2022-ci ilin ədəbi mənzərəsi əsasında
Elnarə AKİMOVA
Kontekst. 2022-ci il ölkə başçısının "Şuşa ili" ilə bağlı sərəncam sevinci ilə başladı. Yanvarın 5-i "Şuşa ili" ilə bağlı verilən sərəncam, son günü, 31-i isə Gəncə Memorial Kompleksinin açılışı bütövlükdə yaddaşa xidmət mənasında xüsusi əhəmiyyət kəsb etdi.
Bəli, otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşdu. Dövlət başçısı İlham Əliyev bu mənəviyyat qalamızı tarixin indiki aşamasında yenidən müqəddəs dəyər və sərvətə çevirdi, ona yeni minilliyin, yeni epoxanın tərəqqi hərəkatında aparıcı obraz statusu qazandırdı. Bu qərar Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıdı.
2022 - "Şuşa ili"ndə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. Buna iki mühüm nümunəni Prezident özü göstərdi. "Xarıbülbül" musiqi festivalı və Vaqif Poeziya Günlərinin təşkili Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca səslə bəyanı idi. Yeri gəlmişkən, qeyd edək ki, ötən il 40 yaşı tamam olan Vaqif Poeziya Günləri iyul ayının 15-dən 17-nə qədər davam etdi və bu poeziya bayramı "İgidlərin sözü" layihəsi, mini çərçivədə təşkil olunmuş "Məclisi-üns" və Natəvanın, Vidadinin, Vaqifin prototiplərinin iştirakı ilə Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında Cıdır düzündə təşkil edilən tamaşanın nümayişi ilə yadda qaldı.
Ümumiyyətlə, 2022-ci ildə ədəbiyyatla bağlı əksər işlər daha çox verilən dörd sərəncamın icrasına köklənməklə gerçəkləşdi: Şuşanın 270, Xurşidbanu Natəvanın 190, Hüseyn Cavidin 140, Əhməd Cavadın 130 illiyi ilə bağlı müxtəlif humanitar instansiyalarda tədbirlər keçirildi. Şuşada "Natəvan günləri" (8-9 sentyabr 2022) tədbirindən tutmuş VIII Bakı Beynəlxalq Kitab Sərgisindəki təqdimatlara qədər hər kiçik nüansda belə adı keçən mövzular daha aparıcı sırada qərarlaşdılar.
Danılmaz faktdır ki, onların yubileyləri ilə bağlı hazırlanan təqdimatlar, səslənən fikirlər istər-istəməz bu klassiklərin yaradıcılığına ayıq bir münasibət formalaşdırır, onları yeni nəslə tanıdır və ilk növbədə, klassikanı müasir ədəbiyyatla birləşdirməyə və həmin ədiblərin yaradıcılığına müasirlik prizmasından yanaşmada prinsipial mövqe ortaya qoyur.
"Azərbaycan" jurnalı ötən il bütün buraxılışlarını Prezidentin "Şuşa ili" sərəncamına uyğun olaraq Qarabağa, Şuşaya həsr etdi. Qəzetin baş redaktoru İntiqam Qasımzadə "Salam Şuşa" məqaləsində qeyd etdi ki, "Azərbaycan" jurnalı böyük ruh yüksəkliyi ilə Prezidentin çağırışına qoşularaq, il boyu öz nömrələrində "Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış" (İlham Əliyev) Şuşa şəhəri, onun tarixi keçmişi, mədəni həyatı, memarlığı, xalq sənəti, dünya şöhrətli şəxsiyyətləri haqqında biri-birindən maraqlı elmi, publisist yazılar, poetik nümunələr, nəsr əsərləri dərc etmişdir. Bu yazıların hər birində yeni faktlarla yanaşı, ölkəmizin bu müqəddəs, bənzərsiz məkanına ziyalılarımızın - yazıçı və alimlərimizin hədsiz sevgisi duyulmaqdadır".
"Qobustan" sənət toplusu Şuşa ilə bağlı özəl say hazırladı. 2021-ci ildə yanvar və fevral saylarını Qarabağa, Şuşaya həsr edən və "Xüsusi buraxılış" hazırlayan "Ulduz" jurnalı ötən il də meydan verdiyi mətnlərlə bərabər, jurnala məxsus olan "Özümlə söhbət", "Dərgidə kitab" layihələrinin ana xəttində əsas qayə və vurğu Zəfərdən sonra yaranan ən yeni ədəbiyyatın isti nəfəsini görükdürmək istəyinə yönəldi. Eyni fikirləri "Xəzan" jurnalı haqqında da səsləndirmək mümkündür. Yazıçı-publisist Əli bəy Azərinin illərdir böyük ədəbiyyat sevgisi və cəfakeşliyi ilə hasilə gətirdiyi "Xəzan" jurnalının səhifələrində Qarabağ, Zəfər mövzuları daha çox gənclərin yaradıcılığı kontekstində sərgiləndi.
2022-ci ilə ildə Səlim Babullaoğlunun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın "Şanlı Zəfər Savaşı" və "Şuşa ili"nə ithafən Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və "Space" Müstəqil Teleradio Şirkəti ilə birlikdə "Şuşaya salam!" beynəlxalq poeziya layihəsini gerçəkləşdirdi. Sentyabrın 27-dən noyabrın 9-a qədər 44 gün ərzində keçirilən layihəyə 30 ölkədən 44 şair qatıldı.
"525-ci qəzet"in səhifələrində də il boyu bu mövzularda yazılan yazılar işıqlandırıldı. Ölkənin əsas ədəbiyyat tribunası olan "Ədəbiyyat qəzeti" illərdir sadiq qaldığı xətti - türkçülük, turançılıq xəttini sağlam müstəvilərdə davam etdirməyə çalışaraq, mövzuları tarixin yaddaşı və çağın reallıqları kontekstindən önə çəkdi.
