Kölgə-adam - Südabə AĞABALAYEVA

Südabə AĞABALAYEVA

 

"Gördüyünüz, rastlaşdığınız adamların yanından laqeyd ötməyin..."

    İsi Məlikzadə

 

Kölgə. Ağacın kölgəsi, evin kölgəsi. Adamın kölgəsi.

Bulud da kölgədir; bütün kölgələri kölgədə qoyan kölgə. Şair necə deyib: "Buludlar bir zaman təsəlli idi"?! Amma bu cümlədəki bulud hər cür təsəllini yerlə-bir eləyən elə bir ümidsizlikdir ki...

"Anlayırdı ki, Sayad onunçün intəhasız göyün lap uzaq nöqtəsində közərən ulduz kimidir. Sayad səmada axan bir parça buluddur. Qopart o ulduzu, görüm necə qoparırsan. Endir yerə o buludu, görüm necə endirirsən" ("Küçələrə su səpmişəm" povestindən).

Deməli, belə, nə qədər ki, göyün dərin, uzaq ənginliyində ulduz közərtisi görəcəkdi, deməli, nə qədər ki, buludlanan göylərə gözü sataşacaqdı, bu göynək Xəlillə bir yaşayacaqdı, hər dəfə də yadına salacaqdı ki, Xəlilin "küçələrə su səpmək" şövqünün bir qara qəpiklik qiyməti yoxmuş, heç yoxmuş... Xəlilin arzularının fəsli baharıydı, Günəşin, hərarətin hökmran olduğu yay fəsliydi. Xəlilin ömrü isə, qış ayazında, payız tutqunluğunda keçdi və bu buludlu rüzgarın baisi...doğmaları oldu, qardaş bildiyi əmisi oğlu oldu. Hadi demiş, bundan ağır yük çəkilməz, bu ağılar içilməz... Deməli, qəlbin bu viranəliklərini də dolaşmalısan ki, xatirələrin olsun, xatirələrin olsun ki, tarixin olsun. Deməli, hər insanın xatirələri onun tarixidir, onun vətəninin tarixidir. Deməli, yazıçının gücü xalqının tarixini yaza bilməsindəymiş. Bu tarix hadisələrin yox, düşüncənin tarixiymiş - hadisələrin gətirdiyi, qoyub-apardığı düşüncənin tarixi.

Xəlilin taleyinin ardınca gedib "oxuya bildiyin" bu fikri öz-özünə pıçıldayacaqsan və kitabı qatlayıb qoyacaqsan kənara. Cümlələrin ağırlığının və ağrının hövlünü özündən uzaqlaşdırmaq istəyəcəksən, yeri-göyü köməyə çağırıb, laqeydlik, biganəlik örtüyünün bir ucunu çəkəcəksən qəhərinin üstünə: "Axı, nə var e burda? Yazıb da, nə olsun? Hamı yaza bilər bu cümləni, elə deyilmi?" Amma üstünə çəkdiyin örtüyün arasından sızıb qəlbinə-qoynuna dolan bir fikir çökəcək sinənə:  "Deyil, atam balası, deyil, qardaşım, bacım, heç də elə deyil; məsələ bu cümləni hamının yaza bilib-bilməməsində deyil; bu cümləni yazanda Xəlili yaşayıb, Xəlil olub onun kimi yaxılmaqdadı, bu cümləni yazanda içini qarsıyan alovun göynəyini adamın ürəyinə sızdıra bilməkdədi. Bu alovun qarsıtdığı ürəyin cızıltıyabənzər ahını kürəyini yandıra-yandıra vücudunu dolaşdırmaqdadı... Sonra hansısa rəssamın "hər çəkdiyim portret mənim üçün əzablı bir xəstəlikdir" fikrini xatırlayıb, yazıçının halına acıyacaqsan; bu hesabla, neçə xəstəliyi olub, nə qədər əzab yaşamalı olub və başlıcası, bütün bunları nəyin hesabına sinirmək olur görəsən?

Beləcə, istər-istəməz, İsi Məlikzadə ilə bağlı düşüncələr sıralanacaq xəyalında.

