Elnarə AKİMOVA
Kamal Talıbzadənin həyatı müştərək zaman və "mən"in qütbündə qərar tutub: iki əsrin müasirinə çevrilib, iki ziddiyyətli epoxanın iştirakçısı olub və ən əsası, eyni taleyi yaşamış atası Abdulla Şaiqin adını adında yaşamaqla iki ömrün nuruna sığınıb, onun məsuliyyət və səviyyə yükünü əzm və ləyaqətlə daşıyıb. Eyni sözləri alimin böyük tədqiqatlarla zəngin yaradıcılıq yoluna da şamil etmək olar: Abbas Səhhət haqqında ilk mötəbər fikri ötən əsrin əvvəllərində Hüseyn Minasazovdan oxuyuruq, fəqət ilk konseptual, monoqrafik tədqiqat kontekstində qiyməti Kamal Talıbzadə verib. Tənqidin milli ədəbiyyata gətirilməsinin, onun klassik nümunələrinin "baniye-karı" Mirzə Fətəli Axundov olub. Eyni "baniye-kar" rolunu Kamal Talıbzadə onun sistemli tarixini yaradanda həyata keçirib.
Lakin yalnız "baniye-kar" olaraq gördüyü xidmətlərin miqyas və vüsəti deyil, hər bir əsərində spesifik çalar kəsb edən mühüm məziyyətlər onlardan bəhs etməyə yetərincə əsas verir.
Kamal Talıbzadənin elmə ilk töhfəsi onun namizədlik dissertasiyası kimi yazdığı "Abbas Səhhət" monoqrafiyasıdır. Bu monoqrafiyanı "Romantizmin Abbas Səhhət yaddaşı"nın bərpası naminə atılan ilk addım hesab etmək olar. Tədqiqat əsərinin fundamentallığı, pozitiv xarakteri və özəlliyi də məhz bu cür yanaşma metodunun dominantlığı ilə şərtlənir. Abbas Səhhətin həyat və yaradıcılıq yolunu, onun məram-məslək çalışmalarını kompleks şəkildə tədqiqata cəlb edən müəllif bir gerçəkliyi qətiyyətlə və birmənalı şəkildə bəyan edə bilmişdir: "...şairin yaradıcılıq metodu hər şeydən əvvəl romantizmin ideya-bədii xüsusiyyətləri ilə səsləşir". Bu o zaman idi ki, romantizm haqqında baş alıb gedən mübahisələrdə "həqiqət" daha çox yad ideologiyaya işləyir, şəxsiyyətlər və onların təmsil olunduqları cərəyan və üslublar deformasiyaya məruz qalaraq xalis, təbii naturasından məhrum formada təqdim olunurdu. Kamal Talıbzadənin monoqrafiyası isə artıq ortodoks marksist təlimlərinin davamı olmayıb, nisbətən sərbəst sənət hadisəsi kimi təzahür etmişdir. Ümumiyyətlə, Abbas Səhhət Kamal Talıbzadənin bütün yaradıcılığında iştirak edir. "Qorki və Azərbaycan" monoqrafiyasında Qorki - Abbas Səhhət ədəbi təsir qarşılığı baxımından, "XX əsr Azərbaycan tənqidi" monoqrafiyasında isə "yeni şeir" konsepsiyasının ideoloqlarından biri kimi. Lakin bu "iş birliyi" yalnız mətnlərlə məhdudlaşan müştərəklik olaraq qalmır, başlıcası, ruhi, mənəvi tələbin, yaxınlığın əlaməti, eyni yaşam məramının sintezi, dialektik vəhdəti kimi özünü göstərir. Bu xüsusda Yaşar Qarayevin söylədiyi fikir daha ibrətli səslənir: "Mütəxəssis tədqiq etdiyi böyük sənətkarın şəxsiyyəti, mənəviyyatı və əxlaq dərsləri ilə yoluxub zənginləşməli, daxilən də, mənən də onunla müştərək ovqata, amala qaynayıb qarışmalıdır. Əks halda elm ilə poeziya, çağdaş alim ilə klassik irs arasında həqiqi təmas, əsl ünsiyyət baş verməz. İlahi impulsların dövriyyəsi, ruhlarla beyinlər arasında məhrəmlik, aşinalıq yox, adi mexaniki kontakt baş verər, vəssalam". Mübaliğəyə varmadan demək olar ki, Kamal Talıbzadənin uzun illik yaradıcılıq fəaliyyəti onun tədqiqatçısı olduğu Abbas Səhhət