esse
Mətanət VAHİD
Azərbaycan ədəbiyyatında ilk fentezi, dünya ədəbiyyatında ilk qansız döyüş romanının müəllifi Vahid Məmmədli bütün Şərqdə geniş yayılmış, müxtəlif sənət sahələri üzrə onlarca yeni əsərin qaynağı olmuş məşhur rəvayət əsasında roman yazmaqla daha bir ilkə imza atdı. Yaxın vaxtlarda çap olunan "Leyli və Məcnun" romanı qısa müddətdə ədəbi tənqidin və oxucunun diqqətini cəlb etməyi bacardı.
Bundan öncə "Atropatena dastanı" trilogiyasından bəhs edərkən də müəllifin aşkar iddiasının istər bir oxucu, istərsə də ədəbiyyatşünas kimi ürəyimcə olduğunu qeyd etmişdim. Özündən söz etdirmək açıq və ya gizli çağırış kimi Vahid Məmmədlinin bütün mətnlərində bu və ya digər dərəcədə saxlıdır. Yalnız rəvayətin motivləri əsasında deyil, klassik məsnəvilər ilə eyniadlı roman yazmaq ədəbi hadisə kimi sakit gölə daş atmaq çabası, Məcnunla Leylini ruhən olmazdan öncə cismən qovuşdurmaq cəsarəti isə müzakirə, bəlkə də mübahisə predmeti olmaqdan çəkinməməkdir.
"Leyli və Məcnun" romanında klassik mətnə son cizgiyə kimi yaxınlaşıb, bir-birinə toxunmadan uzaqlaşan məqamlar roman müəllifinin həm Nizami, Füzuli, Dəhləvi, Cami... kimi klassiklərlə bir sırada özündən söz etdirmək, həm də "onlardan fərqli olaraq" şərhinə talibliyidir. Nəticə etibarilə, Vahid Məmmədli elə bir roman ərsəyə gətirib ki, fərqli cəhətləri ilə bağlı arqumentlərlə yeniliyindən də söz açmaq olar, məsələyə opponentlik edib yalnız klassik müstəvidən dəyərləndirmək də.
"Leyli və Məcnun" romanı hər cür interpretasiya və şərhlərə açıq mətndir. Burada əsərin ana xəttini təşkil edən təsəvvüf rəmzlərindən geniş danışmaq mümkündür. Filologiya elmləri doktoru Elnarə Akimova əhatəli məqaləsində vurğunu mətnin məhz bu yönünə edərək "Leyli və Məcnun"dan əsasən təsəvvüf romanı olaraq bəhs edir: "Son zamanlar bizdə artıq davamlı şəkildə oxucunu dini kontekstlərdə düşündürmək, real və mistik dünya antitezaları mifologiya ilə yanaşı, bədii təfəkkürün də qayəsini təşkil etməkdədir. "Leyli və Məcnun" əsəri də təsəvvüf simvolikası ilə zəngin əsərdir... Yazıçı ilahi-fəlsəfi düşüncədə daha ali mənəvi-elmi mərtəbə sayılan irfanın bütün rəmz və mistik hallarından yararlanır. İnsan-Tanrı bağlılığını həm yer və səma səltənəti, həm də canlı və cansız aləmin əlaqə və münasibətlərinin sehirli zənginliyi müstəvisində inikas etdirməyə çalışır. Sufi, irfani kodların bütün təzahürlərinə köklənir, daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi bu "irfan düymələrindən" istifadə edir..." Eyni müvəffəqiyyətlə romanın tarixi-coğrafi arealına fokuslanmaq, vizual aspektləri ilə diqqət çəkən mətni intermediallıq kontekstindən dəyərləndirmək, yaxud fəlsəfi-psixoloji istiqamətdən də təhlilə cəlb etmək mümkündür.
