Anar, Volkov və müsavatçılar... - PƏRVİN

Oleq Volkovun “Nuhun gəmisində” əsəri Pərvinin təqdimatında

PƏRVİN

 

Anar, Volkov və müsavatçılar...

Neçə gündür ki, Türkiyədə - İstanbul və Ankara şəhərlərində Anar müəllimin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. İlk gün Türk Ədəbiyyatı Vaqfında, dostlarımız - Sərhat Kabaklının, İmdat Avşarın təşkilatçılığı ilə baş tutan təqdimatda türk alimlərindən biri çıxış edir - Anarın öz xalqını heç vaxt ikinci dərəcəli saymadığını və tutarlı dəlillərlə necə istedadlı millətə mənsub olduğunu yazılarında önə çəkdiyini - deyir. Sonra eyni əsrdə yaşayan Şekspir və Servanteslə Füzulini müqayisə edib Anarın bu haqda mülahizələrini danışır. Dinlədikcə çaşıb qalıram, axı bu haqda yazmışam, həm də bu müqayisələr Anar müəllimin esseistikasındandır, hansı ki, Türkiyədə çap olunmayıb hələ. İmdat Avşardan alimi xəbər alanda gülümsəyir, deyir ki - çıxışı hazırlayanda sənin yazılarından bəhrələnib. Bir gün sonra İstanbul Universitetində həmin alimlə görüşəndə özü də bunu gizlətmir - kitabınızı oxudum, çox kömək oldu - deyir. Səmimi etiraf edim ki, bu yerdə hansı duyğuları keçirdiyimi tam dəqiq bilmirəm. Ancaq sonra da düşünürəm ki, məgər niyyət bu deyilmi, oxucuya sevimli yazıçını hərtərəfli göstərmək...

Amma TÜRKSOY-dakı yubiley qutlamasından bir gün öncə, sərin bir Ankara axşamında dostlarla söhbətləşəndə, birdən Anar müəllim otuz ildən çox Stalin məhbəs və düşərgələrindən keçən və bu haqda "Zülmətə qərq edilmiş" romanı yazan rus nasiri, zadəgan əsilli Oleq Volkovu yada salanda türk alimini daha yaxşı başa düşəcəyəm. Kitabdakı həmin fikirdən niyə bəhrələndiyi də bu məqamda aydın olacaq mənə; hər kəsin özünü güclü və tox, özünəyetəcək şəkildə hiss etmək ehtiyacı var. Və çağdaş zamanın bütün xoşbəxtliklərin təməli kimi təbliğ etdiyi özgüvən duyğusunun kökü aid olduğun xalqa bağlıdır. Anar müəllim O.Volkovun həmin əsərindən danışdıqca, yadında qalan parçaları dilə gətirdikcə qəhərlənir. Müsavatçılarla eyni həbs, sürgün düşərgəsində cəza çəkən yazıçı onların necə ləyaqətli, dönməz və güclü olduğunu yazıbmış. Pərən-pərən salındıqları üçün aclıq aksiyası etdikləri də, Volkovun bunu necə təsirli qələmə alması da Ustadın yadından çıxmayıb. Deyir ki, romanın həmin parçaları Azərbaycan və Türkiyə türkcələrinə çevrilməlidir mütləq. Və birdən anlayıram ki, bu arzu sadəcə acı taleyi yaşayan millət fədailərinin  kədərli həyat hekayəsini bir daha yada salmaqdan ötrü deyil. Bu, çağdaş oxucunun özünü, milli kimliyini tanıması üçün daha bir vasitə ola bilər.

Gecəylə O.Volkovun romanın internetdən tapıb planşetimə köçürürəm, bütün əsəri vərəqləyib, gözdən keçirib müsavatçılara həsr edilmiş bölümləri tapıram, elə ilk sətrlərdən gözümün yaşı sel kimi axıb gedir. Volkov bir qarabağlı balası Mahmudun dinc, cənnət kimi həyatının necə məhv olmasından danışdıqca tarixin bircə izi də itirmədiyini anlayıram. Və bu parçaları dilimizə çevirdikcə bir yandan müsavatçıların necə dəhşətlər yaşamasında ürəyim parçalanır, amma həm də güclü hiss edirəm özümü. Daha heç kim məni inandıra bilməz ki, biz komanda olmağı bacarmırıq... Xalqımızın Zəfər savaşında göstərdiyi birliyin köklərini də müsavatçıların taleyində görə bilirəm.

