Ədəbiyyatın fəxri vətəndaşı - Südabə AĞABALAYEVA

Südabə AĞABALAYEVA

 

Ocaq - Yol tərəddüdü

 

Ocaq deyər, getmə, məndə keçmişin yaşayır.

Yol söyləyər, mənimlə gəl, gələcəyin məndədir.

Ocağı dinləyənlər, Yolu seçənlər nə çox dünyada... Kimsə deyə bilməz ki, peşmanlıq yaşamayıb. Kimi "kaş gedəydim" göynəyi, kimi də bir qayıdış həsrətiylə ikili hissin ağrısında əridir ömrünü...

O da, Ocağın istisi qəlbində, Yolun işığı gözündə, Vaxtın həniri nəfəsində,

 

Bir gün Qarayazı düzənliyindən

Bir qatara minib Bakıya gəldi.

 

Beləcə, oldu yollar yorğunu. Nə "anadangəlmə kolxozçu", nə sonacan şəhərli ola bildi. Yolayrıcında düşünüb-daşınıb, Ruhunu Vətən seçdi. Və məhz bu ərazidə - Ədəbiyyatda daimi qeydiyyata düşdü, Ədəbiyyatın  vətəndaşı oldu. Özünü balıq suda hiss edən kimi hiss elədiyi bu vətəndə düşüncələri ilə güclü ola biləcəyinə inandırdı özünü. Ədəbi dəyərlərin fərdi qavranılması ilə öz poetik dünyasını formalaşdıra bilmək inadı, məqsədi və orijinal bacarığı onu nəsildaşları arasında fərqləndirdi. Amma düşüncələri ilə anturajda hiss etdikləri - ətrafda, cəmiyyətin və xalqın həyatında baş verən kataklizmlər bütün qəlbi - ruhu ilə yaradıcı olan bu insanı "emosional tıxac" tünlüyünə salırdı. Bütün şüurlu ömrü tərəddüdlər üzündən yorğunluq nişanəsi olan İsa İsmayılzadənin bir çox şeirlərində müşahidə olunan ambivalentlik də bu "tıxac" üzündəndi, əslində; bir az asi, etirazçı, suyuxarı üzmək inadı, itirdiyi ümidləri yığmaq dirənişi və birdən-birə gücsüz, nagüman süstlük:

 

Qocalan işıqlar bir köks ötürüb

Sönmüş işıqları bəlkə oyada...

 

Elə məsələlər və münasibətlər vardı ki, İsanın mövqeyi tərəddüd tanımırdı. Ana dilinə - Sözə münasibətdə İsanın bütövlüyü, prinsipiallığı, yanğısı, təəssübkeşliyi güzəşt, tərəddüd bilmirdi. Bu gün də "Azərbaycan " jurnalı redaksiyasında elə bir gün yoxdur ki, İsa İsmayılzadə xatırlanmasın, onun redaktə səriştəsi, işə ciddi münasibəti, ədəbi zövqü, tikəsini paylaşmaq səxavəti minnətdarlıqla, ehtiramla anılmasın, sözün üstündə nanə yarpağı kimi əsməyi, məsuliyyəti... nümunə təlqin etməsin.

 

Bircə sözüm belə, düz gəlməyəndə,

Özümlə, şeirimlə aram dəyəndə

Güzgüdə özümə baxa bilmirəm...

"Bədii sözə xəyanət - özünə xəyanət deməkdir" - bu, şairin sözə münasibəti idi. Halbuki, bu münasibəti başa düşməyənlər onun müəlliflərlə "davasını" özlərinə sərf edəntək "şərh edirdilər." Belələri ipək kimi yumşaq, həlim, həssas insanın "termos şüşəsitək çiliklənməsinin" niyəsini necə başa düşə bilər?!

 

Bunu da bir kəsə açıb demirdim:

Hər şeir -

            ömrümü bir gün uzadır,

Amma -

            İkicə gün alır ömrümdən.

