Elnarə AKİMOVA
Şair-esseist, yazıçı Əli Şirin Şükürlü çağdaş poeziyada poetik təxəyyülünün, şeir simvolikasının sərbəstliyə, genişliyə malik olması ilə seçilən şairlər sırasında yer alır. Onun şeirləri poetik yönünə görə Azərbaycan şeirinin müasirlik axtarışlarının müəyyən bir mərhələsini səciyyələndirmək gücünə malikdir.
Əli Şirin Şükürlü Azərbaycan poeziyasında əsasən, şeir-esse janrının və ədəbi suprematizm ədəbi cərəyanının müəllifi kimi tanınır. Suprematizm ( latınca supremus - mənası "ən yüksək" deməkdir) - təsviri sənətdə avanqard cərəyandır, əsası 1913-cü ildə Kazimir Maleviç tərəfindən qoyulub. Yəni sadə həndəsi fiqurların (üçbucaq, dairə, kvadrat və s.) abstrakt formalarından rəsm əsərlərində istifadə texnikasını əsas götürən bu cərəyanın ədəbiyyatda, poeziyada işlənmə rakursu da bu məqamla bağlıdır. Başlıca məqsəd həndəsi fiqurların abstaksiyasından yaranmış əsərlərin yol açdığı estetik mənaları, fəlsəfi fikirləri üzə çıxarmaqdır. Əli Şirin Şükürlüyə görə, "movcud olan hər şeyin öncə "riyazi dildə" ifadəsi vardır. Hər şey həndəsi formaya malik olub, əsasında ədədi münasibətlər dayanır".
Əli Şirin Şükürlünün bu yöndə qənaətləri onun elmi-bədii-publisistik üslubda yazdığı "Ədəbi suprematizm və Dünyaya yeni baxış" (2019) adlı kitabında ətraflı şərhini tapmışdır. Bu kitaba müəllifin iki müxtəlif elmi-fəlsəfi konsepsiyası əsasında ərsəyə gələn - İntellektual poeziya haqqında nəzəriyyəsi və bu nəzəriyyənin formalaşmasında mühüm rol oynayan riyazi qanunauyğunluq əsasında qurduğu fəlsəfi model daxil edilmişdir.
Şair üçün ətrafda görünən hər şey həndəsi izahı olan mövcudluqdur. Əli Şirin Şükürlü bütün mövcudluğun, hətta mövcud olmayanın belə izahını verməyə cəhd edən mətnlər yaradır. Onun şeirlərində və nəsr əsərlərində (magik realizmə aid iki povest, hekayə və esselərində) rəqəm və hərflər əsas obrazlardır. Bütün var olanlara, bütün nəsnələrə münasibətdə fərqli bir dünyagörüş meydana qoymaq Əli Şirin Şükürlünün poetik kredosunun əsas mahiyyəti sayıla bilər. Bu fərqlilik nədə özünü göstərir? Şairin yaradıcılıq laboratoriyası üçün belə bir model aparıcıdır: elmi informasiya - fəlsəfi düşüncə - bədii təfəkkür: Eİ - FD - BT. Yəni müəllif istənilən ədəbi mətnə elmi anlayışın fəlsəfəsindən nəzər yetirir, bu üç müxtəlif düşüncə sistemi arasındakı mövcud bağları üzə çıxarmağa çalışır. "Ədəbi suprematizmi şərh edən Şükürlüyə görə, intellektual təmayüllü bədii mətnlər yaradarkən elmi nəzəriyyələrin, elmi faktların və anlayışların fəlsəfi düşüncə vasitəsilə mətnlərə gətirilməsi texnikası informasiya - fəlsəfi düşüncə - bədii təfəkkür komponentlərinin şərtləndirdiyi ardıcıllıqla həyata keçirilir" (Azər Turan). Müəyyən poetik nümünələr əsasında fikrimizi əsaslandıraq:
Ağac həm də quşdu, quş - balıq,
balıq - su, su - torpaq, torpaq - insan,
insan - idrak, idrak - Allah, Allah - kainat.
Göyüzü - dəniz, ulduzlar - çiçək,
çiçəklər - kəpənək, kəpənəklər - uçuş;
Uçuşun nə olduğunu heç nə anlada
bilməz kəpənək uçuşu qədər.
Bu şeirdə müəllif kəpənək uçuşundan sonra sonsuzluq işarəsi qoymaqla onun ənginliyinin, intəhasızlığının ifadəsinə çalışır.Və istədiyinə nail olur. Bir işarə ilə ən dərin duyğuların şəklini yaradır. Əli Şirin Şükürlünün poeziyaya tətbiq etmək istədiyi amil elə bu məqamla bağlıdır. Müxtəlif rəmz, işarə, sxem, həndəsi fiqurlardan yararlanmaqla oxucunu mənəvi varlığın sirlərinə yaxınlaşdırmaq, idrakın rolunu hiss, duyğu qədər önə çəkmək:
nəsə qalır adamdan
getdiyi məkanlarda və getdiyi adamlarda,
nəsə qalır yoxluğundan savayı.
Nəsə qalır daima geriyə səsləyən,
Qravitasiya təsirini
Uzaqlıqların belə zərrəcə
Azalda bilmədiyi nəsə -
dəqiq adını tapmaq çətin olur çox zaman.
Bu cür bədii-estetik manevrlər Əli Şirin Şükürlünün əksər şeirləri üçün xarakterikdir. "V şəklində uçuş - azadlığın fəlsəfəsi" şeirinə diqqət edək:
V şəkilli uçuşları seyr etdim bir qədər: VVV...
hər biri ayrılıqda
bir uçağı xatırladar səmada həm də.
