İdeallarımızın gerçəkləşdiyi ərəfədə Kamal Talıbzadənin 100 illiyi - Azər TURAN

Azər TURAN

 

Kamal Talıbzadə ilə bağlı bu yazını nə üçünsə, Bakıda deyil, atamın şəxsi kitabxanasında, onun yazı masasında qələmə almaq üçün rayona gəlmişəm. Çünki bu evdə Kamal Talıbzadəni xatırladan çox işarətlər, sənədlər var: Məktublar, şəkillər, avtoqraflı kitablar...

Əvvəlcə albomları vərəqləyirəm. Şəkillərdən birində professor Yaşar Qarayev, Türkiyədən Əli Heydər Bayat, İmamverdi Əbilov, akademik Kamal Talıbzadə, şərqşünas İmamverdi Həmidov yanaşı dayanıblar. Yan tərəfdə Əli bəy Hüseynzadənin portreti görünür. Şəkil 1998-ci ildə Salyanda Hüseynzadə ilə bağlı tədbirdən sonra çəkilib. Həmin tədbirə Türkiyədən Əli bəyin qızı rəhmətlik Saida Santur da gəlmişdi. Albomun növbəti səhifəsində Kamal Talıbzadə və İmamverdi Əbilov təbəssüm dolu baxışlarıyla fotoqrafa tərəf yönəliblər, Saida Santur isə çantası ilə məşğuldur.

Bu isə Kamal Talıbzadənin atamın məktubuna yazdığı cavab məktubudur. 1993-cü ilin 10 iyununda, yəni bu şəkillərdən beş il əvvəl yazıb:

"Əzizim İmamverdi, salam! Məktubunu aldım, əsrimizin əvvəllərindəki ziyalılarımızın məktublarındakı vətəndaşlığı, səmimiyyəti, ədəbi irsə, böyük şəxsiyyətlərimizə bəslənən sonsuz məhəbbəti, sabaha olan inamı xatırladım. Nə yaxşı ki, vətənimizin ayrı-ayrı guşələrində də sənin kimi işə can yandıran, keçmişimizə böyük məhəbbətlə yaşayan, müasir düşünən, dünəni bugünə, bugünü sabaha calaşdıra bilən ziyalılarımız vardır. Nigarançılığın yerindədir. Çox mürəkkəb, anlaşılması, açılması çox mürəkkəb bir vaxtda yaşayırıq. Dərdimiz ağırdır, torpaqlarımızın dığaların tapdağı altında olmasına dözmək olmur. Bircə, hələlik, ən böyük təsəllimiz müstəqilliyimizdir. Onun da həm xarici, həm daxili düşmənləri çoxdur. Milli Məclisin bugünlərdəki müzakirələri buna yaxşı sübutdur. Ancaq, Allah kərimdir. Xalqımız çox belə çətinliklər görübdür. Yəqin ki, Tanrının köməkliyi ilə bu bəlalardan da xilas olacayıq.

İmamverdi, çox sağ ol ki, atamın və mənim ruhən, mənən, fikrən bağlı olduğumuz, pərəstiş etdiyimiz bir şəxsiyyətlə bu cür müntəzəm məşğul olursan. Əli bəy Hüseynzadə əsrimizin dühalarından biridir, əvəzsiz bir şəxsiyyətdir. Yaşar (Y.Qarayev - A.T.) mənə xəbər verəndə ki, Salyana gedəcəyik, Əli bəyə həsr olunmuş məclis var, xeyli şad oldum. Əli bəy barədə ürəyim doludur. Dərhal çıxışımın mövzusunu müəyyənləşdirməyə başladım. Ancaq hər şey Allahın iradəsindən asılıdır.

Məni bu ali məclisə dəvət etdiyin üçün çox sağ ol, qismət olsa, görüşərik.

Bakıdakı vəziyyətdən isə, yəqin ki, halısan, qeyri-sabitlik bizə çox pis təsir bağışlayır, görək bu məclis davaları, vəzifə üstündə davalar bizi hara aparacaq?!

Hələlik bu qədər, mənim əzizim..."

