Qarşımda bir neçə kitab var, poeziyadır - şeirlərdir. Onlardan birinin adı belədir: "Əllərini uzat mənə", elə bil suya batan, imdad istəyən bir nəfərdir, kiməsə yalvarır ki, "əllərini uzat mənə, bu dəryada boğuluram, batıram, ölürəm, əllərini mənə uzat, məni xilas elə!" Belə olmasaydı, kitabın müəllifi belə yazmazdı:
Mən Orxan Paşayam, çox yaxındayam,
Yanıram oduna, bax, yaxındayam.
Getdiyin yolların ayağındayam,
Gəldiyin yolların başında, hər gün!
Bu onun birinci kitabı deyil, heç sonuncu kitabı da deyil, son çap etdirdiyi uğurlu kitabdır (Bakı, "Uğur", 2021). İndiyə qədər xeyli poetik kitabları var. Əslində, o, alimdir, özü də elə-belə alim deyil, ustad alimlərin bulağından diz yerə qoyub içən ustad alimdir. Bir dəfə demişəm, yenə də yada salıram, "Məhərrəm Qasımlı Azərbaycan ədəbiyyatşünaslığında "Aşıq sənətinin nəzəriyyəsini yaradan" folklorşünas-alimdir!!", hələlik sonuncu kitabı da budur: "Ozan-aşıq sənəti və ədəbiyyatı". Bakı, 2023.)
Amma o, alim olmamışdan qabaq şair imiş... İçində bir paşa-şair, qucağında saz, ürəyində söz, bardaş qurub oturubmuş. Sonra ayağa qalxıb bir üzü aşıqlığa (aşıq poeziya nəzəriyyəçisi - Məhərrəm Qasımlı oldu), bir üzü şairliyə (Orxan Paşa oldu) doğru, bəlkə də, bu qoşa qanad birləşərək üzü aşiqliyə doğru inamla-ilhamla addımladı...
Həm Məhərrəm Qasımlı, həm Orxan Paşa ikisi bir canda, bir qəlbdə yaşayan bir adamdır - rəsmi bir adda - Məhərrəm Paşa oğlu Qasımlı adında pasportlaşıblar... Özünün yazdığına görə, "saz başına döndüyüm" - deyə-deyə bir ömürdə üç ömür yaşayıbdır: "İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə də gedir. Bu anlamda hər kəsin sevginin üç mərhələsindən keçməsi şərtdir.
Birinci mərhələ ana-bala sevgisidir. İlk böyük sevgi ana-bala arasında yaşanır. Ananın öz körpə balasına, balanın da anasına sevgisi əfsanəvi bir duyğudur, onun sirri İlahinin dərgahına bağlıdır.
İkinci mərhələ yeniyetməlik və ya gənclik illərini çevrələyir. Bu, oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirr bilinməyən tərəfləri çoxdur.
Birinci və ikinci mərhələdən sonra sevginin üçüncü - sonuncu mərhələsi gəlir. Bu, ilahi məhəbbətdir, uca Tanrıya - Yaradana olan sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən qazandığı ülvi duyğularını məhz uca Tanrıya - İlahiyə olan məhəbbətlə kamala çatdırır.
Mən indi üçüncü sevginin sehri və cazibəsi içindəyəm". Bu məntiqlə yanaşanda (elə onun bütün şəxsiyyəti və yaradıcılığı da bunu göstərir), Məhərrəm Qasımlı - Orxan Paşa sevgi və məhəbbətlə mayalanmış bir ömür yaşamaqdadır... Amma, nə qədər, ikisi bir canda, bir təndə olsalar da, Bakılılar demiş, Məhərrəm Qasımlı bir alay, Orxan Paşa bir alayıdır, qoşa qanadla pərvaz etsələr də, alayı-alayı ruhda olan şəxsiyyətlərdir... Onu cani-könüldən sevən, ruh şairi Barat Vüsal qələm dostunu "Sözün Məhərrəmi - Sazın Orxan Paşası" adlandırıbdır və düz də eləyibdir...
Əvvəl, "Sözün Məhərrəmini" - Məhərrəm Qasımlını qısa tanıtımda təqdim edək, sonra keçək Orxan Paşaya. Çünki bu gün bizim əsas adamımız, poeportret janrında ədəbi qəhrəmanımız - Orxan Paşa ləqəbli Məhərrəm Qasımlıdır...