İsini oxumayan adam ömründə insanın ağacla, çiçəklə, daşla, çayla, yarpaqla... sirdaş olmağının nə demək olduğunu, necə olduğunu duymayacaqdı. "...Kür nəfəs çəkib, köks ötürüb dedi: ay oğlum, əziz oğlum, eşit və agah ol ki, dikəlməyə taqətim qalmayıb, nə aşıram, nə daşıram. Üstümdə bənd qurublar, hirsim-havam alınıb, boynum kəməndə salınıb. Ayaqlarım cidarlı, qollarım bağlı. Dodaqlarım Dədə palıdın kökünə çatmır, Dədə palıdın yanğısını söndürə bilmirəm. Quruyacaq Dədə palıd, ayaq üstə can verəcək... Kür bunu deyib başladı şırıl-şırıl axmağa. Bala palıd da başladı gözlərindən bıldır-bıldır yaş tökməyə" ("Dədə palıd").

İsini oxumayan kəs İsi Məlikzadə adlı Azərbaycan yazıçısının həkimliyindən bixəbər olacaqdı. Həkimlik diplomu olmayıb İsinin, ixtisasca biologiyadan - təbiətşünaslıq elmindən uzaq bir sahənin - neft kimyası üzrə mütəxəssisiydi. İsinin ürəyi təbiətin damarı üstündə gəzib həmişə. Ürəyi nəyi nə cür eşidib-duyubsa, İsi də o cür yazıb. Yazmayıb, əslində, İsi nəsrimizin o yazıçılarndandı ki, təbiət və insan ekosidinin narahat-nigaran nəfəsini uzaqdan-uzağa duyub-eşidib yazıya almayıb, insanla təbiətin birliyi möcüzəsini yaşayıb və ona görə də bu möcüzəni oxucusuna yaşada bilib, özü də rahat, gözəl dillə yazıb yaşadıqlarını. İsinin nəfəsi təbiətin nəfəsiylə bir gedib-bir gəlib. Son dərəcə səmimi, ünsiyyəti cəlbedici edən əndazəli yumor hissinə malik insanın mətni də eyni enerjini verir. Fərdin xarakterinin üslubun qaynağına çevrilməsini belə halda müşahidə etmək həmişə xoşdur.

"Meşə nəfəsini udmuşdu, daha meşədən qızılgül ətri gəlmirdi. İndi Kür də səngimişdi, daha dalğalı diliylə sahili yalamırdı. Kür susmuşdu, Kür küsmüşdü. Kür bu yerlərdən asta-asta, oğrun-oğrun keçirdi, çünki Kürün hənirini səsə göndərən, avaza döndərən ağaclar yox idi" ("Dədə palıd").

O, fərdin, ailənin, toplumun, gördüklərinin, tanıdıqlarının taleyini, düşüncələrini, yaşantılarını yazmırdı. İnsanlığın tanış hiss və duyğularını, bir-birinə bağlı və bir-birindən uzaq, bir-birindən asılı və bir-birindən ayrı insanın təbiətlə eyni nəsibi bölüşdüyünü düşünürdü və düşündüklərini sanki yeni bir təhkiyə ilə pıçıldayırdı oxucusuna. Bəli, pıçıldayırdı, söyləmirdi, danışmırdı. Çünki, onun ədəbiyyata gəldiyi altmışıncı illər Səsin xaosunu, bu xaosda çaşbaş qalan İnsanın təbəddülatlarını, təəccübünü və süstlüyünü yaşayırdı. Bu qarışıqlıqda hələ də Şəxsiyyətin xofu və iradəsinin havası vardı, fərdin, "xırda adam"ın nə duyub-düşündüyü hələ bütün mənzərəsi ilə maraqlı və görünən deyildi. Hələ də sosial-sinfi məsuliyyətin ifadəsi qabarıq idi, daha geniş ictimai problemlər ədəbiyyatın əsas mövzuları olaraq qalırdı. Üstəlik, nəsrdə özünü göstərən yeni təmayüldə -  yolda İsa Hüseynov, Mirzə İbrahimov, Sabir Əhmədli, İlyas Əfəndiyev, İsmayıl Şıxlı vardı. Maqsud və Rüstəm İbrahimbəyovlar, Çingiz Hüseynov, Əkrəm Əylisli, Anar, Elçinin qəhrəmanları sanki sələflərinin taleyini, ömür, ölüm, həyat, xoşbəxtlik, tənhalıq haqqında trafaret düşüncələri bölüşməyə tələsmirdilər, sanki bir tərəddüd anı yaşanırdı və bu anın məğzini, dəyişikliyə doğru meyillənməni yeni ifadə tərzi ilə, fərqli intonasiyanın köməyilə təqdim edirdilər. Bir qədər ekzistensializmə meyillənmə, özünə qapanan qəhrəmanın daxili nitqində hiss olunan burulğan...