Deməli, Əli bəy Hüseynzadəni yad etmək üçün beş il əvvəl də Salyanda görüşüblər. O səfərin məzmunu Yaşar Qarayevin atama yazdığı bir məktubunda belə tarixləşib: "Hörmətli İmamverdi müəllim, salam! Unudulmaz Neftçala görüşünün xatirəsi qəlbimdə hələ də təzə tər qalır. Həmin günlərin duyğularını yenidən, təkrar yaşaya bilmək imkanı və fürsəti var. Biz Azərbaycanın böyük mütəfəkkir sənətkarı və ictimai xadimi Əli bəy Hüseynzadənin xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsini Salyanda keçirmək istəyirik. Həmişə olduğu kimi təşkilati iş də sizin üzərinizə düşəcək. Əməkdaşımız Rasim Kamaloğlu "Əli bəy Hüseynzadənin ədəbi-bədii irsi" mövzusunda məruzə etməyə hazırlaşır. "Əli bəy Hüseynzadə və onun Azərbaycanın ədəbi-ictimai fikir tarixində mövqeyi" mövzusunda ikinci məruzəni öz boynunuza götürsəniz çox məmnun olardıq. Şübhə etmirəm ki, bütün Neftçala-Salyan ziyalılarının fəal iştirakını təmin etməyi öz öhdənizə götürəcəksiniz. Az qala bir əsrlik fasilədən sonra Salyanda (bütünlüklə respublikada) bu ilk mötəbər Əli bəy tədbirində ədibin üzə çıxardığınız qohum-əqrabasının iştirak etməsi, onun doğuracağı marağı daha da artırardı. Öz növbəmizdə biz Bakı ziyalılarının nüfuzlu bir dəstəsi ilə Kür sahilinə qonaq gəlməyə çalışacağıq. Anar, Bəxtiyar Vahabzadə, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Qasım Qasımzadə, Şirməmməd Hüseynov, Şamil Salmanov artıq Salyan görüşlərində iştirak etmək arzularını bildirmişlər. Türkiyədən gələn qonaqların iştirakı da nəzərdə tutulur. Görüşün fevralın birinci yarısında keçirilməsi məqsədə uyğun olardı. Hər halda daha dəqiq tarixi ev sahibi müəyyən edəcəkdir. Neftçaladakı, Salyandakı bütün dostlara, ailə üzvlərinizə səmimi salamlarımı bildirin. Tezliklə görüşmək ümidi ilə Sizin Yaşar Qarayev. 30 dekabr 1991".

Yaşar Qarayevin tezliklə görüşmək ümidi 1992-ci ildə deyil, 1993-cü ildə gerçəkləşir. Əvvəl Salyanın mərkəzi meydanında Əli bəy Hüseynzadənin heykəli açılır, sonra elmi-nəzəri konfrans keçirilir. Yaşar Qarayevin siyahısındakı qonaqların tərkibi də genişlənir. Akademik Ziya Bünyadov, bəstəkar Arif Məlikov, mədəniyyət naziri Polad Bülbüloğlu da tədbirlərdə iştirak edir.

Kamal Talıbzadənin başqa bir məktubu. Məktub daha əvvəl, 1991-ci ilin 25 fevralında yazılıb: "Əziz İmamverdi, salam... Salyan, Neftçala görüşlərimiz tez-tez yadıma düşür. Səni tez-tez xatırlayıram. Fəaliyyətini, yazılarını izləyirəm, hər dəfə adına rast gələndə sevinirəm. Sən mənim yaddaşımda ciddi bir adam kimi iz buraxmısan".

Xatırlatdığım bu məktubda Kamal Talıbzadənin fərdi narahatlıqları da əks olunub: "Ən böyük narahatlığım Qarabağla bağlıdır. Gecə-gündüz bu barədə düşünürəm... əməlli-başlı dərdə düşmüşəm. Allah axırını xeyir eləsin!"..

Kamal Talıbzadə 1991-ci ildə ötən günləri, əvvəlki Neftçala, Salyan görüşlərini də xatırladıb...

