Röne Şar - məkanın sehri, yaxud Qurbaninin bənövşələri - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Niyə bədii əsərlərdə, deyək ki, poeziyada vəsfdən, nəsihət və tərifdən çox  kədər daha çox diqqət çəkir, daha çox sevilir, ürəyə yaxın gəlir (buraxılır)? Digər mətnlər olsun ki, məclislərdə "bəh-bəhlər"ə qoşulub uçub gedir. Belə bir inam var ki, tənhalığın içində oluşan bədii mətn yaradıcılığında tək bir nəfəs kifayət deyildir. Tənhalıq ortamı nə qədər sıx və kəsici, yaxud ümidsiz olarsa, həmin o sarmaşıq və gizli nəfəsin təsiri daha çox hiss edilər. Bu məqamda tanrının astaca, barmaqları ucunda yanından keçdiyini hiss etməzsən. Yanından keçərkən, səninlə bərabərləşəndə anidən hər şeyi unudarsan, özünü böyük bir enerji burulğanının içində hiss edərsən. Bunu fransız müqavimət hərəkatının iştirakçısı Röne Şarın mətnlərində daha incə şəkildə duyuruq və bilirik ki, o mətnlər anlamaq mənasında çox çətindirlər. Çünki çox aydın, həm də son dərəcə orijinal fikir və duyğuların kosmosdakı qara dəliyin içindən çıxmasına həmin gizlin nəfəs eyni zamanda həm yardımçı, həm də mane olub; ancaq bəzən bu şeirləri oxuduqda elə bir məqam, aydınlıq ortamı yetişə bilər ki, bədii mətnin duyğu ölçüsünü boyaboy görə bilərsən. Və bir ayrıntı: təkcə Röne Şarın deyil, dünyanın ən böyük şairlərinin bu tipli təsbitləriylə rastlaşdığın an mütləq klassik poeziya, klassik musiqi, klassik kino yada düşür: eyni əzəmət, vazkeçilməz təxəyyül gücü, dünyaya sığmayan mənalar aləmi, gül bağçası, qızılgül, Qurbaninin bənövşəsi...

Dünyaya sığmayan məna heç sözə də sığmır. Klassik poeziyanı oxuyanda həmin mətndə bizə, sadəcə, mükəmməl işarələr verilir, bu işarələr insanı (oxucunu) ömrü boyu müşayiət edir, izləyir, gül kimi açır, daim dəyişir, amma əvvəl-axır klassik şairin yaratdığı işarələr sisteminin içinə dolur. Hər bir bənd bir duyğu modelidirsə, dinamika, təxəyyülün macərası oxucuda davam edir, bitmir, sonsuzluğa uzanan sonsuzluq effektini yaradır.

...Arzunun magik və dağıdıcı gücündən yararlanaraq,

İlim-ilim itib batmış insanları,

Onların hamısını qənisiz bir varlıq biçimində geri qaytarmaq üçün

gerçəkliyin qapısından çölə atmalısan.

Yaxud:

Şair fərq qoymadan məğlubiyyəti qələbəyə,

qələbəni məğlubiyyətə çevirir.

O, yalnız göylərin /cənnətin şeir kitabına pərəstiş edən imperatordur...

Məsələ heç də Röne Şarın fransızcası deyildir, problem, şeirin dilinin fransız dilini üstələməsindədir. Röne Şarın mətnlərinin birindən belə bir mənzərə keçir: deyir, "dostum, sən düşmən əlindəykən, biz uzaqdakı pusqudan səni görürdük, bilirdik ki, güllələyəcəklər, o dəm nəsə eləsəydik, qaça bilərdin, amma... Daha sonra: Röne Şar ilk gənclik illərində Bretan və Elüarın da qatıldığı sürrealizm cərgəsindəydi və bir gün o, dostlarına "nə qədər bu cür yazmaq olar, burdan çıxıb getmək lazım..." - deyib gedir və özünə sürrealizmdən azad bir yol çəkir. Yəni, heç bir izm şairi, yazıçını sonadək formalaşdırmır, ifadə etmir, əsl modernist, əsl sürrealist o cəbhədən biryolluq qopandır, o estetikadan canında qəlpə kimi qalmış hansısa parçası səni özünü ötüb keçməyə vadar edəcək.

XX əsrdə ədəbiyyat adamları məktublaşmağı sevirdilər, onunla Kamünün məktubları yaxınlarda kitab şəklində çap edilib. Buradakı "hadisələr"i səhnələşdirsələr, keçən əsrin ən yüksək ədəbiyyat anlayışının təcəssümünü görərik. İkinci dil təbii dili üstələyəndə ortaya qeyri-adi metaforalar çıxır, məsələn, Sərdar Əsəddə olduğu kimi. Sərdar Əsədin vaxtilə "Qobustan" jurnalında dərc edilmiş son şeirlərinə baxın, dil, belə demək olarsa, metaforaların içinə batıb, şeiri oxuduqca o dərinlikdən gələn boğuq səs eşidilir, bu, həm də illər boyu içində, özüylə danışan adamın səsinin getdikcə batması və birdən fontan kimi göyə bülənd olması, şəlalə kimi dağlardan atlanmasıdır.

Bədii mətndə kosmosda gedən proseslər əksini tapır və bu elə bir prosesdir ki, zamanın oxunu müəyyənləşdirir: həyat, ölüm və eşq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!