İsi Məlikzadə bu adların ərazisində öz obrazını qoya bildi. Altmışıncıların gənc nəslinə mənsub olan bu yazıçı Azərbaycan ədəbiyyatının sağlam, zəngin ədəbi ənənə zəmininə söykənməklə, nəsr dilinin çəkici ahəngi, poetik ruhu ifadələrini yada salan yazıçı təhkiyəsi ilə nəsrin obrazlar dünyasına qeyri-standart yanaşmaları miqyaslandıran insanı gətirirdi. Bu insan, mütəşəkkil ahəngdə olmasa da, tutqun şəkildə hiss olunsa da, mənəvi idealın, mənəvi məsuliyyətin bəşəri, qlobal dərkinə səmtlənən cəmiyyətin insanıydı, əslində.

İsi bir yazıçı kimi, süstlüyün səbəbini insanın daxilində yox, sosial idealla, əqidə ilə Səsin-Sözün bağlarının qırılmasında görürdü. Görmək - ürək işidir, göstərmək - istedaddır. Ürəyin də qəribə oyunları var; uzun-uzadı, bər-bəzəkli təqdimatı nə yadında saxlar, nə ruhuna sinər. Qısa, lakonik, novellavari sonluq və hədəf. Tərzin, üslubun tələb elədiyi canlı, şirəli, "adam dili".

Onu ədəbiyyat adlı məmləkətin sərhədində də qarşılayan bu xaos olmuşdu. Kimsənin tanımadığı gəncin yazısının sevincini bir qəzetdə yarım illik sabah ümidinə büküb çatdırmışdılar ona. Sabah əvəzinə, yarım il gözləməyi bir yana, soyadını da səhv yazmışdılar. Beləliklə, İsi Məlikzadə yazıçılığın, qara şriftdən gülümsəyən şöhrətin ilk fərəhini İsi Məmmədzadə imzasına güzəştə getməli olmuşdu. Bəlkə bu "bala batırılmış acı yanlış"ın qarışıq tamının adıydı yazıçılıq?! Bəlkə bu ilk işarə, sövq-təbii olaraq həyatı nişan vermişdi, demək çətindi, amma o, "bu sevdadan usanmadı", hər halda.

İsinin qəhrəmanları insanlar deyildi, əslində, zamandı, vaxtdı, bu zamanın, vaxtın insan talelərinə vurduğu naxışlardı, izlərdi, bu izlərin yaşatdığı hisslər və duyğulardı. İsi, sanki, illəri qabaqlayaraq, cəmiyyətin siyasi-iqtisadi-mədəni platformasının yox, bütün uğurların, nailiyyət və göstəricilərin əsasında duran, daha mühüm olan əxlaq, mənəviyyat məsələlərinin vacibliyinin dərkini qabardırdı, bu qütbün münasibətindəki kəmliyi, insan-təbiət-insan üçbucağında, insan - təbiət münasibətlərinin qlobal səciyyəsində yeni əxlaqi məqamları xatırladırdı.