Kamal Talıbzadə, İmamverdei Əbilov və Saida Santur

Məktubların cazibəsindən ayrıla bilmirəm. Hiss olunur ki, bu böyük alim Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi İmamverdi Əbilovun elmi fəaliyyətinə hər zaman qayğı və diqqətlə yanaşıb. Onu bəzi məktublarında hətta "köhnə və sədaqətli dost" adlandırır. Məktublar isə çoxdur. Hamısını bir yazıda əhatə etmək təbii ki, mümkün deyil. Amma bir məktub diqqətimi xüsusən cəlb edir. 1971-ci il mayın 18-də yazılıb: "Əziz və hörmətli İmamverdi müəllim! Salam!.. Bu məktubu son beş ildə yazılmış 3000-dən artıq məqalənin, 90-a yaxın elmi, nəzəri kitabın içərisində eşələndiyim bir zamanda yazıram. Ətrafım məqalələrlə doludur, onların içərisində sizin də adınıza tez-tez rast gəlirəm. Hazırda mən Yazıçılar qurultayındakı məruzəmi hazırlayıram. Tənqid və ədəbiyyatşünaslıq haqqında məruzəni mənə tapşırıblar. Vaxt az, bildiyiniz kimi, iş, oxumalı əsər çoxdur. İnstitutun işləri də bir yandan... İclaslar, vəzifələr göz açmağa imkan vermir, onların əlindən qurtarsaydıq, səmərəli işləmək mümkün olardı. İmamverdi müəllim, sizin imzanıza rast gələndə mən həmişə maraqlanır və oxuyuram. Mən ilk dəfə eşidəndə ki, siz Bakıdan kənarda yaşayırsınız, doğrusu heyrət etmişdim. Bunu mən ona görə deyirəm ki, sizin əsərləriniz ədəbi mühitdə fəal iştirak edən, ədəbi prosesə qaynayıb-qarışan bir mütəxəssis ədəbiyyatçının əsərlərini xatırladır. Neftçalada olub ədəbi həyatla bu qədər yaxın əlaqə saxlamaq, əlbəttə, xüsusi həvəs, ehtiras, vətəndaşlıq duyğusu tələb edir. Mən sizə eyni ruhda fəaliyyətinizi davam etdirməyinizi məsləhət görürəm. Çox güman ki, qurultayda iştirak edəcəksiniz. Onda məruzədə sizin fəaliyyətinizə aid qiymətlə də tanış ola bilərsiniz.

İmamverdi müəllim, məni sizin perspektiv mövzunuz maraqlandırır. Yavaş-yavaş, doktorluq əsəri üzərində işə başlamaq lazımdır. Sizdə bu işin öhdəsindən gələcək keyfiyyətlər vardır...

Hələlik bu qədər. Sizə müvəffəqiyyətlər arzulayıram. Görüşəndə daha ətraflı danışarıq. Kamal Talıbzadə. 18 may 1971"

Bu məktubdan 4 ay əvvəl onlar Yazıçılar İttifaqının Salyanda keçirilən səyyar plenumunda görüşmüşdülər. Plenumu Mirzə İbrahimov açmış, Kamal Talıbzadə məruzə etmiş, məruzə ətrafında isə Əli Vəliyev, Rəsul Rza, Xalidə Hasilova, Arif Səfiyev, Sabir Azəri, Sokrat Musayevlə yanaşı İmamverdi Əbilov da çıxış etmişdir. İndi bu sətirləri yazarkən, o dövrdə Salyanda çıxan "Qələbə" qəzetinin 4 fevral 1971-ci il tarixli sayına baxıram. Plenum barədə reportajda hamısının fotosu və çıxışlarından parçalar verilib. Çıxış edənlər arasında Muğanın ağsaqqalı  Qüdrət Səmədov da var. Kamal Talıbzadənin şəkli isə tribunada deyil, ayrıcadır. Mirzə İbrahimovla ikisi maşından yenicə düşüblər, görünür, salyanlılar onları gül-çiçəklə qarşılayıb. Əllərində gül dəstələri var...

