"Mənəm-mənəmlik"... Və "mənlik" - Yusif Həsənbəy haqqında - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Yazıçının müəyyən həyat (və bu həyatın fərdilikdən çıxaraq geniş ictimai məzmun-mündərəcə kəsb edən yaradıcılıq!) təcrübəsindən sonra öz tərcümeyi- halını qələmə  alması, əlbəttə, hər hansı halda oxucu üçün maraqsız ola bilməz. Yusif Həsənbəyin iyirmi il bundan əvvəl, yəni yetmiş yaşların əvvəllərində yazıb doxsan yaşlarının əvvəllərində nəşr etdirdiyi "Dağıntılar altında" əsəri tərcümeyi- hal xarakteri daşımaqla yanaşı, xüsusi bir fəlsəfi-psixoloji ideya - mövzu  orbitində qərar tutması ilə fərqlənir. Müəllif bütün əminliyi ilə israr edir ki, "mən" və "mənlik" şəxsiyyətin bütövlüyü, mükəmməlliyi üçün nə qədər mühüm şərtdirsə "mənəm-mənəmlik" təkcə bir şəxsin deyil,  ümumilikdə cəmiyyətin taleyində son dərəcə ziyanlı, dağıdıcı amildir. Və onun  təzahür etdiyi heç yerdə xeyir-bərəkət yoxdur. Çünki "mənəm-mənəmliy"in  arxasınca özündən razılıq, tamahkarlıq, qəddarlıq, rəzillik kimi elə naqis xüsusiyyətlər baş qaldırır ki, insanı hər cür nalayiq hərəkətlərə vadar etməklə insanlıqdan uzaqlaşdırır.

Yusif Həsənbəy öz söhbətinə lap uşaqlıq dövründən - Qubada bağçaya getdiyi illərdən başlayır... Ancaq bundan əvvəl romanın  süjeti ilə olmasa da, məzmunu ilə bilavasitə bağlı bir ön söz - proloq təqdim edir ki, burada Qədim Romada hakimiyyət uğrundakı mübarizənin qalibi olduqdan sonra allahlıq iddiasına düşmüş Karrakossanın Senat tərəfindən bir diktator kimi layiqincə cəzalandırılması təsvir olunur. Çünki o, öz şəxsində imperatorun ayaqlarına düşməyən hər kəsi diri-diri torpağa basdırmağı əmr edəndə həmin "mənəm-mənəmlik" iddiasının quluna çevrilmişdi. Eyni  xəstəlik neçə əsrlərdən sonra Almaniyada Adolf Hitleri də yaxaladığından İkinci Dünya müharibəsi baş vermiş, milyonlarla insan məhv olmuşdu... Qubadakı kiçik bir bağçada da həmin "mənəm- mənəmliy"in xüsusilə tamah şəklində bəzi təzahürləri meydana çıxır ki, bu təzahürlər hələ yaşca çox kiçik  uşaqlar arasında əmələ gəlib o qədər də böyük fəlakətlər törətməsə də, təcrübəli müəllimlər dərhal qarşısını alırlar. Vay o gündən ki, onların qarşısı nəinki vaxtında alınmasın, hətta törəyib artması, yayılması üçün münbit şərait əmələ gəlsin.