Əslən azərbaycanlı olan, Türkiyədə yaşayıb-yaradan şair-tərcüməçi İldəniz Qurtulanın şeiri yadıma düşür. Onun da ailəsində sürgün bəlası yan keçməmişdi. "Çeka" adlı şeirində elə təxminən Volkovun qələmə aldığı mətinlikdən, iradədən, dönməzlikdən söz açır:

 

Günəşin batmasına doğru

Hər axşam

Anladırdı atam,

Ağır-ağır:

- "Gündüzləri işgəncə,

Gecələr

Çökərdi üstümüzə ölüm kölgələri.

Bəzimiz çıldırır,

Bəzimiz şərqi söylər,

aldırmaz.

Fəqət həp

ayaqda durur,

mərd ölür,

Bizimkilər

Orada!"  

...Ankarada göy guruldayır, yağış sel kimi tökür, əlimə fürsət düşən kimi bir yana çəkilir, Volkovun mətnin çevirirəm. "Ağlamaq üçün ən gizlin yer leysan yağışın altıdı..." Bunu mərhum Fikrət Qoca deyib. Volkovun mətni isə qürurqarışıq hüzn gətirir adama... Və mən bu halıma görə Anara, Volkova və müsavatçılara minnətdarlıqla çevirdiyim mətni oxuculara təqdim edirəm...

PƏRVİN

 

Oleq Volkov

 

Nuhun misində

 

 

Bura sakitlikdir. Genişlik də demək olar... Və ən əsası - dəhlizin qapısı həmişə açıqdır. Tualetə istədiyin zaman, hətta nəzarətsiz gedə bilərsən. Azadlıq budur: orada heç kim sənə baxmır və tələsdirmir! Darısqal və havasız kameradan sonra həbsxana xəstəxanası kurort kimiydi. Qonşularımla da bəxtim gətirib: sakit adamlardı - daha çox susurlar, uzanıb kitab oxuyur, ya da mənim kimi yatırlar.

Kor bağırsağımı kəsiblər. Əməliyyat rahat keçdi, indi arxayınam, yatıb dincəlirəm. Ən azı ona görə ki, istintaqın başa çatması barədə bildiriş imzalanıb. Yəni bilirəm ki, daha məni dindirmələrə dartmayacaqlar və cinayətkarlardan alınmış hansısa sözü uydurma işə əlavə olaraq "tikməyəcəklər". Görünür, müstəntiqlər qərara gəldilər ki, "Troyka" və ya Xüsusi İclasın mənə müddəti "vicdanla" oxuması üçün kifayət qədər material yığılıb.

Dörd aylıq məhbəs həyatının qazandırdığı təcrübə və biliklər nəticəni proqnozlaşdırmağa imkan verirdi: Məni üç illik sürgün gözləyirdi. Adətən danışdıqları lətifə və şən söhbətlərlə mühitin əleyhinə fikirlər sezdirən "boşboğazlar" belə mükafatlandırılır və onlara "aqitator" damğası vurulurdu. Bu perspektivlə kifayət qədər barışmışdım. Azadlıqdan bir səda gəlmişdi ki, Yasnaya Polyananı seçim, orada ailə dostlarımız dadıma yetəcəkdilər.

Beləliklə, gözləyirdim. Başımı bacardığım qədər qatır, gələcəyi xəyal edirdim. Mənə elə gəlir bu, tale işi idi ki, məsələyə ciddi yanaşmalı olum: həvəskar yazmaq cəhdlərindən ciddi ədəbi fəaliyyətə keçim. Mənə yaxın olan insan da gözləntilərimi alovlandırırdı.

O, Georgi Mixayloviç Osorgindi, məndən bir neçə yaş böyük idi. Hələ on dörd yaşından o, cəsarətli süvari işləriylə yeni ruhlu kornet kimi fərqlənirdi. Böyük knyaz Nikolay Nikolayeviç onu "Qeorqiyev Xaçı" ilə şəxsən təltif etmişdi.

Osorgin özlərinin hərbiyə aidliyini orta əsr cəngavərliyi səviyyəsində qəbul edən, hərbi xidməti vassalın ağasına sədaqəti kimi anlayan qədim zabitlərdən idi. Knyazı da bütləşdirmişdi lap.

Georgi alayın rəisini, üstəlik çarın da əmisi, Tanrının seçilmişlərindən olan müqəddəs ailənin üzvü Nikolay Nikolayeviçi əlçatmaz bir haləyə bürümüşdü və Böyük knyazın hər bir hərəkəti, ifadələri, vərdiş və davranışları Georginin yozumunda nə isə xüsusi, daha yüksək bir məna qazanırdı.

"Əlahəzrət" - o, Nikolay Nikolayeviçi tez-tez belə adlandırırdı, həm də rus kavalerləri içərisində ən yaxşı at çapan idi; "Bu isə əzizim, bizim kentavrlarla müqayisədə balaca iş deyil". Üstəgəl, sevilən komandir və əsgərlərin atası, rus ordusu ənənələrinə sədaqət təcəssümüydü.