Yaşar Qarayev, Əliheydər Bayat, İmamverdi Əbilov, Kamal Talıbzadə və İmamverdi Həmidov. Salyan, 1998
 
 

Plenumdakı görüşlərindən 4 il əvvəl, yəni 1967-ci ildə nəşr olunmuş "Tənqidimiz haqqında qeydlər" kitabında Kamal Talıbzadə yazırdı: "Tənqid sahəsinə istedadlı, nəzəri cəhətdən hazırlıqlı gənclər gəlmişdir ki, onlarsız bu günkü tənqidi təsəvvür etmək çətindir. Yaşar Qarayevin, Gülrux Əlibəyovanın, Şamil Salmanovun, Arif Səfiyevin, İmamverdi Əbilovun son məqalələri bu fikri təsdiq etmək üçün kifayətdir... Ədəbi hadisələri nəzəri məsələlərlə əlaqələndirməyə meyl onların müsbət keyfiyyətlərindəndir".

Burada, yəni atamın indi sükuta qərq olmuş evində, şəxsi kitabxanasının avtoqraflı kitablar üçün ayırdığı bölməsində Kamal Talıbzadənin demək olar ki, bütün kitabları yanaşı düzülüb. "Ədəbi irs və varislər" kitabı da onlardan biridir. Ürək sözlərini yaşıl qələmlə yazıb: "Əziz, hörmətli İmamverdi müəllim. Ədəbiyyatşünaslığa və tənqidçiliyə yorulmaz marağınız, alim ehtirası və səyiniz ədəbi aləmə gözəl töhfələr verir. Bu yolda yeni uğurlar arzulayıram. Kamal Talıbzadə. 2 aprel 1976".

Bir də atamın arxivində Kamal Talıbzadənin imzaladığı çoxlu şəkillər var. Məsələn, uzun illər əvvəl Yaşar Qarayevlə çəkdirdiyi bir şəklin arxasına bu sözləri yazıb: "Əzizim İmamverdi, Yaşarla fəxr etmək olar. Talıbzadə". Yaxud ürəyindən keçənləri öz fotoşəklinin arxasında bu sözlərlə ifadə edib: "Sözün əsl mənasında ziyalı kimi tanıdığım, fəallığı ilə heyrət doğuran, səmimiyyəti, qayğıkeşliyi ilə seçilən köhnə dostum İmamverdi üçün Talıbzadədən".

İmamverdi Əbilovun arxivində Kamal Talıbzadənin ona bağışladığı Abdulla Şaiq ünvanlı bir yadigar da var. Şaiqin 1932-ci ildə baş verən bir hadisə ilə bağlı qələmə aldığı bir səhifəlik əlyazma yəqin ki, xatirələrindən bir parçadır. 

 

***

Kamal Talıbzadəninin mənim də tərcümeyi-halımda izi qalıb. O, mənim ilk elmi rəhbərim olmuşdur. "Hüseyn Cavid dramaturgiyasının tarixi qaynaqları" mövzusunda yazmağı mənə o, tövsiyə etmişdir. Xatırlayıram, hərbi xidmətdən qayıdandan sonra Ədəbiyyat İnstitutuna - Kamal Talıbzadənin yanına getmişdim. Mənə Cavid mövzusunu işləməyi məsləhət gördü. Həmin gün Kamal müəllim Əli bəy Hüseynzadə barədə də danışdı: "Sovet hökuməti Əli bəy miqyasında bir nəhəngi çuvalda gizlədə bilməyəcək" - dedi. İnanın ki, elə belə də dedi. Əhməd Ağaoğludan, Əlimərdan bəy Topçubaşovdan da danışdı. Bütün ömrüm demək olar ki, 1986-cı ilin 20 mayında baş vermiş o söhbətin cazibəsində keçdi. Caviddən və Əli bəy Hüseynzadədən heç ayrılmadım. Kamal Talıbzadə bu mənada, öz sirayətedici təlqinləriylə elmdəki mürşidlərimizdən biriydi. Azərbaycan filoloji elmini hələ sovetlər dönəmində Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun başına toplamağı, üfüqləri nişan verməyi bacaran mürşidlərimizdən biri.