"Azərbaycan Respublikasının əməkdar elm xadimi" (2015), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010), "Şöhrət" ordenli (2018), filologiya elmlər doktoru, professor, ədəbiyyatşünas, folklorşünas, Beynalxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi, "Milli Folklor" (Türkiyə) dərgisinin Azərbaycan təmsilçisi, Azərbaycan Aşıqlar Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, "Folklor və Etnoqrafiya" beynəlxalq jurnalının baş redaktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr" şöbəsinin müdiri Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə, avqustun 5-də ozanlı-aşıqlı, sazlı-sözlü, nağıllı-dastanlı Tovuz rayonunun Alakol kəndində tanınmış ziyalı ailəsində anadan olub, 1975-ci ildə Tovuz rayonu Alakol kənd orta məktəbini bitirib, mükəmməl orta və ali təhsil alıbdır.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, bir müddət sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olunub, burada "Şah İsmayıl Xətainin poeziyası" namizədlik və "Aşıq sənətinin qaynaqları, yaranışı və mühitləri" mövzularında doktorluq dissertasiyalarını müdafiə edibdir.
O, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Firudin Hüseynov, Tofiq Hacıyev, Fərhad Zeynalov, Şamil Qurbanov, Qulu Xəlilov, Təhsin Mütəllibov kimi şəxsiyyətlərdən dərs almış, onların hərəsindən bir kişilik əlaməti, mərdlik, elm, düşüncə tərzi, mütərəqqi - milli dünyagörüş, həyat tərzi əxz etmiş, öz şəxsiyyətində cəmləyərək sabitləşdirmişdir. Bu onun Universitetdəki tələbəlik illərinə xasdır.
Sonrakı dövrdə isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı aspirantura dövrü, namizədlik, doktorluq mövzularında dissertasiya müdafiələri, şöbə müdiri, direktor müavini kimi məsul vəzifələrdəki fəaliyyəti dövründə Azərbaycanın görkəmli alimlərindən Mirzə İbrahimov, Mirzağa Quluzadə, Kamal Talıbzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Qasım Qasımzadə, Kamran Məmmədov, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Qasım Qasımzadə, Teymur Əhmədov, Yaşar Qarayev, Qəzənfər Paşayev, Şamil Salmanov, İsa Həbibbəyli, Şirindil Alışanlı, Kamran Əliyev, Muxtar İmanov, Teymur Kərimli və s. bu kimi görkəmli alimlərlə, qələm dostları, həmyaşları ilə təmasları, ünsiyyəti Məhərrəm Qasımlı şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmiş, elmimizə, mədəniyyətimizə, müasir milli təfəkkürümüzə belə bir ziyalı bəxş etmişdir... Və bunu da qeyd edim ki, mənim gözümün qabağında, bu azman elm adamlarının sırasında yer tutmaq, elmdə, idarəetmədə məqam sahibi olmaq da, hər oğulun, hər alimin, hər ziyalının hünəri deyil...
Məhərrəm Qasımlı "Aşıq sənəti" (1996), "Şah İsmayıl Xətainin poeziyası" (2002), "Sənə sözüm var" (2004), "Ozan-aşık sanatı" (2010, Türkiyə), "Ozan-aşıq sənəti" (2011, 304 s.), "Şirvan aşıqlarının saz havaları" (2011), "Dərbənd folkloru" (2014), "Ozan sənəti" (Təbriz, 2015), "Folklor və ədəbiyyat araşdırmaları" (2017, 627 s.), "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (2018) təkin xeyli monumental monoqrafiyalar, "Ozan-aşıq keçidi" ("Qobustan" jurnalı, 1991, №3), "Manas" dastanının anlatılış özəllikləri" (Ankara, "Türk dünyası" dərgisi, 1995, №4), "Azərbaycan türklərində ad anlayışı" ( "Azərbaycan interneyşel"dər. Vaşinqton, 1999, №11), "Aşıq sənətində informatik yük və repertuar problemləri" ( Bakı, 2001, "Elmi əsərlər", №3-4), "Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq" ("Ədəbiyyat qəzeti"- 2015. - 5 sentyabr. - S.20-21.) qəbildən 500-dən çox elmi-nəzəri məqalələrin müəllifidir.
