Azər TURAN
1976-cı ildə Ədəbi proses müşavirələrinə başlayan Ədəbiyyat İnstitutunun məqsədini Yaşar Qarayev belə təyin edirdi: "Carilik "onun fəaliyyətinə məhdudluq və emprizm gətirməməlidir. "Proses" anlayışı müəyyən hüdudlarda tamlıq və bütövlüyü, vəhdət və sistemi, baş verən, cərəyan etməkdə olan canlı ədəbi gerçəkliyi nəzərdə tutur. Çılpaq, empirik "fakt həqiqəti" ilə yox, məhz "prosesin həqiqəti" ilə nə dərəcədə uğurlu şəkildə məşğul ola bilməsi onun müasirlik və professionallıq simasını müəyyən edən meyar seçilə bilər".
Yaşar Qarayevin fikirləri tamam fərqli zaman müstəvisində, fərqli epoxada, fərqli əsrdə, ümumiyyətlə, fərqli formasiyada söylənsə də, bu gün də aktuallığını saxlayır. Prosesin şərhi yeniliklərin icmalı deyildir, yəni mühüm olan fakt həqiqətinin ifadəsi deyil, prosesdəki dinamikanın şərhidir.
Mənə elə gəlir ki, fakt həqiqətini ifadə edən icmalların ədəbiyyat tarixi baxımından önəmi nə qədər çoxdursa, Azərbaycanda 1976-cı ildən dövriyyəyə girən icmal janrı dünya ədəbi prosesinə adekvat olaraq estetik proseslərin tutaq ki, Azərbaycan ədəbiyyatına tətbiqi, yaxud bunun müqayisəli təhlil imkanlarını məhdudlaşdırır.
İlin ədəbi yekununu qiymətləndirmək ənənəsi rus tənqidindən gəlir. Bestujev-Marlinskinin "Polyarnaya zvezda" jurnalında dərc olunmuş ədəbi icmallarını nəzərdə tuturam və burda diqqəti ilginc bir məqama yönəltmək istəyirəm. Bestujev-Marlinskini rus tənqidində ədəbi icmal janrının yaradıcısı hesab edən Belinski "1847-ci il rus ədəbiyyatına bir nəzər" məqaləsində qeyd edirdi ki, "1847-ci ildə ədəbiyyatda heç bir yenilik baş vermədi". Amma buna rəğmən, həmin il Gertsenin "Kimdir müqqəssir", yaxud Qonçarovun "Adi əhvalatlar" romanları çap olunmuşdu. Belinski həmin icmalında rus ədəbiyyatında natural məktəbin gəlişməsindən danışır və əsərlərin təhlili zamanı da bu məsələni qabardırdı. Söhbət tənqidi realizmin ilkin mərhələsindən gedirdi. Belinskiyə görə, mühüm olan rus ədəbiyyatının həmin dövrdə hansı ədəbi-estetik məhvərdə cərəyan etməsi idi və bu, daha önəmliydi.
Məncə, prosesi dəyərləndirmək üçün bu üsul daha etibarlıdır. Doğrudur, poeziyada cərəyanlaşma axınları birmənalı qəbul edilməməlidir. Azərbaycanda bəzən o, imitasiyalara meydan açır, təqlidə səbəb olur. Cəmil Meric deyirdi ki, "İzmlər idrakımıza geydirilmiş dəli köynəkləridir. Etibarları mənşələrindən gəlir. Hamısı da Avropalı". Təbii ki, izmlər hər zaman dəli köynəyi olmur. Bəzi cərəyanlar, fəlsəfi təlimlər vardır ki, onlar mütləq mənada dərindən öyrənilməlidir. Məsələn, son yüz illik ədəbiyyat tariximizin tədqiqində hələ də diqqət yetirilməyən, yaxud az diqqət yetirilən cərəyanlardan biri də pozitivizmdir. Bu cərəyanın varlığını nəzərə almadan XX yüzilin 20-ci illərinə qədər həm Türkiyədə, həm də Azərbaycanda yaranmış modern poeziyanın doğru-dürüst təsnifatını vermək mümkün deyildir.
Digər tərəfdən, bədii metod anlayışı yalnız cərəyanlarla bağlı hadisə kimi dərk oluna bilməz. XX yüzilin təkcə ədəbiyyatına və sənətinə deyil, ideoloji düzəninə belə təsir göstərən Berqsonun həyat fəlsəfəsi bəzən bütün cərəyanların altyapısını təşkil edir. Modernist Marsel Prust da, tənqidi realizmin nəhənglərindən Tomass Mann da, ekzistensialist Sartr da, sürrealistlər də Berqson fəlsəfəsinin təsiri altındaydılar.
***
Azərbaycanda 2022-ci ilin poeziya mövsümü Anarın "Yanvar şeirləri" ilə başladı. Koronavirus pandemiyasından sonra yaşadığımız Zamanın tablosunu (və yeni tabularını) əks etdirmək baxımından bu şeirlər çox səciyyəviydi. Qürub estetikasında yazılan "Yanvar şeirləri"ndə Zen fəlsəfəsi də, həyatın sufiyanə dərki də var idi, Hindistan müdriklərinin təlimlərinə də göndərmələr edilirdi. Amma Hindistan müdriklərinin "insan öldükdən sonra bu dünyaya yenidən qayıdır" fəlsəfəsi həmin şeirlərdə fərqli məcrada davam etdi.