irsindən yalnız sxematik, səthi-liberal tərzdə bəhrələndiyini deyil, ən əsası yaradıcı şəxs olaraq mühüm xüsusiyyətləri əxz elədiyini sübut edir. Eləcə də, dissertasiyanın ilk fəslinə Abbas Səhhətə məxsus "Məsləkim tərcümeyi-halımdır" fikrinin seçilib sərlövhəyə çıxarılması, şairə göstərilən marağın kökündə onun həyat idealına olan tədqiqatçı rəğbət və ehtiramını duymağa imkan verir. Bu fikir eyni zamanda Kamal Talıbzadənin öz ömrünün bəyanatı kimi simvolik çalar kəsb edir. Alimin sonrakı fəaliyyəti də bu fikri, məramı təsdiqləməyə yönəlmiş "praktiki kurs" səciyyəsi daşıyır. "Sənətkarın şəxsiyyəti" kitabı ilə şəxsiyyəti meyara çevrilir, "Ədəbi irs və varislər" kitabı ilə irsə arxa, dayaq durmağın nümunəsini verir. Bu nümunə yalnız doğma sənətkarlarımızın yaradıcılığından bəhs ediləndə yox, həmçinin digər ölkə ədiblərinə münasibət izhar ediləndə belə milli əhval-ruhiyyəsini itirmir. "Qorki və Azərbaycan" monoqrafiyası fikirlərimizə əyani sübutdur. Bütün ümumsovet məkanının Qorki nüfuzu önündə təzim etdiyi bir zamanda yazılan bu monoqrafiya müəllifinə hissə qapılıb yad təsirdə əriməyə imkan vermir. Qorki təsirinin izlərini milli ədəbiyyat özəlliklərini qoruyaraq axtarmağa çalışan tədqiqatçının əsərində hər yazıçının orijinal, spesifik səciyyəsi öz dəyərini saxlayır, zahirən bir-birinə çulğaşmış halda görünən yaradıcı şəxslərin dəsti-xətti bütün tərkibi və parametrləri ilə görünə bilər.
Feyzulla Qasımzadə və Kamal Talıbzadə, 1969
Əlbəttə, Kamal Talıbzadənin elmi irsi də dövrün yeritdiyi siyasətin təsirindən, sosializm doktrinasının diktə etdiyi varlıq və etiketlərdən xali deyil. Onun tədqiqat əsərlərində vulqar ideoloji konsepsiyaların güdazına getmiş tarixi gerçəkliklər də var, bir çox şəxsiyyətlərin mövqe və xidmətlərinin təhrif və əyinti faktları da... Lakin diferensial yanaşdıqda bu əsərlərin ölçü və çəkisi o dövrün tələb və istəklərindən, şablon və ehkamlarından, marksizm-leninizm nəzəriyyələrindən ağır gəlir. Bəlkə elə buna görə, ötən əsrin 90-cı illərində, yeni mərhələyə qədəm qoyanda Kamal Talıbzadənin həyat ritmi pozulmadı, zamanın iki fərqli mərhələsi onun yaradıcılığında bir-biri ilə ziddiyyətə girmədi. Hər halda, bunun baş verməməsi üçün bircə səmimi etiraf kifayət oldu: "Bir çox ədiblərin şəxsiyyətini biz həm az öyrənmiş, az təbliğ etmiş, həm də bir çox hallarda obyektiv yanaşmamış, birtərəfli münasibət bəsləyərək bir çox həqiqətləri deyə bilməmişik. Bu gün biz keçmiş irsə yeni aspektdə yanaşmalı, həmin ədiblərin mövqeyini düzgün müəyyənləşdirməyə çalışmalıyıq". Bu fikirlər Kamal Talıbzadənin yeni əsr və nəsil qarşısında vicdan hesabatı kimi səsləndi və sonralar yazdığı bir neçə məqalə ilə ədib buraxılan səhvlərə təshih və düzəlişlər verdi. Təbii ki, bu, zamanın Kamal Talıbzadəyə bəxş etdiyi imtiyaz və imkanlar idi. Fəqət, heç bu imtiyaz və imkanlar olmasaydı belə (necə ki, bir çoxlarına qismət olmadı), Kamal Talıbzadə irsi ədəbiyyatın yaddaşında yaşayacaqdı. Heç olmasa, Abdulla Şaiq ocağının, Abbas Səhhət irsinin layiqli varisi olduğuna, "Azərbaycan ədəbi tənqidinin tarixi" kimi monumental tədqiqat əsərini yazdığına görə...
