Əlbəttə, məşhur ədəbiyyatşünas alim Kamal Talıbzadəni hələ orta məktəbdə oxuduğum illərdən tanıyırdım. Məşhur şairimiz, şeirlərini sevə-sevə oxuduğumuz, bir çoxunu da əzbər bildiyimiz Abdulla Şaiqin oğlu olduğunu da bilirdim. Ancaq bizim əyani tanışlığımız 1977-ci ilin payızında baş tutdu və otuz ilə yaxın bir dövr ərzində davam etdi.
Bəli, məhz həmin ilin payızında mən Kəlbəcərdəki iki illik təyinatlı müəllim borcumu başa çatdırıb Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına sənəd verdim. Mərhum direktor Mirzağa Quluzadənin sədrliyi ilə sanballı bir imtahan komissiyasının qarşısında əyani aspiranturaya ayrılmış bir yer uğrunda 17 iddiaçı "ölüm-qalım" savaşına girmişdi. Şübhəsiz ki, bizi əsas sual "atəşinə" tutanlardan biri də o zaman Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olan akademik Kamal Talıbzadə idi və mən mərhəmətlə tərtib edilmiş, o qədər də çətin olmayan suallara cavab verərək dərindən nəfəs aldıqdan sonra komissiya üzvlərindən kimsə beyqafıl tək səbir gətirdi və məhz Kamal müəllim həmişə gülüş olan çöhrəsinə bir az da şirin təbəssüm əlavə eləyib: "Tək səbir sənə düşürmü?" - deyə çoxmənalı tərzdə soruşdu. Mən də bic-bic cavab verdim ki, sınamamışam, Kamal müəllim, indi sınayaram..."
O sınaq, bu sınaq... Həmişə bir işimin üstündə tək səbir gələndə və həmin işim hansısa mistik bir qüvvənin sayəsində düzələndə Kamal müəllimin o unudulmaz gülümsər çöhrəsini yada salıb cansağlığı diləyirdim, 17 ildir də ki, rəhmət oxuyuram.
Desəm ki, Kamal müəllim öz bəstə boyu ilə özü boyda bir topa nur idi, bir munqur da yalan deməmiş olaram. Liftin sağındakı öz kiçik kabinetindən çıxıb gələndə sanki İnstitutun adətən yarımqaranlıq olan dəhlizi işıqlanırdı. Bəli, o, sözün həqiqi mənasında ziyalı bir nəslin maarif ocağından qor götürmüş və bunu bütün ömrü boyu öz çiyinlərində şərəflə daşımış klassik bir ziyalı tipi idi.
***
Əsas tədqiqat sahəsi XIX-XX yüzillərin Azərbaycan tənqidi olsa da, ədəbiyyat və ədəbiyyatşünaslıq aləmində elə bir məsələ yox idi ki, ondan soruşasan və bülbül kimi cavab verməyə.
Akademik Kamal Talıbzadənin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın Dövlət Mükafatına layiq görülmüş "Azərbaycan tənqidinin tarixi" monoqrafiyasında bir klassik ədəbiyyat tədqiqatçısı kimi məni ən çox heyran edən cəhət əsərin 35-40 səhifəlik giriş hissəsidir ki, bu məqaləni də həmin hissənin təhlilinə həsr etmək istəyirəm.
"Şeiri tənqid etmək - onu yazmaqdan daha çətindir!" - deyirdi məşhur ədəbiyyatşünas və tənqidçi alimimiz Xətib Təbrizi. Kamal Talıbzadə də tənqid tariximizin qısa xülasəsini verərkən folklordan sonra Xətib Təbrizidən başlayır. Bu da təsadüfi deyil: Kamal Talıbzadə klassik ədəbiyyatşünasların o nəslinə mənsubdur ki, onlar orta əsrlərin İntibah dahiləri kimi bütün elmlərdən hali olur, bir neçə dil bilir, bir neçə musiqi alətində ifa etməyi bacarırdılar.