Təbii ki, "Yanvar şeirləri"nin yazıldığı ruhsal zaman metafizik anlam daşıyırdı. Çünki pandemiya günlərində dünyanın özü də metafizik örtüyün arxasındaydı:
Bəlkə də haqlıdırlar
Hindistan müdrikləri
Ölən insan da bir gün
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağactək, gül-çiçəktək.
Quşları ovlayırlar,
Balıqları tuturlar,
Ağacları kəsirlər,
gül-çiçəyi dərirlər,
yenə məhv olur dönən,
Mən hansıymışam görən?
Tutalım, lap belədir,
Dünyamı dəyişərkən,
Bir də dönəcəm geri
Kim tanıyacaq məni?
Dünya bir pəncərədir.
qapatma pəncərəni...
Anar poetik keçid qurur, keçidin o üzündə xəyal gücünün eşitdiyi sükut var.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri
Məlul-məlul baxırlar
Oranın ünsiyyəti
bəlkə susub baxmaqmış...
Əslində kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə onlardı oyaq
Biz burda yuxudayıq.
Yuxarıda Berqsonu xatırlatmışdım. "Yanvar şeirləri"ndəki zaman da elə Berqsonun təyin etdiyi parçalanmaz zamandır. Müəllifin təxəyyülü hər üç zamanın - yaxud bütöv zamanın içində cərəyan edir...
Anarın bu şeirlərdən bir ay əvvəl yazdığı və eyni ruh halını bölüşən "Təhminənin son sirri" hekayəsində röyada maska taxmaq daha ciddi şəkildə önəmsənilirdi. Spartak koronavirusa yoluxmasa da, onda alzheimer xəstəliyi başlamışdı. Bu xəstəliyin əlamətləri isə özünü tədricən göstərir - yaddaş tədricən, yavaş-yavaş itir: "Həkim dedi ki, bir-iki aya az qala öz adını da unudacaqsan".
Bu dəfə ənənəvi Sartr qənaətinə ehtiyac qalmır. Çağımızda "Başqaları cəhənnəmdir" qənaəti də öz estetik cazibədarlığını itirib. Çünki bir azdan başqaları da olmayacaq. Tək qalan insan bir azdan öz adını da unudacaq. Hətta özü üçün yoxa çevriləcək, nəinki başqalarını, hətta özünü də xatırlamayacaq.
***
1950-ci illər Amerikan cazında Ellinqtonun Bibliya motivlərindən interpretasiyasında "İlahi, mən burdayam" musiqisi səslənmişdi. Yəni Tövrat mətni ilk dəfə caz ritmində oxunur, sanki atılmış və unudulmuş insan özünü Allahın yadına salırdı.
Mahir N.Qarayevin "Yerin-göyün Tanrısı" silsiləsindən yazdığı "Qarışqa" şeirində də Tanrıya xitabən belə bir səsləniş var: "Quyumu dərin etmisən - / əlim çıxıb ipindən; / Dualarım çatmır sənə / bu çuxurun dibindən..."
Absurd və ekzistensial dalğa "Qarışqa" şeirinin həm fonunda, həm də obyektivdəki varlığın fiqurunda - qarışqanın hərəkətində, təhkiyəsində şeirin sonuna qədər davam edir: "Qolubağlı bir qulunam, dayanmışam yolunda - / gözləyirəm, / Tanrım gəlib yoldan haçan keçəcək; / Uzaqbaşı gəlməyəcək, / keçməyəcək bu yoldan..." Misralar fərqli intibalar doğrur. Həm Bekketin Qodonun intizarındakı Qodo ilə bağlı gözləntini, həm də Quranın "Nəml" (Qarışqalar) surəsindəki "Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər!" ayəsini. Mahir Qarayev poetik metamarfoz yaradıb. İnsan Tanrının hüzuruna qarışqa obrazında çıxır, Süleymana və Süleymanın ordusuna deyil, birbaşa Tanrıya xitabən: "Sən - tapdayıb ucalansan, / Mən - tapdanıb kiçilən, / kiçildikcə içimdəki tifil Tanrı filləşir; / Qarışqaya dönən filəm / ayağın altında mən - / ayağının altına bax, gör əlinə nə keçir... / Gör əlinə nə keçəcək / qarışqadan, ya fildən - / bəs gözünə özün boyda Tanrı dəysə qəfildən?!" - deyir. Şərq düşüncəsində Mənsur Həllac, Nəsimi, yəni Ənəlhəq kultu vardır. Kafka isə qəhrəmanlarından birini böcəyə çevirmişdi. Qərb insanı böcəkləşdirməkdə, Şərq isə tanrılaşdırmaqda mahirdir. Belə deməklə nəyi xatırlatmaq istəyirəm? Onu ki, əslində belə şeirləri yazmaq, yaza bilmək üçün şair çox mənbələri - həm Tövratı, həm Quranı, həm Bekketi, həm Sartrı, həm də Nəsimini bilməlidir. Qaldı ki, ifadə olunan sözlərin yeretik əhval-ruhiyyəsinə, zahirən yeretizm kimi görünsə də, türk şeirində bu üslubun altı yüz illik ənənəsi vardır. Bilmirəm, fikirlərim necə qarşılanacaq, bəzən bizi cəzb edən, bizə heyrətamiz görünən və postmodernizmdə mətnin dekonstruksiyası adlandırdıqları bədii üsulun türk şeirində ən azı altı yüzillik tarixi var. Bu baxımdan Yunis Əmrənin şədhiyyələrini örnək göstərə bilərik. Qayğusuz Abdal da şədhiyyələrinin birində "kıldan köprü yaratmışsın, /Gelsin kullar geçsin deyu, / hele biz şöyle duralım, / yiğit isen geç a tanrı" - deyirdi. Nəsiminin müasiri Qayğusuz Abdal küfrə yuvarlanmamışdı. Tanrını təsəvvüf gözüylə görürdü. Təsəvvüfdəki mərhələlərin anlamı isə zahirdə deyil, batində, məna dərinliklərindədir. Mahir Qarayevin "Qarışqa" şeirində olduğu kimi... Bu şeiri yaradan təsəvvür və təfəkkür postmodernlə təsəvvüfü çuğlaşdırmaq gücündədir.