 

Mənzərənin, hadisənin, vəziyyətin "diaqnozunu" o qədər dəqiq, aydın qoyur ki, başqa yozum ağıla gəlmir. Məhz belədir! - İsa İsmayılzadənin poetik sintaksisi məzmunun və formanın keyfiyyətcə yeni bir pilləsində durur, milli-mənəvi məzmunun uyarlığı sərbəst - heca klişesini ustalıqla qıra bilir. İki şair var ki, şeirin ölçüsünü elə məharətlə qırır, amma etiraz etmək, qüsur axtarmaq ağlına gəlmir; Camal Yusifzadə, İsa İsmayılzadə sərbəstlə elə rahat və "kobud" rəftar edirlər ki, baxa-baxa qalırsan. Çünki, ikisi də "gözəl oynayır", "sözün qolunu-qabırğasını sındırmağın", necə deyərlər, estetikasını yaradır.

Yaradıcılığın son dərəcə fərdi, son dərəcə dərin bir tənhalıq olduğunu qəbul edən tərəfdən baxanda, ədəbiyyatımızda "və başqaları" ştampının bir tayı olan "eyniləşdirmək" şablonunu İsa İsmayılzadəyə də, Ələkbər Salahzadəyə də haqsızlıq kimi qəbul edirəm. Eyni gündə anadan olmaq, eyni vaxtda dərc olunmaq, eyni nəslə mənsubluq, dostluq, "bir qabdan xörək yemək" yaxınlığı fərdi özünəməxsusluqları kölgədə qoymamalıdır. Yaradıcı fərdiyyətinə və oxucuya belə təqdimatın nə verə biləcəyini kimsə izah edə bilərmi? İsa İsmayılzadənin Fikrət Qoca ilə eyni mövzulara müraciəti, Qabillə ifadə tərzinin səsləşməsi belə, Ələkbər Salahzadəyə də, ona da yalnız sərbəstçi kimi baxmaq səviyyəsində anlaşılmazdır. İsa İsmayılzadənin sərbəstdə yaradıcılığı ənənəçi şeirlərinin ruhu ilə çalkeçirdir.

 

Böyük sevinclərə alışmamışam,

Böyük sevinclərlə alışmamışam.

***

Doğulduğu torpaq bu gün başqa dövlətin ərazisidir. Pasportunda Gürcüstan yazılıb, amma "Böyük Vətən" anlayışı Qarayazını da, Bakını da bir əldə tuturdu. Həyatı bu iki ünvan arasında bölə-paylaşa, fərqinə vardı ki,

 

Bu şəhər heç kəsi çağırmasa da,

Onun ayağına gələni çoxdur.

 

İsa İsmayılzadəni şəhərə nə ideoloji sifarişin yazdırdığı əsərlərin pafoslu romantikası, nə şəhər işıqlarının sayrışan cazibəsi, nə də göy sulara sultan olmaq iddiası gətirmişdi. Puçurlayan sözündən nə görüb sezmişdisə, sonralar Ustad dediyi Rəsul Rza "çağırmışdı" onu.

 

Bir şəhər baxırdı

mənə uzaqdan...

 

Bir məktubun çağırışı ilə Qarayazıdan Bakıya qanadlananda yoluna yoldaş kimi götürdüyü ümidi, gətirdiyi işığı ömrü boyu qorumağa çalışdı, şəhər mühitinin münasibətlər tünlüyündə ümidlərinin rəngi soluxanda, peşman olduğunu dilə də gətirdi:

 

Hardan mənə urcah oldu şəhərlər...

Torpaq dedim - boğdu məni bu qəhər.

Bir ömürdü, çəkməliyəm birtəhər,

Eşitmisən - ha deyinim, söylənim.

 

Qəhərini avazıdıb, kədərini soyutmaqçün bir əlinə, bir ovcuna, bir də alnına baxıb, yazını, nizamı anlamayanda, ustad Qabil kimi təəccüblənib; bəs deyirlər, görünməyən yazı yoxdu dünyada? Qabil hələ bundan betərini də deyib, anormal mühitin mənzərəsini verib, bəs, o necə olsun?