ABŞ, Rusiya, Türkiyə, Fransa, İran, Gürcüstan, İraq, Orta Asiya və bir çox başqa ölkələrdə tədqiqatları nəşr edilən, beynəlxalq elmi konfranslarda məruzə və çıxışları böyük maraqla dinlənilən tanınmış araşdırmaçının aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilati fəaliyyəti barədə 2006-cı ildə Türkiyənin Atatürk Universitetində dissertasiya işi müdafiə olunmuşdur. Çoxsaylı kitab, monoqrafiya və məqalələrin müəllifi olan professor Məhərrəm Qasımlının rəhbərliyi altında otuzdan çox fəlsəfə doktoru yetişmişdir.
Naxçıvan, Dərbənd, Gəncəbasar ərazilərindən, eləcə də Cənubi Azərbaycan, Qazaxıstan və Gürcüstanda yaşayan soydaşlarımızdan folklor materiallarının toplanması və antoloji nəşrlərinin hazırlanmasında da onun mühüm xidmətləri vardır. Təkcə 2018-ci ildə nəşr olunan üç cildlik "Azərbaycan aşıq ədəbiyyatı" antologiyası bunun əyani örnəyidir...
2008-2016-cı illərdə Azərbaycan Aşıqlar Birliyinin birinci katibi olan Məhərrəm Qasımlı 2016-cı ildən həmin təşkilatın sədri kimi səmərəli fəaliyyət göstərir. O, 2014-cü ildən nəşr edilən "Folklor və etnoqrafiya" Beynəlxalq elmi jurnalının təsisçisi və baş redaktoru, Türkiyədə çap olunan "Milli folklor" və "Atatürk" beynəlxalq elmi jurnallarının Azərbaycan təmsilçisi, UNESKO-nun qeyri-maddi-mədəni irs üzrə "Aşıq sənəti" layihəsinin elmi məsləhətçisi, "Ozan" elm və sənət toplusunun baş redaktorudur.
O, həm də bacarıqlı elm təşkilatçısıdır. 1992-2017-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olub, 2003-cü ildən "Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr" şöbəsinə rəhbərlik edir. 1992-2003-cü illər arasında Ədəbiyyat İnstitutunda Elmi Şuranın sədr müavini, 1993-cü ildən 2003-cü ilə qədər, daha sonra isə 2007-2016-cı illər arasında İnstitutun Elmi Seminarının rəhbəri olmuş, 1998-ci ildən indiyə kimi İnstitutun nəzdindəki Dissertasiya Şurasının üzvüdür.
Məhərrəm Qasımlı təxminən, 30 illik uzun bir müddətdə Azərbaycan Radiosu və Televiziyası ilə sıx əməkdaşlıq edib. Azərbaycan Radiosunda efirə gedən "Bulaq" verilişləri, Azərbaycan Televiziyasında aparıcısı və müəllifi olduğu "Bizim ellər yerindəmi", "Qala", "Musiqi xəzinəsi", "Saz-söz axşamı" və başqa verilişlər Məhərrəm Qasımlının sanballı, özünəməxsus, səriştəli teleradio yaradıcılığından, xalqla ardıcıl ekran-efir ünsiyyətindən xəbər verir... Bu qisimdən verilişlərin ömürdən və yaradıcılıqdan nələr apardığını, hansı zəhmət, axtarışlar hesabına ("Ədəbiyyatşünaslıq və zaman" verilişinin 12 illik aparıcı-müəllifi kimi) başa gəldiyini öz təcrübəmdən yaxşı bilirəm...
Bu ekran-efir yaradıcılığı, ünsiyyəti Məhərrəm Qasımlını Azərbaycanın hər evində, hər hücrəsində tanıdıb... Təkcə Quzey Azərbaycanında deyil, Bütöv Azərbaycanda - Cənubdan tutmuş Dəmir qapı Dərbənd, Gürcüstan tayında Borçalı ellərində, Avropada, Şərqdə, imanımız-gümanımız, səsimiz haralara çatırsa oraların hamısında professor, folklorşünas, tele-aparıcı, aşıq sənətinin kamil bilicisi Məhərrəm Qasımlını yeddidən yetmişə hamı tanıyır, rəğbətlə qarşılayır, sevir, yolunu gözləyirlər...