Ədəbi proses anlayışına bir də bu rakursdan yanaşmalıyıq. Müəyyən hüdudlarda tamlıq və bütövlüyü, vəhdət və sistemi, baş verən, cərəyan etməkdə olan canlı ədəbi gerçəkliyi nəzərdə tutaraq.
Yeri gəlmişkən, xatırladım ki, ötən il Azərbaycan Yazıçılarının XIII qurultayında akademik İsa Həbibbəylinin məruzəsi "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ədəbi cərəyanlar mərhələsi" adlanırdı və elə indi haqqında danışdığımız bu məsələlərə həsr olunmuşdu. Təəssüf ki, qurultayla bağlı yalnız cari, adi, ədəbiyyatətrafı məsələləri müzakirə edən sosial mediada yazıçıların qurultayı üçün yenilik baxımından səciyyəvi olan həmin problem müzakirələrdən kənarda qaldı. Halbuki, ədəbiyyatımız üçün indi ən mühüm olan budur.
Ədəbiyyata, o cümlədən poeziyaya cərəyanlar, izmlər rakursundan yanaşılmasına ciddi ehtiyac vardır. Bu tendensiya Türkiyədə, az qala, yüz ildən çoxdur ki, dövriyyədədir. Azərbaycanda belə müzakirələr ötən əsrin 30-cu illərinə qədər davam etdi və 1937-ci ildə bunun qarşısı alındı. "Vahid axın" nəzəriyyəsi, tənqidi realizm anlayışı nəzarətə götürüldü. Azərbaycanda hətta 1905-1906-cı illərdə simvolizm, dekadentizm, hətta pessimizm (ziştbinlik), pozitivzm müzakirə predmetiydi. Bu cərəyanlar barədə Əli bəy Hüseynzadənin fikirlərini, Abbas Səhhətin sentimentalizm haqqında yazılarını, Bəkir Çobanzadənin ədəbi cərəyanlarla bağlı mülahizələrini nəzərdə tuturam. Hətta Hüseynzadə pessimist Hartmanın fəlsəfəsini Bakı əhalisinin nümunəsində təhlil edirdi.
İndi isə tutaq ki, pessimizm Eminqueyin yaradıcılığında az qala, bədii metoda çevrilib. Amma o, həm də öz şeirləri ilə varlıq, varoluş mücadiləsi verir, yazdıqları ekzistensial mətnlərdir. O da Tanrıya səslənir: "Burdayam, ömür adlı quyunun içində". Mahir N. Qarayevin Tanrıya xitabən "Quyumu dərin etmisən - / əlim çıxıb ipindən; / Dualarım çatmır sənə / bu çuxurun dibindən..." misralarına rəğmən, Eminquey "Ürəyim Tur dağı, Hira dağıdı / - səninlə əlaqə saxlamaq üçün" - deyir. Teoloji mətnlərlə bağlantılar qurulduqca çağdaş Azərbaycan şeirinin mənəvi duruşu daha dərinlərə və ucalara sirayət edir, obrazlar sistemi qədimləşdikcə, mistik təsəvvürlər də cavanlaşır:
Bu quyu ömürdən hey qışqırıram,
"səsimi duyursan, ey?!"
- qışqırıram...
Başını quyuya əy, qışqırıram,
varmısan? yoxmusan? yoxlamaq üçün.
Göydən adam endir, düzünü göstər,
haqq bizdən gizlənib, izini göstər,
nurun göz tuturmuş...
üzünü göstər,
bir gün gözlərimi bağlamaq üçün...
"Ürəyim Tur dağı, Hira dağıdır" deyəcək qədər müqəddəslik məqamına yaxın və məhrəm olmaq, ictimai, sosial mahiyyətli problemləri, dərdləri də burdan söyləmək həm də onları estetik haləyə bürüyüb dilə gətirmək, əlbəttə, Eminqueyin timsalında çağdaş Azərbaycan şeirinin uğurları sırasındadır. Eminquey barədə yazdığı "Qollara sığmayan tənhalığın şeirləri" məqaləsində professor Cavanşir Yusiflinin dediyi kimi, "Eminqueyin şeirlərində məkan bəllidən bəllidir, məkanın, mənəvi ərazinin bir qatını qaldırsan altından insan dərdlərinin torpağı görünər və görünür..." İnsan dərdlərinin torpağı göründüyü yerdən "nurun göz tuturmuş... / üzünü göstər, / bir gün gözlərimi bağlamaq üçün" təmənnasını Hz. Musanın Tur dağındakı istəyi ilə qovuşdurmaq, qədim mətni bu şəkildə cavanlaşdırmaq şeir üçün gözəl tapıntıdır.
