Bu yaxınlarda gənc yazar və youtebeer Təvəkkül Boysunarın mətbuatda çıxmış bir məqaləsinin facebook səhifəsində paylaşdığı elektron variantı ilə tanış oldum. Bəlkə də mən bu adamın gəncliyini, hər şeyi sorğulayan yaşda olduğunu və bəlkə belə "gedişlərlə" daha çox diqqəti cəlb etmək istəyini nəzərə alıb susar, sadəcə, oxuyub keçərdim. Amma müəllifin israrla məqaləni diqqətlə və sonacan oxuyub fikir bildirməyi xahiş etdiyini gördükdə, özümü saxlaya bilmədim, Quranda və Füzulinin bir beytində yanlış "tapan" gənc dostumuza, qısa və obyektiv cavab verməyin lazım olduğunu düşündüm.
Əzizim, Təvəkkül bəy! Öncə, onu deyim ki, bir neçə gün əvvəl sənin şəxsi youtube səhifəndə Füzulinin məşhur bir qitəsinin təhlili zamanı yol verdiyin nöqsanlar barədə səmimi şəkildə irad bildirmiş və Füzuliyə münasibətdə ehtiyatlı olmağı məsləhət görmüşdüm. Sən isə şeirdə yaxın mənalı və sinonim sözlərin yerdəyişməsinin o qədər də əhəmiyyətli olmadığını deyərək, daha böyük səhv buraxmışdın. Mən yenə, xətrinə dəyməmək şərtilə, "Dostum, Füzuli o şairlərdən deyil ki, hər hansı bir beytində hansısa sözü yaxın mənalı başqa bir sözlə asanlıqla əvəz edə biləsən və dahi şairin ifadə etmək istədiyi məzmun dolğunluğu və forma mükəmməlliyinə xələl gəlməyə. Cəmisi 6 misradan ibarət olan bir şeir parçasında 2-3 sözün yerini səhv salmaq ciddi nöqsandır". İnsafən, sən sonda mənimlə razılaşmış və diqqət üçün təşəkkür etmişdin.
Yuxarıda haqqında danışdığım məqaləni oxuyandan sonra isə bu qənaətə gəldim ki, sən bu kimi ciddi məsələlərdə nəinki "ehtiyatlı olmaq", hətta daha böyük nöqsanlara yol vermək təşəbbüsündən də çəkinmirsən. Birincisi, onu deyim ki, məqalədə tez-tez işlətdiyin "dəvə və iynə bənzətməsi" ifadəsi yanlışdır, çünki burada heç bir bənzətmədən söhbət getmir, bəlkə də mübaliğə, yaxud şişirtmə demək istəyirsən. Yox, mütləq bənzətmə demək istəyirsənsə, burada yalnız dəvə və sap bənzətməsindən söhbət gedə bilər.
Onu da deyim ki, mübahisələndirdiyin Quran ayəsi ilə bağlı baş vurduğun qaynaqlarla işləmək və analitik təhlil bacarığın da məni sənə cavab verməyə vadar edən səbəblər sırasındadır. Çünki bu sənin qətiyyən diletant olmadığını göstərir. Belə ardıcıl və səriştəli tədqiqat aparmaq qabiliyyətini bir daha təqdir etməklə yanaşı, nöqsanlarını göstərməyi də özümə borc hesab edirəm. Mənə görə, əsas nöqsanlarından biri odur ki, 1000 ildən bəri müsəlman dünyasında milyonlarla nəşri olan müqəddəs kitabın orijinal mətnini qoyub, bir yəhudi tərəfindən onun ingilis, yaxud başqa bir Avropa dilində tərcümələrinə istinad edir və öz fikrini "əsaslandırmağa" çalışırsan. Dinşünas olmadığımı, elə bu məqsədlə də İncil və Quran kitabları arasında ayrıca tutuşdurma aparmağa həvəsim və vaxtımın yoxluğunu da nəzərinə çatdıraraq, bildirmək istəyirəm ki, İncildə ip, yaxud kəndir anlayışı işlənə bilər, ancaq bu, o demək deyil ki, Quranda da mütləq gəmi kəndiri işlənməliydi. Mənim fikrimcə isə, Qurani-kərimdə məhz dəvə olmalıdır. Doğrudanmı, ərəblər arasında hələ kitab halına salınmamışdan əvvəl, peyğəmbər əleyhissəlamın öz dilindən eşitdikləri və bir müddət hafizələrdə