Kamal Talıbzadə, Mirzağa Quluzadə, Məmməd Arif, Mir Cəlal, Həmid Araslı, Məmmədhüseyn Təhmasib
"XX əsr Azərbaycan tənqidi", yaxud on səkkiz il sonra nəşr olunan "Azərbaycan ədəbi tənqidi tarixi" kitabı elmə nə verdi? Bu kitabın meydana gəlməsi ilk öncə böyük bir sahədəki boşluğu aradan qaldırdı, Azərbaycanda estetik-nəzəri firkin yoxluğu, təməlsizliyi haqqında şüurlara yeridilən əsassız, cəfəng formulaları rədd etdi, tamamilə yeni bir məktəbin - Tənqid məktəbinin əsasını qoydu. Sonralar bu məktəbdə ərsəyə gələn tənqidçi simaları çağdaş ədəbi prosesə vəsiqəni məhz Kamal Talıbzadənin yazdığı monoqrafiyanın içindən keçərək aldılar. Çünki tənqidi fikrin inkişafı qanunauyğunluqlarını öyrənmək müasir təmayülü və istiqamətləri dərk etməyə şərait yaradırdı. "Bu elə bir iş idi ki, sonradan onu davam etdirmək mümkün olacaqdır" - əsəri yazandan sonra Kamal Talıbzadə bu fikri söyləmişdi və elə məhz bu sonralığın xatirinə ilk nəşrdən son nəşrə gedilən zaman intervalında geriyə boylanmağa, daha dərin qatlara enməyə, nəzəri-estetik fikrin təkamül və inkişaf mərhələlərini qatbaqat çözməyə çalışmışdır. Kökdən, ibtidadan agah olandan sonra isə onun üzərində qurulan hörgünün sirlərini duymaq, mahiyyətini anlamaq çətin olmur. Odur ki, "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyası Kamal Talıbzadənin özünü də yalnız ədəbiyyat tarixçisi stixiyası ilə məhdudlaşdırmadı, onun həm də bir tənqidçi kimi formalaşmasına stimul verdi. Hərçənd bu barədə söz düşəndə Kamal Talıbzadə "mən tənqidçi yox, tənqid tarixçisiyəm" - deyə etirazını bildirirdi. Maraqlıdır ki, Kamal Talıbzadədən bəhs edən bütün ədəbiyyatşünas alimlər də birmənalı şəkildə onun peşəkar, ciddi ədəbiyyat tarixçisi olduğunu önə çəkir, gələcək bütün uğurlarının qazanılmasında bu məqamı xüsusi vurğulayırlar. Lakin həm müxtəlif kitablarına səpələnmiş məqalələrin elmi-nəzəri sanbalı, həm də ümumən ədəbi fakta, ədəbi prosesə yanaşmada tənqidçi təfəkkürünün spesifikası bizi ixtiyarlı edir ki, ədəbiyyatşünas alim Şamil Salmanovun bu kontekstdə söylədiyi mülahizəyə haqq qazandıraq: "O, öz naturası etibarilə müasir ədəbiyyatla bağlıdır, müasir ədəbiyyatla, müasir ədəbi təfəkkürlə nəfəs alır, onunla yaşayır, buna görə də o uzunömürlük ədəbi fəaliyyəti dövrlərində heç vaxt ədəbiyyatın köklü, aparıcı hadisələri və meylləri yanından sükutla keçməmişdir ki, bu bizə ondan həm də bir tənqidçi kimi danışmağa kifayət qədər əsas verir".