Arxetiplərin dekonstruksiyası tendensiyası ilə yaranan "Leyli və Məcnun" romanı süjet etibarilə dəyişmələrə məruz qalsa da, əsas ideya total dekonstruksiyaya uğramır. Bununla belə, romanda elə həlledici dekonstruktiv plan var ki, romanı sadə interpretasiya olmaqdan çıxarır. Ağla gələn ilk sual isə yəqin, budur: niyə məhz "Leyli və Məcnun"? Roman arxetipik süjetdən nə ilə fərlənir? Əlbəttə, buradakı ənənəvi süjet, sadəcə, karkas rolunu oynayır. Leyli ilə Məcnunun əhvalatı nə Nizami və Füzuli üçün yeni idi, nə də çağdaş yazarlarımız üçün yenidir. Fəxri Uğurlunun "Tanrı dağları" silsiləsindən olan "Leylinin Məcnunluğu" hekayəsi kimi, Vahid Məmmədlinin "Leyli və Məcnun" romanı da arxetipik süjetə sərbəst yanaşır, ideyanı ön plana çıxarır.
Roman müəllifinin Məcnunun beynimizdə oturuşmuş klassik obrazını dağıtmaq istəyi aydın görünür. Qeysin məcnunluğu sufilikdən daha çox emosional-psixoloji seçimdir. Məcnun vegetariandır, yeni eranın adamıdır, fərdi mistik təcrübəyə əsaslanan neosufidir - özünü dünya həzlərindən məhrum buraxmayan, eyni zamanda bu həzlər içində ruhunu qoruyan, altıncı hissi - üçüncü gözü açıq olan insandır.
Leyli ilə Məcnunun faciəsini eşqin ilahi məzmunu ilə cəmiyyətin diqtə etdiyi şərtlərin konflikti yaradır. Nizami, Füzuli poemalarında aşiqlər cəmiyyətin yazılmamış qanunlarına boyun əyməyə məcbur olurlarsa, Vahid Məmmədlinin Məcnunu bu düzəni pozur, öz eşqi yolunda hamını qarşısına almaqdan qorxmur. Roman alternativ variantı təqdim etməklə göstərir ki, sevənlərin qovuşmasına əsl maneə cəmiyyət deyildi. Əsərdə şahid oluruq ki, onu Leylini qaçırmasının necə qarşılanacağı, ümumiyyətlə, maraqlandırmır, bu mövzuda heç bir dilemma yaşamır, daxili təkanla sevdiyinə qovuşmaq uğruna cürətli addım atmaq onun təbiətindəki cəsarətdən, ilahi eşqə məzmun verən əminlikdən irəli gəlir.
Leyli və Məcnunun eşq tarixçəsinə klassik baxışdan fərqli olaraq Vahid Məmmədlinin romanı göstərir ki, cəmiyyətdən anlayış gözləməyə dəyməz, insanın tək etməli olduğu öz gerçəkləri uğrunda mübarizə aparmaq, ətrafdakı fikir və qənaətlərlə bağlı narahatlıq keçirmədən hədəfinə yetməkdir. Məcnun heç kimə heç nə izah etməyə çalışmır, daim hüzur və sükunət halında olsa da, qərar verib dərhal həyata keçirdiyi addımları vulkan gücündədir. Roman göstərir ki, yer üzündə hər şeyindən vaz keçib eşqinin dalınca gedə biləndən daha güclü kimsə yoxdur - ulduz kimi göy üzünə ucaldan məhz eşqin, onun uğuruna imtinanın gücüdür. İdealda bədii mətnin dünyası yaradıcı təxəyyül və təsəvvür hesabına bütün istiqamətlərdə genişlənən, dərinləşən reallıqdır. Roman şüurun rasional əsasını inkar etmir, hisslərin canlılığı ilə dəstəklənmədiyi təqdirdə mütləq məntiqin nə qədər qüsurlu olduğunu göstərir.