Kamal Talıbzadə də bu qiymətli monoqrafiyasında ərəb demir, fars demir, özbək demir, rus demir, hər meydanda özünü suda balıq kimi hiss edir, hətta dar sahə mütəxəssislərinin belə fərqinə varmadığı bəzi gizli incəlikləri tutur və qiymətləndirir. Axı elə "tənqid" sözünün özü də "yıxıb-sürümək" mənasını deyil, "nəqdini qiymətləndirmək" mənasını ifadə edir.
Böyük ədəbiyyatşünas, nəzəriyyəçi alim, AMEA-nın müxbir üzvü Yaşar Qarayev monoqrafiyanın 1984-cü ildə işıq üzü görən nəşrinə ön sözündə Kamal müəllimin elmi yaradıcılığını belə qiymətləndirirdi: "O (akademik Kamal Talıbzadə - T.K.), bizim milli ədəbi tənqidimizin bütöv bir mərhələsinin ilk elmi tarixinin yaradıcısıdır, Azərbaycanda XX əsrin bədii fikrini öyrənən ixtisaslı, mötəbər tədqiqatların müəllifidir. Otuz ildir ki, onun ən yaxşı əsərləri bədii və ədəbi-filoloji irsimizin humanizm, demokratizm və beynəlmiləlçilik ənənələrini tədqiq edir, ədəbiyyatşünaslığımızın keçmişi ilə indiki arasında irsiliyin fasiləsizliyi məqsədinə əməli xidmət göstərir. Öz şəxsində ədəbiyyat tarixçisini və tənqidçini, tekstoloqu və nəzəriyyəçini birləşdirən alimin çoxcəhətli və zəngin fəaliyyətində ədəbiyyatşünaslığımızın metod və metodologiyası problemlərinə maraq xüsusilə ardıcıl və davamlı səciyyə daşıyır".
Alimin öz böyük müasirinin önəmli yaradıcılığına ümumiləşmiş və lakonik surətdə verdiyi qiymətin detallarını görmək üçün monoqrafiyaya qısa bir nəzər salmaq kifayətdir.
Məlumdur ki, ilk böyük ədəbiyyatşünas alimimiz kimi tanıdığımız Xətib Təbrizi haqqında istər ölkəmizdə, istərsə də xaricdə kifayət qədər yazılıb, onun ölməz elmi əsərləri müxtəlif rakurslardan işıqlandırılıb. Ancaq Kamal Talıbzadənin monoqrafiyasında biz bu böyük alimin əsərlərinə yanaşmanın tamamilə yeni bir rakursu ilə rastlaşırıq ki, bu da, şübhəsiz, onun bir tədqiqatçı kimi öz araşdırma obyektinə orijinal, aydın məqsədli yanaşma tərzindən irəli gəlir.
Əyanilik üçün əsərin özünə üz tutaq. Orta əsrlərdə Azərbaycan ədəbi-estetik fikrinin əsasən üç istiqamətdə inkişaf etdiyini müəyyənləşdirən nəzəriyyəçi alim akademik Kamal Talıbzadə XI əsrdə Xətib Təbrizinin təmsil etdiyi istiqamət barədə yazır:
"Azərbaycan estetik və tənqidi fikrinin ilk janrı XI əsrdə bədii əsərlərin məzmununu açan şərhlər şəklində meydana çıxmışdır. Şərh bir janr kimi "tənqid-biblioqrafiyaya" yaxın olmuş və yazıçı ilə oxucu arasında anlaşma yaratmaq məqsədini izləmişdir... Təsadüfi deyil ki, XI əsrin azərbaycanlı şərhçisi Xətib Təbrizi təhlil etdiyi ərəb şairi Əbu Təmmam ilə oxucu arasındakı belə bir mükaliməni nümunə gətirməli olmuşdu: "Oxucular Əbu Təmmamdan soruşurlar: Nə üçün başa düşülən şeirlər yazmırsan? Şair cavabında deyir: Bəs siz nə üçün yazılanı başa düşmürsünüz?"