yaşayan Quran ayələrində dəvə ilə kəndir sözlərini bir-birindən fərqləndirməmək dərəcəsində cahil din xadimləri və təfsirçilər olublar? Doğrudanmı, sənə qədər, sənin də adlarını çəkdiyin Zəməxşəri, Razi və b. bir çox təfsirçilər dəvənin iynə gözündən keçə bilməyəcəyini başa düşməyiblər? Guya Qurani-kərimdə işlənən minlərlə bu cür "uyğunsuz" bənzətmə və mübaliğələr azdır? Yeri gəlmişkən, sənin facebook səhifəndəki yorumlar bölümündə tanınmış şair Aqşin Yeniseyin qısa və dolğun rəyini olduğu kimi buraya köçürmək məcburiyyətindəyəm. "Ərəb dili ağlagəlməz mübaliğələrin dilidir, bunu filoloji orientalizm deyir. İynə və kəndir qarşılaşdırması peyğəmbəri aya atla göndərən bir dil üçün mübaliğə deyil. Ərəb dilində, ədəbiyyatında, Quranda yüzlərlə belə ağlagəlməz şişirtmələr var. İynə gözündən keçən dəvə, hətta 40 dəvə olmalı bəzi mənbələrdə". Fikir verirsənsə, Aqşin bəy, səndən fərqli olaraq, burada yalnız "mübaliğə", "qaşılaşdırma" və "şişirtmə" sözlərindən yararlanır, heç yerdə "bənzətmə" sözünü işlətmir. Hələ 40 dəvə ifadəsini demirəm.
A.Yeniseyin fikrində bir dəyişiklik edərək, deyim ki, ağlagəlməz mübaliğə, şişirtmə və bənzətmələr yalnız ərəb dilinə və ədəbiyyatına xas bədii vasitələr deyil, bütün klassik müsəlman-Şərq ədəbiyyatına məxsus hadisədir və bəlkə də bütün dünya ədəbiyyatının, ümumən poeziya və romantikanın canı və qanıdır. Fikrimin isbatı üçün antik dövrdə Homerin "İliada" və "Odisseya"sı, orta yüzillər Avropasında Rablenın "Qarqantua və Pantaqruel"i, eləcə də, Servantesin "Don Kixot"unu yada salmaq yetərlidir.
Həm yunan, həm arami, həm də ərəb dillərindəki dəvə və kəndir sözlərinin eyni cür, yaxud oxşar şəkildə yazıldığını deməyinə gəldikdə, mən bu barədə susmağa üstünlük verərdim, çünki bu dillərin heç birini bilmirəm. Sənsə, bu dilləri bilmədən özünəməxsus nəticə çıxarır və qəti qərara gəlirsən ki, "Füzuli də bir çox tərcüməçilər kimi, səhvə yol vermiş, dəvə və iynə bənzətməsindəki uyğunsuzluğu hiss edə bilməmişdir".
Nəzərinə çatdırım ki, Füzuli, dünya ədəbiyyatında bir ilkə imza atmış örnəyi olmayan dahi, türk və fars dilləriylə yanaşı, ərəb dilində də divan bağlamış və hər üç xalqın ədəbiyyatına böyük töhfə vermiş bir şairdir. Bu, tək mənim yox, dünyaca məşhur bir çox şərqşünasların fikridir. Səhv etmirəmsə, elə tanınmış bir ərəb aliminin sözüdür ki, "Füzuli, çox şairlərdən fərqli olaraq, hər üç xalqın ədəbiyyatına girər". Yəqin bilməmiş deyilsən ki, Füzuli Qurani-kərimi orijinalda, yəni ərəbcə oxuyub, az qala əzbər bilib, "mövlana" ləqəbi qazanıb. Bundan başqa, o ərəb dilində "Mətləül-etiqad" adlı dini-fəlsəfi traktat (elmi əsər) yazmış, burada Platon, Aristotel, Evklid və b. antik filosofların fikir və nəzəriyyələrini təhlil etmiş, onlarla qiyabi mübahisələrə girişmişdir. Belə bir olağanüstü dahi şəxsiyyətin, "müstəsna şairin" (Bertels) ərəb dilindəki dəvə və kəndir sözlərini fərqləndirə bilməməsini iddia etmək nə dərəcədə doğrudur? Sənsə, fikrini davam etdirərək, bir az da özündə cəsarət tapır və "Füzuli ərəb dilini bilə-bilə bu səhvə yol verməməliydi", - deyə daha böyük səhvə yol verirsən.