Kitab ili! 2022-ci il "Kitab ili" də adlandırmaq olar. Çünki daha çox kitab sərgiləri ilə yadda qaldı. Oktyabrın 8-9-da keçirilən Milli Kitab Sərgisi və oktyabrın 5-9-da keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesinə maraq oyadılmasında, kitaba diqqət yönəldilməsində, yeni yetişən nəsillərin kitaba sevgi ruhunda böyüməsində əvəzsiz rol oynayır. Bura "ANAİB"in Bakıda (I Bilik Kitab Sərgisi, 9-11 sentyabr), eləcə də müxtəlif şəhər və rayonlarda (II Gəncə Kitab Sərgisi, 11-13 noyabr; II Sumqayıt Kitab Sərgisi, 23-25 dekabr) təşkil etdiyi kitab sərgilərini əlavə etsək, meydana ürəkaçan bir mənzərə çıxdığını görərik. Bu sərgiləri ölkədə kitab adına görülən ən mütərəqqi işlərdən hesab etmək olar. Onlar nəsillər arasında, ümumiyyətlə ədəbiyyat arasında vəhdət prinsipini həyata keçirməkdə böyük bir missiya daşıyıcısıdır və ən əsas məqam da bundan ibarətdir ki, bu sərgilər milli yaddaşın oyaq qalmasına böyük töhfələr verir. Bütün kitab sərgilərində ən çox diqqətdə saxlanılan da elə bu mövzularda yazılan kitabların təqdimatı, onların daha geniş publikaya xitab etməsi baxımından tanıdılması, təbliğatı məsələsinin öndə olmasıdır. Bu sərgilərdə diqqət çəkən digər məqam uşaq ədəbiyyatına geniş yer verilməsidir. Son illər uşaq ədəbiyyatının təbliği istiqamətində canlanma hiss olunur. Beynəlxalq Kitab Sərgisində, Milli Kitab Sərgisində, "ANAİB" Nəşriyyatlar Assosiasiyasının təşkil etdiyi müxtəlif maarifləndirici kitab tədbirlərində uşaq ədəbiyyatına ayrılan yer, diqqət epizodik deyil, bütöv, məramlı xarakter daşıyır. Yeri gəlmişkən, uşaq ədəbiyyatının 2022-ci il üçün uğurlu ədəbi nümunələrini də qeyd etməyə ehtiyac var. "Qobustan" jurnalının bir sayını bütövlükdə uşaq ədəbiyyatına həsr etməsi, Sevinc Nuruqızının "Pıçıltı", "Zəfər nəğməsi", Qəşəm İsabəylinin "Seçilmiş əsərləri", Zahid Xəlilin "Dəmir Yumruq", Rafiq Yusifoğlunun "Zəfər dastanı", Reyhan Yusifqızının "Diribaş qızlar klubu", "Qapı arxasında O" kitabları, İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara", Mina Rəşidin Tükiyədə işıq üzü görən "Jalenin elleri" kitabı, Nurlana İşığın mətbuatda ard-arda işıq üzü görən hekayələri, Kamil Arazın, Ələsgər Əlioğlunun, Əyyub Türkayın vətənpərvərlik ruhunda yazdığı şeirləri uşaq ədəbiyyatının 2022-ci ildəki dinamikliyini ehtiva edir.
***
Ötən ilin önəmli hadisələrindən biri də Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının baş tutması oldu. Xalq yazıçısı Anar səs çoxluğu ilə yenidən Yazıçılar Birliyinin sədri seçildi. Qurultaydan öncə ədəbiyyatmızın yaradıcılıq problemləri ilə bağlı hər ədəbi sahəni, janrı əhatələyən məruzələr dinlənildi, onların əsasında kitab çap olundu.
Ötən il yubileylər baxımından da zəngin oldu. Mirzə Ələkbər Sabirin 160, Nazim Hikmətin 120, Əzizə Cəfərzadənin 100, Yusif Həsənbəylinin 90, Ağasəfanın 80, Zahid Xəlilin 80, Məmməd Orucun 75, Tofiq Məliklinin 80, Ələmdar Quluzadənin 70, Paşa Qəlbinurun 70, Şirindil Alışanlının 70, Rüstəm Kamalın 60, Əlizadə Nurinin 60 yaşları ədəbi ictimaiyyətin diqqətində oldu, il boyu yazılan məqalələrin predmetinə çevrildi.
Ötən il Türkiyənin məşhur "Star" qəzeti tərəfindən təsis edilmiş "Nəcib Fazil adına Beynəlxalq mükafat"ın "Mədəniyyət və incəsənət" nominasiyası üzrə qalibi Xalq yazıçısı Elçin oldu. O, bu nüfuzlu mükafata "İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə" layiq görüldü. Yazıçıya mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim etdi.
Ötən il şair İbrahim İlyaslı da 9-11 iyun tarixlərində Türkiyə Kültür və Turizm Nazirliyi ilə Türkiyə Yazarlar Birliyinin keçirdiyi "Türkcənin Uluslararası 14-cü Şer Şöləni"ndə iştirak və çıxış etmişdir. Şairin həm tədbirdəki çıxışı, həm də oxuduğu şeirlər Türkiyədə nəşr olunmuş "Türk dünyası Şiir güldestesi" toplusuna daxil edilmişdir.
Bir məqamı qeyd edim. Bu gün Qarabağda atılan hər addım, Qubadlıda, Zəngilanda, Füzulidə, Şuşada görülən işlər anbaan böyüyən, artan, dirçələn gücün nümunəsi olaraq tarixi yada salmaqda, əcdadımızın ruhuna layiq davam tapmaqdadır. Bu davam həmçinin iki türk dövlətinin - Azərbaycan və Türkiyənin birliyi, qardaşlığı, dostluğu timsalında da təkrarlanır və dünyanı heyrətdə qoyan münasibət statusu alır. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, "bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib".
Fəxri yazarlarının Ramiz Rövşən və Aqşin Yeniseyin olduğu VIII Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyə Azərbaycanda fəxri qonaq kimi iştirak edirdi. Sərgi ilə bağlı "Kitabın bayramı..." adlı geniş yazının müəllifi şair Fərid Hüseynin qeyd etdiyi kimi, "Azərbaycan müstəqilliyini ilk tanıyan ölkələrdən biri Türkiyə olduğu kimi, kitab sərgisi keçirilmə peşəkarlığımızı da tanıyan ölkə oldu. Türkiyə Milli Stendində 20 türk naşiri ilə Azərbaycan nəşriyyatlarının nümayəndələrinin təkbətək görüşləri, Türkiyə Azərbaycan şairlərinin birgə şeir saatları və sair kimi tədbirlər iki ölkə arasındakı mədəni və ədəbi əlaqələrin genişləndirilməsinə böyük töhfə oldu".