 

***

Əslində, Kamal Talıbzadə Azərbaycan estetik fikir tarixində Əli bəy Hüseynzadənin yerini, onun yeni sənət konsepsiyasını hələ 1966-cı ildə yazdığı "XX əsr Azərbaycan tənqidi" əsərində müəyyənləşdirmişdir: "Sənət sənət üçündür" nəzəriyyəsinin Azərbaycanda fəlsəfi, ədəbi proqramını hazırlayan, onu yeni tarixi şəraitin tələbləri əsasında istiqamətləndirən Əli bəy Hüseynzadə idi". "Füyuzat" jurnalında təqdim olunan sənət estetikalarının elmi təsnifatını aparmaqla Kamal Talıbzadə 1966-cı ildə yazdığı və Əhməd Cəfəroğlunun təbirincə, ədəbiyyatımızın "fikri cəbhəsini tanıdan" "fövqəladə çəkici və öyrədici" "XX əsr Azərbaycan tənqidi" kitabı ilə müstəqillik dövrü Azərbaycan ədəbi tənqidinin də elmi-nəzəri bünövrəsini qoyurdu. Doğrudur, səksəninci illərin sonunda artıq belə məsələləri aktuallandırmaq, yazmaq cəsarət tələb etmirdi. SSRİ hələ varkən, yəni 1989-cu ildə Kamal Talıbzadə də bu barədə yazmşdı. Amma 1966-cı ildə yazdığı kimi, yenə də hamıdan fərqli yazmışdı. Tutaq ki, Talıbzadənin "XX əsrin əvvəllərində Azərbaycanda ədəbi hərəkat (1895-1917)" məqaləsi müstəqilliyinin 30-cu ilini yaşayan Azərbaycanda ən çağdaş ədəbiyatşünaslıq üçün, ədəbiyyat nəzəriyyəsini öyrənmək, ədəbi tənqid tarixinin araşdırılmasında ədəbi-estetik istiqamətləri müəyyənləşdirmək baxımından ideya qaynağı mislindədir. Talıbzadə həmin məqaləsində "yeni əsrin əvvəllərində Azərbaycanda romantik tənqidin ideya-estetik əsaslarını yaradan, "sənət sənət üçündür" nəzəriyyəsinin fəlsəfi, ədəbi proqramını hazırlayan, onu yeni tarixi şəraitin tələblərinə doğru istiqamətləndirən" Əli bəy Hüseynzadəni "idealist-romantik tənqidin ilhamçısı və başçısı" adlandırırdı. Əfsus ki, müstəqilliyimizin hətta otuzuncu ilində belə Talıbzadənin kifayət qədər aydın və konseptual olan bu mülahizələrinə, etiraz edə bilməsələr də, susmaqla qarşılıq verənlər hələ də yox deyil.

 

***

Kamal Talıbzadə 1960-cı illərin ikinci yarısından etibarən, Azərbaycan tənqidçilərinin patriarxı missiyasını yerinə yetirib, onlara zəif və boz ədəbiyyatla uğraşmamağı tövsiyə edib. "Ən yaxşı əsərləri seçib, fərqləndirib, onları yüksək nəzəri səviyyədə təhlil edin. Tənqidin diqqətini bu əsərlər ətrafında cəmləşdirin, ədəbi-ictimai fikri bu əsərlərə doğru yönəldin" deyib. Talıbzadə bunu tənqidin itirilmiş nüfuzunu bərpa etmək üçün dilə gətirir, ədəbi tənqidi təfəkkürdə "yüksək ideya-bədii tələb meyarı yaratmaq yolu"nu ədəbiyyatşünasların üzünə açır, yeni ədəbi-estetik istiqaməti müəyyənləşdirirdi. Bildirirdi ki, "ictimai zövqü belə yüksək estetik meyar ilə tərbiyə etmək yolu ilə də zəif əsərlərə atəş açmaq, onları sıxışdırmaq, belə əsərlərin zövqlərə təsirini zəiflətmək və intişarının qarşısını almaq olar". 80-ci illərdə belə düşünən Talıbzadə, altmışıncı illərin ortalarında yüksək ədəbi tənqid əyarının yaranmasında bilavasitə iştirak edirdi.