Üçüncü istiqamətin təmsilçiləri, yəni bədii əsər müəlliflərinin tənqidi-estetik fikirlərini təhlil edərkən Kamal Talıbzadə təbii ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini ən yüksək yerə layiq görərək onun bu sahədəki fikirlərini yüksək qiymətləndirir. Bu yerdə məqamı çatmışkən bir cəhəti də qeyd etməyi vacib bilirəm:
1969-cu ildə Azərbaycan xalqının xoşbəxt şansından Respublikada hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev xalqımızın zəngin tarixi keçmişinə, ədəbi-mədəni elmi dəyərlərə yüksək qiymət verərək və ölkənin gələcəyində bu dəyərlərin rolunu müstəsna dərəcədə önəmli sayaraq ilk növbədə onların gənc nəslə daha yaxından tanıdılmasına və beynəlxalq səviyyədə təbliğinə misilsiz önəm verirdi. Elə buna görə də dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvi irsinin öyrənilməsi, tərcüməsi və təbliği işini daha da gücləndirmək haqqında öz tarixi Sərəncamını verdikdən sonra Nizami irsinə maraq görünməmiş bir vüsət aldı.
Məhz buna görə başqa tədqiqatçılarla yanaşı, Kamal Talıbzadənin də Azərbaycan tənqidi-estetik fikrinin bulağı başında duranların ön cərgəsində Nizami Gəncəvi yaradıcılığına üz tutması çox təbii və məntiqi sayılmalıdır.
Həqiqətən də, Nizami Gəncəvi orta əsrlər Renessans hərəkatının ilk dahilərindən biri kimi təkcə şair deyil, həm də dövrünün bütün elmlərinə vaqif olan böyük mütəfəkkiri, o zamanın ədəbi-tənqidi fikrinin formalaşmasında müstəsna dərəcədə böyük işlər görmüş nəzəriyyəçi ədəbiyyatşünasıdır. Onun poetik sözün insan qəlbinə təsir gücünə verdiyi böyük önəm təbii ki, akademik Kamal Talıbzadənin də diqqətini cəlb etmiş və bu barədə öz orijinal təhlillərini irəli sürmüşdür.
Doğrudan da, bədii əsərin oxucunun zövqünü oxşaması və ona tərbiyəvi yöndə təsir edərək kamilliyə doğru aparması üçün nə lazımdır? Kamal Talıbzadə bu suala sərrast cavab verərək ilk növbədə parlaq istedadın, Tanrı vergisinin olmasını önə çəkir. Belə olmasa, əsər kimsəyə təsir etməz, onu nə qədər üfürüb tərifləsələr də bu təriflərin ömrü yaz yağışından uzun olmaz və saxta dəyərlə həqiqi dəyər arasındakı nəinki fərq, hətta uçurum ilk baxışdan nəzərə çarpar. Digər tərəfdən, ən böyük məhək daşı elə əlahəzrət Zamanın özünün sınağıdır və saxta dəyərlərə yalançı təriflər bu sınaqdan keçib gələcəyə daxil ola bilmirlər. Nizami poetik məktəbinin ən böyük ardıcıllarından biri olan dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuli demişkən:
Müddəi eylər mənə təqlid nəzmü nəsrdə,
Leyk namərbut əlfazı, mükəddər zatı var.
Pəhləvanlar badpalər səgridərkən hər yana,
Tifl həm cövlan edər, əmma ağacdan atı var!
Buna görədir ki, ağac ata minmiş "tifillər" Nizami, Füzuli kimi yel qanadlı söz atlarına süvar olmuş azmanların qabağında duruş gətirə bilmir, tezliklə meydandan çıxmalı olurlar, daha doğrusu, söz meydanının özü onları sıxışdırıb çıxarır.
