Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində yeni epoxanın banisi səlahiyyətinə malikdir. 60-cı illər ədəbiyyatı, 60-cı illər Teatrı İlyas Əfəndiyev ədəbiyyatı adlandırıla bilər. Müasirləri Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rəhimov, Sabir Əhmədli İsa Hüseynovla bərabər və daha çox, İlyas Əfəndiyev nəsrdə ideoloji trafaremdən milli müəyyənliyə, süni müsbət qəhrəmandan adi insana, şablondan konkretliyə keçidi məhz o icra etdi. XX əsrin ikinci yarısında İ.Əfəndiyevin yazdığı insanın mənəvi-psixoloji aləmindəki təbəddülatlarını göstərən 20-dən artıq lirik-psixoloji dram əsəri ilə o, milli teatr - "İlyas Əfəndiyev teatrı"nı yaratdı. Bu teatrın rejissoru əvəzolunmaz Tofiq Kazımov, aktyorları - Həsən Turabov, Şəfiqə Məmmədova, Fuad Poladov, Amalya Pənahova, Əlabbas Qədirov və başqaları idi… Vəfa Xanoğlan doktorluq dissertasiyasında analitik təhlil yolu ilə bu teatrın Azərbaycan Milli mədəniyyətindəki rolunu müəyyənləşdirdi. Təsadüfi deyil ki, AYB-nin üzvü olan Vəfa, həm də Teatr Xadimləri İttifaqının üzvüdür və bir müddət Milli Dram Teatrında truppa müdiri və ədəbi dram hissəsinin rəhbəri işləyib. O 2013-cü ildə "Əməkdar müəllim" adına layiq görülüb. Yeri gəlmişkən, biz 20 il Vəfa ilə bir yerdə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ləyaqətlə pedaqoji fəaliyyətlə məşğul olmuşuq. Vəfa burada elmi katib (1994-97), 1998-2014-cü illərdə "Sənətşünaslıq" fakültəsinin dekanı işləyib. Mən isə ən böyük kafedranın - "Ədəbiyyat və dillər" kafedrasının 16 il müdiri vəzifəsində çalışmışam.

Vəfa Xanoğlanın pedaqoji fəaliyyəti xüsusi bir yazının mövzusudur. O öz yaradıcılığında elmlə - tədrisi, özü də həm filoloji, həm də mədəniyyət təhsilini səmərəli tərzdə birləşdirən maraqlı şəxsiyyətdir. Atası Xanoğlan müəllimin məsləhəti ilə Cənubi Azərbaycan şairi Həbib Sahirin poetik yaradıcılığını namizədlik mövzusu olaraq seçən Vəfa diqqəti o zaman (80-ci illər!) üçün çox da asan olmayan əsərində bütöv Azərbaycan ideyasını sətiraltı mənalarla verir. "Hürriyyət fədaisi" kitabının Annotasiyasında yazılır: "Qocaman şair 85 illik mənalı həyatında Səttərxanın, Xiyabaninin başçılığı ilə gedən milli azadlıq hərəkatlarının və sonrakı hadisələrin şahidi, Pişəvərinin başçılığı ilə gedən "21 Azər" hərəkatının iştirakçısı olmuşdur. H.Sahir milli müstəqillik və ana dili uğrunda apardığı mübarizəyə görə dəfələrlə sürgün edilmiş və zindana salınmışdır". Vəfa H.Sahirin poetik irsini onun mühiti və mübarizəsi kontekstində araşdırmağa cəlb edir. O, təkcə ədəbi-nəzəri təhlillər aparmaqla kifayətlənmir. 2004-cü ildə Həbib Sahirin əsərlərindən ibarət "Məndən salam olsun gözəl Təbrizə" adlı kitab buraxır. Bu gün tarixin hökmü ilə İran istibdadı çalxalandığı, tarixi bir ədalətsizlik nəticəsində 1828-ci ildə bədnam "Türkmənçay" işğal aktı ilə 40 milyon soydaşımızın azadlıq milli hökumət tələbi ilə ayağa qalxdığı dövrdə Vəfa Xanoğlanın tədqiqat və tərtibləri təkcə ədəbi-bədii yox, həm də və daha çox tarixi-ictimai əhəmiyyət kəsb edir. V.Xanoğlan "Hürriyyət fədaisi" (2000), "Sənətkar və ədəbi proses" (2004), "Ədəbi proses və ədəbi nəsil" (2008), "Kino və televiziya ssenariləri" (2011), "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti" (2013) kitablarının, ədəbiyyata və sənətə dair onlarla nəzəri-publisistik məqalənin müəllifidir. Neçə illər ərzində ADİMİU-da və Bakı Xoreoqrafiya Akademiyasında dərs dediyi yüzlərlə tələbə onun "seçilmiş əsərləri"dir. Vəfa Xanoğlan 2005-ci ildə A.A.Bakıxanov adına mükafatla təltif olunub, 2013-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Vəfanın bir alim, vətəndaş ziyalı kimi yetişməsində uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uğurla rəhbərlik etmiş əməkdar elm xadimi, professor Timurçin Əfəndiyevin böyük rolu olub. O, gənc alimlərin və sənət adamlarının qayğıkeş, həm də bu sətirlərin müəllifinin əziz dostudur. On il əvvəl Vəfanın 60 yaşı mozibincə xalq yazıçısı, professor Elçin təbrik məktubunda yazmışdı: "Siz bu yubileyi həm alim, həm də ləyaqətli bir insan kimi alnıaçıq, üzüağ qarşılayırsınız. Sizin yaradıcılığınızda bir pedaqoq kimi coşqun fəaliyyətinizdə ədəbiyyatımızın inkişafına və yeni-yeni nəsillərin bədii-estetik zövqünün formalaşmasına xidmət etmişdir. Siz öz təvazökarlığınız, mədəniyyətiniz, xeyirxahlığınızla, eləcə də vətənpərvərliyinizlə sizi tanıyanların dərin hörmətini qazanmısınız".

Azərbaycan ədəbiyyatına, milli teatr sənətinə onlarla dəyərli əsərlər, yüzlərlə məqalə vermiş korifey yazıçı, tizfəhm alim, Xalq yazıçısı Elçinin bu məktubunda Vəfa Xanoğlanın bir alim, bir şəxsiyyət və vətəndaş-ziyalı kimi əsas keyfiyyətləri dolğun əks olunub.

Vəfa şərəfli ömrünün yeni 70-ci mərhələsinə böyük elmi-pedaqoji nailiyyətlərlə qədəm qoyur. O adı kimi vəfalı dost, sədaqətli yoldaşımdır. Vəfaya bundan sonrakı ömründə xoşbəxt günlər, gözəl ailə səadəti arzu edirəm. O, 70 ildir, adının mənasını şərəflə doğruldur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!