Böyük Ana, böyük Şair, böyük Qadın!!!
Mirvarid Dilbazi!
Bu imza mənə çox uzaq 1958-ci ili xatırlatdı. 10 yaşım tamam olurdu, 28 Sentyabr... Dostlarım, ailə üzvlərim, qohumlarım məni hədiyyələrlə təbrik edirdilər. Gülnar adlı bir rəfiqəm əlində Mirvarid Dilbazinin "Seçilmiş əsərləri" adlı kitabı mənə uzatdı... Kitabı alıb ilk səhifəsini açdım... Oradan anama bənzəyən ciddi görkəmli, anam kimi pencəyinin altından ağ köynək geyinmiş bir qadın mənə baxırdı...
Sonralar oradakı şeirlərin bəzilərini əzbərlədim, ancaq "Daşsalahlıda" şeirini heç unutmadım:
Orda öyrənmişəm şeiri, nəğməni,
O dağlar, dərələr böyüdüb məni...
Qoca Adgözəli, Hürü nənəni
Anmaqdır hey peşəm Daşsalahlıda.
İllər keçəcək, ömür geri dönməyəcək, ancaq arxada qalsa da bu kitabı unutmayacağam...
Bu xatirəni yazarkən şəxsi kitabxanamdakı minlərlə kitabın içindən o kitabı ayırıb tapacağam. Bir də vərəqləyəcəyəm, ilk səhifədəki qeydi kövrələ-kövrələ yenidən oxuyacam: "Əziz bacım, bu kitabı unudulmaz günlər yadigarı kimi saxla..."
28.IX.1958.
Və son səhifədəki yazı: "Mənalı, həm də nikbin ruhda yazılmış gözəl sənət nümunəsidir. Belə əsərləri dəryada inci axtaran kimi axtarmaq lazımdır".
Ofelya. 31.10.1964.
Sonralar Mirvarid xanımla Bakıda, onun üzü "Sabir bağı"na baxan - "Monolit" deyilən binadakı mənzilində görüşdük. Sabirin heykəlinə baxıb köks ötürürdü. 1988-ci il hadisələrindən sonrakı dövrün mürəkkəb ab-havasına insanların doğru-dürüst münasibətini, həzinliyini, vətənsevərliyini, xatirələrini dinlədim. Bu böyük insanın keşməkeşli həyat yolunu, lakin bir an da olsa insanlara, vətənə məhəbbətinin azaldığını hiss etmədim.
Bir məqamı da qeyd etmək istərdim: Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi onu dünyalar qədər sevindirmişdi.
Ruhun şad olsun, böyük Ana, böyük Şair, böyük Qadın!!!
Ofelya Babayeva
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü, şair, Əməkdar müəllim
Xalq şairi Mirvarid Dilbazinin şair Ofelya Babayevanın "Səfərə çıxıram"
adlı şeirlər kitabına yazdığı ön söz
Son illərdə bədii yaradıcılıqla məşğul olan qadın şairlərimizin şeirləri ilə maraqlanıram. Poeziya üfüqlərindən artıq getmiş ulduzların əvəzedicilərini görmək istəyirəm. Həmişə diqqətim yaradıcı ziyalılarımızı ləyaqətlə təmsil edən bir imzanın üzərində dayanır: Ofelya Babayeva.
Bu ad Poeziya həvəskarlarına çox şey deyir. Müxtəlif nəşriyyatlarla müqavilələr bağlamasa da, müxtəlif qəzet və jurnalların yolunu tanımasa da onun yazıları tez-tez dərc olunur və geniş oxucu auditoriyasına malikdir.
O.Babayevanın şeirlərini bizə sevdirən cəhətlər hansılardır? Hər şeydən əvvəl bu poeziya nümunələrinin səmimiliyi və təsvir olunan hadisələrin təbiiliyi mənim diqqətimi cəlb edir. Şair nədən yazırsa yazsın, onu öz səsi, ağrıları və nəşələri kimi yaşayır, həyat hadisələrinə fəal vətəndaş mövqeyindən yanaşır, aktual, müasir dünyamızı narahat edən məsələlərdən bəhs edir:
Tökülmə üstümə qışda qar kimi,
Özünü göstərmə sözü var kimi,
Sökülüb uçulsan lay divar kimi
Özülsüzlüyünü heç zaman danma,
Bu bənövşə ürəyimə toxunma.
"Marten" sobasının qarşısında puçur-puçur tər tökən fəhlə, Sumqayıt göydələnlərinin hər qarışında, daşında, kərpicində barmağının izi olan inşaatçı, uğursuz məhəbbətin ağrılarını yaşayan, lakin əyilməyən məğrur insan, oğul-uşaq böyüdüb başa çatdıran, ərsəyə yetirən, narahat dünyamız kimi övladının da taleyi üçün narahat ananın hiss və həyəcanları - budur Ofelya Babayevanın şeirlərinin mövzusunun tam olmayan siyahısı.
Ağ tellər saçımda ağ çiçək deyil,
Bütün parıltılar bər-bəzək deyil,
İndi ürək daha o ürək deyil,
Tökülən yarpağam, saralan güləm.
Yox, daha mən səni sevən deyiləm.
Şair poeziyanın qarşısına vacib problemlər qoyur. O, rübabında bədbin hislərin, duyğuların təsvirinə uzun-uzadı yer vermir:
Yarpaq üstə düşən şehəm,
Bircə əsim həzin mehəm,
Neçə ömrə cavabdehəm,
Bilən bilir, bilməyən yox.
Mənim fikrimcə, bu şeir müəllifin yaradıcılıq manifestidir. Şeirin məzmunu şairin yaradıcılıq kredosunu təşkil edir.
Hiss edirik ki, şair poeziyanın qarşısına vacib tələblər qoyur, halal zəhmətlə məşğul olan, dinc əməklə cəmiyyətin inkişafına xidmət edən adamlara hüsn-rəğbət bəsləyir, meşşan, harın qadınların, yaxud qeyrətdən, vətəndaşlıq duyğusundan uzaq, dildə "Vətən", "Vətən" deyən, lakin əsl həqiqətdə Vətən naminə heç bir iş görməyənlərə şairənin münasibəti bütün yaradıcılığında aydın sezilir.
Ona narahat, məhsuldar yaradıcılıq anları və poeziya uğurları arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!