Poetikanın poeziyası - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

 

Mühazirə zamanı, duyğusal halımda müəyyən haşiyələr çıxırdım, nəzəri ricətlər edirdim və bu zaman böyük Azərbaycan alimi Azad Mirzəcanzadənin məşhur deyimini də işlədirdim: "Deyə bildimmi?" Həmin ritorik haşiyələrin və sualların bir qismini oxuculara təqdim edirəm.

 

Bir dəfə A.P.Çexov deyib: "Nə qədər ki, Tolstoy sağdır, rus ədəbiyyatı nəzarət altındadır, ləyaqətini alçaltmadan özünə fikir verir. Tolstoy ölən kimi çobansız sürü kimi qalacaq". Buna bəzər fikri Mir Cəlal da Mehdi Hüseyn öləndə demişdi: "Azərbaycan ədəbiyyatı yetim qaldı". Şükür, hələ bir neçə ad var ki, bu gün onların sadəcə varlığı (Anar, N.Həsənzadə, M.İsmayıl, S.Rüstəmxanlı, R.Rövşən, M.Süleymanlı...) milli ədəbiyyatımıza göz-qulaq olur.

Bilmirəm, deyə bildimmi?

 

***

XX əsrin əvvəllərində şairlərin həyatına həsr olunmuş əsərlərin əksəriyyəti "Şairin ölümü" adlanır. Səməd Vurğunun "Vaqif" pyesinin ilk variantı da "Şairin ölümü" adlanırdı. Ondan əvvəl isə "Şairin ölümü" şeirini yazmışdı. Mikayıl Müşfiqin Cəfər Cabbarlıya həsr etdiyi şeir də "Şairin ölümü" adlanır. Lermontovun "Şairin ölümü"nü tərcümə etmişdi. Özləri də bilmədən sovet patetikası içində Ölüm ruhunu (Ölüm mələyini) çağırırmışlar...

Bilmirəm, deyə bildimmi?

 

***

M.Prust deyirdi ki, Bethovenin sonataları öz dinləyicisini yetişdirdi. Sonralar həmin dinləyicilər də Bethoven kimi düşünməyə başladılar. Üzeyir bəyin musiqisini eşidənlər Cümhuriyyəti qurdular. Bu günün dinləyicisini meyxana musiqisi formalaşdırır...

Bilmirəm, deyə bildimmi?

 

***

Bəxtiyar və Şəhriyar adlarını Araz çayı həmqafiyə etdi. "Bəxtiyar-Şəhriyar" qafiyəsi milli dərdin əks-sədası kimi - B.Vahabzadə "Gülüstan" poemasının sonuna Şəhriyarın "Heydər babaya salam"ından iki bəndi əlavə edir...

Bilmirəm, deyə bildimmi? 

***

Klassik poeziyada görünən nəsnələr gərəksiz və mənasız, amma görünməyənlər isə (Allah, ruh, mələklər, mənalar...) daha önəmli idi. XX əsrin poeziyası "görünənlər"in arxasınca getdi...

Bilmirəm, deyə bildimmi?

 

***

Baxırsan, 30 ildir yazır-pozur, çap olunur, amma hələ də öz janrını tapmayıb. Janr müəllifin tempramenti ilə, səs tembri ilə və dünyaya baxışı ilə "qafiyələnməlidir".

Bilmirəm, deyə bildimmi?

 

***

Bir şairin adamlığını gündəlikləri rahatca faş edə bilər. Məsələn, Puşkinin gündəliyini (əsərləri, VI cild) oxuyursan - nə qədər mənasız adam olub!

Bilmirəm, deyə bildimmi?

 

***

Pandemiya dövrünün ən populyar ifadəsi "məsafə saxla" idi. Bu, ədəbiyyat üçün də keçərlidir: Yazıçı öz qəhrəmanı ilə mütləq "məsafə" saxlamalıdır. Hətta avtobioqrafik əsərlərdə belə!

Bilmirəm, deyə bildimmi?

 

***

Dilimizə istənilən poetik tərcümə milli musiqinin "köynəyindən keçməlidir". Xavər xanım xatirələrində yazır ki, Səməd Vurğun "Yevgeni Onegin"i tərcümə edərkən aşıq musiqisini dinləyirmiş...

Bilmirəm, deyə bildimmi?

 

***

Rəng duyumu, rəng zənginliyi, görəsən, irsidirmi? Bu baxımdan Rəsul Rzanı "Rənglər"i ilə Anarın "Ağ liman"ında "yuxu mətni"ndəki rənglərin müqayisəsini aparmaq maraqlı olardı: "Yuxu gördü.

Sahil sapsarıdır. Sarı qumlar. Dəniz gömgöydür. Ləpəsiz. Ancaq birdən gördü ki, dənizin lap uzağında nə isə ağ bir şey görünür: ağ liman.

Ağ... Ağ...

Ağappaq... Və bu ağ limanda qırmızı gəmilər dayanıb" ("Ağ liman").

Bilmirəm, deyə bildimmi?

 

***

Azərbaycan ədəbiyyatının ən və ən yeni tarixi 44 günlük Vətən savaşından sonra başlamalıdır.

Bilmirəm, deyə bildimmi?

 

***

44 gün qanlı Vətən savaşı aparmış, əfsanəvi qəhrəmanlıqlar göstərib Şuşanı azad etmiş bir ölkənin (xalqın) lirikaya bu qədər tələbatı hardandır?

Bilmirəm, deyə bildimmi?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!