Kamal Talıbzadənin sırf ədəbi proseslə ilgili məqalələrinin əsas predmeti yazıldığı dövrün ədəbi-bədii materialları olsa da, ümumilikdə onlarda ədəbiyyatımızın koordinal problemlərinin inikasını görə bilirik. Hətta çağdaş tənqidimizin kəsir və çatışmayan cəhətləri, zəiflik və inertlik hallarından bəhs edilərkən belə adı çəkilən və sadalanan səbəblərin o dövr üçün də xarakterik olduğunu görürük: cəsarətsizlik, prinsipial tənqidçi mövqeyinin zəifliyi, tənqidçi-yazıçı münasibətlərində hökm sürən disharmoniya, ədəbi prosesə azalan tənqidi marağı və s. və i.a. Kamal Talıbzadə kifayət qədər ciddi, narahat problemləri vaxtında duya bilmiş, onların diaqnozunu dəqiq müəyyənləşdirməyi bacarmışdır.
Sovet dövrü poeziyasının, xüsusilə 70-80-ci illərinin iqlimini, ondakı müxtəlif təmayülləri ehtiva etmək baxımından Kamal Talıbzadənin məqalələri mühüm əhəmiyyət kəsb edir. Bu məqalələr əsasən yeni mərhələdə fəaliyyətə başlayan yazarların yaradıcılığına ayna tutmaq, gənc nəslin sənətkarlıq məziyyətləri haqda müəyyən təsəvvür yaratmaqla yanaşı, bütövlükdə dövrün poeziyasını qüvvətli və kəsir cəhətləri ilə birlikdə görükdürməyə müvəffəq olur. 60-80-ci illərin əvvəllərinin poeziyasını duymağa, onda ehtiva olunan yaradıcı xarakterləri, fəal və intensiv axtarışlar əzmini, eksperiment səciyyəsi daşıyan mətnlərin yeniliklərini dərk etməyə şərait yaradır. O, poeziyada qəlibləşmiş, trafaret minor motivlər, şikayət, ah-nalə ovqatlı misralar əleyhinə çıxaraq şairləri bəşəri duyğular təlqin edən fikirlər üstə köklənməyə səsləyirdi.
***
Bütün bunlar Kamal Talıbzadənin həyat və sənət dünyasında büllurlaşan və təsdiqini tapan düşüncə dünyasından müəyyən etüd və ştrixlər idi ki, o, bunları əyaniləşdirməyə bir ömür sərf etmişdir. Zamanınsa müəyyən etdiyi və bir çox dəyərli sənətkarların şəxsində, simasında əyaniləşdirdiyi bir həqiqət var: o yaradıcılıq yaşayan və yadlaşmayan irsə dönür ki, özündə mənsub olduğu xalqın ruhunu və potensiallıq dərəcəsini, ədəbiyyatın estetik və ideya-məfkurə məzmununu ehtiva edə bilir. Kamal Talıbzadənin varislik haqqına tapınaraq yazdığı əsərlər bu gün layiqli irs timsalında estafeti yeni nəslə ötürür. Bu irsin sabaha boylanan üzü, gələcəyə yönələn istiqaməti onun zamanla yol yoldaşı olacağına, əsrlərlə yanaşı, müştərək və müvazi gedişinə təminat verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!