Əlbəttə ki, Azərbaycan-Türkiyə birliyi dünyaya dostluq, qardaşlıq adına örnək olmaqda, müzəffər liderliyin növbəti əməli ifadəsini sərgiləməkdədir. Bu münasibət həmçinin dünyada qlobal zor stixiyasının hökmfərma olduğu indiki zamanda dostluğu, qardaşlığı meyara çevirən bir siyasi gücün varlığının təminatçısıdır. İndi bu güc Qarabağı cənnətə, gülüstana çevrmək üçün bir yerdədir. Bunun bir də mədəniyyət qatı var. Ötən il belə vəhdəti həm də ədəbiyyat və mədəniyyətin nümunəsində gördük. Zəfər amili, Qarabağın dirçəlişi, Şuşanın mədəniyyət paytaxtı kimi bərpası, ümumiyyətlə, Ali Baş Komandanın imza atdığı sərəncamların çevik şəkildə ədəbiyyatda əksini tapma mexanizmi akademik İsa Həbibbəylinin il boyu çap olunan mətnlərində, AMEA-da ideoloji baxımdan hərəkata çevirdiyi işlərin məzmununda gerçəkləşdi. Belə bir sistemli münasibət AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun da ötən il çap olunan yazılarında prioritet təşkil etdi. Müəllifin "Müxbir üzvün qeydləri" adlanan kitabı bunların sonucu kimi hasilə gəldi deyə bilərik. Kitabdakı "Heydər Əliyev və ədəbiyyat", "Ədəbiyyatda Ali Baş Komandan", "Yubiley saatı", "Haşiyələrdə ədəbiyyat" və "Ədəbi proses hərəkatı" adlı bölmələrdə sistemləşdirilən məqalələrdə cari ədəbiyyatın son illərdəki bütün hərəkətlilik mexanizmini izləmək, çağdaş ədəbiyyatı bütün təzahür və tendensiyalarında dərk etmək, xüsusilə Zəfər tariximizdən sonra ədəbiyyatımızın vardığı yeni hüdudları görmək mümkündür.
Akademik Teymur Kərimli Şuşaya, Qarabağa həsr etdiyi şeirləri "Şuşanamə" kitabında bir araya cəm edib böyük bir umummilli tarixi sevinci özünün bütöv poetik kredosuna çevirməyi bacardı. "Şuşanamə" həm də Teymur Kərimlinin tale yoludur, deyə bilərik. İllər əvvəl ilk şeirlər kitabı olan "Hicran ömrü"ndən "Şuşanamə"yə qədər uzanan ömrünün timsalında şairin Şuşa ilə bağlı nisgilinin qələbə akkordları ilə tamamlanması həm də poeziyamızın gəlib çatdığı pozitiv məqam, yenidən doğuluş nöqtəsidir.
Müsabiqələr. Müsabiqələrin ədəbi prosesdə oynadığı rol danılmazdır. Janrı bir sistem, mənzərə olaraq görükdürür, yeni auditoriyalara çıxarır. Oxutdurur, diqqət cəlb edir, müqayisə mexanizminə yol açır, nəzəri analitikasından tutmuş estetik mündəricəsinə qədər hər kontekstdə təhlil etməyi labüdləşdirir. Ötən il Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Nizamiyə məktub" esse müsabiqəsi klassik irslə müasir dövr arasında körpü yaratmaq, klassik irsə müasir baxışın ehtiva edilməsi baxımından əhəmiyyətli hadisə oldu. Gənc yazarların yaradıcılığına dəstək məqsədi ilə keçəl il təşkil olunan Beynəlxalq Silkway ədəbiyyat festivalını da uğurlu layihələrdən saymaq olar. Qeyd edək ki, Beynəlxalq Silkway ədəbiyyat müsabiqəsində seçilmiş 30 iştirakçı arasında 1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif və 3-cü yeri Cavid Qasımov tutdu, iştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqləndi.
Roman janrı ilə bağlı keçirilən müsabiqələr sırasında TEAS Press Nəşriyyat Evinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Gənclərin roman müsabiqəsi"ni qeyd etmək lazımdır. Ötən il 3 iyun tarixində elan olunan və 7 ay davam edən üçmərhələli seçim prosesini ehtiav edən müsabiqənin keçirilməsinin məqsədi ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni istedadların və imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etmək olmuşdur. Əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsi ilə oxuculara çatdırılmasından ibarət olan müsabiqənin qalibləri sırasında birinci yerə "Gecənin ən qaranlıq anı" romanı ilə Əşrəf Əşrəfov, ikinci yerə "Nikolas Bonnet - Şərqə aparan hekayə" romanı ilə Həmzəyev Seymur, üçüncü yerə isə "Xanədan" romanı ilə Pərvin İsmayılov layiq görülmüşlər.
İlin yekun müsabiqəsi kimi artıq iki ildir keçirilməklə ənənəyə çevrilən və bununla, başa çatan "ilə" uğurlu bir sonluq olmaq missiyasını yerinə yetirən "Kulis.az" saytının "hekayə müsabiqəsi"ni hesab edə bilərik. Münsiflərdən biri olaraq qeyd edim ki, hər müsabiqədə olduğu kimi, burada stixiyanın gətirdiyi nümunələr də yer alırdı, ədəbi gücü, mündəricəsi, enerjisi olan mətnlər də. Bu mənada, müsabiqəyə qatılan hekayələri müxtəlif yöndən dəyərləndirmək olardı. İllüstrasiyaya köklənən, naturanın bədiiyyatı üstələdiyi hekayələr son müsabiqədə də qaçılmaz idi. Bəzi hekayələrdə müəllif yaxşı mövzu tapmışdı, amma işlənməsi zəif idi, müəllifin həyat materialı, nasirlik təcrübəsi çatmamışdı. Yaxud bəzilərində yeni həyat materialı vardı. Amma yeni həyat materialı yeni də yanaşma, təqdim, xarakterini, obrazını istəyir nəsrdən. Bu mənada, ideya, məzmun və formanın vəhdətini verən az hekayə vardı. Buna baxmayaraq, iyirmiliyə, onluğa düşənlər ən yaxşılar, seçilmiş hekayələr idi. Qalib olan üç hekayə (Nərmin Kamalın "Ülvi küçəsi" (I yer), Yaşar Bünyadın "Quşlar qayıtdısa" (II yer), Xəyyam Rəfilinin "Üç dövrə" (III yer) isə öz yerlərinin tam haqqını verir, deyə bilərik.