Yeri gəlmişkən xatırladıram, İmamverdi Əbilovun "Ədəbiyyat və incəsənət" qəzetinin 1 may 1965-ci tarixli sayında "Şerimizdə konkretlik və sadəlik" adlı məqaləsi dərc olunmuşdu. Müəllif sadəlik və konkretlik kontekstində Əli Kərimin "Daş", Qabilin "Məhəbbət deyil" və sair nümunələri örnək göstərir, buna rəğmən, indi boz ədəbiyyat adlandırdığımız şeirlərin üzərindən sükutla keçsə də bildirirdi ki, "Forma və məzmunun tələbindən artıq söz işlədilməsi bədii əsərin məziyyətini azaldır, dəyərini aşağı salır, daxili hərarətini soyudur... Zahiri effekt, fəlsəfəçilik azarı və gurultulu ibarələrdə həyat və insanın nəfəsi duyulmaz. Belə şeirlər həyat müşahidəsindən doğmadığı üçün heç bir aydın təsəvvür və lirik təəssürat təlqin etmir. Sadəlik bəsitliklə, səthiliklə, konkretlik isə ifrat xəsisliklə, əlaqəsiz misralarla əvəz edildikdə bədii əsər üçün zəruri keyfiyyət olan emosional xüsusiyyətlər itir..." Elə həmin il qəzetdə Kamal Talıbzadə bu yazıya münasibət bildirmişdi. Yazırdı ki, "bir sıra maraqlı məqalələrin müəllifi İmamverdi Əbilovun "Şeirimizdə sadəlik və konkretlik" məqaləsi lazımlı bir məsələyə həsr olunmuşdur. Oxucu sərlövhəni oxuyan kimi gözləyir ki, tənqidçi şeirimizdə kök salmış uzunçuluğu, mətləbi uzadan, yorucu şeirlər yazan şairləri də tənqidə tutacaq". Amma tənqidçi bunu etmir. Kamal Talıbzadə isə o zaman gənc olan tənqidçiyə tövsiyə edirdi, yaxşı olar ki, o, "konkret, yığcam yazmağı bacaran şairlərlə yanaşı, uzun yazan, mətləbi uzadan şairlərdən də" nümunələr gətirsin. Amma maraqlıdır ki, 20 ildən sonra özü də belə bir qənaətə gəlmişdi ki, zəif şeirləri görməzdən gəlməklə də onları sıxışdırmaq, belə əsərlərin zövqlərə təsirini zəiflətmək və intişarının qarşısını almaq olar.

Kamal Talıbzadə tənqid tarixini yaratmaqla, yaxud ayrı-ayrı yazılarında ədəbi tənqidin istiqamətini, hədəflərini müəyyənləşdirməklə kifayətlənmir, eyni zamanda, ədəbi tənqidin təəssübünü çəkirdi. Eyni zamanda, tənqid ədəbi-estetik sərhədləri zədələyəndə və ədəbi-estetik hüdudları aşanda, meyar pozulanda, elmi düşüncənin əvəzinə tənqidçinin özünə vurğunluğu ön plana keçəndə, başqa sözlə, tənqidçi öz münsif obrazını uyduranda Talıbzadə poeziyanın təəssübkeşi kimi çıxış edir, yeni yaranan poetik örnəkləri "ədəbi-tənqidi" hədyanlardan qoruyur və belə hərəkət edən tənqidçiləri kəskin tənqid edirdi. Və bütün bunları özünün inandığı nəzəri-estetik sistemin əsasında gerçəkləşdirirdi. Uzun illər Azərbaycan Yazıçılar İttifaqında tənqid seksiyasına da rəhbərlik edən Kamal Talıbzadənin tənqidə prinsipial münasibəti elə yuxarıda xatırlatdığım keyfiyyətlərinə görə indi də öz kəsərini, aktuallığını və təravətini qoruyub saxlayır. O, ədəbi fakta ayrı-ayrı tənqidçilərin fərdi meyarları ilə deyil, ümumi bir estetik meyarın işığında nəzər salınmasını tövsiyə edir, ədəbi əsərə müxtəlif meyarlarla yanaşmanın ədəbiyyatşünaslıqda ziyanlı yol olduğunu düşünürdü. Kamal Talıbzadəyə görə, bunun üçün tənqidçinin yüksək nəzəri səviyyəyə malik olması əsas şərt idi. Kamal Talıbzadəyə görə, tənqid, əsər haqqında oxucu rəyi deyil ki, təəssüratdan ibarət olsun və s. Hələ 60-cı illərdə Talıbzadə düşünürdü ki, tənqid "elmi şəkildə müasir ədəbiyyatın qanunauyğunluqlarını kəşf" etməli və bunun ədəbiyyata tətbiqinə nail olmalıdır.