Müharibənin ilk dəhşətli aylarında istedadsız, səriştəsiz general Bezobrazovun yaratdığı mühafizə süvariləri alman topları altında darmadağın olmuşdu. Burdan salamat çıxan Georgini qısa müddətə Ali Baş Komandanın - Böyük knyazın qərargahına təyin etdilər və o, Nikolay Nikolayeviçin şəxsən özünün verdiyi əmrləri yerinə yetirmək "xoşbəxtliyinə" nail oldu. Ənənəvi heyranlığına sədaqət duyğusu da əlavə edildi. Bu, Osorginin həyatının kulminasiya nöqtəsi idi.

Böyük knyaza aid hər bir xatirəni o, müqəddəs bilib yaddaşında saxlayırdı.

...Məsələn, bir dəfə növbətçi otağında ayaq saxlayan Nikolay Nikolayeviç Georgiyə əsgər yoldaşı kimi yanaşıbmış; axı Böyük knyaz təkcə Atlı Alayının rəisi deyildi, bir vaxtlar burda komandanlıq da etmişdi, ona görə Georgidən köhnə zabitləri xəbər alırdı. Və Georgi hər dəfə bu qısa dialoqu təkrar yada salanda onun təkrarsızlığını yaşayırdı. Səsi cingildəyirdi... Və mən bu səhnəni kənardan görürdüm: Ali baş komandanın sərt sifəti və kumirinə aşağıdan yuxarı dümdüz uzanıb baxan ap-arıq Georgi. Kumir isə zabitlərə qarşı həmişə sərt və tələbkar idi. Amma bu səhnədə gəncliyini yada salıb yumşalıb və bütün Romanovlar kimi kübarcasına davranıb...

Xalis monarxist olan Georgi məhv edilmiş çar ailəsinin xatirəsinə sədaqətini qoruyurdu. Özü də onları xilas etməyə cəhd edən zabitlərdən idi, elə buna görə tutulmuş, ölüm cəzasına məhkum olunmuşdu. Nəyəsə görə əfv fərmanına düşmüşdü, amma bir neçə ildən sonra yenidən həbs edilmişdi. On il müddətinə azadlıqdan məhrum edilən Georgi cəzasını Butırka həbsxanasının işçi korpusunda çəkmişdi. Kitabxanaçı vəzifəsi ona kitabları xəstəxana palatasına aparmağa imkan verirdi.

O, azadlıqdan xəbərləri sanki əcnəbi kitabların başlıqlarını oxuyurmuş kimi fransızca çatdırırdı mənə və bizə, axmaq kimi qulaq asan nəzarətçiyə diqqətlə göz qoyurdu.

Osorginlərin görkəmli, qədim ailəsinin kökləri Müqəddəs İluianiyə gedib çıxırdı. Ailə ənənələrinə sadiq qalan Georgiyə dindarlıq irsən keçmişdi. Hələ üstəgəl, Moskva ab-havası! Yəni o, pravoslav ayinlərini bütün köhnə toxunulmazlıqları ilə bilirdi və əməl edirdi onlara: kliroslarda oxuyurdu və yepiskopun xidmətində iştirak etmək fürsətini əldən vermirdi. Bir dəfə vidalaşmağa gəldi: "Allaha şükürlər olsun ki, düşərgəyə köçürülməyə nail ola bildim. Solovkiyə göndərəcəklər. Solovets adalarına! Açıq səma, göllər... Müqəddəs yerlərimiz. Gör hansı torpaqlarda gəzəcəyəm, ey? Üzərində Zosima və Savvatiyanın, mitropolit Filipin ayaq izləri olan torpaqlarda"...

Ondan öyrəndim ki, prokurorluqda mənimlə maraqlanan yaxınlarım deportasiya olunacağımı təsdiqləyiblər. Doğrudan da, "bizim cəhalətimiz həm aciz, həm də daha kədərlidir..." Solovkidə iki yarımçıq müddət xidmət edib qayıtmışdım. Osorgin orada ölümünə qovuşdu. Özü də düşərgəyə yerləşdirildikdən az sonra...

...Mənimlə eyni gündə "appendisit" əməliyyatını Zaqafqaziyadan olan yataq yoldaşım Mahmud Məmmədova da etmişdilər. Təsadüfi və qısamüddətli bu görüş həmişəlik yaddaşımda qaldı. Həmin vaxtlar Butırkada Solovkiyə sürgün edilmiş üç yüzə yaxın müsavatçı var idi. Türk - sonralar isə Azərbaycan ziyalıları nümayəndələri... Mənim üçün yeni və bənzərsiz bir dünya açıldı. Müstəqilliyini ümidsizcəsinə müdafiə edən kiçik bir xalqın dünyası - onların həyata baxışları və babalarının adət-ənənələri.