Orxan Paşa isə şairdir, onun "Sənə sözüm var" (2004) adlı ilk şeirlər kitabı ilə
"Yağmur qoxusu" (2015) arasında 11 illik bir zaman məsafəsi dayanır. Məhərrəm Qasımlı elə bu kitabından başlayaraq Orxan Paşa imzasını qəbul edir. Orxan Paşanın yeddi şeir kitabı işıq üzü görüb. Bunlardan Məhərrəm Qasımlı - Orxan Paşanın birgə imzası ilə çap olunan "Taleyimdən və ürəyimdən keçənlər" (2017), nəsrlə filosofanə yazılmış esselərdir, şairanə düşüncələrdir, sənət adamının estetik düşüncələridir... Məhərrəm Qasımlı və Orxan Paşanın yazdığı bədii-publisistik əsərləri, fəlsəfi düşüncələri toplanıb. Burada müəllifin fərdi poetik duyğuları, ədəbi-estetik dəyərləndirmələri, sətiraltı eyhamlar və s. yer alıb. Onu da deyim ki, Məhərrəm Qasımlının yaradıcılığında elmi təfəkkürlə bədii təfəkkür qəribə bir tərzdə inteqrasiya edir, ya bir-birinə keçid edir, ya da paralel hərəkət edir, yaxud da qovuşur, birgəlik yaradır...
"Taleyimdən və ürəyimdən keçənlər" kitabının əvvəlində müəllif bu yazıları toplamaq ehtiyacından "Bir neçə söz" başlığı altında yazır: "İllər boyu ürəyimdən və taleyimdən keçənlərin bir qismini xırda qeydlər, bəzən də gündəlik düşüncələr şəklində yazıya almışam. Burada həyati müşahidədən gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr, sətiraltı eyhamlar və daha nələr, nələr... yer alır. Açığı, qələmə aldığım mətnlərin janr səciyyəsini müəyyənləşdirməkdə, hansı janrın əlamətlərini daşıdığını söyləməkdə çətinlik çəkirəm. Dünya ədəbiyyatında çeşidli örnəkləri ola biləcək bu yazı manerasının ən çox bəyəndiyim təqdimatını Jül Renarın məşhur gündəliyində görmüşəm".
"Saz başına döndüyüm" (2017) kitabına isə konkret janr nümunələri, daha dəqiq desək, "Durna telli" qoşma və gəraylılar daxil edilib. Bu şeirlər toplusu çeşidli saz havalarında səsləndirilə biləcək poetik mətnlərdir.
Burada lirik-romantik duyğuların, ana yurdun gözəlliklərinin tərənnüm olunduğu, milli dövlətçilik düşüncəsinin və dünyanın fəlsəfi dərkinə yönəlmiş dəyərləndirmələr öz əksini tapıb. Şair saz, saz havaları və saz şairi haqqında düşüncələrini bu cür ifadə edir: "Mən uzun müşahidə və təcrübələrdən sonra bu qənaətə gəldim ki, poeziyada ən çətin iş saz şairi ola bilməkdir. Saz, daha doğrusu, saz havaları heç də hər şeiri öz bağrında yuvalandırmır. Saz havası və aşığın oxu biçimi qoşma və gəraylıdakı uyğunsuzluğu həmin andaca üzə çıxarıb geri itələyir. Abbas Tufarqanlının, Qurbaninin, Xəstə Qasımın, Dədə Ələsgərin şeirləri saz havalarının boyuna biçilib. Vaqif, Səməd Vurğun, Hüseyn Arif, Məstan Günər, Zəlimxan Yaqub, Məmməd Aslan kimi qələm ustaları da məhz saz şeirləri ilə ürəklərə yol açıblar. Əsl saz şairi ola bilmək hər kəsə qismət deyildir".
Kitabın "Durnatelli qoşmalar" adlanan birinci hissəsində şairin "Hər gün", "Səndən küsmüşəm", "Təbriz meydanında", "Ordumuz", "Ay qoca dünya", "Göyçəgülü", "Gəldim, ay Bənövşəm", "Arxada qalan günlər", "Hayıf ki, sağ qaldım", "İtirdim dostları" kimi müxtəlif məzmunlu şeirləri daxil edilib.