Habil Rzanur da sanki özünü Allahın yadına salır. Xaçmazda bağbanlıq edən bu gənc şair sosial şəbəkələr olmasa, yazdıqlarını təqdim etmək həvəsində də deyil. Amma çağın ən gözəl şeirlərini həm də o yazır. Nəfəsi, intonasiyası, obrazlar silsiləsi də yalnız özünə məxsusdur. Habil Tanrıya xitabən, "Mən burdayam. İlahi" demir, "Mən elə çox darıxıram, İlahi..." deyə Tanrıya səslənir. "Mən elə çox darıxıram, İlahi" şeirini 2022-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc etmişdik. Şeirin poetikası və sosioloji məzmunu o qədər həmahəng idi ki, Habilin xüsusi ədəbiyyat təhsili almamasına yalnız təəccüblənmək olardı. Bu yaxınlarda yeni şeirlərini dərc etdik. Yenə də darıxmaqdan yazırdı. "Salam, çox darıxmışam" şeiri də əvvəlki "Mən elə çox darıxıram" şeiri kimi sırf poeziya nümunəsiydi. Birinci şeir Allaha, ikinci isə qadına ünvanlanmışdı. Rzanur yaxşı mənada darıxmağın labirintindədir. Onun darıxmağı estet bir şairin darıxmağıdır. Ədəbi hadisədir. Razılaşaq ki, bu miqyasda darıxan şair Azərbaycan poeziyasında nadir hallarda görünür.
Nə sənə zəng çatmadı,
Nə də Allaha duam.
Nə sən Allah deyilsən,
Nə də Allah sən deyil.
Bir aman vermədin ki,
Günahlarımı yuyam.
Mən səndən nigaranam,
O, məndən küsən deyil.
İndi kimi sevim ki,
günahım tez yuyulsun.
Sənə bir sirr açıram,
bax aramızda qalsın.
Səndən sonra öyrəşdim,
Elə onu sevməyə.
O da məndən beşbetər tənhalıqla əlləşir.
Biraz bacarıqsızam.
O işində ustadır,
Anlayır bu işləri, ustalıqla əlləşir.
Şair kimi yazmıram
bu məktubu inan ki,
darıxan şair olmaz.
Mənim şairliyim də
səninlə getdi sanki.
Gül kimi məhəbbəti,
şeirin ümidinə buraxan, şair olmaz.
Beş on cümlə yazmışam,
hamısı da yalandı.
Bircə müqəddəsliyin,
yalan deyil bilirsən.
Əsl şairlər kimi siqar-siqar bitirəm.
Ciyərimi yandıran,
O müqəddəs tərsliyin,
yalan deyil bilirsən.
Yazmadım ha, oxuyub
cavab yazasan deyə...
Yazmadım ha, ölürəm,
can verirəm, xəstəyəm.
Yazdım xəbərin olsun
ölməyi bacarmadım,
hələ ayaq üstəyəm.
Günümə bax bir mənim,
Guya məktub yazmışam,
salamı yaddan çıxıb.
Neyləyək, karıxmışam
salamsız məktub olar!?.
Salam;
Çox darıxmışam.
Habilin şeirlərindəki ritm, harmoniya fitri şairliyinin bəhrəsidir. Darıxan insanın varoluşunu dəqiq əks etdirir.
Ötən il Səlim Babullaoğlunun xarici ölkələrdə kitabları, "Ədəbiyyat qəzeti"ndə esseləri dərc olunsa da, Beynəlxalq Muğam Mərkəzində ədəbiyyat bayramı səviyyəsində "Sözün də su kimi lətafəti var" adlı Poeziya Gecəsi keçirilsə də, şeirlərini, eləcə də XX əsr Avropa şairlərindən etdiyi tərcümələri oxusa da mətbuatda onun yeni şeirləri dərc olunmadı. Amma Babullaoğlu fb səhifəsində "Mirzə Səfi(l)in nəğmələri" silsilsəsindən yazdığı bir neçə şeirini paylaşdı. Mirzə Səfi(l) Pol Valerinin Müsyö Testi kimidir. Səlim Babullaoğlu realistik olan incə bir cizgi ilə ironik planda, yazının sıfır temraturunda və dondurulmuş (dondurduğu) hisslərə rəğmən bu dəfə də gerçəkliyin şeirini yazdı:
Xəbər lentlərinə göz atır Mirzə Səfi(l)...
Xəstədir, yatağında
varlıq və yoxluq barədə düşünür
Mirzə Səfi(l),
bir də kommunal xərcləri.
Düşünə bilir deyə
durumundan narazı deyil.
Arada ağlını məşğul edir
xəbər lentləri:
"Zaha Elcandan yenilik!
Şok olacaqsız!
İndiyəcən belə bir şeir oxumadız!"
Düşünür ki:
a) Əvvəla niyə şok olsun?!
b) Və nə vaxtsa oxumuş olsaydı
belə bir şeiri,
plagiat sayılmazdımı indiki?
Pəhriz saxlayır,
uzaq durmaq istəyir sözdən -
şeir olmaq istəyirsə əgər,
bir də ki, xüsusən feli qafiyələrdən.
