"İkimiz" - "Nəriman Həsənzadə poetikasına giriş"dən - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

1+1=1

Andrey Tarkovskinin gündəliyindən

Rəqəm mədəniyyətin təməl arxetiplərindən biri olub, bütün sənət növlərində təzahür edir. Dini-fəlsəfi təlimlər də (məsələn, Pifaqor məktəbində 4 və 10 rəqəmləri ilahi rəqəmlər sayılırdı), fen-şuyda (mənzillərin və bağçaların planlaşdırmasında) istifadə edilən rəqəmlərin mistik-mağik şərhi hamıya məlumdur.

Rəqəmlər varlığımızın simvolu kimi taleyimizin süjetini qurur. Ona görə də rus filosofu P.A.Florenski rəqəmləri fərdiyyətlər kimi, ilk orqanizmlər və sxemlər kimi, nizamlı və təşkil olunmuş bütün hər şeyin ilkin obrazları kimi öyrənməyi tövsiyə edirdi. XX alman filosofu E.Kassirer rəqəmləri qnosioloji sistemin mərkəzinə yerləşdirirdi, hətta 1910-cu ildə nəsr olunmuş "İdrak və gerçəklik" kitabında ayrıca bir fəsli "Rəqəmlər haqqında anlayışlar" adlandırmışdı. Təsadüfdür, yoxsa tarixin mistik məntiqdir, bilmirəm, yenə də alman filosofu  O.Şpenglerin 1918-ci ildə nəsr olunmuş kitabı "Rəqəmlərin mənası haqqında" fəsli ilə açılır və yalnız ondan sonra "Dünya tarixinin problemi" və "Makrokosm" fəsilləri gəlir.  

Klassik rəssamlar kimi, Salvador Dali də "8" rəqəminə xüsusi önəm verirdi.

Xalq şairi Nəriman Həsənzadənin poetikasında "2" rəqəminin işlənmə tezliyi və fəallığı təsadüfi hadisə olmasın gərək. "2" sadəcə mücərrəd say anlamında deyil, yaxud "rəqəmi" bildirmir,  həm də onun dünyaya "sözü"dür, emosiyasının və psixikasının arxetip dilidir.

Bəlkə də bir "tale işarəsi"dir?

Söz gəlişi etiraf edim ki, bu mövzuda elmi məqalə də yaza bilərdim və adını da təxminən belə qoyardım: "Nəriman Həsənzadə poetikasında rəqəm simvolikası". Di gəl ki, bəzən poeziyadan, şairdən akademik üslubda, quru nəzəri sillogizmlərin dili ilə danışmaq kifayət eləmir. 

Nəriman Həsənzadə dünyasının  gözəgörünməz personajıdır, daim onu izləyir, onunla bir yerdədir. "Nabat xalanın çörəyi" avtobioqrafik povestinin ən ağrılı cümləsi belədir: "Atamdan sonra, bir yaşında, tək gəlinin yanında böyümüşəm. Ana-bala. İki kimsəsiz".

"İki"nin fəallığı Nəriman Həsənzadə poetikasında antinomik konstruksiyaların (təzadların), psixoloji, fəlsəfi, etik qarşıdurmaların (kişi-qadın, həyat-ölüm, qoca-cavan, gecə-gündüz və s.) məntiqi gücündən xəbər verir:

"Nabat xalanın çörəyi" gənc qadının yaşlı xəstəyə baş çəkməsi ilə bağlı dialoqla başlayır və xəstəxanada hamının heyrətləndiyi və təəcübləndiyi bu "qeyri-adiliyə" illər sonrası əsərin qəhrəman (oğul) haqq qazandırır: "Amma bu qeyri-adilik yalnız iki nəfərin nəzərində halal qismət olub öz təbiiliyini itirmədi. Kişi öz gənc qadını ilə hər dəfə görüşəndə bütün ağrılarını unudub uşaq kimi sevindirdi".

 

Yaxud

 

Bir ömürdə - iki ömür yola salırıq

Biri ötən cavanlıqdı, biri qocalıq.

Bu - nadanlıq, o biri də peşmançılıq.

Hər gələn bir ağıl verir dünyada bizə,

Amma dünya əsa verir bir əlimizə.

"Poylu-beşiyim mənim"

 

Müdrik şairin qənaətinə görə, təbiət qanunları da bu qarşıdurmanın riyazi tənasübü ilə nizamlanır: 

 

Qocalar sahildən azalır bir-bir,

gənclər iki-iki çoxalır indi.

"Payız etüdləri"

 

Şairin baxış həssaslığı məişət detallarının sayında da yanılmır.

 

Qapımızın ağzında

Əvvəl ancaq ikiydi,

Onlar da mənimkiydi,

Dörd oldu sonra bir gün...

"Ayaqqabılar"

 

Dörd ikinin böyüməsidi. K.Q.Yunqa görə, dörd psixika elementlərinin bütövlüyünü simvolizə edir.