Sonralar müsavatçılarla Solovkidə yan-yana yaşamaq məcburiyyətində qalanda onların ağsaqqallarının övlad hörməti ilə necə əhatə olunduğunu, qardaş süfrəsində kimsənin paydan məhrum olmamasına böyüklərin necə diqqətlə yanaşdığını, namaz qılmaq, dua etmək üçün təkliyə çəkilməyə çalışanlara müsavatçıların necə həssaslıq göstərdiyini gördüm... Onlara baxanda mən rus cəmiyyəti vəhşiliyinin son on ildə nə qədər "inkişaf etdiyini" anlayırdım; sadə xalqla müqayisədə xarakterlər nə qədər sərtləşib, əvvəlcə daha ehtiyatla təqdim edilən yeni əxlaq modeli sonradan haralara gedib çıxıb...

Qarabuğdayı, ağ çarpayının üstündə əsl şərqli kimi bardaş qurub oturan Mahmud az qala qara görünür. O, öz diyarından söz açır. Mahmud adi bir əyalət müəllimi olsa da, təbiətlə vəhdət onun varlığında o qədər aydın görünür ki. Mən onun səsinin melodik ahəngində doğma Qarabağının dağ otlaqlarına, çöllərinə yayılan çoban yaylaqlarının həzin sədalarını xəyal edirdim. Yazda bütün ailə ev əşyaları yüklənmiş atlarla, qoyunları, inəkləri ilə birgə dağlara, otlaqlara, qarlı zirvələrə köçürmüş. Oralarda, xalçalarla süslənmiş çadırlarda uzun müddət yaşayır, pendir tutur, Allaha dua edirdilər. Əlçatan ulduzların altında, çılpaq dağların səssizliyində yaşanmış aylar - və payızda arana, insanlar arasına, zorakılıq və ziddiyyətlər dünyasına qayıdış. Həmin dünyada yaşadıqca aylarla formalaşan ruh rahatlığı və sülh, barışıq ovqatı getdikcə dağılırdı, dünyanı idarə edən Ali Gücün yazıları qarşısında yurd balalarının duyğuları korşalırdı... Rusiyanı bürüyən inqilab hadisələri Zaqafqaziyaya da sıçrayaraq yerli rəqabət və milli çəkişmələri şiddətləndirdi. Belə vəziyyətdə klanlar və icmalar arasında qalan köhnə hesabların çəkilməsi və qisas alınması üçün sərbəstlik yaradılırdı.

Mahmud müsavatçıların təqib edilməsini o vaxtkı Azərbaycan prokonsulu, Moskvanın himayə etdiyi Bağırovun öz düşmənlərindən qisas aktı kimi yozurdu.

Mahmud Bakı zindanlarındakı qətillərdən, döyülmə və işgəncələrlə müşayiət olunan dindirmələrdən az danışırdı. Danışmadıqlarının izləri - tünd ləkə və çapıqlar Mahmudun bütün bədənində idi. O zaman orta əsrlərin üsullarına qayıdışın bu bariz sübutları hələ ağıla sığmırdı, sanki qəddar Şərq adətlərinin əksi kimi görünürdü. Yeni Sovet Rusiyasında ağlasığmaz bir Teymur zülmü idi bu.

Sonralar mən "dindirilməyin" bəsit və mürəkkəb işgəncə vasitələrini kifayət qədər görməli oldum və hətta özüm də ağrılı sınaqlardan yetərincə keçdim... Amma onda inana bilmirdim ki, Butır həbsxanasında mənimlə belə sakit, hətta mehriban davranan adam işgəncə alətindən keçib və çəkmə ilə vurulub tökülmüş dişlərini saymağı da çatdırmayıb. Mahmud səmimi və sadəydi, axırıncı tikəsini də qızırğanmazdı. Onun sadəlövhlüyü, inamı və xeyirxahlığı adamı heyrətləndirirdi.

...Keçid üçün ayrılmış tağlı otaq Şərq bazarlarına bənzəyirdi. Kameralardan buraya xəz papaqlı, toxunma çantalı, yumşaq tüklü qafqaz qumaşına bürünmüş tünddərili adamlar qovulurdu. Bura izdihamlı və səs-küylü idi. Qucaqlaşıb görüşən məslək yoldaşlarının söhbətlərindən qulaq batırdı. Türk dilində bir neçə ifadə öyrənmişdim, ərəb sözlərini hecalarla oxuya bilirdim. Mahmudun məni əhatəyə alan yerliləri "salam aleykum" sözümə mehribancasına cavab verir, əlimi möhkəm sıxıb dostlarına yoldaş olan adamın onlara da əziz və doğma olduğunu göstərirdilər.