 

Bəzən üzdə olur nadürüst, nadan,

Daldalardan baxır ağıllı, yaxşı.

 

Qabilin bu misralarının zamanı yoxdur; dünənin də mənzərəsində olub bu yanaşma və kimsə etiraz edə bilməz; bu gün də var, hətta pessimizmə sürükləyəcək dərəcədə opportunist rəngi tündləşdirməkdə davam edir, amma sabah da belə olacaqsa...

İsa da bilməmiş deyildi; Qabilin bu "bəzən"i iddialar arzuların qabağına keçəndə artır və adamı qara qoçun belinə qaldırır. Ağıllı adamın nə işi var qoç savaşında...

Əli işdən soyudan, ruhu küsdürən bu bədbinliyə təslim olmamaqçün İsa İsmayılzadənin bir sınanmış fəndi olub: qəlbinin, ruhunun qibləsinə pıçıltı - dua göndərib:

 

Mənə kömək ol, ana!..

Heç nə, heç nə istəmirəm -

Bu yazını yazanacan

Gəl gözümün qabağına.

Əlim əsir...

Qələm susur,

kağız susur...

 

Bir insan mehrinə əllər uzalı

 

Bunu danmaq olmaz ki, müəllimliyini buraxıb, evdəkilərin təəccübünü "aspiranturada oxumaq istəyirəm" yalanıyla səngidib addım atmasına peşman olmadı; Rəsul Rza Bakıya dəvət etdiyi gənci taleyin və təsadüflərin əlində tənha qoymadı, gələn kimi işə düzəltdi, məsləhətlərini, qayğısını da əskiltmədi. Bu, təkcə İsa İsmayılzadənin naxışı deyildi o illərdə, həm də Rəsul Rza bütövlüyünün xidməti idi, düşüncələrdə közü təkcə özünün və özününkülərin qabağına çəkmək xisləti rişələnməmişdi hələ. Çalışdığı yerlərin siyahısına baxanda, dövrün tələbləri, işə qəbulda seçim kriteriyaları fonunda gənc müəllimin naxışı, hər halda, yaman gətirmişdi: radioda, Ensiklopediyada, Yazıçılar İttifaqının ədəbi orqanlarında məsul katib, şöbə müdiri, redaktor müavini. Yaradıcı fəaliyyətin uğurları da təsəlli verir: kitabları, Respublika komsomolu mükafatı laureatı, yaradıcılıq festivalları, başının üstündə damı... Amma bunları "hami kölgəsi" hesabına yozmaq insafsızlıq olar. Bu gün də əxlaq və vicdan yiyəsi, abırlı insan kimi anılan İsa İsmayılzadənin bəxti onda gətirib ki, zəhmətkeşliyi, işə, sözə vicdanlı münasibəti ədalətli münsif süzgəcindən keçib. Lap elə dayağı, yada salanı olubsa da, bunu beşini yandırıb birini qandırmaq "humanizmi" ilə etməyiblər. Ustad bildiyi, çoxuna mənəvi atalıq etmiş Rəsul Rza, bəzi ağzıgöyçəklərin dediyi kimi, "özünə elektorat yığmaqçün", fürsətcillik həmlələrindən qorxub-etməyib qayğını, Rəsul Rza allahsızlıq ideologiyasının tüğyan etdiyi mühitin kommunisti osa da, allahsız olmayıb, allahsız ola bilməyib, haqqın, həqiqi zəhmətin, dürüstlüyün qabağına daş dığırlayanların qarşısına sipər olmaqdan çəkinməyib. Təkcə İsa İsmayılzadəyə yox, neçə-neçə qələm adamının, idarəçiliyində çalışmış nə qədər insanın ədəbi taleyində, həyatında Rəsul Rza adı zəmanət kimi anılır. İlk addımları ədəbi mühitdə "sərbəstçilər və hecaçılar" müzakirələrinin qaynarına təsadüf etmiş İsa İsmayılzadəni də istedadı, əqidəsi (əqidə  yaşa - staja baxmır!) nankor və simasız olmağa qoymayıb, hər halda, əl verənin dartıb qolunu qoparmayıb, çünki, başa düşüb ki, uğurları həm də minnətdar olmağı bacarmaq comərdliyi gətirir. Bunu mayasına halal südlə, torpaq hikmətilə aşılayıblar.