"Gəraylı ərmağanı" adlı ikinci hissədə isə "Bayrağım", "Ana yurdum", "Sazım", "Söykən", "Gedək Təbrizə-Təbrizə", "Ürək pıçıltısı", "Şuşanın "Xarı bülbül"ü", "Qürbətin yolları", "Özümlə könül söhbəti", "Dünya", "Tanrım" kimi nümunələr toplanıb.
"Əllərini uzat mənə" (Bakı, 2021. 272 səh.) şeirlər kitabı isə onun, oxuculara təqdim edilən hələlik sonuncu şeirlər kitabıdır. Ərazi bütövlüyümüzün bərpa edildiyi, işğalçı üzərində şanlı qələbə qazandığımız Vətən müharibəsinə həsr olunan kitabda müəllifin "Qırx dörd günün gerçək nağılı", "Gəlmişəm, Şuşam, gəlmişəm", "Kasıbın oğlu" adlı şeirləri, həmçinin "Şərqdə şər oyunu" adlı fəlsəfi-siyasi poeması, eləcə də "Taleyimdən və ürəyimdən keçənlər" adlı ömür və könül etüdləri yer alıb.
Orxan Paşanın Bakıda yeddi, Təbrizdə iki, Tiflisdə isə bir şeir kitabı işıq üzü görübdür. Bədii əsərləri Azərbaycanla yanaşı Türkiyə, İran, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrində yayılmışdır.
Göründüyü kimi, elm və sənət Məhərrəm Qasımlı (Orxan Paşa) yaradıcılığının Qoşa qanadıdır. Amma birinci qanadı şeirlə tumurcuqlayıb. 1973-cü ildə Tovuzun "Həqiqət" qəzetində çap olunan, İmadəddin Nəsimiyə həsr edilən "Dedi" adlı şeiriylə ədəbiyyata gələn Məhərrəm Qasımlı (hələ onda Orxan Paşa deyildi) illər ötdükcə həm yüksək intellektual səviyyəli ciddi alim, həm istedadı haqdan gələn görkəmli şair kimi məşhurlaşıb; hər iki sahədə sanballı uğurlar qazanıb, Azərbaycanın elmi və ədəbi xəzinəsini zənginləşdirən dəyərli əsərlər yaradıb, çoxsaylı kitablar çap etdirib. Alim Məhərrəm Qasımlı və şair Orxan Paşanın eyni şəxsiyyətdə birləşən bütövlük vəhdəti müasir elmi-ədəbi dünyamızın ən unikal faktlarından biridir. Unikallığı budur ki, sözü özünə çıraq edib daha gur işıq axtarıb, poeziya ilə işıq axtarışına çıxıb, bir şeirində dediyi kimi:
Təzədən başlayaq hər şeyə, quzum,
Yağış yağa-yağa, qar döyə-döyə.
Qanadı qan gördü uğurumuzun,
Təzədən başlayaq yollar getməyə.
...İşığı axtaraq sonsuz gecədə,
Yorğun gözümüzü zülmət boğsa da.
İşığı axtaraq ümid içində,
İşığı axtaraq, işıq yoxsa da...
Orxan Paşa aşıq babaları kimi könül şairi, ürək şairidir, təbiidir, səmimidir, dastan qəhrəmanları kimi poeziyaya qarasevdalıdır... Yaxşı olan budur ki, ozan-aşıq ədəbiyyatından qaynaqlanan bu poeziya müasir poeziyaya xas olan modern təfəkkür, duyğu və üslubu da özündə ehtiva edir.
Orxan Paşa ictimai mühitimizi düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri, həmçinin sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyətlə, inandıraraq ictimailəşdirməyi bacarır və bu onun bədii mətnlərinin poetik yaddaş səviyyəsində yaradıcılıq məziyyətidir...