Janrlar. Hekayə müzakirəsindən bəhs etmişkən, qeyd edim ki, son bir neçə ildir ki, bizdə hekayə adına meydana qoyulan nümunələr janrın inkişafında uğurlu addımı ifadə edir. Ötən il də bu baxımdan, istisna olmadı. Məmməd Orucun "Bağ evindən yazılar", Rasim Qaracanın "Sənin toxunduğun hər şey", Seymur Baycanın "Mənasız hekayələr", Elçin Hüseynbəylinin "O gözəllər ki, vardı...", Samirə Əşrəfin "Mənim üçün qızılgül", Sevinc Elsevərin "Çarpayı cırıltısı", İlham Əzizin "Şimşəkdən sonra", Sənan İsmayılovun "Yük", Xanım Aydının "Çamadan" hekayələr kitabı janrın dimamikliyini ehtiva edən bədii nümunələr kimi il boyu müxtəlif aspektlərdən təhlil predmetinə çevrildilər.
Bu kitabda birbaşa zamanla dialoq üstündə qurulan hekayələr də var, tamam özgə dünyanın mətni kimi ərsəyə gələnlər də. Bütünlükdə, çağdaş hekayələr nəsrdə yeni cəmiyyətin zümrəvi səciyyəsini bir araya gətirir. Qarabağ acılarını taleyində yaşayanlar, köhnə Bakının nostaljisinə dalanlar, urbanizasiya probleminin gətirdiyi acı aqibəti bölüşənlər, tənha insanların dramı, özgələşmə məsələsi, küçə insanının problemləri, həyatın dibindəkiləri birbaşa naturallığında ədəbiyyata gətirmək ehtirası, sosial sıxıntı, depressiv durum, pandemiya, müharibə ağrıları və s.
Son zamanlar nəsrimizdə qəhrəmanın daxili vəziyyətini, ünsiyyət çətinliyini, tənhalığını, yorğunluğunu önə çəkən və oxucunu obrazı idarə edən duyğulara, fikirlərə yönəldən hekayələr daha çox yazılmaqdadır və bu, çox yaxşı haldır. Mirmehdi Ağaoğlunun "İşıq" hekayəsi bu mənada, emosiyaları obrazın daxili qatında yaşanan, soyuqqanlı təhkiyə ilə yazılmış mətn kimi ötən il diqqət çəkən hekayələrdən oldu. Etimad Başkeçidin "Günəş topla mənim üçün" hekayəsi nəsrimiz üçün o qədər də tipik olmayan, qəhrəmanın şüuruna səyahət edən, onun psixi sarsıntısını vizuallaşdıran mətn kimi yadda qaldı. Mübariz Örən "Qum adası" hekayəsində əsas motiv olan fərdin özgələşməsi, mənəvi dəyərlərin qürubunu bədii məkanda usta şəkildə obrazlaşdırır, Sərdar Amin "Pah" hekayəsində tənhalığın, fanilik duyğusunun təsvirini hər detalın, hər mizanın depressivliyi ilə ifadə etməyi bacarır.
Ümumiyyətlə, çağdaş hekayəçiliyimiz üçün xarakterik olan bir cəhəti qeyd etmək lazım gəlir. Əksər mətnlər daha çox mənəvi böhran yaşayan dünyanın durumunu anladır. Mütləq iki fərqli dünya, iki fərqli dünyagörüş qarşı-qarşıya gətirilir. Sənayeləşən, modernləşən, robotlaşan dünya, insanı öz eksperimentlərinin, texniki yüksəlişinin qurbanlığı kimi seçən bəşəriyyət və bu paradoksal situasiyalardan törəyən yan motivlər - insan duyğularının məhv edilməsi, insanın tənhalaşması, yadlaşması, özgələşən fərd problemləri və s. Bu hekayələr insanın artıq nəsnəyə çevrildiyi, duyğularının arxa plana atıldığı və gərəksizləşdiyi dünyada aqibət problematikası yaradır. Məlum olur ki, texniki nailiyyətlərin inkişaf tempi artdıqca insanlar da texnikiləşir, robotlaşır, maddi-texniki dəyərlər mənəvi dəyərləri üstələyir. Hər şey reallığa tabe olur və insan istəməsə belə onun əsirinə, bir parçasına çevrilir. Məsələn, Elçinin "N.S.-nın ayaqları" hekayəsi dəyərlərin deqradasiyaya uğramasını, çöküşünü bədii baxımdan uğurla simvolizə edən hekayə kimi yadda qaldı. Vahid Məmmədlinin "Susan adam" hekayəsində susqunluğu ilə hamının diqqətini cəlb edən, bununla özünə maraqlı və dərin adam statusu qazandıran alimin əslində heç bir mənəvi çalar kəsb etməyən, boş və mənasız mahiyyəti satirik dillə anladıldı. Yaxud Sənan İbrahimovun "Həyat yoldaşı" mətni həm nəql texnikası, ictimai-sosial-fəlsəfi motivlərin fərqli interpretasiyada təqdimi, həm də insan xislətini, insan dərinlərini yeni müstəvilərdə sınağa çəkib açmaq baxımından düşündürücü mətn təsiri bağışladı.
İl boyu "Ədəbiyyat qəzeti"nin səhifələrində çap olunan Vaqif Sultanlının hekayələrini ("Edam hörüyü", "Kulikovo döyüşü") dinamikası, emosiyaları üzdə yox, daxili qatında yaşanan, soyuqqanlı tərzdə ifadə edilən tale mətnləri adlandırmaq olar. İdeya-problemi daha çox fərdlərin özgələşən, yadlaşan münasibətləri olan bu mətnlərdə yazıçı boşluğu, qəhrəmanların daxili vəziyyətini, ünsiyyət çətinliyini, tənhalığını, yorğunluğunu önə çəkir. Həm də bunu çağdaş tipik hekayə formatının cəhətlərini nəzərə alaraq edir. Ləng temp, az dialoq, obrazın daxili aləminə köklənməsi, sıxıcı məna məkanlarının yaradılması və s.