Aramızda dil baryeri olmasına baxmayaraq, düşərgələrdə daha yaxşı gələcəyə sadəlövhlüklə ümid bəsləyib həbs müddətinin sona çatmasına görə sevincimizi ifadə edirdik. Müsavatçılar onlara vəd edilənlərə möhkəm inanırdılar. Əqidələrində güclü idilər və bunun uğrunda döyüşməyə hazır idilər. Onların arasında Avropa təhsilli, xarici dilləri və inqilab tarixini bilən, çar dövründə təqiblərə məruz qalmış siyasətçilər də var idi. Keçmiş sürgün edilənlərin nəzarətli həyatı kimi bir şey gözləyirdilər...

Mən də ruhdan düşmürdüm, baxmayaraq ki, cəmi bir həftə əvvəl Xüsusi yığıncağın qərarı ilə tanış olub kifayət qədər üzülmüşdüm. Sürgünə hazırlaşırdım, amma mənə düşərgələrdə məhrumiyyətlərlə müşayiət olunacaq üçillik həbs cəzası kəsildi. Təkəbbürlü mülahizəm qismən təsəlli verirdi: axı məhz təhlükəli hesab edilən şəxslər düşərgəyə düşürlər. Məgər mən onlardan əskiyəm? Axır ki, Georginin yolu ilə gedirdim, bir çox qohum və tanışlarımla, zorakılığa, yalana, demaqogiyaya əsaslanan rejimlə barışmayan ləyaqətli insanlarla eyni taleyi yaşayırdım.

Təslim olmayan və indən sonra boş riya və yalanlarla danışmağa məcbur edilməyən bir dəstə müxalifətçi ilə birgə olacaqdım düşərgədə. Bizə "kontrik" - kontrrevolyusioner damğası vurulmuşdusa, bu ada layiq olmalı idik. Düşərgələrin qoxusunu duymadan öncə düşündüm ki, oradakı məhbus öz simasını qoruya bilər. Və mən bilmirdim ki, Solovkiyə - sovet həbs yerlərinin çarizmin siyasi mərkəzləri ilə oxşarlığının izlərinin tamamilə silinəcəyi yerə gedirəm.

Bilmirdim ki, tezliklə müasir nəfəs kəsən "erqastulalrda" boğulacaq, qalan hər şeyi unudub - ən adi ləyaqət, insanlıq görkəmini qorumaqdan ötrü müdafiəyə durmağa çalışacam. Amma qarşıda məni nələr gözləsə də, növbəti mərhələyə çağırılanda müəyyən məmnunluq hissi keçirdim: siyasi rəqib kimi tanındım - hansısa cərimələnmiş, ya da mənimsədikləri əlində tutulmuş məmur kimi ad çıxarmadım... İndən sonra da insanların gözünün içinə düz baxa bilərəm.

İki maddə ilə məhkum edilməyimdən narahat idim: əksinqilabçı - bu mənim çox ürəyimcə idi və 59-cu maddənin bəndlərindən biri: gündəlik həyatda quldur kimi tanınan adamların maddəsi - "Valyutanın qanunsuz saxlanmasını" nəzərdə tutan bənd. Həbsim zamanı üstümdə tutduqları dollarlar, (səfirlikdə mənə maaşı valyuta ilə verirdilər) bunun üçün əsas idi. Düşünürdüm ki, bu, orada, Solovkidə, "bizimkilərin" - xalis kontriklərin mənə münasibətinə kölgə salmazmı?

Əgər həqiqətən bu mərhələdə olan yüksək əhval-ruhiyyəmin səbəblərinin dərininə getsək, deməliyəm ki, çıxılmazda yaranan amansızlıq hissi, dibdəki narahatlıq, bəlanın gözləntisi qəribə hal yaradırdı. Xəbərlər və söz-söhbətlər, qarşına çıxan insanların baxışları qorxulu idi, casuslar hər yerdəydi. Tanışların həbsləri və "ifşa edilmiş xəyanətlər" haqqında qəzet xəbərləri lap çilədən çıxarırdı adamı. Həyat çərçivəsi daralırdı: "təmizləmələr" sıxırdı, yoxlamalardan keçmək, iş seçmək çətinləşirdi. Şəcərən, əlaqələr və fəaliyyət anketlərə daha ciddi pərçim edilirdi. Bir sözlə, özümü şübhəli şəxs qismində hiss edirdim. Kilsənin səsini tam kəsmişdilər. Mətbuatın, sənətin, satiranın ağzına taxılmış "susdurucu" təkmilləşdirilirdi.

