Gülzar İbrahimqızı
Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
XX əsrdə Bakıda neft sənayesinin intensiv artması kapitalizmin inkişafına güclü təkan oldu. Bu səbəbdən də XX əsr Azərbaycan mədəniyyəti və ədəbiyyatı yeni bir intibah dövrünə qədəm qoydu.
Belə ki, neft və milyonlar səltənəti Bakının mürəkkəb, keşməkeşli, ziddiyyətli həyat həqiqətlərinin nəzm və nəsr əsərlərində təsviri yaradıcı ziyalıların diqqət mərkəzində idi.
Ümummilli liderimiz Heydər Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi - "Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir". Məhz bu mənada İbrahimbəy Musabəyovun "Neft və milyonlar səltənətində", Hüseynqulu Sarabskinin "Köhnə Bakı", M.S.Ordubadinin "Gizli Bakı", Ə.Cəfərzadənin "Bakı-1501", M.Süleymanlının "Eşitdiklərim, oxuduqlarım, gördüklərim", Qılman İlkinin "Bakı və bakılılar" və başqa "Bakınamə" əsərləri Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur. Xüsusilə sovet rejiminin süqutundan sonra müstəqil, yeni nəsr və nəzm əsərlərinin tədqiq və təbliğinə ehtiyac duyulur. Bu mənada gənc yazıçı Həmid Piriyevin oxuculara ərməğan etdiyi "Neft və milyonlar səltənətinin faytonçusu" hekayəsi varislik nöqteyi-nəzərindən "Bakınamənin" yeni üslubda, yeni tərzdə davamıdır. Məlum əsərin başlanğıcında aparıcı surət olan faytonçunun dili ilə oxuyuruq: "Faytonu Persidski küçəsinin tinində, Nevski kilsəsinin yanında saxlamışam... Faytonum yaraşıqlıdı deyə ağalar, xozeyinlər çox minir. Çarxlarına rezin də saldırmışam, gedəndə səs-küy salmır. Atlarım da ki, cins atlardı..." Xalqımızın həyat və məişətində möhkəm yer tutmuş cins atlar, fayton və faytonçu kimi etnoqrafik yaddaşın və tarixi personajların ön planda təsviri Həmid Piriyevin ədəbi-bədii yaradıcılığını milli tərzdə səciyyələndirən əsas amildir. "Çarxlarına rezin saldırmışam, gedəndə səs-küy salmasın" - düşüncəsi ilə yaşayan savadsız faytonçunun bu insanpərvər hərəkəti millətimizin yüksək mənəvi-əxlaqi mədəniyyətinin bariz nümunəsidir.
El yaddaşının ilmələrini el ruhu ilə çözələməyi bacaran ədib qələmə aldığı dövrün ictimai-siyasi, ədəbi-mədəni mənzərəsinin panoramını yaradıb. Zənnimizcə, faytonçunun atların dincəlməsindən tutmuş təmizliyinədək nəzər-diqqəti ululardan yadigar qalmış "At muraddır" rəmzinə əsaslanır.
Hekayədə Murtuza ağanın prikazçının əmrlə: "Sür Birjavoy küçəsinə... Birjavoyda yaraşıqlı binalardan birinin qabağında saxlatdırıb... sonra gələndə yanında iki rus da vardı. Sür qəstinə... Sabah ertədən gedərsən qəstinə... hara dedilər apararsan. Haqq-hesabını mən verəcəyəm... indi get evə... Axşama çox vardı, işləyə bilərdim... Amma qorxdum, yolda prikazçik görər, iş əlimdən çıxar. Hazır çörəkdir də..." Bu zəhmətkeş insanın ağalarından qorxusu oxucuda təəccüb doğurmur. Çünki faytonçu, el dili ilə desək, bir parça çörəyin əsiri idi. Yazıçı faytonçunun timsalında real həyat həqiqətlərinin gerçəklik illüziyası ilə bədii təxəyyülünü vəhdətdə təqdim edir. Sözə son dərəcə həssaslıqla yanaşma, sadə ifadə ilə dərin məna və əsas mətləbin məğzini açmaq yazıçı qələminin uğurudur - desək, səhv etmərik.