Xəbər lentlərinə göz atır, Mirzə Səfi(l)
"Mirzə Səfi(l)in nəğmələri" informativ və fəlsəfi şeirlər silsiləsidir. Plagiat barədə oxucu ilə fikir mübadiləsidir. Xəbər lentlərindəki bəsit zehniyyətə ironiyadır... Hətta adı "Mirzə Şəfinin nəğmələri"nə dekanstruksiya kimi görünən "Mirzə Səfi(l)in nəğmələri"nin yaxın gələcəkdə poeziyamızda xoş və xəfif postmodern rüzgarı əsdirəcəyinə inanıram.
Səlim Babullaoğlu ötən il eyni zamanda Faiq Sücəddinovun bəstələdiyi "Zəfər simfonik poemasını"nın, "Şuşa" simfonik əsərinin mətnlərini yazdı.
Şuşa ilində İlqar Fəhmi də "Şuşada qəhrəmanlıq möcüzələri göstərən ölümsüz cavan igidlərimizin dilindən" "Zərb ritmində döyüş marşı"nı qələmə aldı. Marş Fəhminin dediyi kimi zərb ritmindədir. Əlavə edim ki, əvvəlcə Namik Kamalın, sonra Səid Səlmasinin, daha sonra 1918-ci ildə Bakıda türk əsgərlərinin oxuduğu marşların üslubunda, bəlkə də eyni leksikonda yazılan bu əsər müstəqillik dövrü poeziyamızın maraqlı örnəklərindən biridir və 2022-ci ilin 15 yanvarında "Ədəbiyyat qəzeti"ndə dərc olunan bu marşla Şuşa ilk dəfə hərbi marşımızın mətninə daxil oldu. Könül istərdi ki bəstəkarlarımız bu "Zərb ritmində döyüş marşı"na da musiqi bəstələsinlər və o, Şuşadakı əsgərlərimizin hərbi marşına çevrilsin.
2022-ci ildə İlqar Fəhmi Şuşa estetikasını bütün əlvanlığı ilə əks etdirən "Şuşa ekspressiyası"nı da yazdı: "Xəyalı dağınıq, fikri qarışıq, baxışı utancaq, ruhu həyalı, gah bir mələk, gah su pərisi olan" Şuşanı əzizlədi:
Sən mənim Şuşamsan, hər dəfə fərqli...
Bir xəyal kimisən, gah görünürsən,
Gah yoxa çıxırsan duman içində".
Xanəmir ötən il "Şəhid" şeirini yazdı. Şeirdə Xanəmirin gizli dilinin - quşdilinin dərinliklərində ilk dəfəydi ki, diqqətimi bir eşq seyrəngahı - şəhidlər baxçası, necə deyərlər, bir hədiqətüs-süəda cəzb etdi:
murazınız və almadığınız kam
qanı haqqın ocağında qaynadan dəm
dəmlənərək kükrəyən aydan üz almış nakam
eşqanə ehkamı ötələrdə oxudar yasin...
...günəş işığında məhşər öncəsisən
məhşərin önünə çıxanımızsan
əzəlimizsən (bundan sonra) torpaqsan.
Yaxud Təbriz qadınlarının kəsilən saçları Urmu gölü, Bəzz qalası, Təbriz göyü, Savalan dağı, Təbriz gülü... Bəzz qalasından Ərdəbili haylayan sözlərin qarışıq düzümü Vətənin cənubdakı qisminin ağrısını şəkilləndirir... Bu saçlar saç deyil, tel deyil, hörük deyil, milyonlarca kəsilmiş biləyin eşqə ərki, milyonlarca kəsilmiş əlin Tanrıya uzanan duasıdır:
güllər ətrini təbriz qadınlarının
saçlarına verdilər...
çiçəklər əcəlini o saçlarda bulub
dirildilər yenidən yazda...
saç saç üstə qalanır
ətir ətirə qarışır
kəsildikcə saçlar çoxalırdı o bihuşu o nuru...
arazın o tayından üç tel göndər
sızladım sazımda
günəşi mizrab edib yaxım cahanı
qoy beləcə titrəsin ərşin dabanı
urmu gölü bəzz qalası savalan dağı
urmu gölü təbriz göyü quşların
lələyindən qurulan eşq hanası
savalan dağı təbriz gülü səs yanğısı
bəzz qalası haqq leylasında
ərdəbil ərdəbil haylasın...
Vahid Məmmədlinin "Yuxu" şeiri də bəlli anlayışlar barədə yeni baxışlar sırasını sərgiləyir. Mark Şaqalın sürrealist üslubda çəkdiyi rəsmləri xatırladan "Yuxu"da fiqur-fon harmoniyasını rəngarəng işıqların qoynunda sarısaçlı bir körpə və ağsaçlı bir qocanın sayrışması gerçəkləşdirir. Körpə zamansızlıqdan keçir. Sürreal obrazlarla süslənmiş "Yuxu" bir röyanın içinə sıxılmış ömrün hekayətidir. Şeirdə nə keçmiş, nə indi, nə də gələcək zaman var. Şeir bütöv zamanın içində cərəyan edir, hər şey Tanpınarın təbiriycədir, röya kosmosla insanın birləşdiyi məkandır. Və bu kosmosda işıq işığa, gələcək keçmişə qovuşur. Dairə qapanmır və zaman bölünmür... Zaman davam edir. Həyatın fəlsəfəsi barədə pritça təsiri bağışlayan bu şeir neosufizmin poetik örnəklərindən hesab olunmalıdır.