Məhərrəm Qasımlı (Orxan Paşa) "hər elmdən hali olan" Aşıq Ələsgərdən, "bayatılarımızın heyrət heykəli" adlandırdığı Sarı Aşıqdan, "ismi pünhan aşiqi" Molla Cümədən, Azaflıdan, Şəmşirdən, həmçinin Təbriz - Qaradağ aşıq mühiti; Urmiya aşıq mühiti; Zəncan aşıq mühiti; Savə aşıq mühiti; Xorasan aşıq mühiti; Qaşqay aşıq mühitindən, başqa sözlə "Ata Qorquddan, Dədə Qorquda" qədər süzülüb gələn ruha yiyələnmiş, bunları ən ustadcasına təbliğ edən, ilhamında cəmləyən şair-ruh adamıdır. Buna görə də, onun istər elmi, istərsə də poetik, istərsə də, "Taleyimdən, ürəyimdən keçənlər" nəsranə fəlsəfi etüdlərində ruhumuzun və dilimizin sərrafı rolunda özünü tamlıqla göstərir.
Şuşaya gedişini "Müqəddəs səfər" adlandıran Məhərrəm Qasımlı (Orxan Paşa) "Şuşanın fəthi qürurunu yaşamaq adamın ruhunu səmada - Şuşanın göylərində qanadlandırır və kövrəldir. ...Şuşaya gəldiyim gün, uzun illər niyyət etdiyim bir ibadəti yerinə yetirdim, diz çöküb igidlərin qanına bələnmiş Şuşanın daş-divarını öpdüm, tutiya kimi gözlərimə çəkdim. Və bir şeir gəldi ruhuma - "Gəlmişəm, Şuşam, gəlmişəm" şeiri elə oradaca ürəyimdən dodaqlarıma, oradan da varağa süzüldü... Bəlkə də, bu yeni, azad olunmuş Şuşada ilk yazılan şeir idi..."
Digər şeirlərinin əksəriyyəti təkin bu şeir də Orxan Paşanın (Məhərrəm Qasımlının) ömürlüyünün bələdçisidir... Şeir şəxsiyyətin - müəllifin güzgüsüdür və bu güzgü parabolik güzgü deyil, onun iç dünyası, dış dünyası bu güzgüdə yüzə-yüz əks olunur. Bu şeir güzgüsüdür, bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu poeziya güzgüsü...
Və bu güzgüdə görürük ki, şair Orxan Paşa (Məhərrəm Qasımlı) bütün varlığı ilə bu Vətənə, bu torpağa, bu elə bağlı olan bir ürək sahibidir... Onun bir ziyalı kimi bütün taleyi Azərbaycan adlanan Vətənin taleyinə bağlıdır və onun öz poeportretinə "Sənin taleyindir bu vətən!!" - xitabını da təsadüf, gəlişigözəl söz, ifadə saymırıq və bu həqiqətən də belədir... Belə olmasaydı 30 ildən sonra Xarı bülbülə dönüb, Zəfər yolunu keçərək "Gəlmişəm, Şuşam, gəlmişəm!" sevincini, fəxarətini, qürurunu çətin ki, yaşayardı, ümidləri Cıdır düzündə beləcə çiçək açıb gerçəyə, azad ruha, nurlu çöhrəyə çevrilməzdi...
Dağıt başından dumanı,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şaşam, gəlmişəm.
...Yolu açdı igidlərim,
Qazilərim, şəhidlərim,
Gerçək oldu ümidlərim -
Gəlmişəm, Şuşam, gəlmişəm.
Şuşanın qayasını, torpağını diz çöküb öpən lirik qəhrəman Azərbaycan qəhrəmanına çevrilir, bir müsəlman inancı ilə "Allahu Əkbər!" nidası ilə sarp qayalara dırmaşan, "Can, Qarabağ!" nidası ilə hayqıran, Koroğlu cəngisi ilə düşmən üzərinə şığıyan cəngavər olur:
"Allahu əkbər" sədasıyla,
"Can Qarabağ" nidasıyla,
Koroğlunun havasıyla,
Gəlmişəm, Şuşam , gəlmişəm.
"Qırx dörd günün nağılı" Ali Baş Komandanın hökmü, dəmir yumruğu ilə gerçək olur və "Qırx dörd günün gerçək nağılı" şeirinə çevrilir, şeir dönür vətən olur:
Bir az sonra
Şəhid qanı,
Qazi qanı
Qarışıb can verəcəkdi torpağa...
44 günlük alov içində
Ürəklənib
Təzədən Vətən olacaqdı...