Romanda emosional-psixoloji plastda incə məqamlara işarə edilir: Zeydin sevdiyi qız (Ayişə) Qeysə gizli bir vurğunluq hiss edir, sevgilisinin çox şeydə ona bənzəməsini arzulayır. Bunu duyan Zeyd qısqanclıqdan elə qovrulur ki, öz hədəflərinə köklənmək əvəzinə, başqasının hədəflərinə can atmaq və xarakter və davranışını təqlid etməklə özündən dostunun oxşarını yaratmağa çalışır. Yəni bu məqamda Ayişənin sevdiyi özü kimi olan Zeyd deyil, gözəl sevməyi bacaran bir aşiqin kopyalamağa çalışdığı obrazıdır (aşiq arxetipi). Romanda Qeysin məcnunluğu, yəni fərqi mənəvi gücündədir - dünyanı, insanları, başqalarının fikirlərini hesaba almadan addım atmasında. Əsərdə bu səpkili süjetlər dünyada eşqin azlar üzərində bərqərar olduğunu, çoxluğun bu sütunların gücünə mövcudluğunu ifadə edir.
Roman başdan sona eşq anlayışını təlim edir, nəticəni, dərsi isə oxucu özü çıxarır: Eşq - çoxluqda yox olmağa imkan vermədən "mən"in fərqinə varmaq, sıyrılıb çıxaraq özünə yetməkdir. Eşq - hamının "sən"ə, "sən"in "mən"ə dönüşüdür. Eşq - "sən"siz nəfəs belə çəkməməkdir; ağıl, ürək, qəlb, ruh - hamısı bir ritm üzərində "sən" deyir, "sən"i oxuyur. Eşq - dünyanın bir addakı günəşi ətrafındakı dönüşüdür. Və bütün bunlara rəğmən sonadək izah edilməsi, aydınlaşması mümkünsüzdür. İzahı varsa, eşq deyil...
Bədii mətnə və ümumilikdə sənətə xas olan insan iradəsinə tabe tutulmayan, imkanlarını xeyli aşan mükəmməllik, ideala yaxınlıq "Leyli və Məcnun" romanında preroqativdir. Məsnəvilərdə olduğu kimi, bu roman da sənət, ideal, Tanrı və İnsan bütövlüyü\bərabərliyi haqqında düşüncələrə sövq edən əsərdir. "Leyli və Məcnun" ideyalar romanıdır. Əsərdə "vəhdəti-vücud" dünyagörüşünün bədii təcəssümü kimi, insanın Yaradanın zərrəsi, təbiətin bir parçası olduğu fikri aparıcı olduğundan üst qatdadır. Lakin dəfələrlə vurğulandığı kimi, reseptiv estetikada mətn oxucunun oxuduğu, gördüyü, çözdüyüdür - müəllifin yazdığı deyil. Bu çözümlər müəllifin fikrini ifadə edə bildiyi kimi, inkar da edə bilər. Nəticə etibarilə, məram birxətli, birölçülü oxu prosesindən uzaqlaşmaq, oxucunun ixtiyarına buraxılmış mətni müəllif niyyətinə əsasən deyil, qarşımıza çıxan şifrələri çözmək hesabına özümüzünküləşdirməkdir.
Odur ki, mən romanın bətnində gizli qalan, yaxud bilərək pərdələnmiş ideya üzərində dayanmaq istəyirəm: buradakı bədii məram təsəvvüfdəki eşq anlayışını aşan, Yaradanla qovuşma ideyasından fərqlənən tanrılıq iddiasıdır. Bu, müstəqillik dövrü Azərbaycan nəsri üçün fərqli bir təcrübədir. Gerçək həyat heç bir insanı bu ali həqiqətə inandırmaq gücünə malik deyil, bu ağır işə qatlanmaq yalnız sənət hüdudları üçün keçərlidir.
Çağdaş Azərbaycan ədəbiyyatında Vahid Məmmədli nəsrli-nəzmli bütün yaradıcılığı ilə ardıcıl və israrla qadını ideal başlanğıc kimi təqdim edən yeganə müəllifdir. Onun romanlarında bu ideya ədəbi konstant kimi mətndən-mətnə keçərək yaradıcılığının ana xəttinə çevrilir: kişinin bütün qələbələrinin, uğurlarının səbəbi qadındır - ona inamı, sevgisi, enerjisi, varlığı, dəstəyi ilə. İlk baxışdan repressiya haqqında əsər təsiri bağışlayan "Şəhrizad" romanı daha çox, qadın başlanğıcı ideyasını qabartdığı kimi, "Leyli və Məcnun"da da "qadın = kainat və həyat" ideyası mühüm əhəmiyyət kəsb edir.