Samirə Əşrəfin ötən il hekayələr toplusu kimi çap olunan "Mənim üçün qızılgül" kitabında bütünlükdə faktura müharibəyə köklənsə belə bütün psixoloji-fizioloji aksiomatikliyi ilə müharibə amili burada insan xarakterini, insan yaşantısını bəlirləyən əsas vasitə kimi çıxış edir. Samirənin real planda, ideya və qayə etibarilə bizə göstərdiyi, bəhs etdiyi, inikas və təcəssüm etdirməyə çalışdığı və obrazını yaratdığı zaman, birinci Qarabağ savaşı ilə başlanan dövrün ardınca gətirdiyi ağrılar, yaşantılardır.
Nəsrdə bu janrda hələlik son addımları ifadə edən imzaların - Orxan Cuvarlı, Orxan Saffari, Təvəkgül Boysunar, Nizami Hüseynov, İlhamə Nasir, Sülhiyyə Şirinova, Orxan Həsəni, Furqan Sadiqin mətnləri mövzu və mövzunun açılışı, dil vasitələrinin mövzuya qovuşuq şəkildə işlədilməsi baxımından özünəməxsus xüsusiyyətlərlə yadda qalırlar. İnanırıq ki, çağdaş dövrün narahat üslub axtarışlarında bu imzalar fərdiyyət kimi sabitləşərək növbəti illərin ən yaxşı nəsr əsərləri ilə haqqında ən yaxşı təsəvvürü yaradacaqlar.
Roman janrı üzərində dayanmaq istəyirəm. Qeyd edim ki, ötən il "Azərbaycan" jurnalının səhifələrində Şuşaya həsr olunmuş publisistik, elmi-tarixi məqalələrdən başqa bədii mətnlər də işıq üzü görmüşdür. Ümumiyyətlə, ən həcmli janr olan roman və povestlərlə, bu janrlarda meydana qoyulan nümunələrlə ilk tanışlıq bizdə əksər vaxtlarda "Azərbaycan" jurnalının səhifələrindən başlayır. Ötən il də Güllü Məmmədovanın "Oğurlanmış Zəngəzur" (tarixi-sənədli roman, №1), Kənan Hacının "Kəpənək vadisi" (roman, №3-4), Şiringül Musayevanın "Yurda dönüş" (povest, №3-4), Mübariz Cəfərlinin "Ölülər üçün yumurta" (roman, №5), Elşad Baratın "Məhbus" (povest, №6), Vüsal Nurunun "İlğımda çimən atlar" (roman, №9), Vaqif Əlixanlının "Qarğa piri" (mif-roman, №11-12) bədii mətnləri bu janrların mənzərəsini ehtiva eləmək baxımından az rol oynamır.
Ötən il roman janrında dinamiklik o qədər də hiss olunmasa da, meydana qoyulan bəzi romanlar diqqəti üzərinə çəkməyi bacardı. Cavid Ramazanovun "Amanabənd" romanı ötən il diqqət çəkən mətnlərdən oldu. Romandakı proseslər Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir. "Hadisələr əsas etibarilə Bakının mərkəzindəki "Sovetski" adlanan ərazidə baş verir. Qəhrəman "Sovetski"də doğulur, "Sovetski"də sevir və sonda yaşadığı məhəllənin sökülməsiylə oranı tərk etmək məcburiyyətində qalır. Romanın adı məkanın mahiyyətini və qəhrəmanların psixologiyasını ehtiva edir. Baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər. "Sovetski" məkan olaraq amanabənddir, hər an sökülə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar yaşayırlar. Münasibətlərdə qopuqluq, insan və məkan arasında qopuqluq, indi və keçmiş arasında qopuqluq romanın ümumi konsepsiyasını təşkil edir".
Ötən il çap olunan daha üç romanın adını çəkmək istəyirəm. Seymur Atillanın "Mənim döyüş yolum" kitabı "Şuşa fatehi", Xüsusi Təyinatlı Qüvvələrin Komandanı general leytenant Hikmət Mirzəyevin həyatından və döyüş yolundan bəhs edən avtobioqrafik romandır.
Yazıçı Səyyad Aranın "Tacın qaytarılması" romanı da 28 il sonra gerçəkləşən Şuşa fəthindən bəhs edir. Yaradıcılığında daim Qarabağ mövzusuna həssaslığı ilə seçilən, "Başdaşı", "İrəvanın yolları" əsərlərində Qarabağ məsələsi, erməni vəhşiliyindən əzab çəkən insan dramlarını əyaniləşdirən Səyyad Aranın mətnləri həm də bu günümüzün gerçəklərinə ayna tutan çox məqamlar, yazıçı uzaqgörənliyinin izlərini ehtiva etməsi ilə də seçilir. Hələ 2020-ci ilin mayında çap olunan "Başdaşı" romanında az sonra başlanacaq 44 günlük müharibə ilə səsləşən heyrətamiz məqamlar yer alırdı və bu məqamlar çağın gerçəkliyindən baxanda yazıçı fəhmi sayəsində, dövrünü bir qədər qabaqlamış düşüncələr sayıla bilərdi. Səyyad Aran bu romanı ilə zamanlararası intertekstual bağ yaradırdı. Amma bu bağ keçmişlə deyil, 28 il sonranın zamanı arasında idi. Zamanı gəldi, torpaqlarımız geri alındı. Şuşanın tacı qəhrəman oğullarımızın hünəri sayəsində öz yerinə qoyuldu. Səyyad Aran da "Tacın qaytarılması" romanı ilə bu möhtəşəm tarixi hadisənin bədii sözdə təcəssümünü verməyə çalışdı: "Əsgərlərimiz bir daha dalğalanan bayrağımıza baxaraq təkrar edirdilər: "Əlbəttə, əbədidi! Bundan sonra da, yer üzündə son azərbaycanlı qalana qədər bu bayraq Şuşada əbədi dalğalanacaq".
...Millət xoşbəxt idi! Otuz ilə yaxın müddətdə qəhəri, kədəri içində qalan xalq dirçəlmişdi, illərdən bəri həsrətində olduğu qələbəyə qovuşmuşdu, özü öz içindən böyümüşdü".