Yazıçının səmimiliyi (və sənətkarlığı!) ondadır ki, tərcümeyi-halını sözügedən mövzu ətrafında nəzərdən keçirərkən hadisələri mümkün qədər "necə varsa o cür" əks etdirməyə çalışır. İstər özü, istərsə də özgələr haqqında danışsın, həqiqəti ortaya çıxarmağa, məsələnin mahiyyətinə varmağa cəhd göstərir. Moskva altındakı "Peredelkino" yaradıcılıq evində bir  qadının məkrinə düşən yazıçı baş verən hadisələri detalları ilə təsvir edərkən də bu məqsədi - insan xislətindəki naqis, dağıdıcı, qeyri-insani əlamətlərin ayrı-ayrı çalarlarını daha təbii, daha təfsilatı ilə təqdim eləmək məqsədini izləyir.  Yaradıcı, enerjili, ola bilsin ki, bir az da macəraya meyilli gəncin gözəl bir qadına meyl, onunla romantik günlər yaşamağa maraq göstərməsi təbii görünə bilər, ancaq müəllif inandırır ki, məramı, mənəvi xarakteri məlum olmayan bu meyl, maraqda da "mənəm-mənəmliy"in heç də zəif olmayan elə tərəfləri gizlənir ki, adam tora düşdüyünü çox gec - çətinliklə qazandığı pul-parası, ad-sanı əldən gedəndən sonra anlayır... Faciə isə  ondadır ki, gənc yazıçını tora salan qadın üçünsə bu, təsadüfi yanılma, hisslərin təsiri altında buraxılmış səhv, yaxud edilmiş günah deyil, artıq adətə çevrilmiş iş - peşədir.

Yusif Həsənbəy xatirə-romanda Azərbaycan xalqının çox görkəmli ziyalılarının unudulmaz obrazlarını yaratmışdır: Əli Vəliyev, Rəsul Rza, Mirzə İbrahimov, İsmayıl Şıxlı... Zəngin olduğu qədər də koloritli  yaradıcılığı ilə yanaşı, mərd xarakteri ilə tanınmış Əli Vəliyevin təbiətində də "mənəm-mənəmliy"in əlamətləri var ki, bu, görünür, bir az da kollektivləşmə, sosializm quruculuğu dövrünün amiranə iş metodundan irəli gəlmişdir. "Kişi oğlu kişi" (onu İsa Hüseynov öz xatirələrində belə adlandırır), əslində,  elə də böyük xətaya yol vermir, redaktoru olduğu "Azərbaycan" jurnalının məsul katibini məcbur etmək istəyir ki, gənc şairin şeirini gələn nömrəyə yox, artıq mətbəəyə getmək üzrə olan hazırki nömrəyə salsın. Sonra düz hərəkət eləmədiyini anlayıb üzrxahlıq da eləyir. Ancaq heç bir halda oxucu Əli Vəliyevin "mənəm-mənəmliy"inə ona görə pis baxmır ki, o, bunu şəxsi mənafeyi üçün etmir, digər tərəfdən üsul, vasitə nə qədər yolverilməz olsa da, məqsəd xeyirxahdır... Belə görünə bilər ki, Mirzə İbrahimova münasibətdə müəllifin tənqidi mövqeyi daha sərtdir, ancaq dərinə gedəndə burda da "mənəm-mənəmlik" şəxsidən çox, ictimai, hətta siyasi-ideoloji səciyyə daşıyır... Rəsul Rza ilə İsmayıl Şıxlıya gəldikdə onlar  romanda "mənəmliy"in deyil, "mənliy"in təcəssümü kimi təqdim olunurlar.

Müəllifin yaratdığı (əslində, həyat materialından birbaşa alıb xarakterin cizgiləri ilə təsvir elədiyi) rayon komsomol komitəsinin katibi Məmmədli obrazı "mənəm-mənəmliy"in ən rəzil təzahürüdür. Stalinin dünyadan getməsi ilə partiya - sovet orqanlarında baş verən mənəvi deqradasiya bu obrazda yalnız bir yaramazın yox, bütöv bir zümrənin "tərcümeyi-hal"ını əks etdirir.

Əlbəttə, Yusif Həsənbəy nə qədər orijinal, ideya - məzmunca nə qədər dəyərli, təsirli  əsər qələmə alsa da, onun bütün mülahizə və mühakimələrində haqlı olduğunu düşünmək (məsələn, elə Stalinin  şəxsiyyətinə münasibətdə) doğru olmazdı. Ancaq bir məsələ heç bir şübhə doğurmur ki, qocaman yazıçımız bütün mülahizə və mühakimələrində son dərəcə səmimidir. Və bu səmimilik romana estetik güc, enerji verir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!