Bədii sözün daim aktual olmasını, onun əbədiyaşarlığını təmin edən başlıca özəlliklərdən biri də doğruluqdur. Nizaminin bu barədəki görüşlərinə yüksək önəm verən akademik Kamal Talıbzadə yazır: "...Nizami həyatla, torpaqla, real insanla bağlı idi. Təbiət elmlərini dərindən bilir, dünyanın dərk olunmasında elmin rolunu qiymətləndirirdi. Bu dünyagörüş və bir çox başqa keyfiyyətlər onun estetikasının əsas məsələlərindən birinin - ədəbiyyatın gerçəkliyə münasibəti məsələsinin həllində mühüm istiqamətverici rol oynamışdı. Həmin problemin şərhi Nizaminin yaradıcılıq metodlarına münasibətini aydınlaşdırmaq üçün də zəmin yaradır. Çox tez-tez sənət və gerçəklik məsələsinə müraciət edən şairin ümumi qənaəti belədir: şair həyatı, gördüyü hadisələri, tarixi əks etdirməlidir; təsvir olunan həyat təhrif olunmamalıdır; söz canlı və doğru deyilməlidir".
Doğrudan da, Nizami, Füzuli kimi səndən-məndən ağıllı olan müdrik sənətkarlar öz yaradıcılıqlarında o dövrdə dəbdə olan mistikaya, təsəvvüfə nə qədər yer versələr də, bu, zahiri qabıqdan savayı önəmli bir rol oynaya bilməzdi və bu cür dahilərin yaradıcılığı bizim dövrdə məhz həmin qabıqdan təmizlənmiş halda təqdim edilməlidir ki, öz müasirliyini həmişə qoruyub saxlaya bilsin. Həm də normal psixikaya malik olan, gözünə cin-şəyatin görünməyən sağlam təfəkkürlü bir sənətkar, heç şübhəsiz ki, ətrafındakı canlı insanları, cərəyan edən hadisələri bir kənara qoyub özündən, xəstə təxəyyülündən ağıla sığmayan obraz və hadisələr uydursun.
Nizami poetik məktəbinin ardıcıllarından olan XIV yüzil Azərbaycan şairi Arif Ərdəbilinin "Fərhadnamə" poemasında öz ustadı Nizami ilə ədəbi-tənqidi polemikasına da diqqət ayıran Kamal Talıbzadə, təbii ki, bu polemikada Nizaminin tərəfini tutur, Arifin bir insan kimi həyat obrazının "həkim" və "şeyx" kimi cəmiyyətdə, elitar mühitdə yüksək mövqe qazanmış və bu günə qədər də həmin mövqeyini qoruyub saxlayan Nizami ilə müqayisə oluna bilməyəcəyi və əslində, Arifin öz ustadına bəzi məqamlarda etirazının da bu həyat tərzindən irəli gəldiyini düzgün olaraq təsdiq edir.
Azərbaycanda ədəbi-estetik-tənqidi fikrin inkişafında orta yüzil təzkirələrinin tarixi roluna da yüksək dəyər verən akademik Kamal Talıbzadə, Yaxın və Orta Şərqə xas olan bu orijinal elmi-ədəbi janrın bəzən yanlış olaraq "antologiya", "toplu" adlandırılmasına qəti etirazını bildirərək, təzkirələrin elmi-ədəbi hərəkatda böyük önəm daşıdığı qənaətini irəli sürür ki, zənnimizcə, bu da gələcək təzkirəşünasların elmi fəaliyyətində bir çıxış nöqtəsi ola bilər.
100 yaşı tamam olan akademik Kamal Talıbzadənin qiymətli elmi fəaliyyəti bu gün də aktuallığını qoruyub saxlamaqla ədəbiyyatşünaslıq elmimizin inkişafında öz rolunu oynamağa davam edir. Çox sevdiyi və dərindən bələd olduğu dahi Nizaminin məşhur beytini bu görkəmli alimin özünə və yaradıcılığına aid etsək, deyə bilərik:
Yüz il sonra sorsan: bəs o hardadır?
Əsərləri deyər: burda, burdadır!
Sevgi və sayğılarımla...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!