Tez-tez belə bir sualla qarşılaşıram: "İkinci Qarabağ müharibəsindən artıq iki il keçir. Sizcə Qarabağ müharibəsindən əsər artıq yazılmalı idi?". Yeri gəlmişkən, bu sualı daha sərt və ittiham, qınaq notunda ötən il "Real TV"nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev aktuallandırdı. "Mir Şahinin vaxtı" layihəsində çıxış edərkən qələm adamlarının Vətən müharibəsindəki qələbəmizlə bağlı əsərlər meydana qoymadıqlarından şikayətləndi: "Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar? Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndiki qələbəmiz var. Özü də necə bir qələbəmiz... Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim "den pobedimiz"?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri. Yazın, qələbəmizi vəsf edin"!
Mir Şahinin bu fikirlərinə əlbəttə, ədəbi prosesdə əksər sənət adamları, yaradıcı şəxslər cavab verdilər, müharibə və bədii mətn prosesinin psixoloji tərəflərinin incələnməsindən tutmuş, meydana qoyulan nümunələrə qədər sıraladılar. Bu məruzədə də bəhs etdiyim kimi, bu mövzuda bəzi nümunələr meydana qoyulub artıq. Ümid edək ki, bu proses indi daha çox yazıçıların içində gedir. Şuşanın fəthi özü bir romandırsa, hərb baxımından dünya üçün yenilikdirsə, Azərbaycan yazıçısının bunu nə vaxtsa dünya ədəbiyyatı faktına çevirəcəyinə də inanaq. Qlobal yanaşma müstəvisindən tutmuş metafizik çözümünə qədər. Müharibə mövzusu bir qədər fərqlidir. Hər yazıçının onu idrak etməsi fərdi məsələdir. Amma idrak etməsi həm də vacibdir. Yalnız işğal, yaxud zəfərlə bağlı deyil, son iki yüz yetmiş ilin fövqündən, tarix müstəvisindən yanaşılmalıdı məsələyə. Daha epoxal, daha sistemli, monumental mətn təfəkkürü ilə.
***
Son vaxtlar dünyada tanınan yazarların çıxışlarına, məqalələrinə diqqət edirəm. Bəşəriyyətin sabahı üçün ciddi narahatlıq meydana qoyurlar. Bu narahatlıqlarda dünyanın dörd bir tərəfini sarmış müharibə dalğasından tutmuş, elektron kitaba marağın önə keçməsi, kitab oxunuşunun aktuallığını itirməsinə, yadlaşma, özgələşmənin vüsət almasına qədər çox şey var. Hətta ötən il Nobel mükafatı fransız yazar Anni Enroya əsərlərində "cərrah dəqiqliyi və cəsarətlə yadlaşmanın, eləcə də, şəxsi yaddaşın kollektiv çərçivəsinin mənbəyini bütün çılpaqlığı ilə yazmasına görə" layiq görüldü. Onun, yaxud Nobeli qazanmış digər ədib Nəcib Məfhuzun Nobel nitqində yadlaşmanın ciddi həyəcanını mətnlərinə sığdırmaq gücü, tanınmış alimlərin, professorların dünyanın sabahından narahatlıq notları aydın, uca vurğularla eşidilməyə başlayıb. Yaxud bu narazılıqlar səslənməsə belə, prosesə yüksək səviyyədən, ən ali nöqtədən baxış sərgiləmək daim prioritet təşkil edir. Bu mənada, bizim milli ədəbiyyatda da həmin planetar düşüncənin vüsət alması çağın zərurətləri sırasındadır. Ən azı, görk etmək üçün: dəyişən ali zövqlərin bizdə də hardasa adekvat ədəbiyyatı var. O zaman istisnalara varaq. İlqar Fəhminin "Tarixi şəxsiyyət - tarixin şəxsiyyəti", "İblisin axtarışında" məqalələrində biz müəllifin öz sözləri ilə desək, "poetik söz oyunlarını bir kənara qoyub" tarixə ekskurs etməklə dünyanın bügünkü mənzərəsinə nəzər yetirən ciddi nigaranlığı və bəşəriyyətin xilası üçün vahid mənəvi məkan ola biləcək dəyərlərin təlqinini görürük. Cavanşir Yusifli, Rüstəm Kamal, Südabə Ağabalayeva, Seyfəddin Hüseynli, Nərgiz Cabbarlı, Mətanət Vahid, Ülvi Babasoy, Maral Yaqubovanın tənqid mətnlərində prioritet olan modern fikir, düşüncə sistemi bütün təzahür və tendensiyalarında müasir ədəbiyyatın təcrübəsini, tənqidin nəzəri gücü və dəyişən ədəbiyyatşünaslıq ölçülərilərinin vəhdətdə görükdürür. Belə bir intellektual vüsəti çağdaş prosesdə nisbətən gənc nəslin nümayəndələri də ehtiva edir. Aqşin Yeniseyin yeni bədii modellər təklif edən, fəlsəfi dərinlərə enişi ilə seçilən fikirlərində, Sərdar Aminin istər mətni, istərsə də baş verən hər hansı cari hadisəni dünyadakı proseslərin üfüqündə görüb duymağa imkan verən yazılarında, Qismətin, Rəvan Cavidin, Təvəkkül Boysunarın, Ülvi Bahadırın orijinal təhlil düşüncəsi, analiz səviyyəsi, ümumiləşdirmə məntiqi ilə diqqət çəkən esselərində dünya mədəniyyətinin çağdaş məzmunu aktuallandırılır. Və əsas olan budur ki, onların janrından asılı olmayaraq, meydana qoyduqları mətnlər yeni - dünyəvi təfəkkür paradiqmasının elementləri kimi gerçəkləşir. Zamin Hacının, Seymur Baycanın köşə yazılarında həyat və ədəbiyyatın, Kənan Hacı, Alpay Azərin esselərində ədəbiyyat və yaradıcı insanın ziddiyyətli nüanslarına ayna tutulur. Adını çəkdiyim bu yaradıcı şəxslərin esse, köşə yazıları, gündəmə reaksiyalarının yer aldığı məqalələrində sərgilədikləri düşüncə spektri çox genişdir və mühüm cəhət budur ki, onlar öz potensiallarını yeni dil və estetikada ifadə edə bilirlər.