Ulucay Akifin poetik yolu hansı estetikalara yönəlib, bunu ayırd etmək olmasa da tutaq ki, "Bayılda axşamçağı" şerinin intonasiyası Yenidir. Bayıl axşamları Ulucaya Allahı xatırladır. Günəş dağların arxasında qürub edəndə, neft iyi dəniz qoxusuna qarışanda, yanından adamlar, ağaclar, dəniz ötüb keçəndə, Bibiheybət məscidindən azan səsi ucalanda... "Sən yadıma düşürsən" deyir.
Və hər axşamçağı
adın çiçəkləyər dodağımda
hardan gəldiyini bilmədiyim
bir ümid cücərər içimdə.
Ya Rəbb, nə yaxşı ki,
bu şəhərin, ağacların,
bu dənizin, dalğaların,
balıqçıların, balıqların
ümidi kədərindən az deyil.
Digər tərəfdən, Ulucayın şeirlərində metaforalar sayrışır. Küçə lampaları kimi söndü gülüşün / bir-bir, asta-asta, həm də / səhərə yaxın..." kimi gözlənilməz metaforalarla zəngin şeirlərində o, impressionistdir. Ümumiyyətlə, Ulucay yeni poeziyamızı yaradan maraqlı şairlərdəndir.
2022-ci ildə "Seçilmiş şeirlər" kitabı nəşr olunan Nigar Həsənzadə də öz içindəki zamanın şairidir. O da hər üç zamanı özünün vahid zamanında təfsir edir, şəkilləndirir. Bütöv zamanı öz təxəyyülünə hopdurur və öz içindəki zamanın şeirini yazır. Onun lal qapısını Afinalı Taysdan Janna Darka qədər azadlıq duyğusu baxımından ruhibir olan neçə min ilin qadınları döyür... Nigar da azadlıq düşüncəsinə görə onlarla bir zamanın ortağıdır... Fəridəddin Əttarın "Məntiqüt teyr"indəki "Bu da keçər" pritçasının yeni poetik ampluada təfsirindən tutmuş oğluna yazdığı şeirə qədər Nigar Həsənzadə bölünməz zamanın içindədir. Axmatova təhkiyəsini xatırladan bir dildə söylənmiş bu misraları da o, hələ dünyaya gəlməmiş körpəsinə ünvanlayıb: "Dilini duaya öyrədəcəm ki, // Açaq qəlbimizi bir-birimizə".
Nigarın şeirlərində də estet meyillər dominantdır. O, həm həyatın fəlsəfəsini şeirləşdirir, həm də klassik sufi mətnlərinin üzərində antitezislər qurur. Fəridəddin Əttarın "Bu da keçər" məsnəvisinə göndərmə edərək yazdığı eyni adlı şeirdə Həsənzadə "Məntiqüt teyr"dəki hekayəti yeni dövrün, yeni zamanın mətnində aktuallandırır. Yada salır ki, "zəfər soraqlı sonluğa qədər" bu dünyada əzablara bəraət yoxdur.
Səddam Laçın ötən il "Ədəbiyyat qəzeti"ndə silsilə şeirlərini dərc etdirdi. "İlayda" şeiri Səddamı yeni ədəbi-estetik iqlim qurşağının şairi kimi dəyərləndirməyə haqq verir. Ümumiyyətlə, Səddam Laçın şeirlərini tezis-antitezis üzərində qurur. "Səndən gözəl olmasın" şeirində də belədir, "İlayda" şeirində də. "İlayda"da təsvir olunan dilənçi qızın adı İlaydaydı. İlayda - Su Pərisi. Yaxud, "Dilənən su pərisi!". Şeir dramatik səciyyəsinə görə də, hümanizminə görə də hədsiz maraqlı mətn kimi yadda qaldı.
2022-ci ildə "Ədəbiyyat qəzeti"ndə Sabir Rüstəmxanlının "Bitməz yolçuluq" şeiri dərc olundu. Etraf etməliyik ki, indiyə qədər Turanın coğrafiyasını bu miyasda və bu vüsətlə şeirləşdirən başqa bir örnəyimiz yoxdur. Simfoniya səciyyəsi daşıyan bu şeir təkcə bizim poeziyamızda deyil, ümumən türk dünyasının poeziyasında da yeni hadisədir. "Bitməz yolçuluq" şeiri bütün türk aləmini həm keçmişi, həm indisi, həm də gələcəyilə bir yerdə əks etdirir. Ağrısı ilə, sevgisi ilə, həm də estetikası ilə birgə. Şeir, belə demək mümkündürsə, şüur axını şəklində baş verir. Və bütöv türk coğrafiyası "Bitməz yolçuluq"da sadəcə adları, ünvanları ilə deyil, gərilmiş və sıxılımış enerji ilə yazılan misraların içində etnoqrafiyası, rəngləri, inancları və s. birlikdədir. Şeirdə həssas bir məqam da var. Ümumən, türk ədəbiyyatında Baltik türkləri anlayışını ilk dəfə İsmayıl bəy Qaspıralı 1881-ci ildə yazdığı "Rusiya müsəlmanları" əsərində aktuallandırmışdı. Poeziyada isə bunu ilk dəfə ötən il haqqında danışdığım şeirində Sabir Rüstəmxanlı etdi. Özü də İsmayıl bəy Qaspıralının vətənindən keçib gedərək:
Litvada soraqladım o talesiz elləri,
Vilnüsün ortasında dipdiridir dilləri...