 

kölgə ütüləmək, kölgə uzatmaq,

kölgə yelpikləmək, kölgə yaşatmaq,

kölgə əzizləmək gəlmir əlimdən.

 

Mən təvəllüd günümü

keçirmək istəmirəm

 

Səbəbi - müharibə! Oyuncaqsız uşaqlığın acı xatirələri onun şeirlərini müharibə ədədbiyyatımızın "ən parlaq" səhifələrinə yazıb.

 

Doğulduğum tarixə

Hamıdan çox yanıram.

Qara həşyə geyinmiş

Şəkildən utanıram.

 

Rəsmi sənədlərə görə, İsa İsmayılzadə martda anadan olub. Özü buna etiraz etməsə də, yenə araya salıb "bir redaktə qeydi ilə" düzəliş etməyi borc bilib: "... rəhmətlik anam yazda yox, "qorabişirən ayda," yəni iyulda dünyaya göz açdığımı söyləyirdi."

 

Mənim təvəllüdümü

Torpağın sinəsinə

xəncər yarası kimi

Yer kürəsindən keçən

döyüş səngəri yazdı.

uzunboğaz çəkmənin

nallı dabanı ilə

Vətən əsgəri yazdı.

 

Fərq etməz, torpaq şirəyə gələndə, ya üzümün ballanan vədəsində, əsas odur ki, təvəllüd ilini poetik yaddaşa özü yazıb, əsas odur ki, İsa İsmayılzadə ədəbi fəsillərin hər dönəmində xatırlanacaq şairdir və bu həqiqəti də özü yazıb, şeiri ilə, Ədəbiyyatın vətəndaşı ola bilməsi ilə qazanıb.

 

Bircə saniyəmlə, bircə anımla,

Qırıb dağıdıram vaxt ölçüsünü.

 

Ləl daşını çay daşına

Qatma, qardaş, kərəm eylə

 

İndi gəl izah elə görüm hardan düşüb Xətainin bu misraları yadına, niyə gəldi ağlına. İsa İsmayılzadənin yaradıclığı ilə bağlı bir tədqiqat işi tapa bilmədinsə, müstəqilliyin ədəbiyyatını yaradanların sırasında adını axtara-axtara qaldınsa, gözünü ədəbi portretlər cərgəsində boşa yordunsa, bu, İsa İsmayılzadənin Azərbaycan poeziyasındakı yerini, çəkisini, qiymətini azaldırmı? Qətiyyən!

İsa İsmayılzadənin "Azərbaycan" jurnalında ilk şeirinin dərcindən ("Qoltuq ağacı", 1961, N12) 62 il keçir. 60-cı illər poeziyasının yenilikçi nəfəsi və ovqatıyla seçilən imzalarından biri bu mövqeyini 80-90-cı illər yaradıcılığında daha qətiyyətlə ifadə etdi.