Sənin məntiqinlə yanaşsaq, peyğəmbərin adambaşlı Büraqla bir neçə dəqiqə ərzində meraca getməsi, bir barmağıyla ayı iki hissəyə parçalaması, Allahla söhbət etməsi ağlabatandır, eləmi? Yaxud, Allahla şah damarımız arasında hansı uyğunluq tapa bilərsən? Əgər "dəvənin iynə dəliyindən keçməsi, ümumiyyətlə, mümkün deyilsə", yuxarıdakı fikirlər mümkündürmü?
Keçək Füzulinin başqa müqayisə, mübaliğə və şişirtmələrinə. Elə ilk baxışda ağlıma gələn iki beytinə diqqəti çəkmək istərdim:
Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütunu badə.
Nə qədər güclü və cəsarətli olsa da, Fərhadın bir ah çəkməklə min Bisütun dağını küləyə verməsi məntiqə uyğundurmu? Özü də bir yox haa, min dənə Bisütun dağını. Yəqin, nə vaxtsa, dağla ah çəkmək arasındakı uyğunsuzluq barədə də bir məqalə yazarsan, inşallah.
Bəlkə şairimizin elə "iynə" sözünün işləndiyi başqa bir beytinə nəzər salsaq, daha çox yerinə düşər:
Əgərçi ignətək keçdim cahanın hər nə varından,
Hənuz ardımcadır qeydi-təəllüq zülfü tarından.
Göründüyü kimi, burada lirik aşiq özünü iynə ilə müqayisə edir. Yaxşı, dəvə ilə iynə arasındakı uyğunsuzluq, insanla iynə arasındakı uyğunsuzluqdan çoxmu fərqlənir? Səncə, bu uyğunsuzluqlar arasında hər hansı uyğunluq tapmaq, doğrudanmı, mümkün deyil? Eləcə də, fələyin binasını aşiq ahının oxlarıyla uçurub dağıtmaq olarmı? Yaxud, günəş şüasıyla ovçunun kəməndi arasında bir uyğunluq görürsənmi? Bütün bunlar Füzuli poeziyasında tez-tez rast gəldiyimiz adi bənzətmə və mübaliğələrdir. Elə Füzulinin füzuliliyi də bundadır. Yeri gəlmişkən, sən də bütün yaradıcılığın boyu bircə şeirində bu cür ağlasığmaz müqayisə, metafora və mübaliğəli fikir deyə bilsən, bəlkə də ədəbiyyat tariximizə düşmüş olarsan, nəinki Qurani-kərimin tərcümələri və Füzulidə səhvlər axtarmaqla.
Fikrimcə, "Füzuli ərəb dilini bilə-bilə bu cür səhvə yol verməməliydi", - demək üçün, öz sözlərinlə desək, "ərəb dili dərsindən səqara cahil", "bu cür təkəbbürlü və qələmindən yekə danışan" birisi olmaq gərəkdi. Əgər mən də bir az kəskin danışdım və "barıtı çox" etdimsə, bağışla, dostum, çünki sən elə nəsnələrə toxunmusan, elə yerləri tərpətmisən ki, başqa cür yazmaq mümkün deyildi.
Özün də bilirsən ki, indi klassik sənətkarları, müqəddəs və toxunulmaz milli dəyərləri "eleştirməklə" gündəmə gələn, özünə meydan açan və bu yolla ucuz şöhrət qazanmaq istəyən gənclərimiz olduqca çoxdur. Mən istedadına və mütaliə dairəsinə şübhə etmədiyim T.Boysunarı belələrinin sırasında görmək istəməzdim.
Sonda rəhmətlik şairimiz Hüseyn Arifin vaxtilə çay süfrəsi arxasında gənc bir filosofun Allah haqqında səsləndirdiyi qatma-qarışıq fikirlərinə cavab olaraq, şəhadət barmağıyla yuxarı - göylərə işarə edib dediyi sözləri təkrar etmək istəyirəm: "Bura bax, sən nəsə, gözümə birtəhər dəyirsən haa, cavan oğlan, nədən danışırsan, danış, kimdən yazırsan, yaz, bircə oralarla işin olmasın!"
05.08.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!