Hekayədə Azərbaycan səhnəsinin unudulmaz aktyoru Məmməd Əlili ilə faytonçunun dialoqu maraq doğurur:
"Bir dəfə Məmmədi Birjavoydakı idarəyə aparanda soruşdum:
- Ay Məmməd, bu nə idarədi belə?
- Kinoçəkənlərin idarəsidi - "Filma" cəmiyyəti.
- Bəs bu ruslar kimdi?
- Kino çəkməyə gəliblər.
- Ursiyetdə çəkə bilmirlər?
- Yox. Bizdə bir müəllim var, İbrahimbəy Musabəyov. O bir dənə kitab yazıb. Adı "Neft və milyonlar səltənətində"di.
- İndi ruslar bunu çəkəcək?"
Meydana haqlı sual çıxa bilər - kimdir İbrahimbəy Musabəyov?
Stalinizm repressiyasının qurbanı, yazıçı və pedaqoq İ.Musabəyovun bədii yaradıcılığı XX əsr ədəbi prosesində inkişaf etmişdir. Həmin dövrdə ədəbiyyat və incəsənət xalq həyatına daha yaxın olur, ona üzvi şəkildə bağlanır. İ.Musabəyov həmməsləkləri kimi həyatda fəryad edən hadisələri, xalq gerçəkliyinin ən canlı məsələlərini özünün "Neft və milyonlar səltənətində", "Xoşbəxtlər", "Cəhalət fədailəri", "Gözəllərin vəfası" kimi roman və povestlərində ustalıqla qələmə almışdır.
İ.Musabəyov püxtələşmiş yazıçı və pedaqoq kimi "Məktəb" jurnalı səhifələrində, həmçinin rus yazıçılardan etdiyi tərcümə və təbdil əsərlərində XX əsr uşaq əsrinin ideya məzmununu zənginləşdirmiş, gənc və yeniyetmə nəslə qabaqcıl əxlaqi-mənəvi sifətlər tərbiyə etmək məqsədini aşılamışdır.
"Neft və milyonlar səltənətində" romanı yazıçının Azərbaycan nəsrinin xəzinəsinə daxil olan qiymətli nəsr əsərləri sırasındadır. Əsərdə qələmə alınan hadisələr - Şəfiqənin timsalında Azərbaycan qadınına xas xarakterindəki mərdlik, nökər Qurban kişinin maddi məhrumiyyətlərə məruz qalmasına baxmayaraq nümayiş etdirdiyi mənəvi paklıq, insani ləyaqəti müqabilində Lütfəli bəylərin qəddarlığı, Cəlil ağaların maddi və mənəvi iflası o zamankı dövrün real həyat həqiqətləridir.
1916-cı ildə ekranlaşdırılmış "Neft və milyonlar səltənətində" filmi "Pirone" qardaşlarının aksioner cəmiyyətinə məxsusdur. Bakı neft sahibkarlarının da maddi cəhətdən yaxından kömək göstərmələri məlumdur. Əsərin süjeti əsasında yazılan ssenarinin rus variantının müəllifi A.D.Panova-Potyomkin olmuşdur. Filmin çəkilişlərində əsasən Rusiyadan gələn aktyorlar iştirak edirdi. Bu mənada Həmid Piriyevin hekayəsindəki faytonçuya söz verək: "Hardasa ay yarım onları gəzdirdim. Şəhərdə getmədikləri yer qalmadı. Binəqədiyə, Balaxanaya, Zığa da apardım...
Artistləri ruslardan seçmişdilər. Bizimkilər az idi. Lütfəli bəyi Ərəblinski oynayırdı. Murtuza ağanın mülklərindən biri, guya Cəlil ağanın evi idi. O evi də çəkdilər. Bayıl tərəfdə xalça-palaz yuyan arvad-uşağı da çəkdilər, qala darvazasının yanında Qubernator bağını da çəkdilər.