70-ci illərdə yazdığı şeirlərinin zamanını keçmişlə bağlayırdılarsa, lirik "mən"in küskün, həzin səsini dövrün səsinə və ritminə qoşmağı tövsiyə edirdilər, amma niyəsə poetik səsində kənd hüznü ilə şəhər ritminin qovuşub-qaynamasından doğan yeni ahəngi görmürdülər. Və bu yenilikçi ruhu, mövzuya fərqli rakursdan yanaşmaq səriştəsi fonunda İsa İsmayılzadəni təqdim edərkən "ehtiyatlı tərpənmək" ədasından, "bacardığı qədər", "etməyə çalışır" - ifadələrindən, istedadının həndəvərinə yaxınlaşa bilməyənlərin "məsləhətlərindən" haqsızlıq yağır. İdeallaşdırmaq, boyundan uca, olduğundan artıq göstərmək cəhdi deyil bu; ədəbi irsi ciddi elmi araşdırmasını gözləyən, redaktorluğu, naşirliyi şəxsi münasibətlərdən, ortababın, qrafomanın dərc olunmaq yetikliyindən, iş yerinə "sosial müdafiə fondu" kimi baxmaq düşüncəsindən uzaq mövqeyilə "dost-tanışı" rəncidə salan İsa İsmayılzadə etinasızlığa, biganəliyə, unudulmağa layiq deyil.

 

Resenziya - sağlıq! Avtoqraf - sağlıq!..

Hamının yanında xətrim xoş olar.

Dostluq maskasını taxar yaltaqlıq,

Aldana - aldana ürək korşalar...

 

Nə vaxtsa dönəcək ömrün illəri

 

Efirlərdə, sosial şəbəkələrdə balaca xanəndənin ifasında "Bayatı-Şiraz"ı dinləməyən yoxdur, yəqin. Amma az adam bilir ki, muğam üstə oxunan parçadakı sözlər İsa İsmayılzadənindir:

 

Sən mənim köksümdə çarpan ürəksən.

Mən sənin köksündə - kiçik bir zərrə.

Mənə qanad verən odlu ürəksən,

Adına, özünə Vətən deyirəm,

Çölünə, düzünə Vətən deyirəm.

 

Böyüklü-kiçikli bütün arzularını Azərbaycan adıyla bağlayan şairin şeirlərinin ahəngi 80-90-cı illərin havasında Vətən sevgisi haqda düşüncələrə "əl gəzdirdi". Öyrəşmədiyimiz ifadələr, gözlənilməz yanaşma yuxulu ruhun yaxasından yapışıb, üstünü toz basmış münasibətləri silkələyirdi:

 

Ayağım altından torpağım qaçıb,

Göyüm oğurlanıb başımın üstdən.

Şaqqalanıb şəhid Vətən,

Hər şaqqası bir yanda,

Qalmışam Vətən xarabalığında.

 

Onun sözü - ürəyi idi. Ürəklə baxırdı, ürəklə yazırdı, ürəklə yaşayırdı. O qədər yüklədi ki ürəyini...

 

Gördüm bu dünyanın hər üzünü mən,

Gülləyə tutulan gecəsini mən,

Çarmıxa çəkilən gündüzünü mən...

 

Ağlına gəlməzdi ki, uşaqlığını gedənlərin qayıtmağını gözləmək intizarı ilə solduran müharibə gəncliyinin yetkinliyini çəkilməz çilələr odunda, əlibağlı, qolubağlı qoyacaq:

 

Arxasız məmləkət, kimsəsiz Vətən

İçindən qıvrıla-qıvrıla qalıb.

 

Amma 50 illik ömründə dünyanın gəldi-gedərindən, həyatın dərslərindən yadında bunu da saxlamışdı ki, ən çətin anda, ən çıxılmaz yolda  ümid, xəyal etmək, təxəyyülün ən çətin vəziyyətdən çıxaran sehrli qüvvə olduğuna inanmaq lazımdır. Müqəddəs kitablar da bunu təlqin edir axı: Düşündüklərimizin nəticəsiyik.

O isə, Sözə, Yazıya inanırdı, çox inanırdı...

 

Şeytanların, iblislərin acığına

Bayraq kimi qaldırmışam adını,

Qaldırmışam ucalıqdan-ucalığa.

Bu bayrağın altında

"Tanrım, yar ol" - deyə-deyə

yeriyirəm,

yüyürürəm gələcəyə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!