"Torpağa su qarışanda palçıq olur, qan qarışanda Vətən olur!" müdrik və müqəddəs deyimin nağılı Şuşada bitir və göydən fərqli rənglərlə üç alma düşərək şəhidlərimizin, qazilərimizin, şahidlərimizin əlində üçrəngli Vətən bayrağına dönərək "Gövhər ağa" məscidinin minarəsində ucalardan uca məqama çatır, "Zəfər soraqlı o mübarək gün, o hava gün, o işıq gün, o ürək gün" bütün Azərbaycan boyu qələbə, zəfər üfüqündən Vətənləşən Qarabağ Günəşi doğur və:
...Bütünləşdi Qarabağ.
Şuşa - Kəlbəcər,
Ağdam - Laçın da
Kökləndi Bakı vaxtına;
Can oldu,
Azərbaycan oldu -
Vətənləşdi Qarabağ!
Orxan Paşanın 44 günlük qələbə ərəfəsində və qələbədən sonrakı ovqatla qələmə aldığı "Azərbaycan əsgərinə", "Bayrağım", "Ordumuz", "Kasıbın oğlu", "Bir ayrıydı o kənd", "Yolum gedir Zəngilana", "Şəhid köynəyi lalələr" qəbildən və başqa onlarca şeirlərində şairin qələbə əzmindən yaranan könül çırpıntılarını, qələbədən vəcdə gələn vətəndaşlıq qürurunun əzəmi ifadəsini görürük...
Məhərrəm Qasımlı lap ilk gənclik illərindən "yovşan ətirli" şeirlər yazsa da, 2015-ci ildən şeirlərini "Orxan Paşa" təxəllüsü ilə dərc etdirməyə başladı.
Məhərrəm Qasımlı mahir folklorşünasdır və ilk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alimdir. Xalq yaradıcılığını, aşıq şeir formalarının kamil bilicilərindən olsa da, onun poeziyasında müasir şeirin formalarından - heca vəznindən, sərbəst şeir, ağ şeir formalarından bacarıqla istifadə etdiyi görsənir. Folklorizmlərin isə onun poeziyasında üstün olması təbiidir...
Xüsusən, müəllifin ritmik-melodik ton yarada bilən səslərin alliterasiyasından, təcnisdən süzülüb gələn qafiyələnmə sisteminə xas səs uyarlığından, aşıq şeir ahənginin səslənmə effektindən ustalıqla istifadə edə bilməsi əksər şeir formatlarında düşərli, ahəngdar, harmonik poetik intonasiyaya yaratmasına səbəb olur...
Orxan Paşanın "Qarabağın qara baxtı" gəraylısı buna bariz misaldır. "Qara baxt" obrazı klassik obrazlardandır. Bu ifadənin ən bariz nümunəsi XVI əsr Füzuli babamızın şeirindədir - "Oyatdı xəlqi əfqanım, qara baxtım oyanmazmı?" Sonralar bu obraz yeni çalarlarla bayatıdan-bayatıya, gəraylılara, mahnı mətnlərinə ( "Könül verməzlər şər vaxtı, Arxamca bir qərib baxdı, Qarabağın qara baxtı, Qalmaz belə, qalmaz, dünya!") keçmiş, müəyyən silsilə yaratmışdır...
Hətta folklor janrlarından olan qarğışlarda - "Səni görüm qarabaxt olasan!" şəklində, atalar məsəli - "Qara qızın qar bəxti oyandı!" təkin işlənir.
Görünür, müəyyən çağlarda, vaxtaşırı bizim milli taleyimizin bir payı da bu obrazın yükünə çevrilmişdir...
Orxan Paşa klassikadan üzübəri gələn bu obraza yeni çalar verib, bu obrazı "Qarabağ" ifadəsi ilə həmahəng olmasını, bir də məna-mahiyyət uyarlığını nəzərə alaraq, "a", "ə" və "l" səslərinin sıx işləndiyi sözlərin yaratdığı alliterasiyadan istifadə edərək bu obraza tamamilə yeni assosiativ və ictimai məna verərək oxucusuna belə təqdim edir:
İllər illərə qalandı,
Yalan yalana calandı.
Əlli yerə haçalandı
Qarabağın qara baxtı.