Talıbzadə oxucu rəyinin ədəbi tənqid nümunəsi kimi təqdim olunmasından incinirdi. Buna rəğmən, tutaq ki, Məmməd Arifin o zaman gənc yazıçı olan Anarla bağlı yazdığı "Ağ limanlar və qırmızı gəmilər" resenziyasına "ustad dərsi" kimi yanaşır və az qala, onu bütün filoloji-estetik aspektlərdə fərəh hissilə təhlil edirdi.

 

***

Əvvəldə xatırlatmışdim. Atama yazdığı məktubların birində "Ən böyük narahatlığım Qarabağla bağlıdır. Gecə-gündüz bu barədə düşünürəm... əməlli-başlı dərdə düşmüşəm. Allah axırını xeyir eləsin!" - demişdi. Allah axırını 30 ildən sonra xeyir elədi.

Kamal Talıbzadənin yüz illiyi müasir Azərbaycanın siyasi həyatında mühüm bir mərhələyə təsadüf edir. Bu, yeni tariximizin Zəngəzur mərhələsidir. Kamal Talıbzadənin də, "iztirablar içində çarpınır indi Turan" deyə Arazdan Turana mənəvi yollar çəkən atası Abdulla Şaiqin də, Türküstanda şəhid olmuş əmisi Axund Yusif Talıbzadənin də ideallarının gerçəkləşdiyi bir ərəfədəyik. Axund Yusifin adı Zəngəzurun erməni işğalından azad olunması uğrunda mücadilə vermiş tarixi şəxsiyyətlərimizin ön sıralarında gəlir. General Yusif Talıbzadə Ənvər Paşanın dostu idi. Zəngəzurun erməni işğalında qalmasına laqeyd münasibət bəsləyən Azərbaycan bolşeviklərinə etiraz edən Yusif Ziya Naxçıvanın hərbi komissarı postundan istefa verib, Türküstanda Ənvər Paşanın fövqəladə komissarı olmağı bu vəzifəsinə tərcih etmişdi.

İndi bu sətirləri yazdığım kitabxanada qırmızı cildli bir kitab da var. Zəki Vəlidi Toğanın "Hatıralarım" əsəridir. Kitabın "Azerbaycanlı Panislamist Ahund Yusuf" adlı bölməsindən Zəki Vəlidi Toğanın Axund Yisif barədə fikirlərini oxuyuram. Onu "Azərbaycanlı din alimi və mütəfəkkir" adlandırır. "Ona Enver Paşanın imzasını və mühürünü taşıyan bir menşurla, Semerkant, Buhara, Hive və Kazakistan taraflarda isyan hareketlerini tanzim eylemek işleri verilmişti" yazır. Zəki Vəlidi bildirir ki, Axund Yusif Talıbzadə Türküstanda Ənvər Paşanın fövqəladə komissarı kimi tanınırdı. Hətta bu kitabdan öyrənirəm ki, Axund Yusif Ənvər Paşanın göstərişi ilə basmaçıların rəsmi keçidini qəbul edirdi. General Yusif Ziya Ənvər paşanın Bəlcivanda şəhid olmasından bir neçə gün sonra Amudərya çayının sahilində şəhid edilmişdi.

Sonralar Axund Yusif Talıbzadənin ilk tədqiqatçısı, yaxud Yusif Ziya barədə yazanların tədqiqat istiqamətini müəyyənləşdirən də elə Kamal Talıbzadənin özü oldu.

 

***

Səhər açılır. Bir azdan Bakıya qayıtmalıyam...

Görəsən, Kamal Talıbzadəni bu yazıyla qaibanə yad edə bildimmi?

Kamal Talıbzadəyə sevgilərlə...

 

7 avqust 2023


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!