Sonradan məlum oldu: düşərgədən azad olanda məhdud zonadan daha geniş zonaya keçirsən. Ancaq onda, iyirmi səkkizinci ildə, bunu hələ tam aydın duymaq olmurdu.

O vaxt, artıq otuzuncu illərdən sonra, düşəcəyim ümidsizliyə düçar olmasam da, axmaq və şəxsiyyətsiz adama çevrilməsəm də, inamım da az-çox qalırdı: Moskvanı Solovki ilə dəyişəndə çox şey itirmirəm. Və hətta siçan yuvasında yaşamaqdan da qurtuluram.

Yeni mərhələnin daha rahat şərtləri nikbinliyimi artırırdı. Bundan yaxşısın arzulamaq da olmazdı. Cinayətkarlar da təbii ki, aramızda idilər. Amma onlar da çoxluğun içində çaqqal vərdişlərini göstərmir, diqqət çəkməməyə, hətta itaətkar davranmağa çalışırdılar. Mühafizəçilər və konvoylar "İbrahim - Mahmud -Mustafa - Əhmədlər"i seçməkdə aciz qalır, tər tökürdülər. Qarasaçlı, tünddərili, eyni papaqlı, Şərq sifətinin oxşar cizgilərinə malik, rus dilində danışa bilməyən, yaxud bunu istəməyən insanların əhatəsində olan digər məhbuslar müsavatçıların kimliyini sərbəst surətdə müəyyən etmək niyyətində olmasalar da, onların başçısına etibar edir, sayğı duyurdular.

...Təzə əməliyyat tikişlərinə görə Mahmudla mənə paltar geyinməyə icazə verilmirdi. Və nə qədər adam əşyalarımıza əl atırdı! Sakitcə kənarda zibil yığınının üstündə oturmuşduq, kimsə bizi "şmon"a dəyişmişdi: əşyalarımızı gözətçilərin gözündən yayınıb altına yığmışdı. Amma həmyerlisinin bir xoş sözü ilə məni belə sadə və təbii olaraq öz qardaşlıq dairələrinə daxil edən bu "əcnəbilər" - müsavatçılar izdihamında özümü çox təhlükəsiz hiss etmişdim; Ağır sətəlcəmdən ağciyərləri məhv olmuş, fikirlərini rusca çətin ifadə edən gənc bakılı jurnalist Eyyub İbrahimov... Səssizcə əlini çiynimə qoyub vətən sevgisini sözlə ifadə edə bilməyən ağ saçlı bir müəllim - hüquq müəllimi;

Yaxud başqaları, onların simpatik təzimləri və jestləri, xeyirxah səmimiyyəti, yad adama güvənmək və ona diqqət göstərmək vərdişini, xeyirxahlığı ifadə edirdi - onlar (müsavatçılar) hamısı mənim səmimi dostlarım kimi davranırdılar. Mən cəmiyyətimiz tərəfindən itirilən, yerini paxıllıq, kin-küdurət tutan isti insan ünsiyyətini göz yaşı və ağrıyla hiss edirdim.

 

***

Tibb bölməsinin işçisi olduğum üçün onların yanına sərbəst keçirdim. Xəstəxana girişindəki gözətçi də mənim ora niyə tez-tez getməyimlə maraqlanmırdı. Bu arada mən hökumətin - müsavatçıları parçalamaq, onları qruplara bölmək planlarına zidd olan işlərlə məşğul idim. Bir-birindən uzaq düşən üzvlərin qeydlərini, şifahi mesajlarını xəstəxanaya çatdırır, xəstəxanadan isə aclıq aksiyasının lideri, burdakı Müsavat Partiyası rəhbərinin göstərişlərini digərlərinə ötürürdüm. Bu əlaqələr protestantları ruhlandırır, onlar üçün güc və cəsarət mənbəyi olurdu.

Artıq iki həftədən çox idi ki, aclıq aksiyası keçirirdilər. Bu, ümumi işdən azad edilmiş "siyasilər" statusunu müdafiə etmək üçün çıxılmaz, həm də ümidsiz və buna görə də daha ali bir cəhd idi.

