Təranə Məhəmmədqızının "Göyçayın Qarabağ sevdalıları" kitabı haqqında
Mətanət VAHİD
"İkimiz də öldük,
sadəcə, onu dəfn etdilər..."
Şəhid bacısının dilindən
İnsanın ən böyük imtahanı eşqdir. "Vətən eşqi məktəbində can verməyi öyrənmişik..." deyir ustad Şəhriyar. Tarixən də, elə yaxın dönəmdəki ədalətli savaşlarımız da Azərbaycan övladının ana torpağa sevgisinin ən ali dəyər olduğunun bariz nümunəsidir. İllərdir torpağımız qana doysa da, qulağımız şəhid xəbərlərinə alışa bilmir. Cəbhə bölgəsindən gələn hər qara xəbərin sönən ocaq, məhv olan neçə arzu, neçə ümid olduğunu bilə-bilə bu faciəyə necə alışmaq olar?!.
Hər şəhid xəbərini alanda özünü valideynin yerinə qoyub kədərini hiss edə bilmirsənsə, necə insansan?!. Valideyn üçün övlad itkisi ömür boyu ağrı, sızıltı deməkdir. Şəkil çəkdirəndə bir də heç vaxt onunla bir kadrda olmayacağın, evdən yola salanda "jaketini geyin, soyuqdur", "yoldan keçəndə ehtiyatlı ol" deməyəcəyin, çayını onun sevdiyi ədviyyatlarla dəmləməyəcəyin, ən çox sevdiyi yeməyi bişirməyə, yeməyə ürək etməyəcəyin... kimi "kiçik-kiçik", "damcı-damcı" ağrılardır. Övlad itkisi - vanna otağında əskilən diş fırçasının, süfrədə qoyulmayan yemək dəstinin dolabda boş qalan yerinə baxıb köks ötürərək ürəyini tutmaq, nalə çəkməkdi. Övlad itkisi onun boş yatağına qısılıb yastığına göz yaşı axıdanda, şarfını boynuna dolayıb ətrini alanda, əlini yandıran əşyalarına toxunanda... daha çox ağrıdır. İllər keçir, dost-tanış səni düşünərək təsəlli verir, "zaman bütün yaralara məlhəmdir" şablonu səslənir, sənsə hələ də onun küçədə yad səslərə qarışmış cingiltili gülüşünü eşidirsən, ətrini havada hiss edib o qoxunun dalınca düşürsən. Yad üzlərdə övladının cizgilərini tapıb onlara doğmalaşırsan. Uzun illər sonra da evə girəndə divarlar üstünə gəlir. Bütün gün işdə, küçədə, görüşlərdə güldüklərin təkliyində hönkürtü olub ciyərlərindən qopur. Ürəyini növbəti dəfə yenə bir əl sıxıb əzir, sevinirsən "bu dəfə son olar, ölərəm, canım qurtarar" deyə. Amma son gəlmir. Sən yenə itirdiyin övladından sonra hələ də yaşadığının ağrısı ilə dərin bir ah çəkib rutininə qayıdırsan... Şəhid övladların ruhu əzizlərinin köksündən qopan ahlara, saçlarının ağına, alınlarının qırışlarına köçər. Hər şəhid bir itki deyil, ataların insultu, anaların ağaran telidir...
"Bir nəfərin ölümü faciə, min nəfərin ölümü isə statistikadır" aforizmi müharibə dönəmlərində və sonra təəssüf ki, təsdiqini tapır. Düzdür, ah-vay etmək çıxış yolu deyil, qalibə yaraşmır, qələbəyə də apara bilməz. Amma nə olursa olsun, bu torpağın şəhid qanları, onların sönən ocaqları, vaxtsız qocalan valideynlərinin ağaran saçları hesabına geri döndüyünü də unutmamalıyıq.
Bir ilə yaxındır ki, iş stolumun üstündəki kitab haqqında yazmağa çalışıram. Götürüb bir neçə səhifə oxuyuram, yenə gözlərim yaşarır, az sonra dilimin altına bir validol tabletkası qoyub hava almaq üçün eyvana çıxıram, "bu gün qalsın" deyə sabah mütləq yaza biləcəyim ümidi ilə günlər bir-birinə calanır. Yazmaq isə borcum(uz)dur. İnsan unutqandır. Xatırlayanları da xatırla(t)maq lazımdır ki, minnətdarlıq hissi epidemiya kimi yayılsın, hamımız şəhidlərlə qürur duyduğumuz kimi, onlara minnətdar olduğumuzu da unutmayaq.