"Cüt", "qoşa" sözləri "iki"nin sinonimləri  olub, doğmalığın, ruhi bağlılığın ifadəsi kimi də işlənir. Şair xatırlayır və sevinir ki, evdən çıxanda tək idi, indi həmin evə ikisi - ata və oğul qayıdır:

 

Nazim, oğlum, min illərdi axır Dəli Kür,

Hirslənəndə yaxın durma, pələngə dönür,

Tək çıxmışdım, cüt qayıtdıq, Allaha şükür!

Heyf, indi nə anam var, nə Nabat nənəm

Nəslimizi özün yaşat, gözləmə məndən.

 

"İki" bədii detal kimi unudulmaz Sara xanım rəhmətə gedəndən sonra iki kişinin - Nəriman müəllimin və oğlu Nazimin ümidinə qalmış evin psixoloji durumunu mükəmməl ifadə edir:

 

Elə istəyirəm ki,

anan qayıdıb gəlsin.

İki kişi bir evə

baxa bilməyib, - desin.

"Oğluma"

 

Diqqət yetirmişəm: Nəriman müəllimin taleyində baş verən ilahi işarətlər də təkrarlanır, yuxularda iki dəfə əyan olur. Yalnız bir nümunəylə kifayətlənirəm:

 

Ya Məhəmməd! Yenə məni səsləyir Zaman, -

Mənə Cərciş peyğəmbərdi xəbər yollayan:

"Niyyəti var, niyə gəlmir şair Nəriman?"

İki dəfə yuxusunda görüb bir cavan,

İki dəfə ismarlayıb məni də ondan.

Onun yaddaş (xatirə) və yuxu məkanı "iki nəfərlikdir",  iki simvolun bir yerdə olmasıdır.

 

Evdə tərəzinin iki gözüydük,

Daş birimiz idik, pərsəng birimiz.

 

Nəriman Həsənzadənin baxış məkanının hüdudları iki nəfəri öz içinə alır - bu, iki tamaşaçı deməkdir. Bu məkanda sən ona baxırsan, o da sənə - bu, "güzgü effekti"dir.

Bu, şairin Zaqatalada 700 yaşlı çinarla təması da ola bilər: "Çinar mənə tamaşaçı,/ mən çinara tamaşaçı".

Bu, kinoseans zalında, teatrda iki sevgilinin gizli görüşü də ola bilir: "Kinoda iki yer boş qaldı bu gün,/iki tamaşaçı azaldı bu gün".

 

Yaxud

 

Görüşmüşdük ikimiz,

ələ düşmüşdü məqam.

Tamaşaya baxırdıq

Teatrda o axşam.

Oturmuşduq ikimiz

Bir sırada dal-qabaq.

Guya sən məndən ayrı,

Guya mən səndən uzaq.

"Artistlər"

 

Bu "iki nəfərlik görüş məkanı mütləq qapalı, toxunulmaz olmalıdır, yad gözlərdən uzaq, müdaxilələrdən kənar olmalıdır. "Yuxuda bir qızla görüşmüşdüm. Elə bilirdim, anam bilir, üzümə vurmur. Utanırdım..." ("Nabat xalanın çörəyi").

Nəriman Həsənzadənin qəhrəmanları da xatirə dünyasında iki-iki "məskunlaşır": 

Bu, "iki dustaq"dır (Müşfiq və Cavid)

Bu, bir otaqda, bir eyvanda yaşayan ər-arvaddır.

Bu, uşaqlıq xatirələrinin iki qəhrəmanıdır:

 

Bu mahalda iki "dəli"  olubdu məşhur:

Biri Dəli Hasan babam, biri Dəli Kür.

 

Yaxud  

 

Kəsəməndə Qaçaq Kərəm, İsrafil ağa

Qondu qoşa qartal kimi qoşa budağa.

 

Nəriman müəllim Xəlil Rza ilə bağlı xatirələrinin ən şirin məqamı kimi iki nişanlı qızın (Firəngiz xanımın və Sara xanımın) Moskvaya, Ədəbiyyat İnstitutunun yataqxanasına gəlməsini bu gün də danışır.

Fani dünyanın və vəfasız ömrün məntiqi sonluğu belədir: axırda "iki" "bir"ə uduzur. Bir. Tək. Tənha.

Yadımdadır: Bir tədbirdən qayıdırdıq. Nəriman müəllimi Vaqif küçəsindəki evinə ötürürdük. Binanın giriş qapısında bizdən ayrılanda dedi: "Həyat yoldaşlarınızı qoruyun, - dedi və bir də onu dedi ki, təklik ağırdır. Ev iki nəfərin nəfəsi ilə isinir".

Bu sözlər məni ağrıtdı. Amma içimdə bir sufiyanə ümid cücərdi: Şairi Uca Yaradanla ünsiyyəti tək qalmağa qoymaz. İkisi də bir-birini çox-çox yaxşı anlayır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!