Gah ağlayır, gah gülür Karaim gözəlləri,
Yanğımı gözündəki yaşla sulayıb keçdim.
2022-ci ildə Rüstəm Behrudi "Ədəbiyyat qəzeti"ndə "Söz bilirəm - Məhəmməd, İsa, Musa içində" adlı qəribə bir esse yazdı. Qəribə niyə deyirəm? Yazı həm də şeir idi. Bunu bu fəlsəfi essedə təqdim olunan şeir parçalarına görə deyil, yazının mahiyyətinə görə deyirəm. Mətndə Rembrandtın rəngləri də iştirak edirdi və bu səbəbdən onu qismən intermedial mətn kimi də anlamaq olar. "Çarmıxdan endirilən İsa dipdiridi. Çünki Rembrandtın fırçasında rənglər dəlidi..." Rüstəm Behrudi bunu aşağıdakı şeir parçası ilə təfsir edir:
Və o dəli rənglərdən,
Ordan mənə bir səs baxdı,
Ağıllıdan dəli haqdı.
Olsa da bir fərqi yoxdu,
Kimin nəyin divanəsi.
Behrudi bu esse-şeiri zəngin teoloji bilgilərlə, kultroloji məzmunda yazıb. "Tanrının verdiyi ömrü, Tanrının istədiyi kimi yaşayan adam üçün Tanrını axtarmağa ehtiyacı yoxdur. Gözləyəcəksən, ya gözləməyəcəksən - Tanrı özü gələcək. F.Dostoyevski Knyaz Mışkini də, Roskolnikovu da buna inandırmışdı. Çünki edam anında o, Tanrını çağırmamışdı, edam sürgünlə əvəzlənəndə Tanrı özü gəlmişdi. Və buna görə F.Dostoyevski bütün həyatı boyu Tanrı axtarışından əl çəkmişdi. Çünki Tanrı həmişə onunla idi".
"Söz bilirəm - Məhəmməd, İsa, Musa içində" esse-şeiri fikir həyatımızın orijinal hadisələrindən biri kimi diqqətə layiqdir.
2022-ci ilin yanvarında Qazaxıstan hadisələri ilə bağlı Nəriman Həsənzadənin "Qazax şairi Oljas Süleymenova məktub" şeiri dərc olundu. Azərbaycan poeziyasının belə həssas məqamlarda siyasi müstəviyə adlaması milli şeirimizin xarakterindən irəli gəlir. 1986-cı il 17 noyabr hadisələri baş verəndə Bəxtiyar Vahabzadənin yazdığı "Ad günü" şeirinin üstündən 4 il keçəndən sonra Bakıda Yanvar qırğınları baş verdi və o zaman Oljas Bakıya gəldi. İndi Qazaxıstanda qan töküldü və Nəriman Həsənzadə Oljasın xalqının səsinə səs verdi. Bu şeirlər qazax və Azərbaycan türklərini bir-birinə bağlayan körpünün poetik qollarıdır. 91 yaşlı Həsənzadənin şeiri siyasi lirikanın yeni dövrdə, türk birliyi müstəvisində ən uğurlu nümunələrindən hesab olunmalıdır:
Görmüşəm, bilirəm nədir təkliyi,
nə gəldi, Tanrıdan, bizəmi gəldi?!
Dünən, İstanbulda - türk həmrəyliyi,
ilk görüş himnimiz gözəmi gəldi?!
Nəriman Həsənzadə istər Azərbaycanda, istərsə də Təbrizdə hecaçıların böyük əksəriyyəti üçün örnək şairlərdəndir. Yaradıcılıq təmasları da qeyri-adi şəkildədir. Bu yaxınlarda onun şair Sərvaz Hüseynoğluna həsr etdiyi poemasını dərc etdik. Həsənzadə öz ədəbi cığırdaşlarının yoluna indi də gur işıq salmaqdadır.
Dəyanət Osmanlının "İt nəfsi" poema-pritçası son illər demək olar ki, çox az təsadüf etdiyimiz siyasi lirikanın dəyərli örnəklərindəndir. Əsər "15 sentyabr Bakının erməni-daşnak işğalından qurtuluşuna" həsr olunsa da 15 sentyabrın hüdudlarını aşır. Dəyanət milli faciələrimizin tarixini şair sözüylə, amma tarixçi gözüylə yazıb. Hətta Navarində, Tripoliçedə, Orta Yunanıstanda, Egey adalarında və Naxçıvandakı faciələrimizə qədər...
"İt nəfsi" əski və yeni, qapalı, gizlin düşmənlərimizə qarşı açıq mətnlə savaşan siyasi lirika örnəyidir. PKK-dan FETÖ-yə, Asaladan İŞİDə, Baltikdən Egeyə, XIX yüzildən XXI yüzilə qədər altun piyalələrdə türk qanı içən türk düşmənləri ilə Azərbaycan poeziyasının poetik (və həm də politik) savaşı ilk dəfə Dəyanətin bu poeması ilə reallaşır.