Ədəbiyyatşünas, şair Təranə Məhəmmədqızının "Göyçayın Qarabağ sevdalıları" (2021) kitabından danışıram. Adından da göründüyü kimi, kitabda 1-ci və 2-ci Qarabağ müharibələri zamanı şəhid olmuş göyçaylılar haqqında oçerklər yer alır. İşğal altında olduğu 30 ildə Qarabağ hamımız üçün vətən demək oldu, ən böyük amalımıza, arzumuza çevrildi. Kitabın ərsəyə gəlməsi üçün Təranə xanım həm şəhid ailələri, yaxınları ilə söhbətlər aparıb yazıya alıb, həm də internet resurslarından itfadə edib. Xronoloji ardıcıllıq üzrə yerləşdirilən oçerklərdə həcm bərabərliyi əsasən gözlənilsə də, bəzən məlumatların az-çoxluğu məzmuna təsirsiz ötüşməyib. Hüzn ritminə köklənmiş bu kitabın hər səhifəsindən bir ağrılı-acılı tale boylanır. "Müəllifdən" bölməsində Təranə Məhəmmədqızı onu hazırlayarkən qarşılaşdığı və materialların dəqiqləşdirilməsinin bəzən planlaşdırıldığından xeyli zaman alması və s. kimi çətinliklərdən də bəhs edir. Kitab necə müəllifin bir əli ürəyinin üstündə yazılıbsa, eləcə də əlin ürəyinin üstündə oxunur.
Təranə xanım bu həyatda tanıdığım ən həssas qəlbli insandır. Şəhidlər haqqındakı kitabı gözünün yaşı, ürəyinin qanı ilə yazdığı hər səhifəsindən bəllidir. "Göyçayın Qarabağ sevdalıları" çılpaq statistikadan ibarət deyil, bu işi idarələr də görürlər. Müəllif şəhidlər haqda məlumatla yanaşı, bəzən özünün, bəzən də başqa müəllifin şeirlərindən nümunələr verərək sözünü qüvvətləndirir - şəhid ağrılarını ədəbiyyatlaşdırır, bəzən onların da dilindən şeirlər yazır. Nəticə etibarilə, Göyçay şəhidləri adına "dastan bağlayır". Bəzən dost-tanışların yaddaşından süzülüb gələnlərə Təranə xanımın öz xatirələri də qarışır, çünki bu rayonun şəhidlərindən kimisi ilə əqrəbalığı, kimisi ilə yaxın tanışlığı var, yaxud sonradan ailələrinə baş çəkmək, dəstək olmaq üçün get-gəl edib.
"Göyçayın Qarabağ sevdalıları" şəhidlərin tale kitabıdır - hərəsi haqqında bir neçə səhifəyə cəm olmuş yığcam, məlumat xarakterli mətnlərin arxasında hər birinin roman ola biləcək həyatı gizlənir. Doğulduğu kənd, ailə, təhsil aldığı məktəb, xidmət çəkdiyi hərbi hissə, şəhid olduğu torpaq bir insanın haqqında nə qədər məlumat verə bilirsə, o qədərini oxuyuruq və yazılmayanların arxasında hər şəhidin çiçəklənməyən arzularına, nakam sevgisinə, çin olmayan xəyallarına üzülüb ağlayırıq.
Kitabda bir neçə şeiri də verilən şəhid Xəyyam Hüseynovun:
Adıma şeirlər, nəğmə yazmayın,
Ruhumu ovutmaz beş-altı kəlmə.
Qırın zəncirləri, keçin sərhədi,
Ən böyük rəhmət də bu olar, məncə!
- misraları bütün şəhidlərin dilindən verilən şəhadət himni kimi səslənir. Onlar can qoydular ki, bu torpaq azad olsun, vətəndaşımız beyinlərdəki buxovlardan, zəncirlərdən qurtulsun.
Əslində mövzu, kitabdakı ağrının miqyası elədir ki, çox söz demək olmur. Bu kitabı ərsəyə gətirməklə Təranə xanım həm də özünün bir Qarabağ - Vətən sevdalısı olduğunu nümayiş etdirir. Şəhidlər canı, qanıyla vətənə qurban gedərkən, əlbəttə, bütün yazılanlar da, görülən işlər də, sadəcə, dəryada damladır. Bu kitabın nümunəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş istənilən başqa əsər kimi, "Göyçayın Qarabağ sevdalıları" - yaddaş kitabıdır, unutmağa qoymayan; şəhidlərin hər oxuda yenidən doğuluşu, yaddaşlarda əbədi diriliyidir. "Göyçayın Qarabağ sevdalıları" - fidanlar cücərsin deyə torpağımızı qanı ilə suvaran şəhidlərin ruhu qarşısında təzim aktıdır, vəfa borcudur, "unutmuruq, unutdurmuruq" çağırışıdır. Bir az da təsəllidir. İnsan dəyişə bilməyəcəyi nəsnələrin dərdini çəkdikcə həyat cəhənnəm əzabına çevrilir. Şəhidlər üçün, əslində isə özümüzü ovundurmaq üçün yeganə edə biləcəyimiz onları, qəhrəmanlıqlarını unutmadan xatırlamaq, sözlə, sənətlə onlara heç olmasa yaddaşlarda heykəl qura bilməkdir.
13 iyul
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!