İsi Məlikzadə ədalı yazıçı pozasından, bioqrafik hesablamalar cəbrindən o qədər uzaqdı ki, kənkan da, institut müəllimi də, ocaqçı da, həkim də, çəkməçidən tutmuş, yazıçıyacan, hər kəs İsiylə bir qatarda, bir kupedə yol gedə bilərdi, rahatca yoldaş ola, ürəyini ona aça bilərdi, yaşıl gecələrin vahiməli sükutu onunla dil açıb danışardı, milisioner İslam bacısı Ağcanı "adlarına layiq" köçürməyin xatirinə simasını itirməyini də ona etiraf edərdi, rahatlıq naminə ata yurdunu satmağı təkid edən ürəksiz övladın səsindən üşüyən ata yeganə balasından sidqinin sıyrılmasını da onunla bölüşə bilərdi. İsi də, bəzən, "dərdini götürüb üstünə qaçan" bu adamların əhvalatlarını yazıya alanda "zəruri bədii təfsilatlara səxavətlə yer verməyi", aludəlikdənmi, ya nədənsə, unudurdu, bir az da özünü - yazıçı pafosunu düşünsəydi, - onu klassik ədəbi sələflərinə bənzədən müasirlərinin yanaşmalarına təftişi sığortalayardı.

İsi Məlikzadə Azərbaycan nəsrinin son 50 ilində müqayisə edilməyəcək bir üslub qoyub kinayə ilə sarkazm arasında elə bir zərif keçid edib ki, bu intonasiya Üzeyir bəy satirasındakı intonasiyanın səviyyəsini xatırladır. Yazıçının parlaq obraz anlayışına yüksəklik yox, sadə dərinlik və bir qədər də passiv romantik ovqat xasdı. Bu sonuncu onun "qəhrəmanları"nı çox vaxt "öz içində yandırır". İsi yazarkən, sanki qəsdən məkanı unudurdu, onun "kənd nəsri" heç də coğrafi mənada dərk olunmur, tez-tez şəhər-kənd keçidləri etməklə, kəndi dolandırıb-adladıb şəhərdən keçirməklə, obrazların, hadisələrin təkamülünü şərtləndirən situasiya dəyişikliyinə məruz qoyurdu. İsinin qəhrəmanları qapalı məkanda qərar vermirlər, qərarlarının düzgünlüyünə özlərinin əmin olması üçün hökmən çölə -  havaya "söykənir", düzəlməsinə ümid olmayan biçarəliklərə ləyaqətlə tablaşmaq üçün təbiətdən güc almağa, ona sığınmağa can atırlar.

İsi Məlikzadə şehli çəmənlərin işığını dünyadan - həyatdan əlini üzmüş, ölümün astanasında onun soyuq nəfəsini hiss eləyən insan üçün həyat iksiri bilən yazıçıydı. İnsan münasibətlərinin ekologiyasında tərtəmiz yaşıl ada olan insan - təbiət ahəngini, birliyini bütövlükdə cəmiyyətin sağlamlığına əlac bilirdi. "Bahar günəşinin qırmızımtıl-sarı şəfəqi yerə çökmüşdü və bu şəfəqdən yaşıl - tər otlar, çiçəklər, ağaclar - hər şey alov rənginə çalırdı. İlıq havadan qızılgül ətri gəlirdi, uzaqdan-uzağa quşlar cikkildəşirdi. Mirzə fikirləşdi ki, ilin bu əyyamında ölümdən danışmaq, vallah, axmaqlıqdır. Mirzə rahat köks ötürüb, gözlərindən təbəssüm tökülə-tökülə güzgü təki tərtəmiz göyə baxdı" ("Şehli çəmənlərin işığı").

Bu hekayənin qələmə alındığı vaxtda İsi Məlikzadə milli nəsrin yeni dalğasına mənsub maraqlı yazıçı kimi ciddi ədəbi tənqidin diqqətini cəlb etməkdəydi, "ideya-estetik mahiyyəti etibarilə elmi-məntiqi dolğunluq və ciddiyyət tələb edən təhlilə layiq" (İntiqam Qasımzadə İsi Məlikzadənin "Quyu" povesti haqqında belə yazırdı ("Ulduz", 1978, № 4 ) və zənnimizcə, bu təsnifat yazıçının bütün yaradıcılığına aid edilə bilər.) əsərlər müəllifi idi. Sənət kredosu və sənətkar amalı da onun ədəbiyyata gəldiyi altmışıncı illərin bədii-estetik idealına sadiq idi; "yeni estetik baxım və ölçü, əlvan ideya-fəlsəfi çalar,...stereotip ideyadan uzaqlıq... " (Yaşar Qarayev) .