Nisgilli könülləri riqqətə gətirən, ən gərgin anlarda Qarabağ həsrətini sözə çevirib ürəklərə su çiləyən, daim ümid işığı parlayan bu məzmunlu şeirlər, əslində alt qatda igidləri qələbəyə səsləyirdi... Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının milli qürurunu özünə qaytardı. Artıq hər kəs Qarabağın qara bəxtinin kəsilib atıldığı sevinci yaşamaqdadır...
Orxan Paşa şeirlərində, tarixi yaddaş elementlərindən, folklorizmlərdən, neologizmlərdən, epitetlərdən, təşbehlərdən, dialektizmlərdən, arxaizmlərdən, vulqarizmlərdən, metonimiyalardan, metaforalardan, anaforalardan, bədii suallardan, xitablardan, təzadlardan, təkrirlərdən və inversiyalardan - ədəbi dilin bu qəbildən olan funksoniallığından ustadcasına istifadə edir, beləliklə, şeirin emosionallığını, intonasiya zənginliyini və təsirliliyini artırmağa nail olur, özünəməxsus poetik leksikon yaradır - Orxan Paşa poetik leksikonu!! Sazın-sözün, sənətin, mənəvi sərvətlərimizin qeyrətini çəkən, qeyrətkeşi olan Məhərrəm Qasımlı - Orxan Paşa leksikonu!!
Məsələn, təkcə bir nümunə:
Cilvələnib gətirdiyin baharmı, yazmı?
Dəli könlüm dönüb bir də havalanmazmı?!
Aman tanrım, divanələr, dəlilər azmı?
- Məcnun kimi, Kərəm kimi görk olan da var...
Təkcə bu bənddəki "cilvələnib", "dəli könül", "havalanmaq", "aman tanrım", "divanələr", "Məcnun, Kərəm", "görk" sözlərinin yaratdığı assosiativ ruh, ovqat, qədimilikdən süzülüb gələn sözlərin məna şəhdi, hüsnü bu poetik leksikonu şərtləndirən amillərdəndir...
Orxan Paşanın "Türklüyümüz yenilməz", "Xəzər qalxır", "Ürəyimin səcdəgahı",
"Yol verin", "Gedək Təbrizə-Təbrizə", "Xudafərin körpüsü", "Azərbaycanım", "Getdim, gördüm", "Bir daha enməz", "Şuşanın xarı bülbülü", "Türklər Krıma qayıdır", "Laçınım", "Göyçə dedim, yaralarım göynədi" qəbildən əksər şeirləri, sözün yaxşı mənasında yeni baxış bucağı ilə, poetik dəsgahın tamlığı ilə oxucunu içdən-içə göynədir, həyəcanlandırır, ruhu havalandırır, təzələyir... Onun şeiriyyəti sadə, kövrək, ülvi, doğma, müqəddəs hisslərlə, məqamlarla dop-doludur... Və qətiyyətlə deyirəm, Orxan Paşanın (Məhərrəm Qasımlının) poetik prototipi VƏTƏNDİR!! Orxan Paşa üçün Vətən anlayışı daha geniş arealı əhatə edir: Altay dağlarından, qıpçaq çöllərindən Xəzər, Qara dənizə qədər, Aralıq dənizindən də oyana bütün Turanı!..
Belə qərar qoyub Tanrım əzəldən,
Xəzər yüksəlirsə Türkün yazıdı;
Bu qalxış, oyanış indi təzədən
Oğuz ruhlarının qabarmasıdı.
Artıb dalğasının səsində kəsər -
Dikəlir dənizim ötən gücüylə.
Yenilməz ərən tək hayqırır Xəzər
Atilla gücüylə, Mete gücüylə.
Yağıya qənimdir nərəsi Türkün,
Qənimdi boz atı, al çadırları.
Tufanlı Xəzərdən şığıyar bir gün
Oğuz dünyasının bahadırları...
Belə düşünürəm ki, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair Məhərrəm Qasımlı (Orxan Paşa) 65 yaşında 165 yaşın işini görüb... Tanrımız qələm dostumuzu, həmkarımızı, əsrdaşımızı, gündaşımızı elm, poeziya və televiziya məkanında həmişə fəxarətli, qürurlu, görümlü eləsin...
30.07.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!