Dəyanət Osmanlının poemasını oxuduqca onun "İlk... Və... Son" kitabına akademik Nizami Cəfərovun yazdığı "İlk və son arasında" adlı məqaləsindəki bu fikirləri xatırladım: "D.Osmanlı yalnız özünə qədərki poeziyanın üsullarını, priyomlarını, geniş mənada potensiyasını stixiya ilə mənimsəmiş bir şair deyil, həm də onu dərindən öyrənmiş bir şairdir. Onun poetik yaradıcılığında səmimi, sənət üçün vacib olan sadəlövhlüklə yanaşı, yüksək bir intellektuallıq vardır".
Məsələ burasındadır ki, Dəyanət Osmanlı Azərbaycan poeziyasında cərəyanlaşma dalğasının ilk nümunəsini təklif edən iki şairimizdən biridir. Onun Xanəmirlə birgə yaratdığı "2+Mistika" cərəyanı müstəqillik tariximizin başlanğıcında ədəbi təmayülləşmənin ilk nümunəsi kimi yadda qaldı. Turan anlayışı da yeni poeziyamızın ədəbi dövriyyəsinə o zaman Dəyanətin "Böyük çölün yovşanlığında" silsilə şeirləri ilə daxil olmuşdu. "Yeniseyin buğdayı üzündən / silkinib çıxsın yanar gözlü atlarınız / Ruhunuzu oyadın vaxtdır / Qiyamət qabağı başlayan / Yürüşünüz xeyir Turana doğru..."
Bu faktı vurğulamaqla onu xatırlatmaq istəyirəm ki, Dəyanət Osmanlı üçün Turan amili sonradan qazanılmış və indi təklif olunan yaradıcılıq fakturası deyil. Bu baxımdan, "İt nəfsi" də "2+mistika"ya, daha sonra "Avanqard"a məxsus ədəbi-estetik prinsiplərin yeni mərhələdə davamıdır.
Həmin "Avanqard" yaradıcılıq forumu" dövründə bir də Əkbər Qoşalının qurduğu "Qar çiçəkləri" ədəbi birliyi vardı və bu birlik sonralar Dünya Gənc Türk Yazarlar birliyinə çevrildi. Ötən il "Ədəbiyyat qəzeti"ndə Qoşalının "Aldanıb açılır qar çiçəkləri" şeiri də daxil olmaqla silsilə şeirlərini və "Çobanbayatı" poemasını dərc etmişdik. İndi mən "Aldanıb açılır qar çiçəkləri" şeirini əbəs yerə xüsusi vurğulamadım. Onun 25 il əvvəl yaratdığı "Qar çiçəkləri" ədəbi birliyinin estetikasını həm də indi yazdığı bu şeirdəki estetika təmsil edirdi:
"Düşmənlər ayağa, dost başa baxar" -
belə bir söz qonub el yaddaşına.
Utandım, üzünə baxa bilmədim,
gözlərim yol çəkdi ayaqlarına... -
Ağmı görməmişik, ya yaraşıqmı?.. -
yox, sənin ayağın başqadı, başqa...
bir bax, öz ürəyin sinəndə vurur,
ayrı bir ürək də ayaqlarında...
Sən yerə basırsan, ayaqdı, deyib,
məncə, bu ayaqlar uçmaq üçündü...
Belə ayaqların eşqinə qalxıb,
aldanıb açılır qar çiçəkləri...
Əkbər Qoşalının "Çabanbayatı" poemasında isə idilliya və pastorallıq kəsişir, metaforalar misradan misraya adlayır, müəllif romantik bir həyat hekayətini təsvir edərkən süjet xəttinə yaddaş ətrindən tərəkəmə həyatı ilə bağlı zəngin etnoqrafik bilgilərə, "beli duman kəmərli, zirvəsi göy sirdaşı dağlarımız"a, Türk düşüncəsindəki azad sevgi anlayışıyla din düşüncəsindəki sevgi tabularına, bədii təxəyyüldən folklor elementlərinə, Çobanbayatıdan İrfan çobanına, çobanbulağın suyundan, çoban olan peyğəmbərlərə, çoban salatından çobanyasdığı gülünə qədər çox şeyi uğurla yansıda bilib... Film təəssüratı oyadan, həm də bir eşq hekayəti olan "Çobanbayatı"nın göyüzündə kaş ki, Aya baxan çobanın gözünə bir Çoban yıldızı - türk mifolojisinə görə Çobanlar Tanrısı - Çulpan, Roma mifolojisində eşq və gözəllik ilahəsi olan Venera görünəydi və bu, onsuz da əfsunlu olan əsərin estetikasını daha da əfsunlu edərdi.
Ötən il, ədəbi tənqidlə poeziya eyni dalğanın üzərində gəlişdi. Cavanşir Yusiflinin, Rüstəm Kamalın, Elnarə Akimovanın məqalələri ədəbi tənqidə, az qala, poeziyanın ayrılmaz tərkib hissəsi kimi baxmağa imkan verir. Hətta deyərdim ki, əyara çevrilir. Cavanşir Yuisflinin Eminquey barədə "Qollara sığmayan tənhalığın şeirləri" məqaləsini yuxarıda xatırlatmışdım. Mən bu yazını Eminqueyin şeirlər kitabına yazılmış ön söz kimi oxudum. Elnarə Akimovanın El Roman haqqında "Canıyeva Göyərçin" - bir şeir və müharibənin soyuq mənzərəsi" məqaləsi isə məlum şeirin filoloji portretini təqdim edirdi. Yaxud Rüstəm Kamalın müasir poeziyaya ədəbi-estetik istiqamət verən yazıları.
Poeziyamızda prosesin həqiqəti belədir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!