Və
Azadlığın əsl fəlsəfəsini anladım:
Azadlıq vərdiş imiş, demə,
hər yaranmışda olmayan bacarıq -
başqa heç nə.
Məsələn, quşların uçmaq vərdişi kimi.
Göründüyü kimi, şairin poeziyaya gətirmək istədiyi yenilik - zəkanın dəqiq məntiqi ölçüləri ilə ona uyuşan və uyuşmayan məfhum və hadisələr arasında əlaqə yaratmaq və bununla, insanın, dünya və təbiətin özü haqqında yeni təsəvvür və dünyagörüşü formalaşdırmaqdır. Maraqlı olan həm də budur ki, şairin qabartdığı və önəmsədiyi bütün idraki yüksəlişlər, kainatın rasional inkişaf sxemi qarşısında mənəvi dəyərlər güdaza verilmir. Əksinə, bu şeirlərin özü hər cür rasional hücuma qarşı bir üsyan, etiraz təsiri bağışlayır. Bəhs edilən hər şey özünün bədiyyat enerjisi ilə keçmişə, qədim mədəniyyət qatlarına bağlanır. Metafizik yüksəlişdən yeni dünyanın, yeni paradiqmaların gətirdiyi nizamsızlığa enmə məqamı bu şeirlərdə əsas təsvir predmetidir:
Zamanı daha çox zamana şahid köhnə
saatlar anladar - fırlasan oxlarını geriyə
döndərə bilməzsən yaşananları:
"Yaşanmış sevdasan, zamantək
geri dönməzsən, keçmiş zamansan artıq".
Sevgi ismarışları süni yaddaşlarda, neçə baytlıq sevgi uyuyar elektron xatirələrdə; yerini verməz saralmış vərəqlərdəki sevgi məktublarının. Texniki tərəqqi - ülvi hisslərin qənimi.
Süni intellektin zamanı gəlir; əlvida sevgilərə, əllər yuxarı!
Əli Şirin Şükürlü bu cür riyazi münasibətlər və məntiqi formaların aparıcı olduğu şeirlərinə vətən, torpaq ağrısını da yerləşdirə bilir. Onun 2008-ci ildə yazdığı "Azərlə Baycanın hekayəsi" adlanan şeir pritçası var. Bu pritçada Azərlə Baycanın sevgisindən bəhs edilir. Amma bu necə sevgidir? Vətən sevgisi, talan olmuş yurd yerinin həsrəti. Mətndə işğal altında olan torpaq anlayışı itirilən şərəf obrazı ilə gözəl xarakterizə olunur.
Bilirsən, Baycan,
mən bir qızı sevirdim uşaq vaxtından,
əsir apardılar gözüm görəsi,
onun adı Şərəf idi. Ş-ə-r-ə-f...
boğulur Azərin səsi.
...Azər içindəki havadan qaçır ...
...Yəni belə olacaq -
illər ötüb keçəcək,
sən mənsiz yaşayacaqsan,
mən sənsiz öləcəyəm?!.
Əli Şirin Şükürlü həm də minimalist şeirlər müəllifidir. Həyat, ölüm, sevgi, qadın, müxtəlif ömür yaşantıları barədə düşüncələrin poetik şəkildə mənalandırıldığı bu şeirlərdə təsvir, söz israfçılığına yol verilmədən metaforik çoxmərtəbəlik yaradılır, iki, bəzən üç misra bizi gerçəkliyi panoram şəklində qavramağa kömək edir.
Ölüm - nə tez yayılırmış
sükutun səsi.
***
Yaxınlaşdım
dənizə, uçdu qağayılar.
***
Hamının olan qadının
bətni kimsəsizliklə dolar.
Doğar
balası kimsəsizlik olar.
***
Göy üzü islanmaz
Yağışdan sonra.
Yağışdan sonra bulanmaz çirkaba
Batmaz göy üzü.
***
Qapılar
İnsanın özündən çıxış yoludur.
***
Gizləndim
Özümü axtardığım yerdə.
Bu formatda, "Yağış, gölməçə və günəş" adlı belə bir minimalist şeirə baxaq. Müəllif mətni sanki söz və düşüncə oyunu üzərində qurur, amma bununla həm də dilə yaradıcı münasibət göstərir:
yağış
yağış yağış
yağış yağış yağış
yağış yağış yağış yağış...
gölməçə gölməçə gölməçə... gölməçələr
yağış yağış yağış yağış...
yağış yağış yağış
yağış yağış
yağış
gün çıxır
gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır
gün çıxır gün çıxır gün çıxır gün çıxır...
quruyur gölməşələr
yenə yağış
yenə yağış yenə gölməçə
yenə yağış yenə gölməçə yenə günəş
..........................................................
yaranan hər şey
öz-özünü sonsuz təkrar edər
Əli Şirin Şükürlünün bütün şeirlərində mənəvi-əxlaqi harmoniya axtarışını görməmək mümkün deyil. Fəqət bu axtarış əzmi fərdi taleləri rədd edən harmoniya üzərində qərarlaşmır. Əksinə, poetik dərkin predmetinə çevrilən bütün situasiyalarda söhbət insanlıqdan gedir, bütün sosial və mənəvi problemlər insanların psixologiyası çərçivəsində, obrazda, estetik ümumiləşdirmələrdə açılır və öz kəskin çaları, natural boyası ilə poeziya tarixinə həm də XXI əsrə verilmiş şərh, ümumiləşdirmə məzmunu kimi daxil olur. Bu şeirdə olduğu kimi məsələn: "Şər yoxdu, Şər - Xeyirin yoxa çıxdığı məqamdı: // elə söylərdi Zərdüşt təəccüb və heyrət içində, // baxıb yalnız əyləncə və təmtəraq əsiri soydaşlarının // dəyişməyən iki min beş yüz illik oxşarlığına...".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!