"Ədəbiyyat qəzeti"ndə Azər Turanın türk dünyasının problemlərini, şəxsiyyətlərinin həyatını geniş miqyasda aktuallandıran, Alp Ər Tonqadan başlamış Zəki Vəlidi Toğana, İsmayıl Qaspıralıya uzanan ədəbi-mənəvi ərazidə milli genefondumuzun və türklük əxlaqının izlərini axtaran yazılarını bu gün getdikcə daha çox görüntüyə çevrilən, manipulyasiyaya uğradılan "türklük sevdası"na qarşı bir sipər də adlandırmaq olar. Bütün hallarda bu yalançı və ziyanlı təsirlərə qarşı meydanda bir Azər Turan mətnlərini dirənişi var. Dürüst, elmi, əsaslı, dəqiq və ən əsası, araşdırdığı mövzu ilə bağlı sərgilədiyi erudit zəkanın hasilə gətirdiyi bu mətnlər Turan amilinin, turan birliyi məfkurəsinin ən dərin qatlardan günümüzə qədər keçdiyi yolun ən etibarlı bələdçiləridir.! "Alp Ər Tonqa - Turanın qurucusu", "İsmayıl Hikmətin "Dörd il yarım Azərbaycanda" - Hikmətizm" məqaləsi, "Turan heyəti" yazıları bu gün yalnız mədəni xəyaldan siyasi gerçəkliyə çevrilməkdən olan Turan amilinin ədəbi məxəzini elmi tədqiqatın predmeti etmir, həmçinin bir çox məsələlərlə bağlı ədəbiyyat tariximizdə açılan boşluqlara diqqət yönəldir. Buna sübut kimi akademik Nizami Cəfərovun ötən il çap olunan silsilə məqalələrini ("Azərbaycan tarixinin "Avesta" problemi" ("Ədəbiyyat qəzeti", 24 iyul, 2022), "Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq, yaxud "Azərbaycan tarixi"nin birinci cildi Azərbaycan xalqı haqqında nə deyir?" ("Ədəbiyyat qəzeti", 15 avqust, 2022), "Azərbaycan tarixi: qədim dövr haqqında yeni konsepsiya" ("Ədəbiyyat qəzeti", 28 avqust, 2022) nümunə gətirmək kifayət edir. Bütün kitab və məqalələrində özünün bir alim kimi ədəbiyyat tarixçiliyi anlayışının nə qədər dərin və düzgün olduğunu çoxdan sübut edən akademik Nizami Cəfərov qaldırılan problemləri malik olduğu güclü elmi arsenal və dərindən bələd olduğu mənbələrin vəhdətində çağdaş müstəviyə gətirmişdir. Bu gün bu cür problematik məqalələrə ehtiyac böyükdür. Vaqif Səmədoğlunun gözəl bir fikri var. Deyirdi ki, "baxmaqla görmək arasında fərq böyükdür". Bu gün yalnız baxan deyil, həm də dibi görən alim yanaşmalarına, düşüncəsinə ehtiyac var ki, bəhs etdiyim son iki müəllifin elmi mətnləri bu baxımdan müstəsnalığı qoruyub saxlayır.
Belə bir fərqi akademik və Xalq yazıçısı Kamal Abdullanın da mətnləri ehtiva edir. Kamal müəllim "Kitabi Dədə Qorqud" dastanını hər dəfə yeni istiqamətdə araşdırmaq, onu bədii təcəssümün və elmi düşüncənin predmetinə çevirmək əzmini usanmadan davam etdirənlərdəndir. 2021-ci ildə bu mövzuda "Laokoon... Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" adlı roman meydana qoyan Kamal Abdullanın ötən ildə elmi müstəvidə hasilə gətirdiyi iki kitab - "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar. Mifolinqvistika" və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə həmmüəllif olduğu "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabı" qorqudşünaslıqda yeni qiymətləndirmə sistemi gerçəkləşdirməklə bərabər, ora bu və ya digər cizgilərin əlavə edilməsinə də imkan yaratdı.
Bu cizgilər hansılardır? Birinci tədqiqat əsərində dastandakı bir çox deyimlərlə mifoloji düşüncənin izlərinin çağımıza adlamasına yol açan alim araşdırması ilə mifolinqvistika elmini artıq bir zərurətə çevrilməkdə olduğunu sərgiləyir. Dilin ən dərin qatlarına enmək, dastanın içində və ondan kənarda fikir sayrışmalarına yol açan gizli məqamların izinə düşmək, epos qəhrəmanlarının yalnız müsbət keyfiyyətlərinə deyil, həm də ziddiyyətli xarakterinə diqqət yönəldib intellektual münaqişələrə rəvac vermək, bu ziddiyyətlərdə çırpınan, təcəssüm olunan insan ruhunu görüb duymaq Kamal Abdullanın nəsri ilə bərabər elmi əsərlərinin də mündəricəsini təşkil edən prinsipial məqamlardır. Bu araşdırma və ümumiyyətlə, Kamal Abdullanın dastanla bağlı hər dəfə yenilikçi yanaşması bir mühüm məqamı önə çəkir: hər dəfəsində yeni oxunuşlar ehtiva etməyən, öz gizlinləri ilə çağın düşüncə axını arasında rəqabət yarada bilməyən, ənənə qarşısında geri çəkilən heç bir sənət abidəsi yaddaşın və inamın əsasına çevrilə bilməz.
Eyni qənaəti müəllifin "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabı" haqqında da səsləndirmək olar. Amma bu yöndə sözü kitabın həmmüəllifi Rafiq Əliyevə versək daha yaxşı olar: "İdeya daha önəmlidir. Bu baxımdan kitabın yazılma ideyasının müəllifi məhz Kamal Abdulladır. Kamal müəllim bu kitabda həm də onu göstərdi ki, o, qeyri-səlis məntiq sahəsində də mütəxəssisdir. Üçüncünü istisna qanununun ədəbi kontekstdə təsviri bunun əyani sübutudur. Bizə məlum oldu ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur".