Cəmiyyətdə, dünyagörüşündə ayaq alıb yeriməkdə olan qeyri-müəyyənlik həssas yazıçının yaradıcı istiqamətini yönəldirdi, gənc yazıçı da ələ düşən "fürsət" - Sözün tarixini dəyərləndirmək - məqamında "sos" zəngini səsləndirməyə can atırdı. Pıçıltısının gözünə hərdən xalq ruhundan bir çimdik qatırdı, palıda söykənib, gümüşü əfsanələrə dalırdı, su səpilib tozu yatmış küçələrin sərinliyində cəmiyyətin yoluna çıxmaq, insana münasibətin aydınlaşmasına nail olmaq istəyirdi. Ədəbi idealın əqrəbini insana və insan-təbiət-cəmiyyət nizamına tuşlamaq - "ottepel" zamanının missiyası bu idi. İsi Məlikzadə üçün bu dəyər və missiya yazıçı əqidəsi idi. İsi ilk baxışda adi görünən təfsilatda elə xırdalıqları qabarda bilirdi ki, buradakı mahiyyət öz təhkiyəsi ilə görünürdü və seçilirdi. İsinin yaradıcı obrazını fərqləndirən də elə buydu; mahiyyətin təhkiyəsi yazıçı təhkiyəsiylə həmahəng idi. Bu həmahənglik adamın qəlbinə bir istilik, aydın bir doğmalıq bəxş edir. Məhz bu doğmalıq hissi yazıçını görməyə, tanımağa, dərk etməyə sövq edir, sanki adam bu ahəngdarlıqda, bəlkə fərqinə varmadığı, adını bilmədiyi elə nəsnələrə sahiblik duyğularına bürünür ki, hər şey ona başqa cür - bayaq gördüyündən fərqli rəngdə, fərqli biçimdə görünür. İnsan onu aciz qoyan hər şeyə dəyər verməyə başlayır; sözə, vaxta, fürsətə...

"Umud balaca olanda bu barı da alçaq idi. Onda Xalıq kolxoz sədri deyildi. Umud böyüdükcə barı da kərpic-kərpic qalxdı. Sonra Xalıq sədrin yumşaq stulunda oturdu və barı qəflətən boy atıb iki Umud hündürlüyündə oldu" ("Quyu"). Barı rəyasətlə aşağıdakılar arasında elə bir keçilməz səddə çevrilirdi ki, bu səddi keçməyin mümkünsüzlüyü bir kəndin adamlarını - dünənəcən şadlığı-qayğısı bir olan camaatı bir-birindən elə uzaq salırdı ki, sosial bərabərlik, humanist ovqat istehza, gülünc yerinə dönürdü, rəzalətin virus qorxusunu fokuslandırırdı həm də.

İsinin povest və hekayələrini ədəbi ssenari kimi işləməsi, ssenarilərinə film çəkilməsi də ona görə rahat idi ki, onun mətnləri kameranın obyektivi kimi idi, panoram və iri plan effekti ilə batini təqdim etməyə hesablanmışdı. Amma İsinin filmləri rəngli qavranılmır, ona görə yox ki, İsi həyatı ağ-qara rəngdə görürdü, yox, ona görə ki, bu iki rəngin təsvirə yox, mətləbə daha çox dəxli var.

İsi Məlikzadənin bir yazıçı, ssenarist, insan kimi ömründə nəyin əldən çıxdığına daha çox təəssüfləndiyini bilmək istərdim! Amma İsi Məlikzadə üçün Yaşamağın nə demək olduğunu bilmək çətin deyil; onun üçün həyat - nəfəs almaq deyil! İsinin yaradıcılığında həyatın nəfəsi duyulur.

İsi Məlikzadənin nəqli cümlələri əqli cümlələr kimi qavranılmağa başlayanda, yazıçı ruhundakı dərinliyə, zərifliyə, şairliyə heyrət etməyə başlayırsan. İsi Məlikzadə bu heyrəti hadisələrin rəngarəngliyinə rəğmən, mahiyyətlərin sabitliyinə bağlaya bilirdi.

Necə deyərlər, Kölgə özündən daha çox, Günəşi ifadə edir.

Bəs kölgə-adam necə?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!