Əvvəlcə bütün müsavatçılar bir yerdə - dəyişdirilərək alaya çevrilmiş köhnə monastır binalarından birində məskunlaşdırılmışdılar və onlara dəyib toxunan da yox idi. Lakin belə bir vəziyyət düşərgənin məqsədlərinə və hakimiyyətin əhval-ruhiyyəsinə çox zidd idi: məhz bu dövrdə "kustar üsullu" cəza yeni hazırlanmış genişmiqyaslı cəza siyasəti ilə əvəz olundu. Müsavatçıları bir növ çaşdırmağa çalışmışdılar: onları sanki yoxlama üçün həyətə çıxarıb sonra lazımi adamlara təhvil vermişdilər. Həmin gecədə əməliyyatçılar və səfərbər edilmiş yarımhərbi mühafizəçilər, o cümlədən ən mühüm komandirlər bütün müsavatçıları yenidən həbs edib Savvatyevoya, Rebaldaya, Muksalmaya - kimi hara oldu göndərmişdilər. Və orada məcburi işlərə sürükləməyə başlamışdılar. Müsavatçılar gizli şəkildə bir-birlərinə xəbər ötürə bilmişdilər. Və eyni gündə, eyni saatda hamısı düşərgə boyu aclıq aksiyasına başladılar. Əlliyə yaxın müsavatçı "Kreml" adı verilən düşərgədə qaldı. Aclıq aksiyasının on birinci ya on ikinci günündə onların hamısını keçmiş monastır xəstəxanasının palatalarına köçürdülər. Onlara nəzarətçilər təyin olundu, həkimlərə tapşırıldı ki, aclıq elan etmişlərin gizlincə yeməməsi üçün onlara göz qoysunlar. Onları razı salmaq, sınıb-sınmayacaqlarını yoxlamaq üçün elçilər də göndərirdilər bura... Ümumiyyətlə, rəhbərlik məsələni uzadaraq Moskvadan göstəriş gözləyirdi; üç yüz üsyançı ilə necə davranmalı?!

Deməsəm də aydındır ki, biz onlara rəğbət bəsləyirdik, onlara uğurlar arzulayırdıq. Baxmayaraq ki, içimizdə aramızdakı fərqi rədd etmək kimi mürəkkəb bir hiss var idi: niyə onların şəraiti bizimkindən fərqli olmalıdır? Axı biz cinayətkar deyilik, onlar kimi "siyasi"lərik. Georgi - bizim kimi deyillər - deyirdi, onlar hamısı mehribandır, birlikləri var. Bizsə hərəmiz özümüz üçün və özümüzü düşünərək burdayıq. Onlar açıq şəkildə bəyan edirdilər: biz bolşevikləri tanımırıq və xalqımızın hüquqlarını müdafiə edirik.

...Onlar gərgin bir sakitlik içində səssiz, fikirlərini cəmləyərək uzanmışdılar. Yataqlardan məni müşayiət edən sərt və soyuq baxışları bütün varlığımla hiss edərək çarpayıların arasından Mahmuda tərəf getdim. Müsavatçıların əksəriyyəti sona qədər yoldan çəkilməmək əzmində idilər. Özlərini könüllü olaraq ölümə məhkum edənlər məni onlara yad olan həyata aid adam kimi görürdülər. Hətta dost kimi gəldiyimi bilsələr belə. Mahmud hələ də mehriban və gülərüz idi, sanki heç vaxt ölümlə mübarizə aparmayıb, ruhunda dinclik, rahatlıq var idi.

Narahat suallarıma o, yalnız əlini qaldıraraq, qeyri-müəyyən şərq jestləri ilə cavab verirdi. Birbaşa cavabdan yayınıb bir az zarafatla dedi: "Hər şey Allahın əlindədir" və mənim pıçıldayaraq etdiyim - bir balaca kisə şəkəri yastığın altında gizlətmək təklifimi qətiyyətlə rədd etdi. Şərəfsiz rəqiblə mübarizədə istənilən müdafiə üsuluna icazə var - Mahmud bununla razılaşırdı. Ancaq ortaq taleyi paylaşan yoldaşlarına qarşı nadürüstlük düzgün deyil.

Bəlkə də, gözlərinin qızdırmalı parıltısından, çatlamış dodaqlarından təxmin etmək olardı ki, belə sakit və səssiz uzanan bu adamlar onlara yaxınlaşan acı sonluq düşüncəsi ilə mübarizə aparırlar.

Bir vaxt Bakı zindanlarında olmazın əzablar çəkən, ağır yaralanan çoxu çətin günlər keçirmişdi, indi də taqətdən düşmüş, soyuq tər basmış bu adamlar sətəlcəm olmuşdular. Bəziləri sayıqlayırdı...

Hər halda onları sındırdılar. Düşərgənin rəhbəri Eihmans özü onların yanına gəldi və söz verdi - onlara istədikləri kimi iş veriləcək, yenidən hamını bir yerə yerləşdirəcəklər. Dərhal yemək gətirildi - isti süd, düyü.

Əlbəttə, yalan idi, onları aldatmışdılar... Bilirdilər ki, üç həftədir, ölüm dalanına dirənən və sonra həyatın relslərinə keçməyin xoşbəxtliyini hiss edən bir adamın yenidən geri, ölüm yoluna dönməyə gücü çatmaz...

Yalnız müsavatçıların rəhbəri və onun bir neçə ən yaxın dostu boyun əymədilər. Georgi və mən onları inandırmağa çalışdıq.

Rəhbər qətiyyətlə: "Ölməyə qərar vermişəm" - dedi. - Həyatı sevmədiyim üçün yox. Ona görə ki, bütün şərtlər altında biz məhvə məhkumuq. Çoxumuz qışdan sağ çıxa bilməyəcəyik - demək olar ki, hamımızda vərəm var. Sağ qalanlar onsuz da məhv ediləcək: onları güllələyəcəklər yaxud cəza verib çərlədəcəklər. Bir müddətlik siyasi təcridxanaya keçməyimiz bizi xilas edə bilərdi. Bizi Solovkiyə ona görə gətirdilər ki, az-çox qalan müstəqilliyimizə son qoyulsun. Bakıda biz onlar üçün real və təhlükəli rəqibik... Amma bu haqda danışmağa dəyməz. Bizə və ideyalarımıza o qədər böhtan atılıb ki, xalqımın faciəsini qısaca çətin ki, izah edə bilim..." - Gözlərini yumub uzun müddət susdu. Onun solğun simasında vicdanının qəbul etmədiyi qaydalarla barışa bilməyən bir insanın vəsiyyətini oxuyurduq. - Deməli, təslim olmaqdansa, belə daha yaxşıdır.

Nəhayət zarafat etdi:

- Adadan günəşli Şamaxıya köçürülməyimi tələb etdim! Təsadüfən oralardan keçsəniz - mənim gözəl bağıma, sərvlərə, şən üzüm meynələrinə baş əyin... Əlvida, dostlar: biz sizin kimi rusları sevirik.

Azərbaycan xalqının bu qəhrəmanının adını xatırlamıram, halbuki onun cizgilərini unutmamışam: hündürboylu, qara, yaraşıqlı, qalın qaşlarının üstündə açıq alnı, ağıllı, diqqətli baxışı. Bilirəm ki, o, Avropa təhsili alıb, Parisdə, Vyanada yaşayıb.

Ümumi aclıq aksiyası başa çatdıqdan az sonra o və onunla birlikdə qalan üç yoldaş cəza idarəsinə çevrilmiş keçmiş Anzerskiyə göndərildi. Hamısı bir-bir orada öldü - aclıq aksiyasının əlli üçüncü günü rəhbər vəfat etdi. Deyirdilər ki, onları süni şəkildə qidalandırmağa çalışıblar və onlardan biri damarlarını kəsib...

Qalan müsavatçılar pərən-pərən oldular, getdikcə artan məhbus kütləsində itib batdılar. Onlardan xəbərimiz də olmadı.

Bir neçə aydan sonra Mahmud peyda oldu. Mən onu Savvatyevoda görməyə getdim, orada bəzi xeyirxah adamlar onu süd fermasında mühasib kimi işə düzəltmişdilər.

Axırıncı dəfə ona baş çəkdiyim zaman o, sanki bizim bir daha görüşməyəcəyimizi gözləyirmiş kimi, yanımla xeyli gəlib məni yola saldı. Biz meşə yolu ilə gedirdik, başımızın üzərində buludlar ağır-ağır süzürdü - qaranlıq, yağışlı oktyabr günləriydi.

Mahmud Qarabağın ilıq payızını, günəşdə parıldayan üzüm salxımlarını, bayram öncəsi plov üçün düyü arıtlamağa kömək etmək üçün evlərinə gələn qonşuları xatırladı... toxtayırdı sanki söylədiyim ümidli sözləri təsdiqləyirdi: "Ola bilməz ki, hökmə bir də baxmasınlar, daha belə davam edə bilməz..." Bunu deyib, əllərini qoyun dərisindən olan kürkünün qollarına daha dərindən soxdu. Mahmud boğulmamaq üçün yavaş-yavaş yeriyirdi. Qucaqlaşdıq, sağollaşdıq və mən onun arıq, yorğun bədəninin quşun canı kimi kövrək olduğunu qollarım arasında hiss etdim.

İndi bunu 1986-cı ildə yaza-yaza uzun ömrümə nəzər salıram və qüdrətli, fateh rus xalqına mənsub olduğuma görə, özümü bir rus kimi günahkar hiss etdiyim məqamları xatırlayıram. Pan Feliks ilə ünsiyyətin bəzi anlarında, daha sonra - macar tələbə ilə görüşərkən bu utancı keçirmişdim. Amma ən çox da müsavatçıların faciəvi dastanı gözümün qabağına gələndə elə bilirəm ki, mən məzlumlara qarşı zorakılığın iştirakçısı olmuşam!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!