Xalq yazıçısı Anarın "Söz dünyası" beşcildliyinin III və IV cildlərinin çapı 2022-ci ilin payına düşdü. "Ədəbiyyat qəzeti"ndə tənqidçi Əsəd Cahangirin "Anara qırx sual"la müraciət etdiyi müsahibədə Xalq yazıçısının belə bir qeydi diqqətimi çəkdi: "Bu cildlər bir növ mənim ədəbiyyatımızın keçmişinə və bugününə özəl baxışlarımın ifadəsidir". Belə bir yanaşma, rakursa ədəbiyyatımızda bu gün nə qədər ehtiyac var? Zənnimcə, hədsiz. Doğrudur, bu gün ədəbiyyatın özündə əvvəlki illərin ölçüləri, təsəvvürləri baş alıb gedir, işləkdir. Amma necə? Ötən əsrin 90-cı illərindən bu yana ya sovet dövrünün meyarlarından ümumən imtina yolu tutulur, yəni 70 illik bir dönəm rədd edilir, ya da həmin dövrdə bu günün rəmzləri, atributları axtarılır. Anar isə hər zaman olduğu kimi son iki cilddə tarixə tarix kimi yanaşır. Yalnız 1960-80-ci illər ədəbiyyatının düzgün dərkini vermir, bütünlükdə müxtəlif zaman kəsimlərində yaranmış ədəbi mətnlərin, ədəbi irsin dəqiq şərhinə çalışır. Belə şəffaflıqda artıq milli mədəniyyətin sınma nöqtələri, ağrı və problemləri bütün mənzərəsi ilə meydanda olur. Son iki cilddə 1960-cı illərdən müstəqillik dönəminə qədər həm Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yola retrospektiv baxış var, həm də onun şəxsiyyətlərinin bioqrafiyası, taleyi və bu talenin mədəniyyət tarixi kontekstində idrakı. Anar bu ədəbiyyat təcrübəsi ilə oxucuya milli mədəniyyətin sərhədlərini sonadək təsəvvür və təyin etməyə imkan yaradır.
***
Daha bir neçə kitabı qeyd etməyə gərək var. Yazıçı Azad Qaradərəlinin dünyadan vaxtsız köçmüş gözəl şair Eldar Baxış haqqında yazdığı "Vətən şairi" kitabı, çapı 2021-ci ilin sonlarına düşsə də daha çox 2022-ci ildə ədəbi dəyər qazanan - şair Fərid Hüseynin Musa Yaqubun yaradıcılığından bəhs edən "Tərəddüdün yaşıdı" kitabı şairi şairin gözü ilə açan, dərkini verən poetik nümunələr kimi gərəkli addımı ifadə edirlər. Belə gərəkli addımı ədəbiyyat adına edilən hər ciddi əməl sərgiləyir. Bu mənada, ötən il BP şirkətinin dəstəyi ilə müasir Azərbaycan ədəbiyyatının tanınmış dörd nümayəndəsinin - Fərid Hüseynin "Bəyaz ləkə" şeirlər toplusunun, Şəhriyar del Geraninin "Özümdən məşhur şeirlər"inin, Ömər Xəyyamın "Bizim atalarımız, bizim analarımız" hekayələr toplusunun və mərhum, həyatdan nakam köçən gən yazar II Mahmudun hekayələr və romanının yer aldığı "Yersiz ölüm" kitablarının çapı da dövrümüzün ədəbiyyat sevincləri sırasında qeyd olunmalıdır.
***
Bütün bunlar əlbəttə ki, 2022-ci ilə dair önəmli ədəbiyyat xəbərlərinin bir qismidir. Artıq 2023-cü ilin yarısını geridə qoymuşuq. Pandemiya və müharibə ağrılarından sonra özünü toparlamağa çalışan ədəbiyyatın vardığı, varmağa çalışdığı mənəvi-estetik hüdudlar, mövzu və düşüncə axtarışları hansı səmtə doğru istiqamətlənir? Bu yerdə çox mühüm bir fikrə diqqət çəkmək yerinə düşür. Honq Konq Elm və Texnologiya Universitetinin Çin mədəniyyəti müəllimi, professor, yazar Yan Lyanke 2020-ci ilin fevralında tələbələrinə verdiyi "Koronavirusdan sonra nə olacaq?" adlanan onlayn mühazirədə çox gərəkli düşüncələrə varır: "Yazmaq həvəsi ilə həyatına məna qatanlara, həyatı hərflərə güvənərək yaşayanlara səslənirəm. Biz də tökülən qana və həyata dair yaddaşımızdan əl çəkəcəyiksə yazmağın nə mənası var? Ədəbiyyatın dəyəri nədir? Cəmiyyətin niyə yazarlara ehtiyacı var? Uzun-uzadı yazılarınızın, zəhmətinizin, yazdığınız çoxlu kitabların başqalarının idarə etdiyi kukladan fərqi nədir? Jurnalistlər şahidlik etdiklərini xəbərə çevirməzsə, yazarlar öz xatirələrini və hisslərini yazmazsa, cəmiyyətin danışa bilən, danışmağı bilən insanları saf və coşqulu siyasi düzgünlük naminə eşitdiklərini çatdırmaqla kifayətlənərsə, Yer üzündə insan kimi yaşamağın nə demək olduğunu bizə kim izah edəcək?" (Yan Lianke: "Koronavirusdan sonra nə olacaq?" - Çinli yazarın onlayn dərsindən. "Ədəbiyyat qəzeti", 3 sentyabr 2022).
Bəli... Bu gün ədəbiyyatda olanların, ziyalıların üzərinə böyük missiya düşür. Ədəbiyyatın, sözün işığını öləziməyə qoymamaq... Ən azı düşünmək üçün ki, texnogen siviliasiya gəlişdikcə, bəşəriyyəti ağuşuna alan fəlakət və aşınma dalğaları kükrəyib qabardıqca onun çöküşlərindən qurtulmağa, əl tutub xilas olmağa, açdığı dərin yaraları sağaltmağa ümid yeri var. Ədəbiyyat hüdudlarını itirir, coğrafiyasını dəyişir, onun dərk və idrak üsullarında əsaslı dəyişikliklər vaş verir. Və bir məqam - hansı ki, orda sözün, sənətin əbədi məramı ehtiva olunub - o məqam öz yerində baqi, dəyişilməzdir. Çağın insanı onu gündəlik sarmış olan hər cür mənəvi-ruhsal-psixoloji deqradasiyadan, maddi-sosial anomaliyalardan qurtuluş üçün ədəbiyyata sığınır, hələ də orda öz hüzurunu tapırsa, demək ki, həyatı hərflərə güvənərək yaşamaq həm yazıçı, həm də oxucu üçün ömürlərin ən gözəlidir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!