...On gün Balaxanada qaldıq. Orda mollaxananı çəkdilər. Məmməd mollaxana uşaqlarından birini oynayırdı.
...Binəqədidə nöyüt mədəni yanırmış. Ruslar mədəndə baş verən yanğını da çəkdilər..."
"Neft və milyonlar səltənətində" filmi xalqın həyatında mədəni bir hadisə kimi qiymətləndirilmişdir. Yazılan xatirələrdən bəlli olur ki, film uzun müddət ekranlardan düşməmişdir. Bədii film nəinki Azərbaycanda, hətta Rusiya və xarici ölkələrin ekranlarında da geniş əks-səda doğurmuşdur. "Açıq söz", "Yeni İqbal", "Kaspi", "Babayi-Əmir" kimi qəzet və jurnal səhifələrində film haqqında maraqlı yazılar dərc olunmuşdu.
Əsər bu gün də öz əhəmiyyətini və aktuallığını itirməmişdir. Belə ki, 1980-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə "İbrahimbəy Musabəyovun (1880 - 1980) 100 illik yubileyinin keçirilməsi haqda qərar verildi.
Yubiley təntənəsi yazıçının anadan olduğu Qutqaşendə (indiki Qəbələdə) və Bakıda təntənə ilə qeyd edildi.
Məhz qərara əsasən, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Neft və milyonlar səltənətində" əsəri əsasında "Qızıl uçurum" adlı bədii filmi çəkildi. Filmin ssenari müəllifi səriştəli qələm ustası Mirzəağa Atəş, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Fikrət Əliyev olmuşdur. Filmdə Azərbaycanın çox görkəmli və qüdrətli xalq artistləri çəkilmişlər.
Azərbaycan ədəbiyyatı və mədəniyyətində vaxtı ilə sözünü demiş və möhürünü vurmuş sənət fədailərinin bu gün gənc yazıçılar tərəfindən yad edilməsi xalqımız tərəfindən qürurverici haldır.
Məhz bu mənada yazıçı Həmid Piriyevin qələmə aldığı "Neft və milyonlar səltənətinin faytonçusu" əsərində mövzu ilə tarixi hadisələrin, XX əsrin əvvəllərində Bakının köhnə məhəllələrinin xatırlanması harmonik surətdə bir-birini tamamlayır. Hekayənin dili aydın, səlis və canlı xalq ruhundadır.
Faytonçunun təbiətinə xas danışıq tərzi, Məmmədə verdiyi suallar, qeyrətli vətən oğlu kimi qəlbinin yanğısı ("Artistləri yalnız ruslardan seçmişdilər, bizimkilər az idi"...) obrazın tam təbiiliyini, xalq həyatının ruhunu və xalq nəcibliyini ehtiva edir. Ədib faytonçunun həyatını, onun psixoloji sarsıntısını incə ştrixlərlə təbii axarda təsvir etmişdir.
Muzeyşünas alim Nuridə xanım Bağırovanın təbirincə desək: "O adamlar xoşbəxtdirlər ki, onlar ölümündən sonra da yaşayırlar. Tarix belələrinin ünvanını itirmir, zaman onları qoruyaraq nəsillərdən-nəsillərə əmanət verir".
Gənc və istedadlı yazıçı Həmid Piriyevin hekayəsində repressiya qurbanı, yazıçı-pedaqoq İbrahimbəy Mehdibəy oğlu Musabəyovun adının xatırlanması, ədibin 143 illik (1880-2023) yubileyinə sanki əvəzolunmaz hədiyyədir.
Alim, tarixşünas, ədəbiyyatşünas, şair A.A.Bakıxanovun qeyd etdiyi kimi: "Tarix elə bir müəllimdir ki, bəşər nəslinin bütün nümayəndələri onun məktəbində keçirilən dərslərdən faydalanır... Tarixin təsvir etdiyi keçmiş hadisələr gələcək üçün yol göstəricisidir".
Bununla da "məqsədiniz ali, niyyətiniz saf, əməliniz saleh olsun".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!