Leyli - Vahid Məmmədlinin romandan-romana adlayan zərif və güclü qəhrəmanıdır. Leyli elə Şəhrizaddır, Asmaralladır, Asenadır, Mehricandır... Hər İbn Salamın xilası bir Leylinin sevgisindədir. Leyli qaranlığın aşağıya çəkdiyi təkəbbürlü ruhun xilas yoludur - ana kimi xeyirxah, günəş kimi nurlu, qurd kimi ürəkli, ulduz kimi zərif, ay kimi gözəl qadın. "Qadının sevgi və sədaqəti xilaskardır" fikri Vahid Məmmədlinin romanlarını bir xəritə üzrə birləşdirən konturlardır.
Romanda Qeysin bələkdəki bir neçə günlük körpə ikən Leylinin ətri ilə ovunması ruhun yaddaşla qovuşması - metempsixozdur. Bu, iki nəfər arasındakı kosmik bağdır. Leylinin ətri, əslində, Qeysin şüuraltı yaddaşında yer etmiş tanış qadın/cənnət ətridir. Onlar bir-birini seçmir, bir-biri üçün göndərilmiş olaraq yer üzündə qovuşurlar. Leyli ilə Məcnun əkiz alovdur, ruh yoldaşlarıdır. Onların birləşməsi planetlərin qovuşmasıdır.
Belə bir fikir var ki, qadın kişini onun haqqındakı fikirləri ilə, kişi isə qadını ona münasibətilə yaradır. Leylini ilahiləşdirən onun öz mahiyyəti ilə yanaşı, Qeysin ona münasibəti, məcnunluğudur. Leyli bir qadın kimi fiziki olmaqdan daha çox, onun düşüncəsinin, illüziyasının məhsuludur. Burada Məcnuna\kişiyə yaradıcı qabiliyyət bəxş edilir. Qadın isə bütün hallarda bu yaradıcı enerji üçün bəhanə, səbəb, ilham mənbəyidir. Leyli "yoxdur", o yalnız Məcnunun xəyal məhsulu olaraq mövcuddur. Lakin yaradıcı qabiliyyətdə mütləqlik hökm sürsə, həmişə daha yaxşıya canatım olmasa, bu yolçuluq yekunlaşsa, hər şey bitər. Yaradıcılıq kredosu məhz bu arayış, mükəmmələ canatımdır. Nəticə etibarilə, Leyli Məcnun üçün həm məqsəd, həm vasitədir.
Romanda Məcnunun çox da boy vermədən, ötəri sayrışıb gizlənən və yeganə daxili konflikti Leyliyə münasibətindəki duallıqdadır. Gerçək Leyli, yoxsa xəyal ürünü - bu seçim, öz seçimini sorğulama hissi roman boyu üç dəfə özünü göstərir: "Qumdan Leylini burda qoyub əsl Leylinin yanına getsinmi? Tərəddüd edirdi. Birdən çevrilib getdi. Yəqin Leyli bu gün məktəbə gələcəkdi. Qumdan olanı deyil, əsl Leylini görəcəkdi..."
Başqa bir epizodda: "Qeys ömür boyu aradığına qovuşmuşdu. İndi Leyli lap yaxınında, qarşısında dayanıb gülümsəyirdi. Gözləri xoşbəxtlikdən süzülən, quruyub torpağa çevrilən palçığa bürünmüş Leylini səhradakı qum heykələ oxşatsa da, bu o Leyli deyildi. Qeys həyatında bəlkə də bu qədər xəyal qırıqlığına uğramamışdı. Təpəciyin üstündəki qumdan Leyli daha cazibədar, daha möhtəşəm idi. İlahi, nə vaxtadək xəyallarımızdakından da yaxşısını vermək əvəzinə, bizi mütəəssir edəcəksən? Bu o Leyli deyil axı. Yoxsa üstünü torpaq örtüb?.. Mən bu qızı qaçırıb uzaqlara aparıram. Hər zaman da istərəm ki, yanımda olsun. Bir tək o qumluqdakı Leylini hər gün xatırlamaq üçün..." Bu epizodlar Məcnunun ən kəskin daxili konfliktini əks etdirir. O, qolları arasına aldığı Leylini məhz xəyalını gerçəkləşdirmək, yaşatmaq üçün qaçırdığını bircə özünə açıq-aydın etiraf edə bilir. Yaradıcı olaraq mükəmməliyə can atan Məcnun aşiq Qeysin hisslərinin böyüklüyünə güzəştə gedir.
Romanın epiloqunda 17 yaşlı gənclə qarşılaşma və aradakı kiçik dialoq təqdim edilir. Müəllifin xəyalından boy verən Qeys deyir: "Min il əvvəl Qeys kimi doğuldum, altmış beşdə yenidən sən olaraq doğulmuşam. Yaxşı düşün, beynini qurcala, min il əvvəl başımıza gələn hər şeyi yalnız sən xatırlayacaqsan. Bunu özün yaz. Bu, Leyli və Məcnun haqqında ən doğru hekayə olacaq. Çünki bu bizim öz hekayətimizdir." Son cümlə istinad yeridir, romanın sehirli qapısının açarı bu etirafdadır. Nə ilə bizimdir? Məkanın, dolayısı ilə hekayənin Ərəbistandan Azərbaycana gətirilməsi, yəni milliləşdirilməsi iləmi? Vahid Məmmədli yaradıcılığı üçün milliliyin qabardılması bütün əsərlərində prioritet olsa da, fikrimcə, bu romanı "bizim" edən əsas səbəb başqadır. "Leyli və Məcnun" romanında əsas ideya istiqamətlərindən biri yaradıcı insan üzərinə vurğu etməkdir: məcnunluq - yaradıcı insanın stixiyasıdır. Yaradılış aktı, varolma - yoxluq hesabına başa gəlir: "Qeys Leylini gördüyü ilk gündən hər axşam onun xəyalı ilə bir şeir yazırdı. Kağıza köçürməzdi. Sevgilisini görə bilmədiyindən şeirlərini Leyliyə çatacağı ümidiylə, göylərə söyləyərdi. Bu gecə sevgililər muradlarına yetmişdilər. Leyli heç nə düşünmədən sadəcə çox xoşbəxt idi. Qeys həyatdakı ən böyük arzusuna çatsa da, şair ürəyi yerindən qopmaq istəyir, amma bunu sevgilisinə bildirmirdi. Nə idi bu pəjmürdəliyin səbəbi? Qumluqda gördüyü Leylini ağlından çıxara bilmirdi. Başını sinəsinə qoyub mışıl-mışıl yatan Leyli o deyildi..."
Vahid Məmmədlinin romanı klassik ideyanı inkar etməsə də, onu, bir növ, ötüb keçir. Məcnunun Leyliyə canatımı öz içinə, stixiyasına, ÖZünə qayıdışdır. Leyli yer üzündə Məcnunun yetə biləcəyi maksimal gözəllikdir. O sanki ana bətnindən doğulmayıb, nurdan yaranıb. Qeys şüuraltı olaraq ən mükəmməl bildiyini seçib onu arayır, tapır və sahib olur. Bundan o yana nə qalır? Rutin, birlikdə şirin yuxuya dalıb, səhər birgə günəşi salamlamaq, quşların nəğməsini birgə dinləmək... - adi insan səadəti. Məcnunun ən xoşbəxt çağları Leylisi yanındaymış kimi onun xəyalı, surəti ilə danışdığı zamanlardır. O hətta Leyliyə cismən qovuşanda belə bunca xoşbəxt deyil. Onun üçün illüzorluq reallıqdan daha üstün, daha yaxşıdır. Burada ideya klassik ədəbiyyatdakı Leylinin simasında Allahla qovuşma ideyasından daha dərinə yönəlir. Bu, romanın şaquli xətt üzrə əksini tapan düşüncədir - məcnunluq tanrısallıq, tanrılıq iddiasıdır.
Zirvə fəth edilib, arzular çin olub. Onu rutinə çevirib yaşamaq məcnunluq zirvəsindən enməkdir. Səhranın, meşənin sülh və barış içindəki həyatı Məcnunun münasibətindən, baxışından, dünyaduyumdan yaranan illüzor aləmdir. O, qu quşu kimi sədaqətli Leylisindən (dünyəvi olandan, sahib olduğundan) "can qurtarmağın" yolunu bilmir, şüurlu şəkildə onu heç axtarmır da. Roman\taleyi bu həlli ona bəxş edir - ulduz olub səmaya çəkilmək onların rutinlikdən, adiləşməkdən xilas yoludur.
Romanda ÖZünəçatma, mənbəyi, ilkinliyi özündə tapma - getmək, imtina, zahidlik hesabına başa gəlir. Bu arxetipik davranış - Leyli ərə veriləndən sonra təkliyə çəkilmə Məcnuna sevdiyi qadının mahiyyətini daha dərindən anlatmış olur. Onlar biri o birindən nə üstündür, nə əskik - ikisi də ulduzdur, birlikdə göyə çəkiləcək qədər bu dünyadan deyillər. Romanda bir çox hallarda Leyli ilə Məcnunun fitrətində mövcud olan ezoterik təcrübənin izləri qarşımıza çıxır. Bu təcrübə insanın idrakı, mənəvi azadlığını dərketmə, kainat və yaradılışdakı gerçək yeri, mikrokosmos olaraq aktuallaşır. Romanın bədii reallığına görə, individuallıq dünyanın kosmik düzənində əriməlidir. Əgər Leyli göyə tək çəkilsəydi, Məcnun bədbəxt olacaq və yenə enerji yetməzliyi onu fiziki məhvə sürükləyəcəkdi. Onların birlikdə qeyb olması romanda yeganə həll yoludur.
Amma... Romanda açar epizodlardan olan palçıq vulkanında "çimdikləri" zaman Məcnun Leyli ilə səmaya çəkilməyi deyil, uşaqlar dünyaya gətirib kainatı sevgi dolu insanlara bəxş edəcəyini xəyal edirdi. Bununla Leyli və Məcnun süjeti romanda Adəm və Həvva arxetipik süjetinin invariantı kimi təqdim edilir. Kim bilir, bəlkə, romandakı bu əhvalat heç burada bitmir...
"Leyli və Məcnun" romanındakı lirik-psixoloji ricətlər (müəyyən qədər hətta publisistik çalara meyillənməklə) müəllifin bəzi məsələlərlə bağlı oturuşmuş qənaətlərini əks etdirir. Vahid Məmmədlinin üslubuna xas fərqli və mənə görə, maraqlı cəhətlərdən biri alternativ fikir əndişəsinə qapılmadan sərgilənən kateqoriklikdir. Əsərlərindən aydın görünür ki, o, oxucunu düşünərək deyil, özünün oxumaq istədiyi mətni yazır - yalnız özünün xəyali obrazına xitab edir. Bu üzdən də kateqoriklik onun romanları üçün normaya çevrilir.
Əslində, hər bir sənətkar Məcnunu öz proobrazı olaraq yaradıb. Füzulinin Məcnunu onun özü idi. XXI əsrdən baxan yazıçı da Məcnununu belə görür: müstəqil qərar verməkdən çəkinməyən, cəmiyyət qanunlarına tabe olmayan, onlara görə narahatlıq keçirməyən... Müəllif hadisələri müasirləşdirib əsrimizə uyğunlaşdırsaydı, bu zaman oxucu rahatlıqla Vahid Məmmədlinin "Leyli və Məcnun"un çağdaş variantını yazdığını deyə bilərdi. Romanda isə məqsəd çağdaşlığı qabartmaq deyil, Şərqin eşq rəmzi olan Leyli və Məcnun haqqında "ən doğru hekayə"ni yazmaqdır. Daha çox qeyri-səlis məntiqə əsaslanan bu roman belə bir rakursdur, təklifdir və elə bir iddialı təklifdir ki, istər qəbul et, istər etmə, nəticə etibarilə, suallar yaradır, düşünmək və müzakirə